top of page

Yeddinci Fəsil

Həzrət Babın Əzəmətli Məkkə və

Nurlu Mədinə Şəhərlərinə Səfər Etməsi

MOLLA HÜSEYNİN XORASANDAN göndərdiyi məktub Mübarək Hüzura yetişdikdən sonra Həzrət Bab Həcc ziyarətinə hazırlaşmağa başladı. Öz möhtərəm xanımını anasına tapşırdı, dayısından xahiş etdi ki, Ona hər cür qayğı və köməklik göstərsin. Sonra da Şiraz zəvvarlarının karvanına qoşulub yola çıxdı. Əshabələrdən yalnız cənab Qüddus Ona yoldaşlıq edirdi. O Həzrətin həbəş qulu da Onunla birlikdə idi. Həzrəti-Əla birbaşa dayısının ticarət etdiyi yer olan Buşəhrə doğru hərəkət etdi. O özü də ticarətdə dayısı ilə şərik idi və bir müddət Buşəhrdə qalıb ticarətlə məşğul olmuşdu. Buşəhrə varid olduqdan sonra O, işlərini sahmana saldı və qarşıdakı uzun səfər üçün hazırlıq gördü. Buşəhrdə gəmiyə minib iki ay dənizdə yol getdi. Gəmi son dərəcə ağır və ləng hərəkət edirdi, vaxtaşırı güclü dalğaların və şiddətli qasırğaların hücumuna məruz qalırdı. Nəhayət, Müqəddəs Torpağın sahillərinə çatıb lövbər saldı. Saysız-hesabsız səfər çətinlikləri, güclü tufan və dalğalar, istirahət imkanının olmaması heç cür Həzrət Babı namaz, dua və münacatdan saxlaya bilmirdi. O, şiddətli qasırğalara, qorxunç dalğalara və zəvvarların xəstəliklərinə əhəmiyyət vermədən müqəddəs dili ilə mübarək lövhələri söyləyir, cənab Qüddus isə qələmə alırdı.

Həmin gəmidə Allah evini ziyarətə getmiş Hacı Əbülhəsən Şirazi mənə (müəllifə) bunları danışmışdı: “Gəmi Buşəhrdən çıxdıqdan iki ay sonra Ciddə sahilinə çatdı. Mən müşahidə edirdim ki, Həzrət Bab daim məşğuldur. Həzrət Qüddus onun Mübarək Hüzurunda idi, Həzrət Bab buyurur, Qüddus isə yazırdı. Hətta güclü tufan nəticəsində gəmi yırğalananda və bütün müsafirləri qorxu və həyəcan bürüyəndə də Həzrət Bab tam sakit və təmkinli bir halda öz işi ilə məşğul olardı, Həzrət Qüddus isə onun qarşısında əyləşib pak ağzından çıxan ayələri qələmə alardı. Təhlükəli tufan və zəvvarların hay-küyü qətiyyən Onun mübarək simasındakı sevinc və vüqarı poza bilmirdi. O, nə tufana əhəmiyyət verirdi, nə də nəhəng dalğaların hücumundan qorxu və narahatlıq keçirirdi”.

Həzrət Bab “Bəyan” kitabının farsca variantında həmin çətinlik və məşəqqətlərə işarə edərək buyurur: “Mən özüm Buşəhrdən Məsqətə qədər 12 günlük yolda su olmadığı üçün şirin limonla keçindim”. Bütün bu çətinliklərə görə Həzrəti-Əla dua edib qadir Tanrıdan dilədi ki, səfər vasitələrini asanlaşdırsın və okeanı keçmək üçün əlverişli şərait yaratsın. Çox keçmədən onun duası müstəcəb oldu və dəniz səfəri üçün münasib olan vasitələr meydana çıxdı. Əvvəllər Fars körfəzində cəmi bir buxar gəmisi vardısa, indi onun sahillərində çoxlu iri gəmilər lövbər salmışlar. Şiraz zəvvarları bu gəmilər vasitəsilə bir neçə gün ərzində özlərini tam rahatlıqla Hicaz torpağına çatdıra bilərdilər.

