top of page

Üçüncü Fəsil

Həzrət Babın Zühuru

SEYYİD KAZIM RƏŞTİNİN əleyhdarları və düşmənləri o Həzrətin vəfatından sonra sanki cana gəldilər və cidd-cəhdlə rəhbərliyi ələ keçirmək üçün çalışmağa başladılar, çünki mənsəb ehtirası ilə alışıb-yanırdılar. Nə qədər ki, Seyyid sağ idi, heç kəs mənsəb düşgünü olan bu şəxslərə əhəmiyyət vermirdi, amma onun vəfatından sonra onlar cürətə gəlib Seyyidin əshabələri arasında təfriqə salmağa başladılar. Müəyyən məqamlara iddia edən bu şəxslər əvvəllər itirdikləri mövqeləri geri qaytarmağa səy göstərirdilər.

Seyyidin şagirdləri isə böyük ustadın vəfatından sonra qəm və kədər içində idilər. Çox keçmədi ki, Molla Hüseyn Buşruyei mərhum Seyyidin göstərişi ilə yollandığı İsfahan və Xorasan səfərindən geri döndü. O, hicri 1260-cı il məhərrəm ayının 1-də (22 yanvar 1844-cü ildə) Kərbəlaya varid oldu. Seyyidin pərişan olmuş şagirdləri onun başına toplaşdılar, onların ümidsizliyi ümidlə əvəz olundu, sanki itirdikləri məhbubun ətrini ondan aldılar. Cənab Molla Hüseyn mərhum Seyyidin yaşadığı evin qonşuluğunda bir ev tutdu və üç gün müddətində öz ustadına yas saxladı. Onun görüşünə çoxlu adamlar gəlib dərdinə şərik olur və başsağlığı verirdilər, çünki onu mərhum Seyyidin ən böyük şagirdi hesab edirdilər.

Matəm müddəti başa çatdıqdan sonra cənab Molla Hüseyn mərhum Seyyidin sədaqətli şagirdlərindən bir neçəsini yanına çağırıb soruşdu: “Bizim böyük ustadımız ömrünün axırında nə vəsiyyət edib, onun son nəsihətləri nədən ibarət olub?” Onlar cavab verdilər: “Bizim böyük ustadımız son dərəcə təkidlə və dönə-dönə deyirdi ki, onun vəfatından sonra biz ev-eşiyimizi tərk edib müxtəlif şəhərlərə səpələnək və vəd olunmuş Həzrəti axtarmaqla məşğul olaq, heç bir işi bundan üstün tutmayaq. Qəlbimizi lazımsız istəklərdən təmizləyək və dünyəvi məqsədlərə çatmaq arzusundan uzaq olaq. Buyururdu ki, gözlənilən Şəxsin zühuru yaxınlaşıb, özünüzü buna hazırlayın. Hətta deyirdi ki, vəd olunmuş Həzrət indi sizin içərinizdədir, siz onu açıq-aşkar görürsünüz, lakin sizinlə O qüdrətli Şəxs arasında maneələr mövcuddur, həmin maneələri aradan qaldırmağa çalışın və bilin ki, niyyətinizi saf etməsəniz, dua və münacat oxumasanız, mətinlik nümayiş etdirməsəniz, məqsədinizə çatmayacaqsınız. Necə ki, Allah-Təala Quranda buyurur: “Bizim uğrumuzda çalışanları öz yollarımıza qovuşduraçağıq” (Ənkəbut surəsi, 69-cu ayə)”.

Molla Hüseyn mərhum Seyyidin şagirdlərinin dediklərini dinləyib onlara söylədi: “Böyük ustaddan bu cür təkidli sözlər eşitdiyiniz halda, bəs nə üçün indiyədək Kərbəlada qalmısınız və vəd olunmuş Həzrəti axtarmağa başlamamısınız?!” Onlar dedilər: “Biz hamımız müqəssirik və öz təqsirimizi boynumuza alırıq. Biz səni böyük rütbə və ali məqam sahibi bilirik. Nə buyursan, ona itaət edərik. Hətta özünü gözlənilən Həzrət kimi təqdim etsən, dərhal sənin bu iddianı qəbul etməyə hazırıq. Bir sözlə, sən nə desən, onunla razıyıq və tamamilə sənə tabeyik». Molla Hüseyn qəzəblə qışqırıb dedi: “Biz hamımız O Həzrətin qapısının quluyuq, Allah eləməsin ki, mən bu cür iddiaya düşüm. Əgər siz böyük ustadın buyurduqlarının mahiyyətini anlasaydınız, belə sözləri dilinizə gətirməzdiniz. İndi bizim başlıca vəzifəmiz odur ki, mərhum Seyyidin vəsiyyətlərini həyata keçirək, onun buyurduqlarını sözdə və əməldə yerinə yetirək”. Hamı bununla razılaşdı.

Cənab Molla Hüseyn bundan sonra Seyyid Kazımın məşhur şagirdlərindən olan Mirzə Həsən Gövhər və Mirzə Mühit Kirmaninin görüşünə getdi, böyük ustadın vəsiyyət və göstərişlərini onlara xatırladıb dedi: “Qalxın, vəd olunmuş Şəxsi axtarmaq üçün ətraf şəhərlərə gedək”. Bu iki nəfərin hərəsi cürbəcür səbəblər uydurdu və müxtəlif bəhanələrə əl atdı. Biri dedi: “Biz necə gedə bilərik? Düşmənlərimiz çoxdur, onlar olduqca güclü və qüdrətlidir, əgər biz çıxıb getsək, onlara fürsət vermiş olarıq. Biz gərək bu şəhərdə qalaq və mərhum ustadımızın məqamını qoruyaq”. Digəri isə söylədi: “Mən bu şəhərdə qalıb mərhum Seyyidin tərəfdarlarını müdafiə etməliyəm”. Molla Hüseyn onların məqsədini anladı və başa düşdü ki, öyüd-nəsihət onlara təsir göstərən deyil. Çarəsiz qalıb onları öz xam xəyalları ilə birgə qoydu və istədiyini axtarmağa yollandı.

Vəd olunmuş Şəxsin 60-cı illərdə zuhur edəcəyi Həzrət peyğəmbərdən və pak imamlardan - onların hamısına salam olsun!—nəql olunan hədislərdə qeyd edilmişdir. Həzrət Sadiq-əleyhissalam Qaimin nə zaman zühur edəcəyi barədə ona verilmiş sualın cavabında buyurmuşdur: “60-cı illərdə Onun fəaliyyəti üzə çıxacaq və adı tez-tez xatırlanacaq”. Muhyiddin İbn Ərəbi öz kitab və risalələrində vəd olunmuş Qaimin adına və Onun zuhur edəcəyinə dair bir sıra işarələr etmişdir. O cümlədən buyurmuşdur ki, Həzrət Mehdinin bir necə vəziri vardır ki, hamısı iranlıdır; Həzrət Mehdinin mubarək adı “nəbi” və “vəli”nin adından ibarətdir [Başqa sözlə peyğəmbərin və imamın, yəni Məhəmmədin və Əlinin], bir şərtlə ki, “vəli”nin adı “nəbi”nin adından əvvəl gəlir; Həzrət Mehdinin zühur edəcəyi il butun birrəqəmli ədədlərə bölunən ən kiçik ədədin yarısına bərabərdir. [Həmin ədəd 2520-dir ki, onun da yarısı 1260 eləyir, yəni Həzrət Mehdi 1260-cı ildə zühur edəcək.]

Mirzə Məhəmməd Əxbari bir sıra şerlərində Qaimin zuhur edəcəyi ildən bəhs etmişdir və onların məzmunu belədir ki, “ağac” [Orijinalda “qərs” (“ağac”, yaxud “ağac əkmək”). Bu söz əbcəd hesabı ilə 1260-cı ili göstərir] ilində yer üzü Qaimin nuru ilə işıqlanacaq, “ağac” ilində dunyanı onun əzəməti buruyəcək, əgər “ağac” ilinə qədər sağ qalsan, xalqların, hökmdarların, insaiların və dinin yeniləşməsini öz gözunlə görəcəksən.

Möminlərin əmiri Həzrət Əli ibn Əbi Talib-əleyhissalamın dilindən nəql olunan hədisdə buyurulur ki, “ağac” ilində ilahinin doğru yol göstərən ağacı dünyada əkiləcəkdir.

Xülasə, cənab Molla Hüseyn mərhum Seyyidin şagirdlərini böyük ustadın vəsiyyətlərini yerinə yetirməyə təşviq etdikdən sonra Kərbəladan Nəcəfə yollandı. Qardaşı Mirzə Məhəmməd Həsən və dayısı oğlu Mirzə Məhəmməd Bağır da onunla birlikdə idilər. Molla Hüseyn Xorasan səfəri zamanı vətəni Buşruye şəhərinə də baş çəkmişdi və bu iki nəfər o vaxt ona qoşulmuşdu. Onlar üçlükdə Kufə məscidinə gəldilər. Cənab Molla Hüseyn qırx gün ərzində Kufə məscidində bir guşəyə çəkilib ibadətlə məşğul oldu. O, gündüzlər oruc tutar, gecələr isə dua və münacat oxuyardı. Qardaşı da onunla bərabər oruc tutur və ibadət edirdi. Dayısı oğlu isə yemək və digər zəruri şeylərin tədarükü ilə məşğul olurdu, işlərini qurtarandan sonra isə o da ibadət edənlərə qoşulurdu.

