top of page

İyirmi Altıncı Fəsil

Şaha Güllə Atılması

və Onun Sağ Qalması Əhvalatı

HƏZRƏT BABIN ƏMRİNİN izharından sonrakı səkkizinci Novruz bayramı hicri 1268-ci il cümadiül ayının 27-nə (1852-ci il mart ayının 19-na) təsadüf etdi. Bu zaman Həzrət Bəhaullah İraqda İlahi Təlimi yaymaqla məşğul idi. Öz Ağalarının qətlindən sonra qorxuya düşmüş, dostlarının başına gələn bəlaları görüb ətrafa səpələnmiş Həzrət Babın əshabələri Həzrət Bəhaullahın fəaliyyəti nəticəsində yeni ruh tapdılar və gizli guşələrdən xidmət meydanına atıldılar. Həzrət Bəhaullah onlara cəsarət və şücaət bəxş etdi, eyni zamanda onları gələcəkdə baş verəcək hadisələrdən və çoxsaylı müsibətlərdən agah etdi. Özü isə İranda və İraqda açıq şəkildə Həzrət Babın təlimini yaymağa başladı. Bu ilin yazında İranın baş vəziri Əmir Nizam Mirzə Tağı xan öz əsil məkanına yollandı və Kaşan yaxınlığında yerləşən Fin qəsəbəsindəki hamamda qətlə yetirildi. Əmir Nizam üç illik vəzirliyi dövründə İlahi Nuru söndürmək, Həzrət Babın Əmrini yer üzündən silmək üçün var qüvvəsi ilə çalışdı. Bu məqsədinə çatmaqdan ötrü o, ən dəhşətli bir zülmdən, yəni Seyyid Babın qətlinə fərman verməkdən də çəkinmədi. Lakin aqibətdə o öz qəddar rəftarından ziyandan başqa bir nəticə hasil etmədi. Vəzirliyinin ilk ilində o, ilahi Əmri aradan götürmək üçün Mazandarana qoşun göndərib cənab Qüddusun, Babülbabın və digər əshabələrin qətlinə fərman verdi və 313 nəfər müqəddəs və günahsız şəxsi qılıncdan keçirdi. Vəzirliyinin ikinci ilində Tehranın yeddi şəhidi onun fərmanına əsasən şəhidlik şərbətini içdi. Neyrizdə cənab Vəhid və dostları bu qaniçən vəzirin əmri ilə canlarını Tanrı Əmrinin yolunda qurban verdilər. Bunun nəticəsində hər bir şəhərdə,hər bir vilayətdə insanlar bədxah vəzirdən nümunə götürüb iman əhlini incitməyə başladılar. Həmin il bu ağılsız vəzirin bəd əməllərinin sayəsində daha bir kədərli hadisə baş verdi: Zəncanda cənab Hüccət və onun əshabələrindən təqribən 1800 nəfər heç bir günahları olmadan qətlə yetirildilər. Bu vəzirin hakimiyyəti zülm və sitəmlə başladı və iman əhlinə qarşı düşmənçilik və ədavətlə başa çatdı.

Əmiri-Kəbir Mirzə Tağı xandan sonra Etimadüd-dövlə Mirzə Ağa xan Nuri baş vəzir təyin olundu. Hakimiyyətinin əvvəlində o, hökumətlə babilərin başçısı Həzrət Bəhaullah arasında barışıq yaratmaq qərarına gəldi. Bu niyyətlə də Həzrət Bəhaullaha məktub yazıb O Həzrəti Tehrana dəvət etdi. Həzrət Bəhaullah vəzirin məktubundan əvvəl Tehrana qayıtmağı qərara almışdı. Məktub yetişdikdən sonra o, paytaxta yollandı və rəcəb ayında (1852-ci ilin aprelmay aylarında) Tehrana varid oldu. Mirzə Ağa xan öz qardaşı Cəfərqulu xanı xüsusi olaraq Həzrət Bəhaullahın pişvazına göndərdi. Həzrət Bəhaullah Tehrana gəldikdən sonra bir ay müddətində baş vəzirin qardaşının evində qonaq qaldı. Baş vəzir öz qardaşı Cəfərqulu xana tapşırmışdı ki, O Həzrətə hər cür qonaqpərvərlik göstərsin. Şəhərin böyükləri və saray əyanları daim Həzrət Bəhaullahın görüşünə gəlirdilər. Bir aydan sonra Həzrət Bəhaullah Şemirana köçdü. Cənab Kəlim danışırdı ki, bu zaman cənab Əzim Həzrət Bəhaullahla görüşməyə nail oldu. O, necə vaxt idi ki, O Həzrətlə görüşə can atırdı, axırı öz məqsədinə çatdı/Bu görüşdə cənab Əzim necə müddətdən bəri beynində bəslədiyi fikri Mübarək Hüzura ərz etdi. Həzrət Bəhaullah bu fikrin həyata keçirilməsini ona qadağan etdi və xəbərdarlıq edərək, bildirdi ki, bu, təhlükəli nəticələr verə və yeni bəlalar törədə bilər.

Həzrət Bəhaullah Ləvasana gedib cənab vəzirin mülklərindən olan Əfcə kəndində qalmağa başladı. Cəfərqulu xan öz qonaqpərvərliyini hələ də davam etdirirdi. Ləvasanda olarkən Həzrət Bəhaullaha xəbər çatdı ki, babilərdən iki nəfər düşüncəsiz şəxs şahın həyatına qəsd etmişlər. Şah Şemirandakı düşərgəsinə yollandığı zaman həmin iki ağılsız gənc şaha hücum çəkmişlər. Onlardan birinin adı Sadiq Təbrizi, digərinin adı isə Fətullah Qumi idi. Onlar öz məzlum dindaşlarının qisasını almaq üçün şaha hücum etmişdilər. Bu iki gəncin sadəlövhlüyünə və ağılsızlığına dəlalət edən məsələ bu idi ki, onlar dərhal nəticə verən təsirli silah əvəzinə qırmadan istifadə etmişdilər, o da şahın bədəninə yüngül xəsarət yetirmişdi. Əgər bu iki nəfərə ağıllı bir şəxs, yaxud başçıları tərəfindən belə bir tapşırıq verilsəydi, onlar təbii ki, qırma əvəzinə güllədən istifadə edərdilər. Qırmadan istifadə olunması göstərir ki, həmin iki gənc heç kimlə məsləhətləşmədən öz naqis ağılları ilə belə bir yersiz əmələ əl atmışdılar.

Hicri 1268-ci il şəvval ayının sonunda (1852-ci il avqust ayının ortalarında) həmin iki nadan tərəfindən törədilmiş bu çirkin əməl dostları yeni müsibətlərə məruz qoydu. Əvvəlki bəlalardan qurtulmuş əshabələr bu dəfə ələ keçib cürbəcür əzablara və məşəqqətlərə düçar oldular. Həzrət Bəhaullah da bir sıra görkəmli əshabələrlə bərabər bu sui-qəsddə iştirakda ittiham olunaraq, Siyahçalda dustaq edildi və ən təhlükəli cinayətkarlar üçün nəzərdə tutulmuş bir zəncirlə bağlandı. Dörd ay ərzində Həzrət Bəhaullaha əziyyət verən həmin zəncirin yeri ömrünün sonuna qədər onun boynunda qalırdı.

