top of page

İyirmi Dördüncü Fəsilin Davamı

Zəncan Hadisələri

Zeynəbin vəfatından sonra onu tanıyan təqribən iyirmi nəfər qadın Həzrət Babın mübarək Əmrinə iman gətirmişdi.

Cənab Hüccət onun göstərişlərini əshabələrə çatdıran müəyyən şəxslər vasitəsilə öz tərəfdarlarına və səngərlərdə olan möminlərə xəbər göndərdi ki, Həzrəti-Əlanın buyuruğuna əsasən hər gecə on doqquz dəfə “Allahu əkbər, Allahu əzəm, Allahu əcməl, Allahu əbha və Allahu əthər” (Allah ən böyükdür, Allah ən əzəmətlidir, Allah ən gözəldir, Allah ən nurludur, Allah ən pakdır!) desinlər. Cənab Hüccətin əmri əshabələrə çatan gecə onlar itaət göstərdilər və bir ağızdan yuxarıdakı cümlələri təkrar etməyə başladılar.Əshabələrin sədası o qədər uca və əzəmətli idi ki, düşmənlər yuxudan ayılıb qorxu içərisində düşərgədən qaçdılar, böyük sürətlə,özlərini hakimin yaşadığı yerə çatdıraraq, qonşuluqdakı evlərdən sığınacaq istədilər. Bir çoxları qorxudan yıxılıb öldülər. Zəncan əhalisini elə vahimə bürüdü ki, çoxu ətraf kəndlərə qaçdı. Camaatın əksəriyyəti belə düşünürdü ki, bu fəryad qiyamət gününün başlanmasının əlamətidir. Bəzilərinə də elə gəlirdi ki, bu qışqırtı cənab Hüccətin öz əshabələrinə əvvəlkindən daha şiddətli hücuma başlamaq əmri verdiyini göstərir.

Cənab Hüccət düşmənlərin həyəcan və iztirabını müşahidə edib buyurdu: “Əgər sevimli Ağamız bizə cihad əmri versəydi, bunlar nə edərdilər?! Bizə müdafiə olunmaq tapşırılıb, cihad etmək yox. Bizə əmr edilib ki, insanların qəlbində məhəbbət və yaxşılıq hisslərini bərqərar edək, hər cür təzyiq və kobudluqdan uzaq olaq. Mənim və əshabələrimin məqsədi budur ki, öz başçımıza və şahımıza itaət göstərək, bütün insanlarla mehriban və dostcasına rəftar edək. Əgər mən Zəncanın digər üləmaları kimi rəftar etmək istəsəydim, elə olardım ki, bu camaat mənə pərəstiş edərdi, canlabaşla itaət göstərərdi. Lakin mən heç vaxt öz Ağamın əmrinin əksinə hərəkət etmərəm. Dünyanın bütün xəzinələrini və sərvətini mənə versələr də, bütün cah-cəlalını mənə bəxş etsələr də, mən heç vaxt öz Aqamın iradəsinin əleyhinə çıxmaram”. Zəncan əhalisi hələ də o gecənin qorxusunu unutmayıb, o hadisələr daim gözlərinin önündə canlanır. Bir şəxs bu barədə belə danışırdı: “O gecə düşmən düşərgəsində qorxu, dəhşət və vahimə hökm sürürdü, qaladakı əshabələr isə dua və münacatla məşğul idilər. Cənab Hüccətin tərəfdarları zikr edib Tanrıdan hidayət və mərhəmət diləyən zaman, onların düşmənləri, yəni qoşun sərkərdələri və tayfa başçıları çirkin işlərlə və alçaq əməllərlə məşğul olurdular. Qaladakı əshabələr aclıq çəksələr də, yolları hər tərəfdən bağlı olsa da, daim dua edir və Həzrət Babın əmrinə uyğun olaraq ayələr oxuyurdular. Amma düşmən düşərgəsindən həmişə gülüş və söyüş səsləri, pis sözlər eşidilirdi. Əshabələrin sədası ucalan gecə bir çox sərkərdələr mey içməklə məşğul idilər. Əshabələrin səsini eşidən kimi onlar qədəhlərini atıb ayaqyalın qaçmağa başladılar. Bir çoxları da başıaçıq və yarıçılpaq halda biyabana üz tutdular. Qaçdıqları zaman onların qumar süfrələri və şərab piyalələri ayaq altında qaldı. Onlar o qədər qorxmuşdular ki, paltarlarını da geyməyə macal tapmadılar. Onların bəziləri üləmaların evlərinə gedib onları yuxudan oyatdılar, sərxoş halda üləmalara qarğış edib dedilər: “Allah sizə lənət eləsin, bu fitnə-fəsadı siz törətmisiniz”. Bir müddətdən sonra düşmənlər əshabələrin fəryadının sirrini anladılar. O zaman onların qorxusu aradan qalxdı və hədsiz xəcalət içərisində hərə öz yerinə qayıtdı. Zabitlər əsgərlərə göstəriş verdilər ki,diqqətli olsunlar, haradan əshabələrin səsi eşidilsə, oranı nişan alıb atsınlar. Bu yolla hər gecə əshabələrdən bir neçəsi şəhid olurdu, amma onlar qorxu nə olduğunu bilmirdilər, başlarına gələn müsibətləri əhəmiyyətsiz sayırdılar. Əshabələrin təkbir sədaları kəsilmirdi, ayələrin və münacatın oxunması onların nəzərində hər cür çətinliyi asanlaşdırırdı, onların sayı nə qədər azalırdısa, səsləri bir o qədər ucadan və kur eşidilirdi. Onlar ölümdən qorxmurdular və daim öz Məhbublarını yad edirdilər.

Döyüşün bu qızğın çağında cənab Hüccət Nasirəddin şaha bir məktub yazdı. Məktubun məzmunu belə idi: “Əlahəzrət padşahın rəiyyətləri öz şahlarını çahanın hökmdarı, dinin və imanın ən böyük himayədarı sayırlar, şahın ədalətinə küvənir və öz hüquqlarının qorunmasında şəxsən şaha ümid bəsləyirlər. Bizim münaqişəmiz birbaşa Zəncan üləmalarına bağlıdır, onun şaha və Zəncan camaatına qətiyyən aidiyyəti yoxdur. Mərhum Məhəmməd şah məni Tehrana çağırıb buyurmuşdu ki, öz əqidəmin düzgünlüyünü sübuta yetirim. Mən də şahın hüzurunda bunu etdim və mərhum şahənşah mənə inayət göstərdi. Mən Zəncandan Tehrana köçdüm. Bu zaman mənim üləmaların yandırdıqları fitnə-fəsad tonqalını söndürməkdən və mənim barəmdə yaydıqları sözsöhbətə son qoymaqdan başqa bir məqsədim yox idi. Mənim Zəncana qayıtmağa icazəm olsa da, Tehranda qalıb padşahın ədalətinə sığınmağı üstün tutdum. Mərhum şahdan sonra, sizin səltənətinizin başlanğıcında Əmir Nizam məni Mazandaran hadisələrində iştirak etməkdə suçlandırıb qətlə yetirmək qərarına gəldi. Tehranda məni qoruyacaq bir kəs olmadığı üçün Zəncana qaçdım və islamın əsil mahiyyətini insanlar arasında yayıb onun şənini ucaltmaqla məşğul oldum. Bu zaman Məcdüd-dövlə mənim əleyhimə çıxdı. Mən bir neçə dəfə onu mənimlə ədalət və insafla davranmağa dəvət etdim, amma o, bunu qəbul etmədi. Həmişə ona yaltağlanan Zəncan üləmaları onu mənim həbsimə təhrik etdilər. Mənim dostlarım da bunun qarşısını almağa çalışdılar. Zəncan hakimi isə camaatı mənim üstümə qaldırdı və beləcə iş gəlib bu yerə çıxdı. Əlahəzrət, siz indiyə qədər zalımların əlində əsir olan biz günahsız şəxslər barədə bir söz deməmisiniz və bizim dadımıza yetməmisiniz. Digər tərəfdən, bizim düşmənlərimiz hər şeyi əlaHəzrətin nəzərinə başqa cür çatdırmağa, bizi səltənətin düşməni və şahın əleyhdarı kimi təqdim etməyə çalışırlar. Halbuki hər bir ədalətli şəxs təsdiq edə bilər ki, biz heç zaman xəyanət fikrində olmamışıq və indi də bu fikirdə deyilik. Bizim məqsədimiz hökumətin və rəiyyətin xeyrinə fəaliyyət göstərməkdir. Mən və mənim tərəfdarlarım Tehrana gəlib şahın hüzurunda düşmənlərimizlə qarşılaşmağa, öz işimizin və məsləkimizin doğruluğunu sübut etməyə hazırıq”.

