top of page
Birinci Fəsil
Şeyx Əhməd Əhsai

MÜXTƏLİF FİRQƏLƏRƏ BÖLÜNÜB bir-biri ilə çəkişməkdə olan müsəlmanların nadanlıq, təəssüb və fəsadı nəticəsində islamın həqiqət günəşinin tutulduğu bir zamanda Şeyx Əhməd Əhsainin doğru yol göstərən parlaq ulduzu Şərqin üfüqündə işıq saçmağa başladı. O böyük insan dini rəhbərlərin günahı ucbatından islamın zəiflədiyini görüb çox pərişan olmuşdu, şiələr arasında müşahidə etdiyi fəsad, cəhalət, çəkişmə və münaqişələr onu son dərəcə kədərləndirmişdi. Buna görə də qəlbi ilahi nurla işıqlanmış böyük Şeyx fəsad əhlinə müqavimət göstərməyi və şiələri qəflət yuxusundan oyatmağı qərara aldı. Onun məqsədi bu idi ki, axır zamanda zühur edəcək müqəddəs Şəxsin gəlişinə zəmin hazırlasın və beləliklə, birlik yaradacaq o qüdrətli şəxs zühur etdikdən sonra müsəlmanları bürümüş cəhalət və nadanlıq zülmətini aradan qaldıra bilsin. Bu səbəbdən o, daxilindəki nurun və ilahi qüdrətin köməkliyi ilə çətin ayələri şərh etməyə, Allahın əzəmətli məzhərinin gəlişi ilə əlaqədar müjdələri açıqlamağa başladı. İslami kitablarda mövcud olan həmin müjdələrdən o, bir şeyi yəqin etmişdi ki, yalnız yeni zühurun işığı və gözlənilən şəxsin nuru xalq arasındakı fitnə-fəsada son qoymağa, camaatı cəhalət və nadanlıq zülmətindən xilas etməyə qadirdir. Buna görə də o, hicri on üçüncü əsrin əvvəllərində (miladi XVIII əsrin sonlarında), ömrünün qırx ilini arxada qoyduğu bir zamanda tam qətiyyətlə öz məqsədini həyata keçirməyə başladı. Elə bu niyyətlə də ailəsini və qohum-əqrəbasını öz vətənində—Fars körfəzinin cənubundakı Bəhreyn adalarından birində qoyub Nəcəf və Kərbəlaya yollandı.

Nəcəf və Kərbəlaya kələn kimi o, islam alimlərinin fikir və düşüncələri ilə tanış oldu. Tezliklə o, qeyri-adi bir şöhrət qazandı və böyük müctəhidlərdən birinə çevrildi. Şeyxin görüşünə gələn hər bir alim bu böyük insanın biliyinin genişliyini, ilahi sirlərdən agah olduğunu, Quran ayələrinin mənasını açmaq və çətinlikləri həll etmək qüdrətini etiraf edirdi. Tədricən bir çoxları onu özlərinə müəllim seçib, onun hüzurunda elm öyrənməyə başladılar.

Artıq Şeyxin nüfuzu elə bir səviyyəyə çatmışdı ki, müxtəlif qrupları qorxuya salır və narahat edirdi. Sufilər və filosoflar ona həsəd aparır, onun elminə və biliyinə qibtə edirdilər. Amma Şeyxin nüfuzu yüksəldikcə, təvazökarlığı da artırdı və ünvanına söylənən təriflərə əsla əhəmiyyət vermirdi. O, camaatın zahiri dəbdəbəyə can atmasına təəccüb edir, insanların vəzifə və mənsəb ehtirasına heyrətlə baxırdı.

Bir müddət sonra Şeyx müqəddəs yerlərdən İrana səfər etmək fikrinə düşdü. O, İrana yollanmasının əsil səbəbini yoldaşlarından və dostlarından gizli saxlayırdı və zahirən belə göstərirdi ki, Həzrət İmam Rza—əleyhissalamı ziyarət etmək məqsədilə müqəddəs Məşhədə getmək istəyir. Amma əslində o, Məşuqun məkanına doğru tələsirdi. Şeyx Fars körfəzindən keçərək, Şiraza yollandı. Yəni o yerə üz tutdu ki, orada Tanrının xəzinəsi gizlənmişdi və bir müddətdən sonra o diyardan Allahın məzhərinin sədası hər yana yayılacaq, camaatı yeni yola dəvət edəcəkdi. Şirazda o, görünüşü və forması baxımından Kəbəni xatırladan bir Cümə məscidinə gedər və həmən məscidə daxil olan kimi deyərdi: “Doğrudan da, Allah evinin özünəməxsus əlamətləri vardır ki, onları yalnız bəsirət sahibləri anlaya bilərlər. Mən əminəm ki, bu məscidi tikən şəxs ilhamlı bir insan olmuşdur”. Beləcə Şeyx Şirazı o qədər tərifləyərdi ki, eşidənlər təəccüb qalardılar. Onlar məscidi öz gözləri ilə görsələr də, məsələnin mahiyyətindən xəbərsiz olduqları üçün Şeyxin danışığı və söylədiyi təriflər onlara qəribə gələrdi. 