Bir necə gün sonra mərhum Seyyidin məşhur şagirdlərindən olan Molla Əli Bəstami 12 nəfər yoldaşı ilə birlikdə Kufə məscidinə gəldi. Onların gəlişi ilə məsciddə hökm sürən sükut pozuldu, hər yanı onların hay-küyü bürüdü. Molla Əli Bəstami Şeyxin və Seyyidin təlimi barədə geniş məlumata malik idi və hətta bəziləri onu Molla Hüseyndən də üstün bilirdilər. Məscidə gələndən sonra o, Molla Hüseyni ibadətlə məşğul olan görüb ondan buraya gəlişinin səbəbini və məqsədini soruşmaq istədi, amma Molla Hüseyn daim ibadət etdiyi üçün Molla Əli münasib bir fürsət tapa bilmədi. Neçə dəfə ona yaxınlaşmaq istədisə də, heç cür alınmadı. Nəhayət, o da ibadətlə məşğul olmaq qərarına gəldi və yoldaşlarından 9 nəfər ilə birlikdə qırx günlüyə bir guşəyə çəkildi, qalan üç nəfər isə onları zəruri şeylərlə təmin etməyə başladılar. Molla Hüseynin qırx günlük guşənişinliyi başa çatdıqdan sonra o, qardaşı və dayısı oğlu ilə birlikdə Nəcəfə sarı qayıtdı. Gecə Kərbəladan keçib Nəcəfə çatdı və oranı ziyarət etdikdən sonra Buşəhrə doğru yollandı. Buşəhrdə o, gizli incə Varlığın ətrini duydu, çünki insanların sevimlisi bir müddət bu şəhərdə qalıb tiçarətlə məşğul olmuşdu. Vəd olunmuş Həzrətin ətirli nəfəsindən bu şəhərin havasına qarışmış müqəddəs rayihə sədaqətli aşiqin sinəsinə dolub onun könlünə təravət bəxş etdi. Amma o, Buşəhrdə çox qala bilmədi. O, daxilən hiss edirdi ki, hansısa gizli bir qüvvə onu şimala—Şiraza doğru çəkir. Və həmin sirli cazibəyə tabe olub Şiraza yollandı.

Şiraza çatanda o, qardaşı və dayısı oğlundan ayrılıb onlara dedi: “Siz Elxani məscidinə gedib orada gözləyin. Allah qoysa, axşam sizin yanınıza gələcəyəm”. Onlar getdilər. Cənab Molla Hüseyn bir neçə saat şəhərin kənarında dolaşdı. Birdən gördü ki, geniş alınlı, başına yaşıl əmmamə qoymuş bir gənc ona sarı gəlir. O, Molla Hüseynə yaxınlaşıb gülər üzlə salam verdi və dedi: “Allaha şükür ki, sağ-salamat gəlib çıxdınız”. Sonra da köhnə dostuna rast gəlmiş vəfalı və sədaqətli bir adam kimi hədsiz mehribanlıq və səmimiyyətlə Molla Hüseyn ilə görüşdü. Molla Hüseyn düşündü ki, yəqin bu, mərhum Seyyidin şagirdlərindən biridir; görünür, mənim Şiraza gəldiyimi eşidib və məni qarşılamağa çıxıb. 

 

Şəhidlik zirvəsinə ucalmış mərhum Mirzə Əhməd Qəzvini Molla Hüseynin Şiraza gəldiyi gün Həzrət Babla görüşmək şərəfinə nail olması barədə hekayəti onun öz dilindən eşitmişdi və həmin tarixi hadisəni müxtəsər şəkildə belə nəql etmişdi:

Molla Hüseyn danışırdı ki, Şirazın kənarında qarşıma çıxan cavan yolun yorğunluğunu çıxartmaq və bir qədər dincəlmək üçün məni sonsuz bir lütfkarlıqla öz evinə dəvət etdi. Mən xahiş etdim ki, dəvəti qəbul edə bilməyəcəyimə görə məni bağışlasın, çünki yoldaşlarım məni şəhərdə gözləyirlər. O dedi: “Onları Allaha tapşır. Allah özü onları hifz edər”. Sonra yenidən onun evinə getmək barədə təklifini təkrar etdi. Mən Onun mehriban davranışından və şirin danışığından mütəəssir olduğum üçün bu dəfə dəvəti rədd edə bilmədim. Onun səmimi rəftarı, gözəl nitqi, vüqarlı görünüşü məni heyran etmişdi. Bir qədər yol gedib onun evinə çatdıq. Ev son dərəcə zövqlə tikilmişdi. Gənc qapını döydü, bir həbəş qul qapını açdı. Gənc içəri keçib mənə müraciətlə dedi: “Sağ-salamat və əminliklə daxil olun” (hicr surəsi, 46-cı ayə). Onun əzəməti, böyüklüyü və qonaqpərvərliyi qəlbimin dərin guşələrinə təsir etdi. Onun söylədiyi Quran ayəsini ürəyimdəki arzuya çatmaq baxımından yaxşı əlamət sandım, çünki həmin ayəni mən evə girməyə hazırlaşdığım zaman demişdi. Bu, mənim Şirazda ayaq basdığım ilk ev idi. Bu şəhərin havası gəlişimin elə ilk anlarından məndə qəribə bir sevinc və fərəh doğurmuşdu. Bütün vücudumu bürümüş həmin sevinci sözlə təsvir etmək qeyri-mümkündür. Öz-özümə deyirdim: “Görəsən, mən bu şəhərdə öz məqsədimə çata biləcəyəmmi, görəsən, bu təsadüf məqsədimə nail olmaqda mənə kömək edəcəkmi və mənim intizarıma son qoyacaqmı?!”

Xülasə, evə daxil oldum. Ev sahibi qabaqda, mən də Onun ardınca bir otağa girdik. Otağa daxil olan kimi sevincim o qədər çoxaldı ki, bu barədə nə desəm, yenə azdır. Əyləşdik. Gənc buyurdu ki, aftafa-ləyən gətirsinlər, mən səfər tozunu əlimdən-ayağımdan yuyum. Mən əl-ayağımı başqa bir otaqda yumaq üçün icazə istədim, lakin o, razı olmadı və həmin otaqda öz mübarək əli ilə su tökdü, mən də əl-ayağımı yudum. Sonra mənim üçün bir qab şərbət gətirdilər. Daha sonra gənc buyurdu ki, samovar qoyub çay dəmləsinlər. Çay içdikdən sonra mən mürəxxəs olmaq üçün icazə istədim və bildirdim ki, axşama az qalıb, yoldaşlarım məni gözləyirlər. Onlara demişəm ki, axşam çağı Elxani məscidinə sizin yanınıza gələcəyəm. Gənc dedi: “Onlara söz verəndə, “Allah qoysa” demişdin. Amma məlum olur ki, Allahın iradəsi sənin getməyinə yönəlməyib. Buna görə də vədinə xilaf çıxdığın üçün narahat olma!» Onun əzəməti və qətiyyəti qarşısında bir söz deyə bilmədim. Qalxıb dəstəmaz aldım və namaz qılmağa başladım. O da mənim yanımda durub namaz qılırdı. Namaz vaxtı bu hadisə barədə düşünür, ürəyimdə Allaha üz tutub deyirdim: “İlahi, indiyə qədər vəd olunmuş Həzrəti tapmaqdan ötrü əlimdən gələni əsirgəməmişəm, lakin hələlik məqsədimə çatmamışam və o Həzrəti tapmamışam. Onun zühurunu Sən vəd etmisən və Sənin vədində xilaf ola bilməz!”

Bütün bunların baş verdiyi axşam hicri 1260-cı il cümadiül-əvvəl ayının 5-i (1844-cü il may ayının 23-ü) idi. Gecədən yarım saat keçmiş o möhtərəm gənc mənimlə söhbətə başladı və məndən soruşdu: “Cənab Seyyid Kazım Rəştidən sonra sizin rəhbəriniz kimdir?” Mən ərz etdim ki, mərhum Seyyid ömrünün sonunda bütün şagirdlərinə öz vətənlərini tərk edib vəd olunmuş Məhbubu axtarmağı tapşırmışdır. Mən də böyük ustadımın əmrini yerinə yetirmək üçün İrana gəlmişəm və hələ də vəd olunmuş Şəxsi axtarmaqla məşğulam. O, yenə sual verdi: “Sizin böyük ustadınız vəd olunmuş Həzrətin xüsusi keyfiyyətləri və üstünlükləri barədə sizə bir şey demişdir, yoxsa yox?” Mən dedim: “Bəli, o buyurub ki, vəd olunmuş Həzrət peyğəmbərin nəslindən və Fatimeyi-Zəhranın (ona salam olsun!) övladlarındandır. Zühur edəcəyi vaxt onun mübarək sinni 20 yaşdan az və 30 yaşdan çox olmayacaq. O, ilahi biliyə malikdir, orta boyludur, tənbəki çəkmir, heç bir fiziki qüsuru və xəstəliyi yoxdu”. Möhtərəm ev sahibi bir anlıq susdu, sonra olduqca qətiyyətli bir səslə buyurdu: “Bax gör, dediyin əlamətləri məndə görürsənmi?” Sonra bir-bir əlamətləri sadalayıb Öz şəxsiyyəti ilə tutuşdurdu. Mənim bütün vücudumu heyrət və qorxu bürüdü. Nəzakətlə dilləndim: “Vəd olunmuş Həzrət müqəddəs və pak bir varlıqdır, Onun məqamı hamıdan ucadır. O, fövqəladə qüdrətə və hər şeyə üstün gələn qüvvətə malikdir. Onun xüsusi əlamətləri çoxdur, o cümlədən, Onun elmi sonsuzdur. Mərhum Seyyid vəd olunmuş Şəxsin elmi barədə çox vaxt deyərdi ki, mənim bildiklərim O Həzrətin elmi ilə müqayisədə dəryadan bir damla kimidir. Bu elm Ona Allah tərəfindən bəxş edilib. Mənim bildiklərim onun ali idrakının və hərtərəfli elminin qarşısında torpağın bir zərrəsinə bənzər. Bu iki məqam arasında çoxlu fərqlər mövcuddur”.

Hələ sözlərimi tamamlamamışdım ki, özümdən asılı olmadan məni qorxu və xəcalət bürüdü. Özü də bunu heç cür gizlədə bilmədim. Dediklərimə peşman olub özümü danladım, danışıq tərzimi dəyişməyə və səsimin ötkəmliyini azaltmağa çalışdım. Ürəyimdə əhd etdim ki, əgər O möhtərəm İnsan yenidən həmin mövzunu ortaya atsa, tam itaətlə deyəcəyəm ki, əgər vəd olunmuş Həzrət sizsinizsə, dəvətinizi elan edin və məni vəd olunmuş Şəxsin hüzuruna yetişmək intizarından qurtarın, bu ağır yükü mənim çiyinlərimdən götürün. Əgər mənim intizarıma son qoysanız, hədsiz dərəcədə məmnun olaram.