Saray əyanları və islam üləmaları bu hadisəni eşitdikdə bərk qorxuya düşdülər və həmin işin icraçılarını mümkün qədər tez cəzalandırmağa çalışdılar. İman əhlinə düşmənlərin hərəkətləri müqabilində intiqama əl atmamaq barədə dəfələrlə təkidli nəsihətlər verilməsinə baxmayaraq, həmin iki nadanın törətdiyi çirkin əməl ölkə rəhbərlərinə və din alimlərinə babiləri dinin və dövlətin düşməni elan etmək, hamını babilərin əleyhinə qaldırmaq imkanı yaratdı. Şemiranda olan Cəfərqulu xan bu barədə Həzrət Bəhaullaha xəbər verdi və Ona belə bir məktub yazdı: “Şahın anası bu hadisədən bərk qəzəblənib və saray əmirlərinin yanında Sizi və baş vəzir Mirzə Ağa xanı hadisənin əsil səbəbkarı və şahın həqiqi düşməni adlandırıb. Məsləhət budur ki, bu hay-küy sakitləşənə qədər Siz bir müddət gizli bir yerdə qalasınız”. Cəfərqulu xan məktubu etibarlı və yaşlı bir adam vasitəsilə Əfcəyə Mübarək Hüzura göndərdi və həmin şəxsə tapşırdı ki, Həzrət Bəhaullahın yanında qalsın, O hansı yeri seçsə, onunla bərabər həmən yerə getsin.

Həzrət Bəhaullah Cəfərqulu xanın təklifini qəbul etmədi və ertəsi gün atına minib şahın Niyavəranda olan düşərgəsinə yollandı. O, Niyavəran yaxınlığındakı Zərkəndə adlı məntəqədə yerləşən rus səfirliyinə çatanda, rus səfirliyinin katibi Mirzə Məcid Onu qarşılayıb qonaq etdi.

Hacibüd-dövlə Hacı Əli xanın xidmətçiləri Həzrət Bəhaullahı tanıyıb Onun rus səfirliyi katibinin evində olduğunu Hacibüd-dövləyə xəbər verdilər. Hacibüd-dövlə də dərhal bu xəbəri şaha çatdırdı. Saray əyanları Həzrət Bəhaullahın şah düşərgəsinin yaxınlığına gəlişinə təəccüb etdilər. Şah özü də son dərəcə təəccübləndi ki, belə ağır ittihama məruz qalan bir Şəxs necə hamının gözü qarşısında hərəkət edir.Tez bir məmur göndərdi ki, gedib Həzrət Bəhaullahı rus səfirliyindən çıxararaq, onun yanına gətirsin.Rusiya səfiri Həzrət Bəhaullahı şahın məmuruna vermədi və O Həzrətə dedi ki, baş vəzirin evinə getsin. Eyni zamanda, baş vəzirə belə bir məktub yazdı: “Siz Həzrət Bəhaullahı mənim adımdan qəbul etməli və Onun qorunması üçün əlinizdən gələni etməlisiniz. Əgər Həzrət Bəhaullaha bir zərər yetişsə, şəxsən siz Rusiya səfirliyi qarşısında məsuliyyət daşıyacaqsınız”. Mirzə Ağa xan əvvəllər Həzrət Bəhaullaha kömək etsə də, bu dəfə canının qorxusundan və mənsəbini itirmək istəmədiyindən köməkdən çəkindi. Həzrət Bəhaullah Zərkəndədən hərəkət edən zaman rus səfirinin qızı Həzrət Bəhaullahı qarşıda gözləyən təhlükələri düşünüb o qədər həyəcanlandı ki, gözlərindən yaş axıtdı və atasına müraciətlə dedi: “Ata, əgər sən öz Qonağını təhlükədən qurtarıb qoruya bilmirsənsə, sənin bu vəzifənin və səlahiyyətinin nə faydası var?!” Qızını hədsiz dərəcədə sevən rus səfiri onun ağlamasından mütəəssir oldu və ona söz verdi ki, Həzrət Bəhaullahı qorumaq üçün əlindən gələni edəcək. Lakin o, öz sözünü yerinə yetirə bilmədi, çünki Niyavəranla Tehran arasında şah məmurları Həzrət Bəhaullahı tutdular, nəyi vardısa, əlindən alıb O Həzrəti ayağı yalın və başı açıq halda piyada Tehrana apardılar. Yol boyu Onun mübarək vücudu yay günəşinin hərarətindən çox əziyyət çəkdi. Camaat Həzrət Bəhaullahı lənətləyir, hər tərəfdən Ona daş atırdılar, çünki üləmaların fitvasına əsasən O Həzrəti vətənin, dinin və şahın yeganə düşməni sayırdılar. Siyahçala çatanda gözləri qəzəbdən parlayan bir qoca qadın lənət və qarğış edəedə irəli çıxdı və əlindəki daşı Həzrət Bəhaullahın üzünə vurmaq istədi, lakin məmurlar buna mane oldular. Qarı dedi: “Sizi İmam Hüseynə and verirəm, qoyun bu daşı ona vurum!” Həzrət Bəhaullah buyurdu: “Ona mane olmayın, çünki o özlüyündə savab bildiyi bir işi görmək istəyir”.

Həzrət Bəhaullahın dustaq edildiyi Siyahçal əvvəllər hamamın xəzinəsi olmuş, sonradan zindana çevrilmişdi. O yerin zülmət və üfunətini, oradakı həşəratın çoxluğunu və havanın boğuculuğunu sözlə təsvir etmək mümkün deyil. Məzrət Bəhaullahın bağlandığı zəncir “Qara kəhər” adlanırdı və məşhur zəncirlərdən biri idi. Üç gün-üç gecə heç kəs Həzrət Bəhaullaha su və çörək vermədi. Məmurlardan birinin Onun halına ürəyi yandı, istədi ki, bir fincan çayı libasının altında gizlədib Ona gətirsin, lakin Həzrət Bəhaullah razılaşmadı. Mübarək Ailə çoxlu səylərdən sonra məmurları evdən gətirilən yeməyi Mübarək Hüzura aparmağa razı sala bildi. Məmurlar əvvəl razı olmurdular, lakin axırda razılaşdılar. Amma Həzrət Bəhaullah yemək yemirdi, çünki O, dostlarının və tərəfdarlarının ac olduğunu görə-görə yemək yeməyi özünə rəva bilmirdi. Doğrudan da, şahın qəzəbi sayəsində bu günahsız məhbuslar çoxlu çətinliklərə və ağır məşəqqətlərə dözməli oldular.

Şahın həyatına qəsd etmiş şəxslərdən əvvəlcə Sadiq Təbrizi ələ keçdi. O, hamıdan qabaq qılıncını sıyırıb şaha həmlə etdi və onu atdan salmağa çalışdı. Dərhal mühafizəçilərin başçısı və Müstövfiül-məmalikin nökərləri onu tutdular və kimliyini müəyyənləşdirmədən qətlə yetirdilər. Bədənini iki yerə bölüb bir parçasını Şemiran darvazasından, o biri parçasını Əbdül-Əzim darvazasından asdılar. İkinci tutulan şəxs Həkkak Fətullah Qumi oldu. Onu çox incitdilər ki, əlbir olduğu yoldaşlarının adını desin, lakin sükutdan başqa bir cavab eşitmədilər. Bir çoxları elə düşünürdü ki, o, laldır. Çoxlu əzab-əziyyətdən sonra onun boğazına əridilmiş qurğuşun töküb öldürdülər. Üçüncü Hacı Qasım Neyrizi ələ keçdi. Hacı Süleyman xan Tehranda şamacin olunduğu gün Hacı Qasım Neyrizini də Şemiranda şamacin edib öldürdülər. Hər saat babilərdən bir-iki nəfəri tutub şaha sui-qəsddə iştirak etməkdə günahlandıraraq, müxtəlif əzablara düçar edir və qətlə yetirirdilər, halbuki onların heç bir təqsiri yox idi. Hər saat məmurlar Siyahçala daxil olur, bir nəfərin adını ucadan çəkib zindandan çıxarırdılar. Edam yerinə çatan kimi camaat həmin adamın üstünə düşür, bədəninə saysız-hesabsız yaralar vururdu, belə ki, müttəhimin bədən üzvlərindən heç biri öz təbii halətində qalmırdı. Zülm o qədər dəhşətli idi ki, qan tökməyə alışmış cəlladlar bu cür vəhşiliklər törətməkdən imtina edirdilər.

