top of page

İkinci Fəsil

Seyyid Kazım Rəşti

ŞEYX ƏHMƏD ƏHSAİNİN vəfatı Seyyid Kazımı bərk kədərləndirdi. Digər tərəfdən də düşmənləri ona qarşı hücumlarını gücləndirir, onu ələ salır və təhqir edirdilər. Şiə alimlərindən olan Seyyid İbrahim Qəzvini camaatı onun üstünə qaldırır və müəyyən adamları Seyyid Kazımı öldürməyə təhrik edirdi. Buna baxmayaraq, Seyyid Kazım ustadının vəsiyyətlərini yerinə yetirməkdən əl çəkmirdi. Eyni zamanda düşünürdü ki, əgər İranın böyük alimlərindən bir-ikisinin dəstəyini qazansa, düşmənlərinin hücumunun qarşısını ala bilər. Bunun üçün nəzərdə tutmuşdu ki, İsfahanda yaşayan və nüfuz sahibi olan, həmçinin Şeyxin təlimi ilə tanış olan Seyyid Məhəmməd Bağır Rəştini öz tərəfinə çəksin. Həmin niyyəti həyata keçirmək üçün qərara gəldi ki, şagirdlərinin içərisindən bir nəfəri seçib İsfahana—Seyyid Məhəmməd Bağırın yanına göndərsin.

Bir gün şagirdlərini yığıb dedi: “Sizin aranızda elə bir şəxs varmı ki, tam qətiyyətlə İsfahana gedib mənim sifarişimi Seyyid Məhəmməd Bağır Rəştiyə çatdırsın?! Əgər varsa, qoy gedib mənim adımdan bu sözləri ona desin: Şeyx Əhmədin sağlığında sən onun tərəfdarı idin və onun davamçılarını düşmənlərin şərindən qoruyurdun. İndi nə olub ki, Şeyxin vəfatından sonra bizi müdafiə etməkdən əl çəkmisən və Şeyxin şagirdlərini düşmənlərin ixtiyarına buraxmısan?!

Sizlərdən hansınız bu səfərə razılıq versə, gərək Allah-taalaya təvəkkül etsin və əgər adı çəkilən alim tərəddüd etsə, yaxud naməlum bir səbəbdən bizi dəstəkləməkdən çəkinsə, onun tərəddüdünü aradan qaldıra bilsin, son nəticədə onu Şeyxin təliminin düzgünlüyünü yazılı şəkildə təsdiq etməyə və bizi dəstəklədiyini bəyan etməyə razı sala bilsin. Buna nail olduqdan sonra İsfahandan Məşhədə yollansın və o bölgənin ən böyük alimi olan Mirzə Əskəri ilə də eyni cür danışıqlar aparıb ondan bizə yardım göstərəcəyinə təminat alsın, sonra da geri dönsün”.

Seyyid Kazımın şagirdləri içərisində Mirzə Mühit Kirmanidən başqa heç kəs bu mühüm vəzifəni öz öhdəsinə götürməyə hazır olduğunu bildirmədi. Seyyid Kazım ona dedi: “Bu, şirin quyruğundan yapışmaq kimi bir şeydir, bu işi zarafat sanma!” Digər şagirdlərinin susduğunu görən Seyyid Kazım üzünü Molla Hüseyn Buşruyiyə tutub dedi: “Bu mühüm vəzifənin yerinə yetirilməsi səndən asılıdır, səfərə hazırlaş, yəqin bil ki, mərhəmətli Tanrı sənə yardımçı olacaq və sən uğur qazanacaqsan”.

Molla Hüseyn bunu eşidən kimi hədsiz sevinclə Seyyidin ətəyini öpdü və həmin vəzifəni yerinə yetirəcəyini bildirib tam inamla İsfahana tərəf yola düşdü. Şəhərə çatan kimi azacıq da olsa dincəlmək və üstbaşını səliqəyə salmaq barədə düşünmədən birbaşa İsfahan aliminin dərs dediyi yerə yollandı.

Seyyid Məhəmməd Bağırın şagirdləri gözəl libaslar geyinmiş halda onun hüzurunda əyləşmişdilər və əynində cırıqsökük paltar olan Molla Hüseyni gördükdə ona tam etinasız yanaşdılar. Amma Molla Hüseyn də onlara əhəmiyyət vermədi və şagirdlərin sıraları arasından keçib düz Seyyid Məhəmməd Bağırın qarşısında oturdu. Sonra da tam cəsarətlə Seyyidə müraciət edərək dedi: “Ey böyük alim, mənim sözlərimi dinlə! Əgər dediklərimə qulaq assan və onlara uyğun hərəkət etsən, Rəsulullahın müqəddəs dininə yardım göstərmiş olarsan, yox, əgər mənim sözlərimə əhəmiyyət verməyib onlara əməl etməsən, müqəddəs islam dininə zərər vurmuş olarsan”. Molla Hüseyn tam cəsarətlə, heç kəsdən qorxub-çəkinmədən bu minvalla sözlərini davam etdirdi. Seyyid buna məəttəl qalıb dərhal dərsini dayandırdı və şagirdlərinə heç bir diqqət yetirmədən Molla Hüseynin dediklərinə qulaq asmağa başladı. O, bu qərib müsafirin hər bir kəlməsini diqqətlə dinləyirdi. Qonağın cəsarətindən heyrətə düşmüş Seyyidin şagirdləri isə hayküy salıb onun sözlərini səfehlik nümunəsi kimi dəyərləndirdilər. Molla Hüseyn isə tam nəzakətlə onlara yanıldıqlarını sübut etdi və təkəbbürlü davranışlarına görə onlara irad tutdu. Seyyid Rəşti qonağın cəsarətinə sevinib şagirdlərinə susmağı əmr etdi, sonra Molla Hüseynə dedi ki, mətləbə keçsin.