Bundan sonra cənab Hüccət öz sərkərdələrinə göstəriş verdi ki, hərəsi ayrılıqda şahın hüzuruna məktub yazıb ədalət tələb etsinlər. Məktubları Tehrana çatdırmaq bir şəxsə həvalə olundu. Lakin həmin şəxs yolda ələ keçdi və onu Zəncan hakiminin yanına apardılar. Hakim əshabələrin hərəkətindən hədsiz dərəcədə qəzəblənərək, əmr etdi ki, məktubları cırıb atsınlar və məktubları aparan şəxsi qətlə yetirsinlər. Sonra həmin məktubların əvəzinə cənab Hüccətin və əshabələrin adından söyüş, lənət və qarğış dolu başqa məktublar yazıb Tehrana şahın hüzuruna göndərdilər. Nasirəddin şah həmin məktubları oxuyub o qədər özündən çıxdı ki, iki alay əsgərin toplar və digər döyüş vasitələri ilə birlikdə Zəncana getməsi barədə əmr verdi. Qətiyyətlə tapşırdı ki, Hüccətin tərəfdarlarından bir nəfər də sağ qalmamalıdır.

Həzrət Babın şəhid olması xəbəri Azərbaycandan Qəzvinə gedən katib Seyyid Hüseynin qardaşı Seyyid Həsən tərəfindən cənab Hüccətin qaladakı əshabələrinə çatdırıldı və onların hədsiz kədərinə səbəb oldu. Bu xəbər düşmənlər arasında da yayıldı. Onlar bunu eşidən kimi gülüb qəhqəhə çəkdilər, əshabələri məsxərəyə qoyub təkəbbürlü bir ahənglə dedilər: “Niyə əbəs yerə özünüzü ölümə verirsiniz? Sizin yolunda canınızı fəda etdiyiniz Şəxs öz düşmənlərinin gülləsinə hədəf olub, Cəsədi də yoxa çıxıb. Daha bundan sonra inadkarlıq göstərməyinə dəyməz. Siz yalnız bir kəlmə ilə özünüzü xilas edə, bütün bu müsibətlərdən qurtula bilərsiniz”. Düşmənlər nə qədər belə sözlər dedilərsə də, nəticəsi olmadı. Onlar əshabələrin heç birini mübarək Əmrdən döndərə bilmədilər, hətta ən zəif şəxslər də düşmənlərin təkidlərinə baxmayaraq, qalanı tərk etmədilər. Əmir Nizam daim şahı təhrik edirdi ki, Zəncana əsgər göndərsin. Nasirəddin şah Əmir Tuman Məhəmməd xanı beş alay silahlı əsgərlə qalanı tutmaq və əshabələri öldürmək üçün Zəncana göndərdi. Düşmənlər iyirmi gün müddətində döyüş əməliyyatlarına fasilə verdilər.

Bu arada “Sərdari-küll” adı ilə tanınan Əziz xan Mokri döyüşmək üçün İrəvana doğru gedərkən, Zəncana gəldi və dostu Seyyid Əli xanın qonağı oldu. Ev sahibi öz qonağına cənab Hüccətlə görüşü barədə məlumat verdi. Əziz xan cənab Hüccətin nə etmək fikrində olduğu ilə maraqlandı. Cənab Hüccət ona belə bir xəbər göndərdi: “Zəncan hakimi mənim xahişimə qulaq asmadı. Səndən xahiş edirəm, elə bir iş gör ki, mən öz ailəmlə bu vilayətdən çıxıb gedə bilim. Əgər mənim bu xahişim yerinə yetirilməsə, mən qalada qalıb müdafiə olunmağa məcburam”. Əziz xan danışıqda vasitəçilik edən Seyyid Əli xanı arxayın edib dedi: “Mən əlimdən gələn hər şeyi edəcəyəm ki, səlahiyyət sahiblərini tezliklə bu məsələni həll etməyə vadar edim”. Seyyid Əli xan öz evinə qayıtdıqdan sonra qəflətən Əmir Nizamın fərraşlarından biri içəri daxil oldu və Əziz xana dedi: “Əmir Nizam mənə göstəriş verib ki, Əli xanı həbs et və Tehrana göndər”. Əziz xan qorxuya düşüb hər hansı ittihamdan yaxa qurtarmaq üçün Əmir Nizamın fərraşının yanında Hüccəti pisləməyə və lənətləməyə başladı və bu yolla özünü ölüm təhlükəsindən xilas etdi.

Xülasə, Əmir Tuman Zəncana gəldikdən sonra müharibə alovu ilə elə şölələndi ki, Zəncan əhalisi o vaxta qədər belə bir hadisənin baş verdiyini xatırlamırdı. Əmir Tuman on yeddi süvari və piyada alayı ilə qalaya hücum çəkdi. On dörd top da qalaya doğru tuşlanmışdı. O, ətraf ərazilərdən daha beş alay toplamağa müvəffəq olmuşdu. Əmir Tuman elə Zəncana gəldiyi gecə hücum şeypuru çalmaq barədə göstəriş verdi. Topçulara da əmr etdi ki, qalanı top atəşinə tutsunlar. Topların səsi on dörd fərsəxlik məsafədə də eşidilirdi. Əshabələr qalada özləri iki top düzəltmişdilər. Toplardan birini Əmir Tumanın düşərgəsi ilə üzbəüz hündür bir yerə qoymuşdular. Cənab Hüccət əshabələrə həmin iki topdan istifadə etmək barədə göstəriş verdi. Mərmilərdən biri Əmir Tumanın çadırının yanına düşdü və onun atını ağır yaraladı. Əsgərlər hədsiz qəzəblə qalanı atəşə tutmuşdular. Onlar əmin idilər ki, bu qədər qüvvənin, silahın və təchizatın sayəsində qalanı ələ keçirəcəklər. Lakin bir neçə gündən sonra onların ümidi ümidsizliyə çevrildi və başa düşdülər ki, qalanı tutmaq onlara müyəssər olmayacaq. Hökumət qoşununun sərkərdələrindən biri, Yəhya xanın oğlu və Hacı Süleyman xanın qardaşı Fərrux xan döyüşdə həlak oldu. Əmir Nizam bunu eşidib çox pərişan oldu və hökumət qoşununun baş komandanına tənəli bir fərman göndərdi. Fərmanda deyilirdi: “Sən nə üçün qalanı ələ keçirə bilmədin? Nə üçün qaladakıları qeydşərtsiz təslim olmağa vadar edə bilmədin? Sən bu acizlik və gücsüzlüyünlə bütün məmləkəti rüsvay və bədnam etdin. Bizim qoşunumuzun ən böyük zabitlərini və ən qüdrətli sərkərdələrini ölümə verdin. Bunun nəticəsində əsgərlər öz döyüş ruhlarını və mənəvi güclərini itirmişlər. İndi çalışıb qarışıqlığı nizama çevir, ordudakı bütün pozğun və çirkin əməllərə son qoy! Zəncan şəhərinin böyükləri ilə bu barədə məsləhətləş. Yəqin bil ki, əgər bu vəzifənin öhdəsindən lazımınca gələ bilməsən, dərhal səni işdən azad edəcəyəm. Əgər sənin komandanlığın altında olan o boyda qoşun qalanı tuta bilməsə, əmin ol ki, özüm Zəncana gələcəyəm. Və əmr edəcəyəm ki, kimliyindən və hansı dinə qulluq etməsindən asılı olmayaraq, o şəhərin bütün əhalisini qılıncdan keçirsinlər. Çünki şahın və rəiyyətin rahatlığını pozan bir şəhər şahənşahın inayətinə, mərhəmətinə və məhəbbətinə layiq deyil”.

Əmir Tuman Əmir Nizamın fərmanını oxuyub bir tərəfdən məyus oldu, digər tərəfdən də qəzəbləndi. Şəhərin bütün kəndxudalarını və böyüklərini yığıb Əmir Nizamın fərmanını onlara oxudu və onları ruhlandırmağa çalışdı. Bütün əhali hərəkətə gəldi. Ertəsi gün imkanı olan hər bir kişi Əmir Tumanın ordusuna qoşuldu. Kəndxudaların rəhbərliyi altında nəhəng bir qoşun yola düşdü və qalaya doğru hərəkət etdi. Hökumət qoşunundan dörd alay da təbil və şeypurla onların önündə qalaya hücum çəkdi. Cənab Hüccətin əshabələri bu qoşunun hay-küyünə əhəmiyyət verməyib bir ağızdan “ya Sahib əz-Zaman!” deyə qışqırdılar və qaladan çıxaraq, o nəhəng orduya hücum etdilər. Bu, əshabələrlə hökumət qüvvələri arasında baş vermiş ən şiddətli döyüş idi. Cənab Hüccətin dostları bu döyüşdə çox çətinliklər çəkdilər, çox məşəqqətlərə düçar oldular. Neçə-neçə oğullar analarının gözü qarşısında qətlə yetirildi, neçə-neçə qardaşların başı bacılarının gözü qarşısında düşmən nizəsinə taxıldı. Qadınlar kişilərlə çiyinciyinə düşmənə müqavimət göstərir, fəryad çəkib öz ərlərini dözümə və dəyanətə səsləyirdilər.

