top of page

Beşinci Fəsil

Həzrət Bəhaullahın Mazandaran Səfəri

HƏZRƏT BABIN TƏLİMİNİ yaymaq üçün Həzrət Bəhaullahın səfər etdiyi ilk yer Mazandaran vilayətindəki Nur bölgəsi oldu. Nur—Həzrət Bəhaullahın əsil vətənidir. Nur bölgəsində yerləşən Takor kəndində Həzrət Bəhaullahın atasının iri torpaq sahəsi vardı. O, orada böyük bir qəsr tikdirmişdi. Qəsrin içərisi qiymətli xalçalarla və dəyərli əşyalarla bəzədilmişdi.

Mən (müəllif) bir gün Həzrət Bəhaullahın mübarək dilindən aşağıdakı sözləri eşitdim: “Mərhum vəzir [Həzrət Bəhaullahın atası] çox yüksək məqama malik idi, buna görə də hamı ona həsəd aparırdı. Çoxlu sərvətinə, əsl-nəcabətinə, ləyaqətinə, səxavətinə və yüksək vəzifəsinə görə cənab vəziri tanıyanların hamısı onunla hesablaşırdı. İyirmi il ərzində Nuri ailəsinin Nur və Tehranda yaşayan üzvləri şad-xürrəm, sağ-salamat və tam təmin olunmuş bir həyat yaşamışdılar. Bu müddət ərzində Allahın bərəkəti o ailənin üzərindən əskik olmamışdı və onlar heç bir cəhətdən korluq çəkməmişdilər. Lakin iyirmi il keçdikdən sonra qəflətən o xoşbəxtlik və rahatlıq çətinliklər və bəlalarla əvəz olundu, sərvət və var-dövlətin yerini maddi sıxıntılar və yoxsulluq tutdu. Əvvəlcə Takor kəndində baş vermiş güclü daşqın cənab vəzirin oradakı qəsrinin yarısını dağıtdı. Qəsrin bünövrəsi xeyli möhkəm olsa da, şiddətli sel axını onun ən gözəl hissəsini sıradan çıxardı və oradakı qiymətli əşyaları məhv etdi. Digər tərəfdən cənab vəzirin düşmənlərinin və ona paxıllıq edənlərin fəaliyyəti nəticəsində hökumət mənsəbi də onun əlindən çıxdı. O, həmin vaxta qədər İran sarayında yüksək mənsəblər tuturdu, amma düşmənlərin və paxılların fitnə-fəsadı onun hökumət vəzifələrindən uzaqlaşdırılmasına səbəb oldu. Lakin bir-birinin ardınca baş verən bu hadisələr cənab vəzirin davranışında heç bir dəyişiklik əmələ gətirmədi. O, imkanlı vaxtlarındakı mətanət və vüqarını, səxavət və qayğıkeşliyini çətin günlərində də qoruyub saxladı. Hətta ona vəfasız çıxmış dil dostları ilə də əvvəlki tək mehriban davranırdı. Bir sözlə, cənab vəzir ömrünün son dəqiqələrinə qədər bütün əziyyətlərə sakitcə dözdü, hər cür çətinliyə mərdliklə sinə gərdi”.

Bir dəfə Həzrət Əbdül-Bəha bəhai olmaq nə deməkdir sualına belə cavab vermişdir: “Bəhai olmaq—bütün dünyanı sevmək deməkdir; bəşəriyyəti sevmək və ona xidmət etmək, ümumdünya sülhü və qardaşlığı naminə çalışmaq deməkdir”. Başqa bir vaxt O, bəhaini “insanın ən yaxşı və kamil keyfiyyətlərini özündə cəmləşdirən şəxs kimi” səciyyələndirmişdir.

