top of page

İyirmi İkinci Fəsil

Neyriz Hadisələri

ŞEYX TƏBƏRSİ QALASINDAKI hadisələr baş verməmişdən əvvəl cənab Vəhid Borucerddə və Kürdüstanda mübarək Əmri təbliğ etməklə məşğul idi. O, istəyirdi ki, həmin yerlərin camaatını Əmrin müddəaları ilə tanış etdikdən sonra Şiraza getsin və orada öz fəaliyyətini davam etdirsin. Lakin cənab Molla Hüseynin Mazandarana yollandığını eşidən kimi o, tələsik özünü Tehrana yetirdi və Mazandaran səfərinə hazırlaşmağa başladı ki, gedib qaladakı əshabələrə kömək göstərsin. O, səfərə hazırlığı başa çatdırıb yola düşmək istəyirdi ki, Həzrət Bəhaullah Mazandarandan Tehrana gəldi və Vəhidə dedi: “Heç kəsin qalaya yaxın düşməsi mümkün deyil. Siz də qalaya gedə bilməyəcəksiniz”. Bu xəbər cənab Vəhidi son dərəcə kədərləndirdi. Tehranda qaldığı müddətdə onun yeganə həmdəmi Həzrət Bəhaullah idi. Cənab Vəhid çox vaxt Həzrət Bəhaullahın hüzurunda olur, Onun mühüm və ağıllı məsləhətlərindən faydalanırdı.

Bir müddətdən sonra cənab Vəhid qərara gəldi ki, Qəzvinə getsin və orada Əmrə xidmətini davam etdirsin. Oradan isə o, Qum və Kaşan tərəflərə yollandı, həmin yerlərdə Əmrin tərəfdarları ilə görüşüb onların inamını daha da gücləndirdi. Daha sonra cənab Vəhid İsfahan, Ərdistan və Ərdəkana səfər etdi. Bu yerlərin hər birində o, qorxub-çəkinmədən Əmri təbliğ etməklə məşğul oldu, bir çox insanlar onun çağırışı sayəsində Əmrə iman gətirdilər. Nəhayət, o, Yəzdə yollandı. Novruz bayramında o, artıq Yəzddə idi. Dostlar onun Yəzdə gəlişindən son dərəcə sevinib ruhlandılar. Cənab Vəhid böyük şöhrətə və güclü nüfuza malik idi. Yəzddə onun bir evi vardı ki, arvadı dörd övladı ilə birlikdə həmin evdə yaşayırdı. Onun başqa bir evi Darabda idi və əcdadlarından ona miras qalmışdı. Daha bir evi isə Neyrizdə idi və həmin ev bahalı əşyalarla dolu idi.

Cənab Vəhid hicri 1266-cı il cümadiül-əvvəl ayının 1-də (1850-ci il martın 15-də) Yəzdə varid oldu. Həmin ayın beşi Həzrəti-Əlanın zühuru günü idi və Novruz bayramı ilə eyni vaxta təsadüf etmişdi. Şəhərin üləmaları və əyanları cənab Vəhidi böyük ehtiramla qarşılayıb onun şərəfinə dəbdəbəli ziyafət təşkil etdilər. Yəzddə Nəvvab Rəzəvi adlı bir şəxs vardı ki, cənab Vəhidə qarşı hədsiz kin və ədavət bəsləyirdi. Cənab Vəhidin əyanlar və böyüklər tərəfindən belə hörmətlə qarşılanması onun xoşuna gəlmədi və o, həmin ziyafəti israfçılıq əlaməti kimi qiymətləndirərək, dedi: “Heç məmləkətin şahı belə qəbul məclisi təşkil etmir, şahın süfrəsi heç vaxt sizin süfrəniz qədər zənkin olmur. Mənə elə gəlir ki, siz Novruz bayramından başqa, ayrı bir bayramı da qeyd edirsiniz ki, o bayram sizin özünüzə məxsusdur və bizim rəsmi bayramlarımızdan deyil”. Cənab Vəhid ona kəskin cavab verdi. Məclis iştirakçıları da gülərək, Nəvvabın paxıllığı və bədxahlığı barədə bir-birinə müəyyən sözlər danışmağa başladılar. Nəvvab belə kəskin cavab eşidəcəyini və camaatın istehza hədəfinə çevriləcəyini gözləmirdi. Buna görə də onun qəlbindəki kini daha da alovlandı və o, Vəhiddən öz intiqamını almaq qərarına gəldi.

Cənab Vəhid həmən məclisdə fürsəti əldən verməyib mübarək Əmrin əsas müddəalarını iştirakçılar üçün şərh etdi və bu müddəaların düzgünlüyünü sübut edən dəlillər gətirdi. Bunun nəticəsində camaatın Əmr haqqında məlumatları artdı, çünki o günə qədər onlar Əmr barədə çox cüzi şeylər bilirdilər, Əmrin əhəmiyyətindən və əzəmətindən xəbərsiz idilər. Cənab Vəhidin sözləri bəzi iştirakçılara o qədər təsir göstərdi ki, onlar elə oradaca Əmrə iman gətirdilər. Cənab Vəhidə hədsiz ədavət bəsləyənlər isə açıq şəkildə onun əleyhinə çıxa bilmədilər. Onlar üzdə bir söz deməsələr də, ürəklərində bu qərara gəldilər ki, nə yolla olursa-olsun, Vəhidi aradan götürmək lazımdır. Allah Əmrinin təbliğində cənab Vəhidin göstərdiyi cəsarət, onun aydın nitqi və güclü məntiqi düşmənlərin qəlbində kinküdurət alovunu şölələndirdi. Onlar o cənabın qarşısını almağı qət etdilər ki, bu da son nəticədə müxtəlif bəla və müsibətləri ehtiva edən kədərli hadisələrə gətirib çıxardı. Cənab Vəhidin düşmənlərinin əsas məqsədi onu sıradan çıxarmaq və məhv etmək idi. Novruz bayramı günlərində düşmənlər istər üləmalar, istərsə də dövlət məmurları arasında belə bir söz yaydılar ki, Seyyid Yəhya Darabi heç kəsdən qorxmadan və heç nəyə baxmadan Seyyid Babın fikirlərini və hökmlərini hamıya təbliğ etdi, Quran ayələrinə və islami hədislərə əsaslanaraq, sözlərinin doğruluğunu sübuta yetirdi. Bir çox yüksək rütbəli müctəhidlər orada olsalar da və onun sözlərini eşitsələr də, heç birinin ona cavab verməyə, onun fikirlərini təkzib etməyə cürəti çatmadı. Üləmaların susması Seyyid Darabinin hamının diqqət mərkəzində dayanmasına səbəb oldu. Artıq şəhər əhalisinin yarısı onun ardınca getməyə hazırdır, çox çəkməz ki, yarısı da ona itaət göstərər.

