top of page

Doqquzuncu Fəsil

Əvvəlki Fəslin Davamı

MOLLA HÜSEYN ŞİRAZA çatdıqda, camaat onun gəlişindən xəbər tutub yenidən həyəcanlamağa və narahat olmağa başladı. Hamı onun Seyyid Babın səmimi tərəfdarlarından olduğunu bilirdi. Bir çoxları deyirdilər ki, bu şəxs islamın bünövrəsini dağıtmaq və müqəddəs şəriətin kökünü kəsmək üçün yenidən Şiraza gəlib. Bu səbəbdən çoxlu çətinliklər meydana çıxdı. Şərait o qədər ağırlaşdı ki, Həzrət Bab Molla Hüseynə Yəzd yolu ilə Xorasana getməyi əmr etdi. Digər əshabələrə də İsfahana qayıtmaq barədə göstəriş verdi və yalnız Molla Əbdül-Kərim Qəzvinini ayələrin üzünü köçürmək üçün öz yanında saxladı. Bu tədbir nəticəsində həm Həzrəti-Əla Şirazda düşmənlərin şərindən qurtuldu, həm də əshabələr ətrafa səpələnib mübarək Əmri yaymağa və Həzrət Babın zühurunun müjdəsini insanlara çatdırmağa başladılar.

Həzrət Babın tərəfdarlarının zühurun əlamətləri barədə dedikləri, onların təsfir etdiyi ayələr və gətirdiyi dəlillər insanları heyrətə salır, istər İranın paytaxtında, istərsə də ölkənin digər məntəqələrində həm sadə adamları, həm də rütbəli şəxsləri düşünməyə və müzakirəyə vadar edirdi. Hətta İran hökmdarı Məhəmməd şah da Həzrət Babın və Onun tərəfdarlarının fəaliyyətindən xəbər tutub məsələnin əhəmiyyətini anladı və bu mövzunu araşdırmaq qərarına gəldi. Həmin məqsədlə o zamanın görkəmli alimlərindən sayılan və natiqlik qabiliyyəti ilə məşhur olan Seyyid Yəhya Darabini Şiraza göndərdi ki, Həzrət Babın dəvətinin mahiyyətini öyrənsin və nəticəsini yazılı şəkildə şah sarayına bildirsin. Şah Seyyid Yəhyaya hədsiz etimad göstərirdi. Seyyidin camaat arasında hörməti və nüfuzu o dərəcədə yüksək idi ki, o, bir məclisə gələndə heç kəs onun qarşısında ağzını açıb danışmağa cürət etmirdi. Həmən vaxt Seyyid Darabi Tehranda idi şahın xidmətçisi Mirzə Lütfəlinin evində qonaq qalırdı. Şah Mirzə Lütfəlinin vasitəsilə Seyyid Darabiyə xəbər göndərdi ki, mənim adımdan Şiraza get, Həzrət Babın Əmrini araşdır və nəticəni mənə yaz.

Seyyid Yəhya daxilən bu tapşırığa sevindi, çünki özü də Babın Əmri barədə araşdırma aparmaq istəyirdi, lakin Şiraza getmək üçün lazımi vəsaiti olmadığından bu məqsədini həyata keçirə bilməmişdi. Şahın Əmrini alanda isə itaət göstərməyə məcbur oldu və Şiraza doğru yollandı. Yolda özü üçün bir neçə məsələ müəyyənləşdirdi ki, Həzrət Babla görüş zamanı həmin məsələlərin həllini istəsin və qənaətbəxş cavablar alarsa, O Həzrətin iddiasını təsdiq etsin.

Şiraza çatanda o, Xorasandakı dostlarından olan Molla Şeyx Əli Əzimlə rastlaşdı və Həzrət Babın iddiası barədə onun rəyini soruşdu. Əzim cavabında dedi: “Gərək özün Həzrət Babın hüzuruna gedib şəxsən bu məsələni araşdırasan. Bir dost kimi sənə məsləhətim budur ki, söhbət zamanı daim onun hörmətini saxla, yoxsa axırda peşman olarsan”.

Seyyid Darabi Həzrət Babın dayısı Hacı Mirzə Seyyid Əlinin evində Onunla görüşmək şərəfinə nail oldu və Əzimin tapşırdığı kimi, Onun ehtiramını gözlədi. Birinci görüş iki saat çəkdi. O nəzərdə tutduğu sualları birbəbir Mübarək Hüzura ərz etdi. Həzrət Bab onun sözlərini diqqətlə dinliyib hər bir suala müxtəsər şəkildə qənaətbəxş cavab verdi. Onun mübarək dilindən çıxan kəlamlar Seyyid Darabini heyrətə saldı. Tədricən o, öz zəifliyini və Həzrət Babın mənəvi qüdrətini anlamağa başladı. Mürəxxəs olmaq istəyərkən, Seyyid Darabi dedi: “İnşaallah, növbəti görüşdə qalan suallarımı da verəcəyəm və bununla da müzakirəni bitirəcəyəm”. O, Həzrət Babın dayısının evindən çıxdıqda Əzimlə rastlaşdı, hər şeyi ona danışıb dedi: “Mən bütün gücümü işə saldım, amma O möhtərəm Şəxs sadə və müxtəsər şəkildə mənim bütün suallarıma cavab verdi, bütün çətinlikləri həll etdi. Bu səbəbdən mən Onun Mübarək Hüzurunu mümkün qədər tez tərk etmək qərarına gəldim”.

Seyyid Darabi ikinci görüşə gələndə vahiməyə düşüb Həzrət Babdan soruşmaq istədiyi bütün məsələləri unutdu. Çarəsiz qalıb mövzuya dəxli olmayan məsələləri irəli sürdü. Həzrət Bab son dərəcə aydın və yığcam bir şəkildə onun unutduğu sualları da cavablandırmağa başladı. Bu cavabları eşitdikdən sonra Seyyid Darabi yadından çıxmış sualları bir-bir xatırlamağa başladı.

Sonralar o, bəzi adamlara danışmışdı ki, bu qeyri-adi halı müşahidə etdikdə, özümü qəribə bir vəziyyətdə hiss etməyə başladım. Mənə elə gəlirdi ki, ağır bir yuxuya getmişəm və unutduğum sualların cavablarını eşitdikcə, yavaş-yavaş yuxudan ayılıram. Bir tərəfdən təəccüblənir, bir tərəfdən də düşünürdüm ki, yəqin bu, təsadüfi bir işdir. Yaman pərişan olmuşdum, artıq otura bilmirdim. İxtiyarsız olaraq ayağa qalxıb getməyə icazə istədim. Evdən çıxdıqdan sonra yolda Şeyx Əzimə rast gəldim. O mənim halımı görüb təsadüf barədə sözlərimi eşitdikdən sonra qaşqabağını tökərək dedi: “Kaş bizim dərs oxuduğumuz mədrəsələr dağılaydı, kaş mən və sən heç mədrəsəyə getməyəydik! Belə olsaydı, biz bu gün həmən mədrəsələrdən əldə etdiyimiz zəif düşüncə və əsassız təkəbbür sayəsində ilahi fəzldən məhrum qalmazdıq. Yaxşısı budur, Tanrıya pənah apar və səmimi şəkildə Ondan dilə ki, sənə bilik və bəsirət bəxş etsin, öz fəzli və mərhəməti ilə səni bu şübhə və heyrətdən qurtarsın”.