Molla Hüseyn Seyyid Kazım Rəştinin sözlərini ona çatdırdı. Seyyid dedi: “Mən əvvəllər Şeyx Əhmədin və Seyyid Kazımın fikirlərinin islam dininə uyğun olduğunu zənn edirdim. Amma son dövrdə Şeyxin və Seyyidin əsərlərində elə mətləblərə rast gəldim ki, mənim əvvəlki mövqeyim alt-üst oldu. Qərara gəldim ki, yaxşısı budur susum, nə tərifləyim, nə də pisləyim, nə tərəfdarlıq edim, nə də etiraz”.

Molla Hüseyn dedi: “Sizin susmağınıza təəssüf edirəm, çünki bu susmaq sizi Allah kəlamının ən yüksək səviyyəsinə çatmaqdan məhrum edəcəkdir. Rica edirəm, Şeyxin və Seyyidin sözlərində sizi çəkindirən mətləbləri söyləyin, imkan verin ki, mən onları sizə şərh edim və dumanlı məsələlərə aydınlıq gətirim”. Gənc müsafirin inam və qətiyyətindən heyrətə düşmüş Seyyid ona dedi: “Olarmı ki, bu söhbəti başqa vaxta saxlayaq və münasib bir vaxtda biz ikilikdə, üçüncü bir şəxsin iştirakı olmadan, həmin məsələləri müzakirə edək, mən də öz şübhələrimi səninlə bölüşüm?!” Molla Hüseyn məsələni təxirə salmağa lüzum görmədiyini bildirdi və Seyyiddən xahiş etdi ki, vaxt itirmədən müzakirəyə başlasınlar.

Molla Hüseynin cəsarəti, onun simasında aydın görünən səmimilik və nəcibliyi Seyyidi o qədər mütəəssir etdi ki, göz yaşlarını saxlaya bilmədi. Adam göndərib Şeyxin və Seyyid Kazımın kitablarını gətirtdi və onda sual doğuran yerləri göstərdi. Molla Hüseyn birbəbir onlara aydın və inandırıcı cavablar verdi. Söhbət o vaxta qədər davam etdi ki, müəzzinin səsi ucaldı və hamını axşam namazına dəvət etdi. Ertəsi gün yenidən məclis quruldu, Seyyid və şagirdləri hamılıqla sakit oturub Molla Hüseynin son dərəcə bəlağətli nitqinə qulaq asdılar. Molla Hüseynin möhkəm dəlilləri və şirin danışığı məclis iştirakçılarına qeyriadi təsir bağışladı. Seyyid Məhəmməd Bağırı Molla Hüseynin dedikləri tam qane etdi və o, söz verdi ki, ertəsi gün Şeyxin və Seyyid Kazımın məqamının ucalığı barədə fikirlərini yazılı şəkildə bildirəcək. Vədinə uyğun olaraq, o, Şeyx Əhməd və Seyyid Kazımın fəzilətləri barədə geniş bir məktub yazdı və qeyd etdi ki, onlara qarşı çıxmaq əslində islam dininə qarşı çıxmaq deməkdir. Eyni zamanda o, Molla Hüseynin elmini və əxlaqını xeyli təriflədi, eləcə də Seyyid Kazımın böyüklüyünü təsdiq etdi. Məktubda o, əvvəlki davranışına görə üzr istəyərək, açıq şəkildə yazmışdı ki, gələcəkdə bunun əvəzini verməyə çalışacaqdır.

Məktub başa çatdıqdan sonra Seyyid onu şagirdlərinin yanında ucadan oxudu və açıq şəkildə Molla Hüseynə verib dedi: “Bu, mənim fitvamdır, hansı təbəqəyə mənsubluğundan asılı olmayaraq, bu məktubu istədiyin şəxsə göstər, qoy bilsinlər ki, mənim Seyyid Kazım Rəştiyə bağlılığım nə dərəcədədir!”

Molla Hüseyn getməyə icazə alıb Seyyidin hüzurunu tərk etdi. Seyyid özünün yaxın adamlarından birinə dedi ki, Molla Hüseynin ardınca gedib onun harada qaldığını öyrənsin. Həmən şəxs bir qədər aralıdan Molla Hüseyni izləməyə başladı. Axırı gördü ki, Molla Hüseyn bir mədrəsənin həyətinə girib oradakı hücrələrdən birinə daxil oldu. Hücrənin döşənəcəyi cırıq bir həsirdən ibarət idi. Molla Hüseyn namaz qıldıqdan və Allahın dərgahına dua etdikdən sonra öz əbasına bürünüb yatdı. Həmən şəxs gördüklərini Seyyidə çatdırdı. Ertəsi gün Seyyid Molla Hüseynə yüz tümən pul göndərdi və ona layiqincə xidmət göstərə bilmədiyi üçün üzr dilədi. Molla Hüseyn pulu qəbul etməyib Seyyidin göndərdiyi adama dedi: “Möhtərəm alimə mənim adımdan söylə ki, uca məqamınıza və yüksək rütbənizə baxmayaraq, kimsəsiz bir qəribə göstərdiyiniz ehtiram və mehribanlıq mənə bəsdir, mənim pula ehtiyacım yoxdur, çünki mən mükafat və muzd üçün bu səfərə razılaşmamışam. “Biz sizi yalnız Allah rizasından ötru yedirdirik, biz sizdən nə bir mukafat, nə də təşəkkur istəyirik” (İnsan surəsi, 9-cu ayə). Ümidvaram ki, dünyanın mənsəbi heç zaman o qüdrətli alimin haqqı və həqiqəti etiraf etməsinə mane olmayacaq”.

