top of page

Onuncu Fəsil

Həzrət Babın İsfahan Səfəri

HİCRİ 1262-Cİ (1846-CI) il yayın axırlarında Həzrət Bab Seyyid Kazım Zəncani ilə birlikdə Şişrazdan İsfahana yola düşdü. İsfahana yaxınlaşanda O, İsfahan hakimi Mənuçehr xan Mötəmidüd-dövləyə bir məktub göndərdi ki, gəlişinə qədər onun üçün mənzil hazırlasın. Məktub son dərəcə ehtiramlı bir tərzdə, səlis və bəlağətli bir dillə yazılmışdı. Seyyid Kazım Zəncani Həzrət Babın məktubunu Mənuçehr xana təqdim edən kimi o, İsfahanın ən böyük ruhani rəh bərlərindən sayılan imam cümə Sultanül-üləma Mir Seyyid Məhəmmədə göstəriş verdi ki, bir nəfəri Həzrət Babı qarşılamağa göndərsin və öz evində O Həzrəti hörmət və ehtiramla qəbul etmək üçün yer hazırlasın. O, Həzrət Babın məktubunu da öz məktubu ilə birlikdə imamcüməyə göndərdi. Sultanül-üləma öz qardaşını bir neçə nəfərlə bə rabər Həzrət Babı qarşıla maka göndərdi. Həzrət Bab Sultanül-üləmanın evinə ya xınlaşanda, o şəxsən özü Həzrəti-Əlanın qarşısına, çıxdı və hədsiz ehtiramla Onu evinə apardı. İsfahan camaatı Həzrət Baba olduqca böyük hörmət bəsləyirdi. Cümə günü Həzrət Bab hamamdan evə qayıtdıqdan sonra camaat hamamın xəzinəsindəki suyu xəstəlikləri aradan qaldırıb şəfa tapmaq məqsədilə son qətrəsinə qədər daşıyıb apardı, hətta bəziləri suyu bölüşdürən zaman mübahisə də etdilər. İmamcümə elə ilk gecədən öz qonağının vurqunu olmuşdu. O, Həzrət Baba şəxsən özü xidmət göstərirdi, aftafa-ləyəni nökərdən alıb özü Həzrəti-Əlanın əlinə su tökürdü, sanki özünü büsbütün unutmuşdu. Bir gecə o, Həzrət Babdan xahiş etdi ki, Quranın “vəl-Əsr” surəsini onun üçün təfsir etsin. Həzrət Bab kağız və qələm istədi, qeyri-adi bir sürətlə, qələmini bir an da saxlamadan ev sahibinin arzusunu yerinə yetirdi və həmin sürəyə gözəl bir təfsir yazdı. Sonra düz gecə yarısına qədər bu təfsirdən həmin surənin ilk hərfi olan “vav” hərfinin çoxsaylı mənalarına həsr olunmuş hissəni oxudu. “Vav” hərfindən hələ Şeyx Əhməd Əhsai öz əsərlərində söhbət açmışdı. Həzrət Babın nəzərində “vav” hərfi ilahi dinin yeni mərhələsinin başlanmasının dəlili idi. Həzrət Bəhaullah da “Kitabi-Əqdəs”də “vav” hərfinə işarə etmiş və onun barəsində “təzimin sirri rəisin rəmzindədir” deyə izahat vermişdir.

Həzrət Bab həmin təfsirin müqəddiməsində yazdığı münacatı da o gecə məclis iştirakçıları üçün oxudu. Hamı mübarək münacatın və O Həzrətin incə səsinin cazibəsinə düşdü. O dərəcədə heyran qaldılar ki, ixtiyarsız olaraq ayağa qalxıb Həzrət Babın əbasının ətəyini öpdülər! Məşhur müctəhid Molla Məhəmməd Tağı Herati Onu tərifləməyə başlayıb dedi: “Bu kəlmələr misilsiz və bənzərsizdir. Allahın hökmü və Tanrının ilhamı olmadan heç kəs az bir müddətdə Quranın dörddə birinə, yaxud üçdə birinə bərabər olan bu ayələri belə aydın və bəlağətli bir dillə yaza bilməz. Bu, ən böyük bir möcüzədir. Ayın parçalanması və çınqılların dil açması bu möcüzə ilə müqayisə edilə bilməz”.