Həzrət Bab Əmri izhar etməmişdən öncə Həzrət Bəhaullah Nur bölgəsinə səfər etmişdi. O vaxtlar məşhur müctəhid Mirzə Məhəmməd Tağı Nuri həmin bölgədə qeyri-adi nüfuz qazanmışdı. Ondan dərs almış kəslər bununla öyünər, özlərini həqiqi alim sanar və islamın bütün sirlərinə vaqif olduqlarını düşünərdilər. Bir gün iki yüz nəfərə yaxın şagirdin iştirak etdiyi dərsdə müctəhid Nuri pak imamlardan nəql olunan çətin hədislərdən birini söylədi ki, şagirdlər həmin hədisin mənası barədə müzakirə açsınlar və öz fikirlərini bildirsinlər. Dərs vaxtı Həzrət Bəhaullah bir necə yoldaşı ilə birlikdə içəri girdi və müzakirəni dinləməyə başladı. Müctəhid Nurinin şagirdlərindən heç biri qoyulan suala düzgün cavab verə bilmədi. Belə olduqda, Həzrət Bəhaullah sadə bir dillə həmin hədisi şərh etdi. Hədisin mənasını açmaqda şagirdlərinin aciz qaldığını görən müctəhid Nurinin kefi pozuldu və o, qəzəb qarışıq bir ahənglə şagirdlərinə dedi: “Mən neçə ildir zəhmət çəkirəm, sizi müqəddəs islam dininin ali həqiqətləri və dəyişməz prinsipləri ilə tanış edirəm ki, siz sirləri aça biləsiniz, çətinlikləri asanlaşdırmağı bacarasınız. Amma bu gün görürəm ki, başına papaq qoymuş bir Gənc elm və bilik baxımından sizin hamınızdan üstündür. Bu Gənc heç bir mədrəsədə oxumayıb, sizin öyrəndiyiniz elmlərlə tanış olmayıb, lakin O, çətin məsələni sadə şəkildə izah etdi, siz isə neçə illik zəhmətdən sonra bir hədisin mənasını açmaqda acizlik göstərdiniz”.

Həzrət Bəhaullah Nur bölgəsindən qayıtdıqdan sonra müctəhid Nuri Həzrət Bəhaullah barədə iki yuxu görmüş və onlara çox ciddi yanaşmışdı. Sonradan həmin yuxuları şagirdlərinə də danışmışdı. Müctəhid öz yuxularının məzmununu belə nəql edirmiş: “Birinci dəfə yuxuda gördüm ki, bir dəstə adamın əhatəsində dayanmışam. Hamı bir evə işarə edərək, deyir: “Həzrət Sahib əz-Zaman oradadır”. Mən çox sevindim və sürətlə həmin evə tərəf getdim ki, özümü o Həzrətin hüzuruna çatdırım. Qapıya çatanda, məni içəri girməyə qoymadılar. Təəccüblənib səbəbini soruşdum. Mənə dedilər: “Həzrət Qaim bir nəfərlə söhbət edir, heç kəsin içəri daxil olmağa ixtiyarı yoxdur, giriş qəti surətdə qadağandır!” Mən o Həzrətin hüzurundakı şəxsin kimliyini aydınlaşdırmaq istədim. Qapı ağzında durmuş məmurların görünüşü və davranışından bu nəticəyə gəldim ki, həmin mötəbər şəxs Həzrət Bəhaullahdır. İkinci dəfə yuxuda gördüm ki, bir yerdəyəm, ətrafımda da çoxlu sandıqlar qoyulub. Mənə dedilər ki, bu sandıqlar Həzrət Bəhaullaha məxsusdur. Sandıqları açdım. Gördüm ki, kitabla doludur. Kitabları açdım. Gördüm ki, onların bütün sözləri qiymətli mürəkkəblərlə yazılıb. Onların parıltısı gözlərimi qamaşdırdı. Həmin mürəkkəblər o qədər parlaq və işıqlı idi ki, heyrət və təəccübdən yuxudan ayıldım”.

1260-cı (1844-cü) ildə Həzrət Bəhaullah Allah kəlamını təbliğ etmək üçün Mazandarana gedəndə, haqqında danışılan müctəhid Nuri artıq vəfat etmişdi. Onun hüzurunda dərs oxuyan üləmanın hərəsi bir yana üz tutmuşdu. Sözü gedən müctəhidin yerinə Molla Məhəmməd adlı birisi keçmişdi. Onun dərslərinə cəmi bir neçə nəfər adam gəlirdi. Mirzə Məhəmməd Tağı Nurinin dövründəki hay-küydən və canlanmadan əsər-əlamət qalmamışdı. Həzrət Bəhaullah Mazandarana gələn kimi vilayətin əyan və zadəganlarının çoxu onun hüzuruna tələsib “xoş gəldin!” dedilər. Həzrət Bəhaullahın görüşünə gələn hər bir kəs gözləyirdi ki, O, Tehranda—şah sarayında baş verən hadisələrdən və təzə xəbərlərdən söhbət açacaq. Axı O, saray əyanları arasında böyük ehtiram və nüfüz qazanmışdı, orada geniş əlaqələrə malik idi! Lakin Həzrət Bəhaullah söhbət zamanı insanların eşitmək istədikləri bu cür mətləblərdən bir kəlmədə söz açmırdı. O yalnız yeni Əmrin zühuru və Həzrət Babın çağırışı barədə danışırdı. Təsirli və bəlağətli bir dillə əsaslandırmağa çalışırdı ki, əgər səlahiyyət sahibləri bu ilahi çağırışa qulaq asıb yeni Əmri qəbul etsələr, məmləkətə və millətə saysız-hesabsız faydalar yetişər.