Üçüncü dəfə Mübarək Hüzura gedəndə nəzərdə tutdum ki, Həzrət Babdan öz mübarək qələmi ilə “Kövsər” surəsinə təfsir yazmağı xahiş edəcəyəm. Özü də qərara gəlmişdim ki, bunu ürəyimdə istəyəcəyəm və bu xüsusda Mübarək Hüzura bir söz söyləməyəcəyəm. Əgər O, mənim ürəyimdəki niyyətdən agah olub həmin təfsiri yazsa və bu təfsir indiyə qədər “Kövsər” surəsinə yazılmış bütün təfsirlərdən fərqlənsə, dərhal Onun dəvətinin həqiqiliyini təsdiq edəcək və mübarək Əmri tanıyacağam, əks təqdirdə isə çıxıb öz yolumla gedəcəyəm və qəlbimdəki narahatlığa son qoyacağam.

Mübarək Hüzura çatan kimi bütün varlığımı qəribə bir xof və dəhşətli qorxu bürüdü. Səbəbini özüm də anlamırdım. Əvvəlki görüşlərdə heç vaxt bu vəziyyətə düşməmişdim. İndi isə başdan ayağadək titrəyirdim və ayaq üstə dayana bilmirdim. Həzrət Bab məni bu halətdə görüb yerindən qalxdı, əlimdən tutaraq öz yanında oturtdu və dedi: “Nə diləyirsənsə, dilə, ürəyin nə istəyirsə, soruş, cavab verim”. Mən danışmaqa qadir olmayan və heç nə anlamayan körpə uşaq kimi heyrət içərisində hərəkətsiz oturmuşdum. Həzrət Bab gülümsəyərək mənə baxdı və dedi: “Əgər “Kövsər” surəsini sənin üçün təfsir etsəm, daha deməyəcəksən ki, bu, sehr və ovsundur? Və mənim dəvətimin həqiqiliyini etiraf edəcəksənmi?”

Bu sözləri eşidən kimi məni bərk ağlamaq tutdu, nə qədər çalışdım ki, bir şey deyim, alınmadı. Yalnız Quranın bu ayəsini oxuya bildim: “Ey Rəbbimiz, biz özümüzə zülm etdik, əgər bizi bağışlamasan və mərhəmət göstərməsən, şübhəsiz, biz ziyana uğrayarıq” (Əraf surəsi, 23-cü ayə). Axşama az qalmış Həzrət Bab dayısından kağız və qələm istədi və “Kövsər” surəsinin təfsirini yazmağa başladı. Mən heç vaxt o qəribə mənzərəni unutmaram. Ayələr sel kimi heyrətamiz bir sürətlə Onun qələminin ucundan axırdı. Eyni zamanda O, incə səs və xoş avazla ayələri oxuyurdu. Bu hal düz günəş qürub edənə qədər davam etdi. Ayələr fasiləsiz surətdə nazil olur, qələm bir an da dayanmırdı. Qürub çağı “Kövsər” surəsinin təfsiri başa çatdı. Bu zaman O, qələmi yerə qoyub buyurdu ki, çay gətirsinlər. Sonra nazil olmuş ayələri təsirli bir ahənglə oxumağa başladı. Mənim ürəyim sürətlə döyünürdü, sanki divanə olmuşdum. Onun mübarək səsinin ahəngi vücuduma od salmışdı. Həmən ayələr xəzinəsindəki pak gövhərlərin parıltısından az qala dəli olacaqdım. Üç dəfə huşumu itirmək dərəcəsinə çatdım, lakin Həzrət Bab üzümə gülab səpib məni ayıltdı və mən axıradək Onun oxuduğu ayələri dinləyə bildim.

“Kövsər” surəsininin təfsiri oxunub başa çatdıqdan sonra Həzrət Bab ayağa qalxaraq getməyə hazırlaşdı və dayısına dedi: “Cənab Seyyid Yəhya və Molla Əbdül-Kərim Qəzvini sizin qonağınızdır, onları qəbul edin. Qoyun “Kövsər” surəsinin təfsirinin üzünü köçürsünlər, sonra da diqqətlə əsas nüsxə ilə tutuşdursunlar”.

Hacı Seyyid Yəhya deyirdi ki, mənim Molla Əbdül-Kərimlə birlikdə təfsirin üzünü köçürüb əsli ilə tutuşdurmağımız üç gün-üç gecə çəkdi. Xüsusən həmin təfsirdəki hədisləri diqqətlə yoxladıq və hamısııın son dərəcə dəqiq şəkildə verildiyinin şahidi olduq. Bundan sonra mən elə bir əminlik hasil etdim ki, əgər dünyanın bütün qüvvələri yığışsaydı, mənim imanımı və əminliyimi yox edə, yaxud azalda bilməzdi.

Şiraza gəlişimin əvvəlində mən Hüseyn xanın yanına getmiş və onun qonağı olmuşdum. Düşündüm ki, necə vaxtdır ilahi ayələr dəryasına qərq olmuşam və Hüseyn xanın evinə getməmişəm, mənim bu qədər görünməməyim onu şübhələndirə və qəzəbləndirə bilər. Buna görə qərara gəldim ki, Hüseyn xanın evinə yollanım. Həzrət Babın dayısından və Molla Əbdül-Kərimdən icazə alıb Hüseyn xanın evinə getdim. Hüseyn xan məni görən kimi sorğu-suala tutdu ki, görsün Seyyid Babla görüşüm mənə təsir edib, ya yox. Mən onun məqsədini anlayıb dedim: “Tanrıdan başqa heç kəs Seyyid Yəhyanın könlünü alt-üst edə bilməz. Yalnız Tanrı bu işə qadirdir, çünki O, könüllər fatehidir. Əgər kiminsə sözləri Seyyid Yəhyaya təsir göstərirsə, şübhəsiz, O, Tanrı tərəfindən göndərilib və onun sözləri də ilahi kəlamdır”. Hüseyn xan bu sözlərimi dinləyib susdu. Sonradan eşitdim ki, bəzi adamlara deyib: “Seyyid Yəhya Seyyid Baba aldanıb, O Gəncin sehri ona güclü təsir göstərib. Daha ona ümid bağlamaq olmaz”. Məhəmməd şaha da yazmışdı ki, Seyyid Yəhya mənim qonağım olsa da, mənim evimə gəlmirdi, Şiraz üləmaları ilə qətiyyən görüşüb söhbət etmirdi; mən əminəm ki, O, Seyyid Babın tərəfdarına çevrilib və Onun əshabələrinin sırasına qoşulub. Deyilənə görə, Məhəmməd şah bir gün Hacı Mirzə Ağasıya söyləyibmiş: “Mənə xəbər veriblər ki, Seyyid Yəhya Darabi Həzrət Babın tərəfdarlarına qoşulub və babi olub. Əgər belədirsə, onda Seyyid Babın Əmri əhəmiyyətsiz məsələ deyil. Onun iddiasını şəxsən özümüz araşdırmalıyıq”. Hüseyn xanın məktubuna cavab olaraq isə, Məhəmməd şah yazmışdı: “Seyyid Yəhyanın rütbəsi çox böyük, səviyyəsi olduqca yüksəkdir, çünki o, peyğəmbərin nəslindəndir, mükəmməl bilik və fəzilət sahibidir. Adi adamlar bu şərəfli Seyyid barədə bir söz söyləməyə layiq deyillər. Seyyid Yəhya heç vaxt məmləkətin xeyrinə olmayan bir sözü dilinə gətirməz və müqəddəs islam dinini zəiflədib alçaldan şeylərə inanmaz”.

