Müəllifin Müqəddiməsi

BU KİTABI YAZARKƏN, mənim məqsədim bu olub ki, Əmrin tarixinə giriş olaraq, iki əzəmətli şəxsiyyətin, yəni Şeyx Əhməd və Seyyid Kazım Rəştinin yaşadıqları dövrdə baş verən hadisələri qələmə alım və bu iki böyük nurun həyatı barədə əldə etdiyim rəvayətləri nəql edim. Sonra isə 60-cı ildən, yəni Həzrət Babın dəvətinin elan edildiyi ildən indiyə (hicri 1305-ci ilə) qədər baş vermiş ən mühüm hadisələri ilbəil təsvir edim. Allahın mərhəməti və yardımı sayəsində bu məqsədimi həyata keçirməyə müvəffəq oldum.

Mən bəzi tarixi hadisələri müfəssəl şəkildə yazmış, bəzilərini isə müxtəsər surətdə qələmə almışam. Hər bir halda öz gözümlə gördüyüm hadisələri və eləcə də etibarlı şəxslərdən eşitdiklərimi hər birinin adını və yerini qeyd etməklə təsvir etmişəm. Hadisələri təsvir etməkdə mənə yardımçı olmuş şəxslərə, xüsusən Həzrət Babın vəhy katibi Mirzə Əhməd Qəzviniyə, Seyyid İsmayıl Zəbihə, ŞeyxHəsən Zünuziyə və Şeyx Əbu Turab Qəzviniyə bu köməklərinə görə minnətdaram. Məqamına görə bu şəxslərdən üstün olan Həzrət Bəhaullahın qardaşı cənab Mirzə Musa Kəlimə göstərdiyi yardım müqabilində ayrıca olaraq təşəkkür etməyi özümə borc bilirəm.

Allaha şükr edirəm ki, bu kitabı yazmağı mənim öhdəmə qoydu və onu elə bir mükafata layiq bilib şərəfləndirdi ki, Həzrət Bəhaullah şəxsən özü bu kitaba inayət göstərdi və diqqət yetirdi. Vəhy katibi Mirzə Aqacan Mübarək Hüzurda bu kitabı oxudu və O, Müqəddəs Vücudun razılığını və təsdiqini qazanaraq iftixara yetişdi.

Allahdan diləyim budur ki, Öz yardımı və hidayəti ilə bu mühüm məqsədin həyata keçirilməsində məni səhvdən və xətadan qorusun və bu işi axıra çatdırmağıma imkan yaratsın.

Məhəmməd Zərəndi, Akka-Fələstin

Hicri 1305-ci (1887/88-ci) il

Cənab Nəbil Zərəndinin Tərcümeyi-Halı

MÜHACİRƏT ETMİŞ YAXIN şəxslərdən biri də şərəfli cənab Nəbildir. Bu möhtərəm şəxs ömrünün baharında və gənclik çağlarında qohum-əqrəbasını Zərənddə qoyub Tanrının köməyi və inayəti ilə hidayət bayrağını ucaltdı. O, aşiqlərin başçısına və Haqqı axtaranların rəhbərinə çevrilərək İraqi-Əcəmdən İraqi-Ərəbə yollandı. Amma öz istədiyini tapa bilmədi, çünki Həzrət Məqsud (Bəhaullah) Kürdüstandakı Sərkəlu mağarasında idi və tək-tənha o xəlvət yerdə öz Camalına eşq bəsləyirdi. Nə munisi, nə dostu, nə yoldaşı, nə də həmdəmi vardı. Ondan heç bir xəbər yox idi və İraq torpağı üfüqləri nurlandıran günəşin fərağından yandırıcı bir zülmətə bürünmüşdü.

Cənab Nəbil yanan odun söndüyünü, dostların azadlığını, Yəhyanın məxfilik quyusunda yataraq hər şeyə biganə olduğunu, ruhsuzların üstünlük qazandığını görüb hödsiz kədör və bəla içərisində Kərbölaya ketməyə məcbur oldu. Əzəli Camal Kürdüstandan Darüs-salama (Bağdada) qayıdana qədər orada yaşadı. Bu qayıdış İraqdakı dostlara yeni ruh, hədsiz şövq və sevinc bəxş etdi. O cümlədən, şərəfli Nəbil də onun hüzuruna tələsib bolluca fayda götürdü. Bir müddət sevinc və şadlıq içərisində yaşayıb Rəbbinin mədhində qəsidələr yazdı. Onun çağlayan ilhamı və bəlaqətli dili vardı. Büsbütün yanğı, şövq, eşq və fərəh içərisində idi.

Bir müddətdən sonra o, Kərbəlaya qayıtdı, oradan geri döndükdən sonra isə Bağdaddan İrana getdi. Seyyid Məhəmmədlə ünsiyyəti sayəsində ağır imtahanlar və sınaqlarla üzləşdi, amma ulduzlar kimi mövhumat şeytanlarına daşlar atdı, parlaq şimşək kimi ehtiras əhlinə üstün gəldi. Yenidən Bağdada qayıdıb Mübarək Ağacın kölgəsində rahatlıq tapdı. Sonra müəyyən bir tapşırıqla Bağdaddan Kirmanşaha göndərildi və yenidən geri döndü. Hər səfərində müəyyən bir xidmət göstərməyə müvəffəq oldu. O vaxta qədər ki, Mübarək Məiyyət Darüs-salamdan Mədinətül-islama, yəni İslambula (İstambula) doğru hərəkət etdi. Əzəli Camal yola düşdükdən sonra şərəfli Nəbil dərviş libası geyinib piyada uzun məsafə qət etdi və yolda Müqəddəs Məiyyətə qoşuldu. İstambulda ona İrana qayıtmaq tapşırığı verildi ki, İranda Allah Əmrini təbliğ etməklə məşğul olsun, şəhərləri və kəndləri gəzib dostları baş vermiş hadisələrdən xəbərdar etsin. Bu xidməti yerinə yetirmişdi ki, 80-ci ildə “ələst” təbilinin sədası ucaldı və o, “bəli, bəli!” deyərək, “ləbbeyk, ləbbeyk!” söyləyərək sirr torpağına tələsdi. Görüş şərəfinə nail olub vəfa şərabını içdikdən sonra qəti əmrə əsasən müxtəlif vilayətlərə yollandı ki, hər yerdə Həzrət Qəyyum Rəbbin zühurunun sorağını yaysın və Həqiqət Günəşinin doğmasının müjdəsini versin.