Bu hadisələr vaxtı şəhid olmuş şəxslərdən biri də cənab Hacı Süleyman xandır. O, Yəhya xanın oğludur. Yəhya xan Məhəmməd şahın atası Naibüs-səltənənin qoşununda rütbə sahibi olmuşdur. Məhəmməd şahın zamanında da məqam və mənsəb sahibi idi. Süleyman xan təbiətən saraydakı vəzifələrə biganə idi, Həzrət Babın Əmrini qəbul etdikdən sonra isə ətrafında olan şəxslərin əməllərindən bezmiş, mənsəb sahiblərindən birdəfəlik uzaqlaşmışdı. Əmri qəbul etməzdən əvvəl Tehrandan Kərbəlaya getmiş və Seyyid Kazım Rəştidən dərs almağa başlamışdı. O vaxtını ibadət və guşənişinliklə keçirərdi. Əmrin nidasını Molla Yusif Ərdəbilidən və Molla Mehdi Xoyidən eşitmiş, iman gətirdikdən sonra Əmrə xidmət yoluna qədəm qoymuşdu. Şeyx Təbərsi qalasındakı hadisələrdən xəbər tutan kimi Kərbəladan ora gedib əshabələrə kömək etmək io təmişdi. Lakin o, Tehrana çatanda artıq qaladakı hadisələr qurtarmışdı. Buna görə də dostlarla oturub-durmağa, Mazandarandan sağ çıxmış əshabələrlə ünsiyyət saxlamağa başlamışdı. Tehranda da Kərbəla camaatı kimi geyinirdi, yəni başına kiçik əmmamə qoyur, çiyninə qara əba salırdı, onun altından isə ağ qəba geyirdi. Mirzə Tağı xan onu libasını dəyişməyə təhrik edir və deyirdi: “Sənin geydiyin bu libasdan heç xoşum gəlmir”. Ondan sonra Süleyman xan əmmamə əvəzinə başına atası kimi papaq qoyurdu. Mirzə Tağı xanın çoxsaylı təkidlərinə baxmayaraq, o, sarayda vəzifə tutmaqdan imtina etdi. Süleyman xanın həm camaat, həm də saray əyanları arasında böyük hörməti vardı. Buna görə də yeddi şəhidin hadisəsi zamanı Tehranda olsa da, heç kəsin onu incitməyə cəsarəti çatmadı. Həzrət Bab şəhid olduqdan sonra o, Təbrizə gəldi. O, öz ağasını düşmənlərin çəngindən xilas etmək istəyirdi, lakin kecikmişdi. Heç kəs ona hücum çəkməyə, ona əl qaldırmağa cürət edə bilməzdi. Əmir Nizam Süleyman xanın Həzrət Babın fədailərindən biri olduğunu bilsə də, özünü bilməzliyə vururdu, ona və atasına qarşı təhqiramiz hərəkətlərdən çəkinirdi.

Molla Zeynalabdin Yəzdi şəhid olandan sonra belə sözsöhbət yayıldı ki, hökumət həbsdə olan Tahirəni və katib Seyyid Hüseyn Yəzdini azad etmək istəyir. Deyirdilər ki, Həzrət Babın öldürülməsindən sonra Əmiri-Kəbirin bütün vücudunu xof və iztirab bürüyüb, etdiyinə peşman olub və ölümünün yaxınlaşdığını hiss edərək, söyləyib: “Mən hökumətin mənafelərini qorumaq və dövlətin siyasətini müdafiə etmək üçün Seyyid Babı və Onun əshabələrini qətlə yetirsəm də, bu, düzgün tədbir seçilməməsi nəticəsində baş verib. İndi mən öz səhvimi etiraf edirəm. Mən insanların Seyyid Babın əleyhinə yönəlmiş hərəkətlərinin qarşısını ala, onları sakitləşdirə bilərdim, lakin düzgün tədbir seçmədiyimdən buna müvəffəq olmadım”. Halbuki Həzrət Babı və onun əshabələrini qorumaq məmləkətin mənafeləri üçün daha faydalı olardı. Buna görə də Əmiri-Kəbir öz əməlinin cəzasına çatdı. Onun xələfi Mirzə Ağa xan Nuri öz məqamını hifz etmək üçün əvvəlcə Həzrət Babın əshabələri ilə hökumət arasında sülh və barışıq yaratmaq istədi. Lakin şaha güllə atılması əhvalatı onun bu niyyətinə mane oldu və paytaxtı böyük qarmaqarışıqlığa düçar etdi. O vaxtlar səkkiz yaşlı uşaq olan Həzrət Əbdül-Bəha bu barədə mənə (müəllifə) belə danışmışdır:

“O zaman qorxu və xof Tehran sakinlərini bürümüşüdü.Biz əmimiz Mirzə İsmayılın evində qalırdıq. Hər dəfə mən evdən çıxıb ayağımı küçəyə qoyan kimi küçədəki uşaqlar “babi, babi!” deyə qışqırırdılar. Mən də ehtiyat edir və bayıra az çıxırdım. Bir gün bazardan evə gəlirdim. Bir dəstə avara uşaq arxamca düşüb söyüş söyməyə, daşkəsək atmağa başladılar. Mən onları qorxutmaq fikrinə düşdüm ki, sağ-salamat evə çata bilim. Getdiyim yerdə birdən dönüb onlara həmlə etdim və tam cəsarətlə onları təqib etməyə başladım. Onların hamısı qorxub qaçdılar. Bir qədər uzaqlaşandan sonra bir-birinə deyirdilər: “Tez qaçaq, yoxsa bu balaca babi gəlib bizi öldürər”. Onlar qaçıb getdikdən sonra mən evə qayıtdım. Bu hadisəni seyr edən bir şəxs təəccüblənmiş halda mənə dedi: “Əhsən, sənin cəsarətinə! Mən indiyə qədər sənin yaşda belə cəsarətli uşaq görməmişəm”. Ondan sonra heç kəsin mənə bir söz deməyə cürəti çatmırdı”.

O vaxtlar tutulub şəhid olan şəxslərdən biri də yuxarıda haqqında danışılan Hacı Süleyman xan idi. Mən (müəllif) onun şəhid olmasının təfsilatını şəxsən araşdırmışam və bunu cənab Kəlimdən necə eşitmişəmsə, eləcə də burada yazıram. Cənab Kəlim deyirdi: “Hacı Süleyman xanın şəhid olduğu gün mən Tehranda bir məclisdə idim. Mirzə Əbdül-Məcid və Tehran əyanlarından bir çoxu da həmin məclisdə iştirak edirdi. Nizamül-üləma Hacı Molla Mahmud həmin məclisdə kələntərə üzünü tutub dedi: “Süleyman xanın necə öldürüldüyünü danış!” Kələntər kəndxuda Mirzə Tağıya işarə edərək söylədi: “Bu şəxs Süleyman xanı məhbəsdən qətlə yetirildiyi yerə aparıb”. Məclis iştirakçıları Mirzə Tağıdan xahiş etdilər ki, hadisəni danışsın. Mirzə Tağı dedi: “Hökumət mənə əmr etmişdi ki, doqquz dənə şam hazırlayım. Sonra Süleyman xanın bədənində doqquz deşik açıb həmin şamların hərəsini bir deşiyə qoyum. Nasirəddin şah Hacibüd-dövləyə tapşırmışdı ki, Süleyman xana qarşı irəli sürülən ittihamı ətraflı şəkildə araşdırsın, əgər təsdiq olunarsa, onu Həzrət Baba məhəbbətdən əl çəkməyə vadar etmək üçün hər cür səylər göstərsin, bundan imtina edərsə, onu istədiyi şəkildə qətlə yetirsin. Süleyman xan demişdi ki, məni şamacin edin, təbil və şeypurla bazarda gəzdirin, axırda da bədənimi şaqqalayın. Onun istəyi bütünlüklə həyata keçirildi. Bədəninin hər şaqqası yeni darvazanın bir tərəfindən asıldı”. Mirzə Tağı xan bir qədər duruxub sözünə davam etdi: “Şamları gətirib onun bədəninə daxil etmək istədik. Onun bədənini deşəndə cəlladın əli titrəməyə başladı. Süleyman xan bıçağı cəlladın əlindən alıb öz bədəninə batırdı və deşik açdı. Sonra da cəllada müraciətlə dedi: “Niyə əlin əsir, mənim bədənimi belə deş!” Mən qorxdum ki, birdən Süleyman xan məmurlara və fərraşlara hücum edər. Ona görə işarə etdim ki, onun əllərini arxadan bağlasınlar. Süleyman xan söylədi: “Mən haranı deyirəmsə, oranı da deşin”. Süleyman xanın istəyinə uyğun olaraq, iki şam onun sinəsində, iki şam çiyinlərində, bir şam boynunun aşağısında, dörd şam da kürəyində yandırıldı. Camaatın hay-küyü və yaralardan süzülən qan onu qətiyyən narahat etmirdi, dözüm və dəyanətlə ətrafa baxırdı. Şamacin qurtardıqdan sonra Süleyman xan yerindən durdu və sərv kimi uca qaməti ilə getməyə başladı. Camaatın arasından keçərkən, hər bir neçə addımdan sonra dayanır və camaata üz tutub deyirdi: “Allaha şükür ki, könlümün arzusuna yetişdim, şəhidlik tacımı başıma qoydum. Görün, Həzrət Babın məhəbbəti mənim qəlbimdə necə atəş yandırıb, Onun qüdrətli əli necə öz fədailərini fədakarlıq meydanına göndərir!” Yanıb qurtarmaqda olan şamlardan biri Süleyman xanın diqqətini cəlb etdi və o, uca səslə dedi: “Mənim qəlbimdə bu atəşi yandıran Şəxs kaş burada olaydı və məni görəydi:

Daim bizi yandırmaq istəyində olan kəs

Kaş gəlib uzaqdan tamaşa edəydi!

Elə düşünməyin ki, mən bu dünyanın şərabından məst olmuşam. Bənzərsiz Məhbubun məhəbbəti mənim bütün vücudumu bürüyüb, ruhuma hakim kəsilib, mənə bu gücü və qüdrəti bəxş edib. Bütün sultanlar və hökmdarlar belə bir neməti arzulayırlar və mənim halıma qibtə edirlər”. Bir qədər keçdikdən sonra o, sədaqət və məhəbbətini bütün gücü ilə nümayiş etdirən bir şövqlə fəryad çəkib söylədi: “Keçmiş zamanlarda Həzrət İbrahim Xəlili atəşə atdıqları vaxt O, Tanrıya uz tutub xahiş etdi ki, Onun musibətini azaltsın, ruhunu və könlunu şad eyləsin. Buna görə də qeybdən bu Səda eşidildi: “Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol!” (Ənbiya surəsi, 69-cu ayə). Lakin mən Süleyman xan yanan qəlbimin dərinliklərindən gələn bir fəryadla deyirəm: “Xudaya, Xudaya, Öz məhəbbətinin atəşini daim mənim qəlbimdə alovlandır! Qoy mənim bütün vücudum Onun oduna yanıb külə dönsün!” Mirzə Tağı bir qədər də sözünə ara verdi. Sonra isə dedi: “Mən Süleyman xanın dediyi bütün sözləri söyləyə bilmirəm, onun kəlmələrinin insanlara təsirini təsvir etməkdə acizəm. Bazara daxil olanda, xəfif yel onun bədənindəki şamları daha da alovlandırdı. Şamlardan biri yanıb qurtarmaqda idi. Onun şöləsi yaraya çatmışdı və Süleyman xanın ətini yandırırdı. Bu, Süleyman xanın aşiqanə şövqünü daha da artırdı və o, şama müraciətlə dedi: “Ey yanar şam, axır ki, qurtardın, gücünü itirdin, sənin hərarətin daha mənə təsir göstərmir. Amma nə qədər bacarırsansa, çalış, çünki mən sənin şölənin dilindən müjdə eşidirəm, qulağıma bir səda yetişir. Həmin səda məni Məhbubun yanına çağırır və qəlbimdə Onun məhəbbətini daha da artırır!” Süleyman xan camaatın arası ilə elə gedirdi ki, sanki qalib gəlmiş sərkərdə öz qoşununun içərisi ilə irəliləyirdi. Onun şölələnən bədəni sonsuz zülmətdə parlayan bir çıraq kimi işıq saçırdı. Edam yerinə çatanda o, üzünü camaata tutub dedi: “Siz hamınız bilirsiniz ki, bu Süleyman hansı cah-cəlala malik idi. Bəs niyə düşünmürsünüz ki, o, nədən ötrü bütün bu cah-cəlaldan əl çəkir və şəhidlik meydanına tələsir?! Bu, yalnız bənzərsiz Məhbuba olan məhəbbətdəndir!” Sonra o, İmamzadə Həsənə tərəf çevrilib ərəbcə bir neçə kəlmə dedi, mən onların mənasını başa düşmədim. Daha sonra cəllada işarə etdi ki, öz işinə başlasın. Cəllad onu şaqqaladığı zaman o, nə qədər ki, canı bədənində idi, öz Məhbubunu mədh edib dua oxuyurdu”. Mirzə Tağının hekayəti məclis iştirakçılarına çox güclü təsir bağışladı. Bu hekayəti eşidən Nizamül-üləma Mahmudun bədəni əsdi və o, qeyri-ixtiyari olaraq dilləndi: “Necə də qəribə Əmrdir!” O daha bir söz söyləməyib yerindən qalxdı və məclisi tərk etdi”.

Bu ildə şəhid olmuş şəxslərdən biri də mübarək Əmrin tarixində “Tahirə” adı ilə tanınan igid və şücaətli bir qadındır. Onun tərcümeyihalının bir çox məqamlarını əvvəllər yazmışıq. Tehranda yeddi şəhidin hadisəsi baş verən zaman Həzrət Tahirə tutulub kələntərin evində dustaq edildi. Tehran əyanlarının xanımları tez-tez onun yanına gəlir və onun hüzurundan bəhrələnirdilər. Hamısı da onun vurğunu idilər. Həzrət Tahirə şəhid olduğu vaxta qədər kələntərin evində qalmışdı. Onun şəhid olmasının tarixçəsini kələntər Mahmud xanın zövcəsi özünün bəzi rəfiqələrinə danışmışdır. Mən də həmin tarixçəni olduğu kimi onun dilindən qələmə alıram:

“Bir gecə Həzrət Tahirə məni yanına çağırdı. Gedib gördüm ki, əməlli-başlı bəzənib, ağ ipəkdən paltar geyinib. Otağı xoş ətir iyi bürümüşdü. Mən bu mənzərəni görüb bərk təəccübləndim. Tahirə mənə dedi: “Mən özümü Məhbubumla görüşə hazırlamışam. Siz də mənim əziyyətimdən qurtulacaqsınız”. Bunu eşitdikdə bədənim əsdi, ondan ayrılacağımı düşünüb ağlamağa başladım. O, məni sakitləşdirərək dedi: “Ağlama! Mən səndən bir neçə şeyi xahiş etmək istəyirəm, çünki mənim şəhidliyim üçün müəyyən edilmiş vaxt yaxınlaşmaqdadır. Səndən xahiş edirəm ki, oğlunu mənimlə birlikdə göndərəsən, qoy o, mənim öldürüldüyüm anda orada olsun. Xüsusən ona tapşır ki, məni şəhid edən şəxslərə paltarımı əynimdən çıxarmağa imkan verməsin. Həm də onlara desin ki, öldürüldükdən sonra məni bir quyuya atsınlar, üstünü də torpağla və daşla doldursunlar. Mənim qətlimdən üç gün sonra sənin yanına bir qadın gələcək, indi sənə verəcəyim bağlamanı ona verərsən. Başqa bir xahişim budur ki, bu andan etibarən heç kəsi mənim otağıma buraxma, ölüm saatı yetişənə qədər heç kəsin mənim diqqətimi yayındırmasına, fikirlərimi dağıtmasına imkan vermə. Mən namaz qılmaqla məşğul olacağam. Oruc tutmaq niyyətim də var. Və Məhbubumun hüzuruna yetişənə qədər oruçumu pozmayacağam”. Sonra xahiş etdi ki, qapını arxadan qıfıllayım. Daha sonra dedi: “Ayrılıq zamanı çatanda qapını döyəcəyəm. Həm də səndən xahiş edirəm, düşmənlər özləri mənim ölüm xəbərimi yayana qədər, bu xəbəri hamıdan gizli saxla!” Mən otağın qapısını qıfıllayıb öz otağıma qayıtdım. Qəmgin və kədərli halda yatağıma uzandım. Yuxum qaçmışdı. Onun şəhidliyinin yaxınlaşması xəbəri mənə rahatlıq vermirdi. Allaha üz tutub ondan ötrü dua edirdim.