Bu sözləri eşidən insanların hamısı təəccüblənirdi ki, nə üçün O, belə möhtərəm, nüfuzlu, cavan və ağıllı ola-ola, din alimlərinin və ruhani rəhbərlərin vəzifəsi sayılan işlərlə məşğul olur, onların deməli olduğu mətləblərdən bəhs edir. Lakin Onun mübarək kəlamlarını dinlədikdən, aydın və inandırıcı dəlillərini eşitdikdən sonra dediklərini qəbul və təsdiq etməyə məcbur olurdular. Həzrət Bəhaullahın izahatından sonra yeni Əmr onların nəzərində son dərəcə mühüm bir məsələyə çevrilirdi. Eyni zamanda Həzrət Bəhaulahın geniş məlumatı və dərin biliyi, fikirlərindəki cəsarət və qətiyyət, ruhani məsələlərə tam və hərtərəfli şəkildə bələd olması onları heyrətə salır, onların vücuduna qeyri-adi təsir bağışlayırdı. Heç kəs O Həzrətlə mübahisəyə girişməyə casərət etmirdi. O Həzrətlə mübahisə etməyə çalışan yeganə şəxs onun Əziz adlı əmisi oldu. Əziz daim Həzrət Bəhaullahın dediklərinə etiraz etməyə cəhd göstərir və öz aləmində onun mübarək kəlamlarını rədd edirdi. Mübarək Hüzurda olan şəxslər onun tərsliyini və inadkarlığını görüb qarşısını almaq və onun nalayiq davranışına son qoymaq istəyirdilər, lakin Həzrət Bəhaullah buna razı olmur və deyirdi: “Onunla işiniz olmasın, onu Tanrının ixtiyarına buraxın!”

 

Əziz O Həzrətin qarşısında öz zəifliyini və acizliyini görüb Molla Məhəmmədin yanına getdi və ondan yardım dilədi. O, Molla Məhəmmədə müraciətlə dedi: “Ey Peyğəmbərin canişini, islam dini üçün böyük təhlükə yaranıb. Gör iş nə yerə çatıb ki, saray libası geymiş bir Gənc Nura gələrək, imanın alınmaz qalasına hücum çəkir və islam dinini məhv edir. Ayağa qalx, Allahın dinini müdafiə et, Onun qarşısını al və hücumuna mane ol! Kim Onun yanına gedirsə, Onun sehrinin toruna düşür, Onun fəsahətli danışığının cazibəsindən qurtula bilmir. Bilmirəm O nə edir ki, hamını özünə doğru çəkir. İki şeydən biridir: ya O, sehrbaz və cadugərdir, ya da çaya hansısa dərman qatır və həmin çayı içən hər bir kəs Onun iradəsinə tabe olur”. Molla Məhəmməd məsələdən bixəbər olsa da, Əzizin sözlərinin yalan olduğunu anladı və zarafatla ona dedi: “Sən də o çaylardan içmisənmi və Onun sözlərini eşitmisənmi?” Əziz cavab verdi: “Bəli, amma sizə olan güclü məhəbbətim və sədaqətim imkan vermədi ki, O gəncin sehri mənə təsir göstərsin”. Müctəhid Molla Məhəmməd yaxşı bilirdi ki, o heç vaxt camaatı Həzrət Bəhaullahın əleyhinə qaldıra bilməz və qorxub-çəkinmədən yeni təlimi yaymaqla məşğul olan bu mötəbər Şəxsin fəaliyyətinə mane olmaq iqtidarında deyil. Odur ki, Əzizin dediklərinə cavab olaraq, ərəb dilində bir neçə sətir yazıb ona verdi. Yazının məzmunu beləydi ki, ey Əziz, heç kəsdən qorxma, heç kim sənə bir zərər yetirə bilməz. Bu sözlər o qədər səhv yazılmışdı ki, hansı məqsəd daşıdığı aydın olmurdu. Takor kəndinin əyanlarından bir çoxu həmin yazını görmüş, katibi də, məktubu da lağa qoymuşdular.

