İyirmi Üçüncü Fəsil

Həzrət Babın Şəhid Olması

NEYRİZ HADİSƏLƏRİNİN SORAĞI bütün məmləkətə yayıldı. Hamı xof və heyrət içində idi. Ölkənin səlahiyyət sahibləri çaşıb qalmışdılar ki, nə etsinlər. Onları məyusluq və ümidsizlik bürümüşdü. Nasirəddin şahın baş vəziri Əmir Nizam dalbadal baş verən hadisələrdən və Həzrət Babın əshabələrinin imanının gücündən qorxuya düşmüşdü. Hər bir hadisədə hökumət qüvvələri qalib gəlsələr də, Molla Hüseynlə Vəhid Mazandaranda və Neyrizdə dövlət qoşunları tərəfindən qətlə yetirilsələr də, Tehrandakı məkrli ixtiyar sahibləri belə düşünürdülər ki, hələ bu hadisələrin əsas səbəbi aradan qaldırılmayıb, bu misilsiz şücaəti öz tərəfdarlarının kenlünə bəxş edən şəxs məhv edilməyib. Belə ki, möminlər harada olsalar da, Azərbaycanda həbsdə olan sevimli Ağalarının göstərişlərini yerinə yetirirdilər. Hələ mübarək Əmr aradan götürülməmişdi, əsas mənbəyə zərbə endirilməmişdi. Əksinə, düşmənlərin müqaviməti yeni Əmrin tərəfdarlarının məhəbbət və sədaqət atəşini daha da alovlandırmış, onların Həzrət Baba bağlılığını daha da gücləndirmişdi. Bundan əlavə, öz tərəfdarlarında bu şücaət və inamı doğuran Şəxs hələ sağ idi və hamıdan təcrid olunsa da, təkbaşına qeyri-adi nüfuz nümayiş etdirirdi. Hökumətin davamlı tədbirləri şəhərləri bürümüş güclü həyəcanın qarşısını ala bilmirdi. Nasirəddin şahın baş vəziri belə düşünürdü ki, Həzrət Bab bu dünyada durduqca, bu atəşi söndürmək mümkün olmayacaq, çünki Seyyid Bab əslində bütün bu hadisələrin hərəkətverici qüvvəsi idi. Əmir Nizamın fikri belə idi ki, həmin hərəkətverici qüvvə aradan götürülərsə, bu atəş sönəcək, bu nur öləziyəcəkdir. Nasirəddin şahın nadan vəziri bu qənaətə gəlmişdi ki, məmləkəti bu hadisələrdən qurtarmağın ən yaxşı yolu Seyyid Babı öldürməkdir. Buna görə də o öz müşavirlərini çağırıb fikrini onlara bildirdi və qərarını izah edərək, dedi: “Görün, Seyyid Əli Məhəmməd Bab necə həngamə qoparıb, necə camaatın ürəyini ələ alıb! Mən əminəm ki, Seyyid Babın öldürülməsi ilə məmləkətdəki qarışıqlığa son qoyulacaq. Görün, Şeyx Təbərsi hadisəsində bizim nə qədər əsgərimiz həlak oldu. Mazandarandakı qiyamı yatırtmaq üçün nə qədər zəhmət çəkdik. Birdən Mazandaranda söndürdüyümüz alov Fars vilayətində şölələnməyə başladı, yenidən qarışıqlıq yarandı, camaat bəlaya və əzaba düçar oldu. Hələ cənubdakı şöləni söndürməmiş, indi də şimalda fitnə alovu baş qaldırıb, Zəncanı və onun ətrafını bürüyüb. Yaxşı fikirləşin, bu xəstəliyin qarşısını almaq üçün nə əlac bilirsinizsə, deyin. Mənim yeganə məqsədim budur ki, fitnə-fəsad İran məmləkətindən uzaq olsun, ölkədə əmin-amanlıq və sakitlik hökm sürsün”. Çağırılan şəxslərdən heç biri baş vəzirə cavab vermədi. Yalnız müdafiə naziri Mirzə Ağa xan Nuri baş vəzirə dedi: “Əgər bir çox qiyamçılar ölkənin müxtəlif yerlərində baş qaldırıb fitnə-fəsad törədirlərsə, bunun Seyyid Babla nə əlaqəsi var?! Mən belə düşünürəm ki, onsuz da həbsdə olan Seyyidi öldürmək böyük zülm və sitəm olar. Mərhum Məhəmməd şah heç vaxt Seyyid Babın düşmənlərinin sözlərinə qulaq asmazdı və onların dediklərinə əhəmiyyət verməzdi”. Müdafiə nazirinin cavabı Əmir Nizamın ovqatını təlx etdi. O, dedi: “Bu sözlər bizim indiki halımıza münasib deyil. Bu gün məmləkətin mənafeləri təhlükə qarşısındadır. İmkan vermək olmaz ki, bütün ölkəni qiyam dalğası bürüsün. Bəs Həzrət İmam Hüseyn nə üçün öldürülmüşdü? Yalnız məmləkətin mənafeyini qorumaq üçün! Həzrət İmam Hüseyni şəhid etmiş şəxslər öz gözləri ilə görmüşdülər ki, o, babası Rəsulullahın nəzərində necə yüksək məqama malik idi və ulu peyğəmbər onu nə qədər sevirdi. Bununla belə ölkənin və dövlətin mənafelərini qorumaq məsələsi ortaya çıxanda həmin şəxslər Onun məqamına və rütbəsinə göz yumub onu öldürdülər. İndi də həmin vəziyyət yaranıb: biz Seyyid Babı aradan götürməyənə qədər bu fitnə-fəsada son qoya, sülhə və sabitliyə nail ola bilməyəcəyik”.