Həmən gecə və səhərisi gün bir neçə dəfə qalxıb yavaşca onun otağının qapısına yaxınlaşdım. Səssizcə qapının arxasında dayandım. Məqsədim onun dualarını eşitmək idi. Həzrət Tahirə şirin bir ahənglə öz Məhbubu ilə dərdləşirdi. Xülasə, günəş qürub edəndən dörd saat sonra qapımız döyülməyə başladı. Tez oğlumun yanına gedib Həzrət Tahirənin xahişlərini ona çatdırdım. O, həmin xahişləri yerinə yetirəcəyinə söz verdi. Təsadüfən ərim evdə yox idi. Oğlum qapını açdı və dedi: “Sərdar Əziz xanın fərraşlarıdır, Həzrət Tahirəni aparmağa gəliblər”. Bu xəbər məni sarsıtdı. Həzrət Tahirənin otağına yaxınlaşıb əlim titrəyətitrəyə qapının qıfılını açdım. Gördüm ki, Həzrət Tahirə çadrasını başına salıb getməyə hazırdır. Mən içəri girəndə o, otağın ortasında gəzişirdi. Məni görən kimi, mənə tərəf gəldi, məni öpüb öz sandıqçasını açarı ilə birlikdə mənə verdi və dedi: “Bu sandıqcanı yadikar olaraq sənə bağışlayıram. Hər dəfə onu açıb oradakı şeyləri görəndə, məni xatırlayarsan”.

Sonra o, mənimlə xudahafizləşib oğlumla bərabər yola düşdü. Mən gözdən itənə qədər onun arxasınca baxdım. Allah bilir ki, o zaman mən nə halda idim. Həzrət Tahirə sərdarın göndərdiyi ata minib oğlumla və fərraşlarla birlikdə yola düzəldi. Üç saatdan sonra oğlum gəlib çıxdı. Gözlərindən yaş axıdır, sərdara və onun fərraşlarına lənət yağdırırdı. Onu yanımda əyləşdirib nə baş verdiyini soruşdum. Oğlum dedi: “Ana, mən gözümlə gördüklərimi təsvir etməkdə acizəm. Onu deyə bilərəm ki, buradan şəhərin kənarında yerləşən Baği-İlaniyə getdik. Sərdar, onun mühafizəçiləri və əsgərləri orada eyş-işrətlə məşğul idilər, qəhqəhələri və gülüş səsləri göyə ucalırdı. Biz bağın qapısına çatanda, Həzrət Tahirə atdan düşüb mənə dedi: “Mən sərdarla üz-üzə gəlmək istəmirəm. Sən onunla mənim aramda vasitəçi ol. Bildiyimə görə, onlar məni boğmaq istəyirlər. Mən bunun üçün qabaqcadan bir ipək dəsmal hazırlamışam. Onu sənə verirəm və xahiş edirəm, gedib o sərxoşu razı salasan ki, məni bu dəsmalla boğsunlar”. Mən sərdarın yanına getdim. Gördüm ki, o, bərk sərxoşdur. Məni görən kimi qışqırıb dedi: “Bizim əhvalımızı pozma, kefimizə soğan doğrama! Get de, o bədbəxt qadını aparıb boğsunlar və bir quyuya atsınlar!” Mən bu sözləri və bu göstərişi eşidib heyrətə düşdüm. Gördüm ki, daha danışmaq yeri deyil. Odur ki, sərdarın mühafizəçilərindən tanıdığım iki nəfərə yaxınlaşdım və Həzrət Tahirənin dəsmalını onlara verdim. Həmən iki nəfər Həzrət Tahirənin istədiyi kimi hərəkət elədilər: özünün verdiyi dəsmalı boğazına dolayıb onu boğdular. Mən tez bağbanın yanına getdim və ondan Həzrət Tahirənin cəsədini dəfn etmək üçün bir yer istədim. Bağban dedi: “Biz təzə quyu qazmışıq, hələ axıra çatmayıb. Bu məqsəd üçün yaxşıdır”. Dərhal başqaları ilə köməkləşib Həzrət Tahirənin cəsədini həmən quyuya atdım və onu özünün dediyi kimi, torpağla və daşla doldurdum. Sonra sərdarın adamları onların məmləkətini əbədi nurla şərəfləndirmiş müqəddəs bir şəxsin pak cəsədini torpağın və daşın altında qoyub heç nə olmamış kimi çıxıb getdilər”. Mən oğlumun danışdıqlarını dinləyib ağlamağa başladım və huşumu itirib yerə yıxıldım. Özümə gələndə gördüm ki, oğlum da üzüqoylu yatağına düşüb ağlayır. O, mənim çox təsirləndiyimi görüb dedi: “Ağlama, ana! Atam sənin ağlamağını görsə, öz məqamını və rütbəsini qorumaq üçün bizdən üz döndərə, bizimlə əlaqəsini kəsə bilər, şahın yanında məni və səni ittiham edər. O zaman biz qaniçənlərin əlinə düşərik və şah bizim edam olunmağımıza fərman verər. Madam ki, biz babi deyilik, Həzrət Babın Əmrinə iman gətirməmişik, nə üçün özümüzü təhlükəyə atmalıyıq?! Biz yalnız Həzrət Tahirəni böhtanlardan müdafiə etməyə və onun məhəbbətini qəlbimizdə gizli saxlamağa çalışmalıyıq”. Oğlumun bu sözləri mənim həyəcanımı sakitləşdirdi. O zaman Həzrət Tahirənin mənə bağışladığı mücrünü açdım. Orada bir kiçik ətir şüşəsi, bir təsbeh, mərcan bir boyunbağı və firuzə, əqiq və yaqut qaşlı üç üzük vardı.

Bu hadisədən üç gün sonra bir qadın gəlib Həzrət Tahirənin əmanətini məndən aldı. Mən həmin qadını o vaxta qədər görməmişdim, ondan sonra da görmədim. Həzrət Tahirə şəhid olan zaman 36 yaşında idi”.

Həzrət Tahirənin əsil adı Fatimə idi, ataanası onu bu adla çağırardılar. Günyəsi Ümmüssəlmə, ləqəbi Zəkiyyə idi. Həzrət Tahirə hicri 1233-cü (1817/18-ci) ildə, yəni Həzrət Bəhaullahla eyni ildə anadan olmuşdu. Həzrət Tahirənin şəhid olmasının qısa tarixçəsi belədir. Yəqin ki, gələcək tarixçilər onun həyatını daha kamil şəkildə araşdıracaqlar və onun öz həmvətənlərinin azadlığı yolunda göstərdiyi xidmətləri tam şəkildə işıqlandıracaqlar. Gələcək möminlər onun rəftarından bir nümunə kimi öyrənməli, əsərlərini və yazılarını toplamalı, onun adını əbədi yaşatmaq üçün əllərindən gələni etməlidirlər.

