top of page

Altıncı Fəsil

Cənab Babülbabın Xorasan Səfəri

HƏZRƏT BAB HÜRUFİ-həyyi öz Mübarək Hüzurundan onlara həvalə olunmuş istiqamətlərə yola salarkən, hər birinə tapşırdı ki, təbliğ nəticəsində Əmrə iman gətirən şəxslərin adlarını bir vərəqə yazıb bağlasınlar və öz möhürlərini vurub dayısı Hacı Mirzə Seyyid Əliyə göndərsinlər, o da həmin vərəqləri Mübarək Hüzura çatdırsın. Həzrət Bab buyurdu: “Mən həmin adlardan “vahid”lər (dəstələr) təşkil edəcəyəm, yəni möminlərin adlarını hərəsində 19 nəfər olmaqla 18 dəstəyə böləcəyəm. Beləliklə, birinci “vahid”lə (ilk “vahid” hürufi-həyydən və nöqteyi-övladan ibarətdir) birlikdə 19 “vahid” yaranacaq ki, bu da “bütün şeylər”in sayından çox olacaq [“Vahid” sözü əbcəd hesabı ilə 19-a bərabərdir, bunu da 19-a vuranda 361 alınır. “Bütün şeylər” (“koll-e şey”) isə əbcədlə 360-a bərabərdir. Beləliklə, “vahid”lərin ümumi sayı “bütün şeylər”in sayından artıq olur].

 

Mən bütün möminlərin adlarını ilahi lövhəyə yazacağam ki, Həzrət Məhbub bərəkətini onların üzərinə yağdırsın və Zühur Günündə öz Əzəmətinin taxtında qərar tutarkən, onların hamısını öz cənnətinə daxil etsin”. Həzrət Bab xüsusilə Molla Hüseynə tapşırdı ki, İsfahanda, Tehranda və Xorasanda Allah Əmrinin təbliği istiqamətində gördüyü işlərin və göstərdiyi səylərin nəticəsini möminlərin, eləcə də ilahi Əmrin əleyhinə çıxanların adları ilə birlikdə yazıb Mübarək Hüzura göndərsin. Və əlavə etdi ki, sənin məktubun mənə çatmayana qədər Şirazdan Allah Evinin ziyarətinə yollanmayacağam.

Molla Hüseyn Tehranda Bəhaullahın Mübarək Hüzuruna yetişib onun inayətindən yeni ruh aldıqdan sonra Xorasana tərəf yola düşdü. Bu vilayətə çatan kimi Həzrət Babın xudahafizləşərkən ona bəxş etdiyi mənəvi gücün və sirli qüvvənin əlamətləri özünü göstərməyə başladı. Xorasanda Əmrə iman gətirən ilk şəxs o dövrün ən məşhur və ən bilikli alimlərindən sayılan Mirzə Əhməd Əzğəndi oldu (Əzğənd—Xorasan kəndlərindən biridir). Əmrə iman gətirən ikinci şəxs Molla Əhməd Müəllim oldu (bu şəxs həm də Molla Əhməd Hisari adı ilə tanınır). O, Kərbəlada yaşayarkən Seyyid Kazım Rəştinin uşaqlarının təlim və tərbiyəsi ilə məşğul olurdu, buna görə də “Müəllim” ləqəbi ilə məşhurlaşmışdı. İman gətirənlərdən biri də “Əzim” ləqəbli Molla Şeyx Əli idi. Həmin ləqəbi ona Həzrəti-Əla vermişdi. Onun ardınca elm və bilik baxımından Mirzə Əhməd Əzğəndidən sonra ikinci nüfuzlu və məşhur şəxs sayılan Molla Mirzə Məhəmməd Füruği Əmrə iman gətirmək şərəfinə nail oldu. Digər alimlər də Molla Hüseynin dəlillərinə etiraz edə bilmədilər, onun elmi və biliyi qarşısında duruş gətirmək iqtidarında olmadılar.

 

O cümlədən, Mirzə Məhəmməd Bağır Qaini də mübarək Əmrə iman gətirdi. O, ömrünün son çağlarında Məşhəddə məskən salmışdı və qərara almışdı ki, həyatının qalan hissəsini bu şəhərdə keçirsin. Onun mübarək Əmrə məhəbbətinin həddi-hüdudu yox idi. Düşmənlər cəsarətinə görə ondan çəkinir, dostlar isə mehribanlığına görə onu sevirdilər. Mirzə Məhəmməd Bağır öz evini Molla Hüseynin ixtiyarına vermişdi ki, orada həqiqəti axtaran insanlarla söhbətlər aparsın. Özü də daim Əmrə xidmət göstərməklə məşğul idi. Axırda o, Şeyx Təbərsi qalasında şəhid oldu. Onun Məşhəddəki evi “babiyyə” adı ilə məşhur idi. Bu evə daxil olan hər bir kəsi camaat «babi» adlandırırdı. Şeyx Təbərsi qalasında Babülbab şəhid olduqdan sonra cənab Qüddus əshabələrə komandanlığı həmin Mirzə Məhəmməd Bağır Qainiyə həvalə etmişdi.