Bunun ardınca Əmir Nizam müdafiə nazirinin sözlərini qulaqardına vurub Azərbaycan hakimi şahzadə həmzə Mirzəyə göstəriş verdi ki, Həzrət Babı Təbrizə gətirsin. Lakin şahzadəyə bildirmədi ki, Həzrət Babı Təbrizə gətirməkdə məqsədi nədir. Həmzə Mirzə son dərəcə mehriban və həssas qəlbli bir insan idi. Əmir Nizamın fərmanını alanda o, elə güman etdi ki, Həzrət Babı Təbrizə gətirməkdən məqsəd Onu həbsdən azad edib öz evinə göndərməkdir. Buna görə də Əmir Nizamın göstərişini dərhal yerinə yetirdi: etibar etdiyi adamlardan bir neçəsinə tapşırıq verdi ki, gedib Həzrəti-Əlanı Çehriq həbsxanasından Təbrizə gətirsinlər. Eyni zamanda onlara əmr etdi ki, O Həzrətlə son dərəcə ehtiramla rəftar etsinlər.

Həmzə Mirzənin adamlarının Çehriqə gəlişindən qırx gün əvvəl Həzrət Bab özünün bütün lövhə və yazılarını topladı, onları qələmdanı, əqiq üzükləri və möhürləri ilə birlikdə bir qutuya qoyub hərfi-həyy Molla Bağıra verdi. Bundan əlavə O, katib Mirzə Əhmədə bir məktub yazdı, qutunun açarını da məktubun içinə qoyub Molla Bağıra verdi və dedi: “Bu əmanətləri yaxşı saxla. Bu qutuda olanlar müqəddəs və qiymətli şeylərdir. Mirzə Əhməddən başqa heç kəs bu qutunun içində nə olduğunu bilməməlidir. Sən gedib bu əmanəti Mirzə Əhmədə çatdırmalısan”. Molla Bağır dərhal yola düşdü və on səkkiz gündən sonra Qəzvinə çatdı. Orada öyrəndi ki, Mirzə Əhməd Qəzvindən Quma gedib. Molla Bağır da Quma doğru yollandı və şaban ayının ortalarında (iyun ayının axırlarında) Quma daxil oldu. Mən (müəllif) o zaman Sadiq Təbrizi ilə birlikdə Qum şəhərində idim və Bağpənbə məhəlləsində Mirzə Əhmədlə bir evdə qalırdım. Mirzə Əhməd Sadiq Təbrizini Zərəndə göndərmişdi ki, məni Quma gətirsin. Mən də Zərənddən Quma gəlmişdim və dediyim kimi, Mirzə Əhmədlə bir evdə yaşayırdım. O vaxtlar Şeyx Əzim, Seyyid İsmayıl və bir çox digər əshabələr də Qum şəhərində idilər. Molla Bağır Quma gəlib əmanəti Mirzə Əhmədə təhvil verdikdə, Şeyx Əzim Mirzə Əhməddən xahiş etdi ki, qutunu açsın. Mirzə Əhməd də Əzimin xahişinə əməl edib qutunu açdı. Biz hamımız qutuda olan şeyləri gördük. Oradakı bir vərəq xüsusilə diqqətimizi cəlb etdi. Həmin vərəq ən yaxşı növdən olan mavi rəngli bir kağız lüləsi idi. Bu vərəqin üzərində Həzrət Bab “şikəstə” xətti ilə insan bədəni formasında “Bəha” sözündən düzəlmiş beş yüz kəlmə yazmışdı və onu elə bükmüşdü ki, təmizliyi və zərifliyi bütünlüklə qorunmuşdu. Adam əvvəlcə baxanda elə bilirdi ki, bu, əllə yazılmayıb, çap olunub. Özü də o qədər xırda yazılmışdır ki, uzaqdan baxanda insanda mürəkkəbin kağız üzərinə yaxıldığı təsəvvürü oyanırdı. Biz həmin vərəqə baxıb heyrətləndik, çünki heç bir katib bu cür yazı yaza bilməzdi. Sonra onu Mirzə Əhmədə qaytardıq, o da vərəqi qutuya qoydu. Həmən gün Mirzə Əhməd QumdanTehrana yollandı. Yola düşərgən o bizə dedi: “Həzrəti-Əlanın məktubundan sizə yalnız bunu söyləyə bilərəm ki, O, bu əmanəti Tehranda cənab Bəhaya çatdırmağı tapşırıb”. Sonra da mənə dedi: “Sən tez Zərəndə qayıt, çünki atan səbirsizliklə sənin yolunu gözləyir”.