Şeyx isə onlara deyirdi: “Təəccüblənməyin, tezliklə mənim sözlərimin sirri sizə bəlli olacaq. Sizlərdən bir çoxunuz o günü görəcəksiniz və əvvəlki peyğəmbərlərin arzuladıqları, lakin yetişmədikləri bir dövrana qovuşmaq şərəfinə nail olacaqsınız”. Şiraz alimləri Şeyxin elmdə yüksək məqama çatdığına şübhə etmirdilər, buna görə də elə düşünürdülər ki, öz idraklarının zəifliyi ucbatından onun sözlərini anlaya bilmirlər. Bir qədər sonra Şeyx Yəzdə yollandı, müəyyən müddət orada qalıb lazımi həqiqətləri insanlara çatdırmaqla məşğul oldu və özünün əksər əsərlərini o şəhərdə qələmə aldı. Şeyxin şöhrətinin, onun bilik və elminin sədası tezliklə İran sultanı Fətəli şaha çatdı. O öz xətti ilə bir məktub yazıb Tehrandan Yəzdə—Şeyx Əhmədin hüzuruna göndərdi. Məktubun məzmunu olduqca çətin suallardan ibarət idi. Şah o vaxta qədər həmin sualları kimə vsrmişdisə, qənaətbəxş cəvablar ala bilməmişdi. Buna görə Şeyxdən xahiş edirdi ki, suallara müfəssəl cəvab yazıb ona göndərsin. Şeyx Əhməd bu münasibətlə “Risaleyi-sultaniyyə” (“Sultan risaləsi”) adlı əsərini qələmə alaraq, orada şahı düşündürən suallara ətraflı cavablar yazdı və sultanın hüzuruna göndərdi. İran şahı risalədəki dərin mətləblərə və gözəl ifadələrə elə valeh oldu ki, Şeyxə ikinci bir məktub yazıb ondan paytaxta gəlməyi xahiş etdi. Şeyx şaha belə cavab verdi: “Mən Nəcəf və Kərbəladan İrana onun üçün gəlmişəm ki, Xorasana gedib Həzrət Rza-əleyhissalamı ziyarət etdim. Sultandan rica edirəm ki, məni bu nemətdən məhrum etməsin. Ümidvaram ki, Xorasan ziyarətindən sonra, inşaallah, Tehrana gəlməyə və şahın mənə göstərdiyi lütfdən lazımınca faydalanmağa imkanım olacaqdır”.

Yəzddə qaldığı müddətdə Şeyx yaxınlaşmaqda olan Zühurun müjdəsini əhaliyə çatdırmaqla məşğul idi. Bu dövrdə Hacı Əbdül-Vəhhab adlı mömin bir şəxs Şeyxin yaxın sirdaşına çevrilmiş və söhbətlərindən onun əsil məqsədini anlamışdı. O hər gün Əbdül-Xaliq Yəzdi adlı məşhur bir alimlə bərabər Şeyxin hüzuruna gəlirdi. Çox vaxt elə olurdu ki, Şeyx Əhməd müəyyən bir mətləbi təklikdə Əbdül-Vəhhaba söyləmək istəyirdi. Buna görə də Əbdül-Xaliqdən üzr diləyib xahiş edərdi ki, onu Əbdül-Vəhhabla tək buraxsın. Belə davranış isə özünü böyük alim və nüfuz sahibi sayan Əbdül-Xaliqə ağır gələrdi.

