top of page

On Beşinci Fəsil

Həzrət Tahirənin Kərbəladan

Xorasana Getməsi

ALLAHIN İSTƏYİ BELƏ oldu ki, öz Əmrinin üzündənpərdəni götürsün və İlahi Dinin zühuruna əngəltörədən maneələri aradan qaldırsın. Bu iş Xorasandan başladı. Allaha məhəbbətin odu Xorasan əhalisinin qəlbində elə alovlandı ki, bütün pərdələri yandırdı, hər cür maneəni aradan götürdü. Mübarək Əmr sürətlə yayılmağa, könüllərə və ruhlara nüfuz etməyə başladı. Təkcə Xorasanda deyil, İranın ən ucqar nöqtələrində də onun əlamətləri özünü göstərirdi. Möminlər hədsiz şövqlə şəkk və şübhə pərdələrini cırıb atırdılar. Allah Əmrinin əzəməti hamıya aydın olurdu. Allah qanununun yayılmasının qarşısını almaq üçün ilahi Əmrin sahibini və Tanrı camalının məzhərini Azərbaycan dağlarında dustaq edən Əmrin böyük düşməninin səyləri səmərəsiz qaldı, Əmrin əleyhdarlarının azadələrin qəlbində şölələnən iman odunu söndürmək istiqamətində atdığı addımlar və onları Tanrı məzhərinin hüzuruna qovuşmaq şərəfindən məhrum etmələri heç bir nəticə vermədi, Tanrının qüdrəti fitnəkarların bütün tədbirlərini puça çıxardı.

Həzrəti-Əla Çehriqdə dustaq edildikdən sonra Onun vəfalı dostlarına Mübarək Hüzura qovuşmaq qadağan olunsa da, ilahi qüdrət Həzrət Qüddusu Xorasana göndərdi və onun vasitəsilə Həzrət Babın sadiq tərəfdarlarının qəlbində iman odunu alovlandırdı. Bu odun şölələri şərqdə İranı, qərbdə isə İrağı bürüdü. İranda Həzrət Qüddus meydana çıxdı, ərəb İrağında isə Həzrət Tahirə Əmri yaymaq üçün fəaliyyətə başladı. İlahi səda şərqdə və qərbdə olan bu iki parlaq aya tapşırıq verdi ki, “Ta” torpağına üz tutub Həzrət Bəhaullah Günəşindən nur alsınlar, Onun hüzuruna yetişərək əmrlərinə itaət etsinlər. İlahi əmrə əsasən o vaxtlar Həzrət Babın qələmindən bir fərman çıxdı. Fərmanın məzmunu belə idi ki, İranda olan bütün dostlar təcili olaraq “Xa” torpağına getməli və Həzrət Qüddusun ətrafına toplaşmalıdırlar. Həzrət Babın göstərişinə uyğun olaraq, əshabələr hər tərəfdən Xorasana yollandılar. Mübarək Əmr ildırım sürəti ilə yayılmağa başladı və öz tərəfdarlarında qəribə bir həyəcan doğurdu. Kərbəlada yaşayan Həzrət Tahirə Həzrət Babın Əmrindən xəbər tutub itaət göstərdi və Xorasana doğru yola düşdü.

Həzrət Tahirə əvvəllər öz vətəni Qəzvindən Kərbəlaya getmişdi. O, Kərbəlaya çatanda, Seyyid Kazım Rəşti artıq vəfat etmişdi. Həzrət Tahirə orada qalıb gözləməyə başladı ki, görsün Seyyid Kazımın Zühur Çağının yaxınlaşmasından bəhs etdiyi vəd olunmuş Şəxsin sədası haradan uca^ lacaq. Yuxarıda biz onun Mübarək Əmrə iman gətirməsinin tarixçəsindən söz açmışdıq. O, bacısının əri vasitəsilə bir məktub göndərmiş və Həzrət Bab onu hürufi-həyy sırasına daxil etmişdi. Həzrət Babın inayət göstərərək, Mübarək Hüzura qovuşmadan onu ilk möminlər sırasına daxil etməsi Həzrət Tahirənin məhəbbət, sədaqət və şücaətini artırmış və o, hədsiz fədakarlıqla ilahi Təlimi yaymağa başlamışdı. O, ərinin və qohumlarının xoşagəlməz işlərini tənqid edirdi. Həzrət Tahirənin fəaliyyəti insanların əxlaq və davranışında güclü dəyişiklik əmələ gətirdi, düşüncələrdə bir inqilab baş verdi. O, daim şövq və məhəbbətini artırır, feyz mənbəyindən tükənməz nemətlər əxz edirdi. Həzrət Tahirə başdanayağa şücaət və qeyrət müçəssəməsi idi, hər an fəaliyyətini gücləndirirdi. O, Allah Əmrinin əzəmətini yaxşı anlayırdı və inanırdı ki, bu çağırış bütün dünyaya yayılacaq, bütün insanlar onun kölgəsinə pənah gətirəcəklər. Kərbəlada Həzrət Tahirənin hüzuruna yetişən hər kəs onun bəlağətli nitqinin və aydın danışığının cazibəsinə düşür, onun dediklərini təsdiq etməyə məcbur olurdu və onun incə kəlamlarını inkar edə bilmirdi. Bütün camaat təsdiq edirdi ki, Həzrət Tahirə kamil əxlaqa, yüksək keyfiyyətlərə, qeyri-adi cəsarətə və insanı ovsunlayan nitqə malikdir.

Kərbəlada qadınlar arasında Həzrət Tahirənin vasitəsilə mübarək Əmrə iman gətirən ilk şəxs Hacı Seyyid Kazım Rəştinin zövcəsi oldu. Bu qadın Şirazda doğulmuşdu və Şeyx Sultanın dediyinə görə, Həzrət Tahirə ilə son dərəcə mehriban və səmimi münasibətdə idi, onu özünün ruhani anası bilirdi, ona hədsiz sədaqət və məhəbbətlə yanaşırdı. Şeyx Sultan danışırdı ki, Seyyid Kazımın zövcəsi yaxşı əxlaqa və gözəl keyfiyyətlərə malik idi. O, Həzrət Tahirəyə o qədər bağlanmışdı ki, bir saat da ondan ayrı qala bilmirdi. Seyyid Kazımın zövcəsinin Həzrət Tahirəyə sonsuz məhəbbəti istər ər£b, istərsə də iranlı qadınları heyrətə salırdı və onların Həzrət Tahirəyə inamını daha da artırırdı. Mərhum Seyyidin yadikarı olan bu möhtərəm qadın mübarək Əmrə iman gətirdikdən bir il sonra xəstələndi və üç gün xəstə yatdıqdan sonra vəfat etdi. İşə bax ki, əvvəldə dediyimiz kimi, Seyyid Kazım da üç günlük xəstəlikdən sonra dünyasını dəyişmişdi.

Kərbəlada Həzrət Tahirənin vasitəsilə mübarək Əmrə iman gətirmiş şəxslərdən biri də Şeyx Saleh idi. O, Kərbəlada yaşayan ərəblərdən idi. Tehranda mübarək Əmrin yolunda şəhid olan ilk şəxs də həmin Şeyx Saleh olmuşdur. Həzrət Tahirə daim onu tərifləyirdi və onun barəsində o qədər yüksək sözlər deyirdi ki, bir çoxları onun məqamının Həzrət Qüddusun məqamına bərabər olduğunu düşünürdülər.

Həzrət Tahirənin Kərbəlada Əmri təbliğ etdiyi şəxslərdən biri də Şeyx Sultan Kərbəlayi olmuşdur. Yuxarıda dedik ki, Şeyx Sultan Şiraza səfər etmiş və Mübarək Hüzura qovuşmuşdu. Şirazdan qayıtdıqdan sonra o, hədsiz şücaət və fədakarlıqla Allah Əmrini təbliğ etməyə başlamış, Həzrət Tahirənin təsiri ilə bu yolda böyük uğurlar qazanmışdı. O, daim Həzrət Tahirənin göstərişlərini icra etməyə çalışır və o nə deyirdisə, yerinə yetirirdi.

Həzrət Tahirəyə son dərəcə sədaqətli olan şəxslərdən biri də cənab Məhəmməd Mustafa Bağdadinin atası Şeyx Məhəmməd Şibl idi. O əslən ərəb idi və Bağdadda böyük nüfuza və şöhrətə malik idi.

Məhz bu möhtərəm şəxslərin vasitəsilə Həzrət Tahirə İraqda Allah Əmrinin bayrağını ucaldıb ərəbdən və əcəmdən çoxlu insanlara doğru yol göstərdi. Onlar da İrandakı iman qardaşları ilə əlbir olaraq, Allah Əmrinin qələbəsi yolunda mallarını və canlarını əsirgəmədilər.

Artıq deyildiyi kimi, Həzrəti-Əla sevimli dostlara Xorasana getmək barədə əmr vermişdi. Həzrət Tahirə də İraqda bu əmrdən xəbər tutub itaət göstərdi və İrana doğru yollandı. Əshabələrdən və tərəfdarlarından bir neçəsi də onunla birlikdə yola düşdü. Kərbəla üləmaları çox çalışdılar ki, Həzrət Tahirənin Xorasana getməsinə mane olsunlar. Həzrət Tahirə bu maneçiliyin əsil səbəbini bildiyi və onların bəd xislətindən agah olduğu üçün onların hər birinə geniş məktub yazdı. Bu məktublarda o, öz səfərinin məqsədini açıqladı, eyni zamanda onların pis fikirlərini və bəd niyyətlərini ifşa etdi.

Bundan sonra o, Kərbəladan Bağdada getdi. Bağdadın böyük və məşhur adamları, eləcə də islam dininin rəhbərləri Həzrət Tahirənin görüşünə gəldilər. Ümumiyyətlə, sünnilər, şiələr, xristianlar və yəhudilər içərisindən müəyyən rütbəsi və mövqeyi olan bir çox şəxslər Həzrət Tahirəni görməyə gəlir və onu səfər fikrindən daşındırmağa çalışırdılar. Onların hərəsi bir dəlil gətirir və bu səfərin nəticəsiz olacağını əsaslandırmağa səy göstərirdilər. Amma Həzrət Tahirə onların bütün dəlillərini rədd edirdi. Onlar Həzrət Tahirənin qarşısında aciz olduqlarını görüb onu öz halına buraxdılar. Onlara qalan yalnız heyrət və təəccüb oldu.

Həzrət Tahirə oradan Kirmanşaha gəldi. Bu şəhərin alimləri ona hədsiz ehtiram göstərib məqamını uca tutdular. Sonra o, Kirmanşahdan Həmədana yollandı. Həmədanın ruhani rəhbərlərinin əksəriyyəti ona hörmətlə yanaşdı, az bir qismi isə camaatı onun əleyhinə çıxmağa təhrik etdi. İkinciləri susdurmaq üçün birincilər Həzrət Tahirənin fəzilətinin çoxluğundan, biliyinin genişliyindən və hədsiz şücaətindən söz açmağa başladılar. Onlar hətta minbərə çıxıb açıq-aşkar camaata deyirdilər: "Baxın, Həzrət Tahirə necə də uca məqama malikdir. Biz hamımız ona təqlid etməliyik, Quranın bizə məlum olmayan sirlərini ondan soruşmalıyıq, ilahi kitablarda qarşımıza çıxan çətinliklərin həllini ondan istəməliyik, çünki onun elmi bir dərya, bizim biliyimiz isə bir damladır.» Həzrət Tahirə həmədanda olarkən, Qəzvindən Hacı Molla Salehin göndərdiyi adamlar onu qarşılamağa gəldilər, onu salamlayıb xahiş etdilər ki, mümkün qədər tez Qəzvinə getsin və bir müddət orada qalsın. Həzrət Tahirə bir qədər düşündükdən sonra onların xahişini qəbul etdi və ona yoldaşlıq edən bəzi şəxslərə, o cümlədən Şeyx Sultana, Şeyx Məhəmməd Şiblə, onun kiçik oğlu Məhəmməd Mustafaya, Abidə və onun sonralar Hacı Abbas adı ilə tanınan oğlu Nasirə İraqiərəbə qayıtmaq barədə göstəriş verdi. Bəzilərinə isə icazə verdi ki, onunla qalsınlar. Bunların içərisində ərəb Şeyx Saleh, Molla İbrahim Qolpayeqani (bu iki şəxs İranda şəhid oldu; Şeyx Saleh Tehranda, Molla İbrahim isə Qəzvində), Həzrət Tahirənin bacısının əri, hərfi-həyy Mirzə Məhəmmədəli və Həzrət Tahirənin kürəkəni Seyyid Əbdül-Hadi də vardı. Sonuncu iki nəfər Kərbəladan Qəzvinə qədər Həzrət Tahirə ilə birlikdə olmuşdular. Eyni zamanda Həzrət Tahirə İrandan olan bəzi əshabələrinə, o cümlədən “Tair” təxəllüslü Seyyid Məhəmməd Qolpayeqaniyə (Həzrət Tahirə ona “Fətiül-məlih” ləqəbi vermişdi) əmr etdi ki, öz vətənlərinə getsinlər.

Qəzvinə çatdıqdan sonra Həzrət Tahirə öz atasının evinə getdi. Həzrət Tahirənin əri Molla Məhəmməd Molla Tağının oğlu idi və özünü atasından və əmisindən sonra İranın ən qüdrətli üləması sayırdı. O həm zövcəsi, həm də əmisi qızı olan Həzrət Tahirənin Qəzvinə gəlişindən xəbər tutan kimi ona sifariş göndərdi ki, atasının evindən ərinin evinə gəlsin. Sifariş bir neçə qadının vasitəsilə çatdırılmışdı. Həzrət Tahirə Molla Məhəmmədin sifarişinə belə cavab verdi: “Mənim dilimdən o şüursuz nadana deyin ki, əgər yaxınlıq və qohumluq iddiasında sədaqətli olsaydın və məni həqiqətən ürəkdən sevsəydin, Kərbəlada olduğum bu müddətdə heç olmasa məni görməyə gələrdin, Kərbəladan İrana səfər edərkən, mənimlə yoldaş olardın, piyada gedərək tam səmimiyyətlə mənim kəcavəmi qoruyardın, bütün yol boyu mənim qulluğumda dayanardın. O zaman sənin səmimiyyətini görüb səni qəflət yuxusundan oyadardım və ilahi Əmrin mahiyyətini sənə şərh edərdim. Amma sən belə etmədin və düz üç ildir ki, biz bir-birimizdən ayrılmışıq. Ona görə də yaxşı olar ki, bu ayrılıq əbədi olsun, yəni nə bu dünyada, nə də o biri dünyada biz görüşüb bir yerdə olmayaq. Bəli, bizim ayrılığımız əbədi, fərağımız daimidir. Mən səndən gözümü çəkmişəm və sənə qarşı tam etinasızam”. Həddən artıq sərt və qəti olan bu cavab Molla Məhəmmədi elə həyəcanlandırdı və Molla Tağını elə qəzəbləndirdi ki, onlar heç nədən çəkinmədən Həzrət Tahirəni “kafir” adlandırdılar.

Bu ata və oğul daim Həzrət Tahirənin məqamını alçaltmağa, onun hörmət və şöhrətini azaltmağa çalışırdılar. Həzrət Tahirə də tam şücaətlə özünü müdafiə edir, bu ata ilə oğulun nöqsanlarını birbəbir aşkara çıxarır, onların haqsızlığını sübuta yetirirdi. Həzrət Tahirənin atası, Molla Tağının qardaşı və Molla Məhəmmədin əmisi olan Molla Saleh ağıllı, bilikli və sakit bir adam idi. O, çox çalışdı ki, bu çəkişməyə son qoysun, amma istəyinə nail ola bilmədi. Həzrət Tahirə ilə əmisi və əmisi oğlu arasındakı münaqişə eləcə davam edirdi.

Elə bu vaxt Şeyxin və Seyyidin tərəfdarlarından olan Molla Abdullah Şirazi 1263-cü il ramazan ayının 1-də (1847-ci il avqust ayının 13-də) Qəzvinə getdi. Sonralar onun özünün Tehranda sahibdivanın yanında mühakimə olunarkən verdiyi ifadəyə görə, Qəzvinə gəlməkdə məqsədi bu imiş ki, Maguya gedərək Həzrəti-Əla ilə görüşsün və mübarək Əmri araşdırıb bir nəticə hasil etsin. O, sahibdivanın hüzurunda bunları demişdi:

“Mən o vaxtlar babi deyildim və Həzrət Babın Əmrini araşdırmaq üçün Maguya getmək qərarına gəlmişdim. Qəzvinə çatanda gördüm ki, şəhərdə qarışıqlıqdır, hər yandan hay-küy səsləri eşidilir. Bir qədər küçə ilə gedib gördüm ki, camaat bir nəfəri tutub döyür. Onun əmmaməsini açıb boğazına bağlamışdılar və ayaqyalın halda küçə ilə sürüyür, kötəkləyir, lənətləyir və hədələyirdilər. Soruşdum: “Nə olub, bu şəxs nə edib ki, onu belə cəzalandırırsınız?” Dedilər: “Bu şəxsin günahı böyükdür və heç cür bağışlanası deyil”. Dedim: “Axı onun günahı nədir?” Cavab verdilər ki, bu şəxs açıq-aşkar camaatın qarşısında Şeyx Əhməd Əhsaini və Seyyid Kazım Rəştini tərifləyib, onların fəzilətlərindən söz açıb. Buna görə də Qəzvin Hüccət-ülislamı Molla Tağı onun kafir olması barədə hökm çıxarıb və əmr edpb ki, onu şəhərdən qovaq. Mən bu sözləri eşidəndə bərk təəccübləndim. Öz-özümə dedim: “Necə ola bilər ki, Şeyxin və Seyyidin tərəfdarı olan bir şəxs kafir sayılsın və bu qədər əzab-əziyyətə layiq görülsün?!” Məsələni araşdırmaq, eşitdiklərimin düzgün olubolmadığını dəqiqləşdirmək və Molla Tağının həqiqətən belə bir fitva verib-vermədiyini aydınlaşdırmaq üçün Molla Tağının dərs dediyi yerə getdim. Molla Tağının yanına çatan kimi soruşdum: “Siz doğrudanmı bu şəxsin barəsində küfr fitvası çıxarıb onun döyülüb qovulmasını əmr etmisiniz?” Molla Tağı dedi: "Bəli! Şeyx Əhməd Bəhreyninin pərəstiş etdiyi Allaha mənim qətiyyen etiqadım yoxdur. Onun özü və bütün tərəfdarları, mənim fikrimçə, yollarını azmışlar və Allahı tanımırlar". Molla Tağının bu sözlərini eşidəndə istədim ki, şagirdlərinin yanında onun üzünə möhkəm bir şillə vurum, amma birtəhər özümü saxladım. Tanrımla əhd elədim ki, xənçərlə onun dodaqlarını kəsəcəyəm, qoy bir də belə sözlər danışa bilməsin. Oradan birbaşa bazara yollandım. Ən yaxşı poladdan düzəldilmiş olduqca iti bir xənçər və kiçik bir nizə aldım. Onları qoltuğumda gizlədib məqsədimi həyata keçirmək üçün fürsət gözləməyə başladım. İçimdə yanan odu yalnız Molla Tağıdan intiqam almaqla söndürə bilərdim. Molla Tağı adətən gündəlik namazı öz məscidində qılırdı, həm də camaat namazının imamı idi. Bir gecə mən Molla Tağının məscidinə getdim. Səhərə qədər yatmayıb gözlədim. Dan yeri ağararkən qoca bir arvad məscidə daxil oldu və özü ilə gətirdiyi çanamazı mehraba salıb getdi. Ondan sonra Molla Tağı tək-tənha məscidə gəldi və mehrabda namaz qılmağa başladı. Hələ məsciddə heç kəs yox idi. Mən arxadan astaasta ona yaxınlaşdım. Yanına çatıb dayandım. O səcdə edib başını yerə qoyanda, yanımdakı kiçik nizəni çıxarıb var gücümlə başının arxasına sancdım. Molla Tağı qorxunç bir fəryad çəkdi. Mən cəld onu arxası üstə çevirib xəncərimi çıxartdım və bütün qüvvəmlə onun boğazına yeritdim. Sonra onun böyrünə və kürəyinə də bir neçə zərbə endirdim. Və onu o halda mehrabda qoyub tam sürtlə məscidin damının arxasına qaçdım. Orada dayanıb camaatın haray və qışqırığına qulaq asmağa başladım. Tezliklə çoxlu adam toplaşdı. Molla Tağını bir xərəyə qoyub evinə apardılar. Qatilin kimliyi məlum deyildi. Şəhərdə böyük həngamə qopdu. Kimin kimlə düşmənçiliyi vardısa, hakimin yanına gedib onu Molla Tağının qatili kimi təqdim edirdi. Çoxlu insanları tutub zindana saldılar. Mənim könlüm əzab çəkirdi, heç cür rahatlıq tapa bilmirdim, çünki günahsız insanların qətldə ittiham olunaraq həbs edildiyini görürdüm. Öz-özümə dedim: “Yaxşısı budur ki, hakimin yanına gedib özümü təqdim edim, öz əməlimi boynuma alım və bu işi nə üçün törətdiyimi hakimə bəyan edim”. Elə də etdim. Hakimin yanına gedib dedim: “Əgər əsil qatili göstərsəm, həbs etdirdiyin günahsız adamları buraxmağa söz verirsənmi?” Hakim qətiyyətlə söz verdi ki, belə də edəcək. Mən özümü qatil kimi təqdim etdim. Mənim sözlərimə inanmaq onlara çox çətin idi, nə qədər deyirdimsə, inanmırdılar. Axırda dedim: “Molla Tağının çanamazını gətirib sərən qoça arvadı çağırın gəlsin, ondan soruşun”. Qadını gətirdilər. O, təsdiq etdi ki, doğrudur, mən dan yeri ağararkən, ağanın çanamazını aparıb mehraba sərmişəm. Amma hakim qarının şahidliyi ilə kifayətlənmədi. Məni Molla Tağının evinə apardılar. Biz ora çatanda o, ölüm ayağında idi. Yaxınlaşan kimi məni görüb tanıdı və narahat bir halda barmağı ilə məni göstərdi, yəni mənim qatilim budur. Sonra əli ilə işarə etdi ki, onu buradan aparın, mən onu görmək istəmirəm. Elə həmin an da keçindi. Məni də zindana apardılar. Amma hakim öz vədinə əməl etmədi və qətldə ittiham olunan digər şəxsləri azadlığa buraxmadı”.

Molla Abdullah Tehranda mühakimə olunarkən, bütün bunları sahibdivana danışdıqda, sahibdivanın onun saf niyyətli və təmiz qəlbli olmasından xoşu gəldi. Buna görə də gizlincə öz nökərlərinə tapşırdı ki, Molla Abdullahın qaçmasına şərait yaratsınlar. Molla Abdullah zindandan qaçdı və o vaxtlar təzəcə baş komandanın bacısını almış Rza xan Sərdarın evinə sığınıb orada gizləndi. Heç kəs onun harada olduğunu bilmədi. Nəhayət, Şeyx Təbərsi qalasındakı böyük hadisə baş verdi. Molla Abdullah qərara gəldi ki, özünü qaladakı əshabələrə yetirsin. Bu niyyətinə çatdıqdan sonra hədsiz şücaətlə qaladakı əshabələrə kömək göstərdi. Rza xan Sərdar da onun ardınca qalaya yollandı və aradakı əshabələrə qoşuldu. Onların hər ikisi həmin hadisə zamanı şəhid oldular.

Molla Tağının qətlə yetirilməsi Molla Məhəmmədi və Molla Tağının digər qohumlarını son dərəcə qəzəbləndirdi. Molla Məhəmməd qərara gəldi ki, bu işdə Həzrət Tahirəni ittiham etsin və bu yolla ondan öz qisasını alsın. Bir çox səylər göstərdikdən sonra o, Həzrət Tahirənin öz atası Molla Salehin evində dustaq edilməsinə nail oldu. Bir neçə qadını Tahirəyə gözətçi təyin etdilər və onlara tapşırdılar ki, dəstəmaz almaqdan başqa heç bir halda Həzrət Tahirənin otaqdan çıxmasına imkan verməsinlər. Deyirdilər ki, Molla Tağının əsil qatili Həzrət Tahirədir, çünki bu iş onun əmri ilə törədilib. Həbs olunmuş digər şəxsləri Tehrana göndərdilər və onları Tehran kəndxudalarından birinin evində dustaq etdilər. Molla Tağının varisləri orabura qaçır və bütün vasitələrə əl atırdılar ki, məhbusları islam qanunlarını pozduqlarına və Molla Tağını qətlə yetirdiklərinə görə edam etsinlər.

Həzrət Bəhaullah o vaxtlar Tehranda idi. O, biçarə məhbusların halından xəbər tutan kimi onlara kömək etmək qərarına gəldi. Həmin kəndxudanı əvvəldən tanıdığına görə onun evinə getdi ki, məhbusların vəziyyətini yüngülləşdirmək və mümkün olarsa, onları azad etmək üçün bir tədbir görsün. Sözü gedən kəndxuda çox hiyləgər və tamahkar bir adam idi. Digər tərəfdən də səxavət və əliaçıqlıqda Həzrət Bəhaullahın tayıbərabəri olmadığını bilirdi. Buna görə də fürsətdən istifadə etmək qərarına gəldi. Məhbusların başına gələn müsibətlərdən, onların ac və çılpaq olmasından uzunuzadı Həzrət Bəhaullaha danışıb dedi: “Bunların heç nəyi yoxdur. Hamısı acdır, paltarları da cırıqdır”. Həzrət Bəhaullah dərhal ona bir qədər pul göndərib buyurdu ki, məhbusları buraxsın və onları lazımi şeylərlə təmin etsin. Kəndxuda həbsdə qalmağa taqəti olmayan bir neçə nəfəri azad etdi, qalanlarının şəraitini də bir qədər yüngülləşdirdi. Eyni zamanda tamahı onu vadar etdi ki, Həzrət Bəhaullahın məhbuslara kömək etməsini öz rəislərinə xəbər versin və bu yolla daha çox pul əldə etsin. Həzrət Bəhaullahın səxavətinə bələd olan rəislər bu xəbəri alan kimi tamaha düşüb məqamdan istifadə etməyə çalışdılar. Buna görə də Həzrət Bəhaullahı çağırıb etiraz etdilər ki, nə üçün məhbuslara kömək və yardım göstərmisiniz; bunun yalnız bir səbəbi ola bilər: Siz də onların çinayətində iştirak etmisiniz və onlarla əlbirsiniz. Həzrət Bəhaullah buyurdu: “Bu kəndxuda məhbusların çoxlu müsibət çəkdikləri və ağır ehtiyac içərisində olmaları barədə mənə ətraflı məlumat verdi, onların günahsız olduqlarını söylədi. Və məndən xahiş etdi ki, bu biçarələrə köməklik göstərim. Mən də kəndxudanın sözlərini eşitdikdən sonra onlara yardım etdim. İndi görürəm ki, siz məni onlarla əlbir bilirsiniz və göstərdiyim köməyin müqabilində məni cəzalandırmaq istəyirsiniz”. Rəislər nə yolla olursa-olsun, Həzrət Bəhaullahdan bir şey qo partmaq və öz vəziyyətlərini düzəltmək niyyətində idilər. Buna görə də Onun evə qayıtmasına icazə vermədilər və Onu müxtəlif ittihamlarla hədələyib həbs etdilər. Bu, Allah Əmrinə yardım göstərdiyinə və sevimli dostlara kömək etdiyinə görə O Həzrətin ilk həbsi idi. Bir neçə gün bu minvalla keçdi. Nəhayət, Mirzə Aqa xan Nurinin qardaşı Cəfərqulu xan və bəzi digər şəxslər lazımi səylər göstərərək, Həzrət Bəhaullahı həbsdən azad etdilər. Həzrət Bəhaullahı həbs edənlər Onun azad olunması üçün min tümən istəyirdilər, lakin Cəfərqulu xandan qorxub bunu dilə gətirə bilmədilər. Çarəsiz qalıb öz əməllərinə görə üzrxahlıq etdilər və ürəklərində boğulan istəklərindən ötrü min dəfə təəsüflənərək, Həzrət Bəhaullahı buraxdılar.

Molla Tağının varisləri dayanıb-durmurdular və onun qatilindən qisas almaq üçün dəridən-qabıqdan çıxırdılar. Onlar Tehrana gəlib Məhəmməd şahla görüşdülər və ondan Molla Tağının qatilindən qisas almaqa şərait yaratmağı xahiş etdilər. Məhəmməd şah onlara dedi: “Sizin atanızın məqamı Həzrət Əmir əlmöminin-əleyhissalamın məqamından uca və üstün deyil ki! Bilirsiniz ki, Həzrət Əmir İbn Mülcəmin qılıncından şəhid olanda, o Həzrətin varisləri yalnız qatili, yəni İbn Mülcəmi qətlə yetirdilər. Siz hansı əsasla Molla Tağının qisasını almaq üçün bir dəstə adamı öldürmək istəyirsiniz? Sizin bir nəfəri, yəni qatili öldürməyə haqqınız var. Əsil qatili axtarın, mən də əmr edərəm ki, ondan qisas almağınıza imkan verilsin”. Şahın sözləri Molla Tağının varislərinin istəyinə uyqun deyildi, buna görə də onlar öz alçaq niyyətlərinə çatacaqlarına bir qədər ümidlərini itirdilər. Bununla belə şaha dedilər: “Bizim atamızın qatili Şeyx Salehdir”. Şah da Şeyx Salehin qətlinə icazə verdi. Qəddar varislər hədsiz zülmkarlıqla günahsız Şeyx Salehi qətlə yetirdilər. Şeyx Saleh İran torpağında müqəddəs qanı tökülən, bu məmləkətdə ilahi Əmrin yolunda canından keçən ilk şəxs oldu. Onu şəhidlik meydanına aparanda, nurlu simasında şücaət, igidlik və sevinc əlamətləri aydın sezilirdi. Onun cəlladı necə qarşılaması hamını heyrətə saldı. O, cəlladı özünün səmimi dostlarından biri kimi qarşıladı. Şeyx Saleh ömrünün son anlarında aramsız olaraq, qələbəyə inam ifadə edən ümidverici sözlər söyləyir və deyirdi: “Ey sevimli Aqam, mənim ümidim Sənədir, Sənə iman gətirmişəm, səndən başqa hər şeyə göz yummuşam. Mən Səni tanıdığım gündən insanların istək və diləklərindən əl çəkmişəm”. Şəhid olduqdan sonra Şeyx Salehin müqəddəs cəsədini Tehranda İmamzadə Zeydin məqbərəsi yaxınlığında dəfn etdilər.

Molla Tağının varisləri təkcə Şeyx Salehdən qisas almaqla kifayətlənmədilər. Onlar çalışırdılar ki, bir yol tapıb daha bir neçə adamı qətlə yetirsinlər. Onların alçaq niyyətlərindən yaxşı xəbərdar olan sahibdivan bu barədə Hacı Mirzə Ağasıya məlumat verdi. Buna görə də Hacı onların fikirlərinə şərik çıxmadı və onların sözlərinə qulaq asmadı.

Tehranda Sədr Ərdəbili adlı tanınmış bir şəxs vardı. Bu şəxs İranın dini rəhbərləri içərisində özünün hədsiz lovğalığı və yerəgöyə sığışmayan təkəbbürü ilə secilirdi. Şahdan və Hacı Mirzə Ağasıdan əlləri üzülən Molla Tağının varisləri Sədr Ərdəbiliyə üz tutdular və ona bir məktub yazdılar. Həmin məktubda deyilirdi: “Diqqət yetirin, görün, məsul şəxslər şəriət hökmlərinin və islam dininin tələblərinin yerinə yetirilməsinə necə də başdansovdu yanaşırlar! Allah-Təala dini müdafiə etməyi və peyğəmbərlərin ağasının şəriətini qorumağı din xadimlərinin ən mühüm vəzifəsi kimi müəyyənləşdirdiyi halda, siz niyə sakit oturmusunuz və bir şey demirsiniz?! Axı siz islam şəriətinin rəhbəri və ilahi hökmlərin müdafiəçisisiniz. Siz necə razı olursunuz ki, qüdrətli bir alimin və Həzrət Peyğəmbərin (s) naibinin qatilləri öz cəzalarını almır və onlar barəsində qisas hökmü yerinə yetirilmir?! Əgər Həzrət Peyğəmbərin naiblərindən birinin intiqamını almağa qadir deyilsinizsə, bunu açıqca bildirin. Yəqin bilin ki, o qüdrətli alimin qisasını almaqda sizin səhlənkarlıq göstərməyiniz insanların daha da cürətlənməsinə və ruhani işlərə məsul olan digər şəxslərlə də bu cür rəftar etməsinə gətirib çıxaracaq. Əgər siz sussanız, islamın düşmənləri üstün gələcək və sizin mühafizə etdiyiniz bünövrəni sarsıdacaqlar. Belə getsə, hətta sizin öz həyatınız da təhlükə qarşısında qalacaqdır”.

Sədr Ərdəbili bu məktubu oxuyub qorxuya düşdü. Və öz həyatını qorumaq üçün Molla Tağının varislərinin istəyini yerinə yetirməkdən özgə çarə görmədi. Digər tərəfdən o, bilirdi ki, şah Molla Tağının varislərinin niyyəti ilə razı deyil. Buna görə də hiylə işlədib şaha aşağıdakı məzmunda bir məktub göndərdi: “Molla Tağı nüfuzlu bir alim idi, onun varisləri də hörmətli şəxslərdir. Onların ehtiramını saxlamaq üçün xahiş edirəm ki, əlahəzrət Molla Tağının varislərinin məhbusları Qəzvinə aparmasına icazə versin. Camaat o möhtərəm alimin qatillərinin həbs olunduğunu gördükdən sonra, Molla Tağının varisləri hamının qarşısında elan edəcəklər ki, biz atamızın qatillərinin günahından keçirik və onları bağışlayırıq. Əgər əlaHəzrət onların bu xahişini qəbul edərsə, onlara hədsiz inayət göstərmiş olar”.

Məktub şaha çatdı. Şah məktubu oxudu, amma Sədrin hiyləsini başa düşmədi. Ona görə də məktubun məzmununa uyğun surətdə, Molla Tağının varislərinə icazə verdi ki, məhbusları aparsınlar və orada azad etsinlər. Bir şərtlə ki, Qəzvinə çatan kimi məhbusların salamat olduğunu yazılı şəkildə şaha bildirsinlər və məhbusların heç birinə əzab-əziyyət verməsinlər.

Amma günahsız məhbuslar qəddar varislərin əlinə düşən kimi onlar intiqam almaq üçün hədsiz zülmkarlıq nümayiş etdirməyə başladılar. Məhbusları təhvil aldığları gecə onlar Hacı Allahverdinin qardaşı, Ağa Məhəmməd Hadi və Ağa Məhəmməd Cavad Fərhadinin əmisi Hacı Əsədullahı qətlə yetirdilər. Bu yazıq Qəzvin taçirlərindən idi və öz qardaşı kimi bütün şəhərdə əməlisaleh və mömin bir adam olaraq şöhrət tapmışdı. Molla Tağının varisləri bilirdilər ki, yaxşılıqda ad çıxarmış Hacı Əsədullahı Qəzvində öldürə bilməyəcəklər. Buna görə də öz kinlərinin atəşini söndürmək üçün onu gizlincə qətlə yetirdilər. Özü də bunu elə etdilər ki, heç kəs onlardan şübhələnmədi: gecə yarısı bu çinayəti törədib ertəsi gün hay saldılar ki, Hacı xəstəlikdən vəfat edib. Hacı Əsədullahın varisləri əsil məsələdən xəbər tutmayıb ona yas saxladılar və hədsiz ehtiramla o məzlumu dəfn etdilər.

Fitnəkar varislər digər məhbusları Qəzvinə apardılar. Şəhərə çatan kimi onların hamısını amansızlıqla qətlə yetirdilər. Molla Tağının varisləri Qəzvinə çatmamışdan qabaq müxtəlif vasitələrlə camaatı hücuma hazırlamışdılar. Buna görə də onlar şəhərə daxil olan kimi, Qəzvin əhalisi o günahsız məzlumları görüb misilsiz bir qəddarlıqla vəhşi heyvanlar təki onların üstünə çumdu. Həmin hadisədə şəhid olan müqəddəs şəxslər içərisində Molla Tahir Şirazi və Molla İbrahim Məhəllati də vardı. Bu iki nəfər üləma idilər və öz düzgünlükləri, möminlikləri və gözəl əxlaqları ilə şöhrət tapmışdılar. Nadan kütlə ac yırtıçılar kimi bıçaq, xəncər, balta və s. ilə silahlanmış halda onlara hücum çəkib bədənlərini tikə-tikə doğradı. Onların əzaları o qədər doğranıb səpələnmiş və ayaq altında qalıb əzilmişdi ki, dəfn olunmağa bir şey qalmamışdı.

Ey mərhəmətli Tanrı, necə oldu ki, Qəzvin kimi bir şəhərdə inanılması mümkün olmayan belə vəhşi hərəkətlər baş verdi?! Qəzvin elə bir şəhər idi ki, orada yüzdən artıq üləma və din xadimi yaşayırdı; Qəzvin və qəzvinlilər bununla fəxr edirdi. Bu qədər alimin içərisində bir nəfər tapılmadı ki, o fitnəkar camaatın qarşısını alsın, o qaniçən qəddarlara mane olsun. Bir nəfər tapılmadı ki, soruşsun: axı nə üçün siz bu qədər zülmü və amansızlığı özünüzə rəva görürsünüz?! Bir nəfər yox idi ki, diqqət yetirib əsil alimlərlə bu qatillər arasında necə böyük bir fərq olduğunu anlasın. Özlərini islamın sirlərinin xəzinəsi bilən, elm və iman iddiasında olan kəslərin əməlləri bu idi, göz qabağında idi. Bu alimlərlə əvvəllər islam aləmində olmuş, öz elm və əməllərinin nuru ilə dünyanı işıqlandırmış müqəddəs şəxslər arasında nə qədər fərq var! Onlar da alim olublar, bunlar da alim idilər. Amma qaniçən və fitnəkar insanların nəzərində bu iki təbəqə arasında heç bir fərq yox idi. Bütün Qəzvində bir nəfər tapılmadı ki, qışqırıb desin: “Ey çirkin niyyətli və bəd əməlli zalımlar! Siz niyə bu qədər nadansınız? Niyə bu biabırçı işlərin meydanına atılmısınız? Sizin bu bəd əməllərinizi yalnız ən alçaq və ən çirkin məxluqlar törədə bilər. Bilin ki, çöldəki yırtıcılar da heç vaxt bu qədər dəhşətli hərəkətlər tutmazlar. Nə vaxta qədər qəflət yuxusunda olacaqsınız? Nə üçün ayılmırsınız?! Özünü ilahi sirlərin xəzinəsi bilən və peyğəmbərin naibi sayan şəxslərin belə rəzalətə yol verməsi dəhşətli hal deyilmi?! Ey islam ümməti, məgər sizin etiqad bəslədiyiniz Allah şəriətində buyurulmayıbmı ki, camaat namazının şərtlərindən biri imamcümənin düzgün və ədalətli şəxs olmasıdır?! Məgər bilmirsinizmi ki, camaat namazı yalnız imamcümənin qəlbi şər və pisliklərdən pak olduğu təqdirdə qəbul olunur?! Aydındır ki, siz bütün bu məsələləri bilirsiniz. Və öz ruhani rəhbərlərinizin əməllərinə və rəftarına bələdsiniz, onların zülm və sitəmini öz gözlərinizlə görürsünüz. Amma buna baxmayaraq, onların ardınca gedirsiniz, onların imamcümə olmasına razılaşırsınız, dini məsələlərin ixtiyarını onların əlinə vermisiniz, indiki və gələcək işlərinizin taleyini onlara tapşırmısınız. Bu nə qəflət, nə nadanlıq, nə cəhalətdir ki, ona giriftar olmusunuz?!

Xülasə, ruhani rəhbərlərin Qəzvində günahsız insanlara qarşı törətdiyi zülm və sitəmin sorağı ildırım sürətilə Tehrana çatdı. Hacı Mirzə Ağası bu işə bərk qəzəbləndi və acıqlı halda dedi: “Bilmirəm, Quranın hansı ayəsində, peyğəmbərin və imamların hansı hədisində deyilib ki, bir nəfərin qanını almaq üçün bir dəstə adam qətlə yetirilməlidir”. Məhəmməd şah da Sədr Ərdəbilinin hiylə və xəyanətindən son dərəcə hirsləndi və onu Tehrandan Qum şəhərinə sürgün etdi. Bu iş Hacı Mirzə Ağasının ürəyindən oldu, çünki o özü çoxdan idi ki, bir bəhanə tapıb Sədr Ərdəbilini Tehrandan uzaqlaşdırmaq istəyirdi. Səbəbi də bu idi ki, baş vəzir Sədr Ərdəbilidən ehtiyat edirdi, onun məkrindən arxayın deyildi. Buna görə də Məhəmməd şah Sədr Ərdəbilini Quma göndərəndə, o bərk sevinmişdi.

Yuxarıda dedik ki, Hacı Mirzə Ağası Qəzvin hadisəsini eşidərkən çox qəzəblənmişdi. Bunu da demək lazımdır ki, Hacı Mirzə Ağası Qəzvin məzlumlarına ürəyi yandığı üçün yox, onunla ədavətdə olan Sədr Ərdəbilinin məkrli hərəkətinə görə özündən çıxmışdı. Baş vəzir, necə deyərlər, “Əlini sevdiyinə görə deyil, Müaviyəyə kin bəslədiyi üçün” Qəzvin hadisəsini eşidib qəzəblənmişdi. Son nəticədə o, Sədr Ərdəbilinin şahın qəzəbinə tuş gəldiyini, həqarət və zillətə düçar olduğunu görüb sevinmişdi. Şah və vəzir Molla Tağının həddini aşmış varislərini yerində oturtmaq üçün heç bir tədbir görmədilər, onlardan cavab istəmədilər. Buna görə onlar daha da ürəklənib nə yolla olursa-olsun Həzrət Tahirəni də qətlə yetirmək, onu da başqalarının halına salmaq fikrinə düşdülər. Həzrət Tahirə onların niyyətindən xəbər tutan kimi, dustaq olduğu evdən atası Molla Tağının yerinə Qəzvin imamcüməsi olmuş Molla Məhəmmədə aşağıdakı məzmunda bir məktub yazdı: “Sizin bütün səyləriniz əbəsdir, İlahi Nur sönən deyil. “Kafirlər Allahın nurunu ağızları ilə söndürmək istərlər, lakin Allah, kafirlərin xoşuna gəlməsə də, Öz nurunu tamamlamayınca, buna imkan verməz" (Tövbə surəsi, 32-ci ayə). Əgər sədası ucalmış bu mübarək Əmr Tanrıya məxsusdursa və mənim sitayiş etdiyim Tanrı dünyanın yaradıcısıdırsa, gəl öz aramızda belə şərt kəsək ki, yaxın doqquz gün ərzində O məni sizin zülm zindanınızdan xilas edəcək, yox əgər doqquz gün keçəndən sonra azadlıq mənə nəsib olmasa, onda siz istədiyiniz cəzanı mənə verə bilərsiniz. Çünki bu halda mənim etiqadımın və iddiamın yanlışlığı təsdiq olunmuş və sübuta yetirilmiş sayılacaq”. Molla Məhəmməd bu məktubu oxuduqdan sonra özünü o yerə qoymadı, amma bütün diqqətini topladı ki, Həzrət Tahirənin ona yazdıqları baş verməsin. Eyni zamanda o öz məqsədini, yəni Həzrət Tahirəni qətlə yetirmək istəyini həyata keçirmək üçün əlindən gələni edirdi. Elə bu vaxt Həzrət Tahirənin müəyyən etdiyi müddət başa çatmamış Həzrət Bəhaullah istədi ki, Həzrət Tahirəni Qəzvində həbsdən azad edib Tehrana gətirsin və bununla onun düşmənlərinə sübut etsin ki, ucalan çağırış ilahi çağırışdır, Allahın qüdrəti qarşısında onların bütün tədbirləri faydasızdır. Həzrət Bəhaullah Ağa Məhəmməd Hadi Fərhadini yanına çağırıb ona tapşırıq verdi ki, Qəzvin məhbəsindən Həzrət Tahirəni azad edərək Tehrana onun evinə gətirsin. Eyni zamanda Həzrət Bəhaullah Məhəmməd Hadiyə bağlı bir məktub verib buyurdu: “Bu məktubu zövcən Xatuncan vasitəsilə Həzrət Tahirəyə çatdır. Xatuncana de ki, məktubu həbsdə olan Həzrət Tahirəyə çatdıra bilmək üçün, dilənçi paltarı geyib dilənmək bəhanəsilə Həzrət Tahirənin dustaq olduğu evin qapısını döysün və məktubu ona versin. Sən də Həzrət Tahirə evdən çıxana qədər qapının ağzında dayanmalısan. O,evdən çıxan kimi dərhal onunla birlikdə Tehrana doğru hərəkət etməlisən”. Sonra Həzrət Bəhaullah əlavə etdi: “Mən öz adamlarımdan birinə göstəriş verəcəyəm ki, sürətlə çapan üç at götürüb gecə Qəzvin darvazasının ağzında səni gözləsin. Sən atları müəyyən bir yerdə saxla, sonra Həzrət Tahirəni götürüb həmən yerə get. Atlara minib kəsə yollarla Tehrana gəlin və çalışın ki, günəş çıxmamış Tehrana çatın. Tehranın darvazaları açılan kimi şəhərə daxil olun və birbaşa mənim evimə gəlin. Ehtiyatlı ol ki, heç kəs sənin sirrindən xəbər tutmasın. Tanrı sizə yol göstərəcək və sizi öz himayəsinin kölgəsində hifz edəcək”. Ağa Məhəmməd Hadi mübarək göstərişə əsasən tam inamla Tehravdan Qəzvinə yollandı və Həzrət Tahirəni həbsdən azad etdi. Onlar saqsalamat Tehrana çatdılar və müəyyən olunmuş saatda Həzrət Bəhaullahın evinə daxil oldular.

İmamçümə Molla Məhəmməd və onun dostları, artıq deyildiyi kimi, Həzrət Tahirəni güclü nəzarət altında saxlayırdılar. Buna görə də onlar Həzrət Tahirənin qəflətən yoxa çıxmasından ildırım vurmuş adamlar kimi yerlərində donub qaldılar. Möminlər və dostlar da bu hadisədən heyrətə düşdülər, çünki onlar əsil məsələdən xəbərsiz idilər. Həzrət Tahirənin düşmənləri onu axtarmağa başladılar, bütün evləri bir-bir gəzdilər, axırda Həzrət Tahirəni tapmaqdan ümidlərini üzüb dayandılar. Onlar Həzrət Tahirənin müəyyən etdiyi müddətdə yoxa çıxdığını görüb heyrət içərisində qalmışdılar. Onların bəziləri bir qədər ayıldılar və anladılar ki, bu cür işlər bəşər qüvvəsi ilə həyata keçirilə bilməz. Buna görə də mübarək Əmrə iman gətirdilər və o əzəmətli çağırışın düzgünlüyünü etiraf etdilər. O günlər Əmrə iman gətirmiş şəxslərdən biri də Həzrət Tahirənin qardaşı Mirzə Əbdül-Vəhhab idi. Amma o, mübarək Əmrin yolunda bir xidmət göstərmədi və etiqadının həqiqiliyini sübut edən bir iş görmədi.

Həzrət Tahirə Tehrana gəlib Həzrət Bəhaullahın evinə daxil olduqdan sonra özünü hər cəhətdən arxayın hiss etdi, çünki Allah tərəfindən hifz edildiyini görürdü.O, Həzrət Bəhaullahın məqamının böyüklüyünü aydın şəkildə anlayırdı və bilirdi ki, hansı qüvvə və qüdrət inayət göstərərək, onu həbsdən xilas etmişdir. O, heç bir vasitəçi olmadan Həzrət Babın məqamından necə agah olmuşdusa, eləcə öz fəhminin gücü ilə Həzrət Bəhaullahın uca məqamını dərk etmişdi. Hələ 60-cı ildə Kərbəlada olarkən Həzrət Tahirə bir sıra şerlər yazmış, həmin şerlərdə tezliklə haqqın zühur edəcəyindən və özünün zühur edəcək haqqa inamından söz açmışdı. Mən (müəllif) Tehranda olarkən, Seyyid Məhəmməd Fətiül-məlihin evində Həzrət Tahirənin öz xətti ilə yazılmış şerlərini görmüşdüm. Həmin şerlərin hər bir hərfindən, hər bir kəlməsindən Həzrət Tahirənin Həzrət Bab ilə Həzrət Bəhaullahın məqamının əzəmətinə iman və inamı hiss olunurdu. Oradakı qəsidələrdən birində belə bir beyt vardı:

Parlaq günəş özünü göstərdi və aşiqlərin qanı

Onun üzünün şövqü ilə zərrələr tək rəqs etməyə başladı

 

Həzrət Tahirə hər yerdə tam inam və əminliklə Həzrət Bəhaullahın məqamının böyüklüyündən danışır, əleyhdarları qarşısında bu fikri hədsiz cəsarətlə müdafiə edir və əsaslandırırdı, Məhz bu inamın və əminliyin nuru sayəsində o, məhbəsdə olduğu ən qaranlıq saatlarda xilas olmaq ümidini qoruyub saxlaya bilmişdi.

Həzrət Tahirənin Tehrana gəlişindən bir neçə gün keçdikdən sonra Həzrət Bəhaullah onu Xorasana getməyə hazırlaşan dostlarla birlikdə həmin diyara göndərmək qərarına gəldi. Həzrət Bəhaullah özü də bir neçə gün sonra Tehrandan Xorasana getmək niyyətində idi. Buna görə də Həzrət Bəhaullah öz qardaşı cənab Kəlimə tapşırdı ki, Həzrət Tahirəni və onun Qanitə adlı qulluqçusunu Tehrandan kənarda təhlükəsiz bir yerə aparsın, sonra isə oradan Xorasana yollansınlar. Və dönə-dönə xatırlatdı ki, son dərəcə ehtiyatlı olsunlar, çünki şəhər darvazasındakı mühafizəcilər şəhərdən çıxan qadına diqqət yetirib onun şəxsiyyətini aydınlaşdırmaq fikrinə düşə bilərlər; buna görə olduqca ayıq tərpənmək lazımdır ki, qarşıya bir maneə çıxmasın.

Cənab Kəlim bu əhvalatı mənə (müəllifə) belə nəql etmişdi: “Biz üç nəfər (Kəlim, Tahirə və Qanitə) mübarək əmrə əsasən yola düşüb Şimran darvazasından çıxdıq. Darvazada dayanmış məmurlar elə bil bizi görmədilər, bir söz demədilər, heç soruşmadılar ki, hara gedirsiniz. Tehrandan iki fərsəx uzaqlaşıb bir bağa çatdıq. Bağ suyu bol olan bir yerdə, dağın ətəyində yerləşirdi. Bağın içərisində heç kəsin yaşamadığı bir imarət var idi. Biz bağa girdik. Mən getdim ki, bağın sahibini tapıb ondan icazə istəyim. Bir qədər getdikdən sonra bağı suvarmaqla məşğul olan bir qoca kişiyə rast gəldim. Ondan soruşdum: “Bu bağın sahibi kimdir və haradadır?” Qoca dedi: “Burada heç kəs yoxdur. Bağın sahibi ilə icarəçisi arasında mübahisə düşüb və bağın sakinləri münaqişəni məhkəmədə həll etmək üçün Tehrana gediblər. Bağın sahibi də məndən xahiş edib ki, o qayıdana qədər buralardan muğayat olum”. Mən sevinib qocaya dedim: “İcazə verirsənmi ki, bir neçə gün burada qalaq?” Qoca icazə verdi. Biz həmin bağda yerbəyer olduq. Nahar vaxtı qocanı da dəvət etdik ki, bizimlə nahar yeməyi yesin. Axşam mən Tehrana qayıtdım. Qoca bağban söz verdi ki, Həzrət Tahirəyə və Qanitəyə canla başla qulluq edəcək. Mən də dedim ki, gecə ya özüm gələcəyəm, ya da etibarlı adamlarımdan birini göndərib özüm sabah gələcəyəm və biz buradan Xorasana gedəcəyik. Tehrana çatan kimi hərfi-həyy Molla Bağırı bir nökərlə bərabər bağa göndərdim ki, Həzrət Tahirənin xidmətində olsunlar. Sonra hər şeyi Həzrət Bəhaullaha danışdım. Həzrət Bəhaullah bu əhvalatdan xoşhal oldu, həmən bağı “cənnət bağı” adlandıraraq, dedi: Allah öz qüdrətli əli ilə o bağı və o evi qabaqcadan sizin üçün hazırlayıb ki, Onu sevən kəslər orada dincəlib hər cəhətdən asudə olsunlar”. Həzrət Tahirə bir həftə “cənnət bağı”nda qaldı, sonra isə Məhəmməd Həsən Fətiül-Qəzvini və başqaları ilə birlikdə Xorasana yola düşdü. Həzrət Bəhaullah mənə göstəriş verdi ki, Həzrət Tahirənin Xorasana səfər etməsi üçün lazım olan bütün şeyləri hazırlayım və onu hər cəhətdən təmin edim. Mən də bu göstərişi yerinə yetirdim”.

bottom of page