Xülasə, məmurlar nəzakət və ehtiramla Həzrət Babı Çehriqdən bəlalı Təbrizə gətirdilər. Həmzə Mirzə Onu öz yaxın adamlarından birinin evinə göndərdi və tapşırdı ki, Onunla hörmətlə davransınlar. Bundan üç gün sonra Əmir Nizamın həmzə Mirzənin ünvanına göndərdiyi başqa bir fərman gəlib çıxdı. Fərmanda deyilirdi ki, Seyyid Babı Ondan üz döndərməyən müridləri ilə birlikdə dara çək və Sam xanın başçılıq etdiyi Urmiya erməni alayına şəhərdəki kazarmada onları gülləbaran etmək barədə əmr ver. Şahzadə həmzə Mirzə Əmir Nizamın niyyətindən hali olduqdan sonra onun fərmanını gətirmiş qardaşı Vəzir Nizam Mirzə Həsən xana dedi: “Əmir mənə rumlular, yaxud ruslarla müharibə etmək kimi böyük işlər tapşırmalıdır. Bu cür işlər avara adamların peşəsidir, qoy bunu onlara həvalə etsin. Mən İbn Ziyad, yaxud İbn Səd deyiləm ki, peyğəmbər Övladını heç bir günahı olmadan qətlə yetirim”. Mirzə Həsən xan şahzadə həmzə Mirzədən eşitdiklərini qardaşı Əmiri-Kəbir Mirzə Tağı xana yazdı. O da təcili cavab göndərdi ki, bu işi özün həyata keçir və əvvəlki fərmanda dediyim kimi hərəkət et. Çalış, ramazan ayına qədər bizi bu qayğıdan qurtar ki, ramazan ayında rahatca oruçumuzu tuta bilək. Mirzə Həsən xan yeni fərmanı göstərmək üçün həmzə Mirzənin yanına getdi. Lakin qapı-cı onu içəri buraxmayıb dedi: “Şahzadə cənabları özünü yaxşı hiss etmir və tapşırıb ki, heç kəsi onun yanına buraxmayım”. Belə olduqda Mirzə Həsən xan öz fərraşbaşısını çağırıb dedi: "Get, Seyyid Babı yanındakı adamlarla birlikdə şəhərdə olan böyük kazarmaya gətir və orada bir otağa sal. Sam xanın erməni alayının əsgərlərinə də de ki, on nəfər həmən otağın qarşısında keşik çəksin və hər saatdan bir keşikçilər dəyişdirilsin”. Fərraşbaşı onun göstərişinə əməl edib Həzrət Babı seyyidlik əlaməti sayılan əmmaməsi və belindəki şalı olmadan cənab Seyyid Hüseynlə birlikdə çoxsaylı izdihamın içərisindən keçirərək deyilən yerə gətirdi. Kazarmaya az qalmış qəflətən cənab Mirzə Məhəmmədəli Zünuzi ayaqyalın və başıaçıq halda qaçağaca özünü Həzrət Baba yetirdi, özünü Onun mübarək qədəmlərinə atıb ətəyindən yapışdı və dedi: “Məni özünüzdən ayırmayın!” Həzrət Bab dedi: “Sən bizimləsən, görək, sabah nə baş verəcək”. Daha iki nəfər də Həzrət Baba itaətini bildirdi, onları da tutdular. Beləliklə, dörd nəfəri Həzrət Babla birlikdə kazarmadakı otağlardan birinə saldılar. Erməni alayı da onların keşiyini çəkməyə başladı. Cənab Seyyid Hüseynin danışdığına görə, həmən gecə Həzrət Bab o vaxtadək müşahidə olunmayan bir sevinc içərisində idi, hədsiz şadlıq və şuxluqla yanındakı əshabələrlə söhbət edirdi. O cümlədən, Həzrət Bab demişdi: “Şübhə yoxdur ki, sabah məni öldürəcəklər. Əgər indi sizlərdən biriniz qalxıb mənim həyatıma son qoysanız, bu, daha yaxşı və daha xoş olar”. Hamımız ağlamağa başladıq, belə müqəddəs Şəxsi öz əlimizlə öldürmək fikrindən dəhşətə gəlib bir söz demədik. Bu dəm Mirzə Məhəmmədəli Zünuzi ayağa qalxıb dedi: “Mən sizin hər bir sözünüzü yerinə yetirməyə hazıram”. Biz Mirzə Məhəmmədəlinin əlindən tutub ona mane olmağa çalışırdıq ki, Həzrət Bab dedi: “Mənim iradəmi qəbul edən bu gənc mənimlə birlikdə şəhid olacaq. Mən bu iftixara qovuşmaqda onu özümə şərik seçmişəm”.

Səhər tezdən Mirzə Həsən xan fərraşbaşını göndərdi ki, Həzrət Babı və əshabələrini müctəhidlərin evlərinə aparsın və onlardan ölüm hökmü alsın. Getməyə hazırlaşarkən, Seyyid Hüseyn Həzrət Babdan soruşdu: “Mən nə etməliyəm?” Həzrət Bab buyurdu: “Yaxşı olar ki, sən məndən “üz döndərib” sağ qalasan və səndən başqa heç kəsin bilmədiyi bir sıra mətləbləri vaxtı gələndə lazımi şəxsə çatdırasan”. Həzrət Bab Seyyid Hüseynlə pıçıltı ilə danışdığı zaman fərraşbaşı gəlib çıxdı, Seyyid Hüseynin əlindən tutub onu bir fərraşa verdi və dedi: “Bu gün pıçıldaşmaq vaxtı deyil”. Həzrət Bab buyurdu: “Mən onunla söhbətimi başa çatdırmayınca, bütün aləm qılıncını sıyırıb üstümə hücum çəksə də, mənim başımdan bir tük əskik olmayacaq”. Fərraşbaşı təəccüblənib bir söz demədi.Sonra Ağa Seyyid Hüseynə əmr etdi ki, onun dalınca getsin.