Həzrət Babın şöhrəti günbəgün artırdı. İsfahan ətrafından insanlar dəstə-dəstə Həzrət Babı görməyə gəlir, imamcümənin evinə axışırdılar. Qəribə mənzərə idi: biri maraq xatirinə gəlirdi,biri gəlirdi ki, mürəkkəb məsələlər və dini mətləblər barəsində sual versin, kimisi də Həzrət Babdan dərdinə əlac və şəfa diləyirdi.

Mötəmidüd-dövlə özü də bir gün imamçümənin evinə Həzrət Babın hüzuruna gəldi. Həmən məclisdə İsfahanın əksər üləmaları iştirak edirdi. Mənuçehr xan üləmalardan peyğəmbərliyin isbatına dair dəlillər gətirmələrini xahiş etdi. Onların heç biri qənaətbəxş cavab verə bilmədi.Belə olduqda Mənuçehr xan Həzrət Babdan xahiş etdi ki, bu barədə öz sözünü desin. Həzrət Bab soruşdu: “Siz yazılı cavab istəyirsiniz, yoxsa şifahi?” Mənuçehr xan dedi: “Yazılı cavab daha yaxşıdır, çünki onu yaymaq mümkündür, hamı ondan istifadə edə bilər və gələcək nəsillər də ondan lazımınca faydalanmaq imkanına malik olarlar”. Həzrət Bab qələmi götürüb dayanmadan iki saat ərzində əlli səhifədən artıq mətn yazdı və islamın doğruluğunu əsaslandırdı. Onun yazdığı mətləblər o qədər aydın və təsirli idi ki, dərhal yaddaşlara həkk olunurdu. Mətnin sonunda O, vəd olunmuş Qaimin zühuruna və Hüseynin qayıdışına da işarə etmişdi. Həzrət Bab yazdığı cavabı oxuyan zaman bütün iştirakçılar Onun məqamının böyüklüyünə və söylədiyi ayələrin əzəmətinə heyran qalmışdı, hamı səssiz-səmirsiz Onu dinləyirdi. Heç kəsin o ayələri nəinki rədd etməyə, heç etirazını da bildirməyə qüdrəti çatmadı.

Mötəmidüd-dövlə eşitdiyi ayələrdən o qədər təsirləndi və o dərəcədə şad oldu ki, hamının eşidə biləcəyi uca səslə dedi: “Mən indiyə qədər islam dininə qəlbən etiqad bəsləmirdim, islamın doğruluğuna aydın və qəti inamım yox idi. Bu Gəncin sözləri məni qəlbən islamın düzgünlüyünə inandırdı. Allaha şükür ki, mən bu nemətə layiq görüldüm. Bu Gəncdə müşahidə etdiyim qüdrət və qüvvət, eləcə də təsirli ifadə tərzi bəşərin imkanı xaricindədir. Bu, Hər adamın işi deyil, təhsil və oxumaq yolu ilə heç kəs bu məqama yüksələ bilməz. Mən buna əminəm”. Həmin sözlərdən sonra hamı ayağa qalxıb getdi və məclis sona yetdi.

Həzrət Babın günbəgün artan şöhrəti və çoxalan hörməti İsfahan alimlərində paxıllıq doğurmağa başladı. Onlar görürdülər ki, dərs oxumamış, təhsil almamış və İsfahana təzəcə gəlmiş bir Gəncin məqamı onlarınkından qat-qat yüksəkdir. Və başa düşürdülər ki, əgər işlər bu minvalla getsə və bunun qarşısı alınmasa, onların aqibəti yaxşı olmayacaq. Odur ki, çarə axtarmağa başladılar. Üləma içərisində bir neçə ağıllı şəxs Həzrət Baba qarşı açıq mübarizə və düşmənçiliyi məsləhət bilmədilər və düşündülər ki, bu, Onun şöhrətini daha da artırar, yəni əks nəticə verə bilər. Digər tərəfdən bəd xislətli və fitnəkar adamlar Həzrət Babın iddiası barədə cürbəcür iftiralar və böhtanlar yaymağa başladılar. Bu söhbətlər tədricən Tehrana çatdı və üləmalar şahın baş vəziri Hacı Mirzə Ağasıya bu barədə xəbər verdilər.