Şeyx Yəzddən çıxıb getdikdən sonra Əbdül-Vəhhab camaatdan qaçar və heç kəslə ünsiyyətə girməzdi. Camaat elə düşünürdü ki, Əbdül-Vəhhab tərkidünya olub və sufilər cərgəsinə qoşulub. Müxtəlif sufi təriqətlərinin, o cümlədən, nemətullahilərin və zəhəbilərin başçıları onun düşməninə çevrildilər. Onlar elə güman edirdilər ki, Əbdül-Vəhhab yeni bir təriqət yaradıb özü də onun başında durmaq istəyir. Camaat arasında sufi kimi məşhurlaşan Əbdül-Vəhhab isə heç bir sufi təriqətinə yaxınlaşmır, təriqət rəhbərlərinin düşmənçiliyindən qorxmur və onlarla ünsiyyət belə saxlamırdı. Ümumiyyətlə, o, Nain şəhərindən olan Hacı Həsən adlı bir şəxsdən savayı heç kəslə oturub-durmurdu. O, Hacı Həsənlə səmimi münasibətdə idi və Şeyx Əhməd Əhsaidən öyrəndiyi sirləri ona açmışdı. Əbdül-Vəhhab dünyasını dəyişdikdən sonra Hacı Həsən onun yolunu davam etdirir və ləyaqətli bir şəxs gördükdə, ona vəd olunmuş Şəxsin zühurunun yaxınlaşdığını xəbər verirdi.

Kaşan şəhərində mən (müəllif) Kaşanın Qəmsər qəsəbəsindən olan Mirzə Mahmud adlı 90 yaşlı bir kişiyə rast gəldim və o, mənə bu əhvalatı nəql etdi:

“Gənclik çağlarında Kaşanda yaşayarkən tez-tez eşidirdim ki, Nain şəhərində bir nəfər camaata vəd olunmuş Şəxsin zühurunun yaxınlaşdığını xəbər verir və kim onunla görüşürsə, istər alim olsun, istər mənsəb sahibi, istərsə də adi adam, onun sözlərinin təsiri altında dünyadan əlini üzür. Bir müddət sonra mən bu məsələni şəxsən yoxlamaq qərarına gəldim. Qardaşlarıma heç bir şey demədən Nainə yollandım, Hacı Həsənlə görüşüb onun barəsində eşitdiklərimi öz gözümlə gördüm və vəd olunmuş Şəxsin zühurunun yaxınlaşmasına dair müjdəni öz qulağımla eşitdim. Hacı Həsənin təsirli nitqi vardı, bu da onun qəlbinin nurundan və ruhunun alovundan xəbər verirdi.

Bir gün sübh namazını qıldıqdan sonra Hacı Həsən mənə dedi ki, tezliklə yer üzü behiştə dönəcək və İran dünyadakı bütün insanların qibləsinə çevriləcək. Ertəsi gün dan yeri ağararkən gördüm ki, o, dizi üstə çöküb “Allahu əkbər” cümləsini dönədönə təkrar edir. Bir qədər keçdikdən sonra o mənə sarı baxıb dedi: “Mirzə Mahmud, zühuru barədə sənə müjdə verdiyim o müqəddəs Şəxs indicə anadan oldu. Bu, elə böyük bir insandır ki, öz nuru ilə bütün dünyanı işıqlandıracaq. Düzünü deyirəm, tezliklə sən həmin günləri öz gözlərinlə görəcəksən”.

Mirzə Mahmud danışırdı ki, Hacı Həsənin söylədiyi bu sözlər yaddaşıma həkk olundu və mən həmişə bu barədə düşünürdüm. Nəhayət, altmış yaşımda olarkən, vəd olunmuş Şəxsin sorağını eşitdim. Təəssüf ki, o zaman xəstələnib yorğan-döşəyə düşmüşdüm, ona görə də Şiraza gedib vəd olunmuş Şəxslə görüşmək şərəfinə nail ola bilmədim. Həmçinin Seyyid Bab Kaşan şəhərinə gəlib üç gecə Hacı Mirzə Caninin evində qonaq qaldığı vaxt mən bundan xəbər tutmadım və onun hüzuruna yetişmək səadətindən məhrum oldum. Sonralar Həzrət Babın Əmrinə iman gətirənlərdən O Həzrətin təvəllüd tarixini soruşdum. Dedilər ki, Həzrət Bab hicri 1235-ci il məhərrəm ayının 1-də (20 oktyabr 1819-cu il) anadan olub. Mən bu tarixin vəd olunmuş Şəxsin təvəllüdü barədə Hacı Həsən Naininin mənə dediyi tarixlə uyğun gəlmədiyini gördüm, çünki Hacı Həsənin vəd olunmuş Şəxsin doğulduğunu mənə bildirdiyi gün hicri 1233-cü il məhərrəm ayının 2-si (12 noyabr 1817-ci il) idi və həmin tarixlə Həzrət Babın təvəllüd tarixi arasında iki il fərq vardı. Bu məsələ mənim heyrət və çaşqınlığıma səbəb oldu. Bir müddət sonra mən Hacı Mirzə Kəmaləddin Nəraqi ilə görüşdüm. O mənə Həzrət Bəhaullahın Zühur etdiyini xəbər verdi və bildirdi ki, O Həzrət Bağdadda yaşayır. Bunun ardınca isə Həzrət Bəhaullahın əsərlərindən olan “Kəliməti-məknunə”dən farsca və ərəbcə bəzi parçaları və “Vərqaiyyə” qəsidəsindən bir neçə beyti mənim üçün oxudu. Bu mübarək kəlamlar mənim ruhumun dərinliklərinə güclü təsir göstərdi. Onun oxuduğu parçalardan ikisi hələ də yadımdadır: “Ey varlıq oğlu! Ürəyin mənim mənzilimdir, onu mənim gəlişim üçün təmizlə; ruhun mənim seyrəngahımdır, onu mənim zühurum üçün saflaşdır"!” Və: “Məni istəyirsənsə, məndən başqasını istəmə. Mənim camalıma baxmaq istəyirsənsə, butun dunyaya göz yum, çunki mənə olan istəklə məndən başqasına olan istək od ilə su kimi bir ürəyə və bir könülə sığmaz”.