Cənab Mirzə Məhəmmədəlini müctəhidlərin yanına aparanda, camaat çox xahiş edirdi ki, atalığı Seyyid Əli Zünuzinin xətrinə ona xilas olmaq imkanı verən bir söz dedirtsinlər. Mirzə Məhəmmədəli isə qışqıraraq, deyirdi: “Mənim dinim O Həzrətdir, mənim imanım Odur, mənim behiştim Odur, mənim Kövsərim və cənnətim Odur!” Molla Məhəmməd Mamağani ona dedi: “Bu sözlər sənin dəliliyinə dəlalət edir, dəli isə günahkar sayılmaz”. Mirzə Məhəmmədəli belə cavab verdi: “Ey axund, dəli sənsən ki, Məhəmməd nəslinin Qaiminə ölüm hökmü çıxarırsan. Mənsə ağıllıyam ki, canımı onun yolunda qurban verirəm və dini dünyaya satmıram”. Bu sözlərdən sonra Molla Məhəmməd Mamağani ölüm hökmü verdi.

Xülasə, Həzrət Babı Molla Məhəmməd Mamağaninin yanına apardılar. Molla Məhəmməd uzaqdan Həzrət Babı görən kimi qabaqcadan yazdığı ölüm hökmünü öz adamına verib dedi: “Bunu fərraşbaşıya ver və de ki, Onu mənim yanıma gətirmək lazım deyil. Mən bu ölüm hökmünü Onu vəliəhdin məclisində gördüyüm gün yazmışam. O elə həmən adamdır, sözləri də həmən sözlərdir”. Sonra Həzrət Babı yenicə atası Mirzə Əhmədin yerinə keçmiş Mirzə Bağırın evinə apardılar. Gördülər ki, onun adamı da qapının ağzında durub və ölüm hökmünü də əlində tutub. O, hökmü fərraşbaşıya verib dedi: “Müctəhid deyir ki, mənim Onu görməyimə lüzum yoxdur. Atam Onun barəsində ölüm hökmü çıxarmışdı, mən də O hökmü təsdiq edirəm”. Üçüncü müctəhid Molla Mürtəzaqulu idi. O da iki əvvəlki müctəhidin yolu ilə gedib ölüm hökmünü qabaqcadan göndərdi və Həzrət Babla görüşməyə razı olmadı. Fərraşbaşı üç qətl hökmü ilə O Tanrı məzhərini qaytarıb kazarmaya gətirdi və erməni Sam xana təhvil verib dedi: “Bu üç ölüm hökmünü Təbrizin üç ən böyük müctəhidi çıxarıb. Həmin hökmlərə görə, islam dini baxımından bu Şəxsin qətlə yetirilməsi lazım və vacibdir. İndi sənin həm dövlət, həm də millət tərəfindən icazən var və sənin üçün bu işi həyata keçirməkdə heç bir çətinlik olmamalıdır”.

Sonra fərraşbaşı Ağa Seyyid Hüseyni əvvəlki gecə olduğu otağa saldı. Mirzə Məhəmmədəlini də həmən otağa salmaq istəyəndə o, yalvarıb and verdi ki, məni Məhbubumun yanına apar. Axırı, fərraşbaşı onu da aparıb Sam xana təhvil verdi və dedi: “Əgər son ana qədər peşman olmasa, bunu da Onunla birlikdə çarmıxa çəkərsən”. Sam xan vəziyyəti belə gördükdə, qəlbini Allah xofu bürüdü və tam nəzakətlə Həzrəti-Əlaya dedi: “Mən xristianam və sizinlə heç bir ədavətim yoxdur. Sizi şəriksiz Tanrıya and verirəm, əgər mümkünsə, bir iş görün ki, mənim əlim Sizin qanınıza batmasın!” Həzrət Bab buyurdu: “Sən öz işini gör. Əgər sənin niyyətin səmimidirsə, Tanrı səni bu işdən uzaqlaşdıracaq”. Sam xanın göstərişinə əsasən, cənab Seyyid Hüseynin olduğu otağın qarşısına nərdivan qoyub, iki otağın arasındakı sütuna dəmir mıx vurdular və həmən mıxa iki kəndir bağladılar ki, birindən Həzrəti-Əlanı, o birindən də Mirzə Məhəmmədəlini assınlar.