Xülasə, kim Həzrət Bəhaullahın hüzurunda olub yeni Əmrin müjdəsini eşidirdisə, o qədər güclü təsirə və cazibəyə düşürdü ki, istər-istəməz Əmri təbliğ etməyə başlayırdı. Molla Məhəmmədin şagirdləri dəfələrlə tələb etmişdilər ki, o, Həzrət Bəhaullahın hüzuruna gedib yeni dəvətin mahiyyəti ilə tanış olsun və Həzrət Bəhaullahın əsas məqsədini camaata anlatsın. Lakin müctəhid buna razı olmayıb hər dəfə bir bəhanə ilə boyun qaçırırdı. Şagirdlər nə qədər təkid edirdilərsə, müctəhid bir o qədər qətiyyətlə onların təklifini rədd edirdi. Nəhayət, şagirdlər müctəhidin qarşısında möhkəm dayandılar və onun heç bir bəhanəsini qəbul etməyib dedilər: “Sizin məqamınız tələb edir ki, islam dinini qoruyasınız. Bu, sizin ən başlıca vəzifənizdir. Siz gərək daim gözdə-qulaqda olasınız, haradan din barəsində bir söz eşidilərsə, ona diqqət yetirib hər bir iddiaçının əsas məqsədini aydınlaşdırasınız və imkan verməyəsiniz ki, islam dininə zərər dəysin”.

 

Axırda Molla Məhəmməd qərara gəldi ki, tanınmış və hazırlıqlı şagirdlərindən ikisini Mübarək Hüzura göndərsin. Bu iş üçün o, Molla Abbası və Mirzə Əbülqasimi (onların hər ikisi sabiq müctəhid Mirzə Məhəmməd Tağının kürəkəni idi) seçdi və onlara dedi: “Gedin, Həzrət Bəhaullahla görüşün, Onun əsas məqsədini və dəvətinin mahiyyətini öyrənin. Siz Onun dediklərinin haqq, yaxud batil olması barədə nə qərara gəlsəniz, mən həmin qərarı sözsüz qəbul edəcəyəm. Sizin rəyiniz—mənim rəyimdir!” Həmin iki nəfər Takora yollandı. Ora çatanda eşitdilər ki, Həzrət Bəhaullah qışlağa gedib. Onlar da ora getdilər. Bu iki şəxs Mübarək Hüzura yetişəndə, Həzrət Bəhaullah Qurani-kərimin “Fatihə” surəsini təfsir edirdi. Onlar oturub mübarək kəlamlara qulaq asmağa başladılar və gördülər ki, bu təsirli ifadələri, aydın nitqi, güclü dəlilləri və inandırıcı sübutları heç bir vəchlə inkar etmək mümkün deyil. Molla Abbas qeyri-iradi yerindən qalxdı, gedib itaətkar bir görkəmlə qapının ağzında durdu, titrəyib ağlaya-ağlaya yoldaşı Mirzə Əbülqasimə dedi: “Görürsən ki, mən nə haldayam. Mübarək Hüzurdan soruşmaq üçün hazırladığım suallar büsbütün yadımdan çıxıb. Sən özün bilirsən, əgər sual vermək iqtidarındasansa, ver, cavabını al, sonra Molla Məhəmmədə mənim vəziyyətimi çatdır və ona de: Abbas dedi ki, mən bu Böyük İnsandan ayrılmayacağam və bir daha sənin yanına gəlməyəcəyəm”. Molla Əbülqasim dedi: “Mən də sənin vəziyyətindəyəm və daha müctəhidlə heç bir işim yoxdur. Mən öz Tanrıma söz vermişəm ki, ömrümün sonuna qədər bu böyük Şəxsiyyətin hüzurundan uzaqlaşmayacağam. İndi mənim yeganə rəhbərim Həzrət Bəhaullahdır”.

Molla Məhəmmədin bu iki nümayəndəsinin Əmrə iman gətirməsi xəbəri qeyri-adi bir sürətlə bütün Nur bölgəsinə yayıldı. Müxtəlif təbəqələrdən və müxtəlif yerlərdən olan insanlar dəstə-dəstə Həzrət Bəhaullahın yaşadığı məkana axışmağa başladılar və onların əksəriyyəti mübarək Əmrə iman gətirdi.