Qərb ölkələrində yaşayan insanlar qəflətən meydana çıxan bu yeni sənayenin və qəribə ixtiraların mənşəyindən xəbərsizdirlər, bilmirlər ki, bütün bu sənaye və ixtiraların yaranmasına səbəb olan nəhəng qüvvə kimə məxsusdur, onun mənbəyi haradadır. Qərb xalqlarının tarixi açıq-aşkar göstərir ki, böyük sənaye inqilabı, yeni ixtiralar və kəşflər qəfil şəkildə əzəmətli İlahi Zühurla eyni ildə baş vermişdir. Bütün Qərb xalqlarının təsdiq etdiyi kimi, həmin ildə sənaye və iqtisadiyyat əvvəlki dövrlərlə müqayisədə misli görünməmiş bir sürətlə inkişaf edib tərəqqi yoluna qədəm qoydu. Lakin həmin xalqların başı bu dəyişikliyin heyrətamiz nəticələrinə o qədər qarışdı ki, onlar onun haradan qaynaqladığını, hansı qüvvənin təsiri ilə həyata keçdiyini anlamadılar, sənaye və iqtisadiyyatdakı köklü inqilabın hansı məqsəddən ötrü reallaşdığını dərk edə bilmədilər. Buna görə də yeni sənaye və texnikadan müsbət istiqamətdə faydalanıb zəruri nəticələrə nail olmaq əvəzinə, onları mənfi niyyətlərə doğru yönəltdilər və sülh, birlik və məhəbbət naminə meydana çıxmış şeylərdən bəşər övladını qırmaq, ölkələri viran qoymaq, şəhərləri dağıtmaq üçün istifadə etməyə başladılar.

Həzrət Bab Ciddəyə çatan kimi ehram libası geyindi və dəvəyə minib Məkkəyə doğru yollandı. Cənab Qüddus da Onunla birlikdə piyada gedirdi. O, Ciddədən Məkkəyə qədər bütün yolu piyada getdi və Həzrət Bab nə qədər dəvəyə minməyi təklif etsə də, Mübarək Hüzurda piyada addımlamağı üstün tutdu. Cənab Qüddus Həzrət Babın minmiş olduğu dəvənin cilovundan tutub tam itaətkarlıqla yol gedir və mübarək əmrləri yerinə yetirirdi. Yorğunluq, əzginlik və yoldakı çətinliklər onun əhvalına əsla təsir göstərmirdi. Gecələr sübhə qədər o, öz yuxusunu sevimli Ağasına qurban verir və əziz Rəhbərinin istirahət edə bilməsi üçün əlindən gələni əsirgəmirdi. Bir gün Həzrət Bab bir su quyusunun kənarında dayanıb namaz qılmağa başladı. Qəflətən bir bədəvi ərəb peyda oldu, içərisində mübarək ayələr və lövhələr olan xurcunu oğurlayıb sürətlə səhranın dərinliklərinə doğru qaçmağa başladı. Həbəş qul ayağa durdu ki, onu təqib etsin. Lakin Həzrəti-Əla əlinin işarəsi ilə onu saxladı və buyurdu: “Onu təqib etsəydin, ona çatardın və cəzasını verərdin. Amma o ayələr və lövhələr bu ərəbin vasitəsilə elə yerlərə çatacaq ki, onları həmin yerlərə çatdırmaq üçün başqa vasitə yoxdur. Buna görə də kədərlənmə, bu iş Tanrının istəyi ilə baş verdi”. Həzrət Bab müxtəlif hadisələr baş verərkən, daim bu cür sözlərlə öz əshabələrinə təsəlli verər, onları qəzəb və təəssüfdən uzaqlaşdırardı və beləliklə, onlara Allahın iradəsi və istəyi ilə razılaşmağı öyrədərdi.

Ərəfə günü Həzrəti-Əla xəlvət bir məkanda namaz qılmaqla və dua etməklə məşğul oldu. Doqquz gün sonra, yəni qurban bayramı günündə O, bayram namazını qılıb Mina vadisinə yollandı və orada ən yaxşı cinsdən olan 19 qoyun aldı. Qoyunlardan 9-nu öz adından, 7-ni cənab Qüddusun adından, 3-nü isə həbəş qulun adından qurban kəsdirdi və onların ətini ətrafda olan fəqir-füqəraya payladı. Həcc mərasiminin icra edildiyi zilhiccə ayı həmin il qışın əvvəllərinə təsadüf etmişdi, buna baxmayaraq hava bərk isti idi, zəvvarlar öz adi paltarlarında qalıb təvaf edə bilmirdilər. Buna görə də məcbur olub ehram libasında Həcc mərasimini icra etməyə başladılar.