Seyyid Darabi deyirdi ki, şahın məktubu Hüseyn xana çatandan sonra o, daha mənimlə açıq şəkildə düşmənçilik edə bilmədi, amma gizlində daim məni gözdən salmağa çalışırdı. Bununla belə onun səyləri nəticəsiz qaldı və o, mənə heç bir əziyyət verə bilmədi, çünki Məhəmməd şah mənə hədsiz iltifat göstərirdi. Bir müddət sonra Həzrət Bab mənə əmr etdi ki, Borucerdə gedib mübarək Əmri öz atama çatdırım.Eyni zamanda tapşırdı ki, müzakirə əsnasında ədəb-ərkana riayət edim. Mən onun göstərişinə əməl etdim. Yeni Əmrin zühurunu atama xəbər verəndə, onun sözlərindən hiss etdim ki, o, Həzrət Babın iddiasının düzgünlüyünü inkar etmir, lakin bu işə qarışmaq istəmir.

Həmən dövrdə mübarək Əmri araşdıraraq, Ona iman gətirmiş məşhur alimlərdən biri də Molla Məhəmmədəli Zəncani olmuşdur. Həzrət Bab bu möhtərəm şəxsə «Hüccət" ləqəbi vermişdi. Hüccət Zəncani sağlam düşüncə və dərin zəka sahibi idi, hər bir məsələdə təqlidçilikdən çəkinər, müstəqil araşdırmaya üstünlük verərdi. O, dövrün üləmalarının hərəkətlərini, əxlaqını və düşüncə tərzini açıq-aşkar tənqid edər, dörd naibdən tutmuş adi mollaya qədər hamını tənqid atəşinə tutar, onların hamısına bir gözlə baxar və islamın tənəzzülünü onların eybəcər davranışı ilə əlaqələndirərdi.

Mübarək Əmrə iman gətirənə qədər o, Şeyx Əhməd Əhsaiyə və Seyyid Kazım Rəştiyə diqqət yetirməmiş, onların təliminə əhəmiyyət verməmişdi. Bir neçə dəfə onunla Zəncan üləmaları arasında ciddi münaqişələr baş vermişdi və əgər Məhəmməd şah müdaxilə etməsəydi, həmin münaqişələr əmin-amanlığın pozulması və qan tökülməsi ilə nəticələnə bilərdi. Nəhayət, Məhəmməd şah onu Zəncandan Tehrana çağırmış, paytaxtın və digər İran şəhərlərinin bir sıra alimlərini də dəvət etmişdi ki, şahın hüzurunda Hüccət Zəncani ilə mübahisə edib həqiqəti aydınlaşdırsınlar. Həmin mübahisədə Hüccət tək olsa da, öz fikirlərini sübuta yetirmək üçün elə əsaslı dəlillər gətirdi ki, alimlərdən heç biri onları təkzib və inkar edə bilmədi. Beləliklə, üləmalar hamılıqla batində ona müxalif olmalarına baxmayaraq, güclü dəlilləri sayəsində onun sözlərinin düzgünlüyünü təsdiq və etiraf etməyə məcbur oldular.

Hüccət Zəncani yeni Əmrin sədasını eşidən kimi bu məsələni araşdırmaq qərarına gəldi və həmin məqsədlə özünün etirablı adamını—Molla İskəndər adlı bir şəxsi Şiraza göndərdi. Molla İskəndər Şiraza gəlib qırx gün orada qaldı, Mübarək Hüzura qovuşdu, Əmrin əzəmətini anladı və yeni Əmrə iman gətirdi. Sonra Həzrət Babdan icazə alıb Zəncana qayıtdı. O elə bir anda Hüccətin yanına yetişdi ki, bir çox alimlər onun hüzurunda idilər. Hüccət ondan soruşdu: “Nə oldu, yeni Əmrə iman gətirdin, ya yox?” Molla İskəndər Həzrəti-Əlanın qələmindən çıxmış mübarək ayələrin yazıldığı bir neçə vərəqi Hüccətə verib dedi: “Bunları oxuyun, siz nə əmr etsəniz, mən ona tabeyəm". Hüccət əsəbiləşib Molla İskəndərə dedi: “Bu nə sözdür danışırsan?! Əgər alimlər burada olmasaydılar, səni cəzalandırardım. Məgər bilmirsən ki, din araşdırmaya əsaslanır? Mənim inkar, yaxud qəbul etməyimin sənə nə faydası var?!” Sonra vərəqləri oxumağa başladı. Bir səhifəni oxuyub qurtardıqda, ixtiyarsız olaraq, diz çökdü və dedi: “Şəhadət verirəm ki, bu kəlmələr Quranın nazil olduğu Mənbədən nazil olmuşdur. Kim Quranın həqiqiliyinə inanırsa, əmin olmalıdır ki, bu sözlər də həqiqətdir, Allah Kəlamlarıdır. Bu sözlərin Sahibi hər nə desə, Allah tərəfindən göndərildiyi üçün Ona itaət olunmalıdır. Ey bu məclisdə iştirak edən şəxslər, hamınız şahid olun ki, mən bu sözlərin sahibinə iman gətirirəm. Əgər o, gündüzə gecə desə, günəşi kölgə saysa, mən heç bir şəkk-şübhə etmədən Onun sözlərini qəbul edəcəyəm, çünki Onun hökmü Tanrı hökmüdür. Kim Onu inkar etsə, Tanrını inkar etmiş olar”.

Cənab Hüccət bu sözləri dedikdən sonra camaat dağılışdı, məclis sona yetdi. Molla İskəndərin Şirazdan gətirdiyi və cənab Hüccətin ilk dəfə oxuduğu ayələr “Qəyyumül-əsma” kitabından idi. Bu kitab “Yusif” surəsinin təfsirində Həzrəti-Əlanın qələmindən nazil olmuşdu.

Artıq deyildiyi kimi, Fars hakimi Hüseyn xan cənab Qüddusa və Molla Sadiqə çoxlu əzab və işgəncə verib Şirazdan qovdu. Cənab Qüddus Molla Sadiqdən ayrılaraq Kirmana getdi ki, mübarək Əmri Hacı Kərim xana təbliğ etsin. Molla Sadiq Müqəddəs isə Əmri təbliğ etmək və Allah kəlamını yaymaq üçün Yəzdə yollandı. Həzrət Qüddus Kirmana çatan kimi Kərbəlayi adı ilə tanınan Hacı Seyyid Cavad Kirmaninin evinə getdi.

Hacı Seyyid Cavad Kirman əhalisi arasında öz elmi, bacarığı və ləyaqəti ilə ad çıxarmışdı. O, Həzrət Qüddusu hədsiz məhəbbət və mehribanlıqla qarşıladı, ona hər cür ehtiram göstərdi. Hacı Seyyid Cavadın Həzrət Qüddus ilə rəftarı Hacı Kərim xanın şagirdlərində paxıllıq doğurdu. Onlar Hacı Kərim xanın yanına gedib şikayət etdilər ki, Seyyid Cavad Kərbalayi naməlum bir şəxsi öz evində saxlayır və ona hədsiz ehtiram göstərir. Onlar Hacı Kərim xanı qızışdırıb özündən çıxarmaq üçün dedilər: “Hacı Seyyid Cavadın qonağı Seyyid Babın ən yaxın adamlarından biridir. Seyyid Cavad möhtərəm və tanınmış bir şəxsdir. Qorxuruq ki, qonaq onu yoldan çıxarsın və onun vasitəsilə yeni Əmri buralarda yaysın. Belə olarsa, sizin hörmətiniz azalar və camaatın nəzərləri başqa bir səmtə yönələr”.