Mirzə Ağası qorxdu ki, birdən bu sözlər Məhəmməd şaha çatar, o da məsələni araşdırmaq üçün Həzrət Babı Tehrana çağırar və Həzrət Babın təsirinə düşər, bu isə onun vəzirlikdən getməsi ilə nəticələnə bilər. Odur ki, çıxış yolu axtarmağa başladı. O ən çox bundan qorxurdu ki, birdən Mötəmidüd-dövlə məclis qurub üləmanı dəvət edər, Seyyid Bab onlarla müzakirə aparar, sonra da Məhəmməd şahın hörmət bəslədiyi Mötəmidüd-dövlə Seyyid Babı şaha təqdim edər və Həzrət Bab şahın diqqətinə layiq görülər. Bu fikirlər Mirzə Ağasını hədsiz dərəcədə xoflandırdı. O həm də ehtiyat edirdi ki, Mötəmidüd-dövlənin köməyi ilə Həzrət Babın yeni Əmri güclənib şaha və rəiyyətə təsir göstərə bilər, çünki Məhəmməd şahın həssas qəlbi vardı, Həzrət Babın Əmri də olduqca əzəmətli və cazibəli idi. Bunun nəticəsində isə vəzirlik Mirzə Ağasının əlindən çıxa bilərdi və o, şahın gözündən düşə bilərdi. Bütün bu düşüncələrdən sonra Mirzə Ağası bu qərara gəldi ki, imamcüməyə məktub yazıb onu islam dininin mənafelərini qorumağa sövq etsin, həm də indiyədək yol verdiyi səhlənkarlığa görə onu danlayıb məzəmmət etsin. O belə də etdi. Həmin məktubda Mirzə Ağası yazmışdı: “Biz gözləyirdik ki, siz tam cəsarətlə hökumətin və rəiyyətin mənafelərinə zidd olan işlərin əleyhinə çıxacaq və bu cür məsələlərin qarşısını alacaqsınız. Amma eşitdiyimizə görə, siz Seyyid Baba ehtiram göstərib Onu insanların gözündə qaldırmaqla məşğulsunuz. Onu tərifləyir, fikirlərini və əsərlərini təqdir edirsiniz”. Mirzə Ağası İsfahanın digər üləmalarına, hətta o vaxta qədər heç nüfuzu olmayan şəxslərə də bu cür məktublar göndərib onları Həzrət Babın əleyhinə çıxmağa təhrik etdi. Onun məktubu imamcüməyə çatdıqdan sonra öz təsirini göstərdi. İmamcümə Həzrət Baba olan ehtiramını azaltmadısa da, öz qohumlarına və yaxın adamlarına göstəriş verdi ki, Həzrət Babın görüşünə gələn insanların sayını hər vasitə ilə məhdudlaşdırsınlar. Bir tərəfdən də Hacı Kəlbasinin oğlu Səfiyyətülüləma Ağa Məhəmməd Mehdi minbərdən Həzrət Babın ünvanına pis sözlər və böhtanlar yağdırmağa başladı. O, bu yolla Mirzə Ağasının yanında hörmət qazanmaq və müəyyən bir mənsəbə yetişmək istəyirdi.

Mötəmidüd-dövlə bu məsələlərdən agah olan kimi imamcüməyə xəbər göndərdi ki, Həzrət Babla birlikdə onun evinə gəlsin. Eyni zamanda mərhum Hacı Seyyid Məhəmməd Bağır Rəştinin oğlu Hacı Seyyid Əsədullahı, Hacı Məhəmməd Cəfər Abadeini, Ağa Məhəmməd Mehdini, Mirzə Həsən Nurini və başqalarını da dəvət etdi ki, gəlib Həzrət Babla müzakirə aparsınlar. Hacı Seyyid Əsədullah bu dəvəti qəbul etmədi və digərlərini də bundan çəkindirməyə çalışaraq, onlara belə bir xəbər göndərdi: “Mən bu dəvəti qəbul etməmişəm, sizdən də xahiş edirəm ki, bu dəvəti qəbul etməyin və Seyyid Babla qarşıqarşıya gəlməyin, çünki O, öz dəvətini açıq-aşkar izhar edəcək və öz iddiasını isbat etmək üçün ayələrdən yapışacaq, qısa bir müddətdə Quranın yarısı qədər ayə yazıb sizə deyəcək: “Mənim dəlilim budur. “Əgər siz doğru deyirsinizsə, dəlilinizi gətirin” (Bəqərə surəsi, 111-ci ayə). Aydındır ki, bizim heç birimiz Onun etdiyini edə bilməyəcəyik. O zaman ya Onun dəvətini qəbul etməli, ya da acizliyimizi və gücsüzlüyümüzü boynumuza alıb bütün hörmətimizi, şöhrətimizi, mənsəb və məqamımızı itirməliyik. Bunların hər ikisi bizim ziyanımıza olar və bizə xeyir gətirməz”.