Amma Həzrət Bab o dəhşətli istidə əmmamə və əba geymiş halda Həcc mərasimini yerinə yetirdi, çünki O, Allahın qoyduğu qaydalara ehtiram bəsləyir və itaət edirdi. Beləcə O, öz adi libasında Kəbə təvafını başa çatdırdı.

Həcc dövrünün sonuncu günündə Həzrət Bab həcərül-əsvədin (qara daşın) yanında Mirzə Mühit Kirmani ilə üz-üzə gəldi və onun əlindən tutub buyurdu: “Ey Mühit, sən özünü şeyxilərin məşhur şəxsiyyətlərindən sayırsan, mərhum Şeyxin təliminin mahiyyətindən agah olduğunu düşünürsən və özlüyündə bu iddiadasan ki, sən o iki parlaq ulduzun varisi, o iki nur mənbəyinin canişinisən. Budur bax, biz səninlə ən müqəddəs bir yerdə—Allah evindəyik və belə müqəddəs məkanda insan haqqı batildən seçməyi, doğru yolla azğınlığı bir-birindən fərqləndirməyi bacarmalıdır. İndi mən sənə deyirəm: dünyanın qərbində və şərqində məndən başqa heç kəs özünü Allahı dərkin qapısı kimi təqdim edə bilməz. Mənim dəlilim ulu babam Rəsulullahın (Ona və nəslinə Allahın salamı olsun!) dəlili və sübutu ilə eynidir. Nə istəyirsənsə, məndən soruş və mən elə indicə, buradaca iddiamın düzgünlüyünü sübut edən mübarək ayələrlə sənin cavabını verim. Budur, mən səni seçim qarşısında qoyuram: ya mənim Əmrimi ürəkdən qəbul elə, ya da bundan boyun qaçırıb mənim iddiamı təkzib et! Üçüncü yol yoxdur. Əgər ikinci yolu seçsən, yəni boyun qaçırmağı qəbul etməkdən üstün tutsan, haqqdan qaçdığını açıq-aşkar elan etməyincə, sənin əlini buraxmayacağam; qoy hər şey dəlilə və sübuta əsaslansın, beləliklə, doğru yol və həqiqət hamıya bəlli olsun!”

Mirzə Mühit bu mübarək sözləri eşidib dəlillərin mükəmməl və güclü olduğunu gördükdə, özünü itirdi, bu gənc adamın qarşısında özünün şahin çəngində əsir olan sərçə kimi gücsüz və aciz olduğunu hiss etdi. Yaşlı, bilikli və cüssəli bir adam olsa da, bu məqamda özünün son dərəcə zəif olduğunu anladı və qorxa-qorxa dilləndi: “Ey mənim Ağam, Kərbəlada Sizi gördüyüm ilk gündəcə hiss etmişdim ki, mənim əsil məqsədim və həqiqi Məhbubum Sizsiniz. Mən Sizin düşmənlərinizdən uzağam, Sizin şəxsiyyətinizin paklığına və müqəddəsliyinə zərrə qədər şübhə edən kəslərdən də gen gəzirəm. Xahiş edirəm, məni əfv edin, mənim acizliyimə mərhəmətlə yanaşın. İndi bu müqəddəs məkanda and içirəm ki, İnşaallah, Sizin Əmrinizin qalib gəlməsi üçün fəaliyyətə başlayacağam, Sizə itaət göstərəcəyəm. Əgər dediklərim qəlbimdə olanlarla ziddiyyət təşkil edirsə, qoy mən Həzrət Rəsulullahın (s) mərhəmətindən və Həzrət Əmir-əleyhissalamın himayəsindən məhrum olum!”