Düşmənlərin hər yerdə danışdığı bu sözlər ildırım sürətilə bütün Yəzd şəhərinə və ətraf ərazilərə yayıldı. Bu xəbərlərin yayılması bir tərəfdən müəyyən adamların iman əhlinə qoşulması və mübarək Əmri qəbul etməsi ilə nəticələnirdisə, digər tərəfdən bir çoxlarında kin və ədavətin baş qaldırmasına səbəb olurdu. Ərdəkandan, Mənşaddan, digər yaxınuzaq məntəqələrdən adamlar dəstə-dəstə Yəzdə gəlir və yeni Əmrin müddəalarını eşitmək üçün cənab Vəhidin evinə üz tuturdular. Onlar deyirdilər: “Biz nə etməliyik? Buyurun, görək, biz mübarək Əmrə imanımızı və sədaqətimizi hansı yolla sübuta yetirməliyik?!” Cənab Vəhid səhərdən axşamadək insanların suallarına cavab verir, onlara mübarək Əmrə xidmət etməyin yollarını göstərirdi. Bu axın və həyəcan düz qırx gün davam etdi. Cənab Vəhidin evi iman əhlinin toplaşdığı məkana çevrilmişdi.

Nəvvab Rəzəvi bu hay-küyü və izdihamı əlində bəhanə edib şəhər hakiminin yanına şikayətə getdi və cənab Vəhid barədə ona pis sözlər söylədi. Şəhər hakimi təcrübəsiz bir gənc idi və dövlət işlərini nizamlamaqda səriştəsi yox idi. O, Nəvvab Rəzəvinin sözlərini dinlədikdən sonra dedi: “Mən indi silahlı bir dəstə göndərərəm, Vəhidin evini mühasirəyə alarlar”. Silahlı əsgərlər yolla getdikləri zaman Nəvvab Rəzəvinin təhriki ilə bir çox avara və davakar şəxslər də onlara qoşulub cənab Vəhidin evinə doğru hərəkət etdilər. Həmən vaxt cənab Vəhid əshabələrlə söhbət edirdi və bəzi çətin məsələləri onlar üçün aydınlaşdırırdı. Əshabələr silahlı əsgərlərin, eləcə də şəhərin avara və alçaq adamlarının hücuma hazırlaşdıqlarını görüb cənab Vəhiddən nə etmək lazım gəldiyini soruşdular. Evin yuxarı mərtəbəsində pəncərənin yanında əyləşmiş cənab Vəhid əshabələrə dedi: “Qarşımdakı bu qılıncı Həzrət Qaim özü mənə verib. Allaha bəllidir ki, əgər O Həzrət mənə cihad əmri versəydi, mən təkbaşına gedib bu adamları pərən-pərən edərdim. Lakin O Həzrət mənə belə məqamlarda yalnız özümü müdafiə etmək icazəsi verib Cənab Vəhidin nökəri Həsən aqasının atını yəhərləyib qapının ağzında bağlamışdı. Cənab Vəhid həmən ata baxıb dedi: "Bu atı mənə mərhum Məhəmməd şah göndərmişdi ki, Şiraza gedib Seyyid Babın Əmri barədə araşdırma aparım və nəticəsini şəxsən onun özünə xəbər verim, çünki o, Tehran üləmaları içərisində yalnız mənə inanırdı. Mən də bunu qəbul edib Həzrət Babın Əmrini diqqətlə araşdırmaq qərarına gəldim. Özlüyümdə belə düşünürdüm ki, Şiraza gedib O Seyyidin dəlillərini alt-üst edəcəyəm və onun bu fikirlərdən əl çəkməsinə nail olacağam. Sonra Onu özümlə Tehrana gətirəcəyəm ki, qoy hamı Onu necə özümə tabe etdiyimi görsün. Mən özlüyümdə belə düşünürdüm. Amma Şiraza çatıb Həzrət Babla görüşdükdə və Onun sözlərini eşitdikdə, hər şey gözlədiyimin əksinə oldu. Birinci dəfə Mübarək Hüzura qovuşduqda, məni xəcalət bürüdü. İkinci dəfə O Həzrətin qarşısında özümü aciz və uşaq kimi gücsüz hiss etdim. Üçüncü dəfə gördüm ki, mən heç Onun ayağının tozuna da dəymərəm. O Həzrətlə bağlı əvvəlki düşüncələrimdən əsər-əlamət qalmadı. İndi o, mənim nəzərimdə Tanrının məzhəri və pak ilahi Ruhun təzahürü idi. O vaxtdan sonra öz canımı hədsiz şövqlə Ona fəda etmək qərarına gəldim. Halhazırda mən sonsuz sevinc içərisindəyəm, çünki səbirsizliklə gözlədiyim saatın yaxınlaşdığını görürəm”. Cənab Vəhid hiss etdi ki, əshabələr çox narahatdırlar. Odur ki, onları arxayın və soyuqqanlı olmağa çağırıb dedi: “Narahat olmayın, qeybin əli ilə Allahı sevənlərə qarşı çıxmış düşmənlərin səfi pozulacaq”.