Mən Hacı Kəmaləddindən Həzrət Bəhaullahın doğum tarixini soruşdum. Buyurdu ki, o mübarək vücud hicri 1233-cü il məhərrəm ayının 2-də (12 noyabr 1817-ci il) dan yeri sökülərkən dünyaya gəlib. Bunu eşidən kimi Hacı Həsən Naininin neçə illər öncə vəd olunmuş Şəxsin doğuluşu barədə mənə dediyi sözləri xatırladım, Dərhal diz çöküb dedim: “İlahi, sənə min şükür ki, vəd etdiyin Günü mənə göstərdin, məni bu böyük nemətə və səadətə layiq bildin. Bundan sonra dünyada heç bir istəyim yoxdur. Əgər indicə əcəlim yetişsə, tam rahatlıqla canımı tapşırmağa hazıram!” Mirzə Mahmud elə həmən il, yəni hicri 1274-cü (1857\58ci) ildə vəfat etdi.

 

Mirzə Mahmuddan eşitdiyim bu əhvalat, eləcə də bir çox başqalarının bu qəbildən olan hekayətləri Şeyx Əhməd Əhsainin idrakının kamilliyinə və onun söhbətlərinin yaxın şagirdlərinin qəlbinə güclü təsir göstərdiyinə dəlalət edir.

Şeyx Əhməd Əhsai Yəzd şəhərini tərk etməyə hazırlaşarkən, müqəddəs ruhun sahibi və ilahi nurun daşıyıcısı Seyyid Kazım Rəşti Gilandan Şeyxin huzuruna gəldi və onun şagirdləri sırasına qoşuldu. Şeyx ilk dəfə onunla görüşərkən demişdi: “Xoş gəlmisən, neçə vaxtdır səni gözləyirəm ki, gəlib məni bu nadan güruhun əzabından qurtarasan. Mən bu camaatın biganəliyindən və bəd əməllərindən tənkə gəlmişəm”. Ardınca isə bu ayəni oxumuşdu: “Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu götürməkdən qorxub çəkindilər. Çox zalim və çox cahil olan insan isə onu götürdü” (Əhzab surəsi, 72-ci ayə).

Seyyid Kazım Rəştinin şəxsiyyətindəki nəciblik və ruhundakı fövqəladə qüdrət hələ yeniyetməlik çağlarından özünü göstərməyə başlamışdı. O, bütün yaşıdlarından üstünlüyü ilə seçilirdi. On bir yaşında ikən o, Quranı başdan-ayağa əzbər bilirdi, on dörd yaşında çoxlu hədisləri və duaları yaddaşına həkk etmişdi. On səkkiz yaşında isə o, Qurandakı “Ayət əl-Kürsi”yə zəmanəsinin alimlərini heyrətə salan bir təfsir yazmışdı. Kiçikdən tutmuş böyüyə qədər onunla görüşən hər bir kəs onun gözəl əxlaqına, təvazökarlığına və möminliyinə heyran qalardı.