Həzrət Bab onun sözlərinə qulaq asırdı, eyni zamanda onun ruhunun zəifliyini duyurdu. Odur ki, dedi: “Doğrudan da, haqq ilə batil bir-birindən tamamilə ayrıldı. Ey Qüddus, ey mənə iman gətirmiş şəxs, şahid ol, bu saat mən səni və Həzrət Rəsulullahın (s) müqəddəs türbəsini şahid tuturam, indicə biz iki nəfərin arasında olmuş söhbətə siz şahid olun. Allah da şahiddir və hər şeyi görür, mənim ən böyük şahidim Odur. Ey Mühit, nə istəyirsənsə, soruş, nə iradın varsa, de, mən Allahın mərhəməti sayəsində sənə cavab verim. Tanrının inayətindən mənim dilim bütün çətinlikləri həll etməyə qadirdir. Soruş ki, mənim məqamımın böyüklüyündən agah olasan və biləsən ki, heç kəs mənim tək müşgülləri həll edə və ağzını hikmətlə aça bilməz!”

Mirzə Mühit çarəsiz qalıb Mübarək Hüzura bir neçə sual verdi və dedi: “Mən nurlu Mədinə şəhərinə getməyə məcburam və ümidvaram ki, Mədinəni tərk edənə qədər suallarımın cavabını alacağam”. Həzrət Bab onu arxayın edib dedi: “Mədinəyə gələndə, sənin suallarına cavab verəcəyəm, əgər Mədinədə səni görə bilməsəm, sən Kərbəlaya çatmamış mənim cavabım sənə çatacaq. Ümid edirəm ki, ədalət və insafla mühakimə yürüdəcəksən”.

Mirzə Mühit bildirdi ki, Mədinədən getməmiş öz sözümə əməl etməyə çalışacağam. Sonra Mübarək Hüzurdan mürəxxəs olub sonsuz qorxu və dəhşət içərisində oradan uzaqlaşdı. O, Həzrət Babın əzəmət küləyinin qarşısında özünün bir toz kimi cılız və aciz olduğunu gördü. Mirzə Mühit Məkkədən Mədinəyə getdi, qısa müddət orada qaldıqdan sonra Kərbəlaya yollandı. O öz əhdinə vəfa etmədi və onu məzəmmət edən vicdanının və qəlbinin səsinə əhəmiyyət vermədi. Həzrət Bab isə öz sözünü yerinə yetirdi və Mirzə Mühitin suallarına cavab verdi. Həmin cavab “Risaleyi-beynül-Hərəmeyn” (“İki müqəddəs yer arasında yazılmış risalə”) adı ilə məşhurdur. Mirzə Mühit Kərbəlaya varid olan kimi o mübarək cavabı aldı, amma insafla hərəkət etmədi və ilahi kəlamlardan mütəəssir olmadı. O, gizlicə Əmrin əleyhinə fəaliyyət göstərirdi. Gah özünü mübarək Əmrin qəddar düşmənlərindən biri olan Hacı Mirzə Kərim xan Kirmaninin davamçılarından sayırdı, gah da müstəqil məqama iddia edib özünü mürşid kimi qələmə verirdi. Ömrünün sonlarında İraqda yaşayan zaman o, Həzrət Bəhaullaha sədaqətini izhar etməyə başladı və Bağdadda olan İran şahzadələrindən birinin vasitəsilə ondan xahiş etdi ki, onunla məxfi görüşə icazə versin, yəni heç kəs bu görüşdən xəbər tutmasın.

Həzrət Bəhaullah vasitəçi şəxsə dedi: “Mirzə Mühitə söylə ki, mən Süleymaniyyə dağlarında qalarkən, iman yolunun şərtləri və möminlərin vəzifələri barədə bir risalə yazmışdım və ona bir qəsidə də əlavə etmişdim. Həmin qəsidədə iki belə beyt vardı:

Əgər ürəyində canını düşünürsənsə, bura gəlmə,

Əgər canını və başını fəda edəcəksənsə, gəl!

Bəhaya qovuşmaq istəyirsənsə, bu yolun şərti belədir,

Əgər bu yolun yolçusu deyilsənsə, uzaqlaş, bizə zəhmət vermə!