Hacı Kərim xan bu sözləri eşidən kimi dərhal şəhər hakiminin yanına getdi və dedi: “Hacı Seyyid Cavada çatdırın ki, Həzrət Qüddusla yoldaşlıqdan əl çəksin və xəbərdarlıq edin ki, onun bu cür davranışı qarışıqlıq yaranması ilə nəticələnə bilər”. Kirman hakimi Hacı Kərim xanın sözlərini Hacı Seyyid Cavada çatdırdı. Seyyid bu sözləri eşitdikdə əsəbiləşdi və qəzəbli bir ahənglə hakimə dedi: “Sənə necə dəfə məsləhət görmüşəm ki, bu fitnəkar və böhtançının sözlərinə qulaq asma. Mən indiyə qədər onun həyasızlıqları qarşısında susmuşam. O da fürsəti qənimət bilərək həddini aşmağa başlayıb. Onun bu sözləri deməkdə məqsədi nədir? Yoxsa o mənim rütbəmi və məqamımı əlimdən almaq istəyir? Məgər o fitnəkar deyilmi ki, minlərlə alçaq və rəzil insanları başına toplayıb onlara mədhiyyə oxuyur? Məgər o deyilmi ki, bədxah və zalım adamların tərəfini saxlayır, günahsız insanların haqqını tapdalayır və bu yolla öz mənsəbini qoruyub saxlamağa çalışır? Məgər o deyilmi ki, öz alçaq istəklərini həyata keçirmək və çirkin məqsədlərinə nail olmaq üçün əxlaqsız adamlara hörmət bəsləyir, onlarla oturub-durur, pak xislətli insanları isə cürbəcür böhtanlarla ləkələyir?! Onun həyasızlığı o dərəcəyə çatıb ki, özü nə istəyirsə, edir, ən ağır günaha belə batmaqdan çəkinmir və mənim öz evimdə nəcib, pak, xeyirxah və bilikli bir şəxsi qonaq saxlamağıma dözə bilmir. O fitnəkar xana çatdırın: əgər bu sözlərdən əl çəkməsə və tutduğu bu yolu tərk etməsə, mənim bir işarəmlə Kirman şəhərinin avara və lotuları onu Kirmandan qovub çıxaracaqlar”.

Kirman hakimi bu sözləri dinləyib kəskin hədəni eşitdikdə, dediklərinə görə üzr istədi və Hacı Seyyid Cavada belə söylədi: “Siz arxayın olun, mən özüm Hacı Kərim xanı bu bəd rəftarına görə tənbeh edəcəyəm və onu sizdən üzr istəməyə vadar edəcəyəm”.

Hacı Kərim xan Kirman hakimindən Seyyid Cavadın sözlərini eşidəndə, ilan vurmuş adam kimi qıvrıldı və anladı ki, bütün Kirman əhalisinə başçılıq edə bilməyəcək. Buna görə də onun ümidi ümidsizliyə çevrildi.

Həzrət Qüddus Hacı Seyyid Cavadın evində qaldığı müddətdə Kərbəladan çıxdığı gündən Kirmana gəldiyi ana qədər başına gələn bütün əhvalatları ona nəql etdi. O cümlədən, özünün Seyyid Baba iman gətirməsi və Onunla birlikdə Həcc səfərinə yollanması barədə danışdı. Hacı Seyyid Cavadın könlündə yeni Əmrə iman alovu şölələndi, amma imanını gizli saxlamaq qərarına gəldi, fikirləşdi ki, belə olsa, yeni ilahi Əmrə daha yaxşı xidmət göstərə bilər. Həzrət Qüddus da əmin olduğunu bildirdi ki, Tanrı ona Əmrin xidmətində uğur qazandıracaq, düşmənlərinə və əleyhdarlarına üstün gəlməkdə yardımçı olacaq.

Mirzə Abdullah Xacənin mənə (müəllifə) danışdığına görə, Hacı Seyyid Cavad ona deyibmiş: “Tanrı doğrudan da mənə yardımçı oldu və güclü iradə bəxş etdi. Bunun sayəsində mən Hacı Kərim xanın şər əməllərinin qarşısını ala bildim. Əgər Tanrının mərhəməti olmasaydı və mən Kərim xanın əleyhinə çıxmasaydım, şübhəsiz, onun tərəfindən Mübarək Əmrə xeyli zərər və ziyan yetişəcəkdi”.

Xülasə, cənab Qüddus Kirmandan Yəzdə yollandı, oradan isə Ərdəkana, Nainə, Ərdistana, İsfahana, Kaşana və nəhayət, Tehrana getdi. O harada qabiliyyətli bir insan görürdüsə, yeni Əmrin müjdəsini ona çatdırır və tam şücaətlə Allah Əmrini yaymaqla məşğul olurdu. Həzrət Qüddusla Tehranda görüşmüş Həzrət Bəhaullahın qardaşı cənab Kəlim mənə (müəlifə) demişdi: “Həzrət Qüddusun gözəl siması, yaraşıqlı bədəni və güclü məhəbbəti vardı. Hətta dini məsələlərə əhəmiyyət verməyən şəxslər də Həzrət Qüddusu sevir, onun cazibəsinə düşür, davranışına və danışığına heyran qalırdılar. Bir gün onu dəstəmaz alarkən, müşahidə etmişdim. O, bu işi hədsiz dərəcədə diqqətlə yerinə yetirirdi. Çox az adam tapılar ki, onun qədər diqqətlə dəstəmaz alsın. Qüddus paklıq, saflıq, təmizlik və təvazökarlıq mücəssəməsi olan bir gənc idi”.

Cənab Qüddus Tehranda Bəhaullahın Mübarək Hüzuruna yetişmək şərəfinə nail oldu. Sonra Mazandarana gedib iki il müddətində atasının Barfüruşdakı evində qaldı. Həzrət Qüddusun anası vəfat etmiş, atası başqa bir arvad almışdı. Həmin qadın Həzrət Qüddusu çox sevirdi və doğma anası kimi ona qayğı göstərirdi. O, çox istəyirdi ki, Həzrət Qüddusu evləndirsin. Dəfələrlə deyirdi ki, qorxuram öləm və sənin toyunu görməyəm. Həzrət Qüddus ona deyirdi: “Mənim evlənmək vaxtım hələ çatmayıb, amma mütləq gəlib çatacaq. Özü də son dərəcə təntənəli və dəbdəbəli olacaq. Mən evdə toy etməyəcəyəm, mənim toyum yaşıl meydanda, səmanın altında, bütün camaatın gözləri qarşısında olacaq. Məhz o gün mən öz arzuma çataçağam”. Üç il sonra Həzrət Qüddusun analığı eşitdi ki, Həzrət Qüddus Barfüruşdakı yaşıl meydanda şəhid olub. Və yalnız onda anladı ki, Həzrət Qüddus bu sözləri deyəndə, nəyi nəzərdə tuturmuş.

