On Yeddinci Fəsil

Həzrət Babın Çehriq Qalasında

Dustaq Edilməsi

YUXARIDA HAQQINDA DANIŞDIĞIMIZ Niyala hadisəsi hicri 1264-cü il şaban ayının ortalarında (1848-ci il iyul ayının ortalarında) baş verdi. Həmin ayın sonlarında Həzrət Babı Təbrizə apardılar. Zülmkarlar O Həzrətə qarşı heç bir təhqir və hörmətsizlikdən çəkinmədilər. Beləliklə, Həzrət Bəhaullah və əshabələr Niyalada düşmənlərin hücumuna məruz qalarkən, Həzrət Bab da düşmənlər tərəfindən Təbrizə aparıldı. Həzrət Bəhaullah və əshabələr cahillərin əlindən zülm çəkdikləri zaman Həzrət Bab da daş ürəkli düşmənlər tərəfindən incidildi. Sonra Həzrət Bab Hacı Mirzə Ağasının Əmrinə əsasən Çehriqə aparılaraq, Yəhya xan Kürdə təhvil verildi. Bu Yəhya xanın bacısı Məhəmməd şahın zövcəsi və vəliəhdin anası idi. Mirzə Ağası Yəhya xana bərk-bərk tapşırmışdı ki, Həzrət Babla Əli xan Makuyi kimi rəftar etməsin və Həzrət Babın heç bir tərəfdarının Onun hüzuruna getməsinə imkan verməsin. Bu göstəriş Yəhya xana nə qədər qətiyyətlə verilsə də, o, baş vəzirin Əmrini yerinə yetirə bilmədi. Çünki o, öz Məhbusunun simasında qüdrət və böyüklük əlamətlərini gördükdə, qəlbində Həzrət Baba qarşı güclü məhəbbət oyandı və Mirzə Ağasının göstərişini büsbütün unutdu. Çehriqdə yaşayan kürdlər şiələrə Maku kürdlərindən də artıq ədavət bəsləyirdilər, bununla belə onlar ürəkdən Həzrət Babın vurğunu oldular, tam sədaqətlə Ona bağlandılar. Onların hər biri səhər evdən çıxandan sonra öz rəsmi işinə başlamazdan öncə Həzrət Babın saxlandığı yerə gedir, ondan feyz və bərəkət diləyirdilər. İnsanlar həmin yerə müqəddəs bir məkan kimi səcdə edir, orada mənəvi dayaq axtarır, Həzrət Babdan gördükləri qəribə işləri bir-birlərinə danışırdılar. Yəhya xan heç kəsin Mübarək Hüzura qovuşmasına maneçilik törətmirdi. Ziyarətçilərin sayı o qədər çox idi ki, Çehriq onlara darlıq edirdi. Buna görə də dostlar qaladan bir saatlıq məsafədə yerləşən və Əskişəhər adlanan köhnə Çehriqdə qalmalı olurdular. Həzrət Bab nə istəyirdisə, köhnə Çehriqdən alınıb Onun dustaq olduğu yerə gətirilirdi. Bir gün Həzrət Bab buyurdu ki, Onun üçün bal alsınlar. Bal gətirildikdə, o, qiymətini soruşdu və gerçək qiymətdən baha olduğunu görüb dedi: “Bundan ucuz və bundan daha yaxşı bal tapmaq mümkündür. Mən əvvəllər tacir olmuşam. Siz gərək bütün işlərdə və bütün məsələlərdə mənim yolumla gedəsiniz. Qonşularınızı aldatmayın və ehtiyatlı olun ki, heç kəs sizi aldatmasın. Sizin rəhbərinizin yolu budur!” Doğrudan da, heç kəs heç bir məsələdə Həzrət Babla həqiqətə zidd olan bir tərzdə rəftar edə bilmirdi və O Həzrət heç zaman heç kəsə, hətta ən gücsüz adama qarşı ədalət və insafdan uzaq olan münasibətlə razılaşmırdı. Həzrət Bab əlavə etdi: “Bu balı sahibinə qaytarın və qiyməti bundan ucuz olan daha yaxşı bal alın!”