Bu arada xəbər gətirdilər ki, Məhəmməd Abdullah oğlu adlı bir şəxs bəzi əshabələrlə birlikdə bir guşədə gizlənibmiş. Qəflətən onlar “ya Sahib əz-Zaman!” deyə qışqıraraq, gizləndikləri yerdən çıxmış, düşmənlərə həmlə etmiş və hamısını pərən-pərən salmışlar. Məhəmməd Abdullah oğlunun hücumu o qədər güclü olmuşdur ki, əsgərlər silahlarını yerə ataraq, hakimlə birlikdə qaçıb Narin qalasında gizlənmişlər. Həmən gecə Məhəmməd Abdullah oğlu cənab Vəhidin görüşünə gəldi və mübarək Əmrə imanını izhar etdi. Cənab Vəhid ona dedi: “Sənin hərəkətin düşmənləri pərən-pərən salıb mənim evimi təhlükədən qurtarsa da, bil ki, indiyə qədər bu camaatın Sahib əz-Zamanın Əmrinə qarşı düşmənçiliyi dil düşmənçiliyindən o yana keçməyib. Amma tezliklə Nəvvab camaatı bizim əleyhimizə qaldıracaq və belə bir söz yayacaq ki, Vəhid Darabi sultanlıq iddiasına düşüb və bütün İranı ələ keçirmək istəyir. İndi sən yubanmadan şəhəri tərk etməlisən. Arxayın ol, müəyyən edilmiş vaxt çatmayınca, düşmənlər bizə heç nə edə bilməyəcəklər”. Məhəmməd Abdullah oğlu cənab Vəhidin sözlərini dinləyib onun göstərişini yerinə yetirməmək qərarına gəldi. O, cənab Vəhidin hüzurundan çıxarkən, demişdi: “Əgər mən öz dostlarımı zalım və qaniçən düşmənin əlində qoyub getsəm, qorxağın biri olaram. Bu halda mənimlə aşura günündə Həzrət İmam Hüseyni Kərbəla meydanında tək qoyub getmiş şəxslər arasında nə fərq olar?! Allah mərhəmətlidir, məni bağışlayar və mənim günahımdan keçər”. Bu sözləri dedikdən sonra o, Narin qalasına doğru yollandı və öz hücumu ilə qalanı müdafiə edən əsgərləri qalaya çəkilməyə məcbur etdi. Beləliklə, o, hakimi adamları ilə birlikdə mühasirədə saxladı və hakimin kənardan kömək almasına imkan vermədi.

Nəvvab Rəzəvi bu arada bekar oturmamışdı və camaatı ayağa qaldırmışdı. Onlar cənab Vəhidin evinə hücum etmək istəyirdilər. Cənab Vəhid Xallı Seyyid adı ilə məşhur olan Seyyid Əbdül-Əzim Xoyini yanına çağırdı. Bu şəxs bir neçə gün Şeyx Təbərsi qalasında əshabələrlə birlikdə olmuşdu. Çox gözəgəlimli və cazibəli siması vardı, buna görə də oralarda yaxşı tanınırdı. Cənab Vəhid ona dedi: “Atına min, şəhərin küçə və bazarlarında açıq şəkildə camaatı Sahib əz-Zamanın mübarək Əmrinə dəvət et və onlara de ki, Vəhid sizə qarşı cihad etmək istəmir. Mənim adımdan camaata söylə ki, əgər mənim evimi mühasirə etsələr, mənim hörmətimi saxlamasalar, öz hücumlarına son qoymasalar, mən özümü müdafiə etməyə məcbur olacağam. Əgər onlar mənim nəsihətimə qulaq asmayıb Nəvvabın hiyləsinə aldansalar, mən öz tərəfdarlarımdan yeddi nəfərə əmr edəcəyəm ki, onların qarşısını alıb ümidlərini ümidsizliyə çevirsinlər, onlara böyük ziyan vurub geri qaytarsınlar və pərən-pərən salsınlar”.

Xallı Seyyid qalxıb atına mindi, möminlərdən dörd nəfəri də seçib özü ilə götürdü və küçələri, bazarları dolaşaraq, əzəmət və təntənə ilə cənab Vəhidin sözlərini camaata çatdırmağa başladı. O, həmin sözlərə özünün təsirli bildiyi bəzi digər mətləbləri də əlavə edərək, qışqırıb deyirdi: “Ay camaat, əgər bizim ağamızı təhqir etsəniz, böyük əzaba düçar olacaqsınız. Mən sizə deyirəm: təkcə mənim özümün bir nərəm sizin qalalarınızın divarlarını dağıtmaq üçün kifayətdir, təkcə mənim qolumun gücü sizin qalalarınızın qapısını sındırmağa qadirdir!” Xallı Seyyid təsirli və uca səslə bu sözləri deyir, ildırım tək gurlayırdı. Camaat bu sözləri eşidib qorxdu. Hamı silahını yerə qoymağa, cənab Vəhidə əziyyət verməməyə hazır olduğunu bildirdi. Hamı söz verdi ki, cənab Vəhidin rütbə və məqamına hörmətlə yanaşacaq.