Həmin ildə şəhid olmuş şəxslərdən biri də vəhy katibi Seyyid Hüseyn Yəzdidir. O, Maku və Çehriq həbsxanalarında Mübarək Hüzurda olmuşdu. Buna görə də Həzrət Babın Əmrinin müddəaları və sirləri barədə geniş məlumata malik idi. Həzrəti-Əla Yəhya Əzələ yazdığı məktubda buyurmuşdu ki, bilmədiyi şeyləri ilahi elmin cövhərinin daşıyıcısı olan Seyyid Hüseyn Katibdən soruşub öyrənsin. Həzrəti-Əlanın şəhid olduğu gün vəhy katibi şəhidlik şərbətini içə bilməmişdi. Ona görə də daim gözləyirdi ki, bir gün canını Məhbubun yolunda fəda etsin. Həmin il o, tutularaq, bir müddət Siyahçalda saxlandı. Həzrət Bəhaullah hər ay ona ehtiyacı olan şeyləri göndərirdi. Nəhayət, onun şəhidlik günü gəlib yetişdi. Mən onun şəhid olmasının tarixçəsini təfsilatı ilə yazmaq istəmirəm. Qısaca onu deyə bilərəm ki, Həzrət Tahirəni qətlə yetirmiş sərdar Əziz xan Həzrət Babın vəhy katibini də şəhid etmişdir.

Həzrət Bəhaullahla birlikdə Siyahçalda olmuş digər şəxslər barədə mən Onun Öz dilindən aşağıdakıları eşitmişəm: “Həmən il şəhid olmuş şəxslər mənimlə birlikdə Siyahçalda dustaq idilər. Bu zindanın havası son dərəcə ağır və üfunətli, torpağı rütubətli və çirkli idi, özü də müxtəlif ziyanlı həşəratlarla dolu idi. İçərisi tamam qaranlıq idi, günəş işığı əsla ora düşmürdü. Bizim hamımızı bir yerə salmışdılar. Ayağımız zəncirdə, boynumuz boyunduruqda idi. Üzbəüz iki sırada oturmuşduq. Hər gecə dan yeri ağararkən zikr edirdik. Birinci sıra uca səslə deyirdi: “De, Allah hər şeydən yetərlidir!” İkinci sıra cavab verirdi: “Təvəkkül edənlər də yalnız Allaha təvəkkül etsinlər!" (İbrahim surəsi, 12-ci ayə). Zindan şahın sarayına yaxın idi. Möminlərin zikrinin sədası Nasirəddin şaha çatırdı və o, qorxu içində soruşurdu: “Bu nə səsdir, kimin sədasıdır?!” Deyirdilər ki, Siyahçalda məhbus olan babilərin zikrinin sədasıdır. Bir gün Nasirəddin şahın adından məhbuslara qoyun ətindən bişirilmiş çoxlu kabab göndərilmişdi. Hamı mənim icazəmi gözləyirdi. Mən bildirdim ki, əshabələr kababa əl vurmasınlar. Hamı itaət göstərdi, bircə Seyyid Hüseyn Qumidən başqa. Zindan məmurları bu hadisədən xoşhal oldular, çünki o, mənim sözlərimdən sonra həmin kababdan yemişdi. Hər gün fərraşlar gəlib əshabələrdən bir-iki nəfərin adını çəkir və onları şəhidlik meydanına aparırdılar. Zəncir boyunlarından açılan kimi onlar hədsiz sevinclə mənim yanıma gəlirdilər. Mən onlara Mələkut Aləmində ilahi nemətlərin müjdəsini verirdim. Sonra onlar digər əshabələrlə bir-bir qucaqlaşıb vidalaşır və fədakarlıq meydanına tələsirdilər. Fərraşlar onların hər birinin fədakarlığı barədə bizə danışırdılar. Hamı sevinc içərisində idi, Tanrıya şükr edirdi. Zindan müsibətləri heç kəsi ruhaniyyətdən uzaqlaşdıra bilmirdi. Bir gecə dan yeri ağarmaqa az qalmış yuxudan oyandım. Mənimlə görüşmək üçün Kazımeyndən Tehrana gələn, lakin tutulub Siyahçala salınan və indi mənimlə bir zəncirdə olan Əbdül-Vəhhab Şirazi də yuxudan oyanıb dedi: “Yuxuda gördüm ki, ucu-bucağı görünməyən nurlu bir fəzada hədsiz sevinc və rahatlıq içərisində hara istəyirəmsə, uçuram”. Mən dedim: “Bu yuxunun yozumu odur ki, bu gün səni şəhid edəcəklər, sən səbrli və dözümlü olmalısan”. O, çox sevindi. Bir neçə saatdan sonra cəllad gəlib onun boynundan zənciri açdı. Əbdül-Vəhhab bütün dostlarla vidalaşdı, sonra mənim yanıma gəldi, məni bərk-bərk qucaqlayıb bağrına basdı. Onun üzündə heç bir iztirab əlaməti yox idi. Mən onu səbrli və şücaətli olmağa səslədim. O, fədakarlıq meydanına yollandı. Sonradan cəllad onun şəhidlik anlarında göstərdiyi igidliyi mənə danışdı. Mən Tanrıya şükr edib dedim: “Gör Həzrət Babın əshabələri necə fədakarlıq göstərirlər ki, hətta cəllad da onları tərifləməli olur”. Bu qədər günahsız adam öldürüldükdən sonra da Nasirəddin şahın anasının qəzəbi soyumadı. O daim ağlayıb qışqırır, saray əyanlarını məzəmmət edib deyirdi ki, gedin Həzrət Bəhaullahı öldürün, oğlumun başına gələn qəziyyənin əsil təhrikçisi və səbəbkarı Odur, başqaları yalnız alətdir, oğlumun həqiqi düşməni Odur; Onu öldürməsəniz, mənim ürəyim sakitləşməyəcək, məmləkət də rahatlıq tapmayacaq”.

Bütün bunlara baxmayaraq, son nəticədə şahın anası bu arzusunu özü ilə qəbrə apardı. Həzrət Bəhaullah həbsdən azad oldu, necə deyərlər, quyudan çıxıb Aya ucaldı. O zaman hökumət məmurları Həzrət Babın tərəfdarlarını axtarmaqda davam edirdilər. Onlar Süleyman xanın nökəri, mömin və şücaətli bir gənc olan Abbası hədələyib məcbur etdilər ki, fərraşlarla Tehranın küçə və bazarlarını gəzsin və Həzrət Babın tərəfdarlarını onlara göstərsin. Abbas əlacsız qalıb babilərin əvəzinə başqa şəxsləri göstərirdi. Məmurlar həmin biçarələri tutub aparırdılar. Onlar da mömin olmadıqları üçün peşmanlıq izah edir və müəyyən cərimə ödədikdən sonra azad olunurdular. Getdikcə iş o yerə çatdı ki, məmurlar harada bir sərvət sahibi görürdülərsə, Abbasdan onu babi kimi qələmə verməyi tələb edirdilər. Abbas imtina edəndə, onu məcbur edirdilər və bu yolla adamlardan iri məbləğdə pul qoparırdılar.

Şahın anası Həzrət Bəhaullahın qətlində israr etdiyi üçün Abbası bir neçə dəfə Siyahçala aparmışdılar və Həzrət Bəhaullahı ona göstərib demişdilər ki, əgər Onu babilər arasında görmüşdürsə, söyləsin. Abbas hər dəfə Mübarək Hüzura gələndə bir neçə dəqiqə Həzrət Bəhaullahın üzünə baxır, sonra da deyirdi: “Yox, mən Onu indiyə qədər görməmişəm və tanımıram”. Bədxahlar bu yolla məqsədlərinə çata bilmədikləri üçün Həzrət Bəhaullahı zəhərləyib öldürmək istədilər. Bir neçə dəfə zindan məmurları şam və nahar vaxtı Həzrət Bəhaullah üçün evdən gətirilən yeməyə zəhər qatdılar, lakin yenə də məqsədlərinə yetişmədilər. Belə ki, zəhər Həzrət Bəhaullahı həlak etmədi, uzaq başı onun cismini bir qədər zəiflətdi. Zəhərdən də bir şey çıxmadığını gördükdə, onlar şahın anasını sakitləşdirmək üçün bu qərara gəldilər ki, Şeyx Əli Əzimi şaha qarşı sui-qəsdin əsas səbəbkarı kimi təqdim etsinlər. Elə bu ittihamla da onu ağır əzablara düçar edib qətlə yetirdilər.