Hicri 1231-ci (1816-cı) ildə artıq 22 yaşına çatmış Seyyid Kazım qohum-əqrəbasını tərk edib Gilandan Şeyx Əhməd Əhsainin hüzuruna yollandı. Bu zaman Şeyx insanlara İlahi Zühurun yaxınlaşdığını xəbər verməkdə idi. Bir neçə həftə Şeyxin hüzurunda qaldıqdan sonra Şeyx ona dedi: “Daha mənim hüzuruma gəlmə, öz evində otur! Mənim şagirdlərimdən hər hansı birinin müəyyən çətinliyi olarsa, sənin yanına tələsməli və onun həllini səndən istəməlidir. Çünki Tanrı öz fəzli və səxavəti sayəsində sənə elə bir qüdrət bəxş edib ki, sən onların çətinliklərini həll edə və qəlblərinə rahatlıq gətirə bilərsən. Sən öz nitqinin qüdrəti ilə insanların biganəliyi ucbatından təravətini itirib zəifləmiş ulu baban Həzrət Rəsulullahın (s) dininə yeni həyat bəxş edəcəksən”.

Şeyxin Seyyid Kazıma dediyi bu sözlər onun bəzi şagirdlərinin qəlbində paxıllıq tonqalını alovlandırdı. Xüsusən Molla Məhəmməd Mamağani və Molla Əbdül-Xaliq Yəzdi hamıdan çox Seyyidə həsəd aparırdılar. Amma Şeyx Əhməd Əhsai şəxsən Seyyid Kazıma elə böyük ehtiram göstərirdi ki, bədxahlar və paxıllar da Seyyidin hörmətini saxlamağa məcbur olurdular. Digər tərəfdən onlar Seyyidin elmdə və hikmətdə onlardan üstün olduğunu aydın görürdülər.

Şeyx Əhməd Əhsai öz şagirdlərini Seyyid Kazım Rəştiyə tapşırdıqdan sonra Yəzddən Xorasana yollandı və bir müddət Məşhəd şəhərində qaldı. O, vaxtının çoxunu Həzrət Rza-əleyhissalamın qəbrinin yanında keçirir və camaatı öz fikirləri ilə tanış edirdi. Şeyx insanları düşündürən çətin suallara cavab verir və Zühurun müjdəsini onlara çatdırırdı. O bilirdi ki, vəd olunmuş şəxsin doğum günü yaxınlaşır, tezliklə Onun zühuru barədə hədislərdə deyilənlər gerçəkləşəcək və ilahi nur Mazandaran nuru vasitəsilə öz işığını bütün dünyaya yayacaq. Beləliklə, “Siz öz Rəbbinizi göydəki on dörd gecəlik Ay kimi gördüyünüz halda Onu inkar edəcəksiniz” və “Qiyamət gününün əlamətlərindən biri də odur ki, insanlar öz Rəbblərinə qarşı düşmənçilik edəcəklər” hədislərinin sirri aşkar olacaq. Bu səbəbdən də Şeyxin ürəyi Nurun məkanına yetişməyə tələsirdi və o, şagirdlərindən bir neçəsinin və Seyyid Kazım Rəştinin müşayiəti ilə Xorasandan Tehrana yollandı.

Şeyx paytaxta yaxınlaşanda İran şahının əmri ilə bütün əyanlar və yüksək rütbəli məmurlar Tehrandan çıxıb onu layiqincə qarşıladılar. İran şahı Şeyxi və onun yoldaşlarını qonaq edib onların şərəfinə şahanə qəbul düzəltdi və şəxsən Şeyxin görüşünə gələrək, onu ümmətin fəxri və rəiyyətin zinəti” adlandırdı.

Elə o dövrdə Tehranda Nur əhli olan şərəfli bir ailədə xoşbəxt bir körpə dünyaya gəldi. Bu, Həzrət Bəhaullahın mübarək mövludu idi. Onun daha çox Mirzə Büzürg kimi tanınan möhtərəm atası Mirzə Abbas Nuri İranda məşhur vəzirlərdən biri idi. Həzrət Bəhaullah hicri 1233-cü il məhərrəm ayının 2-də (12 noyabr 1817-ci il) səhərə yaxın anadan oldu. Dünya bu tarixin əhəmiyyətindən xəbərsiz idi, amma həmin gün elə bir Şəxs dünyaya gəldi ki, sonralar öz səxavət süfrəsindən insanlara saysız-hesabsız nemətlər paylayacaqdı. Yalnız Şeyx Əhməd bu böyük sirdən xəbərdar idi, ona görə də ömrünün qalan həssəsini Tehranda, yəni Allah tərəfindən vəd olunmuş Şəxsin vətənində keçirmək istəyirdi. Amma o, ilahi əmrlə hesablaşmalı və öz sevimli şəhəri ilə vidalaşmalı olub Tehrandan Kirmanşaha getdi. Kirmanşahın hakimi Fətəli şahın böyük oğlu Məhəmmədəli Mirzə idi. O, şaha xüsusi yaxınlığı ilə seçilirdi və şah onun xətrini çox istəyirdi. Şeyx Kirmanşaha gələndə şahzadə atasına müraciət edib şəxsən Şeyxin xidmətində durmasına icazə verməsini xahiş etdi. Şah da buna icazə verdi.