Nəvvab camaatın cənab Vəhidə əziyyət vermək istəmədiyini görüb onları Narin qalasına doğru getməyə, Məhəmməd Abdullah oğluna və onun dostlarına hücum çəkməyə təhrik etdi. Camaat həmən tərəfə yollandı və Məhəmməd Abdullah oğluna hücum etdi. Qaladan bunu müşahidə edən hakim öz əsgərlərinə əmr etdi ki, Məhəmməd Abdullah oğluna hücum etmiş camaata kömək göstərsinlər. Şəhər camaatının hücumunu dəf etməyə çalışan Məhəmməd Abdullah oğlu o biri tərəfdən qaladakı əsgərlərin atəşinə məruz qaldı.

Bu arada güllələrdən biri onun ayağına dəydi. Məhəmməd Abdullah oğlu yerə yıxıldı. Onun bir çox dostları da yaralandı. Qardaşı onu götürüb təhlükəsiz bir yerə çatdırdı, oradan da cənab Vəhidin evinə apardı. Düşmənlər onun dalınca gedib cənab Vəhidin evinə çatdılar. Onlar Məhəmməd Abdullah oğlunu alıb öldürmək istəyirdilər. Vəhidin evinin ətrafında güclü hay-küy qopmuşdu. Cənab Vəhid Molla Məhəmməd Rza Mənşadini yanına çağırdı. O, Mənşadın ən böyük üləmalarından biri idi, indi isə əmmaməsini çıxarıb Vəhidin evini qorumaqla məşğul olurdu. Cənab Vəhid ona dedi ki, möminlərdən altı nəfərini seçib özü ilə götürsün və camaatı dağıtsın. Sonra əlavə etdi: “Hamınız birlikdə yeddi dəfə uca səslə “Allahu əkbər!” söyləyin. Yeddincini deyən kimi yeddiniz də birdən düşmənə həmlə edin!”

Həzrət Bəhaullahın “Rza ər-ruh” adlandırdığı Molla Məhəmməd Rza və onun yoldaşları cismani qüvvə baxımından zəif idilər və hərb sənətindən başları çıxmırdı. Lakin onların güclü ruhları və iman odu ilə alışıb-yanan könülləri düşməni qorxuya saldı. Həmən gün, cümadiüs-sani ayının 27-də (mayın 10-da) qaniçən düşmənlərdən yeddi nəfəri qətlə yetirildi.

Molla Məhəmməd Rza danışırdı ki, biz düşməni pərən-pərən edib cənab Vəhidin evinə qayıdanda, Məhəmməd Abdullah oğlunun yolumuzun üstündə yaralı halda düşüb qaldığını gördük. Onu götürüb başçımızın yanına apardıq. O, cənab Vəhidin hüzurunda bir qədər yemək yedi. Sonra onu təhlükəsiz bir yerə apardıq. O, yarası sağalana qədər orada qaldı. Bundan sonra yenidən düşmənlə döyüşə girdi və onu qətlə yetirdilər.

Həmən gecə cənab Vəhid öz tərəfdarlarına dağılışmaq əmri verdi. Zövcəsinə də tapşırdı ki, övladlarını və özünə məxsus şeyləri götürüb atasının evinə yollansın, Həzrət Vəhidə məxsus olan əşyalara isə toxunmasın və onları evdə qoysun. Cənab Vəhvd zövcəsinə belə dedi: “Mən bu şahanə evi onun üçün tikmişəm ki, Tanrının yolunda xaraba qalsın. Mən bu qiymətli əşyaları onun üçün almışam ki, Məhbubun yolunda qurban olsun. Qoy bütün dostlar və düşmənlər bilsinlər ki, bu evin sahibi yüksək düşüncəyə malikdir, var-dövlətə, uca saraylara, qiymətli əşyalara və bahalı xalçalara əhəmiyyət vermir. Mən dünya sərvətini bir yığın sürsümüyə bərabər tuturam ki, ona da yalnız itlər meyl göstərə bilərlər. Bəlkə düşmənlər mənim bu fədakarlığımı görüb ayıldılar, gözlərini açıb belə bir ruha malik şəxsin hərəkətindən nümunə götürdülər”. Gecə yarısı cənab Vəhid Həzrət Babın əsərlərini və eləcə də öz yazılarını toplayıb nökəri Həsənə dedi: “Şəhərdən çıxıb iki yol ayrıçına qədər gedərsən. Yollardan biri Mehrizə doğru gedir. Orada dayanıb mənim gəlişimi gözləyərsən. Məbada, dediyimin əksinə hərəkət edəsən, çünki əgər belə etsən, bir daha mənimlə görüşə bilməyəcəksən”.

Həsən atına minib yola düşdü. Yolda o, qalanın qapısında dayanmış əsgərlərin səsini eşitdi. Qorxdu ki, əsgərlər onu tutub cənab Vəhidin qiymətli əmanətlərini ələ keçirə bilərlər. Buna görə də daha təhlükəsiz bildiyi başqa yolla getmək qərarına gəldi. Beləliklə, o, cənab Vəhidin dediyi yolla getmədi və ayrı bir yola üz tutdu. Qalanın yaxınlığına çatanda gözətçilər onu tanıyıb atını vurdular, özünü də əsir götürdülər.

Cənab Vəhid Yəzddən çıxmağa hazırlaşdı. İki oğlunu Seyyid İsmayılı və Seyyid Əli Məhəmmədi zövcəsinin yanında qoydu, iki digər oğlunu—Seyyid Əhmədi və Seyyid Mehdini özü ilə götürüb yola düşdü. Yəzdli əshabələrdən iki nəfər cənab Vəhiddən xahiş etdilər ki, onlar da onunla getsinlər. Onlardan birinin adı Qulamrza idi ki, şücaətdə və mətanətdə tayıbərabəri yox idi. O biri isə kiçik Qulamrza adı ilə tanınırdı və mahir atıçı sayılırdı. Cənab Vəhid bu iki nəfərin də onunla getməsinə icazə verdi. O, nökərinə dediyi yolla hərəkət etməyə başladı. Şərtləşdikləri yerə çatıb Həsəni orada görmədikdə, başa düşdü ki, Həsən başqa yolla gedib və düşmənlərin əlinə keçib. Xeyli təəssüflənərək dedi: “Məhəmməd Abdullah oğlu da mənim sözümə qulaq asmadı, ona görə də bəlaya düçar oldu”. Ertəsi gün səhər cənab Vəhid eşitdi ki, düşmənlər Həsəni topun ağzına bağlayıb atıblar. Eyni zamanda məlumat aldı ki, düşmənlər Mirzə Həsən adlı son dərəcə mömin bir şəxsi də tutub topa qoyaraq atmışlar.

