top of page

On Dördüncü Fəsil

Molla Hüseynin Mazandaran Səfəri

MOLLA HÜSEYN MAKUDAN yola düşmək istəyəndə, Əli xan xahiş etdi ki, o, bir neçə gün gözləsin və Əli xan onun səfəri üçün lazım olan hər şeyi hazırlasın. Əli xan nə qədər israr etdisə də, Molla Hüseyn buna razı olmadı və dayanmadan piyada yola düşdü. O hansı şəhərə və kəndə çatırdısa, sevimli dostlarla görüşür, mübarək sözləri onlara çatdırır, hamını cəsarətli və mətin olmağa təşviq edirdi. Tehranda Molla Hüseyn Həzrət Bəhaullahın hüzuruna qovuşmaq şərəfinə nail oldu, o feyz mənbəyindən hədsiz dərəcədə bəhrələnib çoxlu şeylər əxz etdi. Məhz Həzrət Bəhaullahdan aldığı mənəvi güc sonrakı çətin və kədərli günlərdə onun əlindən tutdu, onun öz dəyanətini, şücaətini və sevincini qoruyub saxlamasına şərait yaratdı. Tehrandan o, Mazandarana doğru yollandı ki, mümkün qədər tez Həzrət Babın ona vəd etdiyi Gizli Xəzinəni tapa bilsin.

O vaxtlar Həzrət Qüddus Barfüruş şəhərində idi, atasına məxsus olan evdə yaşayırdı. O, əhalinin müxtəlif təbəqələri ilə ünsiyyətdə olurdu, hamı onu sevir, onun davranışının gözəlliyinə, məlumatlarının çoxluğuna, bilik dairəsinin genişliyinə heyrət edirdi. Molla Hüseyn Barfüruşa çatan kimi cənab Qüddusun evinə getdi. Həzrət Qüddus onun gəlişinə çox sevindi və Babülbabı hədsiz məhəbbətlə qarşıladı. O, qonağının rahatlığı üçün əlindən gələni əsirgəmirdi və özü şəxsən qonağın xvdmətində dayanırdı. Molla Hüseyn evə daxil olandan sonra Qüddus onun ayaqlarını yudu, səfər tozunu onun libasından təmizlədi. Görüşə gələn dostların yanında o, Molla Hüseynə hədsiz ehtiram və itaət göstərirdi. Molla Hüseynin gəldiyi günün axşamı Həzrət Qüddus bu münasibətlə sevimli dostların bir dəstəsini öz evinə dəvət etdi və onlara layiqli bir ziyafət verdi.

Məclis başa çatıb dəvət olunanlar öz evlərinə getdikdən sonra Həzrət Qüddus Babülbabdan Maku səfəri barədə danışmağı xahiş etdi. Babülbab dedi: “Makuda doqquz gün ərzində Həzrət Babın hüzurunda olduğum zaman O çox mətləblərdən söz açdı, amma Əmrin təbliği üçün mənə xüsusi tapşırıq da verdi. Hüzurundan mürəxxəs olmaq istərkən, mənə dedi: “Getdiyin hər bir şəhərdə və hər bir kənddə sevimli dostlarla görüş, mənim məhəbbət dolu sözlərimi onlara çatdır. Tehrandan Mazandarana yollan. Mazandaranda sən gizli ilahi xəzinə tapacaqsan və o gizli xəzinə sənə lazımi göstərişləri verəcəkdir”. Mən belə başa düşdüm ki, bir müddətdən sonra Babın Əmri hədsiz əzəmət və qüdrətlə hər yana yayılıb şöhrət tapacaqdır: elə bir gün yaxınlaşır ki, mən onun böyük Əmrinin yolunda fəda olacağam, canımı Onun mübarək qədəmlərinə qurban verəcəyəm. Bunu oradan anladım ki, mürəxxəs olduğum zaman O, yenidən Mübarək Hüzuruna qovuşacağımı mənə vəd etmədi. Əvvəllər həmişə Onun hüzurundan ayrılarkən, yenidən görüşəcəyimizi mənə bildirirdi. Amma bu dəfə bu xüsusda bir şey söyləmədi. Buna görə yəqin etmişəm ki, daha bu dünyada Mübarək Hüzura qovuşmaq şərəfinə nail olmayacağam. Mürəxxəs olduğum zaman Onun mənə dediyi sözlərdən biri də bu idi: “Tezliklə sən şəhidlik meydanına atılacaqsan, özünü hazırla və ayıq ol, sənin üçün şəhidlik məqamı müəyyən edilib, çalış ki, heç bir şey sənin bu məqama çatmağına, bu yüksək zirvəyə ucalmağına mane ola bilməsin. Şəhidlik zirvəsinə ucaldıqdan sonra mənimlə görüşmək şərəfinə nail olacaqsan, çünki mən də sənin ardınca gələcəyəm”.

Həzrət Qüddus soruşdu: “Həzrət Babın mübarək əsərlərindən yanında bir şey varmı?” Babülbab cavab verdi ki, mübarək əsərlərdən heç birini özü ilə götürməyib. Həzrət Qüddus ona bir əlyazma kitabı verib dedi: “Bu kitabın bir neçə səhifəsini oxuyun”. Molla Hüseyn kitabın təqribən bir səhifəsini oxudu, vücudunda qəribə bir dəyişiklik baş verdi, simasında heyrət əlamətləri göründü. Həmin kitabda yazılmış sözlər onun qəlbini ovsunladı, bütün varlığına dərin təsir bağışladı. Yüksək sözlər və bəlaqətli cümlələrlə onu tərifləməyə başladı, kitabı əlindən yerə qoyub dedi: “Bu kitabın müəllifi ilahi Vəhydən və ilkin Mənbədən bəhrələnmişdir, onun adi alimlərin bilik və elm mənbələri ilə heç bir əlaqəsi yoxdur. Mən təsdiq edirəm ki, bu kitab son dərəcə üstün və ali bir kitabdır, mən orada yazılmış bütün mətləbləri tam səmimiyyətlə qəbul edirəm”. Həzrət Qüddus Babülbabın bu sözlərinin müqabilində susurdu. Molla Hüseyn onun sükutundan və üzündəki ifadədən anladı ki, kitabın müəllifi Həzrət Qüddusun özüdür!

İxtiyarsız olaraq yerindən qalxdı, qapının ağzında dayanaraq, hədsiz itaət və ehtiramla dedi: “Həzrət Babın mənə vəd etdiyi gizli xəzinə aşkar oldu. İndi o, mənim gözlərim önündədir. Bundan sonra mənim göz yaşlarım quruyacaq, çaşqınlığım aradan qalxacaq. Mənim sevimli Ağam hal-hazırda Çehriq qalasında dustaq olsa da, Onun qüdrət və əzəmətinin məzhəri gözümün qarşısındadır, mən onun cəlal və camalının aynasına baxıram”.

Hacı Mirzə Ağası son dəracə səfeh və nadan olsa da, özünü ağıllı və tədbirli bilirdi. Belə düşünürdü ki, Həzrət Babı İran məmləkətinin ən ucqar nöqtəsinə göndərməklə, Onu Azərbaycan dağlarında dustaq etməklə Allah Əmrinin yayılmasının qarşısını alacaq, Onun tərəfdarlarının qəlbində ilahi məhəbbət odunu söndürə biləcəkdir. Amma o anlamırdı, ki, Nur Mənbəyini dağın başına qoysan, Onun işığı hər tərəfə yayılar və insanlar həmin işıqda doğru yolu taparlar. Bu nadan vəzirin yanlış tədbirləri onun istədiyinin əksinə nəticə verdi, Əmrin atəşi nəinki sönmədi, nadan vəzirin öz əməli sayəsində Onun şöhrəti daha da artdı və əhatə dairəsi genişləndi.

Digər tərəfdən, Molla Hüseynin əzəmətli əmrə inamı və onun yolunda xidmət göstərməsi Həzrət Babın iddiasının doğruluğunu isbat edən ən güclü dəlillərdən birinə çevrilmişdi. Çünki Molla Hüseyni tanıyanlar onun səmimiyyətinə, təmənnasızlığına və təvazökarlığına bələd idilər, hamılıqla onun böyüklüyünü etiraf edirdilər. Molla Hüseynin şöhrəti və nüfuzu o dərəcədə idi ki, tutalım, Seyyid Kazım Rəştinin vəfatından sonra özünü vəd olunmuş Qaim elan etsəydi, Seyyidin bütün tərəfdarları onun dəvətini qəbul edər və ona itaət göstərərdilər. Belə ki, Şeyxin və Seyyidin şagirdlərindən biri olan və məşhur üləma sayılan Molla Məhəmməd Mamağani açıqca demişdi: “Əgər Seyyid Babın əvəzinə Molla Hüseyn Qaimliyə iddia etsəydi, mən hamıdan qabaq onun sözlərinin doğruluğunu təsdiq edərdim və ona iman gətirən ilk şəxs mən özüm olardım. Çünki əxlaqi gözəllikdə və dərin bilikdə bu şəxsin tayıbərabəri yoxdur. Əgər o özü iddia etsəydi, mən şəxsən onun dəvətini yaymağa başlardım, onun Əmrini şərqdə və qərbdə təbliğ edərdim. Əfsus ki, bu qüdrətli şəxs özü iddia etmək əvəzinə, başqasına itaət göstərdi, buna görə də mən onun sözlərinə inanmadım və onun dəvətini qəbul etmədim”. Hacı Seyyid Məhəmməd Bağır Rəşti İsfahanda Molla Hüseynlə görüşüb çətinlikləri həll etməkdə və sirləri açmaqda onun qüdrətinə bələd olduqdan nra demişdi: “Mən indiyə qədər elə düşünürdüm ki, Seyl Kazım Rəştiyə cavab verə bilərəm, amma onun şagirdlərindən biri ilə qarşılaşıb həmin şagirdin biliyinin genişliyini və natiqlik məharətini gördükdə, səhv etdiyimi anladım. Mən onun şagirdlərindən birinin qarşısında aciz qaldıqda, başa düşdüm ki, onun ustadına cavab vermək mənim üçün mümkünsüz bir işdir. Çünki şagirdi bu cür yetişdirən onun ustadıdır. Molla Hüseyn dəlil gətirməkdə və subut tapmaqda o qədər mahir idi ki, əgər gündüzə gecə deyib bunun üçün dəlillər gətirsəydi, mənim onun sözlərini təsdiq etməkdən başqa çarəm qalmazdı”.

Belə görkəmli alimlərin təriflədiyi, elminə və biliyinə heyran qaldığı həmin Molla Hüseyn cümadiül-əvvəl ayının beşinci gecəsində Həzrət Babın hüzuruna qovuşarkən, özünü zəif, gücsüz və aciz bir şəxs kimi hiss etmiş, onun Əmrinin əzəməti qarşısında baş əymişdi. Əvvəl o elə zənn etmişdi ki, şirazlı tacir oğlunun dəlil və sübutlarını təkzib etmək onun üçün ən asan bir iş olacaq. Amma Onun mükəmməl qüdrəti qarşısında özünün tamamilə aciz olduğunu görüb Ona itaət göstərmiş, öz işlərini büsbütün unudaraq Məhbubun Əmrinə xidmət etməyə başlamış və hədsiz inayətə layiq görülmüşdü. İndi Mazandaranda Həzrət Qüddusun hüzuruna yetişib onda müqəddəslik əlamətlərini gördükdə, Molla Hüseyn Həzrət Qüddusun məqamının böyüklüyünü və bu məqamın xüsusi əhəmiyyətini anladı, bu gəncin güclü ruhunda özünü göstərən ilahi fəzilətlər qarşısında acizliyini başa düşdü. Həzrət Qüddus sevimli Ağanın zühur günəşinin şüalarını əks etdirən saf bir ayna idi və Babülbabın gözlərini qamaşdırırdı. Molla Hüseyn Həzrət Qüddusun ardınca getməyi və onun iradəsinə uyğun hərəkət etməyi vaçib bildi, qərara aldı ki, bacardığı və qüvvəsinin imkan verdiyi həddə daim onun salamatlığını hər şeydən üstün tutsun. O gecə Molla Hüseyn qəlbən Həzrət Qüddusa xidmət göstərməyi əhd etdi və həyatının son anlarına qədər bu əhdinə sadiq qaldı. O son dərəcə sevinirdi, çünki Allah onu öz fəzlinə layiq görmüş, ona gizli xəzinəni tanımaq kimi bir nemət bəxş etmişdi.

Xülasə, Babülbab Həzrət Qüddusu tanıdıqdan sonra onun xidmətində durmağa başladı. Növbəti gün Həzrət Qüddusun evinə gələn dostlar dünən gördükləri davranış və vəziyyətin dəyişməsinə təəccüb etdilər. Dünən onlar görmüşdülər ki, Molla Hüseyn məclisin başında oturub danışır, Həzrət Qüddus da onun hüzurunda xidmət göstərməyə hazır dayanıb. Amma bu gün hər şey əksinə idi: Həzrət Qüddus məclisin yuxarı başında əyləşmişdi, Molla Hüseyn isə qapının ağzında dayanıb hədsiz itaətkarlıqla Qüddusun göstərişini gözləyirdi. Bu hal hamını təəccübləndirdi, lakin heç kəs məsələnin əsil səbəbini bilmədi. Həzrət Qüddus Babülbaba dedi: “İndicə sənə verəcəyim tapşırığı yerinə yetirməyə hazırlaş. Mən səni bu şəhərdəki üləmaların hüzuruna göndərmək istəyirəm. Sən gedib mübarək Əmri Səidül-üləmaya təbliğ etməlisən. O, çox bədxah və zülmkar bir şəxsdir, İlahi Nuru söndürməyə çalışır. Onun tərəfdarları da bu məqsədi həyata keçirmək üçün əlbir olublar. Arxayın ol, onlar sənə heç bir zərər yetirə bilməyəcəklər. Sən heç nədən qorxub çəkinməyərək, Səidül-üləmanın tərəfdarlarını məğlub etməli və böyük Əmrin üstünlüynü hər cəhətdən onlara sübut etməlisən. Bu firon törəmələri ilə mübarizədə sənin silahın Musa kimi hikmət əsası və ilahi güc olacaqdır. Bu iki ilanın köməyi ilə şeytanın qoşununu dağıt və pozuçu sehrbazların ipini qır. Yalnız Allahın fəzlinə arxalan,sırf möminlik yolu ilə get və Allahdan başqa heç nədən və heç kimdən çəkinmə! Üləmaların məclisində mübarək Əmri Səidül-üləmaya təbliğ edəndən sonra Xorasana get, Məşhəddə bir ev tik və onu qonaq qəbul etmək üçün lazım olan bütün əşyalarla təchiz et. Mən də tezliklə Məşhədə gəlib həmən evdə məskən salacağam və biz orada həqiqəti axtaranlara yol göstərəcək, yanlışlıq səhrasında azanları əbədi həyat çeşməsinə doğru istiqamətləndirəcəyik”.

Ertəsi gün Molla Hüseyn Həzrət Qüddusun Əmrinə əsasən gün çıxan kimi və heç kəsdən kömək ummayıb təkbaşına Səidül-üləmanın görüşünə yollandı onun hüzuruna varid oldu. İlahi Zühurun müjdəsini Səidül-üləmaya çatdırdı və heç bir qorxu hiss etmədən son dərəcə aydın şəkiddə şagirdlərinin yanında ilahi Əmri ona təbliğ etməyə başladı. Molla Hüseyn Səidül-üləmaya dedi: “Xəyalın pəncəsi ilə özün və başqaları üçün yonub düzəltdiyin mövhumi bütlərə pərəstiş və ibadət etməkdən əl çək! Bütün bütləri sındır və bütpərəstlik məbədlərinin xarabalıqları üzərində İlahi hidayətin uca qəsrini tikməyə başla! Könlünün səhifəsindən keçmişdəkiləri təqlid edərək çəkdiyin surətləri silib təmizlə və tam inamla əbədi nicat dənizinin sahilinə yollan!”

Səidül-üləma Molla Hüseynin sözlərini eşidib Samiri kimi aldadıçı sehrə əl atdı və bəyaz əlin qüdrətindən xəbərsiz halda etiraz və iradını bildirdi. Molla Hüseyn öz aydın nitqi ilə onun bütün etirazlarını rədd etdi. Nəfs fironu hidayət nurunun qarşısında çaşıb qaldı, heç bir müqavimət göstərə bilmədi, istər-istəməz acizlərin silahına əl atıb təhqirə və söyüşə başladı. Molda Hüseynin dəlillərinin gücü onu elə xar etdi ki, özünü bu haldan qurtarmaq üçün alçaq adamların silahından yapışdı. Səidül-üləma gördü ki, Molla Hüseynin nitqi təsirli, dəlilləri aydındır və onun sözlərinə heç cür cavab vermək iqtidarında deyil. Buna görə qorxdu ki, əgər bir neçə dəqiqə də belə davam etsə, onun acizliyi hamıya aydın olacaq, şagirdləri onun ətrafından dağılacaq və pərvanə kimi Molla Hüseynin elminin nurunun başına fırlanacaqlar. Həmin səbəbdən o, söyüşə və təhqirə keçdi, lənət yağdırmağa başladı. Molla Hüseyn gördü ki, nitqinin saf suyu Səidül-üləmanın daş qəlbinə təsir göstərmir, odlu nəfəsi onun yaş odununu alovlandıra bilmir. Ona görə də yerindən qalxıb Səidül-üləmaya dedi: “Mənim sənə doğru yol göstərməyim korlar məhəlləsində küzkü satmaq kimi bir şeydir, çünki sən qəflət yuxusundan ayılmırsan, cəhalət yuvasına sığınmısan. Amma bir müddətdən sonra sən ilahi Əmrin əzəmətini öz gözlərinlə görəcəksən, mübarək Əmrə xidmət göstərmək və ilahi bayrağı ucaltmaq yolunda mənim uğurlarımın dastanını öz qulağınla eşidəcəksən”. Bu sözlər Molla Hüseynin dilindən elə əzəmət və qüdrətlə səsləndi ki, Səidül-üləma heykəl kimi donub qaldı və qorxusundan heç bir cavab verə bilmədi.

Molla Hüseynin dedikləri məclis iştirakçılarından bir çoxuna güclü təsir bağışladı. Molla Hüseyn oradakı bəzi adamlara dedi: “Sizdən xahiş edirəm ki, cənab Qüddusun yanına gedin, bu məclisdə baş verənləri və bu şəxslə mənim görüşümün təfsilatını ona danışın. Eyni zamanda mənim adımdan ona deyin ki, mənə bu tapşırığı verərkən, Səidül-üləma ilə görüşdən sonra sizin yanınıza qayıtmağı əmr etmədiyiniz üçün mən buradan birbaşa Xorasanasizin digər göstərişlərinizi yerinə yetirməyə gedirəm”.

Molla Hüseyn həmin məclisi tərk edib tək-tənha Məşhədə doğru yollandı. Onun məqsədi yalnız Həzrət Qüddusun əmrlərini icra etmək və öz əhdinə vəfalı olmaq idi. Məşhəddə o, Mirzə Bağır Qaininin evinə getdi. Yuxarı xiyabanda yerləşən bu evin qonşuluğunda bir parça torpaq aldı və Həzrət Qüddusun Əmrinə uyğun olaraq, orada ev tikdirməyə başladı. Ev tikilib qurtarandan sonra onun adını “Babiyyə” qoydu. O ev bu gün də həmin adla məşhurdur. Ev hazır olandan sonra Həzrət Qüddus Məşhədə gəldi və “Babiyyə”də məskən saldı. Molla Hüseynin vasitəsilə mübarək Əmrə iman gətirmiş bir çox dostlar Həzrət Qüddusun görüşünə gəldilər. Onlar könüllü şəkildə ilahi Əmrə yardımçı olmağa, onun yolunda canlarından keçməyə hazır idilər. Həzrət Qüddusun gəlişi və Molla Hüseynin fəaliyyəti Məşhəddə böyük nəticələr verdi. Əmrin sorağı hər yana yayıldı, hətta Məşhəddən kənarda da Əmrin şöhrəti ucaldı. “Babiyyə” iman əhlinin mərkəzinə çevrildi. Hər cür fədakarlığa hazır olan mübarək Əmrin tərəfdarları bu evə toplaşdılar. Onların hamısının arzusu Əmrin qələbəsi yolunda xidmət göstərməkdən ibarət idi.

bottom of page