 

Get, Mirzə Mühitə de ki, əgər istəyirsə, heç bir şərt qoymadan bizim hüzurumuza gəlsin, əks təqdirdə mənim onu görməyə meylim yoxdur." Mirzə Mühit bu cavabı aldıqda, əhvalı xeyli pərişan oldu, çünki o, bir tərəfdən özünün Əmrə müqavimət göstərmək qüdrətində olmadığını anlayırdı, digər tərəfdən də itaət göstərmək istəmirdi. Çarəsiz qalıb Həzrət Bəhaullahdan cavab aldığı gün Bağdaddan Kərbəlaya yollandı və üç gündən sonra orada vəfat etdi.

Həzrət Bab Həcc mərasimini başa vurduqdan sonra Məkkə şərifinə (hakiminə) bir məktub yazdı, bəzi ayə və əlamətləri də məktuba əlavə edib cənab Qüddusun vasitəsilə ona göndərdi. Həmin məktubda o öz məqamını şərifə anladır və şərifi iman gətirib xidmət göstərməyə çağırırdı. Cənab Qüddusa tapşırdı ki, gedib öz əlinlə bu məktubu Məkkə şərifinə təqdim edərsən. Lakin o dövrdə Məkkə şərifi dünyəvi işlərlə məşğul idi, başı maddi maraqlara qarışmışdı, odur ki, ilahi çağırışa qulaq asmadı.

Hacı Niyaz Bağdadi danışırdı ki, mən hicri 1267-ci (1851-ci) ildə Məkkəyə getdim və şəriflə görüşdüm. Söhbət əsnasında şərif mənə dedi: “Yadımdadır ki, 60-cı ildə Həcc zamanı mənim yanıma bir cavan gəldi və mənə möhürlənmiş bir məktub verdi. Mən məktubu aldım, lakin işim çox olduğu üçün onu oxumağa fürsət tapa bilmədim. Bir neçə gündən sonra həmin cavan gəlib cavab istədi. Mən bərk məşğul olduğuma görə məktubu oxumağa vaxt tapmadığım üçün cavab yazmadım. Nəhayət, Həcc əyyamı başa çatdı. Bir gün öz kağızlarımı axtararkən, qəflətən gözüm həmin məktuba sataşdı. Oxuyub gördüm ki, məktubun əvvəlində Quran ayələri tərzində təsirli və maraqlı nəsihətlər yazılıb. Həmin məktubdan mən belə anladım ki, Həzrət Fatimənin övladlarından və Haşimi tayfasından olan bir Gənc İranda yeni bir dəvətə başlayıb və dünyanın bütün xalqlarına vəd olunmuş Şəxsin zühur etdiyini bəyan edir. Daha bilmədim ki, o məktubu yazan kimdir və həmin dəvətin axırı necə oldu”. Mən şərifə dedim: “Bir neçə ildir ki, İranda böyük inqilab baş verib. Əvvəllər ticarətlə məşğul olan və peyğəmbər nəslindən olan bir Gənc meydana çıxıb ona Vəhy verildiyini və özünün Allah tərəfindən göndərildiyini iddia etməyə başladı. O deyirdi ki, İlahi Vəhy sayəsində bir neçə gün ərzində Onun qələmindən Qurani-kərimdən də artıq ayələr nazil olur. Quran iyirmi üç il ərzində nazil olub, lakin bir neçə gün müddətində Onun qələmindən çıxan ayələr Qurandan çoxdur. Bütün təbəqələrdən olan çoxlu insanlar Ona iman gətirdilər, İranın üləma və əyanları Onun yolunda canlarını fəda etdilər. O gəncin özü isə ötən il şəban ayının sonlarında (1850-ci il iyul ayının əvvəllərində) Azərbaycan diyarının mərkəzi Təbriz şəhərində şəhid oldu. Düşmənləri bu yolla Onun Əmrini unutdurmaq istədilər, lakin məqsədlərinə nail olmadılar. Belə ki, O şəhid olduqdan sonra Onun Əmrinin alovu daha da şölələndi və bütün xalqlar arasında yayılmağa başladı”.

 

Məkkə şərifi mənim sözlərimi dinləyib Həzrət Babı qətlə yetirmiş şəxslərin qəddarlığından o qədər təsirləndi ki, qeyri-ixtiyari olaraq, ucadan dedi: “Allah zalımlara lənət eləsin! Zülmkar şəxslər bundan əvvəl də mənim pak əcdadlarımla belə rəftar etmişlər”. Bu yerdə mənim şəriflə söhbətim başa çatdı.