Mirzə Məhəmmədəli xahiş etdi ki, onu Həzrət Babın qarşısında bağlasınlar və o, Həzrət Baba gələn bəlaya hədəf ola bilsin. Onu elə bağladılar ki, başı həzrət Babın mübarək sinəsi bərabərində oldu. Bundan sonra əsgərlər üç sıraya düzüldülər. Hər sırada iki yüz əlli əsgər vardı. Birinci sıraya atəş açmaq əmri verildi. Onlar atəş açıb yerə oturdular. Dərhal ikinci sıraya da atəş əmri verildi. Onlar da atəş açıb yerə oturdular. Bunun ardınca üçüncü sıra da yaylım atəşi açdı. Barıt tüstüsündən günün günorta çağı gecə yarısı kimi qaranlıq oldu. Kazarmanın, eləcə də qonşu evlərin damlarında da min nəfərə yaxın adam bu hadisəyə tamaşa edirdi. Tüstü çəkiləndən sonra gördülər ki, həzrət Mirzə Məhəmmədəli sağ-salamat dayanıb, bədənində heç bir yara yoxdur, hətta əynindəki təzə ağ qəba toza da bulaşmayıb. Həzrət Bab isə yoxa çıxmışdı. Hamı qışqırdı ki, Seyyid Bab qeybə çəkilib. Axtarıb Onu Ağa Seyyid Hüseynin məhbus olduğu otaqda tapdılar. Fərraşbaşı gördü ki, Həzrət Bab rahatca əyləşib Seyyid Hüseynlə söhbət edir. Həzrət Bab fərraşbaşıya dedi: “Mən söhbətimi bitirdim. İndi nə istəyirsinizsə, edin. Bu dəfə məqsədinizə çatacaqsınız”. Fərraşbaşı dərhal oradan evinə getdi və öz vəzifəsindən istefa verdi. O, öz qonşusu mərhum Mirzə Seyyid Möhsünə bu hadisəni danışmış və nəticədə Mirzə Seyyid Möhsün mübarək Əmrə iman gətirmişdi. Mən (müəllif) Təbrizdə olarkən onunla görüşmüşdüm. O, məni kazarmaya aparıb mıx vurulmuş sütunu və Həzrəti-Əlanın Ağa Seyyid Hüseynlə söhbət etdiyi otağı mənə göstərmişdi.

Xülasə, Sam xan bu qeyri-adi halı müşahidə etdikdən sonra öz alayını götürüb kazarmadan çıxdı və dedi: “Məni tikə-tikə doğrasanız da, mən bu işi görməyəcəyəm”. Həmin anda “Nasiri alayı” adlanan Xəmsə alayının komandanı Ağacan xan meydana çıxıb dedi: “Bu işi mən görəcəyəm, bu savabı mən qazanacağam!” Bundan sonra o, öz alayını gətirib əvvəl dediyimiz qayda ilə durdu və atəş açmaq əmri verdi. İlk dəfə yalnız bir güllə kəndirə dəyib onu qırmışdı və hər iki şəxs heç bir ziyan görmədən yerə düşmüşdülər. Lakin bu dəfə atəşin şiddətindən iki bədən birləşib bir bədən olmuş və bir-birinə yapışmışdı. Həmən vaxt güclü külək əsməyə başladı, toz-duman hər yeri bürüdü. O qədər qaranlıq oldu ki, camaat öz evini tapa bilmirdi. Qapqara toz gətirən qasırğa günortadan kecəyədək davam etdi. Həmişə və hər yerdə qeyrəti, qonaqpərvərliyi, seyyidlərə məhəbbəti ilə tanınan Təbriz əhalisi o halətdən və xristian Sam xanı əmrdən boyun qaçırmağa, fərraşbaşını vəzifəsindən istefa verməyə vadar edən O qüdrətdən nəticə çıxarıb ayılmadı. Baxmayaraq ki, ikinci dəfə Həzrət Babı dar ağacının yanına gətirəndə, O uca səslə demişdi: “Ey insanlar, əgər məni tanısaydınız, sizlərdən ən şərəflisi olan bu gənc kimi bu yolda özünüzü qurban verərdiniz. Mən O vəd olunmuş Şəxsəm ki, asimanın gözləri beləsini çox az görüb. Əshabələrdən üç yüz on üç nəfəri özünü mənə fəda edib”. İnsanlar bu sözləri eşidirdilər, bununla belə dayanıb tamaşa edirdilər. Bu böyük hadisə hicri 1266-cı il şaban ayının 28-də (1850-ci il iyul ayının 9-da) bazar günü günorta baş vermişdi. Həmən vaxt Həzrət Babın mübarək ömründən qəməri təqvimlə otuz bir il yeddi ay iyirmi yeddi gün, şəmsi təqvimlə isə otuz il altı ay keçmişdi. Və Onun zühurundan qəməri təqvimlə altı il üç ay iyirmi gün, şəmsi təqvimlə isə altı il qırx dörd gün ötmüşdü.

Həmin gün axşam Həzrət Babın və Mirzə Məhəmmədəli Zünuzinin pak bədənlərini şəhər darvazasının yaxınlığındakı xəndəyin kənarına apardılar və bir dəstə adama onları qorumaq tapşırığı verdilər. Ertəsi gün səhər Təbrizdəki rus konsulu mahir bir rəssamla birlikdə ora yollandı. Rəssam xəndəyin kənarında düşüb qalmış o iki pak cəsədin şəklini çəkdi. Hacı Əliəsgər bu barədə mənə (müəllifə) aşağıdakıları danışmışdır: “Rus konsulluğunun mənimlə əlaqəsi olan bir əməkdaşı elə həmən gün o şəkli mənə göstərmişdi. Şəkil çox məharətlə çəkilmişdi. Mən diqqətlə baxıb gördüm ki, Həzrət Babın mübarək alnına heç bir güllə dəyməmişdir. Onun gözəl üzü və mübarək dodaqları da güllədən ziyan çəkməmişdi. Onun mübarək simasında xəfif təbəssüm əlamətləri aşkar görünürdü. Amma Onun mübarək bədəni parça-parça olmuşdu. Mirzə Məhəmmədəli Zünuzinin başı və qolları da aydın görünürdü. Sanki o, öz Məhbubunu bərk-bərk qucaqlamış və özünü O Həzrətə gələn bəlalar qarşısında sipər etmişdi. Şəklə baxdığım zaman əhvalım dəyişdi. İxtiyarsız olaraq, üzümü çevirdim. Ürəyim çırpınırdı. Evə gəlib qapını bağladım. Düz üç gün üç gecə nə bir şey yedim, nə də yuxuya getdim. Mən Həzrət Babın bəla və müsibət, qəm və kədər, həbs və qadağa içərisində keçən və nəhayət, belə bir sonluqla başa çatan qısa ömrü barədə düşünürdüm. Onun həyatının mənzərələri xəyalımda canlanır, gözlərim önündən keçirdi. Çarpayıda düşüb qalmış halda dərddən və kədərdən ağlayır, nalə çəkirdim. O Həzrətin başdanayağa möhnətlə dolu olan həyatını xatırlayaraq, göz yaşı tökürdüm”.