Hacı Seyyid Məhəmməd Bağır Rəşti Həzrət Babın zühur etdiyi 1260-cı (1844-çü) ildən əvvəl dünyasını dəyişdi və ömrünün son günlərinədək bir an da Seyyid Kazıma yardımını dayandırmadı, daim onu tərifləməklə və təbliğ etməklə məşğul oldu.

Molla Hüseyn İsfahanda vəzifəsini yerinə yetirdikdən sonra Seyyidin məktubunu öz böyük ustadına göndərdi və qərara aldı ki, Məşhədə gedib Mirzə Əsgəri ilə də görüşsün. Seyyidin məktubu Seyyid Kazıma çatan kimi o, dərhal Molla Hüseynə məktub yazıb onun zəhmətini yüksək qiymətləndirdi və dərs zamanı Seyyid Məhəmməd Bağırın fitvasını, eləcə də özünün Molla Hüseynə yazdığı məktubu şagirdlərinə oxudu. Seyyid Kazım Molla Hüseyni o qədər tərifləmiş, onun əxlaq və istedadını elə yüksək qiymətləndirmişdi ki, şagirdlərindən bəziləri ustadlarının daim zühurunun yaxınlaşmasından danışdığı gözlənilən şəxsin məhz Molla Hüseyn olduğunu güman etmişdilər. Seyyid Rəştinin məktubu Molla Hüseynə böyük təsir göstərmiş, düşmənlərin hücumları qarşısında onun müqavimət gücünü artırmışdı. Məktubun məzmunundan belə anlaşılırdı ki, daha bu dünyada ustadı ilə görüşmək Molla Hüseynə qismət olmayaçaq Seyyid Rəşti məktubda özünün seçilən və sevimli tələbəsinə vida sözləri yazmışdı.

Seyyid Kazım Rəşti bilirdi ki, gözlənilən Şəxsin Zühuru yaxınlaşmaqdadır. Digər tərəfdən əmin idi ki, camaatın bu məsələni dərk etməsinə imkan verməyən çoxsaylı maneələr mövcuddur. Ona görə də bütün biliyini sərf edərək, bu maneələri aradan qaldırmağa və insanları zühur gününə hazırlamağa səy göstərirdi. O, daim şagirdlərinə deyirdi: “Gözlənilən Şəxs Cabilğa və Cabilsadan gəlməyəcək, ola bilər ki, O böyük İnsan indi sizin aranızdadır, siz Onu öz gözlərinizlə görürsünüz, lakin tanımırsınız. O, peyğəmbərin (s) nəslindən və Haşimi tayfasındandır. Gəncdir, fitri bilik sahibidir. Onun bilikləri Şeyx Əhmədin təlimindən yaranmayıb, O, ilahi elmə yiyələnib. Mənim biliklərim onun elmi qarşısında dəryadan bir damla kimidir. Mən torpağın bir zərrəsinə, O isə Pak Tanrıya bənzəyir. O, orta boyludur, tənbəki çəkmir”.

Şagirdlərin bəziləri elə güman edirdilər ki, vəd olunmuş şəxs Seyyid Kazımın özüdür, ona görə də deyilən əlamətləri birbir onunla tutuşdururdular.

Seyyidin şagirdlərindən biri bu məsələni açıq şəkildə bildirdikdə, Seyyid Kazım elə qəzəbləndi ki, az qala onu şagirdləri sırasından xaric edəcəkdi. Molla Mehdi Xoyi adlı bu şagird Seyyiddən rica etdi ki, onu bağışlasın və öz günahına görə tövbə etdi.

Şeyx Həsən Zünuzi mənə (müəllifə) aşağıdakı əhvalatı danışmışdı:

“Mən də o kəslərdən idim ki, Seyyid Kazımı vəd olunmuş Şəxs sayırdılar. Və daim Allahdan diləyirdim ki, əgər yanlış yola getmişəmsə, məni ayıltsın. O qədər narahat idim ki, günlərlə çörək yeyə və yata bilmirdim. Daim Seyyidin xidmətində olurdum və ona son dərəcə bağlı idim.

Bir gün sübh tezdən Seyyidin yaxın adamlarından olan Molla Novruz məni yuxudan oyadıb dedi: “Arxamca gəl!” Mən ayağa durdum və biz birlikdə Seyyid Kazımın mənzilinə getdik. Gördüm ki, Seyyid paltarını geyinib, əbasını çiyninə atıb, sanki harasa getməyə hazırlaşır. Mənə baxıb dedi: “Şəhərə hörmətli bir şəxs gəlib, istəyirəm ki, səninlə birgə onu görməyə gedəm”. Hava yavaş-yavaş işıqlaşırdı. Biz yola düşdük, Kərbəlanın bəzi küçələrindən keçib bir evin qarşısında dayandıq. Qapının ağzında bir gənc durmuşdu. Başında yaşıl rəngli əmmamə vardı. Üz-gözündən təsvirəgəlməz bir lütf və təvazökarlıq yağırdı. O, deyəsən, bizi gözləyirdi. Bizi görən kimi yaxına gəldi, Seyyidi qucaqlayıb ona hədsiz iltifat göstərdi. Seyyid Kazım da həmin gənclə böyük ehtiramla davranırdı və onun qarşısında sakit dayanmışdı. Biz başımızı aşağı salıb evə girdik, pillələrlə yuxarı qalxıb bir otağa daxil olduq. Otaqda xoş qoxulu güllər vardı, hər yanı ətir bürümüşdü. Gənc bizə oturmağa yer göstərdi. Bizim bütün varlığımıza sevinc və şadlıq hakim kəsilmişdi. Otağın ortasında şərbətlə dolu bir qab vardı, yanında da gümüş piyalə qoyulmuşdu. Ev sahibi piyaləni şərbətlə doldurub Seyyid Kazıma uzatdı və dedi: “Rəbbi onlara çox pak bir şərab içirdəcəkdir” (İnsan surəsı, 21-ci ayə). Seyyid şərbətlə dolu qabı gənc ev sahibindən aldı və son qətrəsinə qədər içdi. Onun üzündə elə bir sevinc yarandı ki, təsvir etmək mümkün deyil. Sonra ev sahibi piyaləni şərbətlə doldurub mənə verdi, amma heç bir söz demədi. Seyyid ilə gəncin söhbəti bir müddət davam etdi. Gənc daim Seyyidin sözlərinə Quran ayələri ilə cavab verirdi. Müəyyən vaxtdan sonra ayağa durduq. Ev sahibi bizi qapıya qədər ötürdü, yenə də bizə sonsuz ehtiramını büruzə verdi.

O gəncin əzəməti və gözəlliyi məni son dərəcə heyrətləndirmişdi. Məni heyrətə salan digər məsələ bu idi ki, Seyyid Kazımın gümüş qabdan şərbət içdiyini görmüşdüm. Halbuki islam şəriətinə görə, qızıl və gümüş qabdan istifadə etmək haramdır. Nə qədər istədim ki, Seyyidin həmən gəncə hədsiz hörmətinin səbəbini soruşum, bacarmadım. Seyyidin o gəncə hörməti şəhidlərin ağasının (İmam Hüseynin) məqbərəsinə göstərdiyi ehtiramdan artıq idi.

Üç gündən sonra həmən Gənc Seyyidin hüzuruna gəldi və qapının yanında əyləşib ədəblə Seyyidin dərsinə qulaq asmağa başladı. Seyyid Kazımın gözü gəncə sataşan kimi sözünə ara verib duruxdu. Şagirdlərdən biri xahiş etdi ki, o, sözünə davam etsin. Seyyid “nə deyim?” söyləyib köksünü ötürdü. Sonra həmən gəncə tərəf dönüb əlavə etdi: “Həqiqət o ətəyə düşmüş gün işığından da aşkardır”. Mən baxıb gördüm ki, o gəncin ətəyinə günəş işığı düşüb. Yenə həmən şagird Seyyiddən soruşdu: “Nə üçün vəd olunmuş Şəxsin adını bizə demirsiniz və onu bizə nişan vermirsiniz?” Seyyid barmağı ilə boğazına işarə etdi! Bununla demək istəyirdi ki, əgər vəd olunmuş Şəxsin adını söyləyib özünü göstərsəm, hər ikimizi qətlə yetirərlər. Məni daha da heyrətləndirən bu idi ki, Seyyid Kazım dönə-dönə deyirdi: “İnsanlar o qədər yollarını azıblar ki, əgər mən vəd olunmuş Şəxsi onlara təqdim edib “mənim və sizin gözlədiyimiz Şəxs budur” desəm, hamı onu inkar edəcək, heç kəs onu qəbul etməyəcək”.

Seyyid Kazım Rəşti bayaqkı sözləri deyəndə barmağı ilə həmin cavanın ətəyinə işarə etsə də, heç kəs bu işarə ilə onun nə demək istədiyini anlamadı. Mən yavaş-yavaş başa düşürdüm ki, Seyyid Kazım vəd olunmuş Şəxs deyil. Daim o gənc barəsində fikirləşirdim ki, görəsən, o kimdir və onda bu qədər cazibə hardandır. Dəfələrlə istədim ki, Seyyid Kazımdan o gəncin haqqında nə isə soruşum, amma Seyyidin zəhmi və əzəməti məni sual verməkdən çəkindirdi. Seyyid Kazım isə bir neçə dəfə mənə demişdi: “Ey Şeyx Həsən, xoş sənin halına ki, adın Həsəndir, işinin əvvəli də gözəldir, axırı da gözəldir. Sən Şeyx Əhməd Əhsainin hüzurunda olmusan, müəyyən bir müddəti mənimlə keçirmisən, gələcəkdə də böyük sevincə qovuşacaqsan. Sən elə bir şey görəcəksən ki, onu heç bir göz görməyib, heç bir qulaq eşitməyib, hətta kimsənin xəyalına belə gəlməyib”.

Mən dəfələrlə qərara almışdım ki, o gənclə görüşüb adını və əsl-nəsəbini öyrənim. Bir neçə dəfə onu şəhidlərin ağasının məqbərəsində dua edən görmüşdüm. O, heç kəsə fikir vermədən gözlərindən yaş axıdır və ayələrə bənzəyən olduqca bəlağətli kəlmələr söyləyirdi. Eşidirdim ki, dönə-dönə “ey mənim Allahım və könlümün məhbubu” deyir. Çox vaxt orada namaz qılanlar namazlarını yarımçıq kəsib o gəncin sözlərinə qulaq asırdılar, onun itaətkarlıq və təvazökarlığına heyrət edirdilər. O ağlayanda istər-istəməz hamı ağlamağa başlayırdı. Adamlar ziyarət və ibadət qaydalarını ondan öyrənirdilər. Bu gənc seyyid ibadətini qurtardıqdan sonra heç kəslə danışmayıb birbaşa öz mənzilinə yollanırdı. Mən bir neçə dəfə onunla söhbət etmək istəmişdim, amma ona yaxınlaşanda hansısa gizli bir qüvvə məni tutub saxlayırdı. Bunu heç cür izah edə bilmirəm. Mən ordan-burdan soruşub yalnız bunu öyrənə bilmişdim ki, həmən gənc Şiraz tacirlərindəndir, alimlər sırasına daxil deyil, özünün və qohumlarının Şeyx Əhmədə və Seyyid Kazıma xüsusi rəğbəti var. Sonralar eşitdim ki, o, Nəcəfə yollanıb, oradan da Şiraza gedəcək.

O gənc həmişə mənim yadımda idi, məndə ona qarşı güclü maraq oyanmışdı. Bir müddət sonra eşitdim ki, bir gənc Şirazda özünü “Bab” (“qapı”) elan edib. Dərhal ağlıma gəldi ki, bu, mənim əvvəllər Kərbəlada gördüyüm həmən əzəmətli gənc olar. Bu xəbəri eşidən kimi Kərbəladan Şiraza yollandım, lakin O Həzrət orada deyildi, Məkkəyə getmişdi. Geri qayıtdıqdan sonra mən Onun hüzuruna getdim və çalışdım ki, daha ondan ayrılmayım.

O Həzrət doqquz ay müddətində Maku qalasında həbsdə olarkən, hər ay Quranın bir hissəsinə təfsir yazmışdı və beləliklə, Onun mübarək qələmindən Quranın doqquz hissəsinin təfsiri çıxmışdı. O, bu təfsirləri Seyyid İbrahim Xəlilə vermişdi ki, gizlətsin və vaxtı çatanda üzə çıxartsın (Bu təfsirlərin harada olduğu indiyə qədər məlum deyil). Bir gün Həzrət Bab məndən soruşdu ki, səncə, bu təfsirlər maraqlı və cəlbedicidir, yoxsa “Əhsənül-qəsəs?” Mən ərz etdim ki, “Əhsənül-qəsəs” adlı təfsir daha gözəl və daha təsirlidir. Həzrət Bab gülümsəyərək dedi: “Sən hələ bu təfsirlərin dilini bilmirsən. Bu təfsirlərdə elə həqiqətlər var ki, cəhd edən şəxsi məqsədinə və istəyinə çatdırmağa qadirdir”.

Mən bir müddət onun Mübarək Hüzurunda olduqdan sonra Təbərsi qalasındakı hadisə baş verdi. Həzrət Bab həmin hadisədən xəbər tutan kimi bütün əshabələrinə dərhal Təbərsi qalasına gedib Həzrət Qüddusa kömək göstərmək barədə göstəriş verdi. Bir gün mənə dedi ki, əgər Çehriq qalasında həbsdə olmasaydım, özüm cənab Qüddusun köməyinə tələsərdim. Amma sən Kərbəlaya gedib orada qalmalısan. Vaxt gələcək ki, sən vəd olunmuş Həzrət Hüseynin camalını öz gözünlə görəcəksən, Tanrının inayəti səni bu şərəfə layiq bilib. Sən Təbərsi qalasına getmə, Kərbəlaya yollan və gözlərin vəd olunmuş şəxsin camalı ilə işıqlanan zaman mənim itaət və məhəbbətimi onun Mübarək Hüzuruna yetir. Sonra əlavə etdi ki, mən sənə çox mühüm bir vəzifə tapşırıram, bunu kiçik məsələ sanma və sənə qismət olan bu şərəfi heç zaman unutma.

Mən Kərbəlaya yollandım və mübarək əmrə əsasən orada qalıb gözləməyə başladım ki, onun buyurduqları nə zaman aşkar olacaq. Kərbəlada uzun müddət yaşamalı olduğum üçün heç kəsdə mənə qarşı şübhə oyanmasın deyə, ailə qurdum və katibliklə öz dolanışığımı təmin etməyə başladım. Şeyx Əhmədin Həzrət Baba iman gətirməyən bir çox davamçıları məni bərk incidirdilər, mən isə səbr edib dözürdüm. Bir müddətdən sonra Həzrət Bab şəhid oldu. Həzrət Babın şəhid olmasından on beş ay səkkiz gün keçdikdən sonra, yəni hicri 1267-ci ilin ərəfə günü (zilhiccə ayının 9da) (miladi tarixlə 1851-ci il oktyabrın 5də) şəhidlərin ağasının (İmam Hüseynin) ziyarətinə getdim. Məqbərənin yanında bir gənc diqqətimi çəkdi. Gözəl sifəti, əzəmətli görünüşü vardı. Bədəni mütənasib idi, qara saçları çiyinlərinə tökülmüşdü, dodaqlarına xoş bir təbəssüm qonmuşdu. Bu gəncin vücudu mənə güclü təsir bağışladı. Mən o vaxtlar artıq xeyli qocalmış və əldən düşmüşdüm. Həmən gənc özü mənə yaxınlaşıb əlimdən yapışdı və ürəyə yatan bir səslə dedi: “Qərara gəlmişəm ki, sənin babi olmağını bütün Kərbəlaya elan edəm”. Eləcə əlimdən tutmuş halda yola düzəldik və gəlib bazara çatdıq. Nəhayət, o, dilləndi: “Allaha şükr ki, sən Kərbəlada qaldın və vəd olunmuş Hüseyni öz gözlərinlə gördün”. Bunu eşidən kimi Həzrət Babın sözləri yadıma düşdü, varlığımı qəribə bir həyəcan bürüdü və az qaldı ki, bu sirri ətrafdakı insanlara açım. Lakin o möhtərəm gənc yavaşca mənə dedi: “Səbr elə, hələ vaxt yetişməyib, narahat olma!” O saatdan etibarən mənim bütün dərd-qəmim yoxa çıxdı, qəlbimə hədsiz bir sevinc hakim kəsildi. Zahirən yoxsul olsam da, malik olduğum mənəvi sərvəti bütün dünyanın sərvətindən üstün bilirdim. Bu neməti Tanrı öz fəzli sayəsində mənə bəxş etmişdi”.

(Burada Zünuzinin söhbəti bitir və yenidən əvvəlki mövzunun şərhinə qayıdırıq).

 

Seyyid Kazım Rəşti “Qəsidənin şərhi” və “Xütbənin şərhi” adlı kitablarında üstüörtülü şəkildə, müxtəlif işarələrlə Həzrət Bəhaullahın adını qeyd etmiş və yazdığı sonuncu risalədə Həzrət Babı “Zikrullah-ul-Əzəm” (“Allahın ən böyük zikri”) adlandırmışdır. Həmin əsərdə o, Həzrət Baba müraciətlə bu iki beyti qələmə almışdır:

Mən səndən, millətimdən və özümdən qorxuram,

Eləcə də məkandan və zamandan qorxuram.

Mənə lazımdır ki, səni gözlərim üstə qoyum,

Qiyamətə qədər bu, mənə bəsdir.

 

Seyyid Rəşti hədsiz şücaətlə əleyhdarlarının qarşısında duruş gətirir, hər cür əzab və əziyyətə qatlaşırdı. Son nəticədə Tanrı onun bütün əleyhdarlarını həlak etdi, düşmənlərini zəlil və xar etdi.

O vaxtlar Seyyid İbrahim Qəzvininin davamçıları Seyyid Rəştinin rahatlığını pozmaq üçün hər vasitəyə əl atırdılar və onu nüfuzdan salmaqdan ötrü müxtəlif fitnələr törədirdilər. O cümlədən onların böyük bir dəstəsi Osmanlı sultanı tərəfindən Kərbəlaya hakim təyin olunmuş şəxsi şəhərdən qovub qiyam qaldırdılar və əməllibaşlı qarışıqlıq yaratdılar. Mərkəzi hökumət qiyamı yatırtmaq və fitnə tonqalını söndürmək üçün bir dəstə qoşun göndərdi. Əsgərlər Kərbəlanı mühasirəyə aldılar. Qoşunun komandanı Seyyid Rəştiyə xəbər göndərdi ki, qarışıqlığa son qoymaqa çalışsın və qiyamçılara zəmanət versin ki, əgər əməllərindən əl çəksələr, əfv olunacaqlar, əks təqdirdə onları ölüm gözləyir. Bu xəbər Seyyid Rəştiyə çatan kimi, qiyamın rəhbərlərini yanına çağırdı, səmimi bir tərzdə onlara nəsihət verdi və elə danışdı ki, qiyamçılar əməllərindən əl çəkib hökumətə təslim olacaqlarına söz verdilər. Amma Seyyid Rəştinin hüzurundan çıxan kimi, Seyyidin düşmənləri onları qiyamı davam etdirməyə təhrik etdilər, şəhər əhalisini hökumət qüvvələrinə müqavimət göstərməyə çağırdılar və onları inandırmaq üçün müxtəlif sözlər uydurdular. Məsələn, onlardan biri dedi: “Mən bu gecə Həzrət Abbası (ə) yuxuda gördüm. Mənə bu sözləri söylədi: Kərbəla əhalisinə de ki, hökumət qüvvələrinə qarşı cihad etsinlər və arxayın olsunlar, qələbə onlarla olacaq!” Nadan kütlə də bu sözlərə aldanıb Seyyid Rəştinin nəsihətlərini unutdu və qiyamdan əl çəkmədi. Belə olduqda, Seyyid Rəşti qoşunun komandanı Nəcib paşaya bir məktub yazdı və onu vəziyyətdən hali etdi. Nəcib paşa Seyyid Rəştidən xahiş etdi ki, ikinci dəfə camaata nəsihət versin və onlara desin ki, o, filan saatda şəhərə girib qiyamçıları darmadağın edəcək, yalnız onun evinə sığınmış adamlara toxunmayacaq. Seyyid Kazım Nəcib paşanın bu sözlərini bütün şəhərə yaydı. Seyyidin düşmənləri bunu istehza və məsxərə ilə qarşıladılar. Bunu eşidən Seyyid buyurdu: “Onların ölüm vaxtı səhərdir. Səhər yaxın deyilmi?” (Hud surəsi, 81-ci ayə). Ertəsi gün səhər hökumət əsgərləri şəhərə hücum etdilər, divarları uçurub əhalini qırmağa və qarətçilik etməyə başladılar. Camaatın bir qismi İmam Hüseynin (ə), bir qismi də Həzrət Abbasın (ə) məqbərəsinə sığındı. Seyyidin bir çox dostları və tanışları isə onun evinə pənah gətirdilər. Yer çatmırdı, buna görə Seyyid Kazım qonşuluqdakı evləri də sığınacağa çevirdi. Bununla belə camaat həddən artıq sıx idi. Sakitlik yarandıqdan sonra məlum oldu ki, darısqallıq və basabas nəticəsində iyirmi nəfər keçinib.

Əsgərlər qətl və qarətlə məşğul idilər, hətta Həzrət İmam Hüseynin (ə) və Həzrət Abbasın (ə) məqbərəsinə sığınan kəsləri də öldürürdülər. Beləcə minlərlə adam qətlə yetirildi, iş o yerə çatdı ki, iki məqbərənin həyətində qan su yerinə axırdı. Bütün Kərbəlada Seyyid Rəştinin evindən başqa təhlükəsiz bir yer yox idi. Allahın qəzəbindən doğan bu hadisə ona görə baş verdi ki, Seyyid Rəşdinin əleyhdarları onun məqamının əhəmiyyətini dərk etsinlər. Həmən hadisə hicri 1258-ci il zilhiccə ayının 8-də (1843-cü il yanvarın 10-da) baş vermişdi.

Seyyid Rəştinin çoxlu şagirdləri vardı. Onların içərisində bir neçə nəfər hədsiz dərəcədə təkəbbürlü idi. Onlar zahiri görünüşlərinə çox fikir verir və belə zənn edirdilər ki, Şeyxin və Seyyidin bələd olduqları bütün sirləri mənimsəyiblər. Dərs zamanı həmən bir neçə nəfər həmişə birinci sırada oturardı. Seyyid üzdə onların hörmətini saxlasa da, əslində onların əhvalından agah idi və bəzən üstüörtülü şəkildə onların təkəbbürünə və ilahi sirləri anlamaqda aciz olduqlarına işarə edirdi. Məsələn, deyirdi ki, bir kəs məndən doğulmayınca, mənim sözlərimi anlaya bilməz. Həmçinin buyururdu ki, dünyada eşidən qulaq yoxdur, mən əsil sirri açıqlaya bilmərəm, çünki camaat onu eşitməyə hazır deyil. Arabir də bu şeri oxuyurdu:

Hər kəs iddia edir ki, Leyliyə qovuşub,

Leyli isə bu iddiaları təsdiq etmir.

Əgər gözdən yaş axıb tökülürsə,

Aydın olur ki, ağlayan kimdir və niyə ağlayır.

 

Bəzən söyləyirdi ki, məndən sonra zühuru gözlənilən Şəxs peyğəmbər nəslindəndir, Fatimənin övladlarındandır, orta boyludur, heç bir cismani qüsuru və xəstəliyi yoxdur.

Şeyx Əbu Turab mənə (müəllifə) danışmışdı ki, mən və Seyyidin şagirdlərindən daha bir neçə nəfər onun sözlərindən bu nəticəyə gəlmişdik ki, vəd olunmuş Həzrətin heç bir cismani qüsuru olmayacaq və deməli, əgər belə adamlardan biri müəyyən məqama iddia etsə, onun iddiası yanlış sayılmalıdır. Seyyidin şagirdləri arasında isə bir neçə nəfər vardı ki, onlar fiziki qüsurlara malik olmalarına baxmayaraq, Seyyid Rəştidən sonra onun yerinə keçmək və onun varisi olmaq barədə düşünürdülər. Onlardan biri İbrahim xan Qacar Kirmaninin oğlu Mirzə Kərim xan idi. Bu şəxsin bir gözü kor idi, özü də kosa idi. Başqa birisi Mirzə Həsən Gövhər idi ki, o, həddindən artıq kök idi, bütün bədənini piy basmışdı. Üçüncüsü Kirmanlı şair Mirzə Mühit idi ki, onun boyu həddindən çox uzun, bədəni isə olduqca arıq idi. Bu üç nəfər hamıdan artıq Seyyidin varisi olmağa can atırdı, baxmayaraq ki, hər üçünün cismani qüsurları vardı.

Seyyid də çox vaxt üstüörtülü şəkildə bəzi mətləbləri onlara çatdırırdı, onların imanı olmadığı halda təkəbbürdən yerə-göyə sığmadıqlarına işarələr edirdi, bildirirdi ki, onlar müəyyən iddialara düşəcəklər, tezliklə öz nadanlıq və səfehliklərini büruzə verəcəklər.

Hacı Kərim xan bir neçə il Seyyidin hüzurunda qaldıqdan sonra ondan icazə aldı ki, Kirmana getsin, orada islamı gücləndirməklə, doğru yol göstərən imamların hədislərini yaymaqla məşğul olsun. Bir gün mən Seyyid Rəştinin kitabxanasında oturmuşdum. Bir nəfər içəri girib Hacı Kərim xanın yazdığı kitabı Seyyid Rəştiyə verdi ki, oxuyub onun barəsində müsbət rəy yazsın. Seyyid Rəşti kitabın bir neçə fəslini oxuduqdan sonra həmən şəxsə qaytarıb dedi: “Kərim xana de ki, öz kitabını hamıdan yaxşı özü tərifləyə bilər”. Həmən adam Seyyidin hüzurundan mürəxxəs olduqdan sonra, Seyyid kədərli bir səslə dilləndi: “Allah Kərim xana lənət eləsin! Neçə illər mənim yanımda qalıb və məndən ayrılıqdan sonra gördüyü yeganə iş bu olub ki, küfr və dinsizliklə dolu bir kitab yazıb. İndi də istəyir ki, mən onun barəsində müsbət rəy yazım və onu tərifləyim. O, bir neçə dinsiz şəxslə birləşib Kirmanda rəhbərlik etmək üçün mərkəz yaratmağa çalışır. Məqsədi budur ki, mən bu dünyanı tərk edəndən sonra rəhbərliyi ələ alsın. Gör, o necə səhv bir yola və yanlış bir xəyala düşüb! Amma hidayətin bahar fəslində əsən ilahi vəhy küləyi onun tonqalını söndürəcək və o, ziyandan başqa bir nəticə görməyəcək. Ey Şeyx Əbu Turab, sən Kərim xanın indicə dediyim bütün bu işlərinin şahidi olacaqsan. Allahdan arzum budur ki, səni gələcəkdə vəd olunmuş Həzrətlə düşmənçilik edəcək bu dəccalın şərindən qorusun!” Sonra da əlavə etdi: “Sənə dediklərimi yadında saxla və qiyamət gününə, yəni qeybin əli ilə insanların qəlbindəki sirlərin və gizli niyyətlərin aşkar olacağı günə qədər heç kəsə söyləmə! Həmən gün isə var gücünlə Allahın əmrinə yardımçı ol və O Gün gördüklərini və eşitdiklərini başqalarına danış!”

Şeyx Əbu Turab Həzrət Babın zühurunun ilk çağlarında ona iman gətirdi. Bir müddət imanını gizli saxlasa da, axırda imanının şöləsi ətrafa işıq saçmağa başladı. Onu tutub Tehran zindanında sonralar Həzrət Bəhaullahın da məhbus olduğu Siyahçala saldılar və elə orada da o, şəhidlik zirvəsinə ucaldı.