Cənab Qüddus Barfüruşda o vaxta qədər qaldı ki, Molla Hüseyn Babülbab Makudan Həzrəti-Əlanın hüzurundan qayıdıb Barfüruşda Həzrət Qüddusla görüşdü. Sonra isə Xorasana yollandı.

Molla Sadiq Müqəddəs isə Yəzdə gələn kimi Xorasandan olan səmimi dostlarından birini gördü və ondan Allah Əmrinin necə yayılması barədə soruşdu. Xüsusən bu tərəflərdə olan Mirzə Əhməd Əzğəndinin hansı xidmətlər göstərməsi ilə maraqlandı. Və Mirzə Əhmədin guşənişin olduğunu, camaatla ünsiyyət saxlamadığını eşidəndə, çox təəccübləndi. Halbuki o, mübarək Əmrə iman gətirdiyi ilk çağlarda hədsiz şücaətlə Əmrin müjdəsini insanlara çatdırmaqla məşğul olurdu. Sonralar Molla Sadiq bildi ki, Mirzə Əzğəndi bir müddət öz evində oturub mübarək Əmrin isbatına dair böyük bir kitab yazıb və vəd olunmuş Şəxsin zühuru barədə müqəddəs imamlardan nəql edilən hədisləri həmin kitabda toplayıb. Onun topladığı hadislərin sayı on iki mindən artıq imiş. Sonra qərara gəlib ki, həmin kitabın üzünü köçürərək nüsxələrini çoxaltsın və əhali arasında yaysın. Şagirdlərinə də tapşırıb ki, həmin kitabdan müəyyən mətləbləri əxz edib hər yerdə onları camaatın diqqətinə çatdırsınlar. Xülasə, o da bu yolla mübarək Əmrə xidmət göstərməyə çalışmışdır.

Mirzə Əhmədin dayısı Seyyid Hüseyn Əzğəndi əvvəllər Yəzddə məşhur müctəhid idi. Mirzə Əhməd Xorasanda olarkən o, bacısı oğluna yazmışdı ki, Yəzdə gəlsin və onu islamın düşməni elan etmiş Hacı Kərim xan Kirmaninin fitnə-fəsadının qarşısını alsın. Mirzə Əhməd Xorasandan Yəzdə gəldi. Əslində o, Şiraza getmək istəyirdi, lakin bu niyyətini dayısına bildirmədi və yazdığı kitabı ona göstərdi. Mirzə Əhmədin gəlişinin xəbəri Yəzd üləmalarına çatdı. Hamı onun görüşünə gəlir, yazdığı kitabı gördükdə həm təəccüblənir, həm də kitabı xeyli tərifləyirdi. Onun görüşünə gələn şəxslərdən biri də Mirzə Tağı idi. Bu təkəbbürlü və bədxah şəxs Nəcəfdə təhsilini başa çatdırıb yeniçə Yəzdə qayıtmışdı. O, müəyyən mənsəb qazanmaq və müctəhidlər sırasına qoşulmaq istəyirdi. Mirzə Tağı Mirzə Əzğəndinin yazdığı kitabdan xəbər tutduqda, xahiş etdi ki, kitabı bir neçə günlüyə ona versin, o da istifadə edib geri qaytarsın. Bir neçə gün keçdi, amma kitabdan bir soraq çıxmadı. Mirzə Əhməd dayısından xahiş etdi ki, necə olsa da, kitabı geri alsın. Seyyid Hüseyn bir nəfəri göndərdi ki, kitabı Mirzə Tağıdan alıb gətirsin. Mirzə Tağı həyasız və kobud bir tərzdə həmin adama dedi: “Get ağaya de ki, mən kitabın müəllifinin əsas məqsədini anladıqdan sonra belə qərara gəldim ki, bu kitab məhv olsa yaxşıdır. Ona görə də dünən axşam kitabı hovuza atdım və onun bütün yazıları yuyulub getdi”. Seyyid Hüseyn bu cavabı eşitdikdə bərk qəzəbləndi və Mirzə Tağını cəzalandırmaq fikrinə düşdü. Lakin Mirzə Əhməd onu bu fikirdən daşındırıb dedi: Əgər belə etsən, kütləvi iğtişaş baş verər, bir sıra çətinliklər meydana çıxar. Bundan əlavə öz əsas məqsədini, yəni Hacı Kərim xanın nüfuzunu sarsıtmaq niyyətini həyata keçirə bilməzsən. Çünki sən Mirzə Tağının əleyhinə işə başlayan kimi Hacı Kərim xan fürsətdən istifadə edib hamıya yayacaq ki, Seyyid Hüseyn babidir. Və deyəcək ki, Mirzə Əhməd Əzğəndi onu babi edib. Beləliklə, Hacı Kərim səni hörmətdən salacaq, öz nüfuzunu isə artıracaq, çünki o, özünü islamın müdafiəçisi kimi qələmə verəcək, camaat da buna inanacaq. Ona görə də yaxşı olar ki, bu işin cəzasını Allahın ixtiyarına buraxasan”.

Molla Sadiq Xorasani Mirzə Əhmədin Yəzddə olduğunu eşidəndə çox sevindi və dərhal onun görüşünə tələsdi. Mirzə Əhmədin dayısı Seyyid Hüseyn məscidlərin birində camaat namazının imamı idi. O, namazı qurtardıqdan sonra Mirzə Əhməd də minbərə qalxardı. Molla Sadiq məscidə daxil oldu və birinci sırada dayanıb namaz qıldı. Namaz bitdikdən sonra o, camaatın qarşısında Seyyid Hüseynlə qucaqlaşdı və icazə istəmədən minbərə qalxıb danışmağa başladı. Seyyid Hüseyn əvvəlcə Molla Sadiqin bu hərəkətindən qorxdu. Lakin bir söz deməyib gözlədi ki, onun məqsədi və qəlbindəki niyyət aydınlaşsın. Mirzə Əhmədə də dedi ki, onunla işi olmasın. Molla Sadiq əvvəlcə Həzrət Babın xütbələrindən birini oxudu, sonra üzünü camaata tutub dedi: “Ey üləmalar və alimlər, şükr edin, Allaha minnətdarlığınızı bildirin, çünki indiyə qədər bağlı sandığınız Elm Qapısı artıq sizin üzünüzə açıqdır. Və əbədi həyat çeşməsi sizin qarşınızda çağlamaqdadır. İlahi Elmin Qapısı Şirazda zahir olub ki, sizə öz qiymətli nemətlərini paylasın. İlahi mərhəmətin dirilik çeşməsindən bir qətrə içən şəxs oxumamış və savadsız olsa da, ən mürəkkəb sirlərdən agah olacaq və əzəli hikmətin ən müşgül mətləblərini asanlıqla şərh və izah etmək qüdrəti qazanacaqdır. İlahi Elmin Qapısına diqqət yetirməyib öz elmi, biliyi ilə qürrələnən və ilahi dəvəti inkar edən şəxs isə islamın ən böyük alimlərindən sayılsa belə, əbədi ziyana və daimi zillətə düçar olacaqdır”.