Mən axtarış yoluna qədəm qoyub vəd olunmuş Şəxsi aramağa başlarkən, Qaimlik məqamına iddia edəcək şəxsin sözlərinin düzgünlüyünü müəyyənləşdirmək üçün iki məsələni meyar kimi qarşıya qoymuşdum. Bunlardan biri Həzrət Şeyxin və mərhum Seyyidin mürəkkəb fikirləri, obrazlı deyimləri və batini düşüncələrindən ibarət risalə idi. Qərara almışdım ki, kim bu rəmzləri və sirləri açacaqsa və bu müşgül məsələləri həll edəcəksə, ona itaət göstərib ixtiyarımı büsbütün onun əlinə tapşıracağam. İkincisi, “Yusif” surəsinin heç bir kitabda və heç bir əsərdə rast gəlinməyən tamamilə yeni bir tərzdə təfsiri idi. Kim bu işi görəcəkdisə, onun iddiasının düzgünlüyünü qəbul edəcəkdim. Əvvəllər mən mərhum Seyyiddən xahiş etmişdim ki, “Yusif” surəsinə bir təfsir yazsın. O isə cavabında buyurmuşdu: “Bu iş mənim öhdəmdə deyil. Məndən sonra vəd olunmuş Həzrət zühur edəcək və Onun məqamı mənimkindən qat-qat yüksək olacaq. O böyük İnsan zühur etdikdən sonra öz təbinin gücü və mütləq iradənin təsiri ilə kimsənin xahişi olmadan “Yusif” surəsinə bir təfsir yazacaq. Və bu, onun məqamının ucalığına, ləyaqətinin yüksəkliyinə və iddiasının düzgünlüyünə ən böyük dəlil olacaq”. Mən bu düşüncələrdə idim ki, möhtərəm ev sahibi dilləndi: “Yaxşıca diqqət edin, dediyiniz bütün keyfiyyətlər məndə vardır. Mənim mərhum Seyyidin haqqında söz açdığı vəd olunmuş şəxs olmağıma maneçilik törədən nədir? Sizcə, bu məsələdə nə kimi maneə var?!” Bu sözləri eşitdikdən sonra mənim nəzərdə tutduğum risaləni təqdim etməkdən başqa çarəm qalmadı. Həmin risaləni Onun qarşısına qoyub ərz etdim ki, xahiş edirəm, bu risalənin səhifələrinə nəzər salın və mənim acizliyimi bağışlayın. O, mənim təklifimi qəbul edib kitabı götürdü və bəzi səhifələrini gözdən keçirdi. Sonra kitabı bağlayıb mənə baxaraq, bir necə dəqiqə ərzində oradakı çətin məsələləri və rəmzləri şərh etdi. Bundan əlavə bir çox həqiqətləri və sirləri də söyləyib açıqlamalar verdi. Mən o vaxta qədər müqəddəs imamların heç bir hədisində, Şeyxin və Seyyidin heç bir əsərində həmin mətləblərə rast gəlməmişdim. Onun mübarək nitqi o qədər təsirli və ruhlandırıcı idi ki, bunu təsvir etmək mənim əlimdən gəlməz.

Sonra o, buyurdu “Əgər mənim qonağım olmasaydın, işin çox çətin olardı. Lakin Tanrı sənə öz mərhəmətini göstərdi. Tanrı öz bəndələrini imtahana çəkməlidir, bəndələr isə özlərinin quraşdırdıqları meyarlarla Tanrını sınaya bilməzlər. Məgər mən səni düşündürən çətin məsələləri şərh etməsəydim, bu, mənim elmimdə naqislik olduğuna dəlalət edəcəkdi?! Əsla! Mənim qəlbimdə parlayan və işıq saçan həqiqət heç vaxt acizliyə və gücsüzlüyə uğraya bilməz. Bu gün dünyanın şərqində və qərbində yaşayan bütün xalqlar və millətlər mənim uca dərgahıma üz tutmalı və mənim vasitəmlə ilahi feyzə nail olmalıdırlar. Bu işə şəkk-şübhə edən hər bir kəs açıq-aşkar ziyana düçar olacaqdır. Məgər bütün insanlar demirlərmi ki, xilqətin nəticəsi Haqqı dərk etməkdə, müvəffəqiyyətin açarı Tanrıya pərəstiş etməkdədir?! Elə isə hər bir kəs çalışmalı və sənin kimi axtarışa başlayıb səbat və mətinlik nümayiş etdirməlidir ki, vəd olunmuş Həzrəti tanıya bilsin”.

Bütün bunları deyib əlavə etdi ki, artıq “Yusif” surəsinin təfsirini yazmağın vaxtı çatıb. Sonra qələmi götürdü və ağlasığmaz bir sürətlə həmin mübarək təfsirin ilk surəsi olan “Mülk” surəsini yazdı. Ayələri yazdıqca O, həm də onları oxuyurdu və mübarək səsinin şirinliyi sözlərinin təsir gücünü daha da artırırdı. Surə başa çatana qədər O, bir an da olsun, dayanmadı. Mən də eləcə oturub qulaq asırdım. Onun könül oxşayan səsi və güclü nitqi məni əsir etmişdi. Nəhayət, mən ayağa qalxdım və məni bürümüş heyrət içərisində getməyə icazə istədim. O, incə bir təbəssümlə dedi: “Əyləşin, əgər indi buradan çıxsanız, sizi görən hər bir kəs deyər ki, bu cavan dəli olub”. Artıq gecədən iki saat on bir dəqiqə keçmişdi. Həmin gecə Novruzun altmış beşinçi gecəsi, yəni Əjdəha ili xordad ayının altıncı, yaxud hicri 1260-cı ilin cümadiül-əvvəl ayının beşinci gecəsi idi. O, buyurdu ki, gələcəkdə bu gecə və bu saat böyük bayramlardan biri sayılacaq. Allaha şükr et ki, arzuna çatdın və yetkin şərabdan içdin. Bu nemətə layiq görülənlərin xoş halına! Gecədən üç saat keçmiş O, əmr etdi ki, şam yeməyi hazırlasınlar. Həbəş qul onun mübarək əmrini yerinə yetirdi və elə ləziz bir yemək gətirdi ki, mənim həm cismimə, həm də ruhuma qida verdi. Mənə elə gəldi ki, behişt yeməklərindən yeyirəm və “Mən saleh bəndələrim üçün gözün görmədiyi, qulağın eşitmədiyi və insan qəlbinə təhlükə törətməyən şeylər hazırlamışam” hədisində deyilənləri aydın və aşkar şəkildə müşahidə edirəm. Həbəş qul, görünür, O möhtərəm İnsanın tərbiyəsi və təsirindən bol-bol faydalanmışdı və mənim nəzərimdə uca məqama malik idi. Amma ev sahibinin davranışındakı mehribanlıq və lütfkarlıq özünəməxsus və bənzərsiz idi, bu cür nəciblik və fəziləti başqa birisindən əxz etmək qeyri-mümkündür. Təkcə bu cəhət onun əzəmət və qüdrətini təsdiq etmək üçün kifayət idi və başqa bir dəlilə ehtiyac qalmırdı.

Mən mehriban ev sahibinin danışığının sehrinə düşmüşdüm, bilmirdim ki, günün hansı vaxtıdır və saat necədir, dünyadan xəbərsiz idim, hər şeyi unutmuşdum. Birdən sübh azanının səsini eşitdim. Həmin gecə mən O Mübarək Hüzurda Allahın Quranda behişt əhli üçün müəyyənləşdirdiyi bütün ilahi nemətləri əyani şəkildə hiss etdim. Və “orada bizə nə bir yorğunluq üz verəcək, nə də bir əziyyət toxunacaqdır” (Fatir surəsi, 35-ci ayə) sözləri öz təsdiqini tapdı, “onlar cənnətdə nə boş söz, nə də gunaha bais olan bir şey eşidəcəklər; eşitdikləri söz ancaq “salam” və yenə də “salam” olacaqdır” (Vaqiə surəsi, 25-26-cı ayələr) kəlamının sirri aşkar oldu, “orada onların duası “İlahi, sən pak və muqəddəssən!” demək, salamlaşmağı “salam!” sözu, dualarının sonu isə “Həmd olsun aləmlərin Rəbbi Allaha!” söyləməkdir” (Yunus surəsi, 10-cu ayə) hökmünün mənası üzə çıxdı.

O gecə mənim gözümə yuxu getmədi. Mən “Qəyyumül-əsma”nı, yəni “Yusif” surəsinin təfsirini yazdığı məqamda O Həzrətin ruhu təzələyən səsinin musiqisinə, qəlbə təravət bəxş edən sədasının qalxıb-enməsinə diqqətlə qulaq asırdım və Onun oxuduqlarından ləzzət alırdım. O, münacat zamanı könül oxşayan bir ahənglə hər bir neçə cümlədən sonra aşağıdakı Quran ayələrini təkrar edirdi: “Sənin Rəbbin pak və müqəddəsdir, yenilməz qüdrət sahibidir, cahillərin Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır. Peyğəmbərlərə salam olsun! Aləmlərin Rəbbi olan Allaha da həmd olsun!” (Saffat surəsi, 180-182-ci ayələr).

 

Sonra O, buyurdu: “Siz mənə iman gətirmiş ilk şəxssiniz. Mən—Babullaham (“Allahın qapısı”), siz isə Babülbab (“qapının qapısı”). Mənə 18 nəfər iman gətirəcək, o mənada ki, onların imanı öz şəxsi axtarışlarının nəticəsi olacaq, yəni onlar, kimsə mənim adımı və kimliyimi onlara demədən məni tanıyacaqlar. O zaman onlardan birini seçəcəyəm ki, Məkkə səfərində mənə yoldaşlıq eləsin. Məkkədə ilahi əmri Məkkə şərifinə (hakiminə) bildirəcəyəm. Oradan Kufəyə gedəcəyəm. Kufə məscidində ilahi əmri aşkar edəcəyəm. Siz bu gecə baş verənləri öz yoldaşlarınızdan və digər şəxslərdən gizli saxlamalısınız, heç kimə heç nə deməməlisiniz. Elxani məscidində qalıb tədrislə məşğul olun. Sizin mənimlə münasibətiniz elə olmalıdır ki, gizli sirrin açılmasına şərait yaratmasın. Mən Məkkəyə yollanmayınca, məni heç kəsə təqdim etməyin. Mən ilk iman gətirmiş şəxslərin hər birinin vəzifəsini müəyyənləşdirəcəyəm və Allah kəlamını təbliğ etməyin yolunu onlara göstərəcəyəm”. Bütün bunları dedikdən sonra O, getməyimə icazə verdi və məni qapının ağzına qədər ötürdü.