Molla Hüseyn Həzrəti-Əlanın göstərişinə uyğun olaraq, öz səfəri müddətində baş verən hadisələri təfsilatı ilə qələmə alıb iman gətirmiş şəxslərin adlarından ibarət siyahını da ona əlavə etdi və Həzrət Babın dayısının Təbəsdə yaşayan və etibarlı şəxs sayılan şəriklərindən biri vasitəsilə Yəzd yolu ilə Mübarək Hüzura göndərdi. Həmin məktub 1260-cı il ramazan ayının 27-ci gecəsində (1844-cü il oktyabrın 10-da) Mübarək Hüzura yetişdi. Ramazan ayının 27-ci gecəsi müsəlmanlar üçün son dərəcə əziz bir geçədir və “Qədr gecəsi” adı ilə məşhurdur. Allah Quranda bu gecəni min aydan üstün tutmuş və buyurmuşdur: “Qədr gecəsi min aydan da xeyirlidir” (Qədr surəsi, 3-cü ayə). Molla Hüseynin məktubu Mübarək Hüzura yetişən zaman orada yalnız cənab Qüddus vardı. Həzrəti-Əla məktubun bəzi hissələrini cənab Qüddusa da oxumuşdu.

Mirzə Əhməd mənə (müəllifə) danışırdı ki, Həzrət Babın dayısı həmin gecə barəsində ona aşağıdakıları nəql etmişdi: “Babülbabın məktubu Mübarək Hüzura çatan gecə mən Həzrət Babın və Həzrət Qüddusun üzündə qəribə bir sevinc və şadlıq müşahidə etdim. Bu sevincin səbəbini izah etmək mənim imkanım xaricindədir. Həmin anlarda eşitdim ki, Həzrət Bab aşağıdakı sözləri təkrarlayır: «Əcəbdir, hər şey əcəb, cümadi ilə rəcəb arasında!” Həzrəti-Əla Molla Hüseynin məktubunu oxuyan zaman bəzən cənab Qüddusa tərəf dönür, məktubun müəyyən sətirlərini ona göstərirdi və bu yolla öz sevincinin səbəbini ona çatdırırdı. Amma mən bu qəribə sirdən baş açmırdım». Mirzə Əhməd deyirdi ki, mən daim bu sirli məqamı anlamağa çalışırdım. Molla Hüseyni Şirazda gördüyüm zaman Həzrət Babın dayısından eşitdiyim əhvalatı ona danışdım. Molla Hüseyn məni dinlədikdən sonra gülüb dedi: “Yaxşı yadımdadır ki, cümadiüs-sani və rəcəb aylarının arasında mən Tehranda idim”. Bundan artıq bir şey söyləmədi, lakin mən başa düşdüm ki, Tehranda nə isə bir sirr gizlənib və əgər həmin sirr aşkara çıxsa, Həzrət Babın və cənab Qüddusun hədsiz sevincinə səbəb olacaq.

Molla Hüseyn Mübarək Hüzura göndərdiyi məktubda Həzrət Bəhaullahın Əmrin təbliğinə başlamasından və bu məqsədlə Onun Nur bölgəsinə səfər etməsindən də söz açmışdı. Bundan xəbər tutduğu üçün Həzrət Babın könlü sevinmişdi və O, Allah Əmrinin hər yerə yayılıb qələbə çalacağına yəqinlik hasil etmişdi. O əmin olmuşdu ki, əgər Özü düşmənlərin əlinə əsir düşüb canını fəda edərsə, onun mübarək Əmrinin sürətli irəliləyişi dayanmayacaq, əksinə, Həzrət Bəhaullahın səyləri sayəsində daha da rövnəq tapacaqdır və bu Böyük Şəxsiyyət öz tükənməz hikməti və sonsuz məhəbbəti ilə insanları Allah Əmrinin vurğunu edəcəkdir. Buna görə də Həzrət Bab hədsiz sevinc keçirib heç bir qorxu bilmədən başına gələcək istənilən müsibəti qarşılamağa hazır oldu, Səməndər quşu tək Özünü ilahi məhəbbətin alovuna atdı, güclü inam və tam qətiyyətlə Allah Əmrini elan etməyə başladı.

bottom of page