Həmən gün qadınların hərəkətləri qeyri-adi nəticələr verdi və əshabələrin qaniçən düşmən qarşısında duruş gətirməsinə mühüm təsir göstərdi. Qadınların fəryadı kişiləri daha şücaətli olmağa həvəsləndirdi. Bir çox qadınlar kişi paltarı geyinib şəhid olanların yerini tutur və müdafiə olunurdular.Bəziləri də su ilə dolu səhənkləri çiyinlərinə alıb döyüşən kişilərə su paylayır, yaralılara kömək göstərirdilər. Bu səbəbdən əshabələr qələbə çaldılar. Düşmən qoşunu məğlubiyyətə uğradı, onun sıraları pozuldu. Onların suyu da qurtarmışdı. Bir yandan da necə deyərlər, özlərini itirmişdilər, məğlub olmuş adamlar kimi vuruşurdular, nə üstün gələ bilirdilər, nə də geri çəkilə bilirdilər. Həmin döyüşdə cənab Hüccətin əshabələrindən təqribən üç yüz nəfəri şəhidlik şərbətini içdi.

Cənab Hüccətin əshabələri arasında Möhsün adlı bir şəxs vardı. Onun misilsiz dərəcədə xoş və yapışıqlı səsi vardı. Möhsün müəzzin idi. O, azan verəndə ətraf kəndlərin camaatı onun səsini eşidir və onun avazının sehrinə düşürdülər. Bir çox müsəlmanlar namaz vaxtı Möhsünün səsini eşidib təsirlənir və öz-özlərinə deyirdilər: “Necə ola bilər ki, Hüccət və onun tərəfdarları kafir olsun?!". Bu məsələ getdikcə yayılaraq, axırda Zəncanın böyük bir müctəhidinin qulağına yetişdi. O, camaatın qarşısını almaqda aciz olduğu üçün Əmir Tumanın yanına şikayətə gedib dedi: “Siz çalışın, bütün vasitələrlə camaatın Hüccət və əshabələri barədə yaxşı fikrə düşməsinə imkan verməyin. Mən gecə-gündüz çalışıb zəhmət çəkərək, Zəncan camaatını inandırmışam ki, Hüccət və onun tərəfdarları peyğəmbərin düşmənidir, islam dininin müxalifidir. Amma bu müəzzin Möhsünün səsi mənim böyük zəhmətimi yerə vurur və şəhər camaatının Hüccət və tərəfdarları barədə yaxşı fikrə düşməsinə səbəb olur. Sizin görməli oldurunuz ən birinci iş bu nacins müəzzini öldürməkdir”. Əmir Tuman əvvəlcə müctəhidin fikirləri ilə razılaşmayıb dedi: “Bu müharibəni başlayan siz və sizin kimilərdir. Sizlər bu işlərə görə məsuliyyət daşıyırsınız. Biz hökumət məmuruyuq, yalnız hökumətin göstərişlərini yerinə yetiririk. Bu işin bizə aidiyyəti yoxdur. Əgər Möhsünü öldürmək istəyirsinizsə, fədakarlıq göstərin”. Müctəhid Əmir Tumanın bu sözlərini eşidib onun məqsədini anladı. Dərhal öz evinə gedib Əmir Tumana yüz tümən peşkəş göndərdi. Əmir Tuman öz mahir atıcılarından bir neçəsinə göstəriş verdi ki, pusquda dayanıb gözləsinlər və Möhsün azan çəkəndə, ona atəş açsınlar. Dan yeri ağaranda Möhsün azan verməyə başladı. Elə “La ilahə illəllah” demişdi ki, ağzına bir güllə dəydi və o, həmin andaca şəhid oldu. Cənab Hüccət düşmənin bu vəhşi əməlindən xəbər tutduqda, göstəriş verdi ki, başqa bir şəxs gedib Möhsünün başladığı azanı axıra çatdırsın. Həmin şəxs azan verdiyi zaman öldürülməsə də, sonralar öz din qardaşları ilə birlikdə hədsiz əzab və əziyyət içərisində şəhidlik şərbətini içdi.

Cənab Hüccət mühasirənin sona yaxınlaşdığını duyub subay gənclərin hər biri üçün nişanlı seçdi və çoxsaylı toy məclisləri təşkil etdi. Bütün toyların xərcini də özü çəkdi. Zövcəsinin cəvahiratını satıb gənclərin toylarına sərf etdi. Toy məclisləri üç ay davam etdi. Bu məclislər düşmənin qalaya hücümundan doğan müxtəlif bəla və müsibətlərlə müşayiət olunurdu. Neçə-neçə bəylər gəlin gərdəyinə daxil olmağa hazırlaşarkən, müdafiəyə yollanmaq məcburiyyətində qalırdı. “Ya Sahib əz-Zaman!” sədası ucalan kimi bəy gəlinin yanından çıxıb düşmənə müqavimət göstərməyə başlayır və şəhid olmağı arzulayırdı. Gəlin öz ərinin şəhid olmağa hazırlaşdığını görüb onun ətəyindən yapışır və deyirdi: “Barı bir neçə dəqiqə gözlə!” Bəy cavab verirdi: “Vaxt yoxdur. Mən gedib əbədi iftixar tacını əldə etməliyəm. Biz bir də əbədiyyət dünyasında görüşəcəyik. Orada daha əzab və əziyyət yoxdur, ayrılıq və hicran mövcud deyil. Ora başdanbaşa cənnətdir və oradakı həyat əbədidir”.

Xülasə, o fəlakətli günlərdə gənclərdən iki yüz nəfəri evləndi. Onlardan bəziləri bir neçə ay, bəziləri bir neçə həftə öz xanımı ilə yaşadı, bəziləri isə bir neçə dəqiqədən artıq bir yerdə olmadı. Onların içərisində eləsi tapılmadı ki, təbil sədasını eşitsin, amma müdafiəyə yollanmasın. Son nəticədə bu müqəddəs şəxslərin hamısı canlarını öz Məhbublarına fəda etdilər və hamılıqla şəhidlik şərbətini içdilər. Buna görə də təəccüblü deyil ki, Həzrət Bab belə ağır müsibətlərin baş verdiyi və sadiq tərəfdarlarının şəhid olduğu bu yeri “Ulu torpaq” adlandırmışdır. Həzrəti-Əlanın Zəncan şəhərinə verdiyi bu ad daim yaşayacaqdır, “Zəncan” və “Ulu torpaq” kəlmələri həmişə qoşa işlənəcəkdir.

Cənab Hüccətin tərəfdarları arasında Kərbəlayi Əbdül-Baqi adlı bir şəxs vardı. Bu şəxsin yeddi oğlu vardı və onlardan beşini cənab Hüccət evləndirmişdi. Toy mərasimi başa çatan kimi əshabələrin “ya Sahib əz-Zaman!” nidası eşidildi. Bu, o demək idi ki, düşmənlər hücuma keçmişlər. Qardaşlar həmin səsi eşidən kimi durub gəlinləri tərk etdilər və düşmənin qarşısını almağa getdilər. Həmin döyüşdə yenicə evlənmiş beş qardaşın beşi də şəhid oldu. Onlardan ağlı və şücaəti ilə seçilən ən böyüyü düşmənlərin əlinə keçmişdi. Onu Əmir Tumanın yanına aparmışdılar. Əmir Tuman qəzəblənib əmr etmişdi ki, onu yerə yıxın və Hüccətə məhəbbətlə dolu olan sinəsini yandırın. Cavan oğlan bunu eşidib demişdi: “Ey nanəcib, sənin əsgərlərin necə tonqal qalasalar da, mənim qəlbimdəki məhəbbəti yandıra bilməzlər!” Bu gənc həyatının son dəqiqəsinə qədər öz sevimli Ağasını mədh edən sözlər söyləmişdi.