Həzrət Babın şəhid olmasından bir gün sonra axşam Yəhya xanın oğlu Hacı Süleyman xan Təbrizə gəldi və Bağmeşə məhəlləsində etibarlı dostlarından biri olan kələntərin evində qonaq oldu. Kələntər dərviş və sufi təbiətli bir insan idi. Süleyman xan Həzrəti-Əlanı həbsdən xilas etmək üçün Tehrandan Təbrizə gəlmişdi və O Həzrətin şəhid olmasından xəbərsiz idi. Kələntər baş vermiş hadisələri və Həzrəti-Əlanın şəhid olmasını Süleyman xana danışan kimi o, ayağa qalxdı ki, gedib nə yolla olursa-olsun, o iki müqəddəs çəsədi götürsün və ora gətirsin. Kələntər ona dedi: “Bir qədər səbr et! Bir çarə fikirləşmək lazımdır, çünki sən indi bu məqsədlə ora getsən, mütləq səni öldürərlər”. Kələntər azaçıq duruxduqdan sonra Süleyman xana dedi: “Sən başqa bir evə get və orada gözlə. Mən gecə Hacı Allahyarı sənin yanına göndərəcəyəm. O, bu işə əncam çəkər”. Deyilən vaxtda Hacı Allahyar Süleyman xanın yanına gəldi. Gecə yarısı o gedib iki müqəddəs çəsədi götürdü və Milandakı dostlardan birinin ipək fabrvdinə apardı. Ertəsi gün o, hər iki cəsədi xüsusi olaraq bu məqsədlə hazırlanmış taxta sandığa qoydu və Süleyman xanın xahişinə əsasən, fabrikdən təhlükəsiz bir yerə köçürdü. Gözətçilər belə bir söz yaydılar ki, o iki çəsədi yırtıcı heyvanlar yeyib. Guya onları yuxu aparıb və belə bir hadisə baş verib. Bu bəhanə ilə onlar həmən çəsədlərin mühafizəsində göstərdikləri səhlənkarlığa bəraət qazandırdılar. Onların başçıları da öz şərəflərini qorumaq üçün həqiqəti gizli saxladılar və əsil mətləbi səlahiyyət sahiblərinə bildirmədilər.

Hacı Süleyman xan bütün olayları Tehranda olan Həzrət Bəhaullaha yazdı. Həzrət Bəhaullah cənab Kəlimə göstəriş verdi ki, bir nəfəri göndərib o iki müqəddəs cəsədi Təbrizdən Tehrana gətirtsin. Bu iş Həzrət Babın öz istəyinə uyğun olaraq həyata keçdi. Bir vaxtlar Həzrət Bab Tehran yaxınlığından keçib Təbrizə gedərkən, Onun qələmindən “Şah Əbdül-Əzim ziyarətnaməsi” adlı bir lövhə nazil olmuşdu. Həzrət Bab həmən lövhənin xətib Mirzə Süleymana verib demişdi: “Dostlardan bir neçəsi ilə bərabər Şah Əbdül-Əzimə get və məqbərədə bu ziyarətnaməni oxu!” Həmin lövhənin son hissəsində Əbdül-Əzimə müraciətlə deyilirdi: “Xoş sənin halına ki, Reydə dəfn olunmusan və mənim Məhbubumun kölgəsi altındasan! Kaş mən də o müqəddəs torpaqda dəfn olunaydım!”

İki müqəddəs cəsəd Tehrana gətiriləndə mən (müəllif) Tehranda Mirzə Əhmədin yanında idim. Həzrət Bəhaullah o vaxt Əmir Nizamın göstərişinə əsasən Kərbəlaya getmişdi. Əvvəlcə o iki mübarək cəsədi İmamzadə Həsəndə dəfn etmişdilər. Sonra cənab Kəlimlə Mirzə Əhməd həmin müqəddəs cəsədləri özlərindən başqa heç kəsin bilmədiyi bir yerə köçürdülər. İki mübarək cəsəd Həzrət Bəhaullah Ədirnəyə gedənə qədər hamıdan gizli şəkildə orada qaldı. Ədirnədə Həzrət Bəhaullah cənab Kəlimə göstəriş verdi ki, həmən iki cəsədin gizlədildiyi yeri dostlardan Münir adlı bir nəfərə başa salsın. Münir çox axtardı, lakin həmən yeri tapmağa müvəffəq olmadı. Sonralar köhnə əshabələrdən olan Çamal əsas məsələni anlamış və hələ Həzrət Bəhaullah Ədirnədə ikən cəsədlərin gizlədildiyi yeri tapmışdı. O yer indiyə qədər gizli saxlanılır və dostlar bilmirlər ki, o yer haradadır. Və məlum deyil ki, o iki mübarək cəsəd həmən yerdən hara köçürüləcək.