Hacı Məhəmməd Cəfər Abadei onun nəsihətinə qulaq asdı və Mötəmidüdin dəvətini qəbul etmədi. Qalanları, o cümlədən Ağa Məhəmməd Mehdi və Mirzə Həsən Nuri Seyyid Əsədullahın sözlərinə əhəmiyyət verməyib təyin olunmuş vaxtda Mötəmidüd-dövlənin evinə getdilər.

Əflatun fəlsəfəsinin tərəfdarlarından olan Mirzə Həsən Nuri Molla Sədranın “Kitabiərşiyyə” adlı əsərindəki bir neçə mümkün məsələ barədə Mübarək Hüzura sual verdi. Həmin məsələləri yalnız fəlsəfədə xüsusi hazırlığı olan şəxslər anlaya bilərdilər. Həzrət Bab mövcud istilahlardan istifadə etmədən aydın və asan ifadələrlə həmin çətin suallara cavab verdi. Mirzə Həsən başa düşdü ki, bu Gəncin bilikləri Əflatun və Ərəstu fəlsəfəsindəki biliklərdən daha çox və daha mühümdür, ümumiyyətlə, onların arasında çox böyük fərq var.

Növbə Ağa Məhəmməd Mehdiyə çatanda o, Həzrət Baba fiqhə dair bəzi məsələlər barədə sual verdi. Aldığı cavablara qane olmayıb qalmaqal törətmək istədi və hayqışqırıq salmağa çalışdı. Mötəmidüd-dövlə onun məqsədini anlayıb sözünü kəsdi və nökərlərindən birinə əmr etdi ki, çıraq götürüb Ağa Məhəmməd Mehdini öz evinə qədər ötürsün. Sonra Mötəmidüd imamcüməyə dedi: “Mən qorxuram ki, Həzrət Babın düşmənləri ona xətər yetirələr. Məhəmməd şah da əmr edib ki, Həzrət Babı Tehrana göndərim və mən şahın Əmrinə əməl etməyə məcburam. Yaxşı olar ki, səfər üçün lazım olan hazırlıq başa çatana qədər Həzrət Bab mənim evimdə qalsın”. İmamçümə Mötəmidüd-dövlənin fikri ilə razılaşdı və Həzrət Babı onun evində qoyub tək-tənha öz evinə qayıtdı. Həzrət Bab düz qırx gün imamcümənin evində qalmışdı.

O vaxtlar Molla Məhəmməd Tağı Herati Həzrət Babın icazəsi ilə onun “Fürui-ədliyyə” adlı risaləsini ərəbcədən fars dilinə tərcümə edirdi. Lakin o, işini axıra çatdırmadı, çünki birdən onu güclü xof bürüdü və iman əhlinin sırasını tərk etdi.

Həzrət Bab Mötəmidüd-dövlənin evinə köçməzdən öncə Mirzə Məhəmmədəli Nəhrinin böyük qardaşı, Sultanüşşühədanın və Məhbubüşşühədanın atası Mirzə İbrahim bir axşam Onu öz evinə qonaq çağırmışdı. Mirzə İbrahim imamcümənin səmimi dostlarından biri idi və onun bütün işlərini yerinə yetirirdi. Həmin axşam o, şəhərin əyalarından da qat-qat yaxşı bir məclis düzəltmiş, ləziz xörəklər hazırlatmışdı. Sultanüş-şühəda və Məhbubüş-şühəda məclis əhlinə xidmət göstərirdilər. O zaman onların yaşı ondan və on birdən artıq deyildi. Həzrət Bab onlara xüsusi inayətlə yanaşırdı. Yemək süfrəsi açılandan sonra Mirzə İbrahim Həzrət Baba dedi: “Mənim qardaşım Mirzə Məhəmmədəlinin övladı olmur, xahiş edirəm, bir inayət göstərəsiniz ki, o öz arzusuna çatsın”. Həzrət Bab öz əli ilə boşqaba bir qədər yemək töküb Mirzə İbrahimə verdi və buyurdu: “Bunu Mirzə Məhəmmədəliyə verin, qoyun öz zövcəsi ilə birlikdə bu yeməyi yesin, Tanrı onları istəklərinə çatdıracaq”. Çox keçmədi ki, Mirzə Məhəmmədəlinin bir qızı dünyaya gəldi. Sonralar həmin qız Həzrət Əbdül-Bəhanın xanımı oldu.