Seyyid Rəşti ömrünün sonlarında bəzən üstüörtülü, bəzən də açıq şəkildə öz davamçılarına müraciətlər edib deyirdi: “Ey dostlar, amandır, dünyaya aldanmayın, Allahı unutmayın, dünyaya və onun nemətlərinə bağlanmayın, ilahinin vəd etdiyi Şəxsi arayın, bunun üçün hər tərəfə yayılıb Allahdan arzu edin ki, sizə doğru yolu göstərsin. Qüdrət və əzəmət pərdəsi arxasında gizlənmiş Müqəddəs Varlıqla görüşmək şərəfinə nail olmayınca, dayanıb durmayın. Ona məhəbbətinizdə sadiq olun ki, sizi öz dostları sırasına daxil etsin. Əgər Onun yolunda şəhidlik şərabını içəcəksinizsə, xoş sizin halınıza!... Sizə doğrusunu deyirəm, Qaimdən sonra Qəyyum zühur edəcək, qapı (Bab) açılanda gözəl (Hüseyn) bir sima görünəcək... O zaman Şeyxin sözlərinin sirri aşkar olacaq”.

Buna baxmayaraq Həzrət Bab Həzrət Bəhaullah haqqında şəfaətli itaətkarlıqla və ehtiramla danışaraq deyirdi ki, Allahın göstərəcəyi Kəsin günlərində:

Seyyid Kazım Rəştinin adəti belə idi ki, hər il zilqədə ayında Kərbəladan Kazımeynə gedərdi və ərəfə günü üçün Kərbəlaya qayıdardı. Ömrünün sonuncu ilində, yəni hicri 1259-cu (1843-cü) ildə də o, belə etdi və zilqədə ayının əvvəllərində (noyabrın sonlarında) Kazımeynə yollandı. Həmən ayın 4-də (noyabrın 26-da) o, Bağdadla Kazımeyn arasında yerləşən Bərasə məscidinə çatdı. Günorta çağı idi. 

 

O, müəzzinə əmr etdi ki, günorta namazı üçün azan versin. Məscidin qarşısında bir xurma ağacı vardı. Seyyid ağacın altında dayanmışdı. Birdən məsciddən bir ərəb çıxdı, iti addımlarla Seyyidə yaxınlaşıb dedi: “Üç gündür ki, mən burada sizi gözləyirəm. Mən çobanam, qoyunlarımı yaxınlıqda yerləşən otlaqda otarıram. Mən bir yuxu görmüşəm və mənə tapşırılıb ki, onu sizə danışım. Yuxuda Həzrət Rəsulullahı gördüm” və O, buyurdu: “Ey çoban, mənim sözlərimə yaxşı qulaq as və yadında saxla, çünki bu, Allahın əmanətinə bərabər bir şeydir ki, sənə tapşırıram. Əgər dediklərimə əməl etsən, böyük mükafat alacaqsan, yox, qulaqardına vursan, dəhşətli əzaba düçar olacaqsan. Burada qal, üç gündən sonra mənim nəslimdən Seyyid Kazım adlı bir şəxs öz davamçıları ilə bura gələcək və günorta çağı bu məscidin qarşısındakı xurma ağacının altında dayanacaq. Onun hüzuruna gedib mənim salamımı çatdırarsan və deyərsən ki, gözün aydın, sənin ölüm saatın yaxınlaşıb. Kazımeyni ziyarət etdikdən sonra dərhal Kərbəlaya qayıt, çünki Kərbəlaya varid olduqdan üç gün sonra, yəni ərəfə günü sən vəfat edəcəksən. Sənin vəfatından sonra çox çəkməyəcək ki, Allahın vəd etdiyi Şəxs zühur edəcək və dünyanı Öz camalının nuru ilə işıqlandıracaq”.

Bu sözləri eşitdikdə, Seyyid Rəştinin dodaqlarına təbəssüm qoidu və dedi: “Ey çoban, sənin yuxun doğrudur!” Seyyidin yoldaşları bunu eşidib kədərləndilər. Seyyid onlara dedi: “Siz məni gəlişi gözlənilən O böyük Şəxsin xatirinə sevirsiniz. Bununla belə razı olmursunuz ki, mən gedim, O gəlsin”. Seyyidin bu sözləri çox məşhurdur və mən (müəllif) həmən gün onun yanında olan azı on nəfərdən eşitmişəm ki, Seyyid Rəşti məhz belə deyib. Buna baxmayaraq, həmin hadisəni öz gözü ilə görüb həmən sözləri öz qulağı ilə eşidənlər Həzrət Bab zühur etdikdən sonra inkarçılıq mövqeyi tutdular.

Xülasə, Seyyid Rəşti Kərbəlaya qayıdan kimi xəstələnib yorğan-döşəyə düşdü. Düşmənləri belə söz çıxartdılar ki, guya o böyük insanı Bağdad hakimi zəhərləyib. Lakin bu, yalan söhbətdir, çünki Bağdad hakimi Seyyid Rəştiyə son dərəcə böyük hörmət bəsləyirdi və onu ən qüdrətli dini rəhbərlərdən biri sayırdı.

Seyyid Kazım hicri 1259-cu ildə ərəfə günü (31 dekabr 1843-cü ildə) çobanın yuxusuna tam uyğun surətdə 60 yaşında vəfat etdi. Onun müqəddəs qəbri şəhidlərin ağasının, yəni İmam Hüseyn-əleyhissalamın məqbərəsinin yanındadır. Onun vəfat etdiyi gün Kərbəlada sanki qiyamət qopmuşdu. Bir il əvvəl hökumət qüvvələrinin hücumu zamanı Kərbəla əhalisinin sığınacağına çevrilmiş evi həmin gün hədsiz kədər və hüzn məkanına dönmüşdü. Onun vəfatı bütün davamçılarını qəm-qüssəyə qərq etmiş, ayrılığı ürəkləri qana döndərmişdi.

bottom of page