Tehranda Əmir Nizamdan sonra Həzrət Babın şəhid olmasından xəbər tutan ilk şəxs Mirzə Ağa xan Nuri oldu. Həzrət Bab Kaşan şəhərindən keçdiyi zaman Mirzə Ağa xan Nuri orada idi, çünki Məhəmməd şah onu Kaşana sürgün etmişdi. Hacı Mirzə Cani Kaşani mübarək Əmr barədə Mirzə Ağa xanla söhbətlər aparmışdı. Mirzə Ağa xan demişdi: “Əgər mənim bu Əmrə inamım yenidən Tehrana qayıdıb əvvəlki vəzifəmə təyin olunmağımla nəticələnərsə, mən daim səy göstərəcəyəm ki, əshabələrə zülm olunmasın, həmişə onların qayğısını çəkəcəyəm, onların rahat və salamat olmasına çalışacağam”. Hacı Mirzə Cani Mirzə Ağa xanın bu sözlərini Həzrəti-Əlaya çatdırmışdı. Həzrət Bab demişdi: “Mirzə Ağa xanı əmin et ki, tezliklə şah onu Tehrana çağıracaq və ona yüksək rütbə və məqam verəcək. O, məmləkətdə ikinci şəxs olacaq, elə yüksək məqama çatacaq ki, şahdan başqa heç kəs ondan yuxarıda durmayacaq”. Sonra da əlavə etmişdi: “Ona de ki, öz vədini unutmasın və öhdəsinə götürdüklərini yerinə yetirsin”. Mirzə Ağa xan bundan xeyli xoşhal olmuş və öz əhdini bir daha təsdiq etmişdi.

Həzrəti-Əlanın şəhid olması xəbəri Mirzə Ağa xana çatanda o, yüksəlmiş və “Etimadüd-dövlə” ləqəbi almışdı, özü də baş vəzir olmaq arzusunda idi. O, dərhal baş vermiş hadisələri hörmət bəslədiyi Həzrət Bəhaullaha çatdırıb dedi: “Belə görünür ki, qarışıqlıq və müsibətlər alovu sönmüşdür”. Həzrət Bəhaullah ona dedi: “Elə deyil, müsibət və bəla alovu sönməyib. Tezliklə o qədər şiddətlə şölələnəcək ki, məmləkətin səlahiyyət sahibləri onu söndürməkdə aciz qalacaqlar”. Çox keçmədi ki, Mirzə Ağa xan Həzrət Bəhaullahın sözlərinin doğruluğunu təsdiq etməli oldu. Əvvəlcə o elə güman etmişdi ki, Həzrət Babın ölümündən sonra hər şey bitəcək və Onun Əmri dünyada yaşamayacaq. Lakin Əmrin daha da yayıldığını, Onun nurunun daha da artdığını gördükdə, Mirzə Ağa xan Həzrət Bəhaullahın sözlərinin düzgünlüyünü etiraf etdi. Bir dəfə Mirzə Ağa xan bərk xəstələndi. Bütün təbiblər onun müalicəsində aciz qaldılar, onun sağalmasına ümidlərini itirdilər. Həmin vaxt Həzrət Bəhaullah ona şəfa bəxş etdi və onu təhlükədən qurtardı.

Zalımların Həzrət Babı incitməsi və qaniçənlərin O Həzrəti şəhid etməsi İranın və iranlıların müxtəlif bəla və müsibətlərə düçar olması ilə nəticələndi. O böyük İnsana qarşı bu zülmü törədənlər, həmçinin bu zülmün qarşısını almaq imkanı olan, lakin almayan şəxslər ağır müsibətlər və qorxunc təhlükələrlə üzləşdilər. Heç kəs onlardan yaxasını kənara çəkə bilmədi. Bəla və müsibət qasırğası elə şiddətlə əsdi ki, onların maddi xoşbəxtliyinin bünövrəsi yerindən oynadı. Düşmənlər Həzrət Babın Əmrinə qarşı çıxdıqları və O böyük Şəxsiyyəti incitməyə başladıqları gündən hər tərəfdən onların üstünə fəlakət yağdı, onların bədxah ruhunu əzaba və iztiraba düçar etdi. Bir yandan da taun və sair kimi xəstəliklər zalımların üzərinə hücuma keçib onları əldən saldı. Xəstəlik hər yerdə tüğyan edirdi. Belə dəhşətli xəstəliklərin haçansa mövcud olduğunu heç kəs xatırlamırdı. Tarix səhifələrində də belə müsibətlərə nadir hallarda rast gəlmək mümkündür. Taun xəstəliyi bütün təbəqələri bürümüş, bütün əhalini əsir etmişdi. Bu xəstəlik çox uzun çəkdi, zalımlar xeyli vaxt onun amansız qılıncını başları üzərində hiss etdilər. Gilan vilayətinə isə qızdırma xəstəliyi hakim kəsildi. Allahın qəzəbi təkcə Adəm övladına deyil, heyvanlara və bitkilərə də şamil oldu. Bütün insanlar və heyvanlar müxtəlif bəlalara giriftar oldular. Digər tərəfdən də dəhşətli qurağlıq və qıtlıq başlandı. İnsanlar tədricən əzablı ölüm şərbətini içirdilər, lakin özlərinin bu dərdlərə mübtəla olmaqlarının əsil səbəbindən qafil idilər. Onlar bilmirdilər ki, hansı qudrətli əl onları cəzalandırır və hansı möhtərəm şəxsi təhqir etdikləri üçün onlar bu bədbəxtliklərə düçar olurlar.