Həzrət Bab Məkkədən Mədinəyə doğru hərəkət etdi və 1261-ci il məhərrəm ayının 1-də (1845-ci il yanvarın 10da) yola düşdü. Mədinəyə yaxınlaşdıqca O, Həzrət Rəsulun müsibətləri və başına gələnlər barədə düşünürdü. Keçmişdə bu diyarda aşkara çıxıb insanlara həyat bəxş edən İlahi Qüvvənin əlamətləri bütün əzəməti və möhtəşəmliyi ilə Həzrət Babın gözləri önündə canlanırdı. O, Mədinəyə - Həzrət Rəsulullahın dəfn olunduğu yerə nə qədər çox yaxınlaşırdısa, bir o qədər çox dua və münacat oxuyurdu. Yolda O, Şeyx Əhməd Əhsaini xatırladı, bu böyük insanın fəaliyyətə başlaması, insanlara yeni Zühurun müjdəsini verməsi və nəhayət, Bəqi qəbristanlığında Həzrət Rəsulun nurlu məzarının yaxınlığında dəfn olunması barədə düşündü. Yadına saldı ki, Həzrət Rəsulullah ömrünün məşəqqətlərlə dolu bir mərhələsini Məkkədə keçirdikdən sonra nurlu Mədinə şəhərinə hiçrət etmiş və həyatının sonunadək bu şəhərdə qalmışdı. Bu zaman islam yolunda şəhid olanlar, öz canlarını Həzrət Rəsula fəda edənlər və islam dininə yardımçı olmuş şəxslər Həzrət Babın gözləri qarşısında canlandılar. Sanki şəhidlərin müqqədəs məzarları Həzrət Babın qədəmlərindən hərəkətə gəlir, Onun İsa nəfəsinə bənzər pak nəfəsinin təsiri ilə şəhidlər öz qəbirlərindən qalxır, Həzrət Babın gəlişinə sevinib Ona doğru yürüyür, Onu salamlayırdılar. Və deyəsən, Həzrət Bab da onlara cavab verirdi. Onlar yalvarıb deyirdilər: “Ey bənzərsiz Məhbubumuz, öz vətəninə qayıtma, burada—bizim yanımızda qal, çünki burada Sənin əleyhinə qalxacaq düşmənlərin Sənə heç bir ziyan yetirə bilməzlər. Orada isə hamısı gözləyir ki, Sən qayıdasan və Sənə əzab versinlər. Amma burada heç kəsin əli Sənə çatmaz. Əgər qayıtsan, düşmənlərin zülm və sitəminə məruz qalacaqsan. Biz hər dəfə onların əbədi bədbəxtlik və fəlakətlərinə səbəb olacaq əməlləri barədə düşünəndə, bədənimiz tir-tir əsir”.

Həzrət Bab o şəhidlərin cavabında ruhunun dili ilə deyirdi: “Mən bu dünyaya şəhidliyin əzəmət və möhtəşəmliyini görmək üçün gəlmişəm. Siz bilirsiniz ki, mən şəhidliyi nə qədər sevirəm, onu necə gözləyirəm. Dua edin ki, Allah mənim şəhidlik saatımı yaxınlaşdırsın və mənim fədakarlığımı qəbul eyləsin. Sevinin və şad olun, çünki mən və Qüddus tezliklə hədsiz vəfadarlıq göstərib qurbangaha daxil olacağıq və ağamız Bəhanın yolunda canımızı qurban verəcəyik. Onun yolunda axıdacağımız qan bizim əbədi səadət bağımızın çiçəklənməsinə səbəb olacaq. Bizim qanımızın damlaları toxuma bənzər. Bu toxumlar əkiləndən sonra onlardan Tanrı Ağacı boy atacaq, həmin ilahi Ağac son dərəcə güclü və möhkəm olacaq, dünyanın bütün ümmətləri və millətləri o ağacın kölgəsinə toplaşacağlar. Ey Tanrı yolunun şəhidləri, kədərlənməyin, əgər mən bu müqəddəs torpaqdan öz vəzifəmi yerinə yetirmək üçün vətənimə gedəcəyəmsə, siz qəmgin olmayın!”

bottom of page