top of page

On Doqquzuncu Fəsilin Davamı

Mazandaran Hadisələri

Hicri 1265-ci il məhərrəm ayının 5-ci gecəsində (1848-ci il dekabrın 1-də) cənab Qüddus qaladan çıxmağı qərara aldı. Cənab Qüddus hədsiz inam və arxayınlıqla qalanın qapısına doğru getdiyi zaman Rəsul Behnəmiriyə dedi: “Allaha şükr edək ki, bizim duamızı müstəcab etdi, yağış və qar vasitəsilə bizim düşmənlərimizi pərən-pərən saldı, onların düşərgəsini xaraba qoyub bizim qalamızı abad etdi”. Düşmən qoşunu yağış və qardan çəkdiyi ziyana baxmayaraq, qalaya hücuma hazırlaşırdı və müəyyən olunmuş saatda əshabələrə həmlə etmək niyyətində idi. Cənab Qüddus isə düşmənin hücumunu qabaqlamaq və gözlənilmədən onlara zərbə endirmək qərarına gəlmişdi. Günəşin çıxmasından iki saat sonra cənab Qüddus atına mindi. Molla Hüseyn və daha üç nəfər də atlarına minib cənab Qüddusla birlikdə qala qapısından çıxdılar. Qalan əshabələr isə piyada onların ardınca qaladan çıxıb “ya Sahib əz-Zaman!” deyə qışqırmağa başladılar. Əshabələrin sədası düşmən ordusunda qəribə bir xof və qorxu əmələ gətirdi. Əshabələr şir kimi nərə çəkirdilər və onların səsi Mazandaran meşəsində əks-səda verirdi. Qılıncların parıltısı meşənin ətrafına toplaşmış düşmənlərin gözünü qamaşdırırdı. Əshabələrin zəhmi düşmənin öhdəsindən gəlməyə kifayət etdi. Onlar ətrafa səpələnərək, əllərində nə vardısa, atıb qaçmağa başladılar. Əshabələr qırx beş dəqiqə ərzində qalib gəldilər. Cənab Molla Hüseyn və Həzrət Qüddus qaçan qoşunun bir hissəsini əsir götürdülər. Abdullah xan Türkman, öz qoşununun həbibullah Əfqani və Nurullah xan Əfqan adlı iki sərkərdəsi ilə birlikdə qətlə yetirildi. Ümumilikdə, Abdullah xanın qoşunundan dörd yüz otuz nəfər öldürüldü.

Cənab Qüddus qalaya qayıtdı. Molla Hüseyn isə hələ qalanın xaricində öz vəzifəsini yerinə yetirməklə məşğul idi. Bu zaman cənab Qüddus tərəfindən göndərilmiş Seyyid Əbdül-Əzim Xoyi gəlib Molla Hüseynə dedi ki, dərhal qalaya qayıtsın. O, cənab Qüddusun adından Molla Hüseynə belə söylədi: “Biz öz düşmənlərimizi məğlub etdik. Onları təqib etməyə lüzum yoxdur, çünki bizim məqsədimiz müdafiə olunmaqdır. Biz düşmənin hücumunun qarşısını almalıyıq. Bizim məqsədimiz kimi isə incitmək deyil. Biz insanları ayıltmağa çalışmalıyıq. İndiyə qədər baş verənlər bunu sübut etmək üçün yetərlidir ki, İlahi Qüvvə heç vaxt məğlub olmur. Biz Allahı sevən azsaylı bir dəstəyik, amma Tanrı öz lütfü sayəsində bizim bu böyük və hazırlıqlı qoşuna qalib gəlməyimizə şərait yaratdı”.

Bu hadisədə əshabələrdən heç biri həlak olmadı. Yalnız cənab Qüddusun önündə düşmənlə vuruşan Qulu adlı bir nəfər ağır yaralandı. Cənab Qüddus əshabələrə əmr etdi ki, düşmənin əmlakından at və qılıncdan başqa heç nə götürməsinlər və qarətlə məşğul olmasınlar. Abdullah xanın məğlub olmuş qoşunu yenidən geri qayıda və hücuma keçə bilərdi. Buna görə də cənab Qüddus əshabələrə göstəriş verdi ki, düşmənin həmləsinin qarşısını almaq üçün qalanın ətrafında xəndək qazsınlar. Əshabələr on doqquz gün bu işlə məşğul oldular və gecə-gündüz həvəslə çalışaraq, xəndəyi qazıb qurtardılar.

Xəndəyin qazılması başa çatdıqdan sonra xəbər yayıldı ki, Mehdiqulu Mirzə böyük bir qoşunla qalaya doğru gəlir. O əvvəl Şirgahda düşərgə salmış, bir neçə gündən sonra isə Vəsəksə gələrək, bir şəxs vasitəsilə Molla Hüseynə aşağıdakı sözləri çatdırmışdı: “Şah məni göndərib sizdən soruşam ki, siz nə məqsəd küdürsünüz və sizin niyyətiniz nədir?” Molla Hüseyn həmən şəxsə belə cavab vermişdi: “Şahzadəyə de ki, bizim heç bir niyyətimiz yoxdur. Biz nə səltənət taxtına ucalmaq arzusundayıq, nə də məmləkətdə qarışıqlıq yaratmaq fikrindəyik. Biz yalnız deyirik ki, vəd olunmuş Qaim zühur edib. Və bu iddiamızı qəti dəlillərlə sübuta yetirməyə hazırıq”. Şahzadənin göndərdiyi şəxs cənab Molla Hüseynin sözlərinin düzgünlüyü və səmimiliyindən, dəlillərinin inandırıcılığından o qədər mütəəssir oldu ki, ağlamağa başladı. Həmin halətdə Molla Hüseyndən soruşdu: “Bəs biz nə edək?” Molla Hüseyn buyurdu: “Şahzadəyə de ki, qoy əmr verib Sari və Barfüruşun bütün üləmalarını buraya toplasın. Biz də lazımi dəlillərlə Həzrət Babın iddiasının düzgünlüyünü onlara sübut edək. Qoy Qurani-kərim bizimlə üləmalar arasında qəti hökm verən hakim olsun. Biz dəlillərimizi gətirdikdən və öz iddiamızı sübut etdikdən sonra şahzadə nə deyərsə, onu qəbul etməyə hazırıq. Əgər biz ayələr və hədislər əsasında Həzrət Babın dəvətinin doğruluğunu isbat edə bilməsək, qoy şahzadə bizim barəmizdə necə istəyirsə, hökm versin”. Şahzadənin nümayəndəsi bununla razılaşdı və söz verdi ki, üç gün ərzində üləmaları toplayacaq və Molla Hüseynin dediklərini həyata keçirəcək. Amma bu sözə əməl olunmadı.

Şahzadə Mehdiqulu Mirzə qalaya hücum üçün hər cəhətdən hazırlıq görmüşdü. O, qaladakı əshabələri məhv etməkdən ötrü öz qoşununu o vaxtadək misli görünməmiş bir tərzdə düzmüşdü. Şahzadənin ixtiyarında üç piyada alayı və çoxsaylı süvari alayları vardı. O özü də əsgərləri ilə birlikdə qalanın yaxınlığındakı bir təpəyə qalxdı və əmr verdi ki, oradan qaladakı əshabələri atəşə tutsunlar. Hələ səhər açılmamışdı. Cənab Qüddus əshabələrə dedi: “Ey Tanrının döyüşçüləri, atlanın!” Sonra göstəriş verdi ki, qala qapılarını açsınlar və qaladan çıxıb Vəsəksə doğru yollandı. Cənab Molla Hüseyn də iki yüz iki nəfər igid əshabə ilə birlikdə Həzrət Qüddusun ardınca yola düşdü. Qar və palçıq yolu tutmuşdu. Hər tərəf düşmənlə dolu idi və onlar gecənin qaranlığında əshabələrə hücum edirdilər. Döyüş istehkamları da lazımi şəkildə qurulmuşdu. Lakin bunların heç biri əshabələrin öz məqsədlərini həyata kecirməsinə mane ola bilmədi. Onlar tam şücaətlə qaladan çıxıb cənab Qüddusla birlikdə irəliləyirdilər. Şahzadə Molla Hüseyni müşahidə edirdi və onun hara getdiykni bilmək istəyirdi. O, Molla Hüseynin istehkamların mərkəzinə yaxınlaşdığını görüb əshabələrin irəliləməsinin qarşısını almaq üçün atəş əmri verdi. Lakin artıq keç idi. Molla Hüseyn bütün istehkamları dağıdıb irəliləmək üçün yol açdı. Nəhayət, o, şahzadənin olduğu evə hücum çəkdi. Şahzadə həyatının təhlükə qarşısında olduğunu görüb evin arxa pəncərəsindən xəndəyə atıldı və ayaqyalın qaçıb canını qurtardı. Əsgərlər öz sərkərdələrinin bu halını görüb vahiməyə düşdülər və qaçmağa üz qoydular. O böyüklükdə qoşun sayca onlardan dəfələrlə az olan əshabələrin qarşısında duruş gətirə bilmədi. Əshabələr qalibiyyətlə düşmənin düşərgəsinə gəlib şahzadəyə məxsus otağa daxil olmaq istəyəndə, şahzadələrdən ikisi onların qarşısını almaqa cəhd etdi və hər ikisi qətlə yetirildi. Şahzadəyə məxsus olan otaqda əshabələr qızıl və gümüşlə dolu bir neçə sandıq tapdılar, lakin qətiyyən onlara etina göstərmədilər. Onlar zəfər və qalibiyyət əlaməti olaraq, şahzadənin orada qalmış qılıncını götürdülər və aparıb Molla Hüseynə verdilər. Bundan əlavə, orada olan bir sandıq barıtı özləri ilə apardılar, şahzadənin qoyub getdiyi digər qiymətli şeylərə isə toxunmadılar. Onlar şahzadənin qılıncını Molla Hüseynə verəndə gördülər ki, Molla Hüseyn Həzrət Qüddusun qılıncı ilə döyüşür. Sən demə, döyüş əsnasında güllə dəyməsi nəticəsində onun qılıncı sıradan çıxıbmış. Əshabələr düşmən qoşununun zindanını da aşkar etdilər. Zindanın qapılarını açan zaman oradan Molla Yusif Ərdəbilinin səsini eşitdilər. Molla Yusif qalaya gedərkən düşmənin əlinə keçmiş və həbs olunmuşdu. O, bayıra çıxan kimi əshabələrdən xahiş etdi ki, onunla bərabər əzablara dözmüş digər məhbusları da azad etsinlər. Onun xahişinə əsasən dərhal bütün məhbuslar azadlığa buraxıldı.

Bu qələbənin əldə edildiyi gün səhər Molla Hüseyn Vəsəks yaxınlığında əshabələri cənab Qüddusun ətrafına topladı. Onlar gözləyirdilər ki, əgər düşmən yenidən hücuma keçsə, müdafiə olunsunlar. Birdən onlar iki tərəfdən düşmənin həmləsinə məruz qaldılar. Əshabələr “ya Sahib əz-Zaman!” deyə qışqırıb düşmənin hücumunu dəf etməyə başladılar. Cənab Molla Hüseyn bir tərəfdən, cənab Qüddus isə başqa bir tərəfdən əshabələrlə birgə düşmənin üstünə yeridilər. Molla Hüseynin hücum etdiyi dəstə müqavimət göstərə bilməyib Həzrət Qüddusla vuruşan dəstəyə doğru hərəkət etdi. Beləliklə, cənab Qüddus və onun yanındakı əshabələr düşmən qoşununun əhatəsində qaldılar. Hər tərəfdən güllə yağırdı, bir anda min güllə açılırdı. Həmən güllələrdən biri Həzrət Qüddusun ağzına dəydi, onun bir neçə dişi sındı, dili və boğazı yaralandı. Güllələrin səsi on fərsəx məsafədə də eşidilirdi. Molla Hüseyn məsələdən agah olub qardaşlarının köməyinə tələsdi. Döyüş meydanına çatanda, atından düşdü və cilovu öz xidmətcisi Qənbərəliyə verib dərhal Həzrət Qüddusun yanına getdi. O, Həzrət Qüddusun ağzından güclü qan axdığını görüb özünü itirdi və iki əlini qaldırıb başına çırpmaq istədi. Lakin Həzrət Qüddus buna imkan vermədi. Molla Hüseyn Həzrət Qüddusdan xahiş etdi ki, öz qılıncını ona versin. Qüddusun qılıncını alıb yüz on nəfər əshabə ilə birlikdə düşmənə həmlə etdi. Artıq Molla Hüseyn iki qılıncla vuruşurdu. Bir əlində cənab Qüddusun, o biri əlində isə Mehdiqulu Mirzənin qılıncını tutmuşdu. Qızğın döyüş oldu. Molla Hüseyn yarım saat ərzində düşmənləri pərən-pərən saldı və öz şücaəti ilə onları qaçmağa vadar etdi. Düşmənlərin hamısı qaçıb aradan çıxdı.

Mehdiqulu Mirzənin qoşunu məğlub olub qaçdıqdan sonra cənab Molla Hüseyn Həzrət Quddusu qalaya apardı və qaladakı dağıntıların bərpası ilə məşğul oldu. Əshabələr Həzrət Qüddusun vəziyyətini görüb ağlaşırdılar. Həzrət Qüddus onlara müraciətlə aşağıdakı sözləri yazdı: “Ağlamayın, Allahın iradəsinə tabe olmaq, imtahan zamanı dözüm göstərmək lazımdır. Həzrət Peyğəmbər əleyhissəlamın da mübarək dişi düşmənlərin atdığı daşdan sınmışdı, mənim də dişim düşmən gülləsinə tuş gəlib sındı. Mənim bədənim əzab-əziyyət çəksə də, ruhum hədsiz sevinc içərisindədir. Mən çox şadam, bilmirəm Allaha necə şükr edim. Əgər siz məni sevirsinizsə, öz ağlamağınızla mənim sevincimi yox etməyin, çünki mən sizin göz yaşlarınızı görüb kədərlənirəm”.

Cənab Qüddusun yazılı şəkildə bəyan etdiyi bu sözlər əshabələrin hüzn və kədərini aradan qaldırdı. Haqqında danışılan bu hadisə hicriqəməri 1265-ci il məhərrəm ayının 25-də (1848-ci il dekabrın 21-də) baş vermişdi.

Həmin ayın 1-də (noyabrın 27-də) Həzrət Bəhaullah Molla Hüseynə verdiyi vədə uyğun olaraq əshabələrdən bir neçəsi ilə bərabər Nurdan Şeyx Təbərsi qalasına doğru yola düşmüşdü. Mirzə Cani Kaşani, hərfi-həyy Molla Bağır Təbrizi və Həzrət Bəhaullahın qardaşı Mirzə Yəhya da bu səfərdə Onunla birgə idilər. Həzrət Bəhaullah qərara almışdı ki, yolda dayanıb istirahət etmədən mümkün qədər tez özünü qalaya çatdırsın. O, gecə vaxtı qalaya çatmaq istəyirdi, çünki Abdullah xanın fərmanına əsasən, düşmənlər qalanın ətrafını nəzarətdə saxlayırdılar və heç kəsin qaladakı əshabələrə yardım etməsinə imkan verməməyə çalışırdılar. Buna görə də qalaya gedən yollarda gözətçilər qoymuşdular. Həmin səbəbdən Həzrət Bəhaullah gecə vaxtı qalaya yaxınlaşmaq istəyirdi ki, onları görən olmasın. Amma Həzrət Bəhaullahın yoldaşları israr etdilər ki, bir neçə saat dincəlsinlər. Həzrət Bəhaullah istər-istəməz onlarla razılaşdı, hərçənd bilirdi ki, yolda yubanmaq yaxşı nəticə verməyəcək: düşmənlər onları görüb niyyətlərini anlaya və maneçilik törədə bilərdilər. Hər halda onlar dincəlmək üçün yoldan uzaqda yerləşən bir evə getdilər. Həzrət Bəhaullahın yoldaşları şam yeməyi yeyib yatdılar. Amma Həzrət Bəhaullah yatmadı. O, yəqin etmişdi ki, yoldaşlarının bu hərəkəti məqsədə çatmaq yolunda çətinliklər doğuracaq. Buna görə də yoldaşları yatdığı halda, O, onların böyründə oyaq oturmuşdu. Casuslar bu məsələdən xəbər tutub məlumat verdilər, məmurlar gəlib onları tutdular və nələri vardısa, əllərindən aldılar. Dəstənin başçısının Həzrət Bəhaullah olduğunu yəqin edib ona dedilər: “Bizə qəti göstəriş verilib ki, buralarda kimi görsək, tutub Amula göndərək və hakimə təhvil verək”. Həzrət Bəhaullah buyurdu: “Siz səhv edirsiniz və bilmirsiniz ki, biz nə işin sahibiyik.Mən sizə xəbərdarlıq edirəm: elə etməyin ki, axırda peşman olasınız”. Hədsiz inam və vüqarla deyilmiş bu mübarək kəlmələr məmurların başçısına təsir göstərdi. O, kobud rəftardan əl çəkib xahiş etdi ki, Həzrət Bəhaullah və yoldaşları atlara minsinlər və məmurlarla birlikdə Amula yollansınlar.

Onlar hamılıqla Amula doğru hərəkət etməyə başladılar. Yolda bir çayın üstündən keçməli oldular. Həzrət Bəhaullah məmurların onlardan bir qədər aralı olduğunu görüb yoldaşlarına göstəriş verdi ki, özlərində olan bütün yazıları çaya atsınlar. Səhər tezdən onlar Amul şəhərinə çatdılar. Məmurlardan biri gedib Amul hakiminə məlumat verdi ki, Şeyx Təbərsi qalasına aparan yolda bir neçə nəfəri tutmuşuq və onları sizin yanınıza kətarmişik. Həmin vaxt Amulda hakimlik edən əsil hakim deyildi, onun əvəzi idi. Əsil hakim öz əsgərləri ilə birlikdə şahzadə Mehdiqulu Mirzənin qoşununa köməyə getmişdi və qohumlarından birini öz yerinə hakim təyin etmişdi. Hakimin əvəzi məmurdan bir neçə nəfərin tutulduğunu eşidən kimi məscidə gedib üləmaları, seyyidləri və digər tanınmış adamları məscidə topladı. Sonra Həzrət Bəhaullahı və yoldaşlarını çağırtdırdı ki, məscidə üləmaların hüzuruna gəlsinlər. Lakin o, tutulan şəxslərin kim olduğunu bilmirdi. Hakimin əvəzi Həzrət Bəhaullahı görən kimi qorxuya düşdü və belə bir iş tutduğuna görə peşman oldu. Sonra tənəli bir ahənglə Həzrət Bəhaullaha bəzi sözlər söylədi. Bu sözləri deməkdə onun məqsədi üləmaların fitnə-fəsadının qarşısını almaq və onların qarışıqlıq törətməsinə imkan verməmək idi. Məhz bu niyyətlə o, məzəmmətedici sözləri dilinə gətirdi. Həzrət Bəhaullah buyurdu: “Biz sizin söylədiyiniz ittihamlardan tamamilə uzağıq. Həmin ittihamların heç bir əsası yoxdur. Tezliklə biz sizin gözləriniz qarşısında bu cür ittihamlardan bəraət alacağıq. Mən hakimə xəbərdarlıq edirəm: elə bir iş tutmasın ki, sonradan peşman olsun”. Hakim üzünü üləmalara tutub dedi ki, istədiyiniz sualları bunlara verə bilərsiniz. Üləmalar suallar verir, Həzrət Bəhaullah da aydın şəkildə onları cavablandırırdı. Sualcavab əsnasında Həzrət Bəhaullahın yoldaşlarından birinin üstündən Həzrət Babın kəlamları yazılmış bir vərəq tapdılar. Həmin vərəqi üləmaların başçısına verdilər. O, vərəqdən bir neçə sətir oxuyub kənara tulladı və ətrafındakı şəxslərə dedi: “Bunlar belə böyük iddialara düşdükləri halda, hələ sözləri düzgün yazmağı öyrənməyiblər. Baxın, bu vərəqdə sözlərin yazılışı səhvdir”. Həzrət Bəhaullah buyurdu: “Cənab axund, dediyiniz o sözlər Həzrət Baba məxsus deyil, onları Həzrət Əliəleyhissəlam Kümeyl ibn Ziyad adlı bir əshabəsinə cavab olaraq buyurmuşdur”. Müctəhid səhv etdiyini və savadsızlığının üzə çıxdığını düşünərək susdu və daha heç nə danışmadı. Seyyidlər zümrəsinə mənsub olan bir zadəgan özündən çıxaraq dedi: “Bu sözlər aydın şəkildə göstərir ki, onlar Həzrət Babın qələmindən çıxıb. Həzrət Babın məzhəbini yayanlar bunlardan istifadə edir”. Sonra üzünü hakimə tutaraq əshabələrin qətlə yetirilməsini tələb etdi və dedi: “Bu cür adamlar hökumətin düşmənidirlər, islamın düşmənidirlər. Biz nə yolla olursa-olsun, bu bidətin qarşısını almalıyıq, bunları məhv etməliyik”. Digər seyyidlər və zadəganlar da həmin şəxslə həmrəy olduqlarını bildirdilər və hakimdən xahiş etdilər ki, dərhal onların istəyini yerinə yetirsin. Hakim çaşıb qaldı ki, nə etsin. Əgər üləmaların sözünə qulaq asmasa, özünü təhlükə qarşısında qoyacaq və hörmətini itirəcək.Bununla belə qərara aldı ki, hər vasitə ilə üləmaların fəsadının qarşısına sədd çəkib onların könlündəki qəzəb tonqalını söndürsün. Bu məqsədlə məmurlara və fərraşlara tutulan şəxsləri falaqqaya bağlamaq barədə göstəriş verib dedi: “Bunları çubuqla döydürüb həbs edəcəyəm. O vaxta qədər ki, hakim özü gəlsin və bunları Tehrana göndərsin. Qoy orada şahın əmri ilə bunlara layiq olduqları cəzanı versinlər”.

Əvvəlcə Molla Bağırı falaqqaya bağladılar. O, qışqırıb dedi: “Mən Həzrət Bəhaullahın atlarına baxan mehtərəm. Mən Məşhədə gedirdim, qəflətən məmurlar məni tutub bura gətirdilər”. Həzrət Bəhaullah da bu sözləri təsdiq etdi və beləliklə, Molla Bağırı xilas etməyə müvəffəq oldu. Hacı Mirzə Canini falaqqaya bağlamaq istəyəndə, Həzrət Bəhaullah buyurdu: “Bu şəxs tacirdir, özü də mənim yanıma qonaq gəlmişdi”. Mirzə Yəhya barədə isə dedi ki, o, mənim nökərimdir. Beləcə onu da döyülməkdən xilas etdi. Sonra isə hakimin əvəzinə dedi: “Bunların heç bir təqsiri yoxdur. Əgər siz bizə əziyyət vermək qərarına gəlmisinizsə, mən özüm hər cür əzaba qatlaşmağa hazıram”. Hakimin əvəzi bir qədər tərəddüd etdi. Sonra fərraşlara əmr verdi ki, yalnız Həzrət Bəhaullahı falaqqaya bağlasınlar. Halbuki o, əvvəl Həzrət Bəhaullaha əziyyət verməmək, yalnız onun yoldaşlarını çubuqla döydürmək niyyətində idi.

Beləliklə, beş ay öncə Həzrət Babın Təbrizdə çəkdiyi əziyyətə Həzrət Bəhaullah da Amulda düşmənlərin əli ilə məruz qaldı. Həzrət Bab ilk dəfə Şirazda darqa Əbdül-Həmid xanın evində necə dustaq olmuşdusa, Həzrət Bəhaullah da eləcə birinci kərə Tehranda kəndxudanın evində dustaq edildi. Həzrət Bab ikinci dəfə Maku qalasında necə məhbus olmuşdusa, Həzrət Bəhaullah da o cür Amul hakiminin evində məhbus oldu. Həzrət Bab Təbriz şeyxülislamının namazxanasında necə çubuqla döyülmüşdüsə, Həzrət Bəhaullah da eləcə Amul müctəhidinin namazxanasında çubuq zərbələrinə məruz qaldı. Həzrət Bab üçüncü dəfə Çehriqdə necə dustaq edilmişdisə, Həzrət Bəhaullah da o cür Tehrandakı Siyahçal zindanında məhbus oldu. Həzrət Bəhaullahın başına gələn müsibətlər ondan qabaq eynilə Həzrət Babın başına gəlmişdi.

Xülasə, Həzrət Bəhaullahı və onun yoldaşlarını məscidin böyründəki otağlardan birində həbs etdilər. Hakimin əvəzinin məqsədi o idi ki, bu yolla Həzrət Bəhaullahı düşmənlərin hücumundan qorusun. Eyni zamanda o, gizlincə fərraşlarına əmr etmişdi ki, məhbusların olduğu otağın divarında deşik açıb onları oradan çıxarsınlar. Hakimin əvəzinin bu göstərişi yerinə yetirildi. O özü də divarın yanında dayanıb gözləyirdi. Həzrət Bəhaullah otaqdan çıxarılan kimi hakimin əvəzi onu götürüb öz evinə doğru yollandı. Yolda seyyidlər zümrəsinə mənsub olan üləmalardan biri Həzrət Bəhaullahı görüb lənətləməyə başladı və əsasını qaldırdı ki, onu vursun. Hakimin əvəzi özünü irəli verib onun qarşısını aldı və dedi: “Səni Həzrət Peyqəmbərə and verirəm, bu Şəxsi incitməkdən çəkin!” Seyyid özündən çıxıb dedi: “Bu nə deməkdir? Bu şəxs dinin düşmənidir, sənsə istəyirsən ki, mən Ona toxunmayım”. Bir neçə avara adam da onun ətrafına toplaşıb hay-küy qoparmaqa başladılar, məhbusları ələ salmaqla məşğul oldular. Fərraşlar əməlli-başlı qarışıqlıq yarandığını görüb Həzrət Bəhaullahı aradan çıxartdılar və hakim əvəzinin evinə apardılar. Həqiqətən, onlar bu işi görməklə böyük cəsarət göstərdilər. Sonra Həzrət Bəhaullahın yoldaşlarını da təhlükədən xilas edib hakim əvəzinin evinə çatdırdılar. Hakim əvəzi Mübarək Hüzura qovuşan kimi Amul əhalisinin kobudluğuna görə üzr istəyib dedi: “Əgər Tanrının istəyi olmasaydı, heç kəs Sizi bu zalımların çəngindən qurtara bilməzdi. Mən and içmişdim ki, canımı qurban verməli olsam da, Sizi xilas edəcəyəm. Və öz andımı yerinə yetirmək üçün bu qədər dözüm göstərdim, yoxsa mən də onların şərindən qurtara bilməzdim və onların əlinə keçib ayaqları altında əzilərdim”. Sonra o, Amul zadəganlarından xeyli şikayətlənərək dedi ki, bunlar çox qəddar və bədxah adamlardır, həmişə mənə əziyyət verirlər. Hakimin əvəzi hədsiz mehribanlıq və ehtiramla Həzrət Bəhaullahın xidmətində durdu və dönə-dönə söylədi: “Allah eləməsin ki, Siz məhbus olasınız. Elə düşünməyin ki, mən Sizi öz evimdə həbs etmişəm. Mən əminəm ki, bu evin bünövrəsi elə ilk gündən Sizin ona sığınaraq düşmənlərin şərindən qurtulmağınız üçün qoyulub”.

Həzrət Bəhaullah bu barədə mənə (müəllifə) belə danışmışdı: “Mənim Amul hakiminin əvəzindən gördüyüm iltifatlı davranışı heç bir məhbus heç kimdən görməyib. Bu şəxs daim mənimlə mehribanlıqla və ehtiramla rəftar edirdi, həmişə mənim salamatlığım və rahatlığım üçün şərait yaratmağa çalışırdı. Mən orada çox rahat idim, yalnız bir iş vardı ki, evdən çıxa bilmirdim. Hakimin əvəzi narahat idi ki, hakim qayıtdıqdan sonra məni incidə bilər. Amul hakimi Abbasqulu xan Laricani idi və o, qoşunla birlikdə Şeyx Təbərsi qalasına getmişdi. Mən hakimin əvəzinin bu narahatlığına son qoymağa çalışdım və dedim: “Arxayın ol, məni Amul camaatının şərindən qurtaran və səni belə ehtiramla məni öz evində saxlamağa təhrik edən Tanrı, şübhəsiz, hakimin qəlbini yumşaldıb mənimlə mehriban davranmaqa vadar etməyə də qadirdir”.Bir gecə evin həyətindən səsküy eşidib yuxudan ayıldıq. Hamımız elə düşündük ki, düşmənlər yenidən hücuma keçib. Amma qapını açanda məlum oldu ki, hakim qaladan Amula qayıdıb. O, bizim tutulduğumuzu eşidib bizi incidən adamları məzəmmət edirdi və qəzəbli bir ahənglə onlara deyirdi: “Siz nə üçün bu zalımların özlərini müdafiə etmək iqtidarında olmayan qonaqlarla bu cür rəftar etməsinə imkan vermisiniz? Nə üçün hörmətli qonaqları öldürmək istəmisiniz? Üləmalar nə üçün özlərinin haqlı olduqlarını bunlara sübut etmək istəyirlər? Əgər bu üləmalar doğrudan da islamı müdafiə edir və islamın hökmlərinə əməl edirlərsə, yaxşı olar ki, Şeyx Təbərsi qalasına getsinlər və islamı orada müdafiə etsinlər, özlərinin müsəlman olduqlarını sübuta yetirsinlər”.

Abbasqulu xan Laricani qaladakı əshabələrin şücaətini görüb bərk heyrətlənmişdi. Qalaya getməmişdən əvvəl o, əshabələrə əhəmiyyət vermirdi və onların qarşısını almağı asan bir iş hesab edirdi. Amma qalaya gedib hər şeyi öz gözü ilə gördükdən sonra, onun təkəbbürü və xudpəsəndliyi azaldı, qəzəbi soyudu. Bu səbəbdən də Amula gələn kimi hədsiz shtiramla Həzrət Bəhaullahın Mübarək Hüzuruna yetişib Amul camaatının bəd əməllərinə və kobud rəftarına görə üzr istədi. O, sanki özünün kimliyini və məqamını unutmuşdu, cənab Molla Hüseyni tərifləməklə məşğul idi, cənab Babülbabın şücaəti, məharəti və ləyaqəti barədə danışmaqdan yorulmurdu. Bir neçə gündən sonra o, lazımi tədbirləri görüb Həzrət Bəhaullahı və yoldaşlarını Tehrana çatdırdı.

Haqqında danışdığımız bu hadisə Həzrət Bəhaullahın qalaya getməsinə və əshabələrə kömək göstərməsinə mane oldu. O özünü qaladakı əshabələrə çatdırmaqdan ötrü çox çalışsa da, Allahın iradəsi buna imkan vermədi. Əgər o qalaya gedib şəhid olsaydı, insanlar Onun Əmrin izharı dövründə bəyan etdiyi təlimdən və hökmlərdən məhrum olardı.

Həzrət Bəhaullah ömrünün bahar çağında, yəni gənclik vaxtlarında Həzrəti-Əlanın sədasını eşitmiş və 27 yaşından Əmrə xidmət göstərməyə başlamışdı. O, bütün zahiri dəbdəbəyə, var-dövlətə və vəzifəyə göz yummuşdu. Tehranda qəzvinli əsirlərə kömək etdiyinə görə O, həbs olundu. Həzrət Tahirəni Qəzvindən xilas etməklə, öz qüdrətini nümayiş etdirdi. Bedəştdə öz tədbirləri sayəsində əshabələr arasındakı qarışıqlıqa son qoydu. Niyalada Həzrət Qüddusu ölümdən qurtardı. Şeyx Təbərsi qalasında əshabələrə faydalı məsləhətlər verdi və daim onlara kömək göstərməyə çalışdı. O, bütün hallarda özünü dostlara fəda edirdi. Necə ki, Amulda əshabələrdən heç birinin döyülməsinə imkan vermədi və bütün cəzanı Öz üzərinə götürdü. Babilər şaha güllə atdıqları zaman O, düşmənlər tərəfindən incidildi. Ləvasandan şahın düşərgəsinə, oradan da paytaxta qədər Həzrət Bəhaullah hansı əzablarla üzləşmədi?! Tehrandakı Siyahçal zindanında O, qandalların ağırlığından hansı məşəqqətlərə dözmədi, həmən qaranlıq məhbəsdə hansı işgəncələrə tab gətirmədi?!

Bütün bunlar Həzrət Bəhaullahın mərdliklə sinə kərdiyi bəlaların yalnız bir qismidir. Onlar aydın şəkildə sübut edir ki, Həzrət Bəhaullah o vaxt İranda mövcud olan bütün təsirli qüvvələri hərəkətə gətirən yeganə Şəxs olmuşdur. Məhz onun qüdrəti sayəsində həmin qüvvələrin işi nizama salınmış və “Bəyan” dövründə elə yüksək səviyyəyə qalxmışdı. Çünki ilahi təqdirə əsasən, "Bəyan" dövründən sonra işlərin səlahiyyəti Həzrət Bəhaullahın öhdəsinə qoyulmalı və bu qüdrətli Şəxs Tanrı vəhyinin məzhəri olmalı idi.

bottom of page