Dediyimiz kimi, Şeyx Tehranla vidalaşıb bütün işləri ilahi təqdirin ixtiyarına buraxdı. Tehranı tərk etməzdən öncə o, mərhəmətli Tanrının dərgahına üz tutub dilədi ki, yeni doğulmuş körpəni qorusun və bu ilahi xəzinəni hifz etsin, həmçinin həmvətənlərinin Onun böyüklüyünü anlamasına və Onun Əmrinə itaət göstərməsinə yardımçı olsun.

Bundan əlavə, Şeyx Kirmanşaha gələn kimi şagirdlərindən bir neçəsini seçib onlara yeni Əmrə kömək göstərməyə hazırlaşmağı tapşırdı. Eyni zamanda o, bir çox əsərlərində, xüsusən “Şərh əz-ziyarət” (“Ziyarətin şərhi”) adlı kitabında yüksək ibarələr və parlaq ifadələrlə müqəddəs imamların fəaliyyətini təsvir etdi və vəd olunmuş Şəxsin zühuru barədə müqəddəs imamların (onların hamısına salam olsun!) söylədiyi kəlamları həmin əsərlərdə ayrıca qeyd etdi. Şeyx çox vaxt “Hüseyn” adını işlətmiş, eləcə də “Əli” adını dönə-dönə xatırlatmışdı. Amma “Hüseyn” dedikdə onun məqsədi şəhid Hüseyn deyildi, yeni doğulmuş Hüseyn idi. “Əli” dedikdə isə o, Zühurun müjdəsini verəcək Şəxsi nəzərdə tuturdu. Şeyx ona verilən sualların cavabında çox vaxt vəd olunmuş Günün əlamətlərinin meydana çıxdığına işarə edirdi və bildirirdi ki, bu əlamətlər istər-istəməz vəd olunmuş Şəxsin zühurunun yaxınlaşmasından xəbər verir. Şeyxin bir oğlu vardı, adı da Şeyx Əli idi. Həzrət Babın doğulduğu ildə Şeyxin oğlu vəfat etmişdi. Şagirdləri Şeyxin oğlunun ölümünə çox təəssüflənmişdilər. Şeyx isə onlara demişdi: “Mənim oğlumun ölümünə kədərlənməyin, çünki mən onu sizin hamınızın gözlədiyi Əlinin yolunda fəda etmişəm. Mən oğlumu bu məqsəd üçün bəsləmişdim”.

Həzrət Babın mübarək adı Seyyid Əli Məhəmməd idi və O, hicri 1235-ci il məhərrəm ayının 1-də (20 oktyabr 1819-cu il) Şirazda anadan olmuşdu. Bu Böyük İnsanın doğulduğu ailə peyğəmbərin nəslindən idi və camaat arasında öz əsli-nəcabəti ilə məşhur idi. Həzrət Babın atası Seyyid Məhəmməd Rza peyğəmbərin nəslinə mənsub idi, həmçinin anası da peyğəmbər övladlarından idi və onların hər ikisi şərəfli və ləyaqətli insanlar olmuşlar.

Rəvayət edirlər ki, möminlərin əmiri Həzrət Əli-əleyhissalam buyurmuşdur: “Mən öz Rəbbimdən iki yaş kiçiyəm”. Bu hədisin sirri hamıya gizli qalmışdır. Yalnız Həzrət Bab anadan olandan və öz Əmrini izhar edəndən sonra Ona iman gətirmiş irfan əhli yuxarıdakı hədisin sirrini anladılar və başa düşdülər ki, burada məqsəd nədir. Belə ki, Həzrət Bab Həzrət Bəhaullahdan iki yaş kiçik idi. Həzrət Bab özünün ən böyük əsəri sayılan ilk kitabında Həzrət Bəhaullah barədə belə demişdi: “Ey Bəqiyyətullah, mən bütün varlığımla sənə fəda oldum, sənin yolunda əzaba dözməyə razılaşdım, sənə məhəbbətimdən ötrü öldürülməkdən başqa bir şey arzulamadım”.