Bir gün Həzrət Bəhaullahın mötəbər şəxslərdən sayılan tərəfdarlarından biri Mübarək Hüzura ərz etdi ki, Nur camaatı əməlli-başlı sizə bağlanıb, hamının üz-gözündən sevinc və şadlıq yağır. Əgər Molla Məhəmməd də sizin tərəfdarlarınızın sırasına qoşulub yeni Əmri qəbul edərsə, bunun mübarək Əmrin yayılmasına ciddi təsiri ola bilər. Həzrət Bəhaullah buyurdu: “Mənim Nura gəlməkdə məqsədim ilahi Əmri elan edib insanlara çatdırmaq və onlara doğru yolu göstərməkdir. Mənim başqa məqsədim olmayıb və yoxdur. Buna görə də əgər eşitsəm ki, bir şəxs həqiqəti axtarır, lakin yüz fərsənglik məsafədə yaşadığı üçün mənim görüşümə gələ bilmir, mən özüm hədsiz sevinc və məmnuniyyətlə təxirə salmadan onun yanına gedərəm və ilahi Əmri ona çatdıraram. Molla Məhəmməd Səadətabadda yaşayır, ora qədər elə də böyük məsafə yoxdur. Mən özüm onu görməyə gedib Allah kəlamını ona elan edəcəyəm”.

“Kim ardımca ketmək istəyirsə özünü inkar etsin və çarmıxını götürüb ardımca gəlsin. Çünki kim canını xilas etmək istərsə, onu itirəcək; fəqət kim canını Mənim uğrumda itirsə, onu qazanacaqdır” (İncil. Matta, 16:25-26).

Həzrət Bəhaullah əshabələrindən bir neçəsi ilə bərabər Səadətabada yollandı. Molla Məhəmməd onları hədsiz mehribanlıqla qarşıladı. Həzrət Bəhaullah buyurdu: “Mən rəsmi görüşə gəlməmişəm, məqsədim heç də sizə baş çəkmək deyil. Mən yalnız ona görə gəlmişəm ki, yeni Əmrin zühurunu sizə çatdırım. Bu, Allahın Əmridir, islamın vəd etdiyi gün gəlib çatıb, bu mübarək Əmrə iman gətirən şəxs yenidən doğulacaqdır. İndi buyurun görək, sizin bu mübarək Əmri qəbul etməyinizə nə mane olur?” Molla Məhəmməd dedi: “Mən Quranla istixarə etmədən heç bir işə başlamıram və heç bir qərar çıxarmıram. Yəni Quranı açıram, səhifənin başlanğıcındakı ayənin məzmununa baxıram və ona uyğun hərəkət edirəm”.

 

Həzrət Bəhaullah etiraz etmədi. Müctəhid Quran gətirtdi, onu açıb baxdı və dərhal da bağladı. Hansı ayənin çıxdığını və onun məzmununun nədən ibarət olduğunu bildirmədən dedi: “İstixarə icazə vermir, ona görə də söhbətə və müzakirəyə başlamıram”. Orada olan adamların bəziləri müctəhidə inandılar və düşündülər ki, o, düz deyir. Bəziləri isə məsələnin mahiyyətini anladılar və başa düşdülər ki, müctəhidin bu davranışı qorxudan irəli gəlir; o, bu bəhanəyə əl atmaqla söhbətdən boyun qaçırmağa çalışır. Həzrət Bəhaullah onun bu cəsarətsizliyindən xoşlanmadı və onunla son dərəcə mehriban bir tərzdə xudahafizləşib geri döndü.

Bir gün Həzrət Bəhaullah bir neçə nəfərlə bərabər gəzintiyə çıxmışdı. Yolda onlar bir cavana rast gəldilər. O, yoldan bir qədər aralıda tək-tənha oturmuşdu. Əynində dərviş libası vardı, uzun və dağınıq saçları bir-birinə qarışmışdı. O, arxın qırağında ocaq qalamışdı və yemək bişirməklə məşğul idi. Həzrət Bəhaullah ona yaxınlaşıb soruşdu: “Dərviş, nə edirsən?” Gənc kobud bir səslə cavab verdi: “Allahı yeməklə, Allahı bişirməklə və Allahı yandırmaqla məşğulam!” Həzrət Bəhaullah o gəncin sadəliyini, səmimiyyətini və hər cür sünilikdən uzaq olan davranışını görüb sevindi, onun cavabından kefi açıldı və onunla söhbət etməyə başladı. Qısa bir zamandan sonra Onun mübarək kəlamları gəncin halını büsbütün dəyişdirdi. Gənc dərviş xülyaların təsirindən qurtulub ulu Haqqı dərk etdi, Nur mənbəyindən nur alıb mübarək Təlimin cazibəsinə düşdü. O, nəyi vardısa atıb Həzrət Bəhaullahın davamçılarından birinə çevirildi və O Həzrətin atının arxasınca getməyə başladı. Qəlbi məhəbbət odu ilə yanan bu gənc bədahətən şerlər qoşub oxumaqla məşğul idi. Onun qoşduğu iri həcmli bir tərcibəndin tərci beyti belə idi:

Sən hidayət günəşi, həqiqət nurusan,

Ey Haqqın zühuru, sən Haqqın ən güclü təzahürüsən!

 

Onun şerləri şöhrət tapıb hər yana yayıldı. Əsil adı Mustafa bəy Sənəndəci olsa da, daha çox “Məczub” adı ilə tanınan bu gənc bədahətən öz Məhbubuna həsr olunmuş təsirli şerlər söyləyirdi. O vaxtlar bilmirdilər ki, onun Məhbubu kimdir. Əsil həqiqət isə belədir ki, həmin dərviş hələ o zaman, yəni insanların xəbərsiz olduğu bir dövrdə Həzrət Bəhaullahın uca məqamını anlamışdı.

Xülasə, Həzrət Bəhaullahın Nur diyarına səfəri böyük nəticələr verdi. O bölgənin əhalisinin qəlbləri irfan nuru ilə işıqlandı, könülləri ehtizaza gəldi və onlar yeni din bayrağının kölgəsinə sığındılar. Bütün bunlar Həzrət Bəhaullahın pak şəxsiyyəti, cazibəli və şirin danışığı, güclü və məntiqi dəlilləri, yüksək ləyaqəti və hədsiz mehribanlığı sayəsində baş verdi. O Həzrətin danışıq və davranışının təsiri o qədər böyük idi ki, sanki Nur diyarının bütün daşları və ağacları Həzrət Bəhaullahın mənəvi enerjisi sayəsində cana gəldi, bütün şeylər Ondan güc alıb yeni həyat qazandı və varlığın bütün zərrələrindən bu səs eşidilməyə başladı: “Ey insanlar, İlahinin camalına tamaşa edin, indi O pərdəsiz və hicabsız bir halda zühur edib, bütün əzəməti və qüdrəti ilə sizin gözləriniz qarşısında cilvələnməkdədir!”

Həzrət Bəhaullah geri döndükdən sonra Nur camaatı Əmri yaymaqla və ilahi təməli möhkəmləndirməklə məşğul oldu. Onların bir çoxu Allah Əmrinin zəfər çalması yolunda hədsiz məşəqqətlərə dözdü, bəziləri isə böyük sevinclə şəhidlik şərabını içdi. Mazandaran vilayəti, xüsusən Nur bölgəsi İran əyalətləri içərisində Allah kəlamının nuru ilə işıqlanan ilk yer oldu. Mazandaran dağları ilə əhatə olunmuş Nur diyarı Şiraz üfüqündə doğmuş Həqiqət Günəşinin şüaları ilə işıqlanan birinçi məntəqə oldu. İranın digər şəhərlərinin qəflət yuxusuna getdiyi bir zamanda, Nur diyarı İlahi Zühurdan xəbər tutdu və yeni Əmrin oradan ucalan nidası digər bölgələrdə əks-səda verib dünyanı nura qərq etdi.

Həzrət Bəhaullah yeniyetməlik yaşlarında olarkən, cənab vəzir, yəni onun möhtərəm atası bir gecə yuxuda görmüşdü ki, Həzrət Bəhaullah ucsuz-bucaqsız bir dənizdə üzməklə məşğuldur. Onun mübarək cisminin nuru bütün dənizi işıqlandırıb. Qara saçları başının ətrafındakı suyun üzərinə dağılıb və hər tükündən bir balıq yapışıb. Balıqlar onun üzünün nurundan sanki çaşqın vəziyyətə düşüblər və O hansı tərəfə üzürsə, onlar da onun saçlarını ağızlarından buraxmadan hamılıqla həmin tərəfə üzürlər. Bununla belə Onun mübarək bədəninə heç bir ziyan və əziyyət dəymir, hətta başından bir tük belə əskik olmur. O, heç bir maneçilik hiss etmədən rahat və asanlıqla üzür, balıqlar da Onun arxasınca hərəkət edirlər.

Cənab vəzir yuxudan ayıldıqdan sonra məşhur bir yuxuyozanı hüzuruna çağırdı. Hər şeyi təfsilatı ilə danışıb bu qəribə yuxunun mənasını soruşdu. Yuxuyozan Həzrət Bəhaullahın gələcək əzəmətindən hali olub cənab vəzirə dedi: “Gördüyünüz ucsuz-bucaqsız dəniz—varlıq aləmidir. Sizin Oğlunuz təkbaşına bu aləmə hakim olacaq və heç kəs Onun öz məqsədinə çatmasına mane ola bilməyəcək, heç bir şey Onun yolunu kəsmək qüdrətinə malik olmayacaq. Gördüyünüz balıqlar isə yer üzündəki xalqlar və ümmətlərdir ki, oğlunuzun fəaliyyətindən narahat olub onun ətrafına toplaşacaqlar, lakin Allahın himayəsi Oğlunuzu xalqların və ümmətlərin narahatlığından hifz edəcək, Ona heç bir ziyan və əziyyət dəyməyəcək”. Bu sözləri dinlədikdən sonra cənab vəzir yuxuyozanı öz sevimli oğlunun yanına apardı. Yuxuyozan Həzrət Bəhaullahın nurlu camalını görüb əzəmət və qüdrət əlamətlərini Onun simasından oxuduqda, istər-istəməz Onu tərifləməyə başladı və o qədər təriflədi ki, cənab vəzirin öz əziz Oğluna məhəbbəti əvvəlki vaxtlara nisbətən qat-qat artdı və o, Yusifə könül bağlamış Yaqub kimi sevimli övladını öz sevgi və qayğı beşiyində bəsləməkdə davam etdi.

Məhəmməd şahın baş vəziri (sədr-əzəm) Hacı Mirzə Ağasının cənab vəzirlə arası yaxşı olmasa da, o, Həzrət Bəhaullaha böyük ehtiramla yanaşırdı. Hacı Mirzə Ağasıdan sonra baş vəzir olmuş “Etimadüd-dövlə” ləqəbli Mirzə Ağaxan Nuri o vaxtlar Mirzə Ağasının Həzrət Bəhaullaha xüsusi ehtiramını görüb Ona həsəd aparmağa başlamışdı. Elə o zamandan onun qəlbində Həzrət Bəhaullaha qarşı güclü paxıllıq hissi kök salmışdı. O öz-özünə deyirdi: “Hələlik cənab vəzir sağdır və oğlu da hələ uşaqdır, bununla belə baş vəzir ona bu qədər ehtiram bəsləyir. Bəs cənab vəzirdən sonra oğlu onun yerinə keçəndə Mirzə Ağası nə edəcək?!” Baş vəzir cənab vəzirin vəfatından sonra da Həzrət Bəhaullaha olan hədsiz ehtiramını qoruyub saxlamışdı, daim onun görüşünə gedər və Onunla öz oğlunu sevən bir ata kimi rəftar edərdi.

Bir vaxt elə oldu ki, gəzinti zamanı baş vəzirin yolu Qoçhisar kəndinə düşdü. Bu kənd Həzrət Bəhaullaha məxsus idi, bol suyu, xoş havası vardı. Baş vəzirin həmin kənddən çox xoşu gəldi və Həzrət Bəhaullaha təklif etdi ki, kəndi ona satsın. Həzrət Bəhaullah baş vəzirə dedi: “Əgər bu kənd təkcə mənə məxsus olsaydı, heç bir çətinlik çəkmədən onu sizə verərdim, çünki mən fani dünyaya bağlanmamışam, bütün dünya mənim gözümdə cılız və dəyərsizdir, o da qalsın ki, bir kənd ola. Amma bir neçə ləyaqətli adam mənimlə bu kəndə şərikdir. Onların bəzisi yaşlı, bəzisi gəncdir. Yaxşı olar ki, siz gedib onlarla danışasınız və onların razılığını alasınız. Əgər onlar razılaşsalar, hər şey sizin istədiyiniz kimi olacaq”.

 

Baş vəzirin bu cavabdan xoşu gəlmədi, ona görə də kəndə yiyələnmək üçün hiyləyə əl atmaq fikrinə düşdü. Həzrət Bəhaullah onun məqsədini anladığı üçün digər şəriklərin icazəsi ilə həmin kəndi çoxdan onu almaq istəyən Məhəmməd şahın bacısına satdı. Baş vəzirin ovqatı təlx oldu və həmin kəndi əvvəlki sahibindən satın aldığını iddia edərək, oranı zorla ələ keçirməyə çəhd göstərdi. Lakin şahın baçısı tərəfindən təyin olunmuş adamlar baş vəzirin nümayəndələrini cəzalandırıb oradan uzaqlaşdırdılar. Baş vəzir şahın yanına gedib baçısından ona şikayət etdi. Amma həmin axşam baş vəzirdən qabaq şahın bacısı məsələni açıb şaha danışmış və demişdi: “Əlahəzrət, siz həmişə mənə deyirdiniz ki, qızıl və zinət əşyalarımı satıb mülk və torpaq alım. Mən də sizin göstərişinizə əməl edib Qoçhisar kəndini aldım. İndi baş vəzir zorla ona sahib çıxmaq istəyir”. Şah bacısına söz vermişdi ki, baş vəziri bu fikirdən daşındıracaq.

Hacı Mirzə Ağası məqsədinə çatmadığını görüb Həzrət Bəhaullahla düşmənçilik etməyə başladı. O, müxtəlif şeylər uydurub cürbəcür hiylələrə əl atmaqla Həzrət Bəhaullahı nüfuzdan salmağa çalışırdı. Lakin O Həzrət cəsarətlə hər cür ittihamı özündən uzaqlaşdırmağa nail olurdu. Baş vəzir çarəsiz qalıb bir gün qəzəblə qışqıraraq, Həzrət Bəhaullaha dedi: “Nə xəbərdir, bu qədər qonaqlıq etmək olar?! Mən İran şahənşahının vəzirlərinin başçısı kimi istəmirəm ki, hər gecə bu qədər adam sənin süfrənin başına toplaşsın. Bu xərcləri nə üçün çəkirsən? Bəlkə mənim əleyhimə qiyam qaldırmaq, yaxud qruplaşma yaratmaq istəyirsən?!” Həzrət Bəhaullah buyurdu: “Allah eləməsin, məgər bir kəs öz dostlarına qonaqlıq verirsə, bu, onun qruplaşma yaratmaq və qiyam qaldırmaq istəyinə dəlalət edir?!” Hacı Mirzə Ağası bir söz deməyib susdu. O, hədsiz ixtiyar və iqtidar sahibi idi, ölkənin bütün işləri onun əlində idi, dini rəhbərlər də onunla həmrəy idilər, bununla belə o, axıra qədər Həzrət Bəhaullaha bir ittiham yapışdıra bilmədi, öz acizlik və çarəsizliyinin şahidi oldu. Həzrət Bəhaullahın digər əleyhdarları da Hacı Mirzə Ağası kimi bu işdə aciz qaldılar. Həzrət Bəhaullah hamıdan üstün idi, Onun əzəmət və ləyaqətinin sorağı hər yana yayılmışdı. Camaat hamılıqla təəccüblənirdi ki, O, bütün bu təhlükəli burulğanlardan necə qurtulub sağ-salamat çıxa bilir, əleyhdarlarını necə məğlub etməyi və inandırmağı baçarır. Deyirdilər ki, Onu Tanrı hifz edir, əgər Tanrının himayəsi olmasa, heç kəs bu qədər təhlükədən salamat qurtara bilməz.

Həzrət Bəhaullah heç vaxt öz ətrafında olanların istəyi ilə hərəkət etmirdi, onların könülündən keçənlərə və iddialarına uyğun işlər görmürdü. Baxmayaraq ki, O, dövlət adamları ilə ünsiyyət saxlayır və dini rəhbərlərlə oturub-dururdu, amma heç vaxt haqqı söyləməkdən və müdafiə etməkdən çəkinmirdi və bu zaman din və dövlət xadimlərinin rəyi və münasibəti barədə düşünmürdü. O, daim qorxu bilmədən məzlumların hüquqlarının müdafiəsinə qalxır, həmişə gücsüzləri və günahsızları himayə edirdi.

bottom of page