Düşmənlər cənab Vəhidin Yəzddən çıxıb getdiyini gördükdə, cəsarətləndilər və özbaşınalığa yol verdilər. Onlar cənab Vəhidin evinə hücum çəkib əllərinə keçəni qarət etdilər, evi isə dağıtdılar. Bu vaxt cənab Vəhid Neyrizə doğru yol gedirdi. O, piyada getməyə adət etməsə də, həmən gecə yeddi fərsəx məsafəni piyada qət etdi. Onun yanında olan iki nəfər arabir cənab Vəhidin övladlarını çiyinlərinə alıb aparırdılar. Ertəsi gün onlar o həndəvərdə olan bir dağda gizləndilər. Cənab Vəhidin qardaşı yaxınlıqda yaşayırdı və onu hədsiz dərəcədə sevirdi. O, cənab Vəhidin yaxınlıqda olduğundan xəbər tutub gizlincə yemək və digər lazımi şeylər göndərdi. Həmən gün cənab Vəhidin ardınca gələn bir neçə hökumət süvarisi onun qardaşının yaşadığı kəndə daxil olub evdə axtarış apardılar. Onlar elə düşünürdülər ki, cənab Vəhid qardaşının evində gizlənib, həm də özü ilə çoxlu mal-dövlət gətirib. Lakin onlar cənab Vəhidi tapmayıb Yəzdə qayıtdılar.

Cənab Vəhid dağların arası ilə gedib Fars vilayətindəki Bəvanat bölgəsinə yetişdi. Bu bölgənin əhalisinin əksəriyyəti cənab Vəhidə tərəfdar çıxıb mübarək Əmrə iman gətirdi. İman gətirənlər arasında Bəvanatın şeyxülislamı Hacı Seyyid İsmayıl da vardı. Orada yaşayan bir çox adamlar cənab Vəhidə qoşulub Fəsaya getdilər. Lakin Fəsa əhalisi mübarək Əmri qəbul etmədi. Cənab Vəhid yol boyu hansı kəndə, hansı şəhərə çatırdısa, atından düşüb məscidə gedir və o yerin camaatını mübarək Əmrə dəvət edirdi. Yol yorğunluğu və səfər əziyyətləri onun Əmri təbliğ etməsinə mane olmurdu. O, minbərə qalxan kimi bütün yorğunluğunu unudur, qorxub-çəkinmədən Əmri təbliğ etməyə başlayırdı. Hansı məntəqədə onun sözləri təsir göstərir və bir neçə adam Əmrə iman gətirirdisə, o, bir gecə həmən yerdə qalır, ertəsi gün isə möminlərdən ayrılıb yoluna davam edirdi. Harada Əmrə iman gətirən olmurdusa, cənab Vəhid orada qalmır, heç kəslə ünsiyyətə girmir və deyirdi: “Mən hara çatıramsa, mübarək Əmri təbliğ edirəm. Əgər bir yerdə heç kəs imanın ətrini duymursa, mən orada qalıb o yerin suyunu içə, çörəyini yeyə bilmərəm”.

Cənab Vəhid Fəsa yaxınlığındakı Runiz kəndinə çatanda, bir neçə gün orada qaldı ki, mübarək Əmri təbliğ edib ilahi nidanı camaata yetirsin. Neyriz camaatı cənab Vəhidin gəlişindən xəbər tutan kimi, Çinarsuxtə məhəlləsindən bir dəstə adam onun görüşünə yollandı. Digər məhəllələrdən də bəzi adamlar cənab Vəhidlə görüşməyə getdilər. Camaatın əksəriyyəti gecə yola düşürdü ki, Neyriz hakimi xəbər tutub onlara mane ola bilməsin Neyrizin Çinarsuxtə məhəlləsindən yüz nəfərdən artıq adam cənab Vəhidin görüşünə getmişdi. Bu adamların başçısı Hacı Şeyx Əbdül-Əli idi ki, tanınmış şəxslərdən sayılırdı və cənab Vəhidə qohumluğu çatırdı. Bir sıra Neyriz əyanları da cənab Vəhidi qarşılamağa getmişdilər. Çinarsuxtə məhəlləsindən gedənlər arasında səksən yaşlı Molla Əbdül-Hüseyn də vardı ki, bu şəxs elmi və möminliyi ilə şöhrət tapmışdı. Cənab Vəhidi qarşılamağa gedənlər arasında Çinarsuxtə məhəlləsinin pişnamazı Molla Bağır, həmin məhəllədəki bazarın kəndxudası Mirzə Hüseyn Qütb və onun bütün qohumları, hakimin qohumu Mirzə Əbdül-Qasim, Həzrət Bəhaullahın “Əyyub” ləqəbi verdiyi Hacı Məhəmməd Tağı, Neyrizin Seyyidlər məhəlləsindən olan və Hacı Məhəmməd Tağıya qohumluqları çatan Mirzə Nura və Mirzə Əlirza da vardı.