Rus konsulu bütün bu hadisələri izləyirdi və Həzrət Bəhaullahın həbs olunmasından xəbərdar idi. O, baş vəzirə sərt bir məktub göndərdi, ondan tələb etdi ki, rus konsulunun və İran hökumətinin nümayəndələri tərəfindən Həzrət Bəhaullah haqqında mükəmməl istintaq aparıl*sın, sorqusualın nəticələri bir kağıza yazılsın və həmin Möhtərəm Məhbus barədə qəti hökm çıxarılsın. Baş vəzir konsulun nümayəndəsinə söz verib dedi ki, yaxın gələcəkdə bu iş həyata keçiriləcək. Müəyyən olunmuş vaxtda rus konsulunun nümayəndəsi, Hacibüd-dövlə və hökumətin nümayəndəsi birlikdə Siyahçala getdilər. Onlar əvvəlcə cənab Əzimi çağırıb bu işin əsil təhrikçisinin və əsas rəhbərinin kim olduğunu soruşdular. Cənab Əzim dedi: “Babilərin rəhbəri həmən Seyyid Həzrət Bab idi ki, onu Təbrizdə çarmıxa çəkdiniz. Mən özüm necə müddət idi ki, Seyid Babın intiqamını almaq fikrini beynimdə gəzdirirdim. Əsil təhrikçi mən özüməm. Şahı atdan salmağa çalışan Sadiq Təbrizi şirniyyatçı şagirdindən başqa bir kəs deyildi—şirniyyat bişirib satardı. İki il olardı ki, o, mənim nökərim idi. O, öz ağasının qisasını almaq istəyirdi, amma buna müvəffəq olmadı”. Əzimin bu etirafını eşitdikdə, konsulun və hökumətin nümayəndələri həmin etirafı yazıb Mirzə Ağa xana təqdim etdilər. Bunun nəticəsində Həzrət Bəhaullah həbsdən azad olundu, cənab Əzim isə üləmalara təslim edildi. Onlar hamısı onun qətlinə fitva verdilər. Bircə imamcümə Mirzə Əbülqasim bu fitvanı verməkdə tərəddüd göstərdi. Məhərrəm ayı yaxınlaşdığı üçün Hacibüd-dövlə üləmalara tapşırdı ki, cənab Əzimin qətlini sürətləndirsinlər. Bir gün Hacibüd-dövlə imamcümə ilə birlikdə bütün üləmaları yanına çağırdı. Əzimi də gətirdilər. İmamcümə hələ də fitva verməkdə tərəddüd göstərirdi. Amma Hacibüd-dövlə hiylə ilə Əzimin qətl fitvasını ondan aldı. Əvvəlcə zalım bir seyyid əlindəki əsanı var gücü ilə cənab Əzimin başına çırpdı. Camaat hər tərəfdən hücum çəkib ona daşkəsək atır, onu söyüb lənətləyirdi. Axırda xəncər və qılıncla onun bədənini parça-parça etdilər. Bu hadisədən sonra Həzrət Bəhaullaha bəraət verildi və O, həbsdən azad olundu.

Bu hadisələr zamanı şəhid olmuş şəxslərdən biri də “Pərpa” ləqəbi ilə tanınan Hacı Mirzə Cani Kaşani idi. Vəzir onun edam olunmasını istəmədiyi üçün məmurlar onu gizli şəkildə qətlə yetirdilər.

Nasirəddin şah Həzrət Bəhaullahın Mazandarandakı bütün mülklərini və əmlakını ələ keçirdi. Oradakı bir çox möminlər zalımların zülmünə məruz qaldılar. O cümlədən, Nur bölgəsindəki vəfalı əshabələrdən ikisi—Məhəmməd Tağı xan və Əbdül-Vəhhab qətlə yetirildilər. Bədxahların xəbərçiliyi və düşmənlərin pozuçu hərəkətləri şahın həbsdən qurtulduqdan sonra Həzrət Bəhaullaha qarşı qəzəblənməsinə səbəb oldu. Bədxahlar Mirzə Yəhyanın nadanlığından istifadə edirdilər, o nadan da mənsəb və məqama çatmaq ümidi ilə bədxahlarla əlbir olmuşdu. Məhz onun köməyi ilə Həzrət Bəhaullah barədə şaha dəhşətli xəbərlər çatdırılırdı. Nasirəddin şah baş vəziri möhkəm danladı ki, nə üçün məmləkətin təhlükəsizliyinə bu qədər başdansovdu yanaşır və fitnə-fəsadın kögünü kəsmir. Baş vəzir bu məzəmmətdən mütəəssir olub şahın dediklərini yerinə yetirmək qərarına gəldi. Şah ona əmr etdi ki, dərhal Nur bölgəsinə böyük qoşun göndərsin və oradakı qarışıqlığa son qoysun. Baş vəzir çarəsiz qalıb Əli xan Şahsevənin başçılıq etdiyi şahsevən əsgərlərini Takor kəndinə göndərdi, onlara rəhbərliyi isə öz əmisi oğlu Mirzə Əbu Talibə həvalə etdi. Mirzə Əbu Talib Həzrət Bəhaullahın anadan ayrı olan qardaşı Mirzə Həsənin qohumu idi. Baş vəzir ona tapşırdı ki, Takor camaatı ilə yaxşı rəftar etsin, öz bacısını və bacısının əri Mirzə Həsəni incitməsin. Eyni zamanda Hüseynəli xana gizli tapşırıq verdi ki, Mirzə Əbu Talibin hərəkətlərinə göz qoysun və onun özbaşınalıq etməsinə imkan verməsin. Mirzə Əbu Talib Takora çatan kimi baş vəzirin göstərişlərinin əksinə olaraq, ümumi qarətə başlamağı əmr etdi. Hüseynəli xanın və Mirzə Əbu Talibin bacısının əri Mirzə Həsənin buna mane olmaq cəhdləri bir nəticə vermədi. Mirzə Əbu Talib deyirdi: “Şah mənə əmr edib ki, bütün kişiləri öldürüm, qadınları əsir götürüm və evləri yerləyeksan edim. Yalnız Mirzə Həsənin evinə pənah aparan qadınlara toxunulmayacaq”. Xülasə, Takor əhalisi nələri vardısa, qoyub dağlara və düzlərə qaçdılar. Mirzə Əbu Talib taraca başlamaq əmri verdi. Həzrət Bəhaullahın evini dağıdıb evin tavanını uçurdular, evdə olan bütün qiymətli şeyləri götürdülər, götürə bilmədiklərini də sındırıb zay etdilər. Sonra camaatın evlərini qarət edib yandırdılar və yerləyeksan etdilər. Mirzə Əbu Talib daha əsir etmək üçün bir adam tapmadıqda, ətrafı axtarmağa başladı. Bir çox çobanları və qaçmaq iqtidarında olmayan qocaları tutdular, onların bəzilərini qətlə yetirdilər. Əsgərlər axtarış zamanı dağın ətəyindəki su quyusunun yanında uzaqdan silah parıltısı gördülər. Su quyusunun yanında iki nəfərin yatdığını aydınlaşdırıb onlara atəş açdılar. Bunlardan biri—Əbdül-Vəhhab dərhal canını tapşırdı. İkincisi—Məhəmməd Tağı xan isə yaralandı. Mirzə Əbu Talib əmr etdi ki, onun yarasına məlhəm qoysunlar. O, Məhəmməd Tağı xanı özü ilə Tehrana aparmaq və belə bir igidi əsir tutması ilə öyünmək istəyirdi. Lakin onun bu arzusu ürəyində qaldı, belə ki, iki gündən sonra Məhəmməd Tağı xan vəfat etdi. Qalan əsirləri Tehrana aparıb Siyahçalda dustaq etdilər. Müqəddəs şəxslərdən biri olan Molla Əlibaba və bir çox başqaları Siyahçalda dünyalarını dəyişdilər. Növbəti il Mirzə Əbu Talib taun xəstələyinə tutuldu. Onu Şemirana apardılar. Bütün qohumları və dostları ondan üz döndərdilər. Yalnız Mirzə Həsən onu tək buraxmırdı və Nurdakı qarətlər zamanı ondan hədsiz təzyiq və təkəbbür görsə də,onun yaralarına məlhəm qoyurdu. Bir gün baş vəzir onu görməyə gəldi, onun tənha və kimsəsiz qaldığını müşahidə etdi. Təkcə Mirzə Həsən onun yastığının yanında əyləşmişdi. Beləcə Mirzə Əbu Talib həsrət və təəssüf içərisində bütün arzularını özü ilə qəbrə apardı.