Xülasə, üləmalar Həzrət Babın şöhrətinin günbəgün artdığını görüb Onun qətlinə fitva verdilər. Hacı Seyyid Əsədullahdan və Hacı Məhəmməd Cəfər Abadeidən başqa bütün üləmalar bu fitvaya imza atdılar. Sonra fitva yazılmış kağızı imamcüməyə göndərdilər. İmamcümə qətl barədə fitva vermədi, amma vəzifəsini və nüfuzunu itirməkdən, İsfahan alimlərinin onunla düşmənçilik edəcəyindən qorxub aşağıdakı məzmunda bir fitva yazdı: “Mən bu Gənclə, yəni Həzrət Babla ünsiyyətdə olduğum müddətdə Onda küfrünə dəlalət edən və qətlinə əsas verən bir hərəkət görməmişəm. Lakin o, bir tərəfdən Böyük Məqama iddia etdiyi, digər tərəfdən isə dünyanın işlərinə əhəmiyyət vermədiyi və zahiri mənsəbə can atmadığı üçün bu qənaətə gəlmişəm ki, O, dəli və divanədir. Mən Onun qətlinə fitva vermirəm, lakin Onun divanəliyini təsdiq edirəm”.

Üləmalar tərəfindən belə bir fitva verilməsi xəbəri Mənuçehr xana çatanda o, bərk qəzəbləndi və tədbir görmək qərarına gəldi. Beş yüz süvari ayırdı ki, günəş qürub edən vaxt Həzrət Babla birlikdə İsfahandan çıxıb Tehrana doğru hərəkət etsinlər. Eyni zamanda süvarilərin başçısına tapşırdı ki, hər bir fərsəngi keçdikdən sonra yüz nəfər süvarini İsfahana qaytarsın. Sonuncu yüz nəfərin etibarlı şəxs saydığı başçısına isə gizlicə göstəriş verdi ki, hər mərhələni keçdikdən sonra özünün yüz nəfərindən iyirmisini geri göndərsin, sonuncu iyirmi nəfər qalanda isə onlardan inandığı on nəfəri seçib yanında saxlasın, qalanlarını verkiləri toplamaq üçün Ərdistana göndərsin. Daha sonra yanında saxladığı on etibarlı adamla birlikdə gizli yollarla heç kəsin diqqətini cəlb etmədən Həzrət Babı qaytarıb İsfahana gətirsin, özü də elə etsin ki, səhər açılana qədər şəhərə çata bilsinlər.

Mötəmidüd-dövlənin bütün göstərişləri lazımınca yerinə yetirildi. Mötəmidüd-dövlə Xurşid sarayında Həzrət Bab üçün xüsusi otaq ayırdı və özü şəxsən Həzrət Babın qulluğunda durdu. Camaat Həzrət Babın İsfahanda olduğunu bilmirdi. Hamı elə bilirdi ki, Seyyid Babı Tehrana aparıblar. Hərə bir söz deyirdi və hamı bu səfərin nəticəsini gözləyirdi ki, görsünlər şah Seyyid Baba hansı cəzanı kəsəcək. Həzrət Babın İsfahandakı tərəfdarları da əsl həqiqətdən xəbərsiz idilər və elə düşünürdülər ki, Həzrət Bab Tehrandadır. Onlar hamılıqla qəmqüssə içərisində idilər. Mötəmidüd-dövlə onların bu halından xəbər tutub Həzrət Baba dedi: “Xahiş edirəm, əshabələri sakitləşdirmək üçün onların gizlicə hüzurunuza gəlməsinə icazə verəsiniz”. Həzrət Bab Nimavərd mədrəsəsində olan Molla Əbdül-Kərim Qəzviniyə bir neçə sətirlik məktub yazıb Mötəmidüd-dövləyə verdi. Mötəmidüd-dövlə etibarlı bir şəxs vasitəsilə məktubu ünvanına göndərdi. Bir saatdan sonra Molla Əbdül-Kərim Mübarək Hüzura yetişdi və onun gəlişindən Mötəmidüd-dövlədən başqa heç kəsin xəbəri olmadı. Həzrət Bab özünün xeyli yazısını Molla Əbdül-Kərimə verdi ki, Seyyid Hüseyn Yəzdi və Şeyx Həsən Zünuzi ilə birlikdə onların üzünü köçürsün. Molla Əbdül-Kərim möminlərin yanına qayıtdı və Həzrət Babın salamat olması xəbərini onlara çatdırdı. İsfahandakı əshabələr içərisində yalnız bu üç şəxsə, yəni Molla Əbdül-Kərimə, Seyyid Hüseyn Yəzdiyə və Şeyx Həsən Zünuziyə Mübarək Hüzura gəlmək icazəsi verilmişdi, qalanlarına belə bir icazə verilməmişdi.

