top of page

Səkkizinci Fəsil

Həzrət Babın Məkkədən

Qayıtması və Şirazda Qalması

HƏZRƏT BAB MƏDİNƏDƏN Ciddəyə qayıtdı, oradan da gəmi ilə Buşəhrə yollandı. Onun Məkkəyə gedişi ilə Buşəhrə qayıdışı arasında doqquz qəməri ay vaxt keçdi. Həzrət Bab Buşəhrə çatıb əvvəllər qaldığı karvansarada dayandı. Orada bir çox dostlar və tanışlar Onun görüşünə tələsib ona “xoş gəldin!” dedilər. Elə o zaman Həzrət Bab cənab Qüddusa müraciət edib hədsiz sevgi və məhəbbətlə ona dedi: “Sən Şiraza yollanmalısan. Bizim birgə olduğumuz dövr başa çatıb, ayrılıq zamanı yetişib. Biz daha bu dünyada bir-birimizi görməyəcəyik, bir də Həzrət Bəhaya yaxınlıq məkanında səninlə rastlaşacağıq. Bu fani dünyada bizim ünsiyyətimizə yalnız doqquz ay vaxt ayrılmışdı ki, o da sona yetib, amma əbədi aləmdə bizim söhbətimiz və ünsiyyətimiz daimi olacaq. Tezliklə Allahın iradəsi səni bəla dənizinə qərq edəcək ki, sən Onun yolunda əzab və möhnətə düçar olasan. Səndən sonra mən də gələcəyəm və çoxlu müsibətlər çəkəcəyəm. Sən hədsiz dərəcədə sevinməlisən, çünki Tanrı səni öz səltənəti üçün seçib. Sən fəlakət və bəlalarla üzləşəcək bir qoşunun bayraqdarısan. Tezliklə sən həmin qoşunun önündə Tanrı yolunda şəhidlik şərabını içəcəksən. Bundan əlavə Şirazın küçə və bazarlarında sənə çox müsibətlər üz verəcək. Sənin cismin çox əzablar çəkəcək, lakin düşmənlərin bütün səylərinə baxmayaraq, qələbə səninlə olacaq. Sən o qədər yaşayacaqsan ki, Həzrət Məqsudun hüzuruna yetişəcəksən, orada bütün dərdləri, müsibətləri unudacaqsan və gizli qoşuna daxil ediləcəksən. Mən də səndən sonra şəhid olacağam və biz əbədi İlahi Səltənətdə görüşəcəyik”. Sonra Həzrət Bab özünün Məkkədən qayıtması və Buşəhrə varid olması barədə möhtərəm dayısına bir məktub yazdı və məktubla birlikdə yeni Əmrin əsas şərtlərini ehtiva edən “Xəsaili-səbə” adlı risaləsini də Həzrət Qüddusa verib onu yola saldı. Vidalaşarkən əlavə etdi ki, bütün sevimli dostlara mənim salamımı yetir.

Həzrət Qüddus Şiraza yollandı və şəhərə çatan kimi Hacı Mirzə Seyyid Əlinin evinə getdi. Möhtərəm dayı Həzrət Qüddusdan Həzrəti-Əlanın əhvalını soruşdu. Həzrət Qüddus hər şeyi təfsilatı ilə danışdı və mübarək Əmri ona elan etdi. Həzrət Babın dayısı onu dinlədikdən sonra mübarək Əmrə iman gətirdi. Hürufi-həyydən sonra Şirazda ilahi Əmri qəbul etmiş ilk şəxs məhz Həzrət Babın dayısı oldu. Əvəllər o, Əmrin əzəmətindən xəbərsiz idi, lakin Həzrət Qüddusla görüşdükdən sonra məsələnin əhəmiyyətini anladı və axıradək ilahi Əmrə sadiq qaldı. O Əmrin Məzhərinə hədsiz bir məhəbbətlə bağlanıb bütün sonrakı həyatını Əmrə xidmət göstərəməyə həsr etdi. Hacı Mirzə Seyyid Əli daim Həzrəti-Əlaya dayaq durur, mübarək Əmri müdafiə edirdi, heç nədən və heç kimdən qorxmurdu. O, maddi nemətlərə əhəmiyyət vermirdi və hər şeydən əlini üzüb müqəddəs hüzurun xidmətində dayanmışdı. Nəhayət, O, bir müddət keçdikdən sonra Tehranda yeddi şəhidin sırasında şəhid oldu və tam şücaətlə öz canını Əmrin yolunda qurban verdi.

Həzrət Qüddusun Şirazda görüşdüyü ikinci şəxs “İsmullah-ul-əsdəq” ləqəbli Molla Sadiq Xorasani oldu. O, “Xəsaili-səbə” adlı risaləni Molla Sadiqə verib dedi: “Mübarək Əmr budur, sən bu risalədə yazılmış əmrləri yerinə yetirməlisən”. Risalədə olan mübarək Əmrlərdən biri də bu idi ki, iman əhli cümə namazı üçün verilən azana aşağıdakı cümləni əlavə etməlidir: “Əşhədu ənnə Əliyyən qəbli Nəbilin Babu Bəqiyyətullah” [“Şəhadət verirəm ki, Nəbildən əvvəl gələn Əli—Bəqiyyətullahın qapısıdır”—“Nəbil” dedikdə Məhəmməd peyğəmbər nəzərdə tutulur. Beləliklə, “Məhəmməddən əvvəl gələn Əli” ifadəsi ilə Həzrət Babın adı Əli Məhəmməd xatırlanır. “Bəqiyyətullah”—hərfən “Allahın qalığı” deməkdir və Həzrət Bəhaullahın ləqəblərindən biridir.].

 

Molla Sadiq həmin dövrdə minbərdən moizə oxuyub insanlara nəsihət verməklə məşğul idi. O, bu mübarək Əmrdən agah olan kimi tərəddüd etmədən onu yerinə yetirməyə tələsdi və Məscidi-novda camaat namazına rəhbərlik edərkən, azanı yuxarıdakı cümlə ilə verdi. Bütün camaat dəhşətə gəlib bir-birinə dəydi, hay-küy qopdu. Camaatın birinci sırasında dayanmış nüfuzlu və məşhur üləmalar fəryad çəkib dedilər: “Vay, vay, biz sağ ola-ola bu kişi bizim gözümüzün qarşısında küfr bayrağını qaldırır. Tutun bu kafiri, o, Allahın və dinin düşmənidir, İlahi dində bidətə yol açır! Tutun onu, çünki o, bu yolla islamın bünövrəsini dağıdır! Bablıq elə kicik məqam deyil ki, hər yoldan ötən bu məqama iddia etsin”. Xülasə, üləmaların çağırışından sonra bütün şəhəri həyəcan dalğası bürüdü, aləm qarışdı, əmin-amanlıq və asayiş pozuldu. O vaxtlar “Sahibi-ixtiyar” ləqəbi ilə məşhur olan Fars hakimi acudanbaşı [zabit] Hüseyn xan İrəvani şəhərdəki bu qəfil həyəcandan heyrətə gəlib səbəbini soruşdu. Ona dedilər: “Yenicə Məkkə və Mədinə ziyarətindən qayıdıb Buşəhrə gəlmiş Seyyid Bab şagirdlərindən birini Şiraza göndərib ki, Onun hökmlərini yaysın. Bu şəxs iddia edir ki, Seyyid Bab ilahi Vəhylə Ona nazil olmuş yeni şəriətin banisidir. Artıq Molla Sadiq Xorasani bu yeni Əmri qəbul edib heç bir qorxu bilmədən camaatı Babın şəriətinə dəvət edir və ona iman gətirməyi ən mühüm vəzifələrdən sayır”.

Hüseyn xan məsələdən agah olan kimi əmr etdi ki, Həzrət Qüddusu və Müqəddəsi (Molla Sadiqi) tutub onun iqamətgahına gətirsinlər. Əmrə uyğun olaraq, onların ikisi də tutularaq Hüseyn xanın yanına aparıldı. Həzrət Babın əsərlərindən olan “Qəyyumül-əsma” adlı kitabı da Hüseyn xana verdilər, çünki Molla Sadiq bu kitabın bəzi hissələrini məsciddə ucadan camaata oxumuşdu. Hüseyn xan yaşca böyük olduğu üçün Molla Sadiqlə danışmağa başladı. Həzrət Qüddusa isə etinasızlıq göstərdi, çünki o həm yaşca kiçik idi, həm də əynində əməlli-başlı libası yox idi. Hüseyn xan Müqəddəsə dedi: “Sən bu kitabın əvvəlini oxumusanmı? Orada Seyyid Bab hökmdarlara, sultanlara və şahzadələrə müraciət edərək, onları hakimiyyətdən əl çəkməyə və Ona itaət göstərməyə çağırır. Oxumusanmı ki, O necə İran padşahının baş vəzirinə üz tutub deyir: “Ey padşahın vəziri, Allahdan qorx, hakimiyyətdən əl götür, çünki yerin hakimiyyətinin varisləri bizik”. Sən bu sözləri oxumusanmı?! Əgər bu sözlər doğrudursa, onda gərək Məhəmməd şah taxt-tacı buraxıb Seyyid Babın dərgahına tələssin. Mən də ki, Məhəmməd şahın təyin etdiyi Fars hakimi olaraq, hakimlikdən əl çəkim və bütün bu cah-cəlaldan vaz keçim”. Molla Sadiq dedi: “Əgər bu sözləri deyənin iddiasının düzgünlüyü aydınlaşarsa və Allah tərəfindən göndərildiyi qənaətbəxş dəlillərlə sübuta yetərsə, onda O nə deyirsə, doğrudur, hamı Ona itaət etməlidir, çünki Onun kəlamı Allah kəlamıdır, Allah kəlamına isə istər Məhəmməd şah olsun, istərsə də Məhəmməd şahın vəziri, hamı itaət göstərməlidir”. Hüseyn xan bu cavabı eşitcək qəzəbləndi və Müqəddəsi söyməyə başladı. Fərraşlara əmr etdi ki, Müqəddəsi soyundurub ona min qamçı vursunlar, sonra Müqəddəsin və Həzrət Qüddusun saqqalını yandırsınlar, burunlarını deşib noxtalasınlar, qandallanmış və zəncirlənmiş halda bütün şəhəri gəzdirsinlər. Qoy adamlar baxıb ibrət götürsünlər və bilsinlər ki, kafir olanın cəzası budur.

Molla Sadiq küçə və bazarlardan keçərkən, son dərəcə sakit və təmkinli bir halda gözlərini səmaya dikib Quranın aşağıdakı ayəsini oxuyurdu: “Ey Rəbbimiz! Həqiqətən biz: “Rəbbinizə inanın!”—deyə imana çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik. İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al!” (Ali-İmran surəsi, 193-cü ayə). Müqəddəs və Həzrət Qüddus cürbəcür əzablara dözdülər, cəmi müsibətlərə sevinc və dəyanətlə tab gətirdilər. Bütün şəhərdə onların hüququnu müdafiə edən bir kəs tapılmadı. Nəhayət, onları Şirazdan çıxarıb dedilər: “Əgər geri dönsəniz, daha ağır əzablara düçar olacaq və dar ağacından asılacaqsınız”. Bu iki müqəddəs şəxs böyük müsibətlərə qatlaşmaq meydanında hamıdan irəli düşüb birincilik qazandılar. Baxmayaraq ki, Molla Əli Bəstami mübarək Əmrin ilk şəhididir, amma o, bu iki şəxs qədər müsibət və əzab çəkməmişdir. Digər tərəfdən, onun müsibətləri İran hüdudlarından kənarda, yəni İraqda baş vermişdir.

Həmin günün hadisələrini öz gözləri ilə görmüş və mübarək Əmrə iman gətirməmiş şəxslərdən biri danışırdı ki, Müqəddəsə qamçı vurulanda mən orada idim. Bir neçə dəfə ona qamçı vuran fərraşlar yorulub əldən düşdülər və başqaları ilə əvəz olundular. Müqəddəsin çiyinlərindən qan axırdı. Heç kəs inanmırdı ki, belə yaşlı və bədəncə zəif bir insan əllidən artıq qamçıya dözə bilər. Amma qamçı zərbələrinin sayı doqquz yüzü aşdı, buna baxmayaraq Molla Sadiq hədsiz mətanət və şücaətlə buna dözdü. Onun .simasında sevinc əlamətləri sezilirdi, dodaqlarına təbəssüm qonmuşdu və qamçı zərbələrinə qətiyyən əhəmiyyət vermirdi. Mən hətta onun birtəhər əli ilə ağzını tutduğunu da gördüm. Onu şəhərdən xaric etdikdən sonra mən özümü ona çatdırıb soruşdum: “Nə üçün sənə qamçı vurulanda gülümsəyirdin və əlini ağzına tutmuşdun?” Molla Sadiq dedi: “İlk yeddi qamçı yaman incidirdi, amma ondan sonra heç bir ağrı hiss etmirdim, hətta bilmirdim ki, qamçılar mənim bədənimə dəyir, ya yox. Əvəzində isə mənim bütün vücudumu qəribə bir sevinc bürümüşdü, bərk gülməyim gəlirdi və gülüşün qarşısını almaq üçün əlimlə ağzımı tutmuşdum. O vaxt düşünürdüm ki, gör Tanrı necə ağrını rahatlığa, kədəri sevincə çevirir. İnsan ağlı Onun qüdrətinin böyüklüyünü dərk etməkdə acizdir”.

Mən (müəllif) bir neçə il sonra Müqəddəslə görüşdükdə, həmin adamın mənə danışdıqlarını ona nəql etdim. Müqəddəs onun dediklərinin hamısını təsdiq etdi.

Hüseyn xan Həzrət Babın davamçılarını incitməklə kifayətlənmədi. O öz nadan və yırtıcı təbiətinin ucbatından Həzrət Baba qarşı da hücuma keçdi. Bu məqsədlə öz xüsusi süvarilərindən bir neçəsini Şirazdan göndərib onlara qəti şəkildə əmr etdi ki, Seyyid Babı harada tapsalar, həbs edərək qandallanmış və zəncirlənmiş halda onun hüzuruna gətirsinlər. Həmin süvarilərin Əli-Allahi təriqətinə mənsub olan rəisi bu barədə belə danışmışdır: “Mən Hüseyn xanın əmrinə uyğun olaraq, Şirazdan Buşəhrə yollandım. Şirazın üç mənzilliyindəki çöllükdə bir Gəncə rast gəldik. O, belinə yaşıl qurşaq bağlamış, başına isə o dövrün zadəganlarının və tacirlərinin dəbinə uyğun bir əmmamə qoymuşdu. Gənc özü ata minmişdi, arxasınca isə şey-şüyü ilə birlikdə qara bir qul gəlirdi. Bizə yaxınlaşan kimi Gənc salam verib soruşdu: “Hara gedirsiniz?” Mən aldığım tapşırığı ona bildirmək istəmədim, ona görə də cavabında dedim: “Fars hakimi mühüm bir iş üçün bizi bu tərəflərə göndərib”. Gənc gülüb dedi: “Fars hakimi sizi göndərib ki, məni tutasınız. Budur, mən sizin hüzurunuzdayam. Necə tapşırılıbsa, elə də hərəkət edin. Mən özüm sizin yanınıza gəlib özümü təqdim etdim ki, məni tapmaqdan ötrü zəhmət və əziyyət çəkməyəsiniz”. Mən bərk təəccübləndim və çaşıb qaldım ki, nə üçün bu gənc asan və arxayın bir şəkildə özünü ələ verir və bununla da özünü bəlaya salır, öz həyatını təhlükəyə məruz qoyur. Odur ki, özümü eşitməzliyə vuraraq, ötüb keçmək istədim. Mən hərəkət etmək istərkən, O, bir qədər də yaxınlaşıb dedi: “İnsanı xəlq edən, onu bütün varlıqlardan üstün tutan, insanın qəlbini Özünün irfan və məhəbbət nurlarının təzahür etdiyi bir məkana çevirən Tanrıya and olsun ki, mən bütün həyatım boyu düz sözdən başqa bir şey deməmişəm, həmişə başqalarının xeyrini istəmişəm, öz rahatlığımı xalqın yolunda fəda etmişəm, heç vaxt heç kəsi incitməmişəm, heç kimin qəmə və kədərə batmasına bais olmamışam! Mən bilirəm ki, siz məni tutmağa gedirsiniz. Və istəmirəm ki, əzab-əziyyət çəkəsiniz, hakimin qarşısında məsuliyyət daşıyasınız. Ona görə gəlib özümü təqdim etdim. İndi siz öz vəzifənizi yerinə yetirin”.

Bu sözləri eşidən kimi qeyri-ixtiyari olaraq, atdan düşdüm, Onun atının üzəngisini öpüb dedim: “Ey Peyğəmbər Övladı, ey Rəsulullahın Gözünün Nuru! Səni and verirəm Səni yaradana və Sənə bu ali məqamı bəxş edənə! Mənim sözlərimi eşit, yalvarışıma etinasız qalma! Xahiş edirəm, buradan hara istəyirsənsə, çıx get, Hüseyn xanın hüzuruna yollanma, çünki o, alçaq və zalım bir adamdır, qorxuram Sənə əziyyət verə. Mən istəmirəm ki, peyğəmbər övladı olan sənin tək bir gənc o zalımın əlində əsir olsun. Mənim yanımdakı bu süvarilərin hamısı nəcib insanlardır. Söz verirəm ki, Səninlə görüşdüyümüzü heç kimə deməyəcəklər. Xahiş edirəm, elə buradan Məşhədə və Xorasana doğru yollan ki, bu qaniçən canavarın pəncəsindən qurtula biləsən!” Gənc cavab verdi: “Ümidvaram ki, göstərdiyin bu nəcabət və ləyaqətə görə Allah səndən razı qalacaq. Lakin mən heç vaxt Allahın hökmündən boyun qaçırmağa çalışmıram. Allah mənim pənahım, ümidim, köməyim və imdadımdır. Müəyyən olunmuş son saata qədər heç kəs mənə əziyyət verə bilməz və Allahın iradəsinin əksinə olan bir iş görə bilməz. Təyin olunmuş o saat çatanda isə mən böyük sevinclə Allah yolunda şəhidlik şərabını içəcəyəm. İndi mən hazıram, məni Hüseyn xanın yanına apar. Bu işə görə heç kəs səni məzəmmət etməyəcək”. Mən çarəsiz qalıb Onun əmrinə tabe oldum və istəyinə uyğun hərəkət etdim”.

Xülasə, Hüseyn xanın süvariləri Həzrət Babı böyük hörmət və ehtiramla qandalsız və zəncirsiz Şiraza qədər müşayiət etdilər. Həzrət Bab süvarilərin önündə gedirdi, onların hamısı Onun cazibəsinə düşüb Onunla son dərəcə itaətkarlıqla rəftar edirdilər. Beləcə onlar hakimin iqamətgahına çatdılar. Şəhər əhalisi bu qəribə halı müşahidə edib mat qalmışdı!

Hüseyn xan Seyyid Babın gəlişindən xəbər tutan kimi dərhal Onu yanına çağırtdırdı, Onunla hədsiz rəzalət və kobudluqla rəftar etdi. Hüseyn xanın əmrinə əsasən otağın ortasına bir stul qoydular, Həzrəti-Əla həmin stulda əyləşdi. Bunun ardınca o, Həzrəti-Əlanı təhqir etməyə, orada olan bir dəstə adamın yanında Ona pis sözlər söyləməyə başladı. Hüseyn xan qəzəblənmiş bir halda Həzrət Baba müraciət edərək, belə dedi: “Məgər Sən bilmirsən ki, böyük fəsad törətmisən, müqəddəs islam dinini təhqir etmisən, padşahımızın üzünə ağ olmusan?! Məgər Sən o şəxs deyilsən ki, yeni din iddiasına düşüb Quranın hökmlərini ləğv etməyə çağırmısan?!” Həzrət Bab Fars hakiminin sözlərinə cavab olaraq, hədsiz bir təmkinlə Quranın bu mübarək ayəsini oxudu: “Əgər bir fitnəkar sizə pis bir xəbər gətirsə, dərhal onun doğruluğunu yoxlayın, yoxsa cəhalətdən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız”. (Hucurat surəsi, 6-cı ayə). Hüseyn xan bu sözləri eşidib daha da qəzəbləndi və qışqıraraq dedi: “Sən nə demək istəyirsən? Yəni biz cahilik, fitnəkarıq, biz başa düşmürük?!” Sonra fərraşlardan birinə əmr etdi ki, Həzrət Babın üzünə möhkəm bir şillə vursun. Şillə o qədər güclü oldu ki, Həzrət Babın əmmaməsi yerə düşdü. Həmin sorğu-sualda iştirak edək Şirazın imamcüməsi Şeyx Əbu Turab bu rəftarına görə Hüseyn xanı məzəmmət etdi və göstəriş verdi ki, əmmaməni Həzrət Babın başına qoysunlar. Sonra Həzrət Babı öz yanında oturdub Hüseyn xana müraciətlə dedi: “Sən bu ayənin mənasını başa düşmədin, indi qulaq as, mən onun mənasını sənə deyim. Ayənin mənası budur ki, hər bir məsələni müzakirə etmək, araşdırmaq, onun üzərində düşünüb-daşınmaq və yalnız bundan sonra qəti qərara gəlmək lazımdır. Bu məsələni də müzakirə etmək gərəkdir. Bu Gəncin oxuduğu ayə çox yerinə düşdü və mənə bərk təsir etdi. İndi biz bu məsələni diqqətlə araşdırmalıyıq”. Hüseyn xan imamcümənin mövqeyi ilə razılaşdı. Belə olduqda, Şeyx Əbu Turab yeni Əmr iddiası barədə Həzrət Babdan açıqlama tələb etdi. Həzrət Bab buyurdu: “Mən nə vəd olunmuş Qaimin vəkiliyəm, nə də gizli imamla camaat arasında vasitəçi!” İmamcümə dedi: “Kifayətdir. Sizdən xahişim budur ki, cümə günü Vəkil məscidinə gəlin və indicə dediyiniz sözləri orada camaatın qarşısında təkrar edin. Bundan sonra Şeyx Əbu Turab yerindən qalxdı və bu işdən ötrü lazım olan tədbirləri həyata keçirmək üçün çıxıb getdi. Həmin əsnada Hüseyn xan dedi: “Gərək hörmətli bir şəxs Seyyid Baba zamin dursun ki, istədiyimiz vaxt Onu bizə təslim etsin və əgər bundan sonra Seyyid Bab islam dininin əleyhinə bir iş görsə, zamini də bundan ötrü məsuliyyət daşısın”. Həzrət Babın dayısı Hacı Mirzə Seyyid Əli orada idi. O, bacısı oğluna zamin durdu və öz xətti ilə zəmanətnamə yazıb möhürlədi, bir neçə nəfər də şahid kimi imza etdikdən sonra zəmanətnamə hakimə təqdim olundu.

Dayısı Həzrət Babı öz evinə apardı. O, bu işi görməyə müvəffəq olduğuna və Həzrət Babı zalım hakimin şərindən xilas etdiyinə görə çox sevinirdi. Həzrət Bab öz vaxtını evin bir guşəsində tənhalıqda keçirirdi. Xanımından, anasından və dayılarından başqa heç kəs Onun yanına gəlmirdi.

Çirkin xislətli insanların bir çoxu imamcümə Şeyx Əbu Turabdan təkidlə tələb edirdilər ki, Həzrət Babı Vəkil məscidinə gətirdib iddiasından əl çəkməyə vadar etsin və o, hakimin hüzurunda öhdəsinə götürdüyü işi yerinə yetirsin. Şeyx Əbu Turab insaflı və xeyirxah bir insan idi, Tehranın imamcüməsi mərhum Mirzə Əbülqasim kimi heç kimə pislik etmirdi, həmişə çalışırdı ki, hamı ilə, xüsusən Şiraz əhalisi ilə mehriban dolansın. Buna görə də camaat onu sevir və ehtiram bəsləyirdi. Həmin xasiyyətinə uyğun olaraq, Şeyx Əbu Turab fitnəkarların sözünə qulaq asmır və onların tələblərinə qısa cavablar verməklə kifayətlənirdi. Lakin fitnəkarlar bu işin baş tutması üçün hər vasitəyə əl atırdılar. Nəhayət, imamcümə kütləvi iğtişaş törənəcəyindən qorxuya düşüb bu işə razılıq verməyə məcbur oldu. O, Hacı Mirzə Seyyid Əliyə gizli bir məktub göndərib bildirdi ki, cümə günü Seyyid Babı Vəkil məscidinə gətirsin, O da öz vədini yerinə yetirsin. İmamçümə məktubunda yazmışdı: “Ümidvaram ki, sizin bacınız oğlunun bəyanatı kütləvi iğtişaşın qarşısını büsbütün alacaq və bundan sonra siz də, O da fitnəkarların şərindən qurtulub rahat yaşayacaqsınız”.

Cümə günü gəlib çatdı. Şeyx Əbu Turab minbərə qalxanda Həzrət Bab öz dayısı ilə birgə məscidə daxil oldu. İmamcümə O Həzrəti görən kimi mehribanlıq və hörmətlə Onu dəvət etdi ki, minbərə qalxıb sözlərini desin. Həzrət Bab imamcümənin dəvətinə uyğun olaraq minbərin birinci pilləsinə çıxıb sözə başladı. İmamcümə xahiş etdi ki, bir qədər yuxarı qalxın, qoy bütün camaat sizi görsün. Həzrət Bab iki pillə də qalxıb dayandı. O elə durmuşdu ki, camaat onun başını Şeyx Əbu Turabın sinəsi bərabərində görürdü. Həzrət Bab xütbəyə başlayıb buyurdu: “Həmd olsun Allaha! O, göyləri və yeri haqq-ədalətlə xəlq etdi!” Birdən imamcümənin əsadarı [rütbəli şəxsin əsasını saxlayan adam] Seyyid Şeşpəri qışqırıb dedi: “Bu mənasız kəlmələri bir kənara qoy, nəyi deməlisənsə, onu de!” İmamcümə Seyyid Şeşpərinin bu cəsarət və həyasızlığından qəzəblənib dedi: “Seyyid sus, abrın olsun, həyasızlıq etdiyin yetər!" Sonra Həzrət Babdan xahiş etdi ki, camaatın tez sakitləşməsindən ötrü bəyanatını qısa şəkildə ifadə etsin. Həzrət Bab üzünü camaata tutub dedi: “Məni qeyb olmuş İmamın vəkılı bilən adama Allah lənət eləsin! Məni İmamın Babı bilənə Allah lənət eləsin! Mənim Həzrət Rəsulun peyğəmbərliyini inkar etdiyimi düşünənlərə Allah lənət eləsin! Mənim Allahın digər peyğəmbərlərini inkar etdiyimi duşunənlərə Allah lənət eləsin! Mənim Əmir əl-mömininin və digər pak imamların imamətini inkar etdiyimi duşunənlərə Allah lənət eləsin!” Bu sözləri deyib Həzrət Bab Şeyx Turabın oturduğu ən yüksək pilləyə qalxdı və onunla qucaqlaşdı. İmamcümə ona dedi: “Yaxşısı budur ki, evinizə gedib namazı evdə qılasınız. Çünki ailəniz səbirsizliklə Sizin qayıdışınızı gözləyir və Sizin sağ-salamat olduğunuzu bilmək istəyir”. Sonra da Hacı Mirzə Seyyid Əliyə müraciət etdi: “Onu evə aparın, belə məsləhətdir”. İmamcümənin məqsədi bu idi ki, camaat namaz bitdikdən sonra qarışıqlıq törədib Həzrət Baba xətər yetirə bilməsin. Doğrudan da, əgər imamcümə Həzrət Babı evə qaytarmasaydı, namaz bitəndən sonra fitnəkarlar nadan camaatı qızışdırıb Həzrət Babın üstünə salacaqdılar. Əslində həmin gün imamcümə bir növ Allahın gizli əli kimi hərəkət edərək Həzrət Babı təhlükədən xilas etdi.

Xülasə, Həzrət Bab bir müddət öz evində mübarək ailəsi ilə birlikdə yaşadı. Nəhayət, Əmrin elan edilməsindən sonrakı ilk Novruz bayramı gəlib çatdı. Novruzun ilk günü hicri 1261-ci il rəbiül-əvvəl ayının 10-na (1845-ci il mart ayının 19-na) təsadüf etdi. Həmin gün Həzrət Bab məsciddə yuxarıdakı sözləri bəyan etdi. Vəkil məscidində olan insanların bir çoxu Həzrət Babın sözlərindəki hikmətə heyran qaldı və çox keçmədi ki, onların bir qismi Seyyid Babın əzəmətini anladı, Onun böyüklüyünü etiraf etdi. Bunların içərisində imamcümənin bacısı oğlu Şeyx Əli Mirzə də vardı. O, Həzrəti-Əlanın Vəkil məscidindəki xütbəsinin şahidi olmuşdu. O vaxtlar o, yenicə həddi-büluğa çatmışdı. Elə həmin gün Allaha məhəbbətin toxumu onun qəlbinin tarlasına səpilmiş və tədricən cücərməyə başlamışdı. Nəhayət, 1267-ci (1851-ci) ildə o, İraqda Həzrət Bəhaullahın hüzuruna qovuşmaq şərəfinə nail olmuş, bu görüşdən sonra qəlbindəki sevinc və qətiyyət daha da artmışdı. Şiraza qayıdan kimi o, Allah Əmrinin yüksəlişi yolunda fəaliyyətə başlamışdı və bu günün özündə də Əmrə xidmət göstərməklə məşğuldur. O özünü elə aparır ki, həm hökumət adamları, həm də digər insanlar onun dəyanətini, gözəl əxlaqını, Əmrə sədaqətini bilir və etiraf edirlər. Bir müddət əvvəl o, Akka şəhərinə Həzrət Bəhaullahın hüzuruna bir məktub göndərmişdi. Həmin məktubda o belə yazmışdı: “Mən ilahi Əmrin qüdrətinin əlamətlərini öz gözlərimlə görürəm. Neçə vaxtdır ki, bu şəhərdə yaşayıram, hər an insanlar məni bəla və müsibətə düçar ediblər, hamı mübarək əmrə mənsub olduğum üçün mənə düşmən kəsilib. Buna baxmayaraq, yüksək rütbəli iki şəxs—şahın oğlu Zillüs-sultan və şah divanının başçısı Mirzə Fətəli xan aralarındakı münaqişəni həll etmək üçün bir nəfər babini hakim seçmək qərarına gəliblər. Zillüs-sultan Allah Əmrinin düşməni olsa da, məhz bu qərara gəlib və hakimliyi mənim—qırx il mübarək Əmrə iman bəsləyən bir babinin öhdəsinə qoyub. Onlar belə razılığa gəliblər ki, mənim rəyimlə hesablaşsınlar və mən nə desəm, onu də yerinə yetirsinlər.

Vəkil məscidində olan və Həzrət Babın o gün dediyi sözləri eşidən şəxslərdən biri də Məhəmməd Kərim idi. O, Həzrət Babın həmin gün verdiyi bəyanatı eşitdikdən sonra mübarək Əmrə iman gətirmiş, sonralar çoxlu bəla və müsibətlərə düçar olmuşdu. Nəhayət, o, İrandan İraqa mühacirət etdi və İraqda Həzrət Bəhaullahın hüzuruna yetişdikdən sonra imanı daha da gücləndi. Bir müddət sonra o, Şiraza qayıtdı və Həzrət Bəhaullahın tapşırığına əsasən Əmrə xidmət göstərməklə məşğul oldu. Axırı o, Şirazda vəfat etdi. Həmin gün Vəkil məscidində olan və Həzrət Babın mübarək sözlərinin təsiri ilə Əmrə iman gətirən şəxslərdən biri də üzəngi düzəldən Mirzə Ağa Şirazi olmuşdur. O nə qədər çox çətinliklərlə üzləşirdisə, imanı bir o qədər güclənirdi. İraqda Həzrət Bəhaullahın hüzurunda olarkən o, Quran surələrinin əvvəlindəki ayrıca hərflər barədə, eləcə də “Nur” surəsinin mənası haqqında sual vermiş və buna cavab olaraq mübarək qələmdən bir lövhə nazil olmuşdu. O, daim Əmrə sədaqətlə xidmət göstərmiş və axırda şəhid olmuşdu. Həmin şəxslərdən biridə çörəkçi Mirzə Rəhim idi ki, iman gətirdiyi andan həyatının son dəqiqəsinədək Əmrdən üz döndərməmişdi. Başqa birisi isə bəzzaz Hacı Əbülhəsən Şirazi olmuşdur. O həmin il Məkkə səfərində Həzrət Babı görmüş, lakin Əmrin əzəmətindən lazımi dərəcədə xəbər tutmamışdı. Amma Vəkil məscidiidə mübarək bəyanatı eşidəndən sonra ilahi Əmrin cazibəsinə elə düşmüşdü ki, daim gözlərindən yaş axırdı. Camaat onun davranışına təəccüb edər, eyni zamanda onu tərifləyərdi. Onun oğulları da mübarək Əmrə iman gətirmişdilər. Həmin şəxslərdən biri də Hacı Məhəmməd Bəsat olmuşdur. O, Şeyx Əhmədin və Seyyid Kazım Rəştinin əshabələrindən idi. Təbiətən zarafatcıl bir adam idi. Heç vaxt cümə namazını ötürməzdi. Daim imamcümə ilə birlikdə olardı və imamcümə də onu çox sevərdi.

Xülasə, ilahi Əmrin zühurunun müjdəsi tədricən yaxın və uzaq yerlərə yayılırdı.

Həzrət Bab əvvəlcədən öz tərəfdarlarına göndərdiyi məktubda bildirmişdi ki, Məkkə səfərindən sonra Nəcəf və Kərbəlaya gələcəkdir. Buna görə də möminlərin bir çoxu orada mübarək vücudun gəlişini gözləyirdilər. 1261-ci ilin Novruzundan az sonra Həzrəti-Əla Nəcəf və Kərbəlada Onu gözləyən dostlara Bəsrə yolu ilə bir məktub göndərdi. Məktubda O, aydın şəkildə yazmışdı ki, mənim Nəcəf və Kərbəlaya gəlişim mümkünsüzdür, siz İsfahana gedib lazımi göstərişləri alana qədər orada qalın. Eyni zamanda Həzrət Bab əlavə etmişdi ki, əgər məsləhət olsa, sizi Şiraza çağıracağam, ona qədər isə İsfahanda gözləyin, görək Tanrının iradəsi nə göstərir. Bu məktub iman əhli üçün ciddi bir imtahan oldu və onlara müxtəlif cür təsir bağışladı. Bəziləri bu imtahanda çaşdılar və dedilər: “Necə olur ki, Seyyid Bab öz sözünə əməl etmir? Məgər O öz vədinə xilaf çıxmasını da Tanrının əmri hesab edir?!” Möminlərin bir qismi isə bu imtahandan üzüağ çıxdı. Onlar öz ağalarının əmrinə itaət göstərməyi vacib bilib tərəddüd edənlərin sözlərinə qulaq asmadılar və mübarək əmrə uyğun olaraq, İsfahana doğru yollandılar. Qəlbən iman sahibi olan bəzi əshabələr də onlara qoşuldular. O cümlədən, Mirzə Məhəmmədəli Nəhri ki, bir müddət sonra onun qızı Həzrət Əbdül-Bəhanın nişanlısı oldu. Eləcə də həmin Mirzə Məhəmmədəli Nəhrinin qardaşı Mirzə Hadi Nəhri. Bu iki qardaş isfahanlı idilər. Həmcinin Ağa Məhəmməd Hənasab İsfahani də onlarla idi ki, halhazırda Həzrət Bəhaullahın evinin xidmətçilərindən biridir. Bunlardan bir qismi sonralar Şeyx Təbərsi qalasında baş verən hadisələrin iştirakçısı olmuş və möcüzəli bir surətdə ölümdən qurtulmuşdular.

Xülasə, mübarək Əmrə sadiq olanlar Həzrət Babın göstərişinə uyğun şəkildə müqəddəs yerlərdən İsfahana doğru hərəkət etdilər. Kəngavərə çatanda cənab Molla Hüseyni qardaşı və bacısı oğlu ilə birlikdə orada gördülər və bu görüşdən çox şad oldular. Bu üç nəfər də Kərbəlaya gedirdilər ki, orada gözləyənlərə qoşulsunlar. Lakin Kəngavərdə mübarək Əmrdən xəbər tutub onlar da başqaları ilə birgə İsfahana yollandılar. Bütün əshabələr Molla Hüseynə hədsiz ehtiram göstərirdilər və onu camaat namazının imamı seçmişdilər. Əshabələrin Babülbaba ehtiramı sonralar mübarək Əmrdən uzaqlaşmış bəzi cahillərdə paxıllıq doğururdu. Onlardan biri Molla Cavad Bərğani, digəri isə Molla Əbdül-Əli Herati idi. Bu iki nəfər Babülbaba həsəd aparırdı və hər birinin könlündən möminlərin hörmətini qazanıb mənsəb sahibi olmaq keçirdi. Lakin onlar bu niyyətlərini açıq-aşkar büruzə verə bilmirdilər, çünki Molla Hüseynin nüfuzundan ehtiyatlanırdılar.

O vaxtlar Molla Əbdül-Kərim adı ilə tanınan və Qəzvindən Molla Cavadla birlikdə gəlmiş Mirzə Əhməd Katib bu barədə mənə (müəllifə) belə danışmışdı: “Mən çox vaxt görürdüm ki, Molla Cavad danışan zaman Molla Hüseynə kinayə ilə işarə edərək onu məsxərəyə qoyur. Buna görə də bir neçə dəfə onunla yoldaşlığa son qoymaq istədim, amma Molla Hüseyn razı olmayıb dedi ki, bunlar əhəmiyyətsiz şeylərdir və bunlara göz yummaq lazımdır”. Molla Hüseyni oradakı insanların hamısı sevirdi, hamı onun davranışından öyrənir, ondan nümunə götürürdü. İsfahana Doğru hərəkət edərkən, Molla Hüseyn həmişə tək-tənha başqalarından bir fərsəx irəlidə gedər, qürub vaxtı camaat namaza dayananda onlara qoşular, sonra yenə irəli çıxardı və bir də sübh namazında hamı ilə birgə olardı. Camaat namaz vaxtı imam olmağı ondan israrla xahiş edir, lakin o razılaşmırdı. Axırda başqa birisi imam olurdu, Molla Hüseyn də hamı ilə bərabər o şəxsin arxasında dayanırdı. Molla Hüseyn adamlara elə təsir göstərmişdi ki, hamı bir-birinə kömək edirdi, hətta miniyi olanlar onları piyadalara verib özləri piyada gedirdilər. İsfahana yaxınlaşanda Molla Hüseyn dedi ki, hamınız birlikdə şəhərə girməyin, çünki bu, əhalini təşvişə sala bilər, yaxşısı budur, bir neçə nəfərlik dəstələrlə müxtəlif darvazalardan şəhərə daxil olun.

İsfahana gəldikdən sonra əshabələr Həzrəti-Əlanın möminlərlə görüşə bilməməsinin səbəbini öyrəndilər və Şirazda Onun üzləşdiyi çətinliklərdən xəbər tutdular. Bəlli oldu ki, onların Şiraza getməsi daha böyük bəlaların baş verməsinə gətirib çıxara bilər. Amma Molla Hüseyn bu xəbərlərə əhəmiyyət vermədi və Şiraza getmək qərarına gəldi. O öz niyyətini yoldaşlarından bir neçəsinə bildirdi. Sonra əba və əmmaməsini çıxarıb Xorasan həzarələri kimi cübbə və papaq geydi. Bu qiyafədə o, öz sevimli Ağasının şəhərinə doğru yollandı. Onu görən hər kəs düşünərdi ki, o, həzarə tayfasından və Qucan camaatındandır. Qardaşı və bacısı oğlu da onunla birlikdə idilər. Molla Hüseyn Şiraz darvazasına çatıb dayandı və hava qaralanda qardaşını şəhərə göndərdi ki, Həzrət Babın dayısının evinə getsin və onun vasitəsilə gəldiklərini Mübarək Hüzura xəbər versin. Ertəsi gün Molla Hüseynə xəbər çatdı ki, gün batandan sonra Həzrət Babın dayısı Hacı Mirzə Seyyid Əli şəhər kənarında onu gözləyəcək. Babülbab təyin olunmuş vaxtda deyilən yerə getdi və Həzrət Babın dayısı ilə görüşüb onun evinə yollandı. O gündən etibarən Həzrət Bab hər gecə dayısının evinə gəlirdi və səhər açılana qədər Babülbab Onun hüzurunda olurdu. Bir müddət sonra Həzrət Bab İsfahanda göstəriş gözləyən tərəfdarlarına icazə verdi ki, tədricən Şiraza doğru hərəkət etsinlər və beləliklə, lazımi anda onların hər biri Mübarək Hüzura yetişmək imkanı qazansın. Eyni zamanda tapşırdı ki, son dərəcə ehtiyatlı olsunlar və hamısı birdən şəhərə daxil olmasınlar; Şiraza gəldikdən sonra isə karvansaralarda bir-birlərindən uzaqda məskən salsınlar, eyni zamanda müəyyən bir işlə məşğul olsunlar ki, əhali onlardan şübhələnib maneçilik törətməsin.

Molla Hüseyndən sonra Şiraza gələn ilk dəstə Mirzə Məhəmmədəli Nəhri, onun qardaşı Mirzə Hadi, Molla Əbdül-Kərim Qəzvini, Molla Cavad Bərğani, Molla Əbdül-Əli Herati və Mirzə İbrahim Şirazidən ibarət idi. Sonuncu üç nəfər Həzrət Babın Molla Hüseynə hədsiz məhəbbətini müşahidə etdikdə, köhnə paxıllıqları baş qaldırdı və əllərindən bir şey gəlmədiyini görüb Molla Hüseynin ünvanına pis sözlər danışmağa başladılar. Onlar daim Molla Hüseynin qeybətini qılır, imkanları daxilində hər vasitə ilə onu gözdən salmağa çalışırdılar. Nəhayət, onlar hədlərini aşdıqda, bütün möminlər həmin şəxslərin çirkin niyyətini anladılar və onlardan uzaqlaşdılar. Onların əməllərinin nəticəsi bu oldu ki, iman əhlinin cərkəsini tərk edib Əmrin düşmənləri ilə əlbir oldular və Allahın Əmrinə qarşı çıxdılar. Onlar Şiraz şəhərində böyük fitnə törətdilər və fitnəkarlıqda elə bir həddə çatdılar ki, Şiraz hakimi bunun qarşısını almaq üçün onları Şirazdan qovdu. Həzrəti-Əla öz mübarək lövhə və yazılarında həmin üç nəfəri Samirinin buzovuna bənzətmiş, xüsusən Molla Cavadla Molla Əbdül-Əli Heratini bütpərəst və şeytan adlandıraraq, açıqca buyurmuşdur: “Ey Allahım, bütpərəstə və şeytana lənət eylə!” Bu üç vəfasız şəxs Kirmana gedib Hacı Kərim xan Kirmaninin tərəfdarlarına qoşuldular.

Həmin üç nəfər qovulduqdan sonra Həzrət Bab bir gecə dayısının evinə getdi və Mirzə Məhəmmədəli Nəhrini, onun qardaşı Mirzə Hadini və Molla Əbdül-Kərim Qəzvinini öz hüzuruna çağırdı. Onlar gələn kimi Həzrət-Əla üzünü Molla Əbdül-Kərimə tutub buyurdu: “Ey Əbdül-Kərim, sən vəd olunmuş Məzhərimi axtarırsan?!” Əmrin Məzhərinin dilindən hədsiz lütf və qətiyyətlə çıxan bu sözlər Molla Əbdül-Kərimə elə təsir bağışladı ki, ixtiyarsız olaraq, gözlərindən yaş axdı, rəngi qaçdı, həyəcanlanıb özünü Həzrət Babın ayaqlarına atdı. Həzrət Bab sonsuz mehribanlıqla onu qucaqlayıb alnından öpdü, sonra öz yanında oturdub şirin kəlmələrlə onun narahatlığını aradan qaldırdı. Onlar Mübarək Hüzurdan mürəxxəs olub öz evlərinə qayıtdıqda, Mirzə Məhəmmədəli və qardaşı Molla Əbdül-Kərimin həyəcanının səbəbi ilə maraqlandılar və soruşdular: “Nə oldu ki, sən birdən-birə o cür iztiraba düşdün?” Molla Əbdül-Kərim dedi: “Qulaq asın, mən sizə öz hekayətimi danışım. Bu, qəribə bir hekayətdir və mən indiyə qədər onu heç kimə danışmamışam. Mən yetkinlik yaşına çatanda Qəzvin şəhərində yaşayırdım. O vaxtlar özümdə ilahi sirləri anlamağa güclü bir meyl hiss edirdim, istəyirdim ki, Allahın vahidliyi, peyğəmbərlər və Tanrı elçiləri barədə mükəmməl bilik əldə edim. Bunun üçün elmləri öyrənməkdən yaxşı vasitə yoxdur. Ona görə atamı və əmilərimi birtəhər razı saldım ki, mənim təhsil almağıma imkan yaratsınlar və bir müddət işləməkdən əl çəkib dərs oxumağıma icazə versinlər. Onlar etiraz etmədilər. Mən Qəzvindəki mədrəsələrin birində hücrə tutdum və müxtəlif elmləri öyrənməklə məşğul oldum. Gündüzlər öz yoldaşlarımla oxuduğum mətləbləri müzakirə edirdim, gecələr isə öz kitabxanama çəkilib mütaliə ilə məşğul olurdum. Bu işə o qədər aludə olmuşdum ki, yeməyi və yatmağı da yaddan çıxarmışdım. Mən o dövrdə Qəzvinin ən böyük alimlərindən sayılan Molla Əbdül-Kərim İrəvaninin dərslərinə də gedirdim. O, çox bilikli bir adam idi, geniş məlumatlara malik idi, həm də təmiz və xeyirxah bir şəxs kimi tanınırdı. İki ildən sonra mən fiqh və üsulda ən yüksək səviyyəyə çatdım, bu iki fənnin ən çətin məsələlərini həll etməyə qadir oldum. Az sonra bir kitab yazmağa başladım. Kitabı əsasən gecələr yazırdım. Nəhayət, onu bitirib öz ustadıma təqdim etdim. Ustadım kitabı oxuyub çox sevindi və mənim zəhmətimi yüksək qiymətləndirdi. Bir gün digər şagirdlərinin də iştirak etdiyi məclisdə o, dedi: “Molla Əbdül-Kərim elmdə elə bir səviyyəyə çatıb ki, artıq onun məndən və mənim kimilərdən dərs almağa ehtiyacı yoxdur. O özü bilikli bir müctəhiddir, Quran ayələrini təfsir edə, onların mənasını aça bilər. Gələn cümə günü cümə namazı qurtardıqdan sonra mən onu bütün şəhərə təqdim edəcəyəm və ona müctəhidlik icazəsi verəcəyəm”. Şagirdlər ustadın bu sözlərini eşidib böyük müvəffəqiyyət münasibətilə məni təbrik etdilər. Evə qayıdanda gördüm ki, Qəzvinin tanınmış adamlarından sayılan atam və böyük əmim Hacı Hüseyn Əli təntənəli bir ziyafət üçün hazırlıq görürlər. Onlar nəzərdə tutmuşdular ki, gələn çümə günü mənim şərəfimə ziyafət təşkil edib Qəzvinin bütün əyanlarını dəvət etsinlər. Mən onlardan xahiş etdim ki, özüm xəbər verənə qədər bu ziyafəti təxirə salsınlar. Onlar mənim məqsədimi başa düşməsələr də, xahişimi qəbul etdilər. Gecə öz otağıma çəkilib düşünməyə başladım və öz-özümə dedim: “Axı sən yaxşı bilirsən ki, yalnız xətadan uzaq, günahsız və pak ruha malik olan şəxslər Quran həqiqətlərini təfsir edə bilərlər. Molla Əbdül-Kərim İrəvani və başqaları deyirlər ki, sən bu səviyyəyə ucalmısan və səni Qəzvinin görkəmli alimlərindən biri hesab edirlər. İndi özün-özlüyündə ədalətlə düşün: məgər özün də bu səviyyəyə çatdığına inanırsan? Məgər sənin paklığın o dərəcədədir ki, xətadan uzaq və günahsız sayılasan?!” Bu barədə xeyli düşündükdən sonra ədalət əsasında belə qərara gəldim ki, mən həmin səviyyəyə çatmamışam. Mən özümün müxtəlif çətinliklər və istəklər əlində giriftar olduğumu gördüm. Bu isə mənim pərişanlığımı daha artırdı. Səhərə qədər bu düşüncələrin əlində əsir qaldım.

 

O gecə nə bir şey yeyə bildim, nə də yuxuya getdim. Arabir münacat oxuyur və deyirdim: “İlahi, sən özün görür və bilirsən ki, mənim sənin razılığına nail olmaqdan özgə bir məqsədim yoxdur. Mən daim Sənin sevgini qazanmağa çalışmışam. Hər dəfə Sənin müqəddəs dinini camaatın müxtəlif məzhəblərə parçaladığını görəndə, çaşıb qalıram. Ey Tanrı, mənə yardımçı ol, məni bu sərkərdanlıqdan qurtar, məni bu şübhələr selindən xilas et, hidayət çeşməsini mənə göstər və məni həqiqi məqsədə yetir!" Birdən məni ağlamaq tutdu, xeyli ağladım, çünki gördüm ki, çəkdiyim bütün zəhmətlər nəticəsiz qalıb, ömrüm hədər gedib. Bu arada məni yuxu apardı. Yuxuda gördüm ki, şərəfli seyyidlərdən olan möhtərəm bir şəxs minbərdə oturub və nurlu çöhrələrə malik bir xeyli insan onun hüzurunda əyləşib. O şərəfli seyyid Quranın aşağıdakı ayəsini təfsir etməklə məşğuldur: “Bizim uğrumuzda çalışanları öz yollarımıza qovuşduracağıq” (Ənkəbut surəsi, 69-cu ayə). O şərəfli seyyidin simasındakı nur məni heyran etdi. Ayağa qalxıb irəli getdim. Özümü onun ayaqlarına atmaq istəyirdim ki, yuxudan ayıldım. Qəlbimi elə qəribə bir sevinc bürümüşdü ki, onu təsvir etməkdə acizəm. Qəzvində Hacı Allahverdi adlı bir şəxs vardı. O, Ağa Məhəmməd Cavad Fərhadinin atası idi. Bu şəxs bütün Qəzvində xeyirxahlığı, işıqlı könlü və bir çox həqiqətlərdən agah olması ilə ad çıxarmışdı. Onun yanına gedib yuxumu danışdım. O mənim yuxumun məzmununu eşidən kimi gülərək dedi: “Sənin yuxuda gördüyün şərəfli seyyid yəqin ki, belə bir adam olub”. Sonra onun əlamətlərini və zahiri görünüşünü dəqiqliklə təsvir etdi. Mən məəttəl qalıb soruşdum ki, axı bu kimdir. Hacı Allahverdi dedi: “Bu şəxs Hacı Seyyid Kazım Rəştidir. O, Kərbəlada yaşayır və çoxlu şagirdləri var. Həmin şagirdlər onun təlimindən bəhrələnir və onun elm dəryasından faydalanırlar. Onun sözləri eşidənlərə qəribə təsir bağışlayır”. Mən Hacı Allahverdiyə təşəkkür edib dərhal evə qayıtdım və Kərbəla səfərinə hazırlaşmağa başladım. Molla Əbdül-Kərim İrəvani mənə sifariş göndərdi ki, mən səni görmək istəyirəm, ya sən gəl, ya da mən. Ona xəbər göndərdim, mən şəhidlərin ağası Həzrət İmam Hüseyn-əleyhissalamı ziyarət etmək üçün səfərə çıxıram, özü də təçili şəkildə yola düşməliyəm, əgər imkanım olsa, bir neçə dəqiqəliyə sizin görüşünüzə gələrəm, yox gələ bilməsəm, onda xahiş edirəm məni bağışlayasınız və Allahın məni doğru yola istiqamətləndirməsi naminə dua edəsiniz. Mən qohumlarımdan bir neçəsinə gördüyüm yuxu və onun yozumu barədə danışdım. Bu, onların Hacı Seyyid Rəştini sevməsinə və Hacı Allahverdi ilə dostlaşmasına səbəb oldu. Mən Qəzvindən yola düşdüm. Sonralar Tehranda şəhid olan qardaşım Əbdül-Həmid də mənimlə birlikdə idi. Kərbəlaya çatan kimi Seyyid Kazım Rəştinin dərs dediyi yerə getdim və onun eynən yuxuda gördüyüm simaya malik olduğunu gördüm. Üstəlik mən içəri daxil olanda, o böyük insanın məhz yuxuda gördüyüm ayəni təfsir etdiyinin şahidi oldum. Oturub onun nitqini dinləməyə başladım. Onun sözləri mənə qeyri-adi təsir bağışladı. Seyyid bizə çox böyük mehribanlıq göstərdi. Mənim və qardaşımın sevincinin həddi-hüdudu yox idi. Biz hər səhər ikilikdə Seyyid Kazımın mənzilinə gedirdik və onunla bərabər şəhidlərin ağası Həzrət İmam Hüseyn-əleyhissalamı ziyarət etməyə yollanırdıq. Qış fəslini beləcə başa vurduq.

Mən bütün bu müddətdə müntəzəm surətdə Seyyidin dərslərinə gedirdim. O, hansı ayədən, hansı hədisdən danışırsa-danışsın, sözünün axırı vəd olunmuş Qaimin zühuru və O Həzrətin zühur edəcəyi günün yaxınlaşması ilə bitirdi. Çox vaxt deyirdi ki, vəd olunmuş Həzrət sizin aranızdadır, amma siz Onu tanımırsınız; Onun zühur edəcəyi vaxt yaxındadır; öz ürəklərinizi təmiz və pak edin, Onun gəlişinə yol açın ki, Onu görməyə müvəffəq ola biləsiniz; mən bu dünyadan getməyincə, O, zühur etməyəcək; mən öləndən sonra Onu axtarmağa başlayın və Onu tapmayınca, bir an da dayanmayın.

Xülasə, qış ötüb keçdi, Novruz bayramı yetişdi. Novruzdan sonra Seyyid Kazım mənə əmr etdi ki, Kərbəlanı tərk edib Qəzvinə gedim. Mən Seyyiddən xahiş etdim ki, əgər mümkündürsə, Kərbəlada qalmağıma icazə versin, çünki Qəzvinə qayıtsam, üləmalar mənimlə düşmənçilik edəcəklər. Seyyid Kazım buyurdu: “Ey Əbdül-Kərim, arxayın ol, sən Qaimin zühurunu görəcəksən və onun Əmrinə yardımçı olmaq şərəfinə layiq görüləcəksən. Xahişim budur ki, o gün məni yad edəsən. İndi isə Allaha təvəkkül et. Qəzvinə çatanda, üləmaların fitnəsinə əhəmiyyət vermə, ticarətlə məşğul ol, heç kəs sənə bir zərər yetirə bilməyəcək”.

Mən Seyyidin əmrinə uyğun şəkildə hərəkət etdim və qardaşımla birlikdə Qəzvinə qayıtdım. Mən Seyyidin bütün göstəriş və nəsihətlərinə əməl edirdim. Gündüzlər ticarətlə məşğul olur, gecələr isə öz xəlvəti otağıma çəkilib namaz qılır, dua oxuyurdum. Gözlərimdən yaş axıdıb yalvararaq deyirdim: “İlahi, Sən dərgahına yaxın olan bəndə vasitəsilə mənə vəd etmisən ki, Qaimin dövranını görəcəyəm, Onun camalına baxmaq şərəfinə nail olacağam, Həzrət Qaimin Əmrinə yardımçı olmağa layiq görüləcəyəm. Bu iş nə vaxta qədər yubanacaq? Nə vaxt öz vədinə əməl edəcəksən? Nə vaxt öz fəzlinin qapısını mənim üzümə açacaqsan? Nə vaxt o tükənməz neməti mənə bəxş edəcəksən?!”

Hər gecə mənim işim bundan ibarət idi. Nəhayət, hicri 1255-ci ilin ərəfə günü (1840-cı il fevralın 13-ü) gəlib çatdı. Həmin gün axşamçağı mən evə qayıtdım və bayram gecəsini namaz və dua ilə keçirdim. Necə oldusa, yuxu məni apardı. Yuxuda gördüm ki, qar kimi ağappaq bir quş başımın üstündə dövrə vurur. Mən bir ağacın yanında dayanmışdım. Quş həmin ağacın budağına qondu və təsvirəgəlməz dərəcədə təsirli bir ahənglə dedi: “Ey Əbdül-Kərim, sən vəd olunmuş Məzhərimi axtarırsan?! Gözlə, 60-cı ildə O, Zühur edəcək!” Bunları deyəndən sonra o gözəl quş uçub getdi və gözdən itdi. Onun sözləri mənə qəribə təsir bağışlamışdı, bütün vücudumu sevinc hissi bürümüşdü. Daim quşdan eşitdiyim sözləri təkrar edirdim ki, o şirin kəlmələr yadımdan çıxmasın. Yuxumu isə heç kəsə danışmadım.

Bir neçə il sonra Qaimin sədasının Şirazdan ucaldığını eşitdim. Dərhal Şiraza doğru yollandım. Tehranda Molla Məhəmməd Müəllim Nuri ilə görüşdüm və onun vasitəsilə mübarək Əmrdən agah oldum. O mənə dedi: “Mübarək əmrə əsasən, möminlər Kərbəlada Həzrət Babın Məkkədən qayıtmasını gözləyirlər”. Mən də Tehrandan Kərbəlaya yollandım. Həmədana çatanda bədbəxtlikdən Molla Cavad Bərğani də mənə qoşuldu və mənimlə birlikdə Kərbəlaya gəldi. Mən Kərbəlada sizinlə və digər dostlarla görüşdüm. Amma yenə də gördüyüm yuxunu kimsəyə danışmadım. Bu gecə Mübarək Hüzura qovuşanda Həzrət Babın dilindən həmən xoş ahənglə həmən sözləri eşitdim ki, o gecə o gözəl quşun dilindən eşitmişdim. Buna görə də həyəcanlanıb qeyri-ixtiyari olaraq, özümü Onun mübarək qədəmlərinə atdım”.

Mən (müəllif) hicri 1265-ci ilin əvvəllərində (1848-ci ilin sonlarında) 18 yaşımda olarkən, vətənim Zərəndi tərk edib Quma getdim. Orada sonralar Bağdadda özünü Allah Əmrinə fəda etmiş "Zəbih" ləqəbli Seyyid İsmayıl Zəvareinin vasitəsilə Həzrəti-Əlanın mübarək Əmrinə iman gətirdim. Seyyid Zəbih o vaxt istəyirdi ki, Mazandarana gedib Şeyx Təbərsi qalasındakı əshabələrə qoşulsun. O, qərara almışdı ki, məni və gənc yaşlarında olan Mirzə Fətullah Həkkak Qumini də özü ilə aparsın. Amma qarşıya bir sıra maneələr çıxdığına görə o, bu məqsədini həyata keçirə bilmədi və bizə dedi ki, mən Tehranda sizi gözləyəcəyəm. O, Mirzə Fətullah Həkkakla söhbət edərkən, Molla Əbdül-Kərim Qəzvininin əhvalatını ona danışmışdı. Və məndə Əbdül-Kərimi görməyə böyük həvəs oyanmışdı. Sonralar mən Tehrana gedərkən Şah məscidinin yanındakı “Darüş-şəfa” mədrəsəsində Seyyid İsmayıl Zəbihə rast gəldim. O, həmin mədrəsədə yaşayan Molla Əbdül-Kərimlə məni tanış etdi. Biz Təbərsi qalasına getməyə hazırlaşan zaman xəbər gəldi ki, qaladakı hadisələr başa çatıb. Buna görə də qalaya getmək istəyənlərin niyyəti baş tutmadı. Molla Əbdül-Kərim o zaman Tehranda idi və fars dilində olan mübarək “Bəyan” kitabının üzünü köçürməklə məşğul idi. Mən daim onunla ünsiyyətdə olurdum və indi—o vaxtdan 38 il keçəndən sonra da özümdə ona qarşı həmən günlərdə Tehranda olduğu qədər hədsiz məhəbbət və hörmət hiss edirəm. Elə bu səbəbdən də onun əhvalatını müfəssəl şəkildə əvvəldən axıradək bu kitabda yazdım. Ola bilər ki, əziz oxucular bunu oxumaqla ilahi Əmrin əzəmətini daha yaxşı anlayacaqlar.

bottom of page