İnsanların Çehriq qalasında dustaq olan Həzrət Babın yanına axışması və tanınmış şəxslərin Ona iman gətirməsi barədə xəbərlər hökumətə çatır, səlahiyyət sahiblərinin pərişanlığını daha da artırırdı. Xoy şəhərində olan bir çox alimlər, zadəganlar və dövlət məmurları mübarək Əmrə iman gətirdilər və Həzrət Babın yaxın tərəfdarları sırasına qoşuldular. Bunların içərisində Mirzə Məhəmmədəli və onun qardaşı Böyükağa da vardı. Bu iki şəxs o tərəflərin məşhur zədəkanlarından sayılırdılar. Onlar Əmrə xidmət göstərməyə başlayıb onu bütün təbəqələrdən olan həmyerliləri arasında təbliğ edirdilər. Nəticədə Xoy ilə Çehriq arasında daim çoxsaylı möminlərin get-gəlini müşahidə etmək olardı.

O vaxtlar Xoy şəhərinin yüksək məqamlı alimlərindən və ədiblərindən biri olan Mirzə Əsədullah mübarək Əmrə kəskin düşmən münasibət bəsləyirdi. Onun düşmənçiliyi o qədər güclü idi ki, dostlardan heç birinin Əmri ona təbliğ etməyə cürəti çatmırdı. Bir gün o, bir yuxu gördü və yuxusunu heç kəsə danışmadan ürəyində bəzi mətləblər tutdu. Bundan sonra o, Mirzə Məhəmmədəlinin vasitəsilə Mübarək Hüzura bir məktub göndərdi. Məktubda deyilirdi: "Mən ürəyimdə üç mətləb tutmuşam, xahiş edirəm, deyin, bunlar hansı mətləblərdir?" Bir neçə gündən sonra o, Həzrət Babdan onun yuxusunu və nəzərdə tutduğu mətləbləri aydın şəkildə şərh edən bir cavab aldı. Bunu görən Mirzə Əsədullah mübarək Əmrə iman gətirdi və Ona o qədər bağlandı ki, piyada getməyə adət etməsə də, Mübarək Hüzura qovuşmaq üçün Xoydan Çehriq qalasınadək çətin və daşlı yolu piyada qət etdi. Yoldaşları nə qədər onu ata mivdirməyə çalışsalar da, o, razılaşmayıb dedi: “Piyada getmək daha yaxşıdır”. Mübarək Hüzura qovuşduqdan sonra onun imanı daha da gücləndi və özündə hədsiz şücaət duydu. Bu iman və şücaət həyatının sonuna qədər onu tərk etmədi. Həzrəti-Əla ona “Dəyyan” ləqəbi vermişdi.

Həmin il Həzrəti-Əla dostlarından və tərəfdarlarından qırx nəfərinə göstəriş verdi ki, hərəsi mübarək Əmrin doğruluğunu isbat edən bir risalə yazsın, özü də bu, Quran ayələri və hədislərlə əsaslandırılmış olsun. Onların hamısı bu göstərişi yerinə yetirdi. Hərəsi bir risalə yazıb Mübarək Hüzura təqdim etdi. Həzrət Bab Mirzə Əsədullahın risaləsini bəyəndi və onu xeyli təriflədi. “Dəyyan” ləqəbini də ona elə o vaxt verdi. Və onun şərəfinə “Hürufat” lövhəsini qələmə aldı. Dəyyan bu lövhəni oxuduqdan sonra dedi: “Əgər Həzrət Nöqteyi-Ülanın başqa əsərləri olmasaydı, bu mübarək lövhə onun dəvətinin düzgünlüyünü sübut etmək üçün kifayət edərdi”. Bu lövhə yayıldıqdan sonra “Bəyan” əhli bu lövhədə nəzərdə tutulan mübarək məqsədi başa düşmədi. Bəziləri elə düşündülər ki, bu lövhə cəfr [Hərflər əsasında fal açmaq] elminin təfsirinə həsr olunub. Bir sözlə, onun başlıca məqsədi gizli qaldı. O vaxta qədər ki, cənab Mübəlliğ Şirazi Akka zindanında məhbus olan Həzrət Bəhaullahdan bu mübarək lövhənin sirlərini açmağı xahiş etdi. Və Həzrət Bəhaullah “Hürufat” lövhəsinin sirlərini şərh edən bir lövhə yazdı, orada göstərdi ki, “Hürufat” lövhəsinin əsas məqsədi “Allahın üzə çıxardığı Kəsin” zühurunun müjdəsini verməkdir. Həmin Şəxs Həzrət Babın öz dəvətini elan etməsindən 19 il sonra Zühur edəcəkdir. “Hürufat” lövhəsindəki “müstəğas” sözü də bir sirr olaraq qalırdı. Heç kəs onun mənasını bilmirdi. Həzrət Bəhaullah bu sirri də açdı. Həzrəti-Əlanın işlətdiyi “müstəğas” sözü [“kömək istənilən, imdad dilənən şəxs” deməkdir] “Bəyan” əhlinin “Allahın üzə çıxardığı Kəsi” tanımasına mane olan amillərdən biri idi. Onlar bu sözün əsil mənasını bilmədikləri üçün bir çoxları “Allahın üzə çıxardığı Kəsə”, yəni Həzrət Bəhaullaha və Onun iddiasının doğruluğuna inanmırdılar. Lakin Həzrət Bəhaullah həmin lövhəni qələmə alıb “müstəğas” sözünün mənasını açdıqdan sonra həqiqəti axtaranların yolundan bu maneə götürüldü. Xülasə, Mirzə Əsədullah Dəyyan hədsiz şücaətlə mübarək Əmri təbliğ edirdi və heç kəsdən qorxub çəkinmirdi. Bu məsələ baş və zirin yaxın dostlarından olan atasına çox ağır gəlirdi Nəhayət, o öz oğlundan Hacı Mirzə Ağasıya şikayət etdi. O zaman baş verən və hökumətin narahatlığına səbə olan hadisələrdən biri də bu idi ki, Hindistandan bir dərviş gəlib Mübarək Hüzura qovuşmuşdu və Həzrət Babla görüşdükdən sonra mübarək Əmrin doğruluğunu qəbul etmiş, imanını açıq şəkildə bildirmiş və Əskişəhərdə Əmri hədsiz hərarətlə camaata təbliğ etməyə başlamışdı. Həzrəti-Əla ona “Qəhrullah” adı vermişdi. Onu görən hər bir kəs onun şəxsiyyətinin kamilliyinə və imanının gücünə heyran qalırdı. Bəziləri elə zənn edirdilər ki, bu dərviş ilahi dinin carçısıdır, amma o özü heç zaman belə bir məqama iddia etmirdi. Dərviş Qəhrullah deyirdi: “Mən Hindistanda yaşayarkən, məşhur hakimlərdən birinin yanında işləyirdim. Bir gün Həzrət Bab yuxuma girib mənə dedi: “Bu qızıl-gümüşü özündən uzaq et, Azərbaycandakı Çehriq qalasına gəl, mənimlə görüş, öz könlünün Məhbubunun hüzuruna tələs!” Mən də Onun əmrinə əməl edib gəldim və öz qəlbimin muradına yetişdim”.

Dərviş Qəhrullahın Çehriq kürdləri arasında yaratdığı canlanmanın sorağı əvvəlcə Təbrizə, oradan da Tehrana yetişdi. Tehrandan fərman verildi ki, Həzrət Babı Təbrizə köçürsünlər, bəlkə bununla canlanmaya və həyəcana son qoymaq mümkün oldu. Yeni fərman oraya çatmamış Həzrət Bab cənab Əzim vasitəsilə dərviş Qəhrullaha xəbər göndərdi ki, Hindistana qayıtsın, gəldiyi yolla piyada və təkbaşına çıxıb getsin və orada Əmrə xidmət etməklə məşğul olsun. Bundan əlavə Həzrət Bab cənab Əzimə dedi: “Xoyda yaşayan Mirzə Əbdül-Vəhhab Turşiziyə xəbər çatdır ki, tez Urmiyaya gəlsin və orada mənimlə görüşsün. Həmçinin Təbrizdə Seyyid İbrahim Xəlilə mənim adımdan de ki, tezliklə Təbrizdə Nəmrud atəşi şölələnəcək, amma möminlərə əziyyət yetişməyəcək. Mən yaxın vaxtlarda Təbrizə gələcəyəm”. Dərviş Qəhrullah Həzrət Babın göstərişini alan kimi dərhal itaət edib yola düzəldi. Ona yoldaşlıq etmək istəyən şəxslərə isə dedi: “Siz bu səfərin məşəqqətlərinə dözə bilməzsiniz, əgər getsəniz, yolda mütləq həlak olarsınız. Bundan əlavə Həzrət Bab mənə tapşırıb ki, vətənimə tək qayıdım”. Kimisi ona yol xərci, kimisi libas verirdi, amma o, heç kəsdən heç nə qəbul etmədi, tənha və piyada əsasını götürüb yola düşdü. Heç kəs onun başına nə gəldiyini bilmədi və onun sonrakı taleyi məlum olmadı.

“Ənis” ləqəbli Mirzə Məhəmmədəli Zünuzi o vaxtlar Təbrizdə yaşayırdı. O, Həzrət Babın Çehriqdə olduğunu eşidən kimi Mübarək Hüzura yollanmaq istədi. Onun atalığı, Təbrizin nüfuzlu əyanlarından biri sayılan Seyyid Əli Zünuzi cənab Ənisi bu fikirdən daşındırmaq üçün əlindən gələni etdi. Axırda bu qərara gəldi ki, Ənisi ev dustağı etsin və bayıra çıxmağa qoymasın. Cənab Ənis bu hala dözməyib xəstələndi. Həzrəti-Əlanı Çehriqdən Təbrizə gətirib yenidən Çehriqə qaytardıqları müddət ərzində o, həmin vəziyyətdə idi.

Şeyx Həsən Zünuzi bu barədə mənə (müəllifə) bunları danışmışdır: “Həzrət Bab cənab Əzimə səfərə çıxmaq Əmri verdikdən sonra mənə də tapşırdı ki, Makuda və Çehriqdə yazılmış bütün lövhələri toplayıb o zaman Təbrizdə olan Seyyid İbrahim Xəlilə verim və ona söyləyim ki, bu ilahi əmanətləri gözbəbəyi kimi qorusun. Mən Təbrizdə olarkən, Seyyid Əli Zünuzi ilə yaxınlığım olduğu üçün tez-tez onun yanına gedirdim. O, daim cənab Ənisdən ötrü narahatlıq keçirirdi və onun barəsində deyirdi: “Mənə elə gəlir ki, bu oğlan dəli olub. O, məni bədnam edib. Bilmirəm, onun rəftarı nəticəsində mənə üz vermiş bu rüsvayçılıqdan necə qurtarım”. Bir gün o, mənə dedi: “Şeyx Həsən, siz gedin onunla görüşün, bir qədər ona nəsihət verin, qoy heç olmasa öz imanını gizli saxlasın, bu qədər ah-nalə çəkməsin”. Mən Seyyid Əli Zünuzinin təklifinə əsasən hər gün cənab Ənisin yanına gedirdim, görürdüm ki, daim ağlayır, göz yaşları dayanmaq bilmir. Həzrət Bab Təbrizdən ikinçi dəfə Çehriqə aparıldıqdan sonra bir gün Ənisi görməyə getdim. Gördüm ki, halı dəyişib, qəmi və kədəri yoxa çıxıb, üz-gözündən sevinc və fərəh yağır. Məni görçək bərk sevindi, məni qucaqlayıb dedi: “Mənim sevimli Ağamın gözləri sənə baxıb, sənin gözlərin də o Nurani Çöhrəni görmək şərəfinə nail olub. İndi gəl, sənə danışım ki, mənim kədərim necə sevincə çevrilib: Həzrət Bab yenidən Çehriqə qaytarıldıqdan sonra burada məhbus olub heç nə edə bilmədiyim üçün bərk təsirləndim. Qəlbən Həzrət Baba müraciət edib dua oxumağa, yalvarmağa başladım və dedim: “Ey mənim könlümün Məhbubu, görürsən ki, mən necə də acizəm, zindanda əsirəm. Sən özün görür və bilirsən ki, mənim hüzuruna yetişmək istəyimin həddi-hüdudu yoxdur. Ey mehriban Ağam, rica edirəm, qəlbimə hakim kəsilmiş bu ümidsizlik zülmətini öz Nurlu Simanın işığı ilə aradan qaldır!” Bu çür dua edib yalvarırdım, özümü büsbütün unutmuşdum. Birdən Həzrət Babın səsini eşitdim: “Məhəmmədəli, ayağa dur!” Baxıb gördüm ki, mehriban Ağamın nurlu camalı gözlərim önündədir, incə bir təbəssümlə nəzərlərini mənə dikib. Mən özümü Onun mübarək qədəmlərinə atdım. O, buyurdu: “Sevin, vəd olunmuş saat yaxınlaşır. Tezliklə bu Təbriz şəhərində camaatın gözü qarşısında məni çarmıxa çəkəcəklər, mən düşmən güllələrinə hədəf olacağam. Bu böyük nemətdə səndən başqa heç kəsi özümə şərik etməyəcəyəm. Sənə müjdə verirəm: o gün sən də mənimlə birlikdə şəhidlik şərabını içəcəksən. “Həqiqətən də, bu, yalan Vədə deyildir”. Özümə gələndə, gördüm ki, sevinc və şadlıq dəryasına qərq olmuşam. Dünyanın qəmi və kədəri mənim bu sevincimin qarşısında heç bir şeydir. Hələ də o Mübarək Səs qulağlarımdan getməyib, gecə-gündüz o Nurlu Sima gözlərim önündən çəkilmir. O incə təbəssümü yada saldıqca, həbsdə olduğumun fərqinə varmıram. Əminəm ki, mehriban Ağamın verdiyi vədə gerçəkləşəcək, vəd olunmuş saat yetişəcək”. Mən ona tövsiyə etdim ki, səbrli olsun və bu məsələni hamıdan gizli saxlasın. Cənab Ənis mənə söz verdi ki, bu sirri heç kəsə açmayacaq və Seyyid Əli Zünuzi ilə mehribancasına rəftar edəcək. Mən dərhal cənab Ənisin yanından çıxıb Seyyid Əlinin görüşünə tələsdim və ona dedim ki, oğlunuzun davranışı dəyişib. Bunun nəticəsində Ənis həbsdən qurtuldu, qohum-əqrəbası ilə yaxşı rəftar etməyə başladı. Ta o vaxta qədər ki, şəhidlik günü yetişdi. Həmən gün o özünü Məhbubuna fəda etdi. Bütün Təbriz camaatı onun öz Məhbubunun yolunda canını qurban verməsinin şahidi oldu və ondan ötrü göz yaşı tökdü”.

© 2016 - Dan Yerinin Şəfəqləri,

Azərbaycan Bəhailəri Milli Ruhani Məhfilinin Qərarı İlə Nəşr Olunmuşdur