Bir gün Mötəmidüd-dövlə Həzrət Babın qaldığı evin bağında Mübarək Hüzurda olarkən, dedi: “Tanrı mənə çoxlu sərvət bəxş edib, bilmirəm onu hara xərcləyim. Düşünürəm ki, əgər icazə versəniz, öz var-dövlətimi sizin Əmrinizin qələbəsinə həsr edərəm. Bunun üçün sizin izninizlə Tehrana gedib bu mübarək Əmri Məhəmməd şaha təbliğ edərəm. Məhəmməd şahın mənə böyük etimadı var, əminəm ki, o, iman gətirəcək və Əmrin dünyanın hər yerinə yayılmasına çalışacaq. Eyni zamanda onu vadar edərəm ki, fitnəkar və məmləkəti dağıdan bir şəxs olan Mirzə Ağasını vəzifədən çıxarsın. Sonra şahın bacılarından birini sizin üçün alaram və toy xərcini də özüm çəkərəm. Bunun ardınca isə dünyanın bütün hökmdarlarını bu mübarək Əmrə və müqəddəs təlimə dəvət edərəm, hamını inandırmağa çalışaram və islamı biabır edən alçaq və çirkin niyyətli şəxsləri ruzkarın səhifəsindən silib yox edərəm”. Həzrət Bab buyurdu: “Yaxşı niyyət etmisən. Və möminin niyyəti əməlindən üstün olduğu üçün Tanrı bu gözəl niyyətinin müqabilində sənə böyük mükafat verəcək. Lakin bu dünyada mənim və sənin çox ömrümüz qalmayıb və biz sənin dediyin işlərin nəticəsini öz gözlərimizlə görə bilmərik. Tanrı öz Əmrinin bərqərar olması üçün sənin söylədiyin yolları və vasitələri nəzərdə tutmayıb. O istəmir ki, bu Əmri hökmdarların və sultanların köməyi ilə ucaltsın. Tanrının iradəsi belədir ki, Onun Əmri yoxsulların və kimsəsizlərin vasitəsilə, şəhidlərin qanı bahasına yüksəlməlidir. Arxayın ol, Tanrı axirətdə sənin başına əbədi iftixar tacı qoyacaq və sənin üzərinə saysız-hesabsız bərəkət yağdıracaq. Sənin ömrünün bitməsinə üç ay doqquz gündən artıq vaxt qalmayıb”. Mötəmidüd-dövlə çox sevinib Tanrının iradəsi ilə razılaşdı və özünü bu dünyadan əbədi aləmə köçməyə hazırlamağa başladı. Yarımçıq işlərini bitirib vəsiyyətnaməsini yazdı. Vəsiyyətnamədə özünün bütün var-dövlətini Həzrət Baba bağışladı və müəyyən olunmuş vaxtda dünyasını dəyişdi. Amma vəfatından sonra əmisi oğlu Qorkin xan onun vəsiyyətinə əhəmiyyət vermədi və Mötəmidüdinin var-dövlətini öz əlinə keçirdi.

Mötəmidüd-dövlə özünün vəfat xəbərini eşidən gündən daim Mübarək Hüzurda olur, hər an öz imanını artırırdı. Bir gün o, Həzrət Baba dedi: “Həyatımın sonunun yaxınlaşması məni sevindirir, o qədər şadam ki, söyləməkdə acizəm. Amma bir tərəfdən də kədərlənir və qəmgin oluram, çünki mənim vəfatımdan sonra qaniçən bir adam olan Qorkin xan sizin burada olmağınızdan xəbər tutacaq və sizə əziyyət verməyə çalışacaq. Bu, məni çox narahat edir”. Həzrət Bab buyurdu: “Qorxma, mən öz işlərimi Tanrının ixtiyarına buraxmışam və Onun iradəsi ilə razılaşıram. Tanrı mənə elə bir qüdrət bəxş edib ki, əgər istəsəm, bütün bu daşları dünyada mislibərabəri olmayan cəvahirata çevirərəm; əgər istəsəm, qaniçən düşmənlərimi özümə elə vurğun edərəm ki, sədaqət və səmimiyyətlə mənə xidmət göstərərlər. Lakin mən öz istəyimlə bu bəla və müsibətlərə düçar olmuşam ki, ilahi qəzavüqədər həyata keçsin”.