Şeyxin Kirmanşahda qaldığı müddətdə şahzadə Məhəmmədəli Mirzə canla-başla ona xidmət göstərirdi. Bir dəfə Şeyx onun barəsində demişdi: “Mən Məhəmmədəlini öz oğlum sayıram, baxmayaraq ki, o, Fətəlinin övladıdır”. Həmin dövrdə Şeyxin hüzurunda çoxlu adamlar və şagirdlər olar, ondan dərs öyrənərdilər. Amma Şeyx Seyyid Kazımdan başqa heç kəsə xüsusi diqqət yetirməzdi, onu hamıdan seçib fərqləndirmişdi ki, dünyadan getdikdən sonra onun yerinə keçsin və onun məqsədlərini həyata keçirsin.

Bir gün Şeyxin hüzurunda olan şəxslərdən biri soruşdu: “Hədislərdə deyildiyinə görə, vəd olunmuş Həzrət zuhur etdiyi zaman elə bir söz söyləyəcək ki, dünyanın başçıları və onun xidmətində olan 313 nəfər o sözü eşidən kimi qaçmağa başlayacaqlar. O, hansı sözdür?” Şeyx buyurdu: “Sən hansı cəsarətlə dünya başçılarının tab gətirməyəcəyi sözü eşitmək istəyirsən? Mümkünsüz işə girişmə, çünki bu, deyiləsi söz və açılası sirr deyil. Tövbə et və bu sualı bir də təkrar etmə!” Lakin həmin təkəbbürlü şəxs öz sualını təkrar edib cavab verməyi Şeyxdən israrla xahiş etdi. Axırı Şeyx ona dedi: “Əgər sən həmən gündə olsan və sənə desələr ki, Əlinin övliyalılığını inkar et, nə edəcəksən?!” Sual verən adam səsini ucaldıb dedi: “Allah o günü göstərməsin, belə bir şey heç cür mümkün deyil, necə ola bilər ki, vəd olunmuş Həzrətin dilindən belə sözlər çıxsın?!” Əslində Şeyx bu sözlərlə həmən adamı sınaqdan kecirdi və onun imanındakı naqislik üzə çıxdı. O biçarə bilmirdi ki, vəd olunmuş Həzrət hədsiz qüdrət və ixtiyar sahibidir, heç kəs Onun qarşısında etiraz və mübahisə edə bilməz, çünki O, istədiyini Edən və istədiyinə hökm Verənin” məzhəridir, kim onunla münaqişəyə girsə, ilahi fəzldən məhrum olar və qafillər cərgəsində qalar. Lakin Şeyxin şagirdlərinin əksəriyyəti onun həmən şəxsə verdiyi cavabın əsil məqsədini başa düşmədi və bu sirri anlamadı.

Şahzadə Məhəmmədəli Mirzə vəfat etdikdən sonra Şeyx Kərbəlaya yollandı. O, yalnız şahzadənin xahişinə görə Kirmanşahda belə uzun müddət qalası olmuşdu. Şeyx Kərbəlada şəhidlərin aqası Həzrət İmam Hüseyn-əleyhissalamın qəbrinin ətrafına dolanırdı, amma bunun mənası gerçək və vəd olunmuş Hüseynin ətrafına dolanmaq idi. Şeyxin ürəyi və könlü münacat və dualar zamanı məhz Ona doğru yönəlirdi. Kərbəlada çoxlu alimlər onun görüşünə gəlirdi. Onların əksəriyyəti Şeyxin şöhrətinə paxıllıq edirdi. Hətta bəziləri onun məqamına yüksəlməyə çalışır, Şeyxi gözdən salmağa cəhd göstərirdilər, lakin nə qədər çalışsalar da, məqsədlərinə nail olmurdular.