O gecə qəflətən mənə əyan olmuş ilahi Əmrin həqiqəti ildırım kimi bir müddət mənim vücudumu sarsıtdı. Gözlərim onun işığından qamaşırdı, onun fövqəladə gücü bütün varlığıma hakim kəsilmişdi. Həyəcan və sevinc, qorxu və heyrət qəlbimi bürümüşdü. Eyni zamanda özümdə təsvirə gəlməyən bir yüngüllük və qüvvə hiss edirdim. İlahi Əmri dərk etməzdən öncə o qədər zəif və gücsüz idim ki, deyiləsi deyil. Bir şey yaza bilmirdim, yol yeriyə bilmirdim, əlim-ayağım həmişə əsir və titrəyirdi. Amma İlahi Əmrin Məzhərini tanıdıqdan sonra mənim vücudumda cahilliyin yerini ilahi bilik, zəifliyin yerini qəribə bir güc və qüvvət tutdu. Mənə elə gəlirdi ki, fövqəladə bir gücə malikəm, əgər bütün dünya, bütün insanlar mənə qarşı çıxsa, təkbaşına hamıya qələbə çala bilərəm. Dünyadakı bütün şeylər mənim gözümdə bir ovuc torpağa dönmüşdü, sanki mənim vücudumda təcəssüm tapmış Cəbrailin səsini eşidirdim və O, insanlara deyirdi: “Ey insanlar, ayılın, çünki işıqlı sabah açılıb! Qalxın, Zühurun feyzindən və İlahi Əmrin bərəkətindən faydalanın! Allahın mərhəmət qapısı açıqdır. Ey insanlar, hamınız bu qapıdan içəri daxil olun! Sizin gözlədiyiniz Şəxs zühur edib. Budur, O, gözünüzün qarşısındadır və sizi vüsal süfrəsinə dəvət edir”.

Xülasə, o mübarək evdən çıxıb yoldaşlarımın yanına getdim. Şeyxin və Seyyidin şagirdlərindən bir çoxu mənim görüşümə gəlirdilər. Mən tədrislə məşğul olmağa başladım. Hamı mənim nitqimə və sözlərimə heyrət edirdi, amma mənbəyini və qaynağını kimsə bilmirdi. Bəzi gecələr həbəş qul mənim yanıma gəlir və məni O işıqlı hüzura aparırdı. Mən hər gün günəşin batmasını gözləyirdim ki, O Mübarək Hüzura qovuşmaq şərəfinə nail olum. Bir gecə O, mənə dedi: “Sabah dostlardan on üç nəfər gələcək. Dua elə ki, onlar da tükdən nazik və qılıncdan iti olan bu körpüdən keçə bilsinlər”.

Səhər günəş çıxanda Həzrət Babın evini tərk edib Elxani məscidinə qayıtdım. Elə həmin vaxt Molla Əli Bəstaminin on iki nəfərlə birlikdə məscidə daxil olduğunu gördüm. Dərhal onların rahatlanıb yerbəyer olmaları üçün lazımi tədbirləri həyata keçirdim. Bir neçə gün ötdü. Bir gecə Molla Əli mənə dedi: “Sən yaxşı bilirsən ki, biz sənə necə inanırıq. Biz səni o qədər düzgün və doğruçu adam sayırıq ki, əgər özünün vəd olunmuş Qaim olduğunu iddia etsəydin, dərhal sənin iddianı qəbul edərdik. Biz ev-eşiyimizi buraxıb vəd olunmuş Qaimi axtarmaqla məşğuluq. Sən bu mühüm işə başlamış ilk şəxssən, mən və dostlarım da sənin ardınca getmişik və qərara almışıq ki, məqsədimizə çatmayınca, axtarışdan əl çəkməyək. Yeri gəlmişkən, biz bura sənin dalınca gəlmişik və sən kimi qəbul etsən, biz də onu qəbul etməyə hazırıq. Amma bu nə məsələdir ki, sən burada belə rahat oturmusan və axtarışdan əl çəkib dərs deməklə məşğul olursan? Xahiş edirəm, məsələnin mahiyyətini aç, bizi şübhə və tərəddüddən qurtar!”

Molla Hüseyn Molla Əlinin cavabında dedi: “Belə görünür ki, sizin dostlarınız mənim rahatlıq və sevincimi bu şəhərdə qazandığım şöhrət və nüfuz ilə əlaqələndirirlər. Amma belə deyil, çünki dünyada heç bir şey heç vaxt Hüseyn Buşruyeiyə Öz Məhbubunu unutdura bilməz. Mən sevimli Həzrəti axtarmağa başladığım ilk saatdan əhd etmişəm ki, canımı Onun yolunda fəda qılım, Onun eşqi yolunda qanımı axıdım. Elə o saatdan da özümü bəlaya salıb müsibətlər dəryasında qərq etmişəm. Mənim heç vaxt dünya nemətlərində və ötəri sərvətlərdə gözüm olmayıb. Mən böyük Məhbubumun rizasından başqa bir şey istəmirəm. Onun yolunda qanım tökülməyincə, mənim qəlbimdə Ona olan məhəbbətin odu heç vaxt sönməyəcək və siz, inşaallah, o Günü görəcəksiniz. Allaha şükür ki, O, öz fəzli və kərəmi sayəsində öz mərhəmətinin qapılarını Molla Hüseynin üzünə açmışdır. Mən O Həzrətin göstərişinə əsasən bu şəhərdə tədrislə məşğul oluram ki, bu yolla onun buyurduğu kimi, həmin həqiqətin üstü açılmasın”.

Molla Hüseynin dediklərindən Molla Əli yəqin etdi ki, o, axtardığı xəzinəni tapıb. Gözləri yaşarmış halda Molla Hüseyndən işin nə yerdə olduğunu soruşdu. Molla Hüseyn dedi: “Mən bu xüsusda bir şey söyləyə bilmərəm. Ümidinizi Tanrının mərhəmətinə bağlayın, qoy O özü sənə və yoldaşlarına doğru yol göstərsin və sizə rahatlıq bəxş etsin”. Molla Əli öz dostlarının yanına tələsdi, Molla Hüseynlə olan söhbətini onlara danışdı. Bu xəbərdən onların könülləri alovlandı, dərhal hərəsi bir guşəyə çəkilib dua və münacat oxumağa başladılar.

Üçüncü gecə Molla Əli Bəstami yuxuda gördü ki, gözünün qarşısında bir nur peyda oldu, həmin nurun arxasınca getdi və onun köməkliyi ilə sevimli Həzrətin hüzuruna yetişdi. Molla Əli bu yuxunu görərkən gecə yarı olmuşdu. Buna baxmayaraq, yerindən qalxdı, qəribə bir sevinclə otağının qapısını açıb bayıra çıxdı və Molla Hüseynin hücrəsinə gedib özünü onun qucağına atdı. Molla Hüseyn onu qucaqlayıb dedi: “Bizi bura gətirib çıxaran Allaha həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz özumuz bura yol tapa bilməzdik” (Əraf surəsi, 43-cu ayə). Həmin gün günəş çıxanda Molla Hüseynlə Molla Əli Həzrət Babın evinə yollandılar. Gördülər ki, Həzrət Babın qara qulu qapının ağzında dayanıb onları gözləyir. Qul onlara dedi: “Günəş çıxmazdan qabaq ağam məni çağırıb əmr etdi ki, qapını açım və iki əziz qonaq gələnə qədər qapının ağzında gözləyim. Həmçinin tapşırdı ki, onun adından sizə “xoş gəldin” deyim və söyləyim: “Allahın salamı ilə daxil olun!” Beləcə, Molla Əli Mübarək Hüzura yetişmək şərəfinə nail oldu. Onunla Molla Huseyn arasında fərq bundan ibarət idi ki, Molla Hüseyn dəlil tələb etdikdən sonra iman gətirmişdi, o isə qəlbi imanla dolu bir halda mübarək Hüzura qovuşmuşdu. Qalanların da hərəsi bir yolla insanların sevimlisini tanımışdı: biri yuxuda mübarək Hüzura yetişmişdi, digəri namaz vaxtı həqiqəti anlamışdı, üçüncüsü ilahi ilham sayəsində sevimli Həzrətdən xəbər tutmuşdu. Beləcə Molla Hüseyn də daxil olmaqla 17 nəfər hürufi-həyy [(tək halda “Hərfi-həyy”)—Həzrət Baba iman gətirmiş ilk 18 nəfərə verilən addır. Mənası “Həmişəyaşarın (yəni Tanrının) hərfləri” deməkdir.] bir yerə toplaşdı və hamısının adları Tanrının Lövhi-məhfuzuna yazıldı. Sonra 18-ci də onlara qoşuldu və onlar Allah kəlamını yaymaq tapşırığı aldılar.

Bir gecə Həzrət Bab buyurdu ki, 17 nəfər iman gətirib, qalıb bir nəfər, o da sabah gəlib çıxacaq. Ertəsi gün axşam çağı Babülbab öz mənzilinə gedərkən, bir gənc ona yaxınlaşdı. Görünüşündən məlum olurdu ki, indicə hardansa gəlib. O, Molla Hüseyni qucaqlayıb ondan insanların Sevimlisini soruşdu. Molla Hüseyn aldığı əmrə uyğun olaraq, cavab vermədi və gənci dincəlmək üçün öz evinə dəvət etdi, sonra da buyurdu ki, səbr edin, mən sizə istiqamət verəcəyəm. Gənc Molla Hüseynin dəvətini qəbul etmədi və Həzrət Baba işarə edərək, Molla Hüseynə dedi: “Nə üçün məni Həqiqətdən uzaqlaşdırmağa çalışırsan? Axı dünyanın nə şərqində, nə də qərbində O böyük İnsandan savayı ilahi Əmrin Məzhəri yoxdur!” Molla Hüseyn bu əhvalatı Mübarək Hüzura ərz etdi. Həzrət Bab buyurdu: “Təəccüblənmə, mən ruh aləmində onunla danışmışdım və onu gözləyirdim. Get, onu mənim yanıma gətir!” Beləliklə, o gənc də hürufi-həyyə qoşuldu. Onun adı Molla Məhəmmədəli Barfüruşi, ləqəbi isə Qüddus idi. İman və irfan kəsb etmiş bir halda Şirazda Mübarək Hüzura qovuşduğu zaman onun 22 yaşı vardı. Həzrət Qüddus ana tərəfdən Həzrət İmam Həsən Müctəbanın(ə) nəslindən idi, Barfüruşda doğulmuşdu. Seyyid Kazımın həyatının son illərində onun dərslərində iştirak etmişdi. Özü də dərslərə hamıdan sonra gələr, hamıdan aşağıda əyləşər və hamıdan tez gedərdi. Seyyid dərs vaxtı çox zaman şagirdlərinə deyərdi: “Sizin aranızda elə şəxslər var ki, sakit və dinməz halda arxa sırada otururlar. Amma onlar Tanrıya o qədər yaxındırlar ki, mən onların xidmətçisi sayılmağı arzu edərdim”. Seyyid bunları deyərkən, Həzrət Qüddusu nəzərdə tutmuşdu. Həzrət Qüddus mübarək Əmrin yolunda böyük xidmətləri və misilsiz fədakarlığı ilə aşağıdakı hədisin təsdiqinə çevrilmişdi: “Kim məni axtarırsa, tapır; kim mənə doğru bir qarış gəlirsə, mən ona sarı bir arşın gəlirəm: kim məni sevirsə, mən də onu sevirəm; sevdiyimi öldürürəm və öldürdüyümün qan bahası mənim boynumadır”.