Xülasə, bütün bu adamlar, bəziləri gecə, bəziləri gündüz Neyrizdən çıxıb Runiz kəndinə cənab Vəhidi qarşılamağa getdilər və bununla da öz iman və sədaqətlərini nümayiş etdirdilər. Neyriz möminləri o vaxta qədər Həzrət Babın təliminin müddəa və hökmlərindən xəbərsiz idilər. Onları yeni Əmrin müddəa və hökmləri ilə tanış etmək vəzifəsi cənab Vəhidin öhdəsinə düşürdü. Neyriz hakimi Zeynalabdin xan bir dəstə adamın Vəhidi qarşılamağa getdiyindən xəbər tutub bir nəfəri onların yanına göndərdi. Həmin adama tapşırdı ki, onlara desin: kim Vəhidə itaət göstərsə, hakim onu qətlə yetirəcək, ailə üzvlərini həbs etdirəcək və əmlakını müsadirə edəcək. Həmin şəxs hakimin sözlərini cənab Vəhidin hüzurunda olan Neyriz sakinlərinə çatdırdı, lakin onlar bu sözlərə əhəmiyyət vermədilər, əksinə, bu sözləri eşitdikdən sonra onların cənab Vəhidə məhəbbət və sədaqətləri daha da artdı.

Hakim camaatın onun sözlərinə etinasız yanaşdığını və cənab Vəhidin ətrafından dağılışmadığını görüb qorxuya düşdü və fikirləşdi ki, nə etsin. O, camaatın hücumuna məruz qalmasından ehtiyatlanaraq, öz iqamətgahını səkkiz fərsəxlikdə yerləşən Qətrə kəndinə köçürdü. Hakim bu kəndi ona görə seçdi ki, əvvələn, həmin kənddə doğulmuşdu, ikincisi, kəndin yaxınlığında möhkəm bir qala vardı və təhlükə yaranardısa, o qalaya sığınmaq olardı. O, bilirdi ki, Neyriz camaatı güllə atmaqda mahirdir və müdafiə zamanı onlara arxalana bilər.

Cənab Vəhid Runiz kəndindən çıxıb İstəhbanatın kənarında yerləşən Pir Murad məqbərəsinə yollandı. İstəhbanatın üləmaları camaata xəbərdarlıq etdilər ki, cənab Vəhidin ora gəlməsinə imkan verməsinlər. Bununla belə, İstəhbanat sakinlərindən iyirmi nəfər cənab Vəhidin yanına gedib onunla birlikdə Neyrizə doğru hərəkət etdilər. Rəcəb ayının 15-də (mayın 27-də) cənab Vəhid yoldaşları ilə birlikdə Neyrizə daxil oldu. O, dərhal Çinarsuxtə məhəlləsindəki məscidə gedib mübarək Əmri camaata təbliğ etməyə başladı. Yəni o, öz evinə gedib səfər tozunu üstündən təmizləmədən minbərə qalxdı və bəlaqətli nitqi ilə hamını valeh etdi. Minbərin aşağısında təkcə Çinarsuxtə məhəlləsindən təqribən min nəfər toplaşmışdı, daha beş yüz nəfər də Neyrizin digər məhəllələrindən gəlmişdi. Onların hamısı bir səslə ucadan dedilər: “Eşidirik və itaət göstəririk!” Onlar dəstə-dəstə hədsiz sevinclə cənab Vəhidə yaxınlaşır, öz məhəbbət və sədaqətlərini izhar edirdilər. Cənab Vəhidin sözləri onlara çox güclü təsir göstərmişdi. Neyriz əhalisi o vaxta qədər belə bir şeyin olduğunu xatırlamırdı. Camaatın hay-küyü kəsildikdən və hamı sakitləşdikdən sonra cənab Vəhid dedi: “Mən ilahi Əmri təbliğ etmək üçün bu şəhərə gəlmişəm. Allaha şükr edirəm ki, Onun köməyi ilə ilahi nidanı sizə çatdırmağa müvəffəq oldum. Daha mənim bu şəhərdə qalmağıma lüzum yoxdur. Qorxuram ki, bu şəhərin hakimi mənə görə sizinlə pis rəftar etsin, Şirazdan kömək çağırıb evlərinizi dağıtsın, sizə əzab-əziyyət versin”. Camaat bir ağızdan dedi: “Biz razı deyilik ki, siz belə tezliklə şəhəri tərk edəsiniz. Biz bir müddət sizin xidmətinizdə olmaq istəyirik. Biz hər cür müsibətə dözməyə hazırıq. Biz Allaha təvəkkül edirik. Allah rəhmlidir, bəla üz verən zaman bizə mərhəmət göstərər”. Bundan sonra kişiliqadınlı hamı birlikdə cənab Vəhidi evinə apardılar. Adamları qeyri-adi bir sevinc bürümüşdü. Onlar cənab Vəhidi dövrəyə alıb sevinc nidaları ilə onu evinə qədər müşayiət etdilər. Cənab Vəhid də qorxub-çəkinmədən hər gün məscidə gəlir, mübarək Əmrin müddəalarını camaata şərh edirdi. Adamların sayı günbəgün artırdı.

Zeynalabdin xan bunları gördükcə, ədavəti daha da qızışırdı. O, hər gün bir hiylə işlədib bir tədbir tökürdü ki, qoşun toplayıb cənab Vəhidi aradan götürsün. Nəhayət, o, döyüş təcrübəsi olan piyada və süvarilərdən ibarət min nəfər yığa bildi, xeyli sursat və ərzaq tədarükü gördü. O, qəflətən hücuma keçib cənab Vəhidi tutmaq istəyirdi.

Cənab Vəhid İstəhbanatda ona qoşulmuş iyirmi nəfərə göstəriş verdi ki, Çinarsuxtə məhəlləsinin yaxınlığında yerləşən Xacə qalasına getsinlər. Şeyx Möhsünün oğlu Şeyx Hadini də həmən iyirmi nəfərə başçı təyin etdi. Eyni zamanda Çinarsuxtədə yaşayan tərəfdarlarına əmr etdi ki, qalanın qapılarını, bürclərini və divarlarını qorumaqla məşğul olsunlar.