Bir müddət sonra Şeyx Məkkə və Mədinəni ziyarət etmək niyyətilə səfərə çıxdı. Kərbəlanı tərk etməzdən öncə o, Seyyid Kazımı öz yerinə təyin etdi, ona öz sirlərini açdı, insanlara düzgün yol göstərmək, ləyaqətli könülləri istiqamətləndirmək vəzifəsini ona həvalə etdi. Seyyid Kazım istədi ki, Nəcəfə qədər Şeyxi müşayət etsin, amma Şeyx razı olmadı və ayrılarkən ona dedi: “Vaxtı hədər yerə əldən vermə! Hər saatı qənimət bil, çalışqanlıq kəmərini möhkəm bağla, gecə-gündüz səy göstər ki, camaatın gözünü örtmüş pərdələri aradan qaldırasan. Düzünü deyirəm, vaxt yaxınlaşıb, mən Allahdan istəmişəm ki, O Vaxt mən olmayım, amma o vaxt tezliklə yetişəcək. Mən ona görə olmaq istəmədim ki, o Vaxt ilahi sınaqlar çox böyük olacaq. Allahdan arzum budur ki, səni o təhlükəli Günün qorxu və əzabından xilas etsin, çünki bizlər o Günün ağırlığına qatlaşa bilmərik. O gün üçün ayrı şəxslər müəyyənləşdirilib. Onlar elə şəxslərdir ki, könüllərində bu dünyanın nemətlərinə bağlılıqdan əsər-əlamət yoxdur. Qadir Allah onlara kömək göstərəcək və yardımçı olacaq”. Şeyx bu sözləri dedikdən sonra Seyyidlə vidalaşdı və ona tapşırdı ki, çətinliklərə və əziyyətlərə sinə gərsin. Bunun ardınca “Allah amanında!” deyib yola düşdü.

Seyyid Kazım Kərbəlada Şeyxin təlimini yaymaqla məşğul olur və bütün qüvvəsi ilə onu müdafiə edirdi. Əgər kimsə ondan bir şey soruşurdusa, elə cavab verirdi ki, hamı heyran qalırdı. Bu səbəbdən nadan paxıllar onun əleyhinə çıxmağa başladılar. Onlar açıq-aşkar deyirdilər: «Biz qırx il ərzində heç bir etiraz etmədən şeyxin təlimini qəbul edib dözmüşük. İndi də Seyyid Kazım Şeyx kimi bir məqama iddia edir. Daha biz dözə bilmirik və bu cür müddəaları eşitməyə hövsələmiz çatmır. Seyyid deyir ki, çismani qiyamət bir xəyaldır, cismani merac həqiqətə uyqun deyil, Zühur Gününün əlamətləri zahiri yox, batini mənada başa düşülməlidir. Bütün bu fikirlər islamın prinsiplərinə ziddir. Kim bu cür fikirləri yaymaqla məşğul olursa, əslində insanları yolundan azdıran bir bidətin əsasını qoyur”.

Onlar çoxlu belə sözlər söyləyirdilər, lakin Seyyid onların etirazlarına və sözlərinə əhəmiyyət vermirdi, əksinə, bu, onu daha səbatlı və daha mətin edirdi. Nəhayət, Seyyid Şeyxə bir məktub yazdı və orada əleyhdarlarının ona etdiyi zülmləri qələmə aldı. Eyni zamanda sual etdi ki, mən nə vaxta kimi bu inadkar tayfanın cəhalət və təəssübünə dözməliyəm, Zühurun zamanı və vəd olunmuş Şəxsin gəlişi nə vaxt olacaq, mən düşmənlərin şərindən nə vaxt qurtulacağam? Şeyx bu məktubun cavabında yazmışdı: “Allaha təvəkkül et, düşmənlərin zülmü səni kədərləndirməsin. Tezliklə Allah-taala bu işin sirrini aşkar edəcək və məqsədin çöhrəsindən pərdəni götürəcək. Bundan artıq bir şey demirəm və heç bir vaxt təyin etmirəm”. Bu sözlərin ardınca Şeyx aşağıdakı Quran ayələrini də məktubuna əlavə etmişdi: “Tezliklə siz onun verdiyi xəbəri mutləq biləcəksiniz” (Sad surəsi, 88-ci ayə); “Sizə bəlli olanda qanınızı qaraldacaq şeylər barəsində soruşmayın” (Maidə surəsi, 101-ci ayə). Şeyxin cavabı Seyyidin qəlbinə rahatlıq gətirdi və o, əleyhdarlarının hücumlarına daha da mətanətlə sinə gərməyə başladı.

Şeyx Əhməd Əhsai hicri 1242-ci (1826/27-ci) ildə vəfat etmişdir. O, səksən bir il ömür sürmüşdür. Onun qəbri nurlanmış Mədinə şəhərindəki Bəqi qəbristanlığında Həzrət peyğəmbər-əleyhissalamın məqbərəsinin arxasındadır.

bottom of page