Həqiqətən də, o, yanar bir od, çırpınan bir eşq atəşi idi. Hədsiz cazibə ilə diyarları dolaşır və Böyük Müjdə ilə könüllərə tükənməz sevinc bəxş edirdi. O hər bir məclisin şamı, hər bir məhfilin yaraşığı idi. Əlinə məhəbbət camını alıb insanları məst edir, təbil vasitəsilə yolları kəsirdi. Nəhayət, o gəlib Böyük Məhbəsə yetişdi.

Bu, son dərəcə çətin bir dövr idi. Qapılar bağlanmış, yollar kəsilmişdi. O, libasını dəyişib Akka darvazasına yaxınlaşdı. Seyyid Məhəmməd və uğursuz dost dərhal hökumətə məlumat verdilər ki, bu şəxs buralı deyil, iranlıdır və məhz Mübarək Camaldan xəbər tutmaqdan ötrü bu diyara gəlib. Dərhal onu Akkadan xaric etdilər. O, son dərəcə ümidsiz bir halda Səfəd qəsəbəsinə yollandı. Axırda Hayfaya gəldi və Kərmel dağındakı bir mağarada məskən salıb dostdan-yaddan uzaqlaşdı, gecə-gündüz nalə çəkib münacat oxumaqla məşğul oldu.

Bir müddət o ətrafda guşənişin olub qapının açılmasını gözlədi. Ciddi həbs müddəti başa çatdıqdan və dünyanın Məzlumu hədsiz qüdrət nümayiş etdirdikdən sonra qapılar açıldı. Cənab Nəbil açıq ürəklə hüzura tələsdi və şam kimi Allaha məhəbbət odu ilə yanıb əriməyə başladı. O, gecə-gündüz iki dünyanın Məhbubunun və onun dərgahına mənsub olanların mədhində qəzəllər, qəsidələr, müxəmməs və müsəddəslər qoşdu və çox zaman hüzurda olmaq şərəfinə layiq görüldü. O vaxta qədər ki, Həzrət Bəhaullah dünyasını dəyişdi. Bu böyük müsibət və ağır fəlakət onu elə sarsıtdı ki, daim ağlayıb-sızladı, fəryadı və fəğanı göylərə ucaldı. O, bu böyük müsibəti həmən il baş vermiş fəlakətlərlə əlaqələndirərək bu nəticəyə gəldi ki, Həzrət Məqsud baş verən hadisələr barədə qabaqcadan xəbərdarlıq etmişdir.

Xülasə, şərəfli Nəbil bu hicran və itkidən elə yanıb-yaxıldı, elə ağladı ki, hamı mat və heyran qaldı. O, yana-yana şerlər qoşdu və canını fəda etməyə başladı. Onun dözümü qalmadı, səbri və qərarı əldən getdi. Eşq atəşi şölələndiyi üçün onun səbr etmək taqəti tükəndi. O, aşiqlərin başçısına çevrildi və heç bir qorxu hiss etmədən dənizə baş vurdu. Canını fəda etməzdən öncə vəfatının tarixini də yazdı və “ğəriq” kəlməsi ilə bunu ifadə etdi [Ğəriq sözünün mənası “qərq olmuş” deməkdir və əbcəd hesabı ilə hicri-qəməri 1310-cu (miladi 1892/93-cü) ili göstərir]. Beləcə o, canını Canana qurban verərək, hicrandan və ümidsizlikdən xilas oldu.

Bu möhtərəm şəxs bilikli bir alimidi, fəsahətli və bəlağətli nitqi vardı. İstedadı güclü ilhama və gözəl təbə malik olmasında, su kimi axıçı şerlər yazmasında özünü göstərirdi. Xüsusən “Bəha” adlı parlaq qəsidəsini son dərəcə təsirli bir şəkildə qələmə almışdır. O, gənclik yaşlarından ixtiyar çağlarına qədər bütün ömrünü Həzrət Rəhmana itaət və xidmətdə keçirdi. Çoxlu məşəqqətlər gördü, əzab-əziyyətə düçar oldu. O, Pak Ağızdan nadir kəlmələr eşitdi, nur səltənətinin təzahürünü gördü və öz arzularının ən yüksək həddinə yetişdi. Axırda üfüqləri nurlandıran günəşin fərağından taqəti tükəndi. Özünü dənizə atıb fədakarlıq dəryasında qərq oldu və Ulu Rəfiqinə qovuşdu. Ona bol-bol salam, qəni-qəni rəhmət olsun, Aləmlərin Rəbbinin səltənətində böyük nemətə və sonsuz mərhəmətə layiq görülsün!

“Təzkirətül-vəfa”dan

© 2016 - Dan Yerinin Şəfəqləri,

Azərbaycan Bəhailəri Milli Ruhani Məhfilinin Qərarı İlə Nəşr Olunmuşdur