Güclü imana malik olan və Zəncan hadisələrini öz gözləri ilə görən qadınlardan biri də Ümməşrəf idi. O, qalada olduğu zaman oğlu Əşrəf dünyaya gəlmişdi və oğlu ilə birlikdə Zəncan hadisələrindən salamat çıxmışdı. Bir neçə ildən sonra oğlu həddi-buluğa çatıb qeyri-adi iman və irfan sahibi oldu. Düşmənlər nə qədər onu Əmrdən döndərməyə çalışsalar da, bir şey alınmadı. Axırda adam göndərib onun anasını, yəni həmən Ümməşrəfi çağırdılar ki, gəlib oğluna nəsihət versin, bəlkə Əmrdən üz döndərib ölümdən xilas oldu. Ümməşrəfin gözü oğluna sataşan kimi, qışqıraraq dedi: "Əgər bu bədxahların sözünə qulaq asıb haqqın Əmrindən boyun qaçırsan, mənim oğlum deyilsən!". Cənab Əşrəf hədsiz təmkin və dözümlə fədakarlıq meydanında şəhid oldu və Allah Əmrindən üz döndərmədi. Ümməşrəf oğlunun düşmənlərin zülm və sitəminə məruz qaldığını öz gözləri ilə görsə də, sızlayıb yalvarmadı, hətta gözlərindən yaş da axmadı, çünki oğlu Allah yolunda canını qurban verirdi. Həmən gün Ümməşrəf elə dözüm və dəyanət nümayiş etdirdi ki, hətta düşmənlər və oğlunu öldürən məmurlar da heyrətə düşdülər. Ümməşrəf oğlunun cansız cəsədinə baxıb deyirdi: “Ey oğul, sən dünyaya gəldiyin zaman mən əshabələrlə birlikdə Əlimərdan xan qalasında mühasirədə idim. Həmən gün Tanrı ilə əhd etdim ki, səni Onun yolunda fəda edəcəyəm. İndi bilsən, mən nə qədər sevinirəm! Çünki Tanrının mənə bəxş etdiyi yeganə oğlumu Onun yolunda qurban verib öz əhdimə vəfa etmişəm”.

Xülasə, mən əshabələrin şücaət və fədakarlığını nə qədər dəqiqliklə və olduğu kimi qələmə almağa çalışıramsa, yenə də özümün aciz olduğumu görürəm. Düşmənlərin zülm və sitəm tufanı son dərəcə şiddətli idi, bununla belə vəfalı əshabələrin iman və şücaət alovunu söndürə bilmirdi. Düşmənlər qalanı dağıtmağa nə qədər səy göstərirdilərsə, qaladakı əshabələr kişiliqadınlı qalanın istehkamlarını təmir edib möhkəmləndirirdilər, işdən asudə vaxtlarında isə dua oxumaq və namaz qılmaqla məşğul olurdular. Onların bütün səyi ona yönəlmişdi ki, sığındıqları qalanı düşmənin hücumlarından qorusunlar. Qadınlar kişilərdən az iş görmürdülər, onların qocası da, cavanı da, kasıbı da, varlısı da kişilərlə bərabər fəaliyyət göstərirdi: paltar tikir, çörək bişirir, xəstələrə baxır, yaralılara kömək edirdilər, istehkamların qayğısına qalır, düşmənin atdığı güllə və mərmiləri toplayıb istehkamları təmir edirdilər, müdafiə zamanı kişiləri igidliyə və dözümə səsləyirdilər. Qaladakı uşaqlar da boş dayanmırdılar, ataları və anaları ilə birlikdə müxtəlif işlərdə iştirak edirdilər. Onların arasında hökm sürən bu birlik və əlbirlik ruhu sayəsində düşmənlər elə düşünürdülər ki, qaladakı əshabələrin sayı on min nəfərə çatır. Təəccüb doğuran başqa bir məsələ də bu idi ki, gizli yollarla daim əshabələrə ərzaq və sursat çatdırılırdı, Neyrizdən, Xorasandan və Təbrizdən onlara kömək gəlirdi. Belə təsəvvür yaranırdı ki, bu qalanı tutmaq heç vaxt mümkün olmayacaq.

Tehrandan Əmir Tumana bir-birinin ardınca tənə və məzəmmət dolu məktublar gəlirdi, bu səbəbdən o, çox qəzəbli idi, bilmirdi ki, nə etsin. Axırda bu qərara gəldi ki, yalan və hiylə yolu ilə əshabələri məhv etsin. O, əmin idi ki, yalan və hiylədən istifadə etməsə, döyüş yolu ilə qaladakı əshabələrə qalib gələ bilməyəcək. Buna görə də döyüşü dayandırıb belə bir şayiə yaydı ki, padşah özü döyüşü saxlamaq barədə əmr verib. Guya şah deyib: “Mən əvvəldən bu cür döyüşlərin baş verməsini, Mazandarana və Neyrizə əsgər göndərilməsini istəmirdim. Bütün bunlar bir səhvdən irəli gəlib və mən çox təəssüf edirəm ki, bu qədər qan tökülüb”. Bu söz hər tərəfə yayıldıqda, Zəncanın və qonşu kəndlərin əhalisi belə zənn etdi ki, Nasirəddin şah Əmir Tumana cənab Hüccətlə sülh bağlamaq və bu qarışıqlığa son qoymaq barədə fərman verib. Əmir Tuman bir qədər gözlədi ki, bütün camaat bu məsələnin doğruluğuna inansın. Sonra hiyləgərliklə qaladakı əshabələrə məktub yazıb onları sülhə dəvət etdi. O, cənab Hüccəti inandırmağa çalışdı ki, öz niyyətində səmimidir və onu arxayın etmək üçün bir Quranı möhürləyib məktubla birlikdə qalaya göndərdi. Məktubda.o, cənab Hüccətə müraciətlə belə yazmışdı: “Şah sizi bağışlayıb. Mən bu Qurana and içirəm ki, siz və sizin əshabələriniz padşahın himayəsində olacaq və qorunacaqsınız. Bu Allah Kitabı şahiddir ki, kim qaladan çıxsa, heç kəs ona toxunmayacaq və o, hər cür təhlükədən uzaq olacaq”. Cənab Hüccət böyük ehtiramla Quranı əmirin nümayəndəsindən aldı və məktubu oxuduqdan sonra ona dedi: “Əmirə de ki, səhər tezdən sizə cavab verəcəyəm”. Həmən gecə cənab Hüccət öz əshabələrini yanına çağırdı, məktub və Quranın göndərilməsi barədə məlumat verib onlara dedi: “Mən düşmənlərin sözünə inana bilmərəm. Onların Mazandaranda və Neyrizdə törətdikləri xəyanət hələ yaddan çıxmayıb. Onlar Neyrizdə və Mazandaranda əshabələrin başına gətirdiklərini indi də bizim başımıza gətirmək istəyirlər. Lakin Quranın ehtiramını saxlamaq üçün biz onların istəyinə uyğun hərəkət edəcəyik və əshabələrdən bir neçəsini düşərgəyə göndərəcəyik ki, onların yalanı və hiyləsi aşkara çıxsın”.

Zəncan hadisələrindən salamat çıxmış dəmirçi Usta Mehrəli bu barədə mənə (müəllifə) belə danışmışdır: "Əmirin məktubundan sonra cənab Hüccət əshabələrdən bir neçəsini düşərgəyə göndərdi. On yaşlı doqquz oğlan uşağı da onlarla birlikdə yola düşdü. Mən də həmin uşaqlardan biri idim. Qalan şəxslər bizdən böyük idi, yaşları həştadı ötmüşdü. O cümlədən, Kərbəlayi Mövlaqulu, Ağadadaş, Dərviş Səlah, Məhəmməd Rəhim və Məhəmməd də onların arasında idi. Dərviş Səlah əzəmətli, vüqarlı, gözəl simalı, uca qamətli, ağ saqqallı bir şəxs idi. Mehriban davranışı və təvazökarlığı sayəsində hamının hörmətini qazanmışdı. Əmri qəbul etməzdən əvvəl səlahiyyət sahibləri də ona ehtiram göstərirdilər. Əmri qəbul etdikdən sonra o, bütün hörmətlərə və bəxşişlərə göz yumub əshabələrə kömək göstərməyə başladı və qalanın müdafiəçilərinə qoşuldu. Dərviş Səlah Əmirin möhürlədiyi Quranı götürdü və biz yola düşdük. Düşərgəyə çatıb Əmir Tumanın çadırına daxil olduq və göstəriş gözləməyə başladıq. İçəri girəndə salam verdik, lakin Əmir bizim salamımızı almadı və həqarətlə bizi süzdü. Yarım saat keçdi. Biz eləcə ayaq üstə qalmışdıq. Bu zaman Əmir Tuman kobud və təhqiramiz bir ahənglə bizə müraciət edib dedi: “Mən indiyədək sizin kimi alçaq və nanəçib adamlar görməmişəm”. Sonra söyüş söyüb bizim yamanlamağa başladı. Bu arada əshabələrdən yaşca ən böyük, bədəncə ən zəif olan birisi irəli çıxıb bir neçə kəlmə söyləmək üçün Əmir Tumandan icazə istədi. Həmin şəxs savadsız olsa da, elə danışdı ki, hamını heyrətə saldı. O cümlədən, dedi: “Allah şahiddir ki, bizim öz şahənşahımıza hədsiz məhəbbət və sədaqətimiz var və bundan sonra da olacaq. Bizim dövlətin və rəiyyətin xeyrinə fəaliyyət göstərməkdən özgə niyyətimiz yoxdur. Lakin düşmənlərimiz bizim əleyhimizə qalxıb bizə qarşı cürbəcür ittihamlar irəli sürdülər və bizi gerçəkdə olduğumuzun əksinə təqdim etdilər. Şahənşahın ətrafında bir nəfər tapılmadı ki, bizə kömək göstərsin, bizi dinləsin və şahın yanında bizi müdafiə etsin. Bir neçə dəfə də şikayət etdik, lakin nəticəsi olmadı, sanki şahın qulağı bizim başımıza gətirilən zülmləri eşitmək istəmədi. Düşmənlərimiz şahın bizə diqqət yetirmədiyini görüb daha da cəsarətləndilər, hər tərəfdən bizə həmlə etdilər, nəyimiz vardısa, qarət etdilər, bizim namusumuzu ləkələməyə, uşaqlarımızı tutmağa başladılar. Biz də özümüzün arxasız olduğumuzu, hökumətin bizi müdafiə etmədiyini, düşmənlərin hər tərəfdən bizi əhatəyə aldığını görüb məcbur olduq ki, düşmənlərin qarşısını alaq və özümüzü müdafiə edək”.

Əmir Tuman öz yavərinə üzünü tutub dedi: “Mən bu kişinin cavabını verə bilmirəm. Əgər mən qəlbən dindar olsaydım, yubanmadan bu Əmri qəbul edərdim. İndi səncə, nə etməliyik?” Yavər dilləndi: “Bunların cavabını yalnız qılınc verə bilər. Biz yalnız qılıncın köməyilə bunların əlindən qurtara bilərik”. Dərviş Səlah dedi: “Siz Quranı möhürləyib and içərək, bizi bura gətirmisiniz. Həmin Quran indi mənim yanımdadır. Məgər siz bizimlə bu cür rəftar etmək üçün öz düşərgənizə gətirmisiniz?!” Əmir Tuman özündən çıxıb əmr etdi ki, Dərviş Səlahın saqqalını yolsunlar. Sonra onu digər əshabələrlə birlikdə bir zirzəmiyə saldılar. Biz uşaqlar bütün bunları görüb qorxduq və qaçmaq fikrinə düşdük. “Ya Sahib əz-Zaman!” deyə qışqırıb tam sürətlə qalaya doğru qaçmağa başladıq. Qaçdığımız zaman bir nəfər arxadan mənə çatıb paltarımdan yapışdı. Mən dartınıb paltarımı cırdım və qaçağaca özümü qalanın qapısına yetirdim. Tamamilə əldən düşmüşdüm. Birdən gördüm ki, düşmənlər əshabələrdən biri olan İmamqulunu hədsiz qəddarlıqla parça-parça ediblər. Bunu görüb bərk qorxdum. Əmir Tuman əshabələrlə sülh bağlamaq, döyüşü dayandırmaq istəməsi barədə sözsöhbət yaysa da, onlar bu cür vəhşi əməllərini davam etdirirdilər. Mən sonradan öyrəndim ki, İmamqulunun qardaşı söz demək bəhanəsi ilə onu aldatmış və qaladan çıxararaq, hədsiz zülmkarlıqla düşmənlərə təhvil vermişdir. Mən dərhal cənab Hüccətin hüzuruna getdim. O, məni çox mehribanlıqla qarşıladı, üz-gözümün tozunu təmizləyib mənə təzə paltar verdi. Sonra məni öz yanında oturdub sorqusuala tutdu. Mən bütün hadisələri cənab Hüccətə nəql etdim. O, buyurdu: “Bu qiyamət gününün fəryadıdır. Elə bir fəryaddır ki, dünyanın gözləri hələ onun kimisini görməyib. Bu gün həmən gündür ki, Allah onun barəsində Quranda buyurub: “O gün insan qaçacaq öz qardaşından, anasından, atasından, zövcəsindən və oğullarından!” (Əbəsə surəsi, 34-36-cı ayələr). Bu gün elə bir gündür ki, insan nəinki öz qardaşından əl çəkməli, hətta özünün ən yaxın adamlarının qanını tökmək üçün öz mal-dövlətindən keçməlidir. Bu gün həmən gündür ki, Allah onun barəsində Quranda buyurub: “Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın yükünü vaxtından əvvəl yerə qoyar. İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyillər; bu ancaq Allahın əzabının şiddətli olmasındandır” (Həcc surəsi, 2-ci ayə).

Cənab Hüccət qalanın ortasındakı meydanda oturmuşdu. O, əshabələri yanına çağırıb dedi: “Mənim qardaşlarım, mən sizin dözüm və dəyanətinizdən çox razıyam. Düşmənlər qərara alıblar ki, bizi məhv etsinlər. Onların bundan başqa məqsədləri yoxdur. Onlar sizi hiylə ilə aldadıb qaladan çıxarmaq və qətlə yetirmək istəyirlər. İndi onlar sirlərinin açıldığını, hiylələrinin üzə çıxdığını görüb böyükləri və uşaqları həbs etməyə başlayıblar. Belə görünür ki, onlar sizi öldürüb qalanı tutmayana qədər müharibədən əl çəkməyəcəklər. Əgər siz bundan sonra da qalada qalsanız, mütləq düşmənin əlinə keçəcəksiniz, onlar sizi əsir edəcəklər. Yaxşı olar ki, gecə ikən arvaduşaqlarınızı götürüb qaçasınız və düşmənin əlinə keçməmiş özünüzü təhlükəsiz bir yerə çatdırasınız. Mən özüm tək qalıb düşmənlərin əlinə keçməyə hazıram. Düşmənlər təkcə məni öldürməklə kifayətlənsəydilər və sizə əziyyət verib qətlə yetirmək əvəzinə yalnız məni incidib qətlə yetirsəydilər, nə yaxşı olardı!” Əshabələr cənab Hüccətin sözlərini dinləyib kədərləndilər. Hamılıqla mütəəssir olub göz yaşı tökdülər və cənab Hüccətə dedilər: “Biz heç vaxt sizi qaniçən düşmənin əlində tək qoymarıq. Bizim canımız sizin canınızdan qiymətli deyil, bizim ailələrimiz sizin ailəniz və yaxınlarınızdan möhtərəm və şərəfli deyil. Biz sizin hüzurunuzda hər cür bəlaya sevinclə dözməyə hazırıq”.

Cənab Hüccətin əshabələri zəif qəlbli bir neçə nəfər istisna olmaqla, onun yanında qaldılar. Yalnız bir neçə nəfər qaladakı şəraitin ağırlığına dözməyə taqətləri olmadığı üçün cənab Hüccətin buyuruğuna əsasən, qaladan çıxıb təhlükəsiz yerə getdilər”.

Son dərəcə ümidsizliyə qapılmış Əmir Tuman Zəncandakı bütün qüvvələrə onun düşərgəsinin ətrafına toplaşmaq barədə əmr verdi. Bundan sonra öz qüvvələrini sıraya düzüb qoşun sərkərdələrini təyin etdi. Zəncandan yenicə əsgərliyə çağırılmış şəxslər də Əmir Tumanın ordusuna daxil edildilər. Əmir Tuman göstəriş verdi ki, on altı alay toplarla birlikdə növbə ilə qalaya hücum etsin; səkkiz alay günortaya qədər, səkkiz alay isə günortadan axşama qədər döyüşsün. Əmir özü də döyüş meydanına atılıb günortadan əvvəl hücum edən alaylara başçılıq etdi. O, əsgərləri həvəsləndirmək üçün onlara yaxşı mükafatlar vəd edir və deyirdi: “Əgər qalib gəlsəniz, yaxşı mükafatlar alacaqsınız, əgər məğlub olsanız, şahənşahın cəzasına məruz qalacaqsınız”. Bu hücum və qırğın həmin qayda ilə düz bir aya qədər davam etdi. Gündüz döyüşlərindən əlavə, düşmənlər bəzən gecələr də qalaya həmlə edirdilər. Əmir Tumana daim ətrafdan kömək gəlirdi, lakin əshabələrin vəziyyəti günbəgün ağırlaşırdı, onlar ərzaq sarıdan ciddi korluq çəkirdilər.

Bu arada Əmir Nizam qərara gəldi ki, Həsənəli xan Kərrusinin başçılığı ilə sünni əsgərlərdən ibarət iki alayı Əmir Tumana kömək üçün Zəncana göndərsin. Həmin iki alay da gəlib çıxdıqdan sonra Əmir Tuman ordusunun topxanası qalanı büsbütün dağıdıb viran qoymaq üçün onu şiddətli atəşə tutdu. Əshabələr bir neçə gün top mərmilərinin qarşısında duruş gətirdilər. Həmən günlər vəfalı əshabələr elə şücaət göstərdilər ki, ən qəddar düşmənlər də onların şücaət və mətanətinə heyran qaldılar.

Bir gün cənab Hüccətin sağ qoluna güllə dəyib namaz qıldığı zaman onu yaraladı. Cənab Hüccət dərhal öz nökərinə tapşırdı ki, bu məsələni zövcəsinə bildirməsin. Lakin həmin şəxs özünü o qədər itirmiş, o qədər mütəəssir olmuşdu ki, könlündəki sirr üzünün rəngindən bəlli oldu, göz yaşları gizli sirri aşkara çıxardı. Cənab Hüccətin zövcəsi hadisədən xəbər tutub hədsiz kədərlə onun yanına tələsdi. Gördü ki, cənab Hüccət namaz qılmaqla məşğuldur. Yarasından çoxlu qan axsa da, sakit halda üzünü Tanrıya tutub deyir: “Xudaya, bu camaatı bağışla, çünki onlar nə etdiklərini bilmirlər! Xudaya, bu camaata rəhm elə, çünki onlar bu işlərə görə məsuliyyət daşımırlar. Bu əməllərin əsas məsuliyyəti o kəslərin boynundadır ki, bu camaatı yolundan azdırıblar və öz çirkin məqsədlərini bu camaatın əli ilə həyata keçirirlər”.

Cənab Hüccətin zövcəsi və digər qohumları yaradan axıb onun bütün bədənini bürüyən qanı gördükdə ağlayaraq, nalə çəkməyə başladılar. Cənab Hüccət onlara ürəkdirək vermək üçün dedi: “Sevinin, mən hələ sizinləyəm. Mən istəyirəm ki, siz Tanrıya təvəkkül edəsiniz və Onun iradəsi ilə razılaşasınız. Bu ki bir şey deyil, əhəmiyyətsiz məsələdir. Vəfatım zamanı mənim üçün müəyyən olunmuş bəla və müsibətlər bundan qat-qat ağırdır. İndi baş verənlər bir damladır, baş verəcək şeylər isə bir dəryadır. Yaxşı olar ki, biz İlahi təqdirlə razılaşaq”.

Vəfalı əshabələr cənab Hüccətin yaralandığını eşitdikdə, silahlarını atıb onun hüzuruna tələsdilər. Düşmən qoşunu bu fürsəti qənimət bildi. Düşmən əsgərləri əshabələri öz qarşılarında görməyib güclü hücuma keçdilər, qalaya daxil olub yüzə yaxın qadını və uşağı əsir aldılar, onların nəyi vardısa, qarət etdilər. Bu zaman qış fəsli idi. Hava elə şaxtalı idi ki, o vaxta qədər Zəncanda belə soyuqlar nadir hallarda müşahidə olunardı. Əsir edilmiş qadın və uşaqlar on beş gün ərzində paltarsız həmin güclü şaxtada qaldılar. Onların hamısının əyni nazik idi, nə sığınacaqları, nə də üst geyimləri vardı. Hamısı da ac idi. Bəzilərinin örpəyi vardı və onunla özlərini isitməyə çalışırdılar. Şaxta qılınc kimi kəsirdi, qar yağır, güclü gülək əsirdi. Onlar nə qədər qızınmağa çalışırdılarsa, bir şey alınmırdı. Bu binəvaların ətrafına şəhərdən və qonşu kəndlərdən bir dəstə qadın toplaşmışdı. Onlar əsirləri lənətləyir, dəli kimi əsirlərin ətrafında rəqs edir və onları ələ salıb deyirdilər: “Tanrınız sizə yaxşı mükafat verdi. Sizin pərəstiş etdiyiniz Tanrı indi sizi cəzalandırır”. Onlar hər tərəfdən əsirlərin üzünə tüpürür, əsirləri söyüb lənətləyirdilər.

Düşmən əsgərləri qalaya girib əshabələrin bir çox müdafiə vasitələrini və əmlakını aparsalar da, bir dəstə qadını və uşağı əsir götürsələr də, Hüccətin əshabələri dayanıb durmadılar. Onlar qalan qadınları və uşaqları götürüb cənab Hüccətin evinin ətrafına toplaşdılar və hərəsində on doqquz nəfər olmaqla beş dəstəyə bölündülər. Hər dəfə həmin dəstələrdən biri müdafiə üçün düşmənin qarşısına çıxır, “ya Sahib əz-Zaman!” deyə qışqıraraq, düşmənin sıralarını yarır və onları pərən-pərən salırdı. Bu doxsan beş nəfər nərə çəkəndə, düşmənlər lərzəyə gəlir və qorxudan özlərini itirirdilər.

Bir neçə gün bu minvalla keçdi. Düşmənə ağır xəsarət yetirildi, düşmən qoşununun bir çox əsgərləri öldürüldü, ümidlər ümidsizliyə çevrildi. Bir çox düşmən sərkərdələri döyüşdən əl çəkdilər, topçular atəşi dayandırdılar. Düşmənin sıraları pozuldu, onun qüvvələri azaldı.Əmir Tuman bilmirdi nə etsin ki, öz ordusunu pərişanlıq və ümidsizlikdən qurtarsın və yenidən döyüşə başlamağa həvəsləndirsin. Nəhayət, məcbur oldu ki, qoşunun qalan sərkərdələri ilə məsləhətləşsin və əvvəla, öz həyatını, ikincisi də, Zəncan əhalisini qorumaq üçün bir çarə tapsın. Sərkərdələr bir yerə yığışan kimi Əmir Tuman onlara dedi: "Mən daha yorulmuşam, Hüccətin əshabələrinin müqavimətindən tənkə gəlmişəm. Hüccətin əshabələrindəki şücaət və mənəvi güc heç vaxt şahın qoşununda olmayıb. Bizim qoşunumuzdakı əsgərlərdən heç biri Hüccətin əshabələri kimi sədaqət və fədakarlıq nümayiş etdirə bilməz. Bizim qoşunumuzdakı əsgərlər ümidsizliyə qapılıblar, onları bu ümidsizlikdən qurtarmaq mümkün deyil, çünki onlarda belə bir fikir yaranıb ki, əgər qalib gəlsələr də, əbədi ölümə düçar olaçağlar". Məsləhətləşmədən sonra bu qərara gəldilər ki, qalanın xaricindən cənab Hüccətin evinin altına qədər lağım atsınlar və bu yolla əshabələri qeydşərtsiz təslim olmağa vadar etsinlər. Bir ay da bu işə sərf olundu. Onlar belə qərara gəldilər ki, lağımları partlayıcı maddə ilə doldursunlar və partlayış vasitəsilə qaladakı əshabələrin hələ dağılmamış evlərini viran etsinlər. Eyni zamanda Əmir Tuman topxana zabitlərinə göstəriş verdi ki, düşərgə ilə cənab Hüccətin evi arasında yerləşən evlər dağıdıldıqdan sonra, cənab Hüccətin evini top atəşinə tutsunlar və qalanı yerləyeksan etsinlər. Bütün bu işlər həyata keçirildi. Cənab Hüccətin zövcəsi Xədicə Hadi adlı uşağını qucaqında tutub cənab Hüccətlə söhbət etdiyi zaman onların evinin bir hissəsi dağıldı. Cənab Hüccət zövcəsinə deyirdi: “Sən tezliklə bu uşaqla birlikdə əsir olacaqsan, özünü hazırla!” Xədicə bu sözləri eşidəndə halsız olub qışqırdı. Birdən ona küplə dəydi və o, dərhal canını tapşırdı. Oğlu Hadi isə top atəşinin doğurduğu alova düşdü və bir müddətdən sonra aldığı ağır yaralar nəticəsində Zəncan müctəhidi Mirzə Əbülqasimin evində vəfat etdi. Bu hadisə cənab Hüccətə çox təsir göstərsə də, o, şücaət və mətanətini qoruyub avazla münacat söyləyirdi: “Xudaya, vəd olunmuş Həzrəti tanıdığım və könlümün Məhbubunu tapdığım gündən bilirdim ki, mənim başıma nə müsibətlər və bəlalar gələcək. Mənim müsibətim ağır, kədərim sonsuz olsa da, Sənin Əmrinin qələbəsi yolunda bundan da artığına dözməyə hazıram. Mənim zövcəm əlimdən getdi, oğlum məhv oldu, əshabələrim şəhid oldu, qohumlarım öldü - lakin bütün bunlar Sənin mənə bəxş etdiyin iman neməti və irfan sərvəti qarşısında xatırlanmalı deyil. Əgər mənim min canım olsaydı, bütün dünya qızıla bürünüb mənə məxsus olsaydı, bütün aləmin hökmranlığı mənə mənsub olsaydı, mən bunların hamısını Sənin yolunda qurban verərdim, sonsuz sevinc və fərəhlə hər cür əzaba dözərdim”.

Cənab Hüccətin vəfalı əshabələri onun zövcəsi və oğlunun vəfatından, eləcə də sevimli rəhbərlərinin yaralanmasından bərk qəzəblənib bu qərara gəlmişdilər ki, nə qədər canları bədənlərindədir, cənab Hüccəti müdafiə etsinlər və şəhid olmuş din qardaşlarının intiqamını düşmənlərdən alsınlar. Lakin cənab Hüccət onlara nəsihət verib dedi: “Məbada belə iş görüb müharibə alovunu qızışdırasınız. Allaha təvəkkül edin, Onun iradəsinə tabe olun. Son saatı gözləyin və bu uzun çəksə belə, tam təmkin və səbrlə dözün!” Əshabələrin sayı günbəgün azalır, onların müsibətləri çoxalırdı. Onların ixtiyarında olan sahə də getdikçə daralırdı. Nəhayət,cənab Hüccət qolundakı yaradan on doqquz gün əziyyət çəkdikdən sonra hicri 1267-ci il rəbiül-əvvəl ayının 5-də (1851-ci il yanvar ayının 8-də) sübh namazı vaxtı səcdə edərkən, vəfat etdi.

Cənab Hüccətin vəfatı onun əshabələri və qohumlarını dərin kədərə qərq etdi. Əshabələrdən ikisi—vəzir Din Məhəmməd və sərkərdə Mir Rza bu qərara gəldilər ki, cənab Hüccətin cəsədini əshabələrin və qohumlarının xəbəri olmadan dərhal dəfn etsinlər. Özü də bunu düşmənlər cənab Hüccətin vəfatından xəbər tutmamış həyata keçirsinlər. Onlar gecə ilə cənab Hüccətin cəsədini götürüb vəzir Din Məhəmmədin otağına apardılar və orada da dəfn etdilər. Sonra da otağı dağıtdılar ki, heç kəs cənab Hüccətin harada dəfn olunduğunu bilməsin. Çünki düşmənlər bundan xəbər tutsaydılar, cəsədi çıxarıb təhqir edə bilərdilər.

Cənab Hüccətin vəfatından sonra beş yüz nəfər qadın yas saxlamaq üçün cənab Hüccətin evinə toplaşdı. Vəfalı əshabələr düşmənə müqavimət göstərib müdafiə olunmağa başladılar. Hüccətin əshabələrindən yalnız iki yüz nəfər qalmışdı, qalanları ya şəhid olmuş, ya da yaralanıb sıradan çıxmışdı. Düşmənlər cənab Hüccətin vəfatından xəbər tutub qalanı dağıtmaq və əshabələri məhv etmək üçün güclü hücuma keçdilər. Onlar təbil və şeypur çalıb sevinc nidaları ilə əshabələr üzərinə həmlə etdilər və qısa zamanda əshabələri məqlubiyyətə uqratmaq üçün bütün qüvvələrini işə saldılar. Əshabələr işi belə görüb “ya Sahib əz-Zaman!” deyə fəryad çəkdilər və qorxub-çəkinmədən müdafiə olunmağa başladılar. Döyüş bir xeyli çəkdi. Nəhayət,düşmənlər əshabələrə qalib gəldilər. Əshabələrin bir qismi şəhid oldu, bir qismi də əsir götürüldü. Düşmənlər qarətə başlayıb yırtıçılar kimi əshabələri qırmaqla məşğul oldular.

Əmir Tuman göstəriş verdi ki, əsgərlər cənab Hüccətin evinə getməsinlər, onun əmlakını qarət etməsinlər, qohumlarını incitməsinlər. Əgər Əmir Tumanın bu göstərişi olmasaydı, Allah bilir, o qaniçənlər nələr edəcəkdilər. Əmir Tumanın məqsədi bu idi ki, hər şeyi Tehrana xəbər versin və oradan göstəriş gözləsin. Lakin o, camaatın qarşısını ala bilmədi. Xüsusən, Zəncan üləmaları bu qələbədən istifadə edib camaatı bəd əməllərə, əsirləri incidib təhqirə məruz qoymağa təhrik edirdilər. Bu səbəbdən qarət və tarac başladı. Camaat cənab Hüccətin evini qoruyan məmurlara hücum çəkdi və əsgərlərlə birlikdə sağ qalmış şəxsləri öldürməyə cəhd etdi. Zəncan əhalisi o qədər vəhşiləşmişdi ki, Əmir Tuman və Zəncan hakimi onların qarşısını almaqda aciz idi. Hər şey nəzarətdən çıxmışdı, adamlar istədiklərini edirdilər. Zəncan hakimi qoşun sərkərdələrini razı saldı ki, Tehrandan göstəriş gələnə qədər əsirləri Hacı Qulamın evində saxlasınlar. Ora gətirilən əsirlər məzlum qoyunlar kimi şaxtanın qarşısında qalmışdılar, çünki həmin yerdə nə tavan vardı, nə də döşənəcək. Onlar bir neçə gün acsusuz orada qaldılar. Sonra qadınları oradan müctəhid Mirzə Əbülqasimin evinə apardılar ki, bəlkə o, qadınları islam dininə qaytardı və bu yolla onlar həbsdən azad oldular. Bu tamahkar və həris müctəhid öz qadınlarını, qohumlarını və qızlarını təhrik etdi ki, əsir qadınlardan bütün qızıllarını və zinət əşyalarını tutub alsınlar. Hətta onların libasını da əyinlərindən çıxarıb əvəzində köhnə və cırılmış paltarlar verdilər. Sonra bu qadınlara icazə verdilər ki, öz qohumlarının evlərinə getsinlər. Onlardan bir çoxunu da ətraf kəndə göndərdilər. Kənd sakinləri Zəncan əhalisinin əksinə olaraq, bu məzlum qadınları hörmət və mehribanlıqla qarşıladılar və onları qonaq saxladılar. Cənab Hüccətin ailə üzvləri Tehrandan göstəriş gələnə qədər Zəncanda nəzarətə alınmışdılar. Yaralıları da saxlamışdılar ki, görsünlər, paytaxtdan onlar barəsində nə əmr veriləcək. Lakin bir neçə gün ərzində bir tərəfdən şiddətli soyuq, digər tərəfdən də məmurların kobud və amansız rəftarı onların həyatına son qoydu və onların hamısı son dərəcə məzlum bir halda vəfat etdilər.

Qalan əsirlər Əmir Tuman tərəfindən Kərrusi, Xəmsə və İraq alaylarına təhvil verildi. Onları təbil və şeypurla düşərgəyə apardılar. Həmin alaylar o biçarələrlə son dərəcə qəddarlıq və amansızlıqla rəftar etdilər. Bir dəstə adam qılınc və nizə ilə qaladakı əshabələrdən sağ qalmış bu 76 nəfərin üstünə düşüb onların bədənlərini tikə-tikə etdilər. Hər bir alay qəddarlıq və vəhşilikdə digərindən irəli getməyə can atırdı. Bu yırtıcılıq və vəhşiliyin baş verdiyi əsnada məzlum əshabələrdən biri, Əbabəsirin atası Hacı Məhəmməd Hüseyn ayağa qalxıb azan verməyə başladı. Onun səsi hamını vahiməyə saldı. Ölüm saatı yaxınlaşmış bu şəxs elə əzəmət və qüdrətlə “Allahu əkbər” söylədi ki, İraq alayı bunu eşidib öz biabırçı əməllərinə görə xəcalət çəkdi. Həmin alayın əsgərləri “ya Əli!” deyə qışqıraraq, silahlarını yerə atdılar, bu vəhşilikdən əl çəkib daha əshabələri incitmədilər və yola düzəlib getməyə başladılar. Onlar bir-birlərinə deyirdilər: “Allah Əmir Tumana lənət eləsin! O, bizi aldadıb hiyləgərcəsinə dedi ki, bu şəxslər Həzrət Əmirin və pak imamların düşmənləridir. Allah ona lənət eləsin! Bundan sonra bizi tikə-tikə doğrasalar da, biz onun sözünə qulaq asmayacağıq və bu cür çirkin işlərə qarışmayacağıq”.

Xülasə, əsirlərin bəzisini topa bağlayıb atdılar, bəzilərini soyundurub üstlərinə soyuq su tökdülər və qam-cı ilə döydülər. Bəzilərinin də bədəninə şirə sürtüb qarın üstünə atdılar ki, ölsünlər. Vəfalı əshabələr bütün bu müsibətlərə dözdülər və son dəqiqəyə qədər öz imanlarına sadiq qaldılar. Onların heç biri peşmançılıq ifadə edən, yaxud yalvarış bildirən bir söz işlətmədi, heç birinin üzündə hüzn və kədər əlaməti görünmədi.

Qaniçən düşmənlər öz biabırçı əməllərini axıra çatdırdıqdan sonra cənab Hüccətin çəsədini tapmaq qərarına gəldilər. Onlar bir çox əshabələri incitdilər ki, cənab Hüccətin dəfn olunduğu yeri göstərsinlər, lakin məqsədlərinə nail ola bilmədilər. Hakim də nə qədər axtardısa, cənab Hüccətin dəfn olunduğu yeri tapmağa müvəffəq olmadı. Nəhayət, göstəriş verdi ki, cənab Hüccətin yeddi yaşlı oğlu Hüseyni onun yanına gətirsinlər. Uşaq gəlib çıxan kimi hakim hədsiz mehribanlıqla ona dedi: “Mən çox kədərlənir və təəssüflənirəm, çünki atanın başına nə müsibətlər gəldiyini bilirəm. Lakin mənim heç bir təqsirim yoxdur. Mən bu işə görə məsuliyyət daşımıram. Məsuliyyət Zəncan üləmalarının üzərinə düşür, bütün bu rüsvayçı əməllərin səbəbkarı onlardır. İndi mən atanın cəsədini tapıb ehtiramla müəyyən yerdə torpağa tapşırmaq istəyirəm. Bu işi görməklə, az da olsa, rüsvayçılığın əvəzini çıxmaq niyyətindəyəm”.

Hakim bu cür sözlərdən o qədər dedi ki, axırda uşağı aldatdı və öz məqsədinə çatdı. Uşağla birlikdə bir neçə məmuru göndərdi ki, gedib cənab Hüccətin cəsədini çıxarsınlar. Məmurlar cəsədi dəfn olunduğu yerdən çıxarıb hakimin yanına gətirdilər. Zalım hakim göstəriş verdi ki, çəsədi kəndirdən asıb təbil və şeypurla Zəncanın küçə və bazarlarında gəzdirsinlər. Üç gün üç gecə o müqəddəs bədən elə təhqirlərə məruz qaldı ki, bunu təsvir etmək mümkün deyil. Nəhayət, o müqəddəs bədəni camaatın tamaşa etməsi üçün meydanın ortasına qoydular. Deyilənə görə, üçüncü gecə bir neçə süvari gələrək, o pak cəsədi götürmüş və Qəzvinə apararaq, təhlükəsiz bir yerdə dəfn etmişlər.

Bir müddətdən sonra Tehrandan göstəriş gəldi ki, cənab Hüccətin yaxınlarını Şiraza aparsınlar. Şiraza çatan kimi onları hakimə təslim etdilər. Şiraz hakimi onların olanqalanını da əllərindən alıb onları xaraba bir evdə yerləşdirdi. Onlar yoxsulluq və səfalətə düçar oldular. Cənab Hüccətin kiçik oğlu Mehdi çəkdiyi əzablara dözməyib vəfat etdi və elə həmən xaraba evdə dəfn olundu.

Mən (müəllif) Zəncan hadisələrindən doqquz il sonra bu şəhərdə oldum və həmən qeyri-adi hadisələrin baş verdiyi yeri gördüm. Torpaq bir təpə olan Əlimərdan xan qalasını sonsuz hüzn və kədərlə ziyarət edib həmişəyaşar vəfalı əshabələrin qanı ilə suvarılmış məkana ayaq basdım. Qalanın düşmənlər tərəfindən dağıdılmış qapılarını və bürclərini gördüm, səngər kimi istifadə olunmuş və üzərinə çoxlu qan tökülmüş daşlara tamaşa etdim.

Zəncan şəhidlərinin sayı indiyə qədər məlum deyil. Aydın olan budur ki, bu hadisələr uzun müddət davam edib və çoxlu adamlar həmin hadisələrin iştirakçısı olub. Mən şəhidlərin adlarını tam şəkildə əldə edə bilmədim. İsmullahul-Mim və İsmullahul-Əsəd bir sıra Zəncan şəhidlərinin adlarını qeyd etmişlər. Möhtərəm oxucular həmin qeydlərə müraciət edə bilərlər. Hüccətin əshabələrinin və Zəncan şəhidlərinin sayı barədə yekdil fikir yoxdur. Bəziləri şəhidlərin sayının bir neçə min nəfər olduğunu göstərirlər. Bəziləri isə bundan da çox olduğunu söyləyirlər. Mənim eşitdiyimə görə, Hüccətin əshabələrindən biri şəhidlərin adlarını qeyd edirmiş. Onun qeydlərində cənab Hüccətin vəfatından əvvəl şəhid olanların sayı 1598 nəfərə çatırmış. Cənab Hüccətin vəfatından sonra isə 202 nəfər şəhid olmuşdur.

Zəncan hadisələrinin yazılmasında mübarək Əmrin şəhidləri olan cənab Mirzə Məhəmmədəli Təbib Zəncani, Əbabəsir və Seyyid Əşrəf mənə çox köməklik göstərmişlər. Mən bu müqəddəs şəxsləri yaxşı tanıyırdım. Bəzi mətləbləri də Molla Hüseyn Zəncaninin yazılarından iqtibas etmişəm. Molla Hüseyn Zəncan hadisələri barədə məlumatları müxtəlif mənbələrdən toplayıb qələmə almış və Həzrət Bəhaullahın Mübarək Hüzuruna göndərmişdi. Zəncan hadisələrini nəql edərkən mənim istinad etdiyim mənbələr bunlar olmuşdur. Bundan əvvəl qələmə aldığım Mazandaran hadisələrini isə Seyyid Əbu Talib Şahmirzadinin Mübarək Hüzura göndərdiyi yazılarından və eləcə də Mirzə Heydərəli Ərdistaninin müxtəsər qeydlərindən iqtibas etmişəm. Həmin hadisələrə dair bir sıra mətləbləri də Şeyx Təbərsi qalasında olmuş Molla Məhəmməd Sadiq Müqəddəs, Molla Mirzə Məhəmməd Füruği, mübarək Əmrin şəhidlərindən biri olan cənab Bədinin atası Hacı Əbdül-Məcid kimi şəxslər mənə danışmışlar. Neyriz hadisələri barədə yazdıqlarım Həzrət Vəhidin yaxın əshabələrindən biri olan cənab Rza ərRuhun dediklərinə əsaslanırdı. Neyrizdə baş vermiş son hadisələri isə dostlardan Molla Şəfi adlı bir nəfərin Mübarək Hüzura göndərdiyi son dərəcə müfəssəl mətn əsasında nəql etmişəm. Həmin Molla Şəfi Neyrizdəki hadisələrin son mərhələsi ilə əlaqədar geniş araşdırma aparmış və əldə etdiyi məlumatları yazıb Həzrət Bəhaullahın hüzuruna göndərmişdi. Mənim qələmə almadığım və bu kitaba daxil etmədiyim hadisələri isə gələcək nəsillər yazacaqlar. Əziz oxuçulardan xahişim budur ki, əgər mənim yazdığım bu tarixdə bir nöqsan görsələr, məni bağışlasınlar. Tezliklə gələcək nəsillər mübarək Əmrin müfəssəl tarixini yazacaqlar və mənim öz imkanım dərəcəsində əhəmiyyətini anladığım mübarək Əmrin qeyri-adi hadisələrini layiqincə qələmə alacağlar.

bottom of page