Neyriz hakimi Bazar məhəlləsinə köçdü və öz əsgərləri ilə birlikdə orada yerləşən qalada mövqe tutdu. Bu qalanın bürcləri və divarları Neyriz şəhərini nəzarətdə saxlamağa imkan verirdi. Hakim bazarın kəndxudası və cənab Vəhidin tərəfdarlarından olan Seyyid Əbu Talibi məcbur etdi ki, öz evini boşaltsın. Sonra həmin evi möhkəmləndirib Məhəmmədəli xznın başçılığı ilə əsgərlərindən bir dəstəsini o evin damında yerləşdirdi və onlara göstəriş verdi ki, Vəhidin tərəfdarlarına güllə atsınlar. Gülləyə tuş gələn ilk adam Molla Əbdül-Hüseyn adlı bir qoca oldu. Vaxtilə o, piyada cənab Vəhidi qarşılamağa getmişdi. Bu şəxs öz evinin damında namaz qıldığı zaman qəflətən sağ ayağına güllə dəydi. Cənab Vəhid bu hadisədən bərk mütəəssir oldu və Molla Əbdül-Hüseynə məktub göndərib öz təəssüf və kədərini bildirdi, eyni zamanda ona müjdə verdi ki, o, Tanrı yolunda ilk şəhid sayılır. Bu qəfil hücum və gözlənilməz bəla Əmrə iman gətirdiyini izhar etmiş bəzi şəxslərin büdrəməsinə səbəb oldu. Onlar möminlərdən ayrılıb gecə ikən qaladan çıxdılar və düşmənlərə qoşuldular. Cənab Vəhid onların vəfasızlığından xəbər tutub səhər tezdən atına mindi və bir çox əshabələrlə birlikdə Xacə qalasına gedərək, orada yerbəyer oldu.

Zeynalabdin xan öz böyük qardaşı Əliəsğər xanı min nəfər silahlı və döyüşkən əsgərlə yetmiş iki nəfərin sığındığı Xaçə qalasını mühasirəyə almağa göndərdi. Günəş doğarkən, əshabələrdən bir neçəsi cənab Vəhidin əmri ilə qaladan çıxdı və düşmən qoşununu pərən-pərən saldı. Bu vaqiədə əshabələrdən üç nəfəri şəhid oldu. Onlardan biri şücaəti və cəsarəti ilə şöhrət tapmış Tacəddin idi ki, yun papaq ticarəti ilə məşğul olurdu. İkincisi, İskəndərin oğlu Zeynal idi ki, sənəti əkinçilik idi. Üçüncüsü, əyanlar zümrəsindən olan Mirzə Əbülqasim idi.

Hökumət qüvvələrinin məğlub olması xəbəri Fars hakimi Nüsrətüd-dövlə Firuz Mirzəyə çatdıqda, o, xeyli pərişan olub qorxuya düşdü. Zeynalabdin xana kəskin bir fərman göndərdi ki, qalaya sığınmış adamları dağıtsın və bu fitnənin kökünü kəssin. Zeynalabdin xan şahzadənin adamlarından birini cənab Vəhidin yanına göndərib bildirdi ki, xahiş edirəm Neyrizdən çıxıb gedin, bəlkə bu alovu söndürmək mümkün oldu.Cənab Vəhid həmən şəxsə belə cavab verdi: “Hakimə de ki, mənim yoldaşlarım iki oğlumdan və iki başqa adamdan ibarətdir. Əgər mənim bu şəhərdə qalmağım həyəcan və qarışıqlıq törədirsə, mən bu şəhərdən getməyə hazıram. Daha nə üçün bizim suyumuzu kəsmisiniz, bizi mühasirəyə almısınız və bizə həmlə edirsiniz? Məgər peyğəmbər övladını belə qarşılayarlar?! Hakimə de ki, əgər bizə su və çörək gətirilməsinə imkan verməsə, mən onun saymazyana yanaşdığı bu adamlardan yeddisini göndərəcəyəm və onlar onun qoşununu darmadağın edib məğlubiyyətə uğradacaqlar”. Zeynalabdin xan cənab Vəhidin sözlərinə əhəmiyyət vermədi. Buna görə də o, möminlərdən bir neçəsinə əmr etdi ki, qaladan çıxıb düşmən qoşununa hücum etsinlər. Bir neçə gənc cənab Vəhidin əmrini yerinə yetirmək üçün qaladan çıxdı. Onlar hərb sənətində səriştəsiz olsalar da, öz imanlarının gücü və cəsarətləri sayəsində hakimin qoşununa üstün gəldilər. Əliəsğər xan döyüşdə öldürüldü, onun iki oğlu isə əsir düşdü. Zeynalabdin xan rüsvayçı bir halda məğlub olmuş əsgərlərinin qalan hissəsi ilə Qətrəyə getdi və hadisə barədə şahzadə Firuz Mirzəyə məlumat verib ondan kömək istədi. Xüsusilə xahiş etdi ki, ağır toplar, mümkün qədər çox süvari və piyadalar göndərsin.

