top of page

İyirmi Birinci Fəsil

Tehranın Yeddi Şəhidi

ŞEYX TƏBƏRSİ QALASINDA faciəvi hadisələrin baş verməsi və əshabələrin öz canlarından keçməsi xəbəri Həzrət Baba yetişib Onu sonsuz hüzn və kədərə qərq etdi. O, Çehriq qalasında dustaq olduğu və öz vəfalı əshabələrindən uzaq düşdüyü üçün daim onlardan ötrü dua edir, onlara qələbə və uğur diləyirdi. Hicri 1265-ci il şaban ayının əvvəllərində (1849-cu il iyun ayının axırlarında) əshabələrin başına gəlmiş müsibətlərin sorağı Həzrət Baba çatdı, düşmənlərin hiylə işlədərək, əshabələri kütləvi qırğına məruz qoyması Ona bəlli oldu. Həzrət Babın vücudunu dərin bir kədər bürüdü. Katib Seyyid Hüseyn Əziz bu barədə belə danışırdı: “Bu dəhşətli xəbər Həzrət Babın mübarək könlünü o dərəcədə qəmə və qüssəyə qərq etdi ki, doqquz gün ərzində əshabələrdən heç birini hüzuruna buraxmadı, ayələrin nüzulu kəsildi. O, hətta şəxsi katibi olmağıma baxmayaraq, mənim də hüzuruna yetişməyimə icazə vermirdi, digər seçkin əshabələri də qəbul etmirdi. O, yemək yemirdi, su içmirdi, daim gözlərindən yaş axıdaraq, dərdli və kədərli sözlər söyləyirdi. Mən pərdə arxasından Həzrət Babın öz otağında Məhbubu ilə dərdləşməsini eşidirdim və Onun mübarək dilindən süzülən qəmli kəlamları toplamağa çalışırdım. Həmin kəlamlardan bir xeyli toplayıb yazmışdım ki, Həzrət Bab onların hamısını cırıb atmaq barədə göstəriş verdi. Mən bu göstərişə əməl edib yazdıqlarımın hamısını cırıb atdım və o kəlamlardan birini də saxlamadım”. Beş ay ərzində Həzrət Bab hədsiz hüzn və kədər içərisində oldu. 1265-ci ilin məhərrəm ayında (1849-cu ilin noyabr-dekabr aylarında) ayələrin nüzulu yenidən başlandı. Həzrət Babın mübarək qələmindən çıxan ilk yazı cənab Babülbaba həsr olunmuşdu. “Ziyarət lövhəsi” adlanan bu yazıda Həzrət Bab təsirli ifadələrlə qaladakı hadisələr zamanı Molla Hüseynin cənab Qüddusa göstərdiyi vəfadarlıq və sədaqəti tərifləmiş, onun gözəl əxlaqını və ali keyfiyyətlərini son dərəcə yüksək qiymətləndirmişdi. Həmin lövhədə buyurulurdu ki, Babülbab əbədi aləmdə öz sevimli və hörmətli rəhbəri ilə görüşmək səadətinə nail olacaq. Həzrət Bab özü barədə də deyirdi ki, tezliklə mən o iki müqəddəs şəxsə qovuşacağam. Düz bir həftə Həzrət Babın mübarək qələmi Qüddusun, Molla Hüseynin və qalada şəhid olmuş vəfalı əshabələrin fəzilətlərini yazmaqla məşğul oldu. Aşura günü Həzrət Bab Marağadan olan dostlardan birini öz hüzuruna çağırdı. Həmin şəxs iki ay idi ki, Seyyid Hüseyn Əzizin qardaşı Seyyid Həsənin əvəzinə Həzrət Baba xidmət göstərməklə məşğul idi. Həzrət Bab Molla Adıgözəl adlı bu şəxsə çox inayət göstərirdi və ona “Səyyah” ləqəbi vermişdi. Həzrət Bab “Ziyarət lövhəsi”ni Səyyaha verib ona əmr etdi ki, qalada şəhid olmuş əshabələrin ziyarətinə yollansın. Həzrət Bab Səyyaha belə dedi: “Dur, dərviş libası geyinib Mazandarana get və mənim əvəzimə şəhidlərin pak cəsədlərini öz qoynuna almış müqəddəs yeri ziyarət et! O müqəddəs torpağa yaxınlaşdığın zaman ayaqqabılarını çıxar, ehtiramla onlara təzim et, onların adlarını ucadan söylə və müqəddəs məzarlarının başına dolan! Qüddusun və Molla Hüseynin dəfn olunduqları yerdən mənə bir ovuc torpaq gətir, qoy sənin ziyarətindən yadikar olsun! Çalış Novruz bayramına qədər geri dön ki, bayramı birlikdə keçirək. Çünki bu, mənim bu dünyada görəcəyim sonuncu bayram olacaq”.

Səyyah mübarək göstərişə uyğun olaraq Mazandarana yollandı və Həzrət Babın tapşırıqlarını son dərəcə dəqiqliklə yerinə yetirdi. 1266-cı il rəbiül-əvvəl ayının 1-də (1850-ci il yanvar ayının 15-də) o, müqəddəs məkana çatdı və rəbiül-əvvəl ayının 9-da (yanvarın 23-də) yəni Molla Hüseynin şəhid olduğu gün ziyarət mərasimini başa vurub dərhal Tehrana qayıtdı. O vaxtlar Səyyahı Tehranda Həzrət Bəhaullahın evində görmüş cənab Kəlim bu barədə mənə (müəllifə) belə danışıb: “Səyyah şəhidlərin ziyarətindən qayıdıb Həzrət Bəhaullahın hüzuruna gəldiyi zaman qış idi. Havalar olduqca soyuq və şaxtalı keçirdi. Səyyah o soyuq havada və şiddətli qarda dərvişlər kimi köhnə və cırıq libas geyinib özünü bir əbaya bürümüşdü, ayaqları yalın, saçları dağınıq idi, amma könlü ilahi məhəbbət odu ilə alışıb-yanırdı, şəhidlərin ziyarəti onu başdan-ayağa alovlandırmışdı. Seyyid Yəhya Darabi həmən gün Həzrət Bəhaullahın qonağı idi. O, Səyyahın Şeyx Təbərsi qalasından qayıtdığını eşidən kimi bütün o hörmətinə və nüfuzuna baxmayaraq, tez Səyyahın qarşısına çıxıb özünü onun ayaqlarına atdı və Səyyahın dizə qədər palçığa batmış ayaqlarını qucaqlayıb öpdü. O vaxtlar Həzrət Bəhaullah cənab Vəhidə o qədər inayət göstərirdi ki, bu mənim təəccübümə səbəb olurdu. Həmən günlər cənab Vəhidlə ünsiyyətdən mən belə başa düşmüşdüm ki, gələcəkdə o, mühüm bir təşəbbüsə əl atacaqdır və bu təşəbbüs öz böyüklüyü və əhəmiyyəti baxımından Şeyx Təbərsi qalasında şəhid olmuş əshabələrin hərəkətlərinə bərabər olacaqdır. Səyyah bir neçə gün Həzrət Bəhaullahın evində istirahət etdi, amma o, cənab Vəhid qədər Həzrət Bəhaullahın məqamının əzəmətini anlaya bilmədi. Həzrət Bəhaullah ona hədsiz inayət göstərsə də, o bütün bu inayət və lütfün mənasını başa düşmürdü”.

Cənab Səyyah Famaqustaya səfər edərkən, öz sərgüzəştini mənə danışmışdı. O cümlədən demişdi: “Həzrət Bəhaullah mənə çox ehtiramla yanaşırdı. Cənab Vəhid isə məqamının ucalığına baxmayaraq, Həzrət Bəhaullahın hüzurunda məni özündən üstün tuturdu. Mən Həzrət Bəhaullahın evinə gələndə, cənab Vəhid qarşıma çıxıb ayaqlarımdan öpdü. Mən Onun bu hərəkətindən heyrətə düşdüm. O günlər mən Həzrət Bəhaullahın səxavət və mehribanlıq dənizinə qərq olsam da, həmən vaxt Onun məqamının əzəmətindən tamamilə xəbərsiz idim, O Həzrətin böyüklüyü barədə cüzi məlumatım da yox idi, bilmirdim ki, bir gün gələcək, O Tanrı vəhyinin məzhəri olacaq”.

Səyyah Tehrandan getməyə hazırlaşanda, Həzrət Bəhaullah Mirzə Yəhyanın adından bir məktub yazıb Səyyaha verdi. Bir müddətdən sonra Həzrət Babın xətti ilə bir məktub gəldi. Həmin məktubda Həzrət Bab Mirzə Yəhyaya əmr edirdi ki, Həzrət Bəhaullahın himayəsinə sığınsın və ondan təlim-tərbiyə alsın. Sonralar inkarçılar bu mübarək lövhəni dəyişdirdilər və onu özlərinin Mirzə Yəhya barədə mübaliğəli iddialarının düzgünlüyünü sübut etmək üçün bir dəlilə çevirdilər. Halbuki həmin mübarək lövhənin əslində tərəfdarlarının Mirzə Yəhyaya aid etdikləri uydurma məqama kiçicik bir işarə də yox idi. Ümumiyyətlə, Həzrət Babın mübarək yazılarında inkarçıların saysız-hesabsız iddialarından əsər-əlamət belə yoxdur. Əksinə, Həzrət Babın həmin məktubu yazmaqda məqsədi Həzrət Bəhaullahı tərifləmək idi, lakin Mirzə Yəhyanın tərəfdarları belə təsəvvür etdilər ki, Həzrət Babın bu məktubunda Mirzə Yəhyanın məqamına işarə olunmuşdur.

1265-ci (1848/49-cu) ilin ən mühüm olaylarını qələmə aldığım zaman mən (müəllif) burada öz həyatımın ən böyük hadisəsi barədə yazmağı da lazım bildim. “Həyatımın ən böyük hadisəsi” dedikdə, mən özümün ruhani doğuluşumu, yəni mübarək Əmri qəbul etmək şərəfinə nail olub təqlidlərdən qurtulmağımı nəzərdə tuturam. Beləliklə, möhtərəm oxucuların icazəsi ilə mən burada yetkinliyimin ilk çağlarından mübarək Əmrə iman gətirdiyim zamana qədər həyatımın tarixçəsini qələmə alıram.

Atam Tahiri tayfasından idi, Xorasan diyarında köçəri həyat sürürdü. Adı ərəb Hüseynin oğlu Qulaməli idi, zövcəsi Kəlbəlinin qızı idi. Allah ona üç oğul və üç qız vermişdi. Mən onun ikinci oğluyam. Anadan olarkən o, mənim adımı Yar Məhəmməd qoymuşdu. Mən hicri 1247-ci il səfər ayının 18-də (1831-ci il iyul ayının 29-da) Zərənddə doğulmuşam. Mənim məşğuliyyətim çobanlıq idi, azacıq savadım da vardı. Daxilimdə daha çox oxumağa güclü meyl hiss edirdim, amma çoban olduğum üçün bu arzumu həyata keçirə bilmirdim. Sonsuz həvəslə Quranı oxuyurdum və bu müqəddəs kitabın böyük bir hissəsini əzbər bilirdim. Çöldə qoyunları otardığım zaman Quran ayələrini ucadan oxuyurdum. Mən həmişə tənha qalmağı sevirdim. Gecələr ulduzlara baxmaqdan xoşum gəlirdi, bu, mənə sevinc bəxş edirdi. Gecənin qaranlığında Həzrət Əmir-əleyhissalamın bəzi dualarını oxuyurdum. Üzümü qibləyə tutanda Allahdan diləyirdim ki, məni sapıntıdan hifz etsin, haqqı dərk etməyimə kömək göstərsin. Atam hər dəfə Quma gedəndə məni özü ilə aparırdı. O, üləmalara çox inanırdı, Qumda toplaşan üləmaların hüzurunda olmağı xoşlayırdı. Qumda o, İmam Həsən məscidinə gedir, namaz qılır, tam inamla və dəqiq surətdə bütün vacib işləri yerinə yetirirdi. Mən də onunla birlikdə Nəcəfdən gələn müctəhidlərin məclislərinə gedir, minbərin aşağısında oturub onların söhbətlərinə və mübahisələrinə qulaq asırdım. Tədricən mən anladım ki, onlar nə deyirlərsə, yalan deyirlər. Onların pis əxlaqı və bəd rəftarı məndə ikrah doğururdu. Çox istəyirdim ki, onların vacib buyurduğu əqidə və şərtlərin düzgünlüyünü özüm üçün aydınlaşdırım, lakin bundan ötrü kifayət qədər vaxtım yox idi. Atam həmişə bu cəsarətimə və beynimdə dolaşan fikirlərə görə məni danlayar və deyərdi: “Qorxuram ki, sənin üləma və müctəhidlərə qarşı ədavətin səni böyük çətinliklərlə üzləşdirsin və ağır bəlalara düçar etsin”.

İş elə gətirdi ki, mən əmimi görmək üçün Rabatkərimə gedəsi oldum. Hicri 1263-cü (1847-ci) ildə Novruzdan on iki gün keçmiş Rabatkərim məscidində iki nəfər oturub söhbət edirdi. Mən onların söhbətinə qulaq asdım və həmən gün Babın Əmri ilə tanış oldum. O iki nəfərdən biri digərinə deyirdi: “Eşitmisən, Seyyid Babı Kənargirdə gətiriblər və Tehrana aparmaq istəyirlər”. Onun həmsöhbəti cavab verdi: “Yox, eşitməmişəm”. Belə olduqda, birinci şəxs Həzrət Babın bütün sərgüzəştini—O Həzrətin dəvətə başlamasını, Şirazda düşmənlərin əlində əsir olmasını, oradan İsfahana gedərək, imamcümə və Mənuçehr xan tərəfindən qəbul olunmasını, Onun kəramətlər göstərməsini və nəhayət, İsfahan üləmalarının Seyyid Bab haqqında necə fitva verməsini öz dostuna nəql etdi. Mən bu müfəssəl söhbəti eşidib xeyli təəccübləndim ki, bir nəfər başqaları üzərində bu qədər təsirə və nüfuza necə malik ola bilər. Mənə elə gəlirdi ki, Seyyid Babın nuru mənim könlümə işıq salıb, mən də babi olmuşam. Rabatkərimdən Zərəndə qayıtdım. Atam mənim pərişanlığımı və iztirabımı görüb davranışıma təəccüblənirdi. Belə ki, mənim nə yeməyə, nə də yatmaqa meylim yox idi. Amma mən çalışırdım ki, atam mənim ürəyimin sirrindən xəbər tutmasın və məqsədə yetişməyimə mane olmasın. Bir müddət beləcə keçdi. Nəhayət, Seyyid Hüseyn Zəvarei Zərəndə gəldi və mən onun vasitəsilə məsələnin mahiyyətindən agah oldum. Onunla tanış olandan sonra ürəyimin sirrini açıb ona dedim. Gördüm ki, o, mənim müzakirə etmək istədiyim məsələdən xəbərdardır. Seyyid Hüseyn mənə dedi: “Seyyid İsmayıl Zəvarei mənim əmim oğludur. Mən onun vasitəsilə Həzrət Babın iddiasının düzgünlüyünü yəqin etmişəm. Əmim oğlu deyirdi ki, o, bir neçə dəfə imamcümənin evində Həzrət Babın hüzuruna qovuşmaq şərəfinə nail olub. Və O Həzrətin ev sahibinin yanında “Və-l-Əsr” surəsinə təfsir yazmasını öz gözləri ilə görüb. Əmim oğlu deyirdi: “Mən Həzrət Babın ifadə qüdrətinə, yazısının sürətinə və Onun qələmindən çıxmış təfsirin üslubuna heyran qaldım. Lakin məni ən çox heyrətə salan o idi ki, təfsiri yazdığı zaman əgər kimsə O Həzrətdən bir şey soruşurdusa, O, Mübarək qələmini saxlamadan həmən adama cavab verirdi, əli isə əvvəlki sürətlə yazmaqda davam edirdi”. Xülasə, mənim əmim oğlu Seyyid Babın Əmrinə iman gətirdi və qorxub-çəkinmədən təbliğə başladı. Zəvarənin kəndxuda və seyyidləri onun əleyhinə çıxdılar və onu İsfahana getməyə məcbur etdilər. O da İsfahana gedib orada yaşamağa başladı. Mən də Kaşana getməyə məcbur oldum, çünki mənim də Zəvarədə qalmağım mümkünsüz idi. Qışı Kaşanda başa vurdum. Əmim oğlu əvvəllər Hacı Mirzə Cani barədə mənə danışmışdı. Mən Kaşanda Hacı Mirzə Cani ilə görüşdüm. O, Həzrət Babın əsərlərindən biri olan “Ədliyyə” risaləsini mənə verdi və xahiş etdi ki, oxuyandan sonra geri qaytarım. Qəribə bir tərzdə və özünəməxsus bir üslubda yazılmış həmin risalə mənim çox xoşuma gəldi. Özüm üçün onun üzünü köçürdüm. Həmin risaləni Hacı Mirzə Caniyə qaytaranda, mənə dedi: "Əfsus ki, böyük bir nemət əlindən çıxdı. Bu risalənin müəllifi, yəni Həzrət Bab üç gecə mənim evimdə qaldı, Novruz bayramını burada keçirdi. Əgər onunla görüşə bilsəydin, qənimət idi. Amma indi O böyük insan Tehran yolundadır. Əgər tez getsən, bəlkə də yolda onun Mübarək Hüzuruna yetişə bilərsən”. Mən tez qalxıb piyada Kaşandan çıxdım. Kənargird yaxınlığındakı qalaya çatıb divarın böyründə oturdum. Bu zaman qaladan xoş simalı bir şəxs çıxıb məndən soruşdu ki, kimsən və hara gedirsən. Mən dedim ki, yoxsul bir seyyidəm, burada heç kəsi tanımıram, müsafirəm. O məni evinə aparıb gecəni qonaq saxladı. Söhbət əsnasında o, mənə dedi: “Düşünürəm ki, sən Seyyid Babın tərəfdarlarındansan. Seyyid Bab bir neçə gün bu qalada qaldı, buradan Onu Küleyn kəndinə apardılar. Üç gün bundan əvvəl isə onlar Küleyndən Azərbaycana doğru getdilər. Mən də Həzrət Babın tərəfdarlarından biriyəm, adım Hacı Zeynalabdindir. Mən istəyirdim ki, onunla birlikdə yola düşüm, lakin Həzrət Bab mənə dedi: “Sən burada qal, əgər əshabələrdən kimi isə görsən, mənim inayətimi ona yetir və əshabələrdən heç birini mənim ardımca gəlməyə qoyma. Əshabələrə de ki, Əmrə xidmət etməklə məşğul olsunlar, camaatın qarşısındakı maneələri və pərdələri aradan qaldırsınlar, tam arxayınlıqla Tanrıya sitayiş edib ilahi hökmləri yerinə yetirsinlər”. Mən Hacı Zeynalabdindən bu sözləri eşidib itaət göstərdim və Qum şəhərinə getmək əvəzinə bura gəldim”.

Seyyid Hüseyn Zəvarei bütün bunları mənə danışdıqdan sonra mənim iztirabım azaldı. Onun yanında olan “Ədliyyə” risaləsini birlikdə oxuduq. Həmin risalənin oxunması mənim ruhuma güc və sevinc bəxş etdi. O vaxtlar mən bir seyyidin şagirdi idim. O mənə Qurandan dərs verirdi, amma Quran ayələrini təfsir etməkdə aciz idi və onun bu acizliyi günbəgün mənə daha çox aydın olurdu. Mən Seyyid Hüseyn Zəvareidən bəzi mətləbləri soruşdum. O, mənə dedi: “Get, Seyyid İsmayıl Zəvarei ilə görüş. O hər il yaz vaxtı Quma ziyarətə gəlir”. Mən atamdan xahiş etdim ki, ərəb dili sahəsində biliklərimi təkmilləşdirmək üçün məni Quma göndərsin. Yəni əsas məqsədimi və gerçək niyyətimi ondan gizlətdim, çünki bu barədə ona bir söz desəydim, Zərənd qazisi və üləmaları mənim getməyimə mane olardılar. Atam məndən ayrılmaq istəməsə də, mənim fikrimlə razılaşdı. Mən Qum şəhərində olduğum vaxt Novruz bayramı gəlib yetişdi. Anam, bacım və qardaşım məni görmək üçün Quma gəldilər və bir ay mənimlə birlikdə Qumda qaldılar. Mən mübarək Əmri anama və bacıma təbliğ etdim. Onların qəlbində Həzrət Baba qarşı məhəbbət odu şölələndi.Sonra onlar Zərəndə qayıtdılar. Onların qayıdışından bir neçə gün sonra mənim səbirsizliklə gözlədiyim İsmayıl Zəvarei Quma gəldi və Əmrə aid olan mətləblər barədə mənə geniş izahat verdi. O mənə başa saldı ki, Allahın feyzi davamlıdır və arası kəsilmir, bütün peyğəmbərlər Allah tərəfindən göndərilmişdir, Allahın Əmri birdir və peyğəmbərlərin həqiqəti birdir. Bu mətləbləri şərh etdikdən sonra o, Həzrət Babın mübarək Əmrini əvvəlki sözləri ilə əlaqələndirdi və mənə Şeyx Əhməd Əhsai ilə Seyyid Kazım Rəşti barədə geniş məlumat verdi. Mən o vaxta qədər Şeyx Əhmədin və Seyyid Kazımın adını eşitməmişdim. Mən Seyyid İsmayıldan soruşdum: “Həzrət Baba iman gətirən şəxs hansı işləri görməlidir, hansı məsələlər möminlər üçün vacib buyurulmuşdur?” O dedi: “Həzrət Bab buyurub ki, bütün möminlər cənab Qüddusa kömək göstərmək üçün Mazandarana getməlidirlər, çünki Qüddus və əshabələr qaniçən və amansız düşmən qüvvələri tərəfindən mühasirəyə alınıblar”. Mən dedim ki, Mazandarana gedib cənab Qüddusa kömək etməyə hazıram. Seyyid İsmayıl isə söylədi: “Sən hələlik bu şəhərdə qal və Tehrandan bir xəbər gələnə qədər səninlə yaşıd olan həkkak Mirzə Fətullahı mübarək Əmrlə tanış et!” Mən çox gözlədim, lakin Tehrandan bir xəbər gəlmədi. Qumda qalmağımın da bir faydası yox idi. Odur ki, Tehrana getməyi qərara aldım. Mən Tehrana çatandan bir müddət sonra Mirzə Fətullah da Tehrana gəldi, lakin o düşmənlərin əlinə keçdi və nəhayət, 1268-ci (1852-ci) ildə babilərin şaha güllə atması hadisəsində qətlə yetirildi. Mən Tehrana gələn kimi birbaşa Şah məscidinə getdim. Şah məscidi bir mədrəsə ilə üzbəüz yerləşir. Həmin mədrəsənin qarşısında mən Seyyid İsmayılla rastlaşdım. O dedi: “Sənə məktub yazmışdım, istəyirdim ki, Quma göndərim”.

Xülasə, biz Mazandarana getməyi qərara alıb səfərə hazırlaşırdıq ki, əshabələrin şəhid olması və qalanın yerlə-yeksan edilməsi xəbəri bizə çatdı. Biz bu hadisəni eşidib dərindən kədərləndik və tam şücaətlə mübarək Əmrin yolunda canlarını qurban vermiş müqəddəs şəxslərə mərsiyələr qoşub yas saxladıq. Bir gün mən Novruzəli adlı əmimə rast gəldim. Məlum oldu ki, o, məni tapmaq üçün Tehrana gəlib. Mən məsələni Seyyid İsmayıla bildirdim. O, dedi: “Zərəndə qayıt, çünki getməsən, onlar sənə düşmən kəsilə bilərlər”. Mən Zərəndə getdim. Orada qardaşıma da mübarək Əmri təbliğ etdim. Sonra atamı birtəhər razı salıb Tehrana qayıtmağa icazə aldım. Tehrana gələn kimi əvvəllər qaldığım mədrəsəyə getdim və orada Molla Əbdül-Kərimlə rastlaşdım. Bu həmən şəxsdir ki, sonralar Həzrət Bəhaullah ona “Mirzə Əhməd” adı vermişdir. Molla Əbdül-Kərim mənə hədsiz mehribanlıq göstərib dedi: “Seyyid İsmayıl Zəvarei sənin haqqında mənə çox danışıb”. Biz bir müddət birlikdə olduq. Mən heç vaxt Mirzə Əhmədlə ünsiyyətdə olduğum çağları unutmaram. O, məhəbbət və sədaqət mücəssəməsi idi. Onun dostluğu mənim qəlbimə həmişəlik həkk olunmuşdur, çünki o mənim könlümə həyat bəxş etmiş, məni yəqinlik dərəcəsinə ucaltmışdır. Onun sayəsində mən Həzrət Babın davamçıları ilə tanış olub onlarla ünsiyyət saxlamağa başladım və mübarək Əmrə dair məlumatlarımı artırdım. Mirzə Əhməd vaxtını kitabların üzünü köçürməklə keçirirdi. Hər gecə o, farsca “Bəyan”ın və Həzrət Babın digər əsərlərinin üzünü köçürməklə məşğul olurdu. Yazıb qurtarandan sonra onları möminlərə bağışlayırdı. Bir neçə dəfə o, mübarək əsərləri mənə vermişdi ki, Molla Mehdi Kəndinin zövcəsi üçün aparım. Molla Mehdi həmən şəxsdir ki, öz kiçik oğlunu qoyub qaladakı əshabələrə qoşulmuşdu. O vaxtlar mən bildim ki, Həzrət Tahirə əshabələr Bedəşti tərk etdikdən sonra Nura getmiş, bir müddətdən sonra isə Tehrana gələrək, kələntər Mahmud xanın evində dustaq edilmişdir. Həzrət Tahirə dustaq olsa da, onunla son dərəcə ehtiramla davranılırdı.

Bir gün Mirzə Əhməd məni Həzrət Bəhaullahın evinə göndərdi. Həzrət Bəhaullahın mübarək hərəmi, Həzrət Əbdül-Bəhanın anası öz əli ilə məlhəm düzəldib Mirzə Əhmədə çatdırmaq üçün mənə verdi. Eyni zamanda həmin məlhəmdən mənim gözlərimə də çəkdi və gözlərimin aqrısı yoxa çıxdı. O vaxtlar Həzrət Əbdül-Bəhanın altı yaşı vardı. Mübarək evə daxil olduğum zaman qarşıma çıxan ilk şəxs Həzrət Əbdül-Bəha oldu. O, gülər üzlə məni salamladı. Həmin anda o, Həzrət Bəhaullaha məxsus otağın qapısı ağzında dayanmışdı. Mən o otağın yanından keçib qonşu otağa daxil oldum. Həmin otaqda Mirzə Yəhya ilə üz-üzə gəldim. Onu görən kimi heyrət məni bürüdü: bu şəxs nə görkəmi, nə də danışığı və fikirləri baxımından ona aid edilən məqama heç cür uyğun gəlmirdi. Mən ikinci dəfə Mirzə Yəhyanın otağına daxil olanda, bundan əvvəl də gördüyüm cənab Kəlim gəlib çıxdı və mənə dedi: “Siz bu gün Ağanı Mirzə Saleh mədrəsəsinə aparın, çünki Həzrət Bəhaullahın xidmətçisi İsfəndiyar bazara gedib və hələ qayıtmayıb. Onun əvəzinə bu işi siz yerinə yetirin”. Mən hədsiz sevinclə buna razı olub getməyə hazırlaşdım. Həzrət Əbdül-Bəha gəlib çıxdı. Başına papaq qoymuş, əyninə cübbə geymişdi. Onun cəlalı və camalı hədsiz idi. O, Həzrət Bəhaullahın otağından çıxıb pilləkənlə aşağı düşdü. Mən irəli getdim ki, Onu qucağıma götürüb aparım. Amma o, razı olmayıb mənim əlimdən tutdu və biz birlikdə evdən çıxdıq. Yol boyu söhbət edə-edə gedirdik. Mirzə Saleh mədrəsəsi o vaxtlar Paminar mədrəsəsi adı ilə tanınırdı. Biz mədrəsəyə çatanda Ağa dedi: “Axşam çağı gəlib məni evə apararsan. İsfəndiyar gələ bilməyəcək, atamın onunla işi var”. Mən sevincək halda “baş üstə!” dedim və dərhal Həzrət Bəhaullahın evinə qayıtdım. Orada Mirzə Yəhya ilə rastlaşdım. O mənə bir kağız verib dedi: “Sədr mədrəsəsinə get və bu kağızı Həzrət Bəhaullaha ver. O, Molla Bağır Bəstaminin hücrəsindədir. Tez cavabını da alıb mənə gətirərsən”. Mən bu tapşırığı yerinə yetirdim. Axşam çağı da gedib Həzrət Əbdül-Bəhanı mədrəsədən evə gətirdim.

Bir gün Mirzə Əhməd mənə dedi: “Həzrət Babın dayısı Hacı Mirzə Seyyid Əli təzəcə Çehriqdən qayıdıb, Şemiran darvazasının yaxınlığında Məhəmməd bəy Çaparçının evindədir. Onunla görüşmək sənə lazımdır. Get, onunla görüş”. Mən gedib Həzrət Babın dayısı ilə görüşdüm, onun nurlu simasının və kamil vücudunun cazibəsinə düşdüm. Sonralar bir neçə dəfə də onun görüşünə getdim. Hər dəfə də onun incə ruhuna, gözəl əxlaqına və hədsiz təvazökarlığına heyran qaldım. Yaxşı yadımdadır, bir gün cənab Kəlim bir məclisdə ondan təkidlə xahiş edib dedi: “Tehranda vəziyyət qarışıqdır, qarşıya böyük çətinliklər çıxa bilər. Yaxşı olar ki, siz Tehranı tərk edib bu təhlükəli və zəhərli mühitdən uzaqlaşasınız və təhlükəsiz, sakit bir yerə gedəsiniz”. Həzrət Babın dayısı tam qətiyyət və təmkinlə cavab verdi: “Mən niyə qaçmalıyam? Nədən qorxmalıyam? Mən burada qalacağam. Bəlkə Tanrının öz qüdrəti ilə sadiq bəndələri üçün açdığı ilahi nemət süfrəsindən mənə də bir şey nəsib oldu”.

Tehranda fitnə-fəsad törədib qarışıqlıq yaratmağa çalışan şəxslərin əsas təhrikçisi Kaşan seyyidlərindən biri idi. O, “Darüş-şəfa” mədrəsəsində məskən salmışdı. Seyyid Məhəmməd mübarək Əmri həmin kaşanlı seyyidə təbliğ etmək fikrinə düşmüşdü. Seyyid Məhəmmədin müəllimi, görkəmli alim və filosof Mirzə Məhəmməd Hüseyn Kirmani də “Darüş-şəfa” mədrəsəsində yaşayırdı. O, Kaşanlı seyyidin yaxşı adam olmadığını öz şagirdinə başa salmaqdan ötrü nə qədər çalışdısa, xeyri olmadı. O daim Seyyid Məhəmmədə deyirdi ki, Kaşanlı seyyiddən uzaq gəz, onunla əlaqəni kəs, onu dostların məclisinə aparma, amma faydası yox idi—Seyyid Məhəmməd Kaşanlı seyyidlə oturub-durmaqda davam edirdi və ustadının sözlərinə əhəmiyyət vermirdi.

Nəhayət, 1266-cı ilin rəbiüs-sani ayında (1850-ci ilin fevral-mart aylarında) həmin kaşanlı seyyid xəyanətə əl atdı. O, Tehranda yaşayan Kaşan üləmalarından biri olan Seyyid Hüseynin yanına gedib Tehrandakı dostlardan əlli nəfərinin adları yazılmış siyahını ona təqdim etdi. Seyyid Hüseyn də həmin siyahını kələntər Mahmud xana verdi. Mahmud xan öz adamlarından bir neçəsinə siyahıdakı şəxsləri tutmağı əmr etdi. Məmurlar on dörd nəfəri həbs edib rəislərinin yanına apardılar. Onlar tutulan gün mən qardaşımla birlikdə Zərənddən gəlmiş əmimlə görüşmək üçün Tehranın yeni qapısının kənarındakı karvansaraya getmişdim. Ertəsi gün əmim Zərəndə qayıtdı, mən də “Darüş-şəfa” mədrəsəsinə gəldim. Hücrəmdə bir kağız bağlaması gördüm. Bağlamanın üzərində Mirzə Əhmədin mənə yazdığı məktub vardı. Mən başa düşdüm ki, o kaşanlı xəyanətkar seyyid öz işini görüb və Tehranda fitnə-fəsad törətməyə nail olub. Mirzə Əhməd yazmışdı: “Hücrədə gördüyün vərəqlər mənim yanımda olan müqəddəs ayələrdən ibarətdir. Hücrənə gəlib mənim məktubumu oxuyan kimi həmin vərəqləri götür və Hacı Nadəli karvansarasına get. Orada Qəzvindən olan Hacı Nadəli adlı bir şəxs məskən salıb. Bağlamanı və ona yazdığım məktubu ona ver və dərhal Şah məscidinə gəl. Mən səni orada gözləyəcəyəm”. Mən tez bağlamanı Hacıya çatdırdım və Şah məscidinə getdim. Orada Mirzə Əhmədlə görüşdüm. Mirzə Əhməd mənə dedi: “Mən düşmənlərin hücumuna məruz qaldım və oiların həmlələrindən qorunmaq üçün bu məscidə pənah gətirdim”. Bu arada Həzrət Bəhaullah Sədr mədrəsəsindən Mirzə Əhmədə belə bir xəbər göndərdi: “Əmir Nizam səni tutmaq qərarına gəlib və üç dəfə bu barədə imamcüməyə müraciət edib. O bilir ki, sən məscidə sığınmısan, məscid də necə deyərlər, “bəst”dir. Amma o “bəst”i pozmaq, səni və məscidə sığınmış digər şəxsləri həbs etmək niyyətindədir. Nə qədər ki, gec deyil, heç kəsin xəbəri olmadan məsciddən çıx və Quma doğru get”. Həzrət Bəhaullah həmçinin Mirzə Əhmədə tapşırmışdı ki, məni Zərəndə öz evimə göndərsin. Qohumlarımdan bir neçəsi də mənim dərhal Zərəndə getməyim üzərində təkid edirdilər və deyirdilər ki, atam bəzi şəxslərdən mənim Tehranda həbs olunduğumu eşitdiyinə görə bərk narahatdır. Mən Mirzə Əhmədin məsləhətinə əsasən Zərəndə qayıtdım və Novruz bayramında öz evimizdə oldum. Novruz bayramı 1266-cı il cümadiül-əvvəl ayının 5-ci gününə (1850-ci il mart ayının 19-na) təsadüf etdi. Bu həm də Həzrəti-Əlanın zühur günü idi. Həzrət Bab “Beş məqam” adlı müqəddəs əsərində bu bayrama işarə edərək yazmışdır: “Əmrin elan edilməsindən sonrakı altıncı Novruz Əmrin elan edilməsindən sonrakı yeddinci qəməri ilin cümadiül-əvvəl ayının beşinci gününə uyğun gəldi”. Eyni zamanda Həzrət Bab həmin Novruzun bu dünyada gördüyü sonuncu Novruz olacağını da vurğulamışdır.

Xülasə, mən Novruz bayramını Zərənddə keçirdim. Bayram şənliklərində iştirak etsəm də, ürəyim Tehranda idi. Daim düşünürdüm ki, görəsən, dostlarımın başına nə gəldi. Dostların və tanışların salamat olması barədə bir xəbər almağı çox arzulayırdım. Mən öz evimdə idim, hamı mənimlə mehriban davranırdı, hər cür rahatlığım vardı, bununla belə, fikrim dağınıq idi, çünki bəla və müsibətlər məkanında qalmış azsaylı möminlərdən uzaq düşmüşdüm. Çox istəyirdim ki, onların yanında olum, onların hər bir dərdinə şərik çıxım. Bu zaman Sadiq Təbrizi Tehrandan Zərəndə gəldi və mənim atamın evində qonaq oldu. Onun gəlişi ilə mən sanki həbsdən qurtuldum. Onun gəlişi məni intizar əzabından və xəbərsizlik qəmindən xilas etdi. Lakin digər tərəfdən daha güclü kədər və daha ağır əzab mənim vücuduma hakim kəsildi ki, əvvəlki intizar əzabı və xəbərsizlik iztirabı onunla müqayisədə əhəmiyyətsiz bir şey idi. Bu yeni hüzn və kədərin səbəbi Sadiq Təbrizinin mənə danışdıqları oldu. Sadiq Təbrizi mənə danışdı ki, fədakar dostlar və ilahi Əmrin tərəfdarları düşmənlərin hücumuna məruz qalmış, ağır müsibətlərlə üzləşmiş və şəhidlik şərabını içərək ulu Məhbuba qovuşmuşlar. İndi isə Tehranda canlarını qurban vermiş o müqəddəs şəxslərin şəhid olmasının təfsilatını yazıram.

Yuxarıda dedik ki, Həzrət Babın tərəfdarlarından on dörd nəfəri tutub kələntər Mahmud xanın evində dustaq etdilər. Onların dustağlığı rəbiüs-sani ayının 1-dən 22-nə (fevralın 14-dən martın 8-nə) qədər davam etdi. Həzrət Tahirə də deyildiyi kimi, kələntərin evində məhbus idi. Düşmənlər çox çalışdılar ki, əshabələr Həzrət Babın mübarək Əmrindən üz döndərsinlər, bunun üçün əllərindən gələni etdilər, cürbəcür yollar axtardılar, amma bir şeyə nail ola bilmədilər. Məhəmməd Hüseyn Marağai də məhbuslar arasında idi. Düşmənlər ona nə dedilərsə, o bir kəlmə də cavab vermədi. Ona daha ağır əzablar verdilər ki, bəlkə Əmrdən üz döndərə, lakin bir şey çıxmadı. Məhəmməd Hüseyn Marağai düşmənlərin bütün sözləri və hərəkətləri müqabilində susdu və əvvəldən axıradək heç bir şey demədi. Düşmənlər belə düşündülər ki, yəqin bu şəxs laldır, ona görə danışmır. Məhbuslardan biri olan Hacı Molla İsmayıldan soruşdular: “Məhəmməd Hüseyn Marağai laldırmı?” Hacı cavab verdi: “Xeyr, o, lal deyil, danışa bilir, özü də çox gözəl danışır”. Bunu sübut etmək üçün Məhəmməd Hüseyni səslədi. Məhəmməd Hüseyn Marağai dərhal Hacıya cavab verdi ki, buyurun, nə əmriniz varsa, yerinə yetirməyə hazıram.

Düşmənlər məhbusları Əmrdən üz döndərməyə vadar edə bilməyib bu işə əncam çəkməyi kələntər Mahmud xanın öhdəsinə qoydular. Mahmud xan da Nasirəddin şahın vəziri olan Əmir Nizam Mirzə Tağı xanın yanına gedib əhvalatı ona danışdı. Nasirəddin şah o vaxtlar bu cür işlərə qarışmırdı və məsələdən xəbərsiz idi. Baş vəzir tam ixtiyar sahibi idi, məhbuslar barədə nə qərar çıxarsaydı, heç kəs onu fikrindən döndərə, yaxud ona etiraz edə bilməzdi. Mirzə Tağı xan babilərin öz əqidələrindən dönmədiklərini kələntərdən eşidib göstəriş verdi ki, həmin on dörd nəfərdən kim öz etiqadından əl çəkmirsə, qətlə yetirilsin. Bu hökmü eşidəndən sonra məhbuslardan yeddisi dəyanətsiz çıxdı və onlar mübarək Əmrdən üz döndərmələri sayəsində həbsdən qurtuldular. Qalan yeddi nəfər isə öz əqidələrindən əl çəkmədilər və nəticədə şəhid oldular. Həmin yeddi nəfər “Tehranın yeddi şəhidi” kimi məşhurdur.

1. Hacı Mirzə Seyyid Əli—o, “ən böyük dayı” ləqəbi daşıyırdı, çünki Həzrət Babın dayısı idi. Hacı Mirzə Seyyid Ali Şirazın məşhur tacirlərindən biri olmuşdur. O həmən müqəddəs şəxsdir ki, Şiraz hakimi Hüseyn xanın yanında Həzrət Baba zamin durmuş və Onu Hüseyn xanın zülmündən qurtarmışdı. Məhz o, Həzrət Babın atasının vəfatından sonra Ona hamilik etmiş, tam səmimiyyət və sədaqətlə Onun xidmətində dayanmışdı. Mübarək Hüzura qovuşmaq üçün Şiraza yollanan dostlar məhz onun vasitəsilə bu böyük şərəfə nail ola bilirdilər. Onun Seyyid Cavad adlı bir oğlu olmuş, lakin uşaq ikən vəfat etmişdi. 1265-ci (1849-cu) ilin ortalarında Hacı Mirzə Seyyid Əli Həzrət Babı görmək üçün Şirazdan Çehriqə yollanmış və Mübarək Hüzura qovuşmuşdu. Çehriqdən Tehrana gəlmiş və şəhid olana qədər orada qalmışdı. Dostlar və tanışlar çox çalışdılar ki, onutəhlükədən uzaqlaşdırsınlar, lakin bir nəticəsi olmadı. O tutulan zaman Tehranın bir çox tanınmış tacirləri hökumətə müəyyən məbləğdə pul ödəyib onu xilas etməyə hazır olduqlarını bildirdilər, lakin o, razı olmadı. Nəhayət, onu Əmir Nizamın yanına apardılar. Baş vəzir ona dedi: “Tehranın baş qazısı istəmir ki, peyğəmbər övladına əziyyət verilsin. Tehranın və Şirazın məşhur tacirləri səmimi şəkildə istəyirlər ki, fidyə olaraq, müəyyən məbləğdə pul verib sizi xilas etsinlər. Tacirlərin başçısı şəxsən özü vasitəçilik edərək, sizi ölümdən qurtarmağa çalışır. Əgər bircə kəlmə deyib əqidənizdən əl çəksəniz, dərhal sizi azad edərəm. Siz də hörmətehtiramla Şiraza qayıdarsınız və qalan günlərinizi İran şahənşahının himayəsində şərəf və ləyaqətlə başa vurarsınız”. Hacı Mirzə Seyyid Əli tam şücaət və cəsarətlə baş vəzirə belə cavab verdi: “Həzrəti-əşrəf, məndən əvvəl elə şəxslər olmuşlar ki, hədsiz sevinclə şəhidlik şərabını içmiş və öz əqidələrindən dönmələri barədə bir kəlmə də deməmişlər. Bu baxımdan mən də onlardan əskik deyiləm. Əgər mən doğruluğu gün kimi aydın olan bu mübarək Əmrdən üz döndərsəm, bundan əvvəl meydana gəlmiş bütün ilahi dinlərdən üz döndərmiş olaram. Əgər mən Həzrət Babın dəvətinin həqiqiliyini inkar etsəm, ulu babam Məhəmməd-Rəsulullahın, Həzrət İsanın, Həzrət Musanın və bütün keçmiş peyğəmbərlərin risalətini inkar etmiş olaram. Allah şahiddir ki, mən peyğəmbərlərin sözləri və əməlləri barədə eşitdiklərimin və oxuduqlarımın hamısını bu Mübarək Vücudda öz gözlərimlə görmüşəm. Artıq otuz yaşına çatmış və mənim qohumum olan bu möhtərəm Gənc uşaqlıq çağlarından indiyə kimi danışığı və davranışı baxımından keçmiş peyğəmbərlərə bənzəyir. Hər dəfə Onun xasiyyəti və əxlaqı barədə düşünəndə, Onun ulu babası Həzrət Rəsulullah və pak İmamlar gözlərim önündə canlanır. Sizdən xahiş edirəm ki, məni arzuma çatdırın. Mənim arzum yalnız bir şeydir: mən bu sevimli Qohumumun yolunda canını fəda edən ilk şəxs olmaq istəyirəm”. Əmir Nizam bu cavabı eşitdikdə, rəngi qaçdı, hər şeydən əlini üzüb daha bir söz demədi. Əli ilə işarə etdi ki, onu aparın və öldürün. Məmurlar gəlib Hacı Mirzə Seyyid Əlini qurbangaha aparmaq istəyəndə o, Hafizin bu beytini oxudu:

Allaha şükür ki, Allahdan nə istədimsə,

İstəyimin ən yüksək səviyyəsinə çatdım

 

Onun ətrafına çoxlu adam toplaşmışdı. Hacı Mirzə Seyyid Əli onlara müraciətlə dedi: “Ey insanlar, dinləyin, mən öz canımı ilahi Əmrin yolunda qurban verirəm. Bütün Şiraz və İraq camaatı, eləcə də İran hüdudlarından kənarda olan şəxslər mənim dəyanətimi, imanımı, əsilnəcabətimi təsdiq edirlər. Siz min ildir dua edib Allaha yalvarırsınız ki, vəd olunmuş Qaim zühur etsin, Onun adını eşidəndə, qəlbinizin dərinliklərindən gələn bir səslə “Allah Onun gəlişini tezləşdirsin!” deyirsiniz. İndi o vəd olunmuş Şəxs zühur edib, amma siz O müqəddəs Vücudu kimsəsiz və köməksiz halda Azərbaycanın ən ucqar nöqtəsində dustaq etmisiniz, O Həzrətin əshabələrini öldürüb məhv etməyə başlamısınız. Əgər mən sizə qarğış etsəm, Allahın qəzəbinə düçar olarsınız və Allah sizə böyük bir əzab göndərər. Amma mən bunu etmirəm. Mən son nəfəsimə qədər dua edəcəyəm ki, Allah sizin günahlarınızı bağışlasın və sizi doğru yola yönəltsin, bəlkə siz qəflət yuxusundan oyandınız”. Hacı Mirzə Seyyid Əlini öldürmək üçün təyin olunmuş cəllad bu sözləri eşidib çox təsirləndi, qılıncını itiləmək bəhanəsilə oradan uzaqlaşdı və daha geri qayıtmadı. Sonralar o, bu əhvalatı bir çox şəxslərə danışaraq, ağlaya-ağlaya demişdi: “Bu iş mənə tapşırılanda güman etdim ki, öldürəcəyim şəxs ya qatil, ya da quldurdur. Sonra gördüm ki, mənə möminliyi və paklığı baxımından Həzrət İmam MuseyiKazım-əleyhissalama bənzəyən müqəddəs bir şəxsi qətlə yetirməyi həvalə ediblər”. Həmin cəllad Tehrandan Xorasana getdi və orada hamballıq etməyə başladı. O, bu kədərli əhvalatı Xorasan möminlərinə danışardı. Hər dəfə bu hadisəni xatırlayanda, yaxud Hacı Mirzə Seyyid Əlinin adını çəkəndə, ixtiyarsız olaraq, gözlərindən yaş axardı və onun qəlbində belə bir məhəbbət oyatmış şəxsdən ötrü ağlayardı.

2. Mirzə Qurbanəli Barfüruşi—Barfüruş Mazandarandakı şəhərlərdən biridir. Mirzə Qurbanəli nemətullahi təriqətinin davamçıları arasında böyük şöhrət qazanmışdı. O, mömin, nəcib və ləyaqətli bir şəxs idi. Mazandaran və Xorasan əyanlarının bir çoxu onun müridi idilər, o nə deyirdisə, itaət göstərirdilər. Camaat onu çox sevirdi, xüsusən həmyerliləri ona böyük hörmət bəsləyirdilər. Bir vaxtlar o, Kərbəla ziyarətinə getmək fikrinə düşmüşdü. Bu zaman tərəfdarları onu müşayiət etmək qərarına gəldilər. O qədər adam toplaşmışdı ki, yolun hər iki tərəfi tutulmuşdu. Həmədan və Kirmanşahda da onun çoxlu tərəfdarları var idi. O, hara gedirdisə, camaat onu ehtiramla qarşılayırdı. Lakin onun bu cür işlərdən xoşu gəlmirdi, rəhbərliyi və camaatın hay-küyünü sevmirdi. Kərbəlaya getdiyi zaman Məndəlicdən keçərkən, mötəbər şeyxlərdən biri o qədər onun cazibəsinə düşdü ki, hər şeyi atıb Yaqubiyyəyədək onun ardınca getdi. Nəhayət, Mirzə Qurbanəli birtəhər onu Məndəlicə qaytardı ki, gedib öz işi ilə məşğul olsun. Mirzə Qurbanəli ziyarətdən qayıdarkən, Molla Hüseynlə görüşmüş və onun vasitəsilə mübarək Əmrə iman gətirmişdi. Əshabələr Şeyx Təbərsi qalasında mühasirədə olduqları zaman Mirzə Qurbanəli xəstə idi, buna görə də özünü qalaya yetirib əshabələrə kömək göstərə bilməmişdi. Molla Hüseyndən sonra o, Həzrət Babın tərəfdarları sırasından cənab Vəhidlə tanış olmuşdu. Onlar arasında möhkəm dostluq yaranmışdı. Mən Tehranda olanda eşitmişdim ki, Mirzə Qurbanəli bütün vaxtını Əmrin təbliğinə həsr edir, ətraf yerləri gəzib Əmri insanlara çatdırmaqla məşğul olur. Bir neçə dəfə eşitdiyimə görə o, Tehranda deyirmiş: “Təəssüf ki, Molla Hüseynin və onun dostlarının içdiyi böyük şəhidlik şərabı mənə qismət olmadı. Mən çox istərdim ki, özümü cənab Vəhidə çatdırım və onun bayrağının kölgəsinə sığınım. İndi mən çalışıb itirdiklərimin əvəzini çıxmağa nail olacağam”.

Mirzə Qurbanəli Tehrandan çıxmaq istərkən, qəflətən onu tutdular. Onun geyimi çox sadə idi və onun tərkidünyalığından xəbər verirdi. Ərəblər kimi uzun ağ göynək, üstündən isə qaba yundan toxunmuş əba geyinirdi, başına da papaq qoyurdu. O, küçədən, bazardan keçəndə sadəlik və təvazökarlıq müçəssəməsi təsiri bağışlayırdı. İmanın yüksək dərəcəsinə ucalmışdı, dinin bütün vacib işlərini yerinə yetirirdi. Çox vaxt deyirdi: “Həzrət Bab özü müqəddəs İlahi dinin bütün zəruri şərtlərini tam dəqiqliklə yerinə yetirir. Mən necə səhlənkarlıq göstərib Rəhbərimin gördüyü işləri icra etməyə bilərəm?!” Onu tutub Əmir Nizamın hüzuruna apardıqları vaxt Tehranda görünməmiş bir hay-küy qopdu. Baş verən hadisələrdən xəbər tutmaq üçün hökumət iqamətgahının qarşısına çoxlu adam toplaşdı. Əmir Nizam Mirzə Qurbanəliyə dedi: “Dünən gecədən rəislər və əyanlar arası kəsilmədən mənim yanıma gəlir və sənin buraxılmağını xahiş edirlər. Mən belə görürəm ki, sənin rütbə və məqamın heç də Seyyid Həzrət Babın rütbə və məqamından aşağı deyil, sənin sözünün təsiri əsla Babın sözlərinin təsirindən az deyil. Belə olan surətdə, yaxşı olardı ki, özün bir məqama iddia edəydin, nəinki elmi və biliyi səninkindən az olan bir Şəxsin ardınca gedəydin”. Mirzə Qurbanəli belə cavab verdi: “Elə qazandığım o elm məni rəhbərim və ağam olan bu böyük Şəxsin Əmrinə itaət göstərməyə vadar edib. Mən özümü dərk etdiyim andan bütün işlərdə daim ədaləti və insafı gözləmişəm. Bu məsələdə də ədalət əsasında belə nəticəyə gəlmişəm ki, əgər sözlərinin təsiri dostlarından çox düşmənləri tərəfindən etiraf olunan bu Gəncin iddiası batildirsə, onda indiyədək göndərilən bütün Peyğəmbərlərin iddiası batil olmalıdır. Mənim özümün min nəfərə yaxın səmimi və sədaqətli müridim var, amma mən onlardan birinin də qəlbini dəyişdirə bilmirəm. Lakin bu Gənc sübut edib ki, öz məhəbbət iksiri ilə tərəfdarlarının ruhlarını dəyişdirməyə qadirdir. O, mənim tək onun üzünü görməmiş minlərlə adamı öz təsiri altına alıb. Bu adamlar Onun bütün əmrlərini canlabaşla yerinə yetirirlər, Onun yolunda hər şeylərindən keçiblər, O misilsiz gəncə kömək göstərmək yolunda öz xidmətləri və işləri ilə kifayətlənməyib canlarını fəda etməyə çalışırlar ki, Ona olan təmənnasız sədaqət və məhəbbətlərini sübut etsinlər”.

Əmir Nizam dedi: “Mən sənin kimi yüksək məqamı olan bir şəxsi öldürməkdə tərəddüd göstərirəm və qətl hökmü verə bilmirəm”. Mirzə Qurbanəli söylədi: “Niyə tərəddüd edirsən? Məgər bilmirsən ki, “adlar Səmadan göndərilir?!” Mənim Əmri yolunda canımı fəda etmək istədiyim Kəs ilk gündən öz yolunun şəhidləri siyahısında mənim adımı Qurbanəli kimi yazıb, Onun öz adı da Əlidir. Bu gün elə bir gündür ki, mən Onun qurbanı olmalıyam və Ona olan imanımı öz qanımla sübuta yetirməliyəm. Məni öldürməkdə qətiyyən yubanma. Mən səndən incimirəm. Mənim başımı bədənimdən nə qədər tez ayırsan, bir o qədər səndən razı qalaram”. Əmir Nizam qışqırdı: “Gəlin bunu aparın və məndən uzaqlaşdırın. Əgər o, bir az da burada qalsa, sehri mənə təsir göstərəcək”. Qurbanəli dedi: “Sehr sənə heç vaxt təsir göstərməz. Sehr pak könüllərə və saf ürəklərə təsir göstərir. Sən və sənin kimilər heç vaxt anlaya bilməzsiniz ki, İlahi iksir hansı təsirə malikdir, bu sehrin gücü hansı həddədir. Bu ilahi iksir elə gücə malikdir ki, bir göz qırpımında ərənlərin ürəyini yerindən oynadır”. Əmir Nizam qəzəbindən titrədi və dedi: “Bunları yalnız qılınc susdura bilər”. Sonra üzünü yanında dayanmış cəlladlara tutub dedi: “Daha bu yolunu azmış tayfadan heç kəsi mənim yanıma gətirmək lazım deyil, çünki bunlara söz təsir etmir. Onlardan hansı Babın Əmrindən üz döndərirsə, buraxın getsin, hansı üz döndərmirsə, boynunu vurun”.

Mirzə Qurbanəlini şəhidlik meydanına gətirəndə o, hədsiz sevinc içərisində idi, çünki bilirdi ki, tezliklə Məhbubla görüşmək şərəfinə nail olacaq. O, tam sevincək halda qışqırıb dedi:

Öldürün məni, öldürün məni, ey mötəbərlər,

Həqiqətən, mənim həyatdan getməyimdə bir həyat var!

Sonra üzünü ətrafına toplaşmış camaata tutub dedi: “Mənim sözlərimi eşidin, yaxşı qulaq asın! Siz iddia edirsiniz ki, Həzrət Rəsullulahın (s) tərəfdarlarısınız. Həzrət Peyğəmbər, yəni əvvəllər hicaz üfüqündə parlamış o hidayət günəşi indi Əli Məhəmməd adı ilə Şiraz üfüqündən çıxıb. Bu böyük İnsan da Həzrət Peyğəmbərin həmən nurunu və ziyasını ətrafa saçır. “Gül harada bitsə də, güldür”. Mirzə Qurbanəli sözünə bir qədər ara verib camaata dedi: “Ey bədxahlar, necə olur ki, siz bu Gülün hər yana yayılmış xoş ətrini duymursunuz?! Nə üçün bu qədər qafilsiniz?! Mənim ruhum bu Gülün ətrindən sevinc içərisində olsa da, başqalarının bu sevincdən məhrum qaldığını görəndə, təəssüflənirəm. Sizin heç biriniz Onun əzəmətini və qüdrətini anlamırsınız və dərk etmirsiniz”. Bu zaman onun gözü Hacı Mirzə Seyyid Əlinin başı üzülmüş və qanı axan cəsədinə sataşdı. O müqəddəs cəsədi görməsindən hədsiz dərəcədə mütəəssir oldu. Özünü cəsədin üstünə atıb dedi: “Xoş o günə ki, sonsuz sevinc və fərəh içərisində bir-birimizlə görüşəcəyik!” Sonra o, cəsədi qucaqlayıb cəllada dedi: “Gəl, bir zərbə ilə məni qətlə yetir, çünki dostum ondan uzaqlaşmağa qoymur və mənə deyir: “Tez ol, gəl birlikdə bənzərsiz Məhbubun məkanına daxil olaq!” Cəllad Mirzə Qurbanəlinin boynuna bir zərbə endirdi və o böyük insan ani olaraq canını tapşırdı. Cəlladın vurduğu ağır zərbə insanlara elə bərk təsir göstərdi ki, hər yandan nalə və fəryad sədaları ucaldı. Bütün camaat aşura günündə olduğu kimi, ağlayıb şivən qopardı.

3. Növbə Hacı Molla İsmayıl Qumiyə çatdı. O, İrağın Fərahan bölgəsindən idi. Bir vaxtlar Kərbəlaya getmiş, bütün Kərbəla və Nəcəf üləmaları ilə ünsiyyətdə olmuşdu ki, haqqı və həqiqəti dərk edə bilsin. Nəhayət, o, “Seyyid Kazım Rəştinin hüzuruna üz tutmuş və onun sayəsində Həzrət Babın mübarək Əmrinə iman gətirmişdi. O, güclü imanı və gözəl əxlaqı ilə çoxlarından seçilirdi. Həzrət Bab əshabələrə Xorasana getməyi əmr edəndə, o, hədsiz sevinclə mübarək göstərişi yerinə yetirmişdi. O, Bedəştdə əshabələrlə bir yerdə olmuş və “Sirrül-vücud” (“Varlığın sirri”) ləqəbi almışdı. Ondan sonra Əmri təbliğ etməklə məşğul olmuşdu. Quran ayələrini və islami hədisləri təfsir etməkdə qeyri-adi məharəti vardı. Ayələri elə aydın şəkildə təfsir edirdi ki, hamı heyran qalırdı. Şeyx Təbərsi qalasındakı hadisələr baş verən zaman o, xəstələnib yatağa düşmüşdü, ona görə də əshabələrin köməyinə yetə bilməmişdi. Son nəticədə o, məhbubun Əmri yolunda şəhid olub canını qurban verdi. Qurbangaha gətirilən zaman o, əvvəlki iki xoşbəxt şəhidi görüb ixtiyarsız olaraq fəryad çəkdi və iki kəsilmiş, qana bulaşmış başa baxabaxa dedi: “Nə yaxşı iş gördünüz, Tehranı gülüstana çevirdiniz. Mən də sizin yanınıza gəlmək istəyirəm”. Sonra o, cibindən bir qədər pul çıxarıb cəllada verdi ki, şirniyyat alsın. Həmin şirniyyatın bir hissəsini özü yedi, bir hissəsini də cəllada verib dedi: “Mən səni bağışladım. Yaxın gəl və məni öldür, çünki mən otuz ildir ki, bu günü gözləyirəm. Qorxurdum ki, bu arzum ürəyimdə qalacaq və onu özümlə qəbrə aparacağam”. Sonra üzünü asimana tutub dedi: “Xudaya, sənin yolunda qurban verdiyim canı qəbul et! Hərçənd mən bilirəm ki, mənim adım özünü sənə fəda etmiş şəhidlərin dəftərinə yazılmağa layiq deyil”. Hacı bu münacatı söylədiyi zaman cəllad onu şəhid etdi.

4. Hacı hələ canını tapşırmamışdı ki, müctəhid Seyyid Hüseyn Turşizini qurbangaha gətirdilər. O, Xorasandakı Turşiz (Kaşmər) şəhərindən idi. Olduqca xoş xasiyyəti vardı. O, bir neçə il Nəcəfdə təhsil almışdı və üləmalar məsləhət görmüşdülər ki, Xorasanda dərs deyib öyrəndiyi elmləri yaymaqla məşğul olsun. Bu niyyətlə yola düşüb Kazımeynə çatdığı zaman Hacı Məhəmməd Tağı Kirmani adlı bir dostuna rast gəlmişdi. Hacı Kirmanın böyük tacirlərindən biri idi, Xorasanda da şöbəsi vardı. Seyyid Hüseyn İrana gəldiyi üçün Hacı Məhəmməd Tağı onunla birlikdə yola düşdü. Hacı Həzrət Babın dayısı Mirzə Seyyid Əlinin tanışlarından biri idi və hicri 1264-cü (1848-ci) ildə onun vasitəsilə mübarək Əmrə iman gətirmişdi. O, Şirazdan Kərbəlaya getmək istərkən, Hacı Mirzə Seyyid Əlinin Çehriqə yollandığını eşidib onunla yoldaş olmaq fikrinə düşmüşdü. Hacı Mirzə Seyyid Əli ona demişdi: “Niyyətini dəyişdirmə, Kərbəlaya get. Mən gedirəm, əgər sənin Çehriqə gəlməyin lazım olsa, sənə yazacağam. Mənim məktubumu gözlə!” Hacı Mirzə Seyyid Əli Çehriqdən Tehrana gəldi ki, bəlkə sonralar yenidən Həzrət Babın görüşünə getmək imkanı oldu. Çehriqdə olarkən, o, Şiraza qayıtmaq istəmirdi, çünki o şəhərin camaatının davranışından razı deyildi. Tehrana çatan kimi o, Hacı Məhəmaməd Tağıya məktub yazdı ki, Tehrana gəlsin. Hacı Məhəmməd Tağı Kərbəladan Tehrana doğru yola düşdü. Bağdada çatanda, onunla birlikdə olan Seyyid Hüseyn Hacının vasitəsilə mübarək Əmrə iman gətirdi, Tehranda isə onu həbs etdilər. Seyyid Hüseyn qurbangaha daxil olarkən, ətrafına toplaşmış insanlara müraciət edib dedi: “Ey müsəlmanlar, eşidin, mənim adım Hüseyndir, özüm də şəhidlərin ağasının nəslindənəm ki, onun da mübarək adı Hüseyn olmuşdur. Bütün Nəcəf və Kərbəla müctəhidləri mənim elmimi və biliyimi təsdiq edirlər. Mən Seyyid Babın adını bu yaxınlarda eşitmişəm və Onun dəvətinin düzgünlüyünü etiraf etmişəm. İslamın müşgül məsələləri barədə geniş məlumatım olduğu üçün mən mübarək Əmrə iman gətirmişəm. Əminəm ki, Seyyid Babın Əmrini inkar etmək bundan əvvəl zühur etmiş bütün Peyğəmbərləri inkar etmək deməkdir. Mənim sizdən xahişim budur ki, gedin bu şəhərin müctəhidlərinə deyin, bir məclis təşkil etsinlər. Mən onlarla müzakirə və mübahisə etməyə hazıram. Əgər mən Babın iddiasının düzgünlüyünü sübut edə bilsəm, günahsız şəxsləri öldürməkdən əl çəkin, əgər sübut edə bilməsəm, mənə istədiyiniz əzabı verin”. Seyyid Hüseyn hələ sözlərini qurtarmamışdı ki, Əmir Nizamın yanından bir zabit gəlib təkəbbür və xudpəsəndliklə dedh: “Bu sənin ölüm hökmündür. Tehranın böyük müctəhidlərindən yeddi nəfər bu hökmə imza atıb hamısı fitva veriblər ki, sən kafirsən. Əgər qiyamət günü Allah bizdən soruşsa ki, niyə bu seyyidi öldürmüsünüz,biz məsuliyyəti üləmaların və müctəhidlərin boynuna yıxacağıq”. Bunu deyib o, xəncərini çıxardı və var gücü ilə Seyyid Turşiziyə zərbə endirdi. Seyyid Hüseyn dərhal yerə yıxılıb canını Məhbuba qurban verdi.

5. Ondan sonra Hacı Məhəmməd Tağı Kirmanini qətlgaha gətirdilər. O, dəhşətli mənzərəni gördükdə, qışqıraraq cəllada dedi: “Ey qaniçən zalım və alçaq, tez gəl məni öldür, mən mümkün qədər tez Hüseynə çatmaq istəyirəm və ondan sonra yaşamaq istəmirəm. Hüseyndən sonra yaşamaq mənim üçün ağır bir əzab olar”.

6. Hacı Məhəmməd Tağı bu sözləri dediyi vaxt Seyyid Mürtəza özünü qətlgaha atıb söylədi: “Mən seyyidəm. Məni öldürməyin savabı Hacı Məhəmməd Tağını öldürməyin savabından artıqdır”. Seyyid Mürtəza Zəncanın məşhur taçirlərindən biri idi. O, çalışırdı ki, Hacı Məhəmməd Tağıdan əvvəl onu qətlə yetirsinlər. Cəllad qılıncını sıyırdı. Bu arada Seyyid Mürtəza Molla Hüseynlə birlikdə qalada şəhid olmuş qardaşını xatırladı.

7. Seyyid Mürtəza danışmaqda və camaat ağlamaqda idi ki, Məhəmməd Hüseyn Marağai özünü şəhidlik meydanına atdı. O, əvvəlki iki nəfərdən öncə şəhid olmaq istəyirdi. Onun gözləri Hacı İsmayıl Quminin cəsədinə sataşan kimi, özünü cəsədin üstünə atdı, çünki o, Hacını çox sevirdi. O, cəsədi qucaqlayıb deyirdi: “Heç vaxt əziz dostumdan ayrı düşməyə razı olmaram. Mən öz dostuma çox inanırdım, o da məni çox sevirdi”. Xülasə, bu üç nəfər şəhidlik meydanında bir-birini qabaqlamağa çalışırdı. Adamlar heyranlıq və çaşqınlıqla bu mənzərəyə tamaşa edir və gözləyirdilər ki, onlardan hansı daha tez öldürüləcək. Həmin üç nəfərin hər biri isə eləcə digərlərindən əvvəl ölməyə səy göstərirdi. Nəhayət, onların üçünü də birdən qətlə yetirdilər və hamısı eyni zamanda şəhid oldu.

Belə ürəyi göynədən hadisələr çox nadir hallarda baş verir. Şəhidlərin sayı az olsa da, onların fədakarlığı insanı vadar edir ki, belə bir fədakarlığa təkan verən əzəmətli qüvvənin mövcudluğunu etiraf etsin.

Mənim yazdıqlarım bura çatanda, hazır olan hissəni Həzrət Bəhaullaha təqdim etdim. Həzrət Bəhaullah lütf və mehribanlıqla məni hüzuruna çağırıb şərəfləndirdi. Akka məhbəsində mən cənab Kəlimin qonşuluğunda yaşayırdım. Həzrət Bəhaullahın məni çağırdığı gün hicri 1306-cı il rəbiüs-sani ayının 7-si (1888-ci il dekabr ayının 11-i) idi. Mən o günü heç vaxt unutmaram. Burada həmən gün Həzrət Bəhaullahın dilindən eşitdiklərimi yazıram. Mən Mübarək Hüzurda olarkən, Həzrət Bəhaullah buyurdu: “Dünən gecə yazdığım lövhədə Bedəştdə baş vermiş hadisələrdən danışarkən, “Gözünüzü yumun!” cümləsinin mənasını şərh etmişəm. (İslami hədislərə görə, qiyamət günü Rəsulullahın (s) qızı Həzrət Fatimə üzü açıq və örtüksüz halda gələcək ki, Sirat körpüsündən keçsin. Həmin vaxt Həzrət Fatimədən qabaqda bir mələk ucadan deyəcək: “Ey insanlar, gözünüzü yumun!”) Tehranda şahzadə xanımlardan birinin toyu idi. Məni də toya dəvət etmişdilər. Əyanların və böyüklərin bir çoxu da toy məclisində iştirak edirdi. Bu zaman Həzrət Babın katibi Seyyid Hüseynin atası Seyyid Əhməd Yəzdi qapıda göründü və işarə ilə mənə bildirdi ki, vacib sözü var. O anda toy məclisindən çıxmaq mümkünsüz olduğu üçün mən Seyyid Əhmədə xəbər göndərdim ki, gözləsin. Toy qurtarandan sonra o mənə məlumat verdi ki, Həzrət Tahirə Qəzvində həbs edilib, həyatı təhlükədədir. Mən dərhal Məhəmməd Hadi Fərhadini çağırıb göstəriş verdim ki, gedib Həzrət Tahirəni həbsdən qurtarsın və Tehrana gətirsin. O vaxt mənim evim düşmənlərin nəzarətivdə olduğu üçün mən Həzrət Tahirəni öz evimdə saxlayıb qonaq edə bilmədim. Buna görə də bir tədbir düşünüb Həzrət Tahirəni öz evimdən müdafiə nazirinin evinə köçürdüm. Müdafiə naziri Etimadüd-dövlə Mirzə Ağa xan Nuri şahın qəzəbinə düçar olmuş və şah onu Kaşana sürgün etmişdi.Mən müdafiə nazirinin bacısına xəbər göndərdim ki, Həzrət Tahirəni qəbul edib öz yanında saxlasın. Həzrət Tahirə bir müddət onun yanında qaldı. Nəhayət, Həzrət Bab möminlərə Xorasana getmək barədə əmr verdi. Mən Tahirəni dərhal Xorasana göndərmək qərarına gəldim. Mirzəyə (cənab Kəlim nəzərdə tutulur) tapşırdım ki, Həzrət Tahirəni şəhərdən çıxarıb yaxınlıqda münasib bir yerə aparsın. Mirzə Həzrət Tahirəni götürüb bir bağa apardı. Bağda heç kəsin yaşamadığı bir ev vardı, bir qoca kişi də bağı qorumaqla məşğul idi. Sonra Mirzə Musa mənim yanıma gəlib dedi ki, Həzrət Tahirəni münasib bir yerə çatdırdım. Və həmən bağı xeyli tərifləyib dedi ki, bağın ətrafında gözəl mənzərələr var. Daha sonra mən lazımi hazırlıq görüb Həzrət Tahirəni Xorasana göndərdim və söz verdim ki, özüm də gələcəyəm. Bir neçə gündən sonra mən də yola düşdüm və Bedəştdə Həzrət Tahirəyə çatdım. Bedəştdə xüsusi olaraq Həzrət Tahirə üçün bağ icarəyə götürdüm və Həzrət Tahirəni Qəzvin məhbəsindən qurtarmış həmən Məhəmməd Hadi Fərhadini onun mühafizəçisi təyin etdim. Bağın ətrafında bizimlə bərabər yetmiş nəfərə yaxın mömin məskən salmışdı. Bir gün mən xəstələnib yatağa düşdüm. Həmin vaxt Həzrət Tahirə xəbər göndərdi ki, mənimlə görüşmək istəyir. Mən düşünürdüm ki, nə cavab verim, birdən Həzrət Tahirə hicabsız və üzüaçıq halda qapıdan içəri girib mənim qarşımda dayandı. Mirzə Aqacan bu hadisəni gözəl bir şəkildə şərh edib dedi: “Qiyamət günü Həzrət Fatimə hicabsız və üzüaçıq halda camaatın qarşısına gələcək. Həmən vaxt qeybdən bir mələyin səsi eşidiləcək: “Gözünüzü yumun!” O gün bütün əshabələr dəhşətə gəlmişdilər, onların qəlbini xof və həyəcan bürümüşdü. Mövcud və qərarlaşmış adətlərə bağlı olan bir çox əshabələr bu məsələ ilə heç cür barışa bilmədilər, qorxu və dəhşət içərisində Həzrət Tahirənin yanından qaçıb yaxınlıqdakı boş bir evə getdilər. Həzrət Tahirənin davranışından sarsılaraq onunla əlaqəsini kəsən şəxslər arasında Seyyid Nəhri və onun qardaşı Mirzə Hadi də vardı. Mən onlara xəbər göndərdim ki, öz dostlarınızdan və din qardaşlarınızdan uzaqlaşıb boş bir evə sığınmağa lüzum yoxdur. Nə isə, əshabələr dağılışdılar və bizi düşmənlərin əlində qoydular.

Sonralar mən Amula gələndə böyük hay-küy qopdu. Məclisdə dörd min adam toplaşmışdı, evlərin damları da adamla dolu idi. Amul mollalarının başçısı mənim əleyhimə kəskin çıxış edib Mazandaran ləhcəsi ilə dedi: “Siz islam dinini məhv etdiniz, islamı bədnam etdiniz. Mən dünən yuxuda gördüm ki, Siz bu məscidə gəlmisiniz və Sizi görmək üçün çoxlu adam toplaşıb. Həzrət Qaim-əleyhissalam da sizin qarşınızda bir guşədə dayanıb təəccüblə tamaşa edir. Bu yuxunun yozumu belədir ki, Siz düz yoldan çıxmısınız”. Mən mollaların başçısına belə cavab verdim: “Siz yuxuda görmüsünüz ki, Qaim təəccüb içərisindədir. O sizin və bu şəhərin camaatının bizimlə rəftarına təəccüb edirmiş”. Sonra o, mənə Həzrət Babın iddiası barədə sual verdi. Mən dedim: “Mən indiyə qədər Həzrət Babla görüşməsəm də, Ona qarşı güclü məhəbbətim var və əminəm ki, O Həzrət islam dininin tələblərinə zidd olan bir iş görmür”. Lakin mollaların başçısı və onun müridləri bununla razılaşmadılar və mənim bütün sözlərimi əsassız saydılar. Buna görə də bizi həbs edib əshabələrlə görüşməyimizə imkan vermədilər. Amma Amul hakiminin əvəzi bizi həbsdən qurtardı. O, nökərlərinə göstəriş vermişdi ki, bizim dustaq edildiyimiz otağın divarını deşib bizi oradan çıxarsınlar. Bundan sonra o, bizi öz evinə apardı. Camaat bundan xəbər tutub hakimin evini dövrəyə alaraq, daş atmağa, uca səslə bizi söyüb lənətləməyə başladılar.

Mən Mirzə Məhəmməd Hadi Fərhadini Həzrət Tahirəni xilas edib Tehrana gətirmək üçün Qəzvinə göndərəndə, Şeyx Əbu Turab mənə yazmışdı ki, bu, təhlükəli bir işdir, qarışıqlıq yarana bilər. Lakin mən öz qərarımdan dönmədim. Bu Şeyx Əbu Turab çox sadə və həssas qəlbli bir adam idi, gözəl əxlaqı, xoş rəftarı vardı. Bir nöqsanı var idi ki, çox qorxurdu, cəsarətli və uzaqgörən deyildi, əksər məqamlarda zəiflik və qorxağlıq göstərirdi”.

İndi də qayıdıb yeddi şəhidin hekayətini sona çatdıraq. Şəhidlərin cəsədi üç gün üç gecə şah sarayının yaxınlığındakı yaşıl meydanda qaldı. Minlərlə təəssübkeş şiə o müqəddəs cəsədlərin ətrafına toplaşırdı. Onlar cəsədləri tapdalayır, onların üstünə daş atır, tüpürür, kəsafət tökür, onları lənətləyib ələ salır, bədən üzvlərini kəsirdilər. Bir sözlə, əllərindən nə gəlirdisə, edirdilər. Bu adamların qarşısını alan bir kəs yox idi. Bu zalımların və yırtıcıların vəhşiliyinə mane olan bir nəfər tapılmadı. İstədiklərini edəndən sonra cəsədləri şəhər xaricində yeni darvaza ilə Şah Əbdül-Əzim arasındakı arxın qırağında ümumi qəbristanlıqdan kənarda bir qəbirdə basdırdılar. Beləliklə, bu dünyadakı həyatlarında ruhları bir olan o müqəddəs şəxslərin cəsədləri də birləşdi.

Həzrət Bab hələ Şeyx Təbərsi qalasında şəhid olmuş əshabələrin hüznündən qurtulmamışdı ki, yeddi şəhidin ölüm xəbərini aldı və kədəri daha da artdı. Onun mübarək qələmindən yeddi şəhidin haqqında müfəssəl bir lövhə nazil oldu. Həmin lövhədəki sözlərdən anlamaq olar ki, bu şəhidlər Həzrət Babın nəzərində necə böyük məqama malik olmuşlar. Həzrət Bab buyurur: “Bunlar həmən yeddi nəfərdir ki, hədisdə deyildiyinə görə, Qaimin zühur etdiyi gün onun önündə gedəcəklər. Bunlar öz həyatlarında şücaət və qəhrəmanlığın ən yüksək nümunəsini göstərmişlər və öz sevimli ağalarının iradəsinə təslim olduqlarını canlarını fəda etməklə sübuta yetirmişlər”. Həzrət Babın təfsirində yuxarıdakı hədisin mənası budur ki, həmin müqəddəs şəxslər Həzrət Qaimdən əvvəl şəhid olacaqlar. Belə də oldu, yəni yeddi şəhidin ölümündən dörd ay sonra Həzrət Bab Təbrizdə şəhid oldu. Bu 1266-cı (1850-ci) il əslində, şəhidlik ili idi. Belə ki, Tehranın yeddi şəhidi bu ildə şəhid oldu, Neyriz hadisəsi və Həzrət Vəhidin şəhid olması bu ildə baş verdi, Həzrəti-Əla bu ildə Təbrizdə şəhid oldu. Həmin ilin sonunda Zəncan hadisələri başlandı və elə bir tufan qopdu ki, Zəncanın qonşuluğunda olan bütün şəhərlər lərzəyə gəldi. Bu tufan görünməmiş bir şiddətlə davam etdi və nəhayət, Həzrət Babın ən sədaqətli və ən şücaətli tərəfdarlarından bir çoxunun şəhid olması ilə başa çatdı.

Bu ildə baş vermiş hadisələr mübarək Əmrin tarixinin səhifələrində həmişəlik qalacaq və yaşayacaqdır. Hər tərəfdən qana boyanmış bu səhifələr mübarək Əmrin tarixində xüsusi imtiyaza malikdir. Qəddar və qaniçən düşmənin heç nədən çəkinmədən törətdiyi zülm və sitəm yer üzünü qaranlığa qərq etdi. Xorasandan Təbrizə, Zəncan və Tehrandan Neyrizə qədər bütün İran məmləkəti zülmətə büründü. Bu qaranlıq və zülmət onun müjdəsini verirdi ki, tezliklə ilahi Əmrin nuru vəd olunmuş Hüseynin zühuru ilə dünyanı işıqlandıracaq və O Həzrətin Əmri əvvəlki Əmrdən qat-qat əzəmətli və qüdrətli olacaqdır.

bottom of page