Xülasə, Mötəmidüd-dövlə daim Həzrət Baba olan məhəbbət və sədaqətini artırırdı, dünya malı ona əhəmiyyətsiz və dəyərsiz görünürdü. O, ilahi Əmrin əzəmətinə nə qədər dərindən bələd olurdusa, Həzrət Babın cəlal və camalını müşahidə etmək sayəsində Əmrin mahiyyətini nə qədər çox anlayırdısa, bir o qədər dünyanın çahcəlalına ikrahı artır, əbədi aləmə meyli güclənirdi. Bu minvalla o bir gecə özündə yüngül qızdırma hiss etdi və son dərəcə rahat bir halda o biri dünyaya köçdü.

Mötəmidüdin həyatının son günlərində Həzrət Bab Seyyid Hüseyn Yəzdini və Molla Əbdül-Kərimi də bu məsələdən agah edib demişdi: “Digər möminlərə də xəbər verin ki, tezliklə Mötəmidüd vəfat edəcək, qoy onlar Kaşana, Quma və Tehrana gedib ətrafa səpələnsilər və İlahi Təqdirin zühurunu gözləsinlər”. Mötəmidüdin vəfatından sonra Qorkin xan Həzrət Babın Xurşid sarayında olmasından xəbər tutdu, eyni zamanda Mötəmidüdin vəsiyyətnamə sindən və digər işlərdən hali oldu. Dərhal Məhəmməd şaha məktub yazıb bir şəxsi Tehrana göndərdi ki, məktubu şaha çatdırsın. Məktubun məzmunu belə idi: “Dörd ay ərzində bütün İsfahan camaatı elə bilirdi ki, Mənuçehr xan Həzrət Babı Tehrana göndərib. Çünki o belə elan etmişdi ki, böyük hökmdar Seyyid Babın Tehrana göndərilməsi barədə əmr verib. İndi Mənuçehr xan vəfat etdikdən sonra məlum olub ki, o, Seyyid Babı Tehrana göndərməyib və Onu heç kəsin xəbəri olmadan özünün Xurşid sarayında gizlədərək hər cür qayğı göstərib. Mən bu məsələdən xəbər tutan kimi vəziyyəti şah sarayına ərz etməyi lazım bildim ki, şah necə göstəriş verərsə, o cür də hərəkət edim”.

Məhəmməd şah Mötəmidüd-dövləyə son dərəcə böyük etimad bəsləyirdi. O, Qorkin xanın məktubunu oxuyan kimi anladı ki, Mötəmidüd-dövlənin məqsədi münasib fürsət ələ düşən zaman Həzrət Babı şahla görüşdürmək olub, amma əcəl imkan verməyib və o, bu məqsədini həyata keçirməyə müvəffəq olmayıb. Buna görə də Qorkin xana fərman göndərib əmr etdi ki, ƏliAllahi firqəsinə mənsub olan Məhəmməd bəy Çaparçının başçılıq etdiyi bir neçə süvarinin müşayiəti ilə Seyyid Babı Tehrana göndərsin; özü də bunu heç kimə deməsin və süvarilərə tapşırsın ki, Həzrət Babın hörmətini gözləsinlər və onunla son dərəcə ehtiramla davransınlar. Qorkin xan fərmanı alan kimi Mübarək Hüzura getdi və şahın fərmanını Həzrət Baba təqdim etdi. Eyni zamanda Məhəmməd bəy Çaparçını çağırıb vəzifəsini ona bildirdi və dedi: “Çalış ki, heç kəs Həzrət Babı tanımasın. Hətta səninlə gedən süvarilər də bilməməlidir ki, bu Şəxs kimdir. Əgər soruşan olsa, de ki, bu Şəxs tacirdir, şah Onu Tehrana çağırıb, bundan artıq bir şey bilmirəm”. Gecə yarısı Həzrət Bab şahın Əmrinə əsasən dövlət məmurları ilə birlikdə İsfahandan Tehrana doğru yola düşdü.

bottom of page