Cənab Vəhid düşmənlərin qaladakı əshabələri məhv etmək niyyətində olduqlarını görüb qalanı müdafiə etmək üçün lazımi tədbirləri həyata keçirməyə başladı. O cümlədən, göstəriş verdi ki, qalada su quyusu qazsınlar, düşməndən qənimət götürülmüş çadırları qursunlar. Həmən gün möminlərdən hər birinin vəzifəsi müəyyən edildk. Kərbəlayi Mirzə Məhəmməd qalanın qapıçısı təyin olundu. Şeyx Yusifə malları qorumaq tapşırığı verildi. Şəmsəddinin oğlu Kərbəlayi Məhəmmədə qalanın ətrafındakı bağlara nəzarət etmək vəzifəsi tapşırıldı. Qalanın yaxınlığındakı Asiyabçinar bürcünün mühafizəsi Əli Sərdarın dayısı Mirzə Ahmədə həvalə edildi. Şeyx Givəkeş cəllad vəzifəsinə təyin olundu. Zeynalabdin xanın əmisi oğlu Mirzə Məhəmməd Cəfərə katiblik və hadisələri qələmə almaq, Mirzə Fəzlullaha isə məktubları oxumaq vəzifəsi tapşırıldı. Baqqal Məşədi Tağı zindan rəisi, Hacı Məhəmməd Tağı - hesabdar, Qulamrza Yəzdi isə qoşunun başçısı təyin edildi. Yetmiş iki nəfər əshabədən və İstəhbanatdan olan iyirmi nəfərdən əlavə, cənab Vəhid öz qo humu Şeyx Əbdül-Əlinin və məşhur üləmalardan biri olan Seyyid Cəfər Yəzdinin xahişinə əsasən, Bazar məhəlləsinin sakinlərindən bir dəstəsini onların bir çox qohumları ilə birlikdə qalaya daxil etdi.

Zeynalabdin xan yenidən şahzadədən kömək istədi və təkidlə xahiş etdi ki, köməyi mümkün qədər tez göndərsin. Bunun üçün o, peşkəş olaraq, beş min tümən məbləğində pulu öz məktubuna əlavə edib şahzadə Firuz Mirzəyə göndərdi. Pulu etibarlı adamlarından olan Molla Bağıra verdi və tapşırdı ki, pulu və məktubu öz əli ilə şahzadəyə təqdim etsin. Öz atını da Molla Bağıra verdi ki, minib getsin. Molla Bağır kəsə yolla getməyə başladı. Bir gün getdikdən sonra həzəştək deyilən bir yerə çatdı. Orada bir qala vardı, qalanın ətrafında füyuc və qürbəti tayfaları (qaraçılar) çadır qurub məskən salmışdılar. Molla Bağır çadırlardan birinin qarşısında atdan düşüb bir şəxs ilə söhbət etməyə başladı. Bu zaman Bəvanat şeyxülislamı Hacı Seyyid İsmayıl həmən yerə çatdı. O, cənab Vəhiddən icazə almışdı ki, mühüm bir iş üçün öz kəndlərinə getsin və tez də Neyrizə qayıtsın. Yemək yedikdən sonra şeyxülislam gördü ki, çadırlardan birinin qarşısında bəzədilmiş bir at bağlanıb. Soruşub öyrəndi ki, bu at Zeynalabdin xanın adamlarından birinə məxsusdur və o, Neyrizdən gəlib Şiraza gedir. Şeyxülislam Hacı Seyyid İsmayıl çox cəsarətli və ürəkli bir adam idi. O, irəli gedib ata mindi və qılıncını sıyıraraq, Molla Bağırla söhbət edən çadır sahibinə dedi: “Həzrət Sahib əz-Zamandan qaçmış bu alçaq və rəzil şəxsi tut, əlqolunu bağlayıb mənə ver!” Çadır sahibi və ətrafdakı adamlar Hacı Molla İsmayıldan yaman qorxmuşdular. Onlar dərhal Molla Bağırı tutub əllərini kəndirlə bağladılar və kəndirin ucunu şeyxülislama verdilər. Şeyxülislam kəndirin ucundan tutub Neyrizə doğru hərəkət etdi, əsiri də onun atının dalınca piyada getməyə başladı. Beləcə yol gedib Rustaq kəndinə çatdılar. Şeyxülislam əsiri kəndxuda Hacı Əkbərə təhvil verdi və tapşırdı ki, onu dərhal Vəhidin yanına çatdırsın.

Molla Bağır cənab Vəhidin hüzuruna gətirilən kimi onu sorğu-suala tutdular və soruşdular ki, nə üçün Şiraza gedirdin. Molla Bağır hər şeyi təfsilatı ilə açıb danışdı. Cənab Vəhid onu buraxmaq istəyirdi, lakin Molla Bağır bəd əməlli bir şəxs oluduğu üçün əshabələr onu qətlə yetirdilər.

Zeynalabdin xan dalbadal Şirazdan kömək istəyirdi. Sonuncu dəfə o, öz xahişini daha təkidli bir şəkildə bildirdi. Bununla kifayətlənməyib etibarlı adamlarından bir neçəsini qiymətli hədiyyələrlə şahzadənin yanına göndərdi ki, kömək alınmasına nail olsunlar. Digər tərəfdən o, Şirazın bir çox tanınmış üləmalarına məktub yazıb bildirdi ki, Vəhid bu tərəflərdə fitnə-fəsad və qarışıqlıq törədir, sizdən xahiş edirəm, gedin şahzadəyə deyin, qoy mənə kömək göstərsin.

Nəhayət, şahzadə Abdullah xan Şücaülmülgün başçılığı altında həmədan və Silaxor alaylarını toplar və digər ləvazimatla birlikdə Neyrizə Zeyndlabdin xanın köməyinə göndərdi və göstəriş verdi ki, İstəhbənat, İzəc, Pəncməaden, Qətrə, Boşnə, Dehçah, Moşkan və Rustaq kimi qonşu məntəqələrdən əsgər toplasınlar. Bundan əlavə, şahzadə visbəkəkriyə qəbiləsinə də əmr etdi ki, Zeynalabdin xana kömək göstərsinlər.

Xülasə, cənab Vəhidin və əshabələrin olduğu qala qəflətən çoxsaylı və güclü bir qoşun tərəfindən mühasirəyə alındı. Düşmənlər qalanın ətrafında xəndəklər qazıb səngərