top of page

On Doqquzuncu Fəsil

Mazandaran Hadisələri

HƏZRƏT BƏHAULLAHIN VƏ əshabələrin Niyalada düşmən hücumuna məruz qalması və Təbrizdə Həzrət Babın üləmaların kobud rəftarı ilə üzləşməsi, artıq deyildiyi kimi, şaban ayında baş vermişdi. Elə həmin ayda da Molla Hüseyn şahzadə həmzə Mirzənin düşərgəsindən Məşhəd şəhərinə qayıtdı və əshabələrlə birlikdə Kərbəlaya getmək fikrinə düşdü. Həmzə Mirzə səfər xərcləri üçün cənab Molla Hüseynə müəyyən məbləğdə pul vermək istədi, lakin o, bundan imtina edib şahzadəyə dedi ki. Həmin məbləği fəqir-füqəraya paylasın. Əbdül-Əli xan da cənab Babülbabın səfəri üçün lazım olan bütün şeyləri tədarük etdi, eyni zamanda onun yoldaşlarının da səfər xərclərini çəkməyə hazır olduğunu bildirdi. Lakin cənab Babülbab Əbdül-Əli xanın tədarük etdiyi şeylərdən yalnız bir at və bir qılınc götürdü, digər şeylərdən isə imtina etdi.

Cənab Molla Hüseyn elə rəftar etmişdi ki, bütün Məşhəd əhalisinin könlündə iman alovu şölələnirdi. Onun davranışı hamıya təsir göstərmişdi, evi adamla dolu idi, hamı bu səfərdə ona yoldaşlıq etmək istəyirdi. Hətta qadınlar öz övladlarını onun hüzuruna gətirib yalvarırdılar ki, onları fəda olmaq üçün özü ilə götürsün.

Cənab Molla Hüseyn hələ Məşhəddə ikən, Həzrət Bab tərəfindən göndərilmiş bir şəxs şəhərə varid oldu və Həzrət Babın məxsusi olaraq cənab Molla Hüseynə inayət etdiyi yaşıl əmmaməni ona verib dedi: “Həzrəti-Əla buyurdu ki, bu yaşıl əmmaməni başınıza qoyun və öz dəstənizin önündə qara bayraq qaldırıb cənab Qüddusa yardım etmək üçün Cəzirətül-xəzraya yollanın. Bundan sonra siz yeni adla—Seyyid Əli adı ilə çağırılacaqsınız”. Molla Hüseyn etibarlı qasidin sözlərini dinləyib dərhal mübarək göstərişin icrasına başladı. O, şəhərdən bir fərsəx uzaqlaşıb Həzrəti-Əlanın əmmaməsini başına qoydu, qara bayraq qaldırıb öz tərəfdarlarını topladı və onlar atlara minib Cəzirətül-xəzraya [Hərfi mənası “yaşıl ada” deməkdir. Mazandaran nəzərdə tutulur] doğru yollandılar. Molla Hüseynin yanındakı adamların sayı iki yüz iki nəfər idi, hamısı da cəsurluru və qəhrəmanlığı ilə seçilirdi. Bu mühüm tarixi hadisə hicri 1264-cü il şaban ayının 19-da (1848-ci il iyulun 21-də) baş verdi.

Yol boyu hansı yaşayış məntəqəsinə daxil olurdularsa, cənab Babülbab yeni Əmrin zühurunu əhaliyə xəbər verir, Əmri təbliğ etməklə məşğul olurdu. Hər bir məntəqədə seçkin möminlər bu böyük insanın dəstəsinə qoşulurdu. Nişaburda həmin şəhərin məşhur tacirlərindən biri, cənab Bədinin atası Hacı Əbdül-Məcid Babülbabın yoldaşlarının sırasına daxil oldu. Hacı Əbdül-Məcidin atası camaat arasında böyük nüfuz qazanmışdı və Nişaburda olan ən yaxşı firuzə mədəninin sahibi idi. Buna baxmayaraq, Hacı Əbdül-Məcid öz maddi mənafeyinə göz yumub hədsiz itaətkarlıqla Molla Hüseynin tərəfdarlarına qoşuldu.

Məyami kəndinə çatanda, cənab Babülbab Əmri təbliğ etməyə başladı. Məyami əhalisindən otuz nəfər Əmrə iman gətirdi və cənab Molla Hüseynə qoşulub yola düşdü. Onlardan iyirmi doqquzu Şeyx Təbərsi qalasında şəhid oldu. Həmin otuz nəfərdən yalnız Molla İsa saq qaldı.

Babülbabın dəstəsi Damğan yaxınlığında yerləşən ÇeşmeyiƏliyə çatdı ki, oradan Mazandarana yol mövcuddur. Cənab Molla Hüseyn bir neçə gün orada qalıb dincəlmək qərarına gəldi. Arxın kənarındakı böyük bir aqacın kölgəsində çadır qurdular. Cənab Babülbab əshabələrə dedi: “Biz indi elə bir yerdəyik ki, buradan hər tərəfə yol uzanır. Bir müddətdən sonra biz bu yollardan hansı ilə getməli olduğumuzu seçib hərəkət edəcəyik”. Şəvval (sentyabr) ayının axırları idi. Birdən şiddətli gülək əsməyə başladı və böyük ağacın budağlarından birini sındırıb yerə atdı. Cənab Molla Hüseyn dedi: “Məhəmməd şahın hökmranlıq ağacı qırılıb yerə düşdü”. Tanrının iradəsidə belə oldu: üç gün sonra Tehrandan Məşhədə gedən qasid Məhəmməd şahın vəfat etdiyini hamıya xəbər verdi. Həmən günün səhərisi cənab Molla Hüseyn Mazandarana doğru hərəkətə başladı və yola düşərgən, Mazandaran yoluna işarə edib dedi: “Bu yol bizi öz Kərbəlamıza çatdıracaq. Qarşıda bizi ağır sınaqlar gözləyir,kim özündə güc və taqət hiss etmirsə, elə buradan öz evinə qayıtsın və bizimlə yola çıxmasın”. O, bu sözləri bir neçə dəfə təkrar etdi və Savadkuha çatanda, yenidən əshabələrə üz tutub dedi: “Mən dostlardan yetmiş iki nəfəri ilə birlikdə Həzrət məhbubun yolunda fəda olacağam. Sizlərdən hansınız dünyanı tərk etməyə hazır deyilsə, qoy indi bizdən ayrılıb getsin, çünki qarşıdakı günlərdə geri qayıtmaq daha mümkün olmayacaq”. Bu sözləri eşitdikdə, özündə ağır sınaqlara tab gətirmək qüdrəti duymayan iyirmi nəfər onlardan ayrılıb öz evlərinə qayıtdı.

Cənab Molla Hüseynin öz yoldaşları ilə birlikdə Barfüruşa yaxınlaşması xəbəri Səidül-üləmaya çatdı. O, xüsusən cənab Molla Hüseynin Məşhəddən qara bayrağla çıxıb öz igid əshabələri ilə bərabər Barfüruşa doğru irəlilədiyini eşitdikdə, qəzəbi alovlandı, o qədər hirsləndi ki, özünü saxlaya bilmədi. Şəhərə carçı salıb camaata elan etdi ki, məscidə toplaşsınlar. Camaat yığışan kimi minbərə qalxdı. Məscidə çoxlu qadın və kişi toplaşmışdı. Səidül-üləma əmmaməsini çıxarıb yerə çırpdı, yaxasını çıraraq, “vay din, vay islam!” deyə qışqırmağa, fəryad qoparmağa başladı. Sonra da üzünü adamlara tutub dedi: “Ay camaat, ayılın, bizim düşmənlərimiz pusquda dayanıblar, onlar islamı aradan götürmək, islamın müqəddəsatını məhv etmək istəyirlər. Əgər siz bu gün onların qarşısını almasanız və onlar şəhərə daxil olsalar, bir nəfəriniz də onların əlindən sağ çıxa bilməyəcək, onlar sizin hamınızı öldürəcəklər. Hazırda Barfüruşa yaxınlaşmaqda olan bu dəstənin başçısı bir müddət əvvəl mənim dərsimə gəlmiş və şagirdlərin yanında məni bərk təhqir etmişdir, onun dediklərini qəbul etmədiyimi gördükdə, qəzəbli halda çıxıb getmiş və mənimlə haqq-hesab çəkməyə qərar vermişdir. Hələ Məhəmməd şah sağ olanda və hər şeyə qüdrəti çatanda, bu şəxs qorxub çəkinmədən belə hərəkətlərə əl atmışdır. İndi görün, Məhəmməd şahın vəfat etdiyi və işlərin qarışıq olduğu bir zamanda o, nələr edəcəkdir. O, Məhəmməd şahın dünyadan getdiyini eşidən kimi, başına canından bezmiş adamları toplayıb bizim üstümüzə gəlir. Bu gün bütün Barfüruş camaatı, istər qadın olsun, istər kişi, istər qoca olsun, istərsə də cavan, əlinə qılınc götürüb islamı yox etmək istəyən bu dəstənin qarşısına çıxmalı, onların hücumunu dəf etməlidir. Sabah səhərə hamınız hazır olun ki, bu amansız dəstənin qarşısını alıb onları məhv edəsiniz”.

Camaat bu sözləri eşidib bərk narahat oldu, çünki Səidül-üləmanın çıxışı olduqca həyəcanlı idi, həm də camaat arasında onun nüfuzu başqalarına nisbətən çox idi. İnsanlar canları və malları üçün qorxuya düşüb hər vasitə ilə yaxınlaşmaqda olan dəstənin Barfüruşa girməsinin qarşısını almağa hazır olduqlarını bildirdilər. Hərə əlinə keçən silahı götürdü. Və səhər tezdən bir yerə yığışıb Səidül-üləmanın din düşmənləri kimi təqdim etdiyi adamların qarşısını kəsmək, onların mallarını qarət etmək üçün Barfüruşdan çıxdılar.

Cənab Molla Hüseyn isə Mazandaran yolu ilə irəliləməkdə davam edirdi. O, sübh namazından sonra əshabələrə elan etdi ki, yanlarında olan dünya malını çöllüyə atsınlar. Molla Hüseyn dedi: “Yalnız atınızı və qılıncınızı saxlayın, qalan lazımsız şeyləri özünüzdən uzaqlaşdırın. Qoy bütün insanlar bilsinlər ki, Allahın dostları nəinki başqasının malına göz dikməzlər, hətta öz mallarına qarşı da tam etinasızdırlar”. Cənab Babülbabın bütün yoldaşları bu göstərişə əməl etdilər, özləri ilə nə vardısa, çölə atdılar və atlarına minib böyük sevinclə Molla Hüseynin ardınca yola düşdülər. Cənab Babülbabın göstərişini ilk yerinə yetirən şəxs cənab Bədinin atası Hacı Əbdül-Məcid Nişaburi oldu. O, atasının mədənindən özü ilə bir qədər firuzə götürmüşdü, bunun da böyük məbləğdə qiyməti vardı. Amma Molla Hüseynin bir sözü ilə o, bütün bu sərvəti kənara tulladı. Ümumiyyətlə, Hacı Əbdül-Məcid o qədər itaətkar idi ki, Molla Hüseynin bir işarəsi ilə bütün var-dövlətindən keçməyə hazır idi. Molla Hüseynin iradəsini yerinə yetirmək onun üçün hər şeydən üstün idi.

Barfüruşun bir fərsəxliyində cənab Molla Hüseyn və yoldaşları düşmənlə üz-üzə gəldilər. Dediyimiz kimi, onlar cürbəcür silahlarla silahlanıb özləri ilə azuqə də götürmüşdülər. O qaniçən insanların üzündən yırtıcılıq və vəhşilik yağırdı. Onlar əshabələri lənətləməyə, söyüb təhqir etməyə başladılar. Bunu görən əshabələr istədilər ki, qılınclarını sıyırıb o vəhşi yığnağının cavabını versinlər. Cənab Babülbab dedi: “Səbr edin, hələ müdafiənin vaxtı yetişməyib. Nə vaxt məcbur olsaq, onda qılınclarımızı qından çıxarıb müdafiə olunacağıq”. Bu arada düşmənlər tərəfindən saysız güllələr açıldı və əshabələrdən altı nəfəri şəhid oldu. Dostlardan biri Molla Hüseynə müraciətlə dedi: “Siz bizim sevimli başçımızsınız. Biz sizə yoldaş olmuşuq ki, canımızı mübarək Əmrin yolunda fəda edək. Xahiş edirəm, icazə verin, özümüzü müdafiə edək və canımızı Allah Əmrinə yardım göstərmək üçün qurban verək. Razı olmayın ki, bu cür müdafiəsiz, əliqolu bağlı halda düşmən güllələrinə hədəf olaq”.

Cənab Molla Hüseyn buyurdu: “Səbr edin, hələ şəhidlərin sayı tamamlanmayıb” (O, gözləyirdi ki, şəhidlərin sayı yeddiyə çatsın və beləliklə Həzrəti-Əlanın mübarək adındakı hərflərin sayına bərabər olsun) [Ərəb əlifbası ilə “Əli Məhəmməd” adında yeddi hərf vardır]. Həmin əsnada Seyyid Yəzdinin sinəsinə bir güllə dəydi. O, fədakar dostlardan biri idi. Məşhəddən bəri bütün yolu piyada gəlmişdi və dostlara xeyli kömək göstərmişdi. Cənab Molla Hüseyn onun düşmən gülləsinə tuş gəldiyini görəndə, üzünü asimana tutaraq dedi: “Xudaya, Pərvərdikara, Özün görürsən ki, Sənin sadiq bəndələrin necə əzab-əziyyət çəkirlər, bu adamlar Sənin bəndələrinlə necə rəftar edirlər. Sən özün bilirsən və agahsan ki, bizim bu camaatı Sənin müqəddəs yoluna istiqamətləndirməkdən özgə niyyətimiz yoxdur. Biz gəlmişik ki, Sənin mübarək Əmrinin zühurunun müjdəsini bu insanlara çatdıraq.İlahi, görürsən ki, bunlar bizə hücum çəkib bizi öldürməyə başlayıblar. Xudaya, Sən bizə icazə vermisən ki, başqaları bizə hücum edəndə özümüzü müdafiə edək. İndi Sənin icazənə əsasən, biz müdafiəyə başlayırıq!”

Bu münacatdan sonra cənab Babülbab qılıncını qınından çıxardı, atına minib düşmənin üstünə çapdı və Seyyid Yəzdini şəhid edən şəxsi təqib etməyə başladı. Həmən şəxs Molla Hüseynin qarşısından qaçıb bir ağacın dalında gizləndi və tüfəngini müdafiə üçün hazır vəziyyətdə saxladı. Cənab Molla Hüseyn onun yerini bilib üstünə yeridi və qılıncının bir zərbəsi ilə ağacın kövdəsini, tüfəngin lüləsini və həmən şəxsi ikiyə böldü. Düşmənlər Molla Hüseynin bu zərbəsini görüb qorxdu və xof içində qaçmağa başladılar. Bu, ilk dəfə idi ki, cənab Molla Hüseyn öz qəhrəmanlıq və şücaətini nümayiş etdirirdi. Həzrət Bab həmin hadisədəki qəhrəmanlığına görə ona inayətini bildirmişdi. Cənab Qüddus bu hadisədən xəbər tutanda, Babülbabı tərifləməyə başlamış və Quranın bu ayələrini oxumuşdu: “Onları siz öldürmədiniz, Allah öldürdü, atdığın zaman da sən atmadın, Allah atdı və bununla möminləri yaxşı bir sınaqdan keçirtdi. Şübhəsiz, Allah hər şeyi eşidən və biləndir. Bu, sizə nəsib oldu. Həqiqətən, Allah kafirlərin hiyləsini təsirsiz edəndir” (“Ənfal” surəsi, 17-18-ci ayələr).

Mən (müəllif) 1265-ci (1849-cu) ildə Təbərsi hadisələri başa çatandan bir ay sonra Tehranda cənab Mirzə Əhməddən sözü gedən hadisəni eşitdim. Dostlardan bir çoxu, o cümlədən, Mirzə Məhəmməd Hüseyn Həkim Kirmani, Hacı Molla İsmayıl Fərahani, Mirzə həbibullah İsfahani və Seyyid Məhəmməd İsfahani də orada idilər. Sonralar mən Əmrə dair məlumatlar almaq üçün Məşhəddə olduğum zaman cənab Müqəddəs Xorasaninin evində cənab Bədinin atasının və cənab Nəbil Əkbərin iştirakı ilə Molla Məhəmməd Füruğiyə həmin hadisə barədə sual verdim və ondan xahiş etdim ki, Molla Hüseynin bir qılınc zərbəsi ilə ağacı, tüfəngin lüləsini və həmən şəxsi ikiyə bölməsi əhvalatını mənə danışsın. Cənab Füruği dedi ki, əgər mən o hadisəni öz gözümlə görməsəydim, heç vaxt təsdiq etməzdim. Sonra isə əlavə etdi: “Vəsəks hadisəsində şahzadə Mehdiqulu Mirzə məğlub olarkən, o qədər qorxmuşdu ki, ayaqyalın qaçıb canını qurtarmışdı. Əmir Nizam şahzadəni məzəmmət edib qınamış və demişdi: “Mən güman etməzdim ki, sən bir neçə zəif tələbənin qarşısından qaçacaqsan. Mən sənə inanıb şahın qoşununu etibar etdim, sən isə xəcalət çəkməyərək qaçdın və bu biabırçılığı öz üzərinə götürdün. Əgər səni ruslarla, yaxud osmanlılarla müharibəyə göndərsəm, nə edəcəksən?!” Şahzadə Əmir Nizamın bu sözlərini eşitdikdə, belə qərara gəldi ki, cavab kimi Molla Hüseynin qılıncla ikiyə böldüyü tüfəng lüləsini ona göndərsin. Buna görə də həmən tüfəng lüləsini bir qasidə verib Əmir Nizamın yanına yolladı və ona dedi: “Gedib bu tüfəng lüləsini Əmir Nizama verərsən və deyərsən ki, bu, sizin zəif tələbə adlandırdığınız şəxslərdən birinin zərbəsidir. Həmin şəxs qılıncının bir zərbəsi ilə ağacı, tüfəngi və tüfəng sahibini üstüstə altı yerə bölüb”. Bu məsələ o qədər məşhur və şübhəsiz idi ki, düşmənlər də onu təsdiq edirdilər. Əmir Nizam bu məsələyə göz yuma bilmədi, zəif və aciz sandığı şəxslər barədə fikrini dəyişməli oldu. Və onlara müqavimət göstərməyin mənasız olduğunu anlayıb məkr və hiyləyə əl atdı. Şahzadə Mehdiqulu Mirzəyə göstəriş verdi ki, Qurana əl basıb hərbçi şərəfinə and içsin və qaladakılar silahı yerə qoyarlarsa, onlara toxunulmayacağını bildirsin. Qaladakı əshabələr Quranın ehtiramını saxlamaq üçün silahlarını yerə qoydular, amma şahzadə öz əhdinə və andına əməl etmədi, əshabələri silahsız görən kimi onların hamısını qılıncdan keçirdi”.

O vaxtlar Molla Hüseynin bu şücaətinin şahidi olan şəxslər hər yerdə bu hadisəni danışırdılar, qərəzdən uzaq olan adamlar Molla Hüseyni hədsiz dərəcədə tərifləyib ucaldırdılar. Hətta İranın müxtəlif yerlərində yaşayan şairlər belə zərbə sahibinin igidliyini nəzmə çəkib qəsidələr yazırdılar. Bu məsələ o qədər məşhurdur ki, onu tarix səhifəsindən silmək mümkün deyil. “Tarixi-nasiri” kitabının müəllifi Rzaqulu xan Lələbaşı bu hadisəni öz əsərində canlı şəkildə təsvir etmiş, Molla Hüseynin şücaətini, qəhrəmanlığını və qılınc çalmaq məharətini xeyli tərifləmişdir.

Mən (müəllif) Mirzə Məhəmməd Füruğidən soruşdum: “Nasixüt-təvarix” müəllifi yazır ki, Molla Hüseyn əvvəllər bir müddət at çapmaq və qılınc oynatmaqla məşğul olmuşdur. Sizcə, bu fikir doğrudurmu?” Cənab Füruği dedi: “Bu xalis böhtan və ağ yalandır. Çünki mən Mola Hüseyni çoxdan tanıyırdım və onunla oturub-dururdum. Əvvəllər onun cismani qüvvəsi o qədər zəif idi ki, mən ondan qat-qat güclü idim. O, bir şey yazmaq istəyəndə, əli titrəyirdi, istədiyi sürətlə yaza bilmirdi. Nə at çapmaqla məşğul olurdu, nə də qılınc vurmaq öyrənirdi. Aydındır ki, qələm götürəndə titrəyən əl qılınc tuta bilməz. Onun əli Mazandarana gedənə qədər titrəməkdə davam edirdi. Məhz orada o, yəzdli gəncin qatilindən intiqam almaq üçün ilk dəfə qılınc çəkmiş və belə qeyri-adi məharət nümayiş etdirmişdi. Onun vücudunda əvvəllər olmayan belə bir gücün peyda olmasını yalnız qeybdən gələn qüvvə ilə əlaqələndirmək mümkündür. Sonrakı döyüşlərdə də bəzən cənab Molla Hüseyn hamıdan qabaq atına minib təkbaşına düşmənlərin üstünə hücum çəkir və onlara üstün gəlirdi. Bizlər onun ardınca düşmənə həmlə edir və çox vaxt Molla Hüseynin qılıncı ilə yarımcan olmuş adamların işini bitirirdik. Molla Hüseynin adı gələndə, düşmənlərin ürəyi əsirdi. Onlar onun adını eşidəndə, qaçırdılar, özünü görəndə isə qorxudan titrəyirdilər. O, elə zəhmli idi ki, iman əhli də onun hüzuruna daxil olanda, özlərini itirirdilər. Biz hamımız təəccüblənir və heyrət edirdik ki, Molla Hüseyndə bu güc, bu iradə haradan peyda olub, bu şücaət və qəhrəmanlığı o necə əldə edib. Bir sözlə, döyüşlərdə iştirak edən bu Molla Hüseyn bizim əvvəllər gördüyümüz və tanıdığımız o şəxs deyildi. Həqiqətən, biz görürdük ki, onun vücudunda ilahi bir qüvvə təzahür edib və bunun sayəsində o, qeyri-adi işlər görə bilir”.

Cənab Mirzə Məhəmməd Füruqi mənə (müəllifə) danışdı ki, Molla Hüseyn o tarixi qılınc zərbəsini endirdikdən sonra biz daha onu görmədik və hara getdiyini bilmədik. Bizim heç birimiz onun tozuna da çatmadıq. Yalnız vəfalı xidmətçisi Qənbərəli onunla birgə idi. Sonradan o bizə danışdı ki, Molla Hüseyn aramsız olaraq, düşmənə hücum edirdi və qarşısını kəsən şəxslərin bir zərbə ilə işini bitirirdi. Beləcə o, düşmənin səflərini Yararaq və ətrafına yağan güllələrə əsla əhəmiyyət verməyərək, birbaşa Barfüruşa daxil oldu və atını Səidül-üləmanın evinə tərəf çapdı. O, acıqlı halda üç dəfə Səidül-üləmanın evinin ətrafına dövrə vurdu və qışqıraraq dedi: “Ey alçaq və qorxaq, sən ki, bu şəhərin camaatını cihada çağırmısan, bəs özün haradasan? Nə üçün qorxub evinin divarları arasında gizlənmisən? Gəl, meydana çıx! Əgər düz deyirsənsə, evindən çıx, qoy başqaları da səndən nümunə götürsünlər! Ey axmaq və qorxaq, məgər unutmusan ki, camaatı cihada çağıran şəxs əvvəl özü öz canından keçməlidir və başqaları da onun qəhrəmanlığına baxıb ruhlanmalıdır?!”

Molla Hüseynin sözləri bütün camaatı mat qoydu. Barfüruş əhalisi vəziyyəti belə görüb təslim olmaq qərarına gəldi və “aman, aman!” deyə yalvarmağa başladı. Camaat yalvarmaqda ikən, Molla Hüseynin əshabələri şəhərə daxil oldular və “ya Sahib əz-zaman!” sədaları ilə hamını lərzəyə saldılar. Onlar Molla Hüseyni salamat görməyə ümidlərini itirmişdilər, amma onun öz atının belində sağ-salamat oturduğunu görüb çox sevindilər, dərhal onun hüzuruna tələsərək, atının üzəngisini öpdülər. Həmən gün axşamçağı Molla Hüseyn Barfüruş camaatına aman verdi və ətrafına toplanmış çoxlu insanlara müraciət edərək dedi: “Ey Rəsulullahın ümməti, ey Əli-əleyhissalamın şiələri nə üçün bizə həmlə etdiniz? Biz əminik ki, əgər ölsək, Allah yolunda şəhid olaçağıq. Siz bizim müqəddəs islam dininə zidd olan hansı əməlimizi gördünüz ki, bizə hücum çəkdiniz? Məgər Həzrət peyğəmbər belə buyurub?! Sizə tövsiyyə olunan rəftar beləmi olmalıdır?! Allahın peyğəmbəri möminlər və kafirlərlə bu cürmü rəftar edirdi? Peyğəmbər buyurub ki, səbəbsiz yerə möminləri və kafirləri incitməyin. Siz bizim hansı pis işimizin şahidi oldunuz ki, bizi öldürmək fikrinə düşdünüz? Axı bir düşünün, baxın ki, mən təkbaşına əlimdə olan qılıncla düşmənin sıralarını yardım, hər tərəfdən güllə yağmasına, ətrafımı atəş bürüməsinə baxmayaraq, sağ-salamat gəlib bura çıxdım və azacıq da olsa, xəsarət almadım. Sizin şiddətli həmlələriniz mənə heç nə edə bilmədi və üzümdə olan bu yüngül yaradan başqa mənə heç bir ziyan dəymədi. Məgər bu, Allahın məni hifz etməsi və qoruması demək deyildirmi?! O məni hifz etdi ki, öz Əmrinin əzəmətini sizin gözləriniz önündə açıq-aşkar nümayiş etdirsin”.

Bu sözləri dedikdən sonra cənab Molla Hüseyn yaşıl meydandakı karvansaraya yollandı. Qapının ağzında atından düşüb gözlədi ki, bütün möminlər yığışsınlar. Molla Hüseyn möminləri qonaq etmək istədi, buna görə də bir neçə nəfəri göndərdi ki, bazardan çörək və su gətirsinlər. Bir müddətdən sonra göndərdiyi adamlar geri dönüb dedilər: “Çörəkçi bizə çörək vermədi, camaat da su gətirməyə qoymadı”. Sonra da əlavə etdilər: “Siz həmişə bizə məsləhət görürsünüz ki, Allaha təvəkkül edək və Tanrının səxavətinə ümid bağlayaq. Necə ki, buyurulub: “Bizə Allahın yazdığından başqa heç nə üz verməz, buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər”. (Tövbə surəsi, 51-ci ayə). Molla Hüseyn göstəriş verdi ki, karvansaranın qapısını bağlasınlar. Sonra da möminlərə dedi: “Qürub çağına qədər gözləyin”. Azan vaxtı yaxınlaşanda Molla Hüseyn üzünü əshabələrə tutub soruşdu: “Sizin aranızda elə bir kəs varmı ki, canından keçib dama qalxsın və azan versin?!” Bir gənc hədsiz sevinclə bu işə razılıq verdi və dama qalxıb azana başladı. Elə “Allahu əkbər!” demişdi ki, şəhər camaatı tərəfindən ona bir güllə atıldı və həmin gənc şəhid oldu. Molla Hüseyn buyurdu ki, başqa bir şəxs onu əvəz edib azanı tamamlasın. Digər bir gənc dama qalxdı. O da “Əşhədu ənnə Muhəmmədən-Rəsulullah” dediyi anda düşmən gülləsinə tuş gəlib şəhid oldu. Molla Hüseynin göstərişi ilə üçüncü şəxs azanı qurtarmaq üçün dama çıxdı. O da əvvəlki iki nəfər kimi azanı axıra çatdırmamış düşmən gülləsi ilə şəhid oldu.

Cənab Babülbab vəziyyəti belə görüb əmr etdi ki, karvansaranın qapısını açsınlar və ətrafdakı düşmənlərin cəzasını versinlər. Özü də atına minib qılıncını sıyırdı və meydana toplaşmış şəhər əhalisinin üzərinə hücum çəkdi. Adamlar Babülbabın sıyrılmış qılıncını görən kimi qorxu və dəhşət içərisində qaçmağa başladılar. Bir neçə nəfər yerə yıxılıb qanına qəltan oldu. Qalanları aman diləyib bağışlanmalarını xahiş etdilər. Hələ hava tam qaralmamışdı ki, yaşıl meydanda dalğalanan çoxsaylı insan kütləsindən bir nəfər də orada qalmadı, hay-küy tamamilə kəsildi. Ölənlərin cəsədi eləcə meydanda düşüb qalmışdı. Bu dəhşətli mənzərə Allahın köməkliyi ilə möminlərin qələbəsindən və düşmənlərin məğlubiyyətindən xəbər verirdi. İş o yerə çatdı ki, şəhərin əyanlarından və böyüklərindən bir neçəsi vasitəçilik edərək, cənab Babülbabın yanına getməyi və öz həmyerliləri üçün aman diləməyi qərara aldılar. Əyanlar və böyüklər hələ atından düşməmiş cənab Babülbabın yanına piyada gəldilər və ona yaxınlaşıb dedilər: “Allah şahiddir ki, bizim ayrı məqsədimiz yoxdur. Biz gəlmişik ki, aman istəyək. Xahiş edirik atdan düşməyin və bizim sözlərimizi dinləyin”. Cənab Babülbab onların səmimiyyətinə inanıb atdan düşdü və onları karvansaraya dəvət edərək dedi: “Biz bu şəhərin camaatı kimi deyilik ki, öz qonağımızı güllə və qılıncla qarşılayaq. Biz qonaqpərvərlik qaydalarını yaxşı bilirik. Buyurun!” Sonra cənab Babülbabın göstərişi ilə əshabələr qonaqlar üçün çay gətirdilər. Şəhərin əyanları və böyükləri Molla Hüseynə dedilər: “Bütün bu fitnələri törədən Səidül-üləmadır, şəhər əhalisinin təqsiri yoxdur. Sizdən xahiş edirik ki, camaatı bağışlayın, bütun bunlar Səidül-üləmanın işləridir. Gəlin, keçmişi unudaq. Sizdən xahişimiz budur ki, sabah səhər öz əshabələrinizlə birlikdə Amul şəhərinə yollanın. Bu səfər həm şəhərimizin əhalisi üçün, həm də sizin özünüz üçün xeyirli olar. Bu şəhər indi böyük həyəcan içərisindədir”. Cənab Babülbab əyanların təklifini qəbul etdi, eyni zamanda Barfüruş camaatının etibarsızlığından kileyləndi. Bundan sonra Abbasqulu xan Laricani və Hacı Mustafa xan özləri ilə gətirdikləri Quranı çıxarıb and içdilər ki, sizə qarşı heç bir pis niyyətimiz yoxdur, dediklərimizin hamısı həqiqətdir. Daha sonra dedilər: “Sizdən xahiş edirik, bu gecə bizim qonağımız olun. Sabah səhər biz Xosrov Qadigəlayini yüz nəfərlə birlikdə hüzurunuza göndərəcəyik ki, sizi müşayiət edib, Şirgaha çatdırsın”. Axırda yenə and içib söylədilər: “Əgər bizim sizə və sizin əshabələrinizə sui-qəsd etmək, hər hansı xəyanətə əl atmaq niyyətimiz varsa, Allah bizə lənət eləsin, dünyada və axirətdə Tanrının qəzəbinə tuş gələk!”

Bu söhbət əsnasında adı çəkilən şəxslərin adamları karvansaraya daxil oldular. Onlar Babülbabın əshabələri üçün yemək gətirmişdilər, həmçinin əshabələrin atları üçün otələf tədarükü görmüşdülər. Cənab Molla Hüseyn əshabələrə işarə etdi ki, iftarlarını açsınlar. Onlar həqiqətən oruclu idilər: həmən gün zilqədə ayının 12-si (oktyabrın 10-u) olsa da, səhərdən o vaxta qədər nə cənab Babülbab, nə də əshabələr bir tikə çörək yeyib, bir qətrə su içməmişdilər. Karvansara əyanlar, böyüklər, onların nökərləri və xidmətçiləri ilə dolmuşdu. Qonaqların sayı o qədər çox idi ki, onlar üçün hazırlanmış çaydan cənab Babülbaba və əshabələrin özlərinə bir şey çatmadı. Axşamdan dörd saat keçmiş cənab Molla Hüseyn və dostları Abbasqulu xan və Hacı Mustafa xanla birlikdə şam yeməyi yedilər.

Gecə yarısı Səidül-üləma Xosrov Qadigəlayini yanına çağırıb dedi: “Mən istəyirəm ki, sən münasib bir məqam secib sabah gedən adamları öldürəsən və onlardan bir nəfəri də sağ qoymayasan. Onların nə vəsaiti və əmlakı varsa, sənin halalın olsun”. Xosrov dedi: “Mən heç vaxt belə iş tutmaram, çünki onlar müsəlmandırlar. Azanı başa çatdırmaq üçün onlardan üç nəfəri özünü ölümə verdi. Əgər biz müsəlmanıqsa, heç vaxt bu cür əməllər törətməməliyik və bir dəstə müsəlmanı aldadıb öldürərək, mallarıta sahib çıxmamalıyıq”. Səidül-üləma dediyindən əl çəkmədi, tam kobudluq və həyasızlıqla Xosrova müraciət edib söylədi: “Sən get, onları öldür, heç nədən qorxma. Əgər qiyamət günü Allah səndən soruşsa ki, niyə bu cür iş tutmusan, mən Allahın cavabını özüm verəcəyəm. Biz müctəhidik, dini rəhbərik və sizdən yaxşı bilirik ki, dində meydana gələn bu cür bidətlərin qarşısını necə almaq lazımdır”.

Günəş çıxan kimi Abbasqulu xan Xosrovu yanına çağırıb dedi: “Sən Molla Hüseynlə və onun yoldaşları ilə son dərəcə ehtiramla davranmalı və onları sağ-salamat Şirgaha çatdırmalısan. Əgər sənə bir şey bağışlamaq istəsələr, qətiyyən qəbul etməməlisən”. Xosrov Abbasqulu xanın qarşısında itaətlə baş əyib üzdə dedi: “Dedikləriniz hamısı yerinə yetiriləcək. Mən və süvarilərim çalışacağıq ki, Molla Hüseynə və yoldaşlarına xidmət göstərməkdə əlimizdən gələni əsirgəməyək. Buna görə də qayıdanda onlardan razılıq məktubu alıb sizə gətirəcəyəm ki, siz onların xidmətində necə durduğumuzu özünüz görəsiniz”. Sonra Abbasqulu xan, Hacı Mustafa xan, Xosrov və bir çox Barfüruş əyanları Molla Hüseynin yanına getdilər. Onlar ora çatan kimi, Molla Hüseyn üzünü camaata tutub dedi: “Yaxşılıq da etsəniz, özünüzə etmiş olursunuz, pislik də!” (İsra surəsı, 7-ci ayə). Əgər bu şəxs (yəni Xosrov) bizimlə yaxşı rəftar etsə, biz ona yaxşı bir mükafat verəcəyik, yox əgər bizi aldatmaq fikrinə düşsə, öz əməlinin cəzasına çatacaq. Biz öz işlərimizi Allahın ixtiyarına buraxmışıq və Ona təvəkkül etmişik. “Gərək mömiilər Allaha təvəkkul etsinlər” (Ali-İmran surəsı,122-ci ayə).

Bu sözləri dedikdən sonra cənab Molla Hüseyn əmr verdi ki, əshabələr səfərə hazırlaşsınlar. Qənbərəli cənab Babülbabın əmrini əshabələrə çatdırmaq üçün uca səslə deyirdi: “Ey Allahın öz canından keçmiş süvariləri, hamınız atlanın və getməyə hazır olun!” (Adətən, belə məqamlarda Qənbərəli Babülbabın göstərişlərini əshabələrə çatdırmaqla məşğul olardı). Sədaqətli əshabələr öz başçılarının əmrini eşidən kimi hərəkətə hazırlaşdılar. Xosrovun süvarilərindən bir neçəsi qabaqda gedirdi, cənab Molla Hüseynlə Xosrov atlarını yanaşı sürürdülər. Əshabələr də onların ardınca hərəkət edirdilər. Xosrovun qalan süvariləri sağda və solda yol gedirdilər. Bu süvarilər təpədən dırnağa qədər silahlanmışdılar və hər an Xosrovun əmrini yerinə yetirməyə hazır idilər. Əvvəl belə nəzərdə tutulmuşdu ki, onlar səhər tezdən Barfüruşdan çıxsınlar və günortaya yaxın Şirgaha çatsınlar. Lakin onlar yalnız günəş çıxandan iki saat sonra Barfüruşu tərk edə bilmişdilər. Xosrov öz məqsədini həyata keçirmək üçün əshabələri daha çox meşə yolları ilə aparmağa çalışırdı. Cənab Babülbabın əshabələri bir meşəyə daxil olan kimi Xosrov məqamı münasib bilib öz süvarilərinə işarə verdi. Qəflətən onlar yırtıcılar kimi əshabələrin üzərinə hücum çəkdilər və dostlardan bir çoxunu qətlə yetirdilər. Ölənlər arasında cənab Molla Sadiq Müqəddəs Xorasaninin qardaşı da vardı. Cənab Molla Hüseyn bu hadisədən agah olan kimi atından düşdü və Xosrova dedi: “Bu nə məsələdir? Günorta olub, amma biz hələ Şirgaha çatmamışıq. Mən daha səninlə yol getməyəcəyəm,sənin və süvarilərinin bələdçiliyinə ehtiyacım yoxdur”. Sonra Qənbərəliyə göstəriş verdi ki, namaz qılmaq üçün bir yerə həsir salsın.Cənab Babülbab dəstəmaz aldığı zaman Xosrov süvarilərindən birini çağırıb söylədi: “Get Molla Hüseynə de ki, əgər sağ-salamat mənzil başına çatmaq istəyirsənsə, gərək atını və qılıncını mənə verəsən”.

Cənab Molla Hüseyn bu sözlərə fikir vermədi və namaz qılmağa başladı. Sədaqətli və şücaətli əshabələrdən biri olan Mirzə Məhəmməd Tağı Cüveyni Səbzəvari bu zaman baxıb gördü ki, Xosrovun nökərlərindən biri qəlyan hazırlamaqla məşğuldur. Tez onun yanına gedib dedi: “Xahiş edirəm, qəlyanı mənə ver, qoy mən Xosrov üçün aparım”. Nökər etiraz etmədi. Mirzə Məhəmməd Tağı qəlyanı götürdü və aparıb Xosrovun qarşısına qoydu. Sonra əyilib daha yaxşı alışması üçün qəlyanın başındakı odu üfürməyə başladı. O cür əyilmiş vəziyyətdə qəfildən Xosrovun belinə bağlanmış xəncəri qınından çəkib çıxardı və düz dəstəyinə qədər onun qarnına soxdu. Molla Hüseyn hələ də namaz qılmaqla məşğul idi. Bu zaman digər əshabələr “ya Sahib əz-zaman!” deyə qışqıraraq düşmənin üzərinə hücum etdilər və Xosrovun bütün süvarilərini qətlə yetirdilər. Heç kəs sağ qalmadı, bircə Xosrov üçün qəlyan hazırlayan nökərdən başqa. O, vəziyyəti belə görən kimi qorxuya düşdü, üstündə silahı da yox idi, tez özünü cənab Molla Hüseynin ayaqlarına atıb bağışlanmasını xahiş etdi. Cənab Babülbab Xosrovun qiymətli daşlarla bəzədilmiş qəlyanını da o nökərə bağışlayıb dedi: “Barfüruşa çatan kimi bütün əhvalatı olduğu kimi danış və Abbasqulu xana de ki, Xosrov vəfasız çıxdı, məkr və hiyləyə əl atdı. Bu səfeh və bədbəxt mənim atımı və qılıncımı istəyirdi, halbuki mən öz işlərimi başa çatdırmamışam. Bu at və qılıncla mən bir çox işlər görməliyəm və həmin işləri həyata keçirməyincə, heç kəs bu atı və qılıncı mənim əlimdən ala bilməz”.

Xülasə, axşam düşdü. Əshabələr gecəni həmən yerdə qaldılar. Səhər tezdən Molla Hüseyn sübh namazını qıldıqdan sonra əshabələri bir yerə yığıb dedi: “Biz öz Kərbəlamıza yaxınlaşırıq”. Bunu deyib yola düzəldi, əshabələr də onun ardınca hərəkət etdilər. Yola düşməzdən qabaq bəzi əshabələr Xosrovun şeylərini götürmək istədilər. Cənab Babülbab dedi: Qətiyyən belə iş tutmayın, heç nə götürməyin. Yalnız atları və qılıncları özünüzlə götürün”. Sonra isə əlavə etdi: “Biz nəzərdə tutduğumuz son nöqtəyə çatmaqdayıq. Tezliklə öz Kərbəlamıza varid olacağıq. Buna görə biz hər şeydən əlimizi üzməli, dünya malından uzaq olmalıyıq”. Onlar yollarına davam etdilər və bir mənzil məsafə qət etdikdən sonra Şeyx Təbərsinin məqbərəsinə çatdılar. Şeyx Təbərsi məşhur mühəddislərdən və hədis rəvayətçilərindən biri olmuşdur. O tərəflərdə yaşayan əhali Şeyx Təbərsinin məqbərəsinə ziyarətgah kimi gəlirdi. Cənab Molla Hüseyn məqbərəyə çatan kimi Quranın aşağıdakı ayəsini oxudu: “Pərvərdigara! Məni mubarək bir yerə endir. Sən sığınacaq verənlərin ən yaxşısısan!” (Muminun surəsi, 29-cu ayə).

Şeyx Təbərsi məqbərəsinin xidmətçisi cənab Babülbabın və əshabələrin ora gəlişi ərəfəsində gecə yuxuda görmüşdü ki, şəhidlərin ağası Həzrət İmam Hüseyn-əleyhissalam yetmiş iki nəfər sadiq əshabəsi və bir çox digər tərəfdarları ilə birlikdə Şeyxin məqbərəsinə təşrif gətirmişdir. Onlar orada qalıb cihadla məşğul olmağa başladılar və hər tərəfdən hücum çəkən çoxsaylı düşmənləri qeyri-adi şücaətləri sayəsində məğlub edərək, qələbə çaldılar. Sonra Həzrət Rəsulullah (s) da ora təşrif gətirdi, Həzrət İmam Hüseyn-əleyhissalam və əshabələrlə birlikdə cihad və müharibə etdi. Ertəsi gün məqbərənin xidmətçisi ora gələn Molla Hüseyni görən kimi tanıdı və anladı ki,şəhidlərin ağası məhz bu şəxsin qiyafəsi və görkəmində onun yuxusuna girmişdir. Buna görə də ixtiyarsız olaraq özünü cənab Molla Hüseynin ayaqlarına atdı və öz sədaqətini izhar etdi. Cənab Babülbab xidmətçini yanında əyləşdirdi və onun yuxusunun məzmununu dinləyib dedi: “Sənin yuxuda gördüklərin tezliklə aşkarda baş verəcək və sən bütün o böyük hadisələri öz gözlərinlə görəcəksən”. Həmən xidmətçi böyük şərəfə layiq görülüb Şeyx Təbərsi qalasındakı əshabələrin sırasına qoşuldu və elə o qalada da şəhidlik zirvəsinə ucaldı.

Əshabələrin Şeyx Təbərsi məqbərəsinə gəldikləri gün zilqədə ayının 14-ü (oktyabrın 12-si) idi. Cənab Babülbab Məşhəddə öz evini Əmrin təbliğinin xidmətinə vermiş Mirzə Bağır Qainini yanına çağırıb lazımi göstərişlər verdi və ona tapşırdı ki, Şeyxin məqbərəsini alınmaz bir qala halına gətirsin. O da aldığı göstərişə uyğun olaraq, işə başladı.

Günəş qürub edərkən meşədən bir dəstə süvari çıxıb Şeyxin məqbərəsini əhatəyə aldılar və qışqırıb dedilər: “Biz Qadikəla camaatıyıq, Xosrovun qanını almağa gəlmişik. Sizin hamınızı qılıncdan keçirməyincə, buradan gedən deyilik”. Əshabələr özlərini müdafiə etmək üçün qılınclarını sıyırmalı oldular və “ya Sahib əz-Zaman!” sədaları ilə qaniçən düşmənin üstünə hücum çəkdilər. Düşmənlər qaçmağa başladılar. Əshabələrin sədası o qədər güclü və təsirli idi ki, düşmənlər bir an da dayanmadılar və dərhal hamılıqla gözdən itdilər. Bu hücumda əshabələrə Xosrovu qətlə yetirmiş Mirzə Məhəmməd Tağı Cüveyni başçılıq edirdi. Əshabələr düşmənin yenidən hücum etməsinə imkan verməmək üçün onları təqib edib qırmaq qərarına gəldilər. Buna görə də qaçanların ardınca hərəkət edib bir kəndə çatdılar. Elə bildilər ki, bu, Qadigəla kəndidir. Kəndin əhalisi əshabələri görüb qaçmağa başladı. Bu arada təsadüfən həmən kəndin sahibi Nəzər xanın anası öldürüldü. Qadınlar şivən qoparıb dedilər ki, nə üçün bizi öldürürsünüz, biz ki Qadigəla camaatı ilə əlbir deyilik. Mirzə Məhəmməd Tağı Cüveyni bu sözləri eşidib anladı ki, bura Qadigəla deyil, başqa bir yerdir, özü də Nəzər xana məxsusdur. Və başa düşdü ki, əshabələr bu səhv nəticəsində ölümə bais olublar. Dərhal qırğını dayandırmaq əmri verdi və kədərli bir halda camaata dedi: “Biz elə bildik ki, bura Qadigəladır, yoxsa bizim qətiyyən heç kəsi incitmək fikrimiz yoxdur. Biz istəyirdik ki, Qadigəladan gələnlərin cəzasını verək, çünki onlar bizim üstümüzə hücum çəkmişdilər və hamımızı qətlə yetirmək niyyətində idilər. Bizim sizlərə əziyyət vermək məqsədimiz olmayıb və nə baş veribsə, səhv nəticəsində baş verib. Buna görə sizdən üzr istəyirik”. Öz evində gizlənmiş Nəzər xan bu sözləri eşidib bildi ki, Mirzə Məhəmməd Tağı düz deyir. O, anasının öldürülməsinə görə çox mütəəssir olsa da, dərhal evindən çıxdı, Mirzə Məhəmməd Tağını içəri dəvət etdi və ondan xahiş etdi ki, onu cənab Babülbabın hüzuruna aparsın. Nəzər xan dedi: “Mən çox istəyirəm ki, belə şücaətli, qorxmaz və fədakar tərəfdarları olan bu əzəmətli Əmrin mahiyyətindən agah olum”.

Dan yeri ağararkən, Mirzə Məhəmməd Tağı Nəzər xanla birlikdə Şeyxin məqbərəsinə çatdılar. Bu zaman cənab Babülbab sübh namazını qılmaqla məşğul idi, əshabələr də onun sözlərini və hərəkətlərini təkrar edirdilər. Nəzər xan bu mənzərəni görüb o qədər sevindi ki, istər-istəməz namaza qoşuldu. Əshabələr nə deyirdilərsə, o da deyirdi. Namazdan sonra Nəzər xanın anasının öldürülməsi və digər məsələlər barəsində cənab Babülbaba məlumat verildi. Cənab Babülbab hədsiz mehribanlıqla və xoş sözlərlə Nəzər xana başsağlığı verdi, bu hadisəyə görə çox təəssüfləndiyini bildirib dedi: “Allah şahiddir ki, bizim heç kəsi incitmək məqsədimiz olmayıb və yoxdur. Bizim əsas məqsədimiz özümüzü müdafiə etmək və bizə hücum edənlərin cavabını vermək olub”. Bundan sonra cənab Molla Hüseyn Barfüruş əhalisinin onlara hücumunu, karvansarada baş verən hadisələri, Xosrovun və onun süvarilərinin xəyanətini müfəssəl şəkildə Nəzər xana danışdı və axırda bir daha Nəzər xanın anasının öldürülməsindən kədərləndiyini bildirdi. Digər əshabələr də ona başsağlığı verdilər. Nəzər xan dedi: “Mənim anamın öldürülməsinə görə kədərlənib özünüzü üzməyin. Kaş mənim yüz övladım olaydı, hamısını sizin qarşınızda və Həzrət Sahib əz-Zamanın yolunda qurban verəydim”. Cənab Babülbab Nəzər xana hədsiz məhəbbətini və hörmətini izhar edib söylədi: “Siz öz evinizə qayıdın və bizim üçün imkanınız çatan qədər azuqə hazırlayıb göndərin”.

Dediyimiz kimi, cənab Molla Hüseyn hər şeydən əvvəl möhkəm bir qala tikmək barədə əshabələrə göstəriş vermişdi. O özü həmin qalanın layihəsini vermiş, öz əli ilə xətt çəkib qalanın əhatə etməli olduğu ərazini müəyyən etmişdi. Və əshabələrə təkidlə tapşırmışdı ki, qalanın tikintisini mümkün qədər tezliklə başa çatdırsınlar. Bunun üçün o, əshabələrini çoxlu dəstələrə bölmüş və hər dəstəyə bir işi həvalə etmişdi. Əshabələr qalanın tikintisi ilə məşğul olduqları zaman bir neçə dəfə qonşu kəndlərdən düşmənlər onlara hücum etmiş və hər dəfə də qorxu içərisində Babülbabın əshabələrinin qarşısından qaçmışdılar. Ətrafdakı düşmənləri bu hücumlara təhrik edən Səidül-üləma idi. Cənab Babülbabın sadiq tərəfdarları qəhrəmanlıqla müdafiə olunurdular və düşmənlərin həmlələri onları öz işlərindən qoya bilmirdi. Bütün düşmənlər xof içərisində idilər, onlar hansı tərəfdən hücum edirdilərsə, məğlub olurdular.

Tikinti başa çatdıqdan sonra cənab Molla Hüseyn qala divarının möhkəmləndirilməsi üçün lazım olan bütün tədbirləri həyata keçirdi ki, həmlələr önündə müqavimət göstərmək mümkün olsun. İşlər yenicə qurtarmışdı ki, Şeyx Əbu Turab qalaya gəldi və cənab Molla Hüseynə dedi: “Həzrət Bəhaullah halhazırda Nəzər xanın kəndindədir. Məni göndərib sizə deyim ki, bu gecə hamınız Həzrət Bəhaullahın qonağı olacaqsınız. Qürub çağı O özü qalaya təşrif gətirəcək”.

Molla Mirzə Məhəmməd Füruği mənə (müəllifə) danışırdı ki, Şeyx Əbu Turab Həzrət Bəhaullahın gəlişini cənab Molla Hüseynə xəbər verəndə, onun sevinci aşıbdaşdı. Dərhal bütün əshabələrə elan etdi ki, Mübarək Hüzura qovuşmağa hazır olsunlar və Möhtərəm Qonağı qəbul etmək üçün lazımi işləri həyata keçirsinlər. Əshabələr qalanı süpürməyə və su səpməyə başladılar. Cənab Babülbab özü də bu işdə iştirak edirdi və Əziz Qonağın qəbul olunması üçün hər cür şəraitin yaradılmasına şəxsən nəzarət edirdi. Hamı hazır vəziyyətdə gözləyirdi. Cənab Babülbab Həzrət Bəhaullahın Nəzər xanla birlikdə gəldiyini görən kimi Onu qarşılayıb hədsiz sevinclə salamladı və Onun üçün ayrılmış yerə apardı. Biz o vaxtlar Həzrət Bəhaullahın məqamının əzəmətindən xəbərsiz idik, Molla Hüseynin gördüyü şeyləri biz görmürdük. Biz bilmirdik ki, niyə Molla Hüseyn Həzrət Bəhaullaha bu qədər ehtiram göstərir. O, Mübarək Hüzura qovuşduğu zaman elə sevincək olmuşdu ki, bütün diqqəti Həzrət Bəhaullaha yönəlmişdi, sanki bizim orada olmağımızı hiss etmirdi. Gözlərini Həzrət Bəhaullahın üzünə dikmişdi, heç bir tərəfə baxmırdı. Biz onun yanında durmuşduq və gözləyirdik ki, bizə oturmağa icazə versin. Lakin o, hamını və hər şeyi unutmuşdu. Nəhayət, Həzrət Bəhaullah özü bizə əyləşməyə icazə verdi.

Həzrət Bəhaullahın sehrli nitqi hamıya son dərəcə dərin təsir bağışladı, baxmayaraq ki, o vaxtlar bizim heç birimiz O Həzrətin məqamının əzəmətini dərk etməmişdik. Sonra Həzrət Bəhaullah qalanı diqqətlə nəzərdən kecirdi və qalanın ətrafını gəzdi. O, Molla Hüseynin fəaliyyətini yüksək qiymətləndirdi, eyni zamanda əshabələrin salamatlığı və həyatının qorunması üçün zəruri olan məsələlər barədə faydalı məsləhətlər verdi, o cümlədən, buyurdu: “Hər baxımdan lazımi işləri görmüsünüz, amma bu qalanın bir çatışmazlığı var, o da aradan qaldırılsa, hər şey qaydasına düşər. Bu isə cənab Qüddusun qalada olmamasıdır. Molla Mehdi Xoyini altı nəfərlə birlikdə Sariyə göndərin, qoyun gedib Mirzə Məhəmməd Tağıya desinlər ki, Həzrət Qüddusu onlara təslim etsin. Arxayın olun, Tanrı elə şərait yaradacaq ki, Mirzə Məhəmməd Tağı dərhal öz əsirini əshabələrə təhvil verəcək". Sonra Həzrət Bəhaullah üzünü əshabələrə tutub dedi: “Hər halda səbrli olun, Allahın iradəsinə tabe olun. İnşallah, Mən də qalaya gəlib sizə kömək göstərəcəyəm. Allah sizi seçib ki, siz Onun əsgərlərinin önündə gedəsiniz və dünyada Onun dinini bərqərar edəsiniz. Siz həmən ilahi qoşunsunuz ki, sizin barənizdə buyurulub: “Bizim qoşunumuz hər bir halda zəfər çalacaqdır” (Saffat surəsi, 173-cu ayə). Nə baş verirsəversin, yəqin bilin ki, qələbə və uğur sizinlə olacaq”. Həzrət Bəhaullah bu sözləri deyib əshabələrlə vidalaşdı və onları Allaha tapşıraraq, Nəzər xan və Şeyx Əbu Turab ilə birlikdə Nəzər xanın kəndinə qayıtdı. Sonra isə Nura baş çəkib Tehrana getdi.

Cənab Molla Hüseyn Həzrət Bəhaullahın göstərişlərini yerinə yetirməyə başladı. Molla Mehdi Xoyini əshabələrdən altı nəfəri ilə birlikdə Sariyə göndərdi ki, Mirzə Məhəmməd Tağının evində məhbus olan cənab Qüddusu azad edib özləri ilə bərabər qalaya gətirsinlər. Mirzə Məhəmməd Tağı bu məsələdə heç bir müqavimət göstərmədi və dərhal cənab Qüddusu əshabələrə təslim edib dedi: “O mənim möhtərəm qonağım idi. Mənim evim onun öz evidir. O heç vaxt məhbus olmayıb ki, mən də onu azad edim. İxtiyar özündədir: istəyir qalsın, istəyir getsin. Necə istəyirsə, elə də etsin. Əgər getmək istəyirsə, mən onu nəzərdə tutduğu yerə qədər müşayiət etməyə hazıram”.

Eyni zamanda cənab Molla Hüseyn qaladakı əshabələrə demişdi: “Tezliklə Həzrət Qüddus təşrif gətirəcək. Siz Həzrət Baba bəslədiyiniz ehtiramı Həzrət Qüddusa da göstərməlisiniz. Mən Həzrət Qüddusun ən kiçik bir quluyam. Siz onun hər bir göstərişini tərəddüd etmədən yerinə yetirməlisiniz. Əgər ona itaət etməsəniz, yaxud onun göstərişlərinin icrasını lənkitsəniz, bilin ki, Əmrə xilaf iş görmüş olarsınız. O özü çağırmayınca, sizin heç biriniz onun hüzuruna getməməlisiniz. Heç vaxt öz istəyinizlə hərəkət etməyin, baxın görün, cənab Qüddusun istəyi necədirsə, elə rəftar edin. Cənab Qüddusun əlini və ayağını öpməyə cəhd göstərməyin, çünki onun pak ürəyi bu cür işləri xoşlamır. Siz öz rəftarınızla mənim başımı ucaltmalısınız, hamınız ona itaət göstərməlisiniz. Kim mənim bu sözlərimi qulaqardına vursa və dediklərimə zahirdə də, batində də əməl etməsə, ən ağır əzaba mübtəla olacaqdır”.

İlahi Təlim geri qalmış irq və millətlərin vəziyyətlərinin yaxşılaşdırması üçün müstəsna vasitədir. Yalnız xalqlar və dövlət xadimləri bu Təlimi öyrənib və onu qəbul etdikləri zaman millətlər onları zəncirləyən buxovlardan azad olacaqlar.

Həzrət Qüddus Sarinin ən böyük üləmalarından və cənab Qüddusun qohumlarından biri olan Mirzə Məhəmməd Tağının evində 95 gün məhbus olmuşdu. Bu müddət ərzində müctəhid onunla son dərəcə hörmətlə rəftar etmişdi. Bedəşt hadisəsinin şahidi olan bir çox əshabələr cənab Qüddusla görüşmək üçün onun evinə gələndə, müctəhid onların Qüddusla görüşünə mane olmurdu. Amma cənab Qüddus əshabələrdən heç birinə Saridə qalmağa icazə vermirdi və hamıya əmr edirdi ki, cənab Molla Hüseynin qara bayrağının altına toplaşsınlar. Bu həmən qara bayraq idi ki, Həzrət Peyğəmbər (s) onun barəsində müsəlmanlara müraciət edərək demişdi: “Nə vaxt Xorasan tərəfdən qara bayraqların ucaldığını görsəniz, hətta qarın üstü ilə sürünməli olsanız belə, onlara doğru tələsin və o bayraqların kölgəsinə sığının, çünki Xorasandan ucalan qara bayraq Mehdinin zühurundan xəbər verəcək”. Həzrət Babın əmri ilə cənab Molla Hüseyn tərəfindən Həzrət Qüddusun adına qaldırılmış bu qara bayraq Məşhəddən tutmuş Şeyx Təbərsi qalasına qədər dalğalanmışdı. Hicri 1264-cü il şaban ayının əvvəlindən 1265-ci il cümadiüs-sani ayının sonuna (1848-ci ilin iyul ayından 1849-cu ilin iyun ayına) qədər, yəni on bir ay ərzində səmavi səltənətin əlaməti olan bu müqəddəs bayraq daim şücaətli və fədakar əshabələrin başı üzərində dalğalanırdı və onlara deyirdi: “Bu dünyaya və onun sərvətinə göz yumun, ilahi Əmrə kömək göstərməyə başlayın”.

Cənab Qüddus Saridə qaldığı müddətdə müctəhid Mirzə Məhəmməd Tağını ilahi Əmrin mahiyyəti ilə tanış etməyə çox səy göstərmişdi, hər dəfə söhbət düşəndə, hədsiz mehribanlıqla və şirin sözlərlə həqiqətən Həzrət Babın dəvətinə aid olan məsələləri müctəhidə izah etməyə çalışmışdı. Müctəhid daxilən cənab Qüddusa ehtiramla yanaşırdı, Sari camaatını onu incitməyə qoymurdu, Həzrət Qüddusa əziyyət vermək istəyən şəxsləri qınayıb məzəmmət edirdi, amma onun bu davranışı öz iradəsindən doğmurdu, sanki hansısa batini qüvvə onu bu işə vadar edirdi. Belə ki, müctəhid əslində Həzrət Babın tərəfdarlarına qatı düşmənçilik münasibəti bəsləyirdi və son nəticədə o, həmin düşmənçiliyi büruzə verib Həzrət Babın bütün tərəfdarlarının öldürülməsi üzərində israr etmişdi.

Xülasə, qaladakı əshabələr Həzrət Qüddusun qalaya doğru gəldiyini eşidib sevincək oldular. Cənab Qüddus qalaya yaxınlaşanda, bir nəfəri göndərdi ki, onun gəlişini əshabələrə xəbər versin. Bu xəbər əshabələrin sevincini təzələdi. Cənab Molla Hüseyn hədsiz şadlıqla özü ilə yüz nəfər götürüb Həzrət Qüddusun pişvazına çıxdı. Bu yüz nəfərin hər biri əllərində iki şam tutmuşdu. Cənab Molla Hüseyn şəxsən həmin şamları yandırıb əshabələri Həzrət Qüddusu qarşılamağa aparmışdı. Şamların işığı gecənin qaranlığını aradan qaldırmışdı. Mazandaran meşəsinin ortasında əshabələr Həzrət Qüddusla üz-üzə gəldilər. Dərhal onun hüzuruna tələsib atının ətrafında dövrə vurdular və öz itaətlərini izhar etdilər. Sonra eləcə şamları əllərində tutmuş halda Həzrət Qüddusun arxasınca yola düzəldilər. Bütün əshabələr qalaya çatana qədər piyada getdilər. Cənab Qüddus əshabələr içərisində ulduzlar arasında parlayan Aya bənzəyirdi. Əshabələr gedə-gedə şerlər oxuyur və hədsiz sevinclə: “Rəbbimiz pak və müqəddəsdir, mələklərin və ruhun Rəbbidir!”—cümləsini ucadan təkrar edirdilər. Daha doğrusu, əvvəlcə Molla Hüseyn bu cümləni deyir, sonra da qalanları təkrarlayırdılar. Əshabələrin səsi meşədə əks-səda verirdi. Beləcə, onlar gəlib qalaya yetişdilər. Cənab Qüddus atından düşüb Şeyx Təbərsinin məqbərəsinə söykəndi və buyurdu: “Əgər möminsinizsə, Allahın verdiyi mənfəət sizin üçün daha xeyirlidir” (Hud surəsi, 86-cı ayə). Cənab Qüddus öz sözünə bu ayəni oxumaqla başladı və beləliklə, Həzrət Rəsulullahın (s) müjdəsi bu məqamda büsbütün öz təsdiqini tapdı.

Belə ki, bir hədisə görə, Həzrət Peyğəmbər (s) buyurmuşdur: Mehdi zuhur edən zaman bir qalaya söykənib ətrafında dövrə vurmuş üç yüz on üç nəfər əshabəsinə deyəcək: “Əgər möminsinizsə, Allahın verdiyi mənfəət sizin üçün daha xeyirlidir” (Hud surəsi, 86-cı ayə).

Cənab Qüddus “Allahın qalığı” deyərkən, Həzrət Bəhaullahı nəzərdə tuturdu. Mirzə Məhəmməd Füruği danışırdı ki, mən həmən vaxt orada idim. Həzrət Qüddus atdan düşüb Şeyx Təbərsinin məqbərəsinə söykənərək, Quranın sözü gedən ayəsini oxuduqdan sonra Həzrət Bəhaullahın adını çəkdi. Və Molla Hüseynə üz tutub ondan Həzrət Bəhaullah barədə soruşdu. Molla Hüseyn dedi: «Həzrət Bəhaullah buyurub ki, Allah qoysa, məhərrəm ayına qədər qalaya gələcəyəm. Bir şərtlə ki, Tanrının iradəsi başqa cür hökm etməmiş olsun".

Bir müddətdən sonra cənab Qüddus Molla Hüseynə bir neçə xütbə verdi və dedi ki, onları əshabələrə oxusun. Birin-ci xütbə Həzrət Bab haqqında idi, ikincisi Həzrət Bəhaullaha, üçüncüsü isə Həzrət Tahirəyə aid idi. Biz Molla Hüseyndən soruşduq: “İkinci xütbədə Həzrət Bəhaullah barədə bir sıra işarələr mövcuddur. Bəs nə üçün O, elm əhlinin libasını deyil, zadəgan paltarı geyinir?” Bizim bu sualımız cənab Qüddusa çatdırıldı. O, buyurdu: “Arxayın olun, vaxtı gələndə bu məsələnin sirri aşkar olacaq”. Biz o vaxtlar Həzrət Bəhaullahın məqamından agah deyildik və xütbədəki işarələrin mahiyyətini bilmirdik, hərəmiz o xütbənin mənasını bir cür başa düşürdük. Mən çox vaxt cənab Qüddusla vəd olunmuş Qaim haqqındakı hədislərin müşgül məsələlərini müzakirə etməyə çalışır, suallar verirdim. Əvvəlcə cənab Qüddus bir şey söyləmirdi, nəhayət, mənim xahişimi qəbul edib elə cavablar verdi ki, bizim qəlbimizdəki bütün şübhələr yox oldu. Onun aydın və qənaətbəxş cavablarını eşitdikdən sonra bizim cənab Qüddusa hörmətimiz daha da artdı. Biz yəqin etdik ki, bu böyük insan bizim fikirlərimizi oxuya bilir və bizə əminlik bəxş etməyə qadirdir. Çox vaxt gecələr mən görürdüm ki, cənab Molla Hüseyn Həzrət Qüddusun yatdığı yerin ətrafında dövrə vurur. Gecə yarısı Molla Hüseyn öz otağından çıxır, asta-asta Həzrət Qüddusun yatdığı yerə yollanır və həmən anlarda “Rəbbimiz pak və müqəddəsdir, mələklərin və ruhun Rəbbidir!” cümləsini təkrar edirdi. Mən heç vaxt o gecələri unutmaram. Gecələr mən namaz qılmaq və münacat oxumaq üçün yerimdən qalxanda, Molla Hüseyn yavaşca mənim yanıma gəlir və qulağıma pıçıldayırdı: “Mirzə Məhəmməd, ağlını bu qəribə işlərə sərf etmə, Allah xatirinə, gəl səmimi şəkildə mənimlə yoldaş ol ki, şəhidlik şərabını içək. O vaxt sən başa düşə bilərsən ki, səksəninci ildən məqsəd nədir. Həmən il dünyada ən yaxşı işlər və ən xoş şeylər zahir olub aşkara çıxacaq. Amma indi bu sirr sənin üçün gizlidir”.

Xülasə, cənab Qüddus Şeyx Təbərsi qalasına gəldikdən sonra cənab Molla Hüseynə göstəriş verdi ki, əshabələri saysın. Molla Hüseyn orada olan möminləri bir-bir saydı, cəmi üç yüz on iki nəfər idi. O gedib əshabələrin sayını Qüddusa bildirmək istəyirdi ki, birdən Barfüruş tərəfdən bir cavan piyada gəlib Molla Hüseynin hüzuruna yetişdi. O, Molla Hüseynin əbasının ətəyindən yapışıb xahiş etdi ki, onu da əshabələr sırasına daxil etsin və ona da məhbubun yolunda fəda olmaq imkanı versin. Cənab Molla Hüseyn onun xahişini qəbul etdi və beləliklə, o cavanla birlikdə əshabələrin sayı üç yüz on üç nəfər oldu. Qüddus əshabələrin sayını eşitdikdə, buyurdu: “Həzrət Rəsuliəkrəmin (s) vəd olunmuş Qaim haqqında söylədiyi bütün şeylər zahir və aşkar oldu. Qoy Tanrının dəlili özünü islam şəriətinin biliçisi və hədislərin şərhçisi sayan dini rəhbərlərə aydın olsun”.

O vaxtlar cənab Qüddus səhərlər və axşamlar Molla Hüseyni və seçilən əshabələri yanına çağırıb əmr edərdi ki, Həzrət Babın lövhələrini oxusunlar. Həzrət Qüddus qalanın qarşısındakı meydanda oturardı, seçilən əshabələr də onun ətrafında dövrə vurub əyləşərdilər və o, Həzrət Babın mübarək kəlamlarını dinləyərkən, bəzən müəyyən cümlələri şərh və izah edərdi.

Düşmənlərin yeni həmlələri və onların amansız hücumları heç bir vəchlə cənab Qüddusun şücaətini, mətanətini və təmkinini azaltmırdı. O, qarşıya çıxan hər bir təhlükəni və müsibəti əhəmiyyətsiz sayırdı, qətiyyən özü barədə düşünmürdü, həmişə, hətta ən ağır anlarda belə, öz Məhbubu ilə dərdləşirdi, öz sevimli Ağasını mədh edən mətnlər yazır və qaladakı əshabələri ruhlandırırdı. Düşmənlər hücum etdiyi zaman o, tam əminliklə və arxayın şəkildə öz işinə məşğul olardı. Hər tərəfdən qaniçən düşmənlər həmlə edər, hər tərəfdən güllə yağardı, amma cənab Qüddus həmin anda münacata başlar və deyərdi: “Mənim könlüm daim Səni anır. Ey mənim Məhbubum, Səni anmaq hər zaman mənim dərdimi dağıdır. Mən Sənin məhəbbətinin yolunda Şiraz şəhərində əzab-əziyyətə düçar olmuş ilk şəxs olduğum üçün fəxr edirəm. Ümidvaram ki, Sənin Əmrinin yolunda çanını qurban verən ilk şəxs də mən olacağam”. Bəzən o, irağlı əshabələrə göstəriş verərdi ki, Qurandan müəyyən ayələri oxusunlar. Ayələr oxunan zaman diqqətlə qulaq asar, sonra həmin ayələri təfsir edərdi. Bir gün Həzrət Qüddusun hüzurunda Qurani-kərimdən oxunan ayələrdən biri də aşağıdakı ayə oldu: “Biz sizi bir az qorxu, bir az açlıq, bir az da mal, çan və məhsul qıtlığı ilə imtahan edərik. Bunlara dözən şəxslərə mujdə ver!" (Bəqərə surəsi, 155-ci ayə). Cənab Qüddus bu ayəni dinlədikdən sonra dedi: “Əslində bu ayə Həzrət Əyyub və onun başına gələn müsibətlər barədə nazil olub. Amma indiki zamanda bu mübarək ayənin təsdiqinə çevrilən şəxslər bizik. Tezliklə bütün bu bəla və müsibətlər bizim qarşımıza çıxacaq və o qədər ağır olacaq ki, səbrli olmayan kəslər həmin bəlalara dözə bilməyəcəklər”.

İlk vaxtlar bə zi əshabələr belə düşünürdülər ki, Molla Hüseynin cənab Qüddusa olan ehtiramı və onun qarşısındakı təvazökarlığı şəraitin tələbindən doğur. Onlar belə hesab edirdilər ki, Həzrət Qüddus Molla Hüseynlə müqayisədə xüsusi məqama və məziyyətə malik deyil. Onlar ilk çağlar bu cür fikirləşirdilər, amma tədricən fikirlərinin yanlışlığı onlara aydın oldu. Getdikçə onlar cənab Qüddusun elm və hikmət sahibi olduğunu anladılar və bildilər ki, o, uca məqama və qeyri-adi qüdrətə malikdir. O böyük insanın yazıları və bəlalar qarşısında göstərdiyi dözüm sübut etdi ki, Molla Hüseynin ona ehtiramı zahiri deyil, ürəkdən gələn həqiqi hörmətdir. Tədricən əshabələr Həzrət Qüddusun əzəmətindən o dərəcədə hali oldular ki, onu birinci şəxs saymağa başladılar, onların qəlbində Həzrət Qüddusun məqamı və üstünlüyünə dair heç bir şəkk-şübhə qalmadı.

Cənab Qüddus Sari şəhərində məhbus olarkən, Mirzə Məhəmməd Tağının xahişi ilə “Tövhid” surəsinə bir təfsir yazmışdı. O, təkcə “əs-Səməd” kəlməsindəki “sad” hərfinin şərhinə dair Qurandan üç dəfə artıq bir mətn qələmə almışdı. Mirzə Məhəmməd Tağı həmin təfsiri gördükdə, Həzrət Qüddusun uca məqamını anladı və ona olan ehtiramını artırdı. Amma son nəticədə Mirzə Məhəmməd Tağı Səidül-üləmaya qoşuldu və qaladakı əshabələrə qarşı kütləvi qırqın törədilməsində onunla həmrəy oldu. “Sad”ın təfsiri Saridə başa çatmamışdı, buna görə də Şeyx Təbərsi qalasında cənab Qüddus onun qalan hissəsini yazmağa başladı. Düşmənlərin hücumlarına və işinin çoxluğuna baxmayaraq, həmin təfsiri axıra çatdırdı. Yeni yazılan hissə həcmcə Saridə yazılmış hissə qədər idi. Cənab Qüddusun sürətli yazısı, aydın ifadə tərzi, rəmzləri açmaq və gizli həqiqətləri aşkara çıxarmaq qabiliyyəqi əshabələri heyrətə saldı və onlar Həzrət Qüddusun rəhbərliyə haqqı çatdığına tam əmin oldular. Hər gün Molla Hüseyn Həzrət Qüddusun yazılarından bir hissəni əshabələr üçün gətirirdi və onlar da həvəslə həmin yazıları oxuyurdular. Qalanın tikintisi başa çatmış, müdafiə vasitələri hər cəhətdən təmin olunmuşdu. Bu məsələ əshabələri daha da cəsarətləndirmiş, qalanın ətrafında yaşayan camaatı isə qorxuya salmışdı. Çox vaxt müxtəlif şəxslər gəlib qalaya daxil olmaqa icazə istəyirdilər. Kimisi məlumat almaq, kimisi dərdini demək, kimisi də ehtiramını bildirmək üçün gəlirdi. Hamı təəccüblənirdi ki, bu cür qalanı belə sürətlə tikmək necə mümkün olmuşdur. Cənab Qüddus əshabələrin sayını bildikdən sonra əmr etdi ki, daha heç kəsi qalaya buraxmasınlar. Əvvəlcədən qalaya daxil olub vəziyyəti görmüş əshabələr bunu görməyənlərə danışırdılar. Bu söhbətlər, necə deyərlər, ağızdanağıza ötürülərək, Səidül-üləmanın qulağına çatdı. Səidül-üləmanın qəzəbi və kini yenidən alovlandı, göstəriş verdi ki, heç kəs qaladakı əshabələrə yaxınlaşmamalıdır, hamı Molla Hüseynlə əlaqəni kəsməlidir. Eyni zamanda o, qalanı tikmiş əshabələri küfrdə ittiham etdi. Lakin camaat Səidül-üləmanın sözlərinə qulaq asmırdı, bir çoxları öz imkanları daxilində əshabələrə yardım edirdi. Əshabələrin vəziyyəti elə ağırlaşdı ki, yaşayış üçün zəruri olan şeyləri əldə etməkdə çətinlik çəkməyə başladılar. Lakin hər dəfə, necə deyərlər, bıçaq sümüyə dirənəndə, Allah onların dadına çatırdı və gözləmədikləri yerdən onlara kömək yetişirdi. Allahın inayəti daim əshabələri sıxıntıdan və çətinlikdən qurtarırdı.

Səidül-üləma bütün bunları görüb özündən çıxdı, bu daş ürəkli zalımın qəzəb tonqalı elə şölələndi ki, götürüb Nasirəddin şaha müfəssəl bir məktub yazdı. O zaman Nasirəddin şah yenicə taxta çıxmışdı. Səidül-üləma öz məktubu ilə şahda belə təsəvvür yaratmaqa çalışdı ki, əshabələrin qalada toplaşması şaha və məmləkətə təhlükə törədir. O, yazmışdı: “Şərəfsiz babilər fitnə-fəsad bayrağını ucaldıb sizin səltənətinizin bünövrəsini dağıtmaq fikrinə düşüblər. Onlar bu işdə o qədər irəli gediblər ki, qalanın ətrafında yerləşən kəndlərdə bir çoxları onlara qoşulublar və onların bayrağının kölgəsinə sığınaraq, onların ardınca gedəcəklərinə and içiblər. Onlar özləri üçün qala tikmiş və xəndək qazmışlar ki, sizinlə vuruşsunlar və hökumət qüvvələrinə müqavimət göstərə bilsinlər. Bu inadkar tayfa əcdadlarınızdan sizə miras qalmış şahlıq tacını sizdən almaq, uca sultanlıq məqamını alçaltmaq niyyətindədirlər. Yəqin bilin ki, hakimiyyətinizin möhkəmliyini təmin etməkdən ötrü bu mənfur məzhəbin tərəfdarlarını məhv etməkdən özgə yol yoxdur. Əgər bu tayfanı məhv etsəniz, məmləkət əhalisi sizin əzəmətinizə baş əyər, sizin hökmlərinizə tabe olar və sizin şahlıq tacınız əbədi iftixar gövhəri ilə bəzənər. Əgər onları məhv etməkdə yubansanız və bu məzhəbin kögünü kəsməkdə səhlənkarlıq göstərsəniz, mən əminəm və sizi də xəbərdar edirəm ki, tezliklə nəinki Mazandaran camaatı, bəlkə də məmləkətin hər yerində yaşayan bütün iranlılar onların bayrağı altına toplaşacaq və sizin sultanlığınıza, qüvvət və qüdrətinizə baxmayacaqlar”.

Yenicə taxta çıxmış Nasirəddin şah məmləkət işlərində səriştəsiz olduğu üçün bu məsələnin həllini həmən vaxt hüzurunda olan Mazandaran qoşununun sərkərdələrinə həvalə etdi və onlara tapşırdı ki, ölkənin əmin-amanlığını pozan bu tayfanın qarşısını almaq üçün lazım bildikləri tədbirləri həyata keçirsinlər. Hacı Mustafa xan Türkman şaha dedi: “Mən özüm Mazandaranda olmuşam və dəqiq bilirəm ki, babilərin sayı nə qədərdir, hansı gücə və qüvvəyə malikdirlər. Onların sayı azdır, necə deyərlər, onları barmaqla saymaq mümkündür. Hamısı da zəif və gücsüz elm əhlindən, tələbələrdən ibarətdir ki, onların əsla hökumət qüvvələrinə müqavimət göstərmək imkanı yoxdur. Onları məhv etmək üçün böyük bir qoşuna ehtiyac yoxdur, bir dəstə əsgər onların öhdəsindən gələ bilər. Bu, o qədər də mühüm məsələ deyil ki, əlahəzrətin fikri ona yönəlsin. Əgər lazım bilirsinizsə, mənim qardaşım Abdullah xan Türkmanın adına bir fərman yazın ki, gedib o fitnə alovunu söndürsün və o tayfanın axırına çıxsın. Mən əminəm ki, iki günə o tayfadan əsər-əlamət qalmayacaq, onların ümidləri puca çıxacaq, yandırdıqları fitnə və qarışıqlıq tonqalı büsbütün sönəcək”.

Nasirəddin şah Hacı Mustafa xanın təklifi ilə razılaşdı və Abdullah xanın adına bir fərman yazıb ona əmr etdi ki, bu vəzifənin icrası üçün lazımi qədər qüvvə toplasın. Fərmanla yanaşı o, Abdullah xana bir nişan (orden) da göndərdi. Bununla şah göstərmək istəyirdi ki, Abdullah xana inanır və onun bu vəzifəni yerinə yetirməyə qadir olduğuna əmindir. Abdullah xan fərmanı və nişanı alan kimi bunu ona göstərilən böyük etimad kimi qiymətləndirdi və öz vəzifəsini yüksək səviyyədə yerinə yetirmək qərarına gəldi. Çox keçmədən o, asanlu, əfqan və kürd tayfalarından 12 min nəfərlik bir qoşun topladı və onu hər baxımdan təchiz etdi. Sonra qoşununu Şeyx Təbərsi qalasının yaxınlığında yerləşən və Nəzər xana məxsus olan Əfra kəndinə gətirdi və dərhal qalanı hər tərəfdən mühasirəyə alıb ora ərzaq və azuqə aparılmasının qarşısını kəsdi. Molla Hüseynin əshabələri daha kənardan ərzaq ala bilmirdilər. Tezliklə Abdullah xan əshabələrin suyunu da kəsdi. Heç kəs çörək və su əldə etmək üçün qaladan çıxa bilmirdi, çünki buna cəhd edən kimi dərhal hər tərəfdən güllə yağırdı. Abdullah xan qoşuna göstəriş vermişdi ki, qalanın qarşısında cürbəcür istehkamlar və səngərlər qursunlar və su gətirmək üçün qaladan çıxan hər kəsi atəşə tutsunlar.

Rəsul Behnəmiri bu vəziyyətdən şikayətlənib dedi: “Düşmənlər çörəyimizi kəsiblər. Əgər suyumuz da olmasa, nə edəcəyik, başımıza nə bəla gələcək?!” Bu zaman cənab Qüddus Molla Hüseynlə birlikdə qalanın hündür bir yerindən düşmən qoşununu müşahidə edirdi. Rəsul Behnəmirinin sözlərini eşitdikdə, Həzrət Qüddus dedi: “Bizim dostlarımız suyun qıtlığından əzab çəkirlər. İnşallah, bu gecə şiddətli yağış yağacaq və düşmənin ətrafını su basacaq. Ondan sonra güclü qar yağacaq və düşmənin hücumuna mane olacaq”. Həmən gecə şiddətli yağış yağdı və güclü sel əmələ gəldi. Qalanın yaxınlığında mövqe tutmuş dəstələr yoxa çıxdılar, düşmənin azuqəsinin böyük bir hissəsi məhv oldu. Qalanın içərisində xeyli su yığıldı və əshabələr uzun müddətə içmək üçün su əldə etdilər. Növbəti gecə elə güclü qar yağdı ki, o vaxtadək oranın camaatı bu cür qar görməmişdi. Hətta deyirdilər ki, indiyə qədər ən soyuq qış gecələrində də bu cür qar yağmayıb. Yağış nəticəsində vəziyyəti ağırlaşan düşmən qardan sonra daha ağır bir halətə düşdü.

bottom of page