Molla Sadiq hədsiz cəsarətlə bu kəlmələri camaata dedi. Birdən hay-küy düşdü, hamı təəccüblə soruşmaqa başladı ki, bu kimdir və nə deyir. Hər tərəfdən həyəcanlı etiraz sədaları ucaldı, harayqışqırıq qopdu. Seyyid Hüseyn fəryad çəkib Müqəddəsə dedi: "Minbərdən düş və səsini kəs!" Molla Sadiq minbərdən düşən kimi camaat onu dövrəyə alıb kötəkləməyə başladı. Seyyid Hüseyn Molla Sadiqin əlindən yapışıb birtəhər hücum çəkən adamların arasından kənara çıxardı, sonra isə camaata dedi: “Sizin işiniz olmasın, bu şəxsin cəzasını vermək mənim öhdəmə düşür. Mən məsələni araşdırmalıyam. Bunun üçün onu öz evimə aparıb məsələnin mahiyyətini aydınlaşdıracağam. Ola bilər ki, bu şəxsin başına hava gəlib və anlaqsız halda belə sözlər danışır. Mən sorğu-sual edəcəyəm, əgər görsəm ki, o şüurlu şəkildə bu cür danışır və dediklərinə inanır, onda onu öz əllərimlə cəzalandıracağam və onunla şəriətin hökmünə uyğun surətdə rəftar edəcəyəm”.

Beləliklə, Molla Sadiq qızmış camaatın həmləsindən qurtuldu. Seyyid Hüseynin adamları Müqəddəsi başı və ayağı açıq halda camaatın çəngindən alıb Seyyid Hüseynin evinə apardılar. Adamlar onun əba və əsasını əlindən alıb çoxlu kötək vurmuşdular, bədəni yaralanmış və əzilmişdi. Bundan bir neçə gün əvvəl Molla Yusif Ərdəbili də Əmri təbliğ etdiyinə görə Yəzd əhalisinin hücumuna və zülmünə məruz qalmışdı. Əgər Seyyid Hüseynlə Mirzə Əhməd olmasaydı, yəzdlilər Molla Yusifi tikə-tikə edəcəkdilər.

Seyyid Hüseynin köməyi ilə camaatın çəngindən qurtulmuş Molla Sadiq və Molla Yusif Ərdəbili Yəzddən Kirmana yollandılar. Kirmana gələn kimi isə Hacı Kərim xan və onun tərəfdarlarının qəzəbinə düçar oldular. Lakin Hacı Seyyid Cavad onların dadına yetdi və Xorasana getmələri üçün şərait yaratdı.

Qaniçən adamların Həzrət Babın əshabələrinə verdiyi bütün bu əzab və əziyyət onların Əmri təbliğ etməsinə əsla mane ola bilmirdi, əksinə, onlar daha böyük şövqlə, hədsiz sədaqət və fədakarlıqla cəhalət və nadanlıq qoşunu ilə döyüşür, ilahi Əmri insanlara çatdırmaqda davam edirlər.

Vəhid Darabi Şirazda olduğu zaman cənab Hacı Seyyid Cavad Kərbəlayi də Şiraza gəldi və Hacı Mirzə Seyyid Əlinin vasitəsilə Mübarək Hüzura yetişmək şərəfinə nail oldu. Həzrəti-Əla Vəhidin və Hacı Seyyid Cavadın şərəfinə öz mübarək qələmi ilə yazdığı risalədə onlara hədsiz inayət göstərmiş, onların sədaqətini, dəyanətini və təvazökarlığını yüksək qiymətləndirmişdir. Hacı Seyyid Cavad hələ Əmrin elan edilməsindən öncə Həzrəti-Əlanı dəfələrlə görmüşdü, Həzrət Babın yüksək əxlaqına və ali keyfiyyətlərinə hələ O Həzrətin uşaqlıq dövründən bələd idi. Sonralar o, Bağdadda Həzrət Bəhaullahın hüzuruna da qovuşmuş və xüsusi inayətə layiq görülmüşdü. Həzrət Bəhaullah Ədirnəyə sürgün edilərkən, Hacı Seyyid Cavad çox qoca idi. Bir müddət sonra o, İraqdan İrana gəlib Xorasan tərəfə yollanmışdı.

Hacı Seyyid Cavad bir gün Tehran küçələrindən biri ilə gedərkən, qəflətən Nasirəddin şahın məiyyətinə rast gəlmişdi. Şah ata minmişdi. Hacı Seyyid Cavad qorxub-çəkinmədən irəli getmiş və padşaha salam vermişdi. Hacı Seyyid Cavadın simasındakı nur, əzəmət və vüqar Nasirəddin şahın xoşuna gəlmiş və onun salamını alıb demişdi; “Saraya gələrsiniz, sizinlə görüşərik”. Şahın ətrafındakı paxıl şəxslər dərhal narahat olub demişdilər: “Əlahəzrət bilirmi ki, bu Hacı Seyyid Cavad Seyyid Babın ən sadiq tərəfdarlarından biridir?” Şah paxılların bu sözlərindən xoşlanmamış, əhvalı pozulmuş və onları qınayaraq demişdi: “Siz nə qədər də axmaq və nadansınız, nə qədər də ağılsızsınız! Nə üçün belə edirsiniz?! Qəribədir, mən harada dəyanətli, vüqarlı, təmiz əxlaqlı və yüksək mənəviyyatlı bir adam görürəmsə, siz dərhal deyirsiniz ki, babidir. Və onu incidib əzab və işgəncəyə layiq görürsünüz”.

Xülasə, Hacı Seyyid Cavad Kərbəlayi ömrünün sonlarında Kirmana qayıtmışdı. O, həyatının son dəqiqələrinədək ilahi Əmrə sadiq qalmış, harada bir qabiliyyətli şəxs görmüşdüsə, Əmri ona çatdırmışdı. Onun imanı kamil, xidmətləri böyük olmuşdur.

O dövrdə Şiraza gəlib Həzrət Babın hüzuruna yetişmiş şəxslərdən biri də Şeyx Sultan Kərbəlayi idi. Şeyx Sultanın atası və babaları Kərbəlanın məşhur alimləri olmuşlar. Şeyxin özü isə Seyyid Rəştinin yaxın şagirdlərindən və səmimi dostlardan biri idi. Şeyx Sultan həmin şəxsdir ki, Bağdaddan Süleymaniyyəyə getmiş və Həzrət Bəhaullahla birlikdə Bağdada qayıtmışdır. Şeyx Sultanın qızı cənab Kəlimin zövcəsi idi. O, Şiraza gələn kimi əvvəllər haqqında danışdığımız Şeyx Həsən Zünuzi ilə rastlaşmışdı. Şeyx Həsən o vaxtlar Həzrət Babın tapşırığına əsasən Molla Əbdül-Kərim Qəzvini ilə birlikdə mübarək lövhələrin üzünü köçürməklə məşğul idi. Şeyx Sultan Şiraza gəlib xəstələndi, buna görə də Mübarək Hüzura gedə bilmədi. Belə olduqda Həzrət Bab ona xəbər göndərdi ki, gecədən iki saat keçmiş özü ona baş çəkməyə gələcək.

Şeyx Sultan yorğan-döşəkdə idi. Buna görə Həzrəti-Əla öz həbəş qulu ilə birlikdə ona dəyməyə getdi. Mübarək Əmrə əsasən, heç kəsin diqqətini cəlb etməmək üçün qul əlində çıraq Həzrətdən bir neçə addım irəlidə gedirdi. Həzrət Bab ona tapşırmışdı ki, mənzil başına çatan kimi çırağı söndürsün.

