top of page

Dördüncü Fəsil

Molla Hüseynin Tehran Səfəri

MOLLA HÜSEYN İNSANLARIN Ağasının [“Mövlayi-aləmiyan”—Babın ləqəblərindən biridir] əmrinə əsasən İsfahana yollandı və orada Nimavərd mədrəsəsində məskən saldı. Onun şəhərə gəlişindən xəbər tutan tələbələr, xüsusən əvvəlki səfərində onu görmüş Seyyid Məhəmməd Bağır Rəştinin tələbələri bərk təşvişə düşdülər və onun əleyhinə fəaliyyətə başladılar. Əvvəlcə onlar Seyyid Məhəmməd Bağır Rəştinin oğlu Seyyid Əsədullahın (atasının vəfatından sonra o, şəriət işlərinə başçılıq edirdi) yanına şikayətə getdilər və Molla Hüseynin gəlişini ona xəbər verib onu Molla Hüseynin əleyhinə çıxmağa təhrik etdilər. Seyyid isə onlara belə cavab verdi: “Mən Molla Hüseynin əleyhinə çıxmaq qüdrətinə malik deyiləm. Siz özünüz gördünüz ki, bu şəxs öz geniş biliyi və natiqlik qabiliyyəti ilə atamı necə məğlub etdi. Mən onu necə susdura bilərəm?!” Tələbələr dedilər: “Molla Hüseyn mərhum atanızın vaxtında İsfahana gələndə şeyxilərin tərəfdarı idi və mərhum Seyyidi də öz tərəfinə çəkə bilmişdi. Amma indi o, daha böyük iddia ilə gəlib və yeni nəğmə oxumağa başlayıb. Deyir ki, guya ilahi ayələr və Kitab sahibi olan bir Şəxs zühur eləyib. Camaatı da həmin Şəxsə iman gətirməyə, onun ayələri ilə kifayətlənməyə çağırır”.

 

Onlar Seyyid Əsədullaha bu cür çox sözlər dedilər, lakin Seyyid onların istəyinə uyğun bir addım atmadı. Axırda çarəsiz qalıb ondan əllərini üzdülər və Hacı Məhəmməd İbrahim Kəlbasinin yanına getdilər. Hacı Məhəmməd İbrahim İsfahanın məşhur alimlərindən sayılırdı və həmin vaxt xəstələnib yatağa düşmüşdü, ölüm ayağında idi. Onlar həyəcanlı şəkildə məsələni açıb Hacıya danışdılar. Hacı dedi: “Sakit olun, əgər Molla Hüseyn belə söz deyirsə, bunu araşdırmaq lazımdır. Mən bu xəstəlikdən şəfa tapıb ayağa dursam, özüm şəxsən bu məsələni araşdıracağam, çünki Molla Hüseyn yalana aldanan deyil. Əgər o, yeni dinə dəvət edirsə, çalışıb bunu aydınlaşdırmaq lazımdır. Siz həqiqəti aydınlaşdırmamış, onu rədd və inkar etməyin”. Molla Hüseynin əleyhdarları burada da istəklərinə nail olmayıb İsfahan hakimi Mənuçehr xan Mötəmidüd-dövlənin yanına tələsdilər və ona şikayət etdilər. Mənuçehr xan açıq-aydın bildirdi ki, bu işin mənə aidiyyəti yoxdur, bu din alimlərinə dəxli olan bir məsələdir. Eyni zamanda xəbərdarlıq etdi ki, Molla Hüseynə qarşı fitnə-fəsad törədib onu incitməkdən çəkinsinlər. Buradan da əlləri üzülən tələbələr hədsiz ümidsizlik və məyusluq içərisində meydandan çəkildilər, Molla Hüseyn isə tam cəsarətlə və heç bir maneəyə rast gəlmədən yeni Günün müjdəsini yaxına-uzağa çatdırmağa başladı.

İsfahanda Əmrə iman gətirən ilk şəxs bir xırmançı oldu. O, Molla Hüseynə möhkəm bağlanmışdı, gecə-gündüz onun yanında olur, canla-başla ona qulluq edirdi. Sonralar həmin xırmançı əshabələrin Şeyx Təbərsi qalasında mühasirəyə alındığını eşidəndə, dərhal əshabələrin köməyinə çatmaq üçün Mazandarana yollanmışdı. Deyirlər ki, o, əlində xəlbir küçə və bazarlardan keçib sürətlə gedirmiş. Səbəbini soruşduqda, deyibmiş: “Əshabələrə kömək üçün Mazandarana gedirəm. Yolüstü hər bir şəhərdə vəd olunmuş Şəxsin zühurunun müjdəsini hamıya çatdıracağam, onları bu xəlbirdən keçirib layiqli olanları seçərək, candan keçmək üçün özümlə aparacağam”. Beləcə o, özünü qalaya yetirmiş və şəhid olmuşdu. Həzrəti-Əla “Bəyan”ın fars dilində olan variantında xırmançını elə bu adla yad etmişdir.

İsfahanda Əmrə iman gətirmiş şəxslər arasında Mirzə Məhəmmədəli Nəhri, onun qardaşı Mirzə Hadi və Mirzə Məhəmməd Rza Paqala da olmuşlar. Molla Sadiq Müqəddəs Xorasani də həmin vaxt mübarək Əmri qəbul etmək şərəfinə nail olmuşdu. Həzrət Bəhaullah ona “İsmullah-ul-əsdəq” (“Allahın ən pak adı”) ləqəbi vermişdir. O, Seyyid Kazım Rəştinin təliminə əsasən daim vəd olunmuş Şəxsin zühurunu gözləyirmiş və beş il imiş ki, İsfahanda yaşayırmış. Özünün danışdığına görə, o, bir axşam Mirzə Məhəmmədəli Nəhrinin evində Molla Hüseynlə görüşür. Molla Hüseyndən yeni Günün müjdəsini eşidir. Ondan vəd olunmuş Həzrətin adını və ləqəbini soruşduqda, Molla Hüseyn cavab verir ki, vəd olunmuş Şəxs onun adını və kimliyini deməyi qadağan edib. Sonra da hürufi-həyyin dua oxumasından, hərəsinin bir yolla vəd olunmuş Şəxsi tanımasından söhbət açır. Müqəddəs deyir: “Mən də hürufi-həyy kimi onu tanıya bilərəmmi?!” Molla Hüseyn cavab verir: “İlahi mərhəmətin qapısı bütün insanların üzünə açıqdır”. Müqəddəs Mirzə Məhəmmədəli Nəhridən xəlvət bir otaq istəyir və qapını bağlayıb dua etməyə başlayır. Bir müddətdən sonra vaxtilə şəhidlərin ağasının qəbri üstündə gördüyü və İmamın məzarı qarşısında bahar buludu tək ağlayan bir gəncin çöhrəsi onun gözləri önündə canlanır. Gənc ona baxıb gülümsəyir. Müqəddəs qeyri-ixtiyari olaraq, onun ayağına düşmək istəyir, lakin o nurani Gənc dərhal qeybə çəkilib gözdən itir. Müqəddəs sonsuz həyəcan və şövqlə Molla Hüseynin yanına gəlir və əhvalatı ona danışır. Molla Hüseyn ona bu sirri gizli saxlamağı tapşırır və deyir: “İndi siz Əmri Hacı Kərim xana çatdırmaq üçün Kirmana gedin, oradan isə Şiraza yollanın. Ümid edək ki, qayıdandan sonra, İnşaallah, biz Şirazda bənzərsiz Məhbubla görüşmək şərəfinə nail olacağıq”.

Molla Hüseyn İsfahandan Kaşana yollandı. Kaşanda mübarək Əmrə ilk iman gətirən şəxs o şəhərin məşhur tacirlərindən biri—Hacı Mirzə Cani Pərpa oldu. Molla Hüseyn Kaşanda Əmri köhnə tanışlarından birinə də elan etdi, Seyyid Əbdül-Baqi adlı bu şəxs şeyxi alimlərindən idi. Lakin o, öz vəzifəsini və məqamını əldə saxlamağı mübarək Əmri qəbul etməkdən üstün tutdu. Həmin şəxs Kərbəla və Nəcəfdə Molla Hüseyni görmüş və onunla tanış olmuşdu.

Molla Hüseyn Kaşandan Quma getdi, lakin o şəhərin əhalisində müvafiq qabiliyyət görməyib toxum səpməklə kifayətləndi. Həzrət Bəhaullah Bağdadda olarkən, Babülbabın (Molla Hüseynin) Qum şəhərində səpdiyi toxumlar cücərməyə başladı: Qum sakinlərindən olan Hacı Mirzə Musa Qumi Bağdada yollanıb Həzrət Bəhaullahın hüzuruna yetişdi və Əmrə iman gətirdi. Sonralar o, şəhid oldu.

Molla Hüseyn Qumdan Tehrana yollandı və orada Paminar mədrəsəsi adı ilə məşhur olan Mirzə Saleh mədrəsəsinin hücrələrindən birində qalmağa başladı. Həmin mədrəsədə şeyxi alimlərindən Hacı Mirzə Məhəmməd Xorasani adlı birisi müdərris idi. Molla Hüseyn onu mübarək Əmrə dəvət etdi və ilahi çağırışı ona çatdırdı. Lakin o, Allah Əmrini qəbul etməkdən boyun qaçırdı, hətta acıqlanıb Molla Hüseynə belə dedi: “Biz belə güman edirdik ki, Seyyid Kazım Rəştinin vəfatından sonra siz şeyxi firqəsinin inkişaf edib ucalmasına çalışacaqsınız, mövcud şübhələri aradan qaldıracaqsınız və şeyxi təriqətini onun əleyhdarlarının irad və tənqidlərindən xilas edəcəksiniz. İndi görürəm ki, bizim gümanımız yanlış imiş. Və bizim ümidlərimiz büsbütün ümidsizliyə çevrildi. Əgər siz haqqında söhbət açdığınız batil əqidəni yaymaqda davam etsəniz, yəqin bilin ki, Tehranda şeyxi təriqətini məhv edəcəksiniz”. Molla Hüseyn ona dedi ki, arxayın ol, mənim məqsədim heç də Şeyxin və Seyyidin təlimini məhv etmək və gözdən salmaq deyil, həm də mən Tehranda çox qalmayacağam.

Molla Hüseyn Tehranda qaldığı müddətdə hər gün sübh tezdən öz mənzilindən çıxırdı. Həzrət Bəhaullahın qardaşı cənab Mirzə Musa Kəlim danışırdı ki, Şeyxin və Seyyidin davamçılarından olan Molla Məhəmməd Müəllim Nuri mənə bu əhvalatı nəql etmişdir: “Mən Hacı Mirzə Məhəmməd Xorasaninin şagirdlərindən idim və onun dərs dediyi 

 

mədrəsədə qalırdım. Mənim hücrəm onun hüçrəsinə bitişik idi, onunla get-gəlim də vardı. Bir gün adı çəkilən müdərrisin cənab Molla Hüseynlə mübahisəsini eşitdim və əvvəldən axıradək onların söhbətinə qulaq asdım. Molla Hüseynin nitqinin bəlağəti və dəlillərinin möhkəmliyi, eləcə də müdərrisin inadkarlığı və insafsızlığı məni heyrətə saldı. Molla Hüseynin sözləri mənə qəribə təsir bağışlamışdı, mən onun danışıq və davranışının cazibəsinə düşmüşdüm. Eyni zamanda müdərrisin Molla Hüseynlə kobud rəftarından bərk acığım gəlmişdi. Amma onun Molla Hüseynlə mübahisəsindən xəbərdar olduğumu gizli saxladım və qərara gəldim ki, Molla Hüseynlə təklikdə görüşüm. Gecə yarısı onun gözləmədiyi halda gedib hücrəsinin qapısını döydüm. O, hələ oyaq idi, yanında çıraq yanırdı. Gəlişimi gözləməsə də, məni çox mehribanlıqla qəbul etdi.

 

Onun mehribanlığı mənim qəlbimə yaman təsir göstərmişdi, hər dəfə onunla danışanda özümdən asılı olmadan gözlərim yaşarırdı. Molla Hüseyn mənim qabiliyyətimi duyan kimi dedi: “İndi başa düşdüm ki, nə üçün burada məskən salmışam. Sizin ustadınız insafsızlıq etsə də, mən ümidvaram ki, şagirdləri onun əksinə olaraq, Əmrin mahiyyətini anlayacaqlar”. Sonra mənim adımı və haradan olduğumu soruşdu. Mən cavab verdim ki, adım—Molla Məhəmməd, ləqəbim—Müəllimdir, özüm də Mazandaran vilayətindəki Nur bölgəsindənəm. Molla Hüseyn bunu eşidən kimi dedi: “Bu gün Mirzə Büzürg Nurinin ailəsində şöhrətinə, əxlaqına və elminə görə onun varisi sayıla biləcək bir şəxs varmı?” Mən dilləndim: “Bəli, onun oğullarından Biri qalan hamısından fərqlənir və davranışı baxımından atasına oxşayır». Molla Hüseyn soruşdu: “O nə işlə məşğuldur?” Dedim: “Kimsəsizlərə arxa durmaqla və acları doyurmaqla!” O yenə sual etdi: “Onun vəzifəsi və rütbəsi nədir?” Mən cavab verdim: “O, kasıbların ümidi və qəriblərin pənahıdır. Adı Hüseyn Əlidir. Nəstəliq xəttinin şikəstə növündə yaxşı yazır. Vaxtının çoxunu gözəl meşələrdə gəzməklə keçirir, Onun təbiət mənzərələrinə xüsusi bağlılığını hamı bilir. 28 yaşı var”. Molla Hüseyn mənə baxıb hədsiz sevinclə dedi: “Güman edirəm ki, Onunla tez-tez görüşürsən”. Mən dedim: “Bəli, onun evinə tez-tez gedirəm”. Molla Hüseyn soruşdu: “Sənə bir əmanət versəm, mənim adımdan Ona çatdıra bilərsənmi?” Mən: “Əlbəttə!”—deyə cavab verdim. Molla Hüseyn hədsiz inamla parçaya bükülmüş kağız lüləsini mənə verib dedi: “Sabah səhər tezdən bunu Ona çatdırarsan və nə söyləsə, gəlib mənə danışarsan”. Mən sübh tezdən durub Həzrət Bəhaullahın evinə yollandım. Gördüm ki, onun qardaşı Mirzə Musa qapının ağzında durub. Məsələni ona bildirdim.

 

Mirzə Musa evə girdi və tezliklə geri dönüb məni Mübarək Hüzura dəvət etdi. Mən kağız lüləsini Mirzə Musaya verdim, o da kağızı Həzrət Bəhaullahın qarşısına qoydu. Həzrət Bəhaullah mənə oturmağa yer göstərdi, Özü isə kağız lüləsini açıb nəzərdən keçirməyə başladı. Oradakı bəzi cümlələri isə ucadan bizim üçün oxudu. Həzrət Bəhaullahın səsinin məlahəti və nitqinin gözəlliyi məni valeh etdi. Bir necə parçanı oxuduqdan sonra Həzrət Bəhaullah qardaşına üz tutub dedi: “Musa, nə deyirsən? Quranın mahiyyətini anlamış bir insan bu sözlərin Tanrıya məxsus olmadığını söyləyərsə, ədalət və insafdan uzaq olmazmı?!” Daha bir söz söyləməyib getməyimə icazə verdi. Eyni zamanda mənə bir kəllə rus qəndi və bir bağlama çay verdi ki, onun məhəbbət dolu sözləri ilə birlikdə Molla Hüseynə çatdırım.

 

Mən hədsiz həyəçan və sevinc içərisində ayağa qalxıb Molla Hüseynin yanına qayıtdım. Həzrət Bəhaullahın sözlərini və hədiyyəsini ona çatdırdım. Molla Hüseyn sonsuz şadlıq içərisində ayağa durub hadiyyəni məndən aldı və öpdü. Sonra məni qucaqlayıb gözlərimdən öpdü və dedi: “Ey əziz və sevimli dostum, sən mənim qəlbimi necə sevindirdinsə, Tanrı da eləcə sənin könlünü şad eləsin!” Molla Hüseynin hərəkətləri məni xeyli təəccübləndirdi, öz-özümə sual verdim ki, görəsən, bu iki könlü birləşdirən nədir? Bir necə gündən sonra Molla Hüseyn Xorasana yola düşdü və xudahafizləşərkən, mənə dedi: “Gördüklərini və eşitdiklərini heç kəsə bildirmə, onları öz qəlbində gizli saxla! Onun adını kimsəyə söyləmə, çünki düşmənlər Onu incidə bilərlər. Daim dua et ki, Tanrı Onu hifz etsin və Onun vasitəsilə əzilənlərə mərhəmət göstərsin, onun sayəsində yoxsulları və kimsəsizləri ucaltsın. Əmrin mahiyyəti hələlik sizə bəlli deyil. Biz indi yeni Əmrin sədasını xalqa çatdırmalı və insanları bu mübarək Əmrə dəvət etməliyik. Tezliklə bu şəhərdə bir çoxları həmin Əmrin yolunda canlarını fəda edəcəklər, ilahi Əmrin ağacı onların qanı ilə suvarılacaq və insanlar O Ağacın kölgəsinə sığınacaqlar”.

bottom of page