Şiraz hakimi Hüseyn xan Həzrət Baba əziyyət vermiş və onunla son dərəcə kobud rəftar etmiş ilk şəxs idi. Onun ucbatından minlərlə rəiyyət həlak oldu. Bu şəxs özü də saysız müsibətlərlə üzləşdi. Onun hakim olduğu vilayəti taun xəstəliyi bürüdü. Xəstəlik Fars vilayətini viran qoyub susuz, otsuz-ələfsiz bir səhraya çevirdi, insanları və heyvanları məhv etdi. Hüseyn xan bu bəlalar qarşısında aciz qalıb nalə çəkdi və anladı ki, bütün zəhməti hədər gedib. Fars vilayəti çarəsizlikdən əlini uzadıb qonşu bölgələrdən kömək diləyirdi. Qaniçən hakim həyatının sonlarında hamının nifrətini qazanıb şərəfsizcəsinə öldü. Dost-düşmən hamı onu unutdu. Həzrət Baba əziyyət verməyə cürət etmiş ilk şəxsin aqibəti belə oldu.

Həzrət Babın əleyhinə çıxıb Onunla düşmənçilik edən ikinci şəxs Hacı Mirzə Ağası idi. Bu alçaq xislətli şəxs öz cılız məqsədlərinə çatmaqdan və öz dövrünün dini rəhbərlərinin rəğbətini qazanmaqdan ötrü Məhəmməd şahın Həzrət Babla görüşməsinə mane olmuş və Həzrət Babı Azərbaycanın ucqar nöqtəsində məhbus etmişdi. Həbsdə də O Həzrəti güclü nəzarət altında saxlayırdı. Həzrəti-Əla zindanda olarkən, onun ünvanına bir lövhə yazmış və orada bu şəxsin acınacaqlı aqibətinə işarə etmişdi. Həzrəti-Əlanın Tehran yaxınlığında olmasından il yarımdan artıq vaxt keçməmişdi ki, nadan vəzir Allahın qəzəbinə tuş gəldi, izzət taxtından zillət torpağına yıxıldı. Nəhayət, o, Şah Əbdül-Əzimə sığınaraq, özünü camaatın qəzəbindən xilas etməyə çalışdı. Lakin İlahi Qüdrətin əli ilə o, İran hüdudlarından kənara sürgün olundu və müsibət dəryasına qərq edildi. Axırı o, hədsiz zillət və yoxsulluq içərisində canını tapşırdı.

Ağacan bəy Xəmseinin əmri ilə Həzrət Baba atəş açmış əsgərlər qəribə bir şəkildə öz əməllərinin cəzasına çatdılar. Onların iki yüz əlli nəfəri zabitləri ilə birlikdə həmən il güclü zəlzələ nəticəsində həlak oldu. Onlar yay vaxtı günorta Ərdəbillə Təbriz arasında bir divarın kölgəsinə sığınmışdılar və havanın istiliyinə baxmayaraq, eyş-işrətlə məşğul idilər. Qəflətən güclü zəlzələ baş vermiş və onların hamısı uçqun altında qalıb həlak olmuşdu. Onların qalan beş yüz nəfəri Həzrət Babın şəhid olmasından üç il sonra qiyam qaldırıb itaətsizlik göstərdiklərinə görə Mirzə Sadıq xan Nurinin əmri ilə güllələndilər. Mirzə Sadiq xan onların heç birinin sağ qalmaması üçün əmr etmişdi ki, onlara iki dəfə atəş açsınlar, sonra isə bədənlərini qılınc və nizə ilə tikə-tikə etsinlər. Bu hadisə Təbrizdə baş vermişdi və camaatın ibrət götürməsi üçün onların parça-parça olmuş cəsədlərini hamıya nümayiş etdirmişdilər. Bu hadisə camaatı heyrətə salmışdı. Hamı deyirdi: “Qəribədir, Həzrət Baba güllə atanlar bu yolla öz əməllərinin cəzasına çatdılar”. Bu sözlər dildəndilə dolaşırdı, hamı həyəcan içərisində idi. Nəhayət, ədalətsiz üləmalar bundan xəbər tutdular və fitva verdilər ki, kim belə sözlər danışarsa, o, cəzaya layiq görülməlidir. Bir çox adamlar üləmaların fitvasına əsasən çərimə və həbs olundular.

Həzrət Babın öldürülməsinə hökm vermiş baş vəzir Əmir Nizam və onunla bərabər bu günaha batmış qardaşı Vəzir Nizam iki ildən sonra öz əməllərinin cəzasına çatdılar və böyük əzaba düçar oldular. Kaşan yaxınlığında yerləşən Fin qəsəbəsindəki hamamın divarı baş vəzir Əmir Nizamın qanına boyandı. O qan hələ də orada durur və Əmir Nizamın törətdiyi zülm və sitəmə şahidlik edir.

© 2016 - Dan Yerinin Şəfəqləri,

Azərbaycan Bəhailəri Milli Ruhani Məhfilinin Qərarı İlə Nəşr Olunmuşdur