Tehranda və Mazandaranda başlayan fitnə-fəsad dalğası bütün İrana yayıldı, xüsusən Yəzddə və Neyrizdə fitnə tonqalı daha şiddətlə alovlandı. Hökumət məmurları şahı razı salmaq və sərvət qazanmaq məqsədilə kimi görürdülərsə, “babi” adlandırır və ondan böyük məbləğdə cərimə alırdılar. Neyrizdə və onun ətrafında daha böyük qarışıqlıq yaranmışdı. Neyrizdə Mirzə Əli adlı bir gənc vardı. O, fəqir-füqəraya, Həzrət Vəhidin şəhid olmuş əshabəlrinin ailəuşağına çox kömək göstərirdi. Hətta qaranlıq gecələrdə yeməklə dolu kisəni çiyninə alıb yoxsul dostlara paylayırdı. Onun ətrafına bir çox adamlar toplaşıb hələ də Neyrizdə olan Zeynalabdin xandan qisas almaq qərarına gəldilər. Onlar “Sərdar” ləqəbi verdikləri Mirzə Əlinin rəhbərliyi ilə hamamda Zeynalabdin xana hücum edib işini bitirdilər. Zeynalabdin xanın zövcəsi hələ Şirazda olan və yenicə Neyriz hakimi təyin edilmiş Mirzə Nəimə müraciət etdi. Ona dedi ki, əgər ərimin intiqamını alsan, bütün qızıllarımı və var-dövlətimi sənə verəcəyəm. Mirzə Nəim Neyrizə gəlib bir çoxlarını həbs etdi, bəzilərini də qətlə yetirdi. Sonra baş vermiş hadisələr barədə baş vəzir vasitəsilə şaha məlumat verdi. Şah ondan razılıq edib fərman verdi ki, məhbusları Tehrana göndərsin. Mən burada bütün hadisələri şərh etmək istəmirəm. Oxuculara Mirzə Şəfi Neyrizinin tarixini oxumağı məsləhət görürəm.

108 nəfər əsir, bir o qədər də yaralı vardı. Onlardan yalnız 28 nəfəri Tehrana çatdırıldı. Tehrana gələn kimi onlardan 15 nəfəri dərhal edam olundu, qalanları isə zindana salındı. İki ildən sonra onların az bir hissəsi zindandan çıxıb vətənə yollandı. Bir neçə nəfər istisna olmaqla, onlar da yolda vəfat etdilər. Şirazda Təhmasib Mirzə bir çox möminləri qətlə yetirdi, onlardan 200 nəfərinin başını kəsib nizələrə taxdı və Tehrana göndərdi. Abadəyə çatanda şahın əmri ilə başları orada dəfn etdilər. Qadınlardan 600 nəfəri həbs etmişdilər. Onlardan 300 nəfəri Neyrizdə saxladılar, qalan 300 nəfəri ikiiki yalın atlara mindirib Şiraza apardılar. Orada bir çoxları öldülər, bir çoxları isə xilas olmazdan əvvəl dəhşətli əzablara məruz qaldılar. Sonda onlar da canlarını tapşırdılar. Qələm bütün bu hadisələri təsvir etməkdə acizdir.

Bir çox müsibətlərdən və Əzimin etirafından sonra dövlətin səlahiyyətli şəxslərinə aydın oldu ki, Həzrət Bəhaullahın şaha sui-qəsd edilməsi əhvalatına heç bir dəxli yoxdur. Baş vəzir Mirzə Ağa xan öz nümayəndəsi Hacı Əlini Siyahçala göndərdi ki, Həzrət Bəhaullahı azad etsin və günahsız olduğunu elan etsin. Hacı Əli Siyahçala gəldikdə, Həzrət Bəhaullahın halını görüb ağlamağa başladı. Həzrət Bəhaullahın ayaqları zəncirə bağlanmış, zəncirin mıxları yerə vurulmuşdu, zəncirin altında boynunun əti yaralanmışdı və o, üfünətli havada çətinliklə nəfəs alırdı. Bütün bunları görən Hacı Əli qışqırıb dedi: “Allah Mirzə Ağa xana lənət eləsin! Heç vaxt inanmazdım ki, o belə bir zülmə yol verər və günahsız bir Şəxsi bu cür incidər”. Sonra o, əbasını əynindən çıxarıb Həzrət Bəhaullahdan xahiş etdi ki, onu geyinsin və vəzirin yanına getsin. Həzrət Bəhaullah buna razı olmadı və məhbus paltarında vəzirin yanına yollandı. Baş vəzir Həzrət Bəhaullahı görən kimi dedi: “Mənim nəsihətimə qulaq asıb Həzrət Baba məhəbbətdən əl çəksəydiniz, bu günə düşməzdiniz”. Həzrət Bəhaullah buyurdu: “Əgər sən də mənim nəsihətimə qulaq assaydın, məmləkəti bu qədər bədbəxtliyə və hərc-mərcliyə düçar etməzdin”. Baş vəzir bir müddət əvvəl onunla Həzrət Bəhaullah arasında olan söhbəti xatırladı və xəçalətli bir halda soruşdu: “Bəs indi Sizin nəsihətiniz nədir? Deyin, yerinə yetirim!” Həzrət Bəhaullah buyurdu: “Təcili olaraq bütün şəhərlərə göstəriş ver ki, Həzrət Babın tərəfdarlarını incitməkdən əl çəksinlər”. Baş vəzir razılaşdı və dərhal belə bir fərman göndərilməsi barədə əmr verdi.

İran hökuməti məsləhətləşmədən sonra Həzrət Bəhaullaha əmr etdi ki, bir ay ərzində İranı tərk edib Bağdada yollansın. Rus konsulu bu xəbəri eşitdikdə, Həzrət Bəhaullahdan xahiş etdi ki, Rusiyaya getsin, Rusiya hökuməti O Həzrəti qəbul edəcəkdir. Həzrət Bəhaullah buna razı olmayıb İraqa.getməyi üstün tutdu və hicri 1269-cu il rəbiüs-sani ayının 1-də (1853-cü ilyanvarın 12-də) Bağdada doğru hərəkət etdi. İran dövlətinin məmurları və rus konsulunun nümayəndələri Bağdada qədər O Həzrəti müşayiət etdilər. Bu zaman Həzrət Bəhaullahın Kərbəla səfərindən qayıdışından doqquz ay vaxt keçmişdi. Həzrət Bəhaullahın Mübarək Ailəsinin üzvləri, o cümlədən Həzrət Əbdül-Bəha, cənab Kəlim və Vərəqeyi-Ülya (Həzrət Bəhaullahın zövcəsi) da onunla birlikdə Bağdada getdilər.

bottom of page