Şeyx Sultan özü həmin gecənin əhvalatını mənə (müəllifə) belə nəql etmişdi: “Həzrət Bab mənə xəbər göndərmişdi ki, O, otağa daxil olmazdan qabaq çırağı söndürüm. O, otaqa girəndə qaranlıq idi və mən o qaranlıqda Onun mübarək ətəyindən yapışıb yalvararaq dedim: “Ey sevimli Ağam, mənim yalvarışımı eşit və mənim arzumu yerinə yetir: qoy sənin yolunda şəhid olum. Səndən başqa heç kəs bu böyük neməti mənə bəxş edə bilməz”. Həzrət Bab buyurdu: “Ey Şeyx Sultan, mən də Məhbubun yolunda fəda olmaq arzusundayam. Gəl, hər ikimiz həqiqi Məhbubun ətəyindən yapışaq və ondan xahiş edək ki, bizim arzumuzu yerinə yetirsin. Mən sənə söz verirəm, səndən ötrü dua edəcəyəm ki, Tanrı sənin ən yaxşı Məhbubun hüzuruna qovuşmağına şərait yaratsın. Onun hüzuruna yetişən zaman məni yad et. O Gün çox əzəmətli bir Gün olacaq. Dövranın gözü hələ elə bir Gün görməyib!” Həzrət Bab getməyə hazırlaşarkən mənə bir qədər pul verdi, nə qədər götürmək istəmədimsə, mümkün olmadı, təkidlə məni pulu almağa vadar etdi. Sonra isə ayağa durdu və çıxıb getdi. Həzrət Babın dediyi “ən yaxşı Məhbub” ifadəsi məni heyrətə saldı. Düşündüm ki, görəsən, O, kimi nəzərdə tutur. Əvvəl elə zənn etdim ki, Həzrət Tahirədən söhbət gedir. Sonra ehtimal etdim ki, bəlkə Seyyid Əlav nəzərdə tutulur. Tərəddüd içində qalmışdım. Bilmirdim ki, bu sirri necə anlayım. Sonralar Həzrət Bəhaullahın hüzuruna yetişəndə yəqin etdim ki, Həzrət Bab yolunda canını vermək istədiyi “ən yaxşı Məhbub" dedikdə, Həzrət Bəhaullahı nəzərdə tuturmuş”.

Hicri 1262-ci ildə rəbiül-əvvəl ayının 21-nə (1846-cı il martın 19-na) təsadüf edən Novruz bayramı gəlib yetişdi. Həzrət Bab Şirazda son dərəcə rahat və arxayın həyat sürməkdə idi. O, bayram gününü öz evində keçirdi. Həmin gün öz xanımına və anasına məhəbbət və inayət göstərib şirin kəlamları ilə qəm pasını onların qəlblərinin aynasından sildi. Eyni zamanda bütün əmlakını və varını xanımı ilə anasının ixtiyarına verib onların adına lazımi sənəd yazdı. Həmçinin yazdığı vəsiyyətnamədə evinin və daşınan əmlakının da anası ilə xanımının ixtiyarına keçdiyini bildirdi və qeyd etdi ki, anasının vəfatından sonra bütün əmlak, pul və ev xanımına məxsus olacaq.

Həzrət Babın anası əvvəllər mübarək Əmrin əzəmətindən hali deyildi və ona iman gətirməmişdi. Sonralar o, Şirazdan Kərbəlaya yollandı ki, ömrünün qalan hissəsini orada keçirsin. Həzrət Bəhaullah Həzrət Babın anası ilə tanış olan mərhum Hacı Seyyid Cavad Kərbəlayiyə və Hacı Əbdül-Məcid Şirazinin zövcəsinə tapşırdı ki, onun yanına getsinlər və mübarək Əmrin əzəmətini ona çatdırsınlar. O zaman Həzrət Babın anası mübarək Əmrə iman gətirdi, öz övladının məqamının əzəmətindən, Allah-taalanın ona inayət etdiyi fəzl və nemətdən agah oldu. Beləcə o, sonsuz rahatlıq və sarsılmaz iman içərisində dünyasını dəyişdi. Həzrət Babın anası hicri XIII əsrin axırlarında (1882-ci ilin oktyabr ayında) vəfat etdi.

Amma Həzrət Babın xanımı əvvəldən Onun məqamının əzəmətindən xəbərdar idi. İbadət və imanının gücü baxımından Həzrət Tahirədən başqa heç kəs onunla müqayisə edilə bilməzdi. Həzrəti-Əla özünün şəhid olmasına qədər bütün gələcək hadisələri ona bildirmiş və təkidlə tapşırmışdı ki, bu barədə anasına bir kəlmə də deməsin. Eyni zamanda ona bəlalara dözməyi və Tanrının iradəsi ilə razılaşmağı tövsiyə etmişdi. Bundan əlavə bir vərəqdə münacat yazıb ona vermiş və demişdi: “Həddən artıq iztirablı və pərişan anlarında bu duanı oxu, mən yuxuna girib sənin kədərini yox edəcəyəm”. Möhtərəm xanım sonralar çətinliklərlə üzləşəndə buna əməl edirdi və Həzrət Babın köməkliyi ilə hər cür iztirab və pərişanlıqdan xilas olurdu.

Xülasə, Həzrət Bab lazımi işləri görüb qurtardıqdan və xanımı ilə anasının dolanışığı üçün təminat yaratdıqdan sonra Hacı Mirzə Seyyid Əlinin evinə getdi, çünki artıq bəlaların nazil olması vaxtı yetişmişdi və bu müsibətlər Təbriz meydanında böyük şəhidliyin baş verməsinə qədər davam edəcəkdi. Həzrət Bab Şirazda olan möminlərə əmr etdi ki, İsfahana getsinlər. Molla Əbdül-Kərim Qəzviniyə, Şeyx Həsən Zünuziyə və Seyyid Hüseyn Katib Yəzdiyə də İsfahana yollanmağı tapşırdı.

Fars hakimi Hüseyn xan daim çalışırdı ki, nə yolla olursa-olsun, bir bəhanə tapıb Həzrət Babı incitsin və onu camaatın gözündən salsın. Nəhayət, ona xəbər gətirdilər ki, Seyyid Bab heç bir maneə olmadan öz tərəfdarları və əshabələri ilə görüşür. Hüseyn xan bir qrup adama gizlicə müşahidə aparmaq barədə tapşırıq verdi. Bir gecə ona məlumat verdilər ki, “Həzrət Babın görüşünə saysız-hesabsız adamlar gəlir. Bu, çox təhlükəlidir, əgər belə getsə, şəhərdəki əmin-amanlıq iğtişaşla əvəzlənə bilər. Gecələr Həzrət Babın görüşünə gedən adamların sayı gündüzlər hakimin idarəsinə gələn şəxslərin sayından qat-qat artıqdır. Onların arasında alimlər və yüksək rütbəli şəxsilər də var. Sizin məmurlarınız buna göz yummuş və həqiqəti sizə deməmişlər, çünki Həzrət Babın dayısı məsələni sizdən gizlətmək üçün onlara pul verir. Əgər əmr versəniz, biz Seyyid Babın evinə hücum çəkib onun tərəfdarlarını qolu bağlı sizin hüzurunuza gətirərik”. Hüseyn xan ona bu sözləri deyən casusların başçısına belə cavab verdi: “Sən mənə göstəriş vermə, mən özüm nə edəcəyimi yaxşı bilirəm. Bax gör, mən bu çətin məsələni necə asanlıqla həll edəcəyəm”. Bundan sonra darğa Əbdül-Həmid xanı yanına çağırıb dedi: “Heç kəsi duyuq salmadan Hacı Mirzə Seyyid Əlinin evinə get. Nərdivan qoyub qəflətən evin damından içəri gir, Seyyid Babı və onun yanında olan şəxsləri tut, evdə nə kitab və kağız görsən yığışdır və dərhal yanıma gətir. Sonra Hacı Mirzə Seyyid Əlinin məsələsini də aydınlaşdıracağam və adam göndərib onu da tutduracağam, çünki o öz sözünə əməl etmədi. Məhəmməd şahın başına and olsun, mən Seyyid Babı və onun bədbəxt tərəfdarlarını öldürəcəyəm, onun yandırdığı ocağı söndürəcəyəm ki, bir də bu şəhərdə heç kəs belə sözlər danışmağa cürət etməsin”.

Əbdül-Həmid xan aldığı tapşırığa uyğun olaraq, öz dəstəsi ilə Hacı Mirzə Seyyid Əlinin evinə hücum çəkdi. Evdə Həzrət Babdan, dayısından və Seyyid Kazım Zəncanidən başqa heç kəs yox idi (Seyyid Kazım Zəncani Tehranın yeddi şəhidindən biri olan Seyyid Mürtəza Zəncaninin qardaşıdır. Seyyid Kazım özü də Təbərsi qalasında şəhid olmuşdur). Əbdül-Həmid xan bu üç nəfəri tutdu, nə kitab və kağız gördüsə, götürdü. Sonra Hacı Mirzə Seyyid Əliyə dedi: “Siz evdə qalın”. Və Həzrət Babla Seyyid Kazımı həbs edib hakimin iqamətgahına doğru yollandı.

Həmin vaxt Həzrət Bab dönə-dönə Quranın bu ayəsini oxuyurdu: “Onların ölum vaxtı səhərdir. Səhər yaxın deyilmi?” (Hud surəsi, 81-ci ayə). Onun mübarək üzündə arxayınlıq və cəsarət aydın sezilirdi.

Onlar bazara çatanda darğa gördü ki, camaat təşviş içərisində o yan-bu yana gedir, hər yandan nalə və fəryad səsləri eşidilir, sanki dəhşətli bəla, ağır müsibət baş verib. Hansı tərəfə baxdısa, gördü ki, tabut aparırlar, hər tabutun arxasınca bir dəstə qadın və kişi gedir, ağlayıb qışqırırlar. Bərk təəccüblənib soruşdu: “Nə olub?” Cavab verdilər: “Bu gecə qəfildən dəhşətli vəba xəstəliyi yayılmağa başlayıb. Elə geniş yayılıb ki, gecə yarısından indiyə qədər artıq yüz nəfər tələf olub. Hamı həyəcan içərisindədir. İnsanlar öz evlərini tərk edib Allaha üz tutublar ki, onlara nicat bəxş etsin”. Darğa qorxuya düşüb tələsik Hüseyn xanın yanına getdi. Hakimin iqamətgahının qapıçısı ona dedi: “Burada heç kəs yoxdur, Hüseyn xan qaçıb. Onun evindəki adamlar xəstələnib, vəziyyətləri ağırdır. Artıq onun iki qara kənizi və bir nökəri vəbadan ölüb. O elə tələsik getdi ki, heç ölülərini də dəfn etmədi. Deyilənə görə, ailə üzvlərindən bəzisi ilə birlikdə Baği-təxtə qaçıb”. Darğa Əbdül-Həmid xan qərara gəldi ki, Həzrət Babı öz evinə aparsın və Hüseyn xandan göstəriş alana qədər orada saxlasın. Evinə yaxınlaşanda fəryad və ağlayış səsləri eşitdi. Soruşub öyrəndi ki, yeganə oğlu vəba xəstəliyinə tutulub, özü də ölüm ayağındadır. Əbdül-Həmid xanın ümidi hər yerdən üzüldü, özünü Həzrət Babın ayaqlarına atıb oğlunun sağalmasını ondan dilədi. O ağlaya-ağlaya Həzrəti-Əlanın ətəyindən yapışıb dedi: “Səni and verirəm Sənə bu uca məqamı Bəxş Edənə, məni bir kənara qoy, oğlumu sağalt, onun heç bir günahı yoxdur, özü də çox gəncdir. Günahkar mənəm, mənim cəzamı ona vermə. Mən etdiyimə peşmanam, öz vəzifəmdən istefa verirəm və and içirəm ki, acından ölsəm də, daha bu cür işlərlə məşğul olmayacağam”. Bu vaxt Həzrət Bab sübh namazı üçün dəstəmaz alırdı. Əbdül-Həmid xana buyurdu ki, mübarək üzünü yuduğu dəstəmaz suyundan bir qədər aparıb oğluna içirtsin. Əbdül-Həmid xan bu göstərişə əməl etdi və oğlu şəfa tapdı. Bundan sonra dərhal hakimə məktub yazıb bütün hadisələri təsvir etdi və Hüseyn xana nəsihətlə müraciət etdi ki, Həzrət Babı incitməkdən əl çəksin, özünə və arvad-uşağına yazığı gəlsin, çünki əgər bu vəba uzun müddət davam etsə, heç kəs sağ qalmayacaq. Hüseyn xan ona cavabında yazdı ki, Həzrət Babı burax, qoy hara istəyirsə, çıxıb getsin.

Bütün bu əhvalatlar və Hüseyn xanın davranışı barədə məlumat Tehrana çatdı. Şah dərhal Hüseyn xanı vəzifəsindən kənarlaşdırdı. O vaxtdan Hüseyn xan xoş gün görmədi, necə deyərlər, bir qarın çörəyə möhtəc oldu, heç kəs də ona əl uzatmadı. Həzrət Bəhaullah Bağdadda olarkən, Hüseyn xan Mübarək Hüzura bir məktub yazıb əvvəlki günahlarına görə peşman olduğunu bildirdi və bağışlanmasını dilədi, xahiş etdi ki, onun əvvəlki hörmətini geri qaytarsın və o, yenidən Fars hakimi olsun. Həzrət Bəhaullah ona cavab vermədi. Hüseyn xan bədbəxtlik əlində əsir qaldı və nəhayət, məhv oldu.

Həzrət Bab darğa Əbdül-Həmid xanın evində olarkən, Seyyid Kazım Zəncanini dayısının evinə göndərib onu yanına çağırdı. Dayısı gəldikdən sonra, Həzrət Bab ona müraciətlə buyurdu: “Mən Şirazdan gedirəm. Sən anamdan və xanımımdan muğayat olmalı, onlara hər cür qayğı göstərməlisən”. Sonra onunla xudahafizləşib əlavə etdi: “Sən daim Allahın inayətinə layiq görüləcək və Onun tərəfindən hifz olunacaqsan. Gözlə, biz səninlə Azərbaycan dağlarında yenidən görüşəcəyik. Oradan səni fədakarlıq meydanına göndərəcəyəm ki, şəhidlik tacını başına qoyasan. Mən də səndən sonra Tanrının sadiq və sevimli bəndələrindən biri ilə bərabər gələcəyəm və biz əbədi aləmdə bir-birimizlə görüşəcəyik”.

bottom of page