Həzrət Baba gəldikdə isə, onun mübarək adı Seyyid Əli Məhəmməddir. O, hicri 1235-ci il məhərrəm ayının 1-də (1819-cu il oktyabrın 20-də) Şiraz şəhərində anadan olmuşdu. Onun ailəsi Rəsulullahın (s) nəslindən idi və Öz əsl-nəcabəti ilə məşhur idi. Həzrət Babın doğum tarixi Həzrət Əmir-əleyhissalamdan nəql olunan bir hədisə uyğundur. Həmin hədisdə buyurulur: “Mən öz Rəbbimdən iki yaş kiçiyəm”. Onun təvəllüdündən 25 il 4 ay 4 gün keçmişdi ki, O, öz dəvətini elan etdi.

Həzrət Bab hələ uşaq ikən, atası vəfat etmişdi. Deyildiyi kimi, Rəsulullahın (s) nəslindən olan atasının adı Seyyid Məhəmməd Rza idi. Həzrət Babın atası öz möminliyi, nəcibliyi, fəziləti və ləyaqəti ilə bütün Fars vilayətində tanınırdı və hamı ona hörmət bəsləyirdi. Həzrət Babın anası da xeyirxahlığı və alicənablığı sayəsində hamının ehtiramını qazanmışdı.

Atasının vəfatından sonra Həzrət Bab öz möhtərəm dayısı Hacı Mirzə Seyyid Əlinin himayəsində böyümüşdü (Sonralar həmin möhtərəm dayı Allah Əmrinin yolunda şəhid olmuşdu). Dayısı Həzrət Babı dərs oxumaq üçün Şeyx Abidin yanına aparmışdı. Həzrət Babın dərs oxumağa meyli olmasa da, dayısının istəyini yerinə yetirmək üçün Şeyx Abidin məktəbinə getməyə başlamışdı. Şeyx Abid mömin və möhtərəm bir şəxs idi, özü də Şeyx Əhmədin və Seyyid Kazım Rəştinin şagirdlərindən sayılırdı.

Şeyx Abid danışırmış ki, bir gün mən Həzrət Baba dedim: “Quranın ilk cümləsini, yəni “bismillah ərrəhman ərrəhimi” oxu”. O, cavab verdi ki, mən bu cümlənin mənasını bilməyincə, onu oxumayacağam. Mən özümü elə göstərdim ki, guya həmin cümlənin mənasını bilmirəm. Belə olduqda Həzrət Bab buyurdu: “Mən onun mənasını bilirəm, əgər icazə versəniz, deyərəm”. Sonra O, danışmağa başladı. Elə qəribə danışırdı ki, bütün vücudumu heyrət bürüdü. O, “Allah”, “rəhman” və “rəhim” sözlərini izah edərkən, elə mətləblər söylədi ki, mən o vaxtadək bilmirdim və heç kəsdən də eşitməmişdim. İndiyə qədər O Həzrətin şirin danışığı mənim qulaqlarımdan getməyib. Xülasə, çarəsiz qalıb Onu dayısının yanına apardım və çalışdım ki, uşaqdan daha ciddi şəkildə muğayat olmağın vacibliyini dayısına çatdırım. Əvvəlcə dayısına dedim: “Mən özümü Bu uşağa dərs deməyə layiq bilmirəm”. Dayısı tək idi, yanında heç kəs yox idi. Sözümə davam etdim: “Mən bu uşağı gətirmişəm ki, Onu sizə tapşırım. Bu uşaq başqalarına bənzəmir. Mən Onda elə bir qüvvə görürəm ki, həmin qüvvə Sahib əz-zamandan başqa heç kəsdə ola bilməz. Buna görə siz Ondan bərk-bərk muğayat olmalısınız. Qoyun o, evdə qalsın, çünki Onun doğrudan da müəllimə ehtiyacı yoxdur”. Amma dayısı təkid etdi ki, O, məktəbə qayıdıb dərsini oxusun. O, məzəmmətedici bir ahənglə Həzrət Baba dedi: “Məgər mən sənə tapşırmamışdım ki, özünü başqa uşağlar kimi apar və müəllimin dediklərinə qulaq as?!” Dayısının xətrinə dəyməmək üçün Həzrət Bab məktəbə qayıtdı. O Həzrət son dərəcə güclü ruha malik idi. Getdikcə Onda ilahi elm və hikmət, bəşər idrakının hüdudlarından kənar biliklər özünü göstərməyə başladı.

Nəhayət, dayısı məcbur olub Onu öz yanına götürdü ki, ticarətlə məşğul olsun. Ticarətlə məşğul olduğu dövrdə də Ondakı qeyri-adi keyfiyyətlər özünü büruzə verdi. Bir necə il sonra Həzrət Bab Mirzə Seyyid Həsənin və Mirzə Əbülqasimin bacısı ilə izdivaca girdi və həmin izdivacdan Əhməd adlı bir oğlan uşağı dünyaya gəldi. Bu uşaq Həzrət Babın öz dəvətini elan etməsinə bir il qalmış, yəni hicri 1259-cu (1843-cü) ildə vəfat etdi. Uşağın vəfatından sonra Həzrət Babın mübarək qələmindən aşağıdakı məzmunda bir münacat çıxmışdı: “İlahi, kaş sənin bu İbrahiminin min İsmayılı olaydı və hamısını Sənın məhəbbətinın yolunda qurban verəydi! Ey mənim məhbubum, ey könlümün istəyi, bəndən Əli Məhəmmədin sənin yolunda qurban etdiyi bu Əhmədə olan sevgisi heç bir zaman onun qəlbində sənə məhəbbətin odunu söndürə bilməz! Canım Sənin ayaqların altına atılmayınca, cismim Sənin yolunda torpağa dönməyincə, sinəm Səndən ötrü saysız güllələrə hədəf olmayınca, mənim iztirabım bitməyəcək, ürəyim rahatlıq tapmayacaq! Ey mənim Tanrım, ey mənim yeganə məqsədim, yeganə oğlumun qurbanlığını qəbul et, bunu mənim Sənin yolunda fəda olmağımın başlanğıcı və əlaməti bil! Öz mərhəmətin sayəsində mənim bu fədakarlığımı qəbul eylə! Arzum budur ki, mənim qanım sənin yolunda tökülsün və sənin Əmrinin toxumu mənim qanımla suvarılsın. Mənim qanıma elə bir təsir bəxş et ki, ilahi toxum tezliklə bəndələrin könüllərində cücərsin, böyüyüb boy atsın, güclü bir ağaca çevrilsin və bütün insanlar onun kölgəsinə toplaşsın! İlahi, mənim duamı müstəcəb eylə, məni arzuma çatdır, Sən qüdrətli və səxavətlisən!”

Həzrət Bab çox vaxt Buşəhrdə ticarətlə məşğul olurdu və havanın hərarətinin son dərəcə yüksək olmasına baxmayaraq, hər gün bir neçə saatlığa evin damına çıxıb orada namaz qılırdı. Günəş hər yeri yandırsa da, O, Həqiqi Məhbubuna qəlbən bağlı olduğundan havanın istiliyini sanki hiss etmir, namazına və münacatına ara vermirdi. Beləcə dünyada hər şeyi unudaraq, O, hər gün dan yeri ağarandan günəş çıxana qədər və günortadan axşamadək ibadətlə məşğul olurdu. O, daim üzünü Tehrana tərəf tutur, sonsuz fərəh və sevinc hissi ilə parlaq günəşi salamlayır və onu insanların könlünə işıq saçacaq Həqiqət Günəşinin doğacağının rəmzi kimi qarşılayırdı. Həzrət Bab səhərlər yenicə çıxmış günəşə üz tutur, aşiq öz könlünü məşuquna açdığı kimi, ürəyində günəşlə danışır və sanki bu yolla özünün Gizli Məhbubuna şövq və istəyini izhar edirdi. Onun günəşə baxmasının mənası bu idi, amma nadan və cahil insanlar elə düşünürdülər ki, O Həzrət günəşə pərəstiş edir. Əslində gözlə görünən günəşə diqqət yetirməsi Onun gözəgörünməz Məhbubun camalının günəşinə bağlılığının rəmzi idi.

Hacı Seyyid Cavad Kərbəlayi danışırdı ki, mən Hindistana gedərkən, Buşəhərdə oldum və Hacı Mirzə Seyyid Əli ilə köhnədən tanışlığım olduğu üçün onun görüşünə yollandım. Həzrət Babı da o vaxtlar gördüm. Onun simasından lütf və məhəbbət yağırdı. Mən O böyük insanın nurani çöhrəsini və ilahi əxlaqını heç bir sözlə təsvir edə bilmirəm. Bütün insanlar Onun şəxsiyyətinin paklığını, gözəl davranışını, sözdə və əməldə düzgünlüyünü, möminlik və gözütoxluğunu etiraf edirdilər. Bir nəfər Onun Mübarək Hüzuruna bir mal göndərmişdi ki, satıb pulunu ona çatdırsın. Malın qiymətini də özü təyin etmişdi. Bir müddət sonra Həzrət Bab həmin malın pulunu o adama göndərmişdi. Kişi baxıb görmüşdü ki, pulun miqdarı onun təyin etdiyi məbləğdən artıqdır. Buna görə də Həzrət Baba kiçik bir məktub yazıb soruşmuşdu ki, nə üçün müəyyən edilmiş qiymətdən artıq pul göndərmisiniz. O Həzrət cavabında buyurmuşdu: “Mən sənin malının qiymətindən artıq pul göndərməmişəm. Belə ki, sənin əmanətin bir müddət məndə qalıb və həmin vaxt onun qiyməti göndərdiyim məbləğə bərabər idi. Lakin mən o vaxt onu sata bilmədim, malın satışı yubandı. Amma rəva görmədim ki, sənə ziyan dəysin, ona görə də malın o vaxtkı qiymətinə uyğun məbləği sənə göndərdim”. Həmin şəxs pulun artığını geri qaytarmaq üçün nə qədər çalışmışdısa, Həzrət Bab razı olmamışdı.

Həzrət Bab rövzəxanlıq məclislərinə də gedər, şəhidlərin ağası Həzrət İmam Hüseyn-əleyhissalamın başına gələn müsibətlərə qulaq asar və göz yaşı axıdardı. Eyni zamanda O, astadan mübarək dodaqlarını tərpədərək münacat oxuyardı. Belə məqamlarda Onun mübarək vücudu necə də əzəmətli görünərdi, simasından necə də nuranilik yağardı!

Həzrəti-Əlaya ilk iman gətirmiş və “hürufi-həyy” [Həzrəti-Əla (“Ulu Həzrət”)—Həzrət Babın ləqəblərindən biridir] adlanan şəxslər aşağıdakılardır:

1. Molla Hüseyn Buşruye-ləqəbi: Babülbab. 2. Mirzə Məhəmməd Həsən-Babülbabın qardaşı. 3. Mirzə Məhəmməd Bağır-onun bacısı oğlu. 4. Molla Əli Bəstami. 5. Molla Xudabəxş Quçani-ləqəbi: Molla Əli. 6. Molla Həsən Becestani. 7. Seyyid Hüseyn Yəzdi. 8. Mirzə Məhəmməd Rövzəxan Yəzdi. 9. Səid Hindi. 10. Molla Mahmud Xoyi. 11. Molla Cəlil Urumi. 12. Molla Əhməd Abdal Marağai. 13. Molla Bağır Təbrizi. 14. Molla Yusif Ərdəbili. 15. Mirzə Hadi-Molla Əbdül-Vəhhab Qəzvninin oğlu. 16. Mirzə Məhəmmədəli Qəzvini. 17. Tahirə. 18. Qüddus Bunların hamısı, Həzrət Tahirə istisna olmaqla, Həzrət Babın hüzuruna yetişmək şərəfinə nail oldular. 

 

Həzrət Tahirə bacısının əri Mirzə Məhəmmədəli Qəzvininin səfərə hazırlaşdığını biləndə, ona bağlı bir məktub verdi və xahiş etdi ki, vəd olunmuş Həzrəti tapıb onunla görüşəndə məktubu Ona təqdim etsin. Həmçinin bu beyti də Tahirənin adından Onun mübarək Hüzuruna ərz etsin:

Üzünün nuru hər yana yayıldı,

çöhrənin şüaları ucaldı,

Nə üçün “Mən sizin Rəbbiniz deyiləmmi?”

deməyəsən?!

Söylə, bəli, bəli! [Burada Quranın Əraf surəsindəki 172-ci ayədən götürülmüş məşhur “Ələstu birəbbikum” (“Mən sizin Rəbbiniz deyiləmmi?”) ifadəsi işlənmişdir. Allahın bu sualına insanlar “Bəli!” deyə cavab vermişlər]

 

Mirzə Məhəmmədəli Həzrət Babın hüzuruna yetişib ona iman gətirdikdən sonra Həzrət Tahirənin məktubunu və sözlərini Ona çatdırdı. Həzrət Bab da onu hürufi-həyy sırasına daxil etdi. Həzrət Tahirənin atası Hacı Molla Saleh Qəzvini və əmisi Hacı Molla Tağı İranın ən böyük alimlərindən sayılırdılar. Onlar islami hədisələrə dərindən bələd idilər və hamı onlara böyük hörmət bəsləyirdi. Tahirənin əri Molla Məhəmməd onun əmisioğlu idi. Tahirənin əmisi Molla Tağı şiələr arasında “şəhidi salis” (“üçüncü şəhid”) kimi məşhurdur. Həzrət Tahirənin mənsub olduğu tayfanın üzvləri hamılıqla “balasəri” idilər. Yalnız Həzrət Tahirə cənab Seyyid Kazımın təliminə hədsiz maraq göstərir və o böyük insana sonsuz sevgi bəsləyirdi. Elə bu səbəbdən o, Şeyxin təliminin isbatına və həmin təlimi inkar edənlərin yanılmasına həsr olunmuş bir risalə yazmış və Seyyid Kazım Rəştinin hüzuruna göndərmişdi. Cənab Seyyid risaləni nəzərdən keçirdikdən sonra Həzrət Tahirəyə sevgi və sayğılarla dolu bir məktub yazmışdı. Məktub bu sözlərlə başlayırdı: “Ya qürrətül-eyn və ruhül-fuad” (“Ey gözümün işığı və ürəyimin təpəri!”). O vaxtdan etibarən Tahirəyə Qürrətüleyn [“Qürrətüleyn”—hərfən “gözün bəbəyi”, məcazi anlamda isə “gözün nuru” deməkdir] adı verildi.

Əshabələr Bedəştdə toplaşdıqları zaman bu qadının cəsarət və şücaəti hamını heyrətə salmışdı. Əshabələrdən bir qrupu Həzrət Qürrətüleynin misli görünməmiş davranışı barədə Həzrət Baba məlumat verdilər. Onların məqsədi bu idi ki, Həzrət Qürrətüleyni Mübarək Hüzura pis şəkildə təqdim etsinlər. Həzrət Bab onların cavabında buyurdu: “Mən Əzəmət Sahibinin dili ilə Tahirə adlandırılmış şəxs barədə nə deyə bilərəm?!” Bu mübarək sözlər əshabələrə çatdıqda, onlar sakitləşdilər, daha heç kəs danışmağa və Həzrət Tahirə barədə bir şey deməyə cürət etmədi. Elə o vaxtdan da Qürrətüleyn əshabələr arasında Tahirə adı ilə tanındı.

Yuxarıda dedik ki, Həzrət Tahirənin mənsub olduğu tayfanın üzvləri hamılıqla “balasəri” idilər. Burada həmin sözün mənasını açmaq lazımdır. Cənab Şeyx Əhməd Əhsai və Seyyid Kazım Rəşti öz əshabələri və şagirdləri ilə Kərbəla şəhərində Həzrət İmam Hüseyn-əleyhissalamın qəbrini ziyarət edərkən, daim ayaq tərəfdə durardılar, o nurlanmış qəbrin digər tərəflərinə qədəm basmaz və müqəddəs məqama ehtiramlarını bu şəkildə büruzə verərdilər. Amma qalan camaat ziyarət vaxtı qəbrin ətrafına fırlanar, hətta mübarək məzarın baş tərəfinə də keçib ziyarət duası oxuyardılar. Şeyxilər bu əqidədə idilər ki, Tanrı dərgahına yaxın olanlar həmişə diridirlər və iman əhlinə ölüm yoxdur. Onlar İmam-əleyhissalamı daim canlı bilirdilər və buna görə də deyirdilər ki, iman əhlinə yol göstərən canlı imamın hüzurunda ehtiramı gözləməmək insana yaraşmaz. Bu səbəbdən də ziyarət vaxtı İmamın başı üstdə duran şiələrə “balasəri” [Balasəri sözünün hərfi mənası “baş üstdə duran”, “baş tərəfdə dayanan” deməkdir] adını vermişdilər...

Cənab Molla Hüseyn elə düşünürdü ki, Həzrəti-Əla Həccə gedərkən onu da özü ilə aparacaqdır. Lakin Həzrət Bab Şirazdan yola düşməyə hazırlaşanda Molla Hüseyni yanına çağırıb dedi: “Tezliklə biz birbirimizdən ayrılacağıq. Siz hümmət kəmərini belinizə bağlayıb Allahın Əmrinin təbliğinə başlamalısınız. Tanrı özü sizi qoruyacaq, sizə uğur və müvəffəqiyyət bəxş edəcəkdir. İndən belə şəhərləri dolaşın və yağış torpağı cana gətirdiyi kimi, siz də Tanrının sizə bəxş etdiyi bərəkətin yağışı ilə insanları təravətləndirin. Hər bir halda Tanrının iradəsinə təslim olun, uca səslə insanlara üz tutub deyin ki, ayılın, ayılın, İlahinin mərhəmət qapısı açıqdır, işıqlı hidayət səhəri açılıb və vəd olunmuş Həzrət zühur edib! Ey yer üzünün ümmətləri, vəd olunmuş Həzrətin gəlişinə yol açın, özünüzü Onun nemət və səxavətindən məhrum etməyin, gözlərinizə Onun nurunu görmək imkanı verin! Bu sözləri insanlara çatdırdıqdan sonra ilahi Əmri qəbul etmiş şəxslərə ilahi ayə və lövhələri oxuyun ki, onlar Allah kəlamının cazibəsinə düşüb qəflət yuxusundan oyansınlar və ilahi səltənətə daxil olsunlar. Mən isə cənab Qüddusla birlikdə Həccə gedirəm və səni qaniçən düşmənlə üzbəüz qoyuram. Arxayın ol, sən böyük bir nemətə layiq görüləcəksən. İndi Şimala tərəf yollan, İsfahan, Kaşan, Qum və Tehran şəhərlərinə get. Allahdan arzu et ki, Tehranda İlahi Səltənətin iqamətgahını görəsən və Həqiqi Məhbubun qəsrinə daxil olasan. Tehran torpağında elə bir sirr gizlənib ki, əgər o aşkar olsa, dünya behiştə dönər. Ümidvaram ki, sən O Böyük Məhbubun mərhəmət və nemətinə layiq görüləcəksən. Tehrandan Xorasana get, o vilayətdə də ilahi çağırışın sədasını ucalt. Oradan Nəcəfə və Kərbəlaya qayıdıb Pərvərdigarın Əmrinə müntəzir ol! Əmin ol ki, sən bu vəzifəni tamam-kamal yerinə yetirəcəksən, çünki sən bu vəzifəni həyata keçirmək üçün yaranmısan. Əgər bütün düşmənlər ayağa qalxıb sənin bu vəzifəni yerinə yetirməyinə mane olmağa çalışsalar, sənə azacıq da olsa çətinlik törədə bilməyəcəklər. Sən öz vəzifəni həyata keçirməyincə, sənin başından bir tük belə əskik olmayacaq. Bütün işlərin ixtiyarı Qüdrətli Tanrının əlindədir, O hamıdan güclüdür və hər şeyə qadirdir». Sonra Həzrət Bab Molla Əli Bəstamini hüzuruna çağırdı, onunla hədsiz mehribanlıq və məhəbbətlə danışaraq dedi: “Sən dərhal Nəcəf və Kərbəlaya yollanmalısan!”

Ardınca da bu yolda onun başına gələcək bəla və müsibətləri bir-bir sadalayıb söylədi: “Sən öz imanında sabit və dəyişməz olmalısan, imtahan və müsibətlərin şiddətli qasırğaları önündə dağ kimi mətin və vüqarla dayanmalısan. Cahil və nadan insanlardan qorxmamalısan, üləmanın töhmət və lənətindən çəkinməməlisən. Heç nə səni öz məqsədini həyata keçirməkdən saxlamamalıdır, çünki Tanrı səni səmavi süfrəyə dəvət edib və onu əbədiyyət aləmində sənin üçün hazırlayıb. Sən ilk şəxssən ki, Allah evini tərk edirsən və Əmrin təbliği üçün səfərə çıxırsan. Və sən ilk şəxssən ki, Allah Əmrinin qələbəsi yolunda bəlalara düçar olacaqsan. Əgər bu yolda canını belə versən, arxayın ol, sənin mükafatın böyükdür və sən ilahi nemətə qovuşacaqsan!”

Molla Əli Bəstami mübarək kəlamları dinlədikdən sonra əmri icra etmək üçün ayağa qalxdı və Şirazı tərk etdi. Şirazın bir fərsəxliyində bir gənc özünü ona yetirdi. Həmin gəncin adı Əbdül-Vəhhab idi. O, Molla Əlidən xahiş etdi ki, onun sözlərinə qulaq assın və gözlərindən yaş axa-axa Molla Əliyə dedi: “Rica edirəm, icazə verin mən sizin xidmətinizdə olum, çünki könlüm bərk sıxılır, halım yaman pərişandır. Dünən gecə mən yuxuda gördüm ki, carçı Şiraz bazarında car çəkir və camaatı muştuluqlayaraq, deyir: “Həzrət Əmir-əleyhissalam təşrif gətirib, ayağa qalxın, gedin Onu axtarıb tapın, çünki O insanlara cəhənnəm odundan qurtuluş baratı (kağızı) verir. Tələsin, kim O Həzrətdən qurtuluş baratını alacaqsa, günahları bağışlanacaq, kim ala bilməsə, behiştdən məhrum olacaq!” Carçının sözlərini eşidən kimi durub dükanımı bağladım və Vəkil bazarı ilə getməyə başladım. Bir yerə çatıb gördüm ki, siz dayanmısınız, camaat da başınıza toplaşıb. Adamların hərəsi sizdən bir vərəqə alırdı və siz də astadan onların qulağına nə isə deyirdiniz. Sizin dediyinizi eşidən hər bir kəs kənara qaçıb fəryad qoparırdı: “Vay mənim halıma ki, İmamın məhəbbətindən məhrum olmuşam, mən biçarə atılmış və qovulmuşlardan sayılıram”.

Yuxudan ayılıb dərin fikirlərə qərq oldum. Axırda durub öz dükanıma sarı yollandım. Birdən sizi gördüm. Siz başında əmmamə olan bir şəxslə birlikdə mənim qarşımdan keçdiniz. O şəxs sizinlə nəyi isə müzakirə edirdi. Sizi görən kimi ayağa qalxdım. Məndə elə bir qüvvət yarandı ki, mənşəyini özüm də bilmədim. Sürətlə qaçmağa başladım ki, arxadan sizə çatım. Məni ən çox təəccübləndirən o oldu ki, mən sizə çatanda siz həmin yuxuda gördüyüm yerdə dayanmışdınız və söhbət edirdiniz. Başında əmmamə olan o adam sizin sözlərinizi rədd edirdi. Siz ona dediniz: “Bütün kainat kafir olsa da, əzəmət sahibinin ətəyinə bir toz belə qonmaz!” Mən sizdən azacıq aralıda dayanıb sizi müşahidə edirdim. Nəhayət, siz həmin yeri tərk edib Kazerun darvazasına doğru yollandınız. Mən sizin arxanızca hərəkət edib burada sizə çatdım”.

Molla Əli onu şəhərə qaytarmağa çalışdı ki, gedib öz işi ilə məşğul olsun. Bu məqsədlə də dedi: “Sizin mənimlə yoldaş olmağınız mənə bir sıra çətinliklər yaradacaq. Yaxşısı budur, Şiraza qayıdın və arxayın olun, çünki siz artıq möminlərdən sayılırsınız”. Lakin gənc dediyindən əl çəkmədi. Uzun söhbətdən sonra Molla Əli axır ki, həmin gəncin ona yoldaşlıq etməsinə razılıq verdi və hər şeyi Tanrının ixtiyarına buraxdı. Onlar bir qədər uzaqlaşmışdılar ki, Əbdül-Vəhhabın atası Hacı Əbdül-Məcid özünü onlara çatdırdı. Oğlunu geri qaytarmaq üçün onların arxasınca gələn ata Molla Əli Bəstami ilə son dərəcə kobud rəftar etdi.

Hacı Əbdül-Məcid mübarək Əmrə iman gətirdikdən sonra çox vaxt həmin hadisəni dostlara nəql edərdi və həmişə də əhvalatı danışan zaman gözləri yaşarardı. O deyərdi: “Bilsəniz, mən o günkü davranışıma görə nə qədər təəssüflənirəm. Allaha şükür ki, Tanrı məni doğru yola istiqamətləndirdi və günahlarımı bağışladı. O vaxtlar mən Fars valisi Fərmanfərmanın oğlanlarının işçisi idim və Fərmanfərma ilə olan əlaqəmə görə heç kəs mənə bir söz deməyə, yaxud məni incitməyə cürət etmirdi. Həmin gün mən qəflətən eşitdim ki, oğlum Əbdül-Vəhhab öz dükanından çıxıb və şəhəri tərk edib. Mən dərhal Kazerun darvasından çıxıb onun arxasınca yollandım. Əlimdə bir çubuq vardı, qərara gəlmişdim ki, oğlumu kötəkləyim. Eşitmişdim ki, oğlum başında əmmamə olan bir nəfərlə gedib. Qəzəbimin həddi-hüdudu yox idi.

Bir qədər gedib onlara çatdım. Gözüm Molla Əliyə sataşan kimi hirsli vəziyyətdə ona hücum çəkdim və onu kötəkləməyə başladım. O, mənim endirdiyim ağır zərbələrə davam gətirərək, dedi: “Ey Əbdül-Məcid, əl saxla, çünki Allah sənin bu halını görür. Allah şahiddir ki, sənin oğlunu Şirazdan mən aparmamışam. Mən sənin verdiyin əziyyətə də fikir verən deyiləm... Bir gün sən bütün bunlara görə peşman olacaqsan və mənim günahsızlığımı biləcəksən!” Mən bu sözlərə əhəmiyyət verməyib onu o qədər döydüm ki, axırda özüm əldən düşdüm. Nəhayət, oğluma əmr etdim ki, Molla Əlidən ayrılıb mənimlə bərabər şəhərə qayıtsın. Şəhərə gəldikdən sonra oğlum gördüyü yuxunu mənə danışdı. Bunu eşidən kimi bütün vücudumu təəssüf hissi bürüdü. Sonralar mən Şirazdan Bağdada, Bağdaddan isə Kazımeynə gedib orada məskən saldım, amma həmin təəssüf hissi daim mənimlə idi. Oğlum Əbdül-Vəhhab Kazımeyndə işləyirdi. Mən Əmrdən bixəbər idim, o vaxta qədər ki, hicri 1267-ci (1851-ci) ildə Həzrət Bəhaullah Tehrana gəldi, oğlum da Kazımeyndən gedib Siyahçal məhbuslarından biri oldu və 1268-ci (1852-ci) ildə şəhidlik zirvəsinə ucaldı. Sonralar Həzrət Bəhaullah Bağdada sürgün edildiyi zaman mən ilahi mərhəmətə layiq görüldüm və mübarək Əmrin həqiqliyini anladım. O da günahımdan keçib məni bağışladı”.

Xülasə, Molla Əli öz vəzifəsini yerənə yetirmək üçün Nəcəfə getdi və orada məşhur şiə alimlərindən olan Şeyx Məhəmməd Həsən Sahib-Cəvahiri Əmrə dəvət etdi. Bir çox vaqiələrdən sonra Molla Əli üləmanın fitnəsi ilə qaniçən düşmənlər tərəfindən tutularaq, Bağdada—böyük müftinin hüzuruna aparıldı. Mən (müəllif) Molla Əlinin işinin axırı barədə əsil həqiqəti öyrənə bilmədim. Bəziləri deyir ki, Molla Əli İstambula gedərkən xəstələnib vəfat etmişdir. Bəziləri isə onun düşmənlərin əli ilə şəhid olduğunu söyləyirlər. Hər halda, cənab Molla Əli Allah Əmrinin yolunda olmazın müsibətlərə dözmüş və Bənzərsiz Məhbubun uğrunda şəhidlik zirvəsinə yüksəlmiş ilk şəxsdir.

 

Həzrət Bab Molla Əliyə Nəcəf və Kərbəlaya getmək əmrini verdikdən sonra, digər hürufi-həyyi də hüzuruna çağırdı və hərəsinə bir tərəfə yollanmağı tapşırdı. Vidalaşıb ayrılarkən onlara dedi:

“Ey mənim əziz dostlarım, indi siz ilahi Sözün daşıyıçılarısınız. Tanrı öz sirlər xəzinəsini sizə etibar edib ki, siz ilahi Əmri hər yana yayasınız, öz danışıq və rəftarınızın düzgünlüyü ilə ilahi Nurun gücünü nümayiş etdirəsiniz. Sizin bədəninizin bütün əzaları məqamınızın ucalığına dəlalət etməli, həyatınızın təmizliyindən və məqsədinizin böyüklüyündən söz açmalıdır. Çunki bu, həmin Gündür ki, ulu Tanrı onun barəsində Quranda buyurub: “Bu gün Biz onların ağızlarını möhürləyərik, onların tutduğu əməllər barədə bizə onların əlləri danışar, ayaqları isə şahidlik edər” (Yasin surəsi, 65-ci ayə). Həzrət Məsihin öz şagirdlərinə dediyi sözləri yadınıza salın. O, şagirdlərini təbliğ üçün ətrafa yollayarkən, onlara demişdi: “Siz qaranlıq gecədə uca dağ başında yanan tonqallara bənzərsiniz. İnsanlar sizin işığınız sayəsində doğru yolu tapmalıdırlar. Sizin vücudunuz o qədər pak, danışığınız o qədər gözəl olmalıdır ki, insanlar sizin nitqinizi və rəftarınızı görüb əbədi feyz mənbəyi və tükənməz fəzl çeşməsi olan səmavi Ataya doğru yönəlsinlər. O ruhani Atanın övladları olan sizlər öz əməllərinizlə ilahi keyfiyyətlərin təzahürü olmalısınız, insanlar ilahi nuru sizdə görməlidirlər. Siz yer üzünün duzusunuz: əgər duz xarab olarsa, onu nə ilə islah etmək olar?!

Siz o qədər gözütox olmalısınız ki, Allahın Əmrini təbliğ etmək üçün getdiyiniz şəhərlərdə heç bir vəchlə əhalidən mükafat və muzd gözləməməlisiniz, yemək-içmək istəməməlisiniz. Hər hansı bir şəhəri tərk etdiyiniz zaman ayaqqabılarınızın tozunu belə çırpın, beləliklə, həmin şəhərə necə təmiz və əliboş girmişdinizsə, eləcə də oradan çıxın. Çünki səmavi Ata daim sizinlədir, sizi izləyir və gözləyir. Əgər siz Ona vəfalı olsanız, yəqin bilin ki, O dünyanın xəzinələrini sizə təslim edəcək, sizin məqamınızı hökmdarların və şahların məqamından da uca edəcək”.

Ey hürufi-həyy, ey mənə iman gətirənlər! Bilin ki, bu günün əzəməti ötən günlərə nisbətən qat-qat artıqdır, onlar heç cür müqayisəyə gəlməzlər. Siz o kəslərsiniz ki, zühur səhərinin İşığını gördünüz, Əmrin sirlərindən agah oldunuz. Hümmət kəmərinizi möhkəm bağlayın və o Quran ayəsini xatırlayın ki, bu gün barəsində buyurur: “Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı (gün)” (Fəcr surəsi, 22-ci ayə). Ürəklərinizi dünyəvi arzu və istəklərdən təmizləyin, özünüzü ilahi əxlaqla bəzəyin! Yaxşı əməllərinizlə Allah kəlamının doğruluğunu sübuta yetirin və daim Quranın bu ayəsini nəzərə alın ki, “əgər Ondan üz döndərsəniz, sizi sizlər kimi olmayan başqa bir tayfa ilə əvəz edər” (Məhəmməd surəsi, 38-ci ayə). Elə etməyin ki, başqaları gəlib İlahi Səltənəti sizdən alsınlar, siz isə binəsib qalasınız. Yorğunluq və əzginlik gətirən ibadətlərin kifayət etdiyi dövr çatıb. Bu gün elə bir gündür ki, hər bir kəs pak qəlbi, gözəl əməlləri və həqiqi möminliyi sayəsində ilahi Ərşə ucala bilər, Tanrı dərgahına yaxınlaşıb Onun tərəfindən qəbul oluna bilər. “Yaxşı söz Ona tərəf yüksələr və yaxşı sözu də saleh əməl ucaldar” (Fatir surəsi, 10-cu ayə).

Siz həmən yoxsul və əzilən insanlarsınız ki, Quranda sizin haqqınızda buyurulub: “Biz yer üzündə yoxsul və əzilən kəslərə mərhəmət göstərmək, onları başçı və varis etmək istədik” (Qəsəs surəsi, 5-ci ayə). Tanrı sizi bu ali məqama dəvət edir və siz yalnız o təqdirdə bu ali məqama yüksələ bilərsiniz ki, bütün dünyəvi istək və məqsədlərin üzərindən adlayıb Qurandakı bu ayənin təsdiqinə çevriləsiniz: “Şərəfli bəndələri Ondan qabaq söz danışmaz və yalnız Onun Əmri ilə iş görərlər” (Ənbiya surəsi, 26-27-ci ayələr). Siz İlkin Nöqtədən ayrılmış ilk hərflərsiniz [“Nöqteyi-Üla”—Həzrət Babın ləqəblərindən biridir]. Siz ilahi zühur çeşməsindən axan dirilik suyunun bulaqlarısınız. Tanrıdan diləyin ki, sizi qorusun, dünyəvi istək və nemətlərin sizin paklıq və gözütoxluğunuza xələl gətirməsinə, sizin şirinliyinizi acıya çevirməsinə imkan verməsin. Mən sizi yaxınlaşan Tanrı günü üçün tərbiyələndirib hazırlamışam, istəyirəm ki, sizin əməlləriniz Qüdrətli Hökmdar [“Məliki-müqtədir”—Həzrət Bəhaullahın ləqəblərindən biridir] tərəfindən qəbul edilsin. Gələcək Tanrı gününün sirləri bu gün bəlli deyil. O günün yenicə doğulmuş körpəsinin məqamı bu günün yaşlılarından möhtərəm olacaq, o Zühurun cahilinin mərtəbəsi bu günün alimindən daha yüksək olacaq.

İndi isə dünyanın dörd bir tərəfinə səpələnin, sabit qədəm və təmiz qəlblə yolları Tanrı gününün gəlişi üçün hamarlayın. Öz zəiflik və gücsüzlüyünüzə baxmayın, öz qüdrətli Tanrınızın qüvvət və əzəmətini nəzərdə tutun. Məgər Tanrının köməkliyi ilə İbrahim Nəmruda üstün gəlmədimi?! Məgər Tanrının yardımı ilə Həzrət Musa Firona və onun adamlarına qalib gəlmədimi?! Baxmayaraq ki, Həzrət Musanın öz əsasından başqa bir silahı yox idi. Məgər Tanrı Həzrət Məsihin yəhudilər üzərində qələbə çalmasına şərait yaratmadımı?! Hərçənd Həzrət Məsih-əleyhissalam zahirən kimsəsiz və açiz idi. Məgər Tanrı ərəb qəbilələrini Həzrət Rəsula (s) tabe etmədimi?! Həmən vəhşi qəbilələr o Həzrətin müqəddəs təlimi sayəsində tərbiyələnib dəyişdilər və saflaşdılar. Odur ki, işinizə Tanrının adı ilə başlayın, Tanrıya təvəkkül edin, Ona üz tutun və yəqin bilin ki, son nəticədə qələbə və zəfər sizinlə olacaq!”

Həzrət Bab bu sözlərlə əshabələrinə yeni ruh verdikdən və ən mühüm vəzifələrini onlara xatırlatdıqdan sonra hərəsinə bir ölkəni, bir yeri tapşırdı ki, oraya gedib Allah Əmrini təbliğ etməyə başlasınlar. Və göstəriş verdi ki, heç yerdə və heç kimin yanında Onun adını çəkib kimliyini bildirməsinlər. Təbliğ vaxtı yalnız bunu desinlər ki, vəd olunmuş Bab zühur edib, Onun dəlili qəti, sübutu möhkəm və mükəmməldir, Ona iman gətirən hər bir kəs bütün peyğəmbərlərə iman gətirmiş olacaq, Onu inkar edənlər isə bütün peyğəmbərləri inkar etmiş sayılacaqlar.

Bütün bunları dedikdən sonra Həzrət Bab hamı ilə vidalaşıb getməyə icazə verdi, yalnız ona iman gətirənlərin birincisi Molla Hüseyndən və sonunçusu Qüddusdan başqa. Qalan 14 nəfər hürufi-həyy səhər tezdən onlara tapşırılmış yerlərə doğru hərəkət etdilər.

Molla Hüseyn getmək istərkən, Həzrət Bab ona müraciətlə dedi: “Hicaz səfəri və Həcc ziyarətində mənimlə birgə olmayacağına təəssüflənmə. Mən səni elə bir şəhərə göndərirəm ki, Hicaz və Şiraz ona bərabər tutula bilməz, çünki orada böyük bir rəmz və müqəddəs bir sirr gizlənmişdir. Ümidvaram ki, sən Tanrının köməyi ilə fitnə-fəsad törədənlərin gözlərini örtmüş pərdələri qaldıracaqsan, onların beyinlərini qarışıqlıqdan təmizləyəcəksən. İndi sən buradan İsfahana, oradan da Kaşana, Tehrana və Xorasana getməlisən. Xorasandan İraqa yollanarsan və orada öz Pərvərdigarının əmrini gözləyərsən ki, səni hara istəsə, ora da göndərsin. Mən isə Qüddusla birlikdə Həccə gedirəm. Həbəş qulumu da özümlə aparıram. Tezliklə Hicaz karvanı Şirazdan yola düşəcək. Mən də onlarla birgə hərəkət edəcəyəm. Məkkəni və Mədinəni ziyarət edəcəyəm və Tanrı tərəfindən müəyyən edilmiş vəzifələrimi yerinə yetirəcəyəm. Oradan da, İnşallah, İraq və Kufəyə səfər edəcəyəm, ola bilər ki, orada səninlə görüşdük. Əgər İlahinin əmri dediklərimin əksinə olsa, səni xəbərdar edəcəyəm, onda Şirazda hüzuruma yetişərsən. Arxayın ol, İlahi səltənətin qoşunu sənə kömək edəcək və sən uğur qazanacaqsan. Uca səltənətin qoşunu sənin ətrafında hazır dayanıb, sənin vücudunda ilahi bir qüvvət təzahür edib, Allah mərhəməti sənə yol göstərir. Kim sənə dost olsa, Tanrının da dostudur, kim səninlə düşmənçilik etsə, Tanrının da düşmənidir. Səni inkar edən, Tanrını da inkar edər, səni sevən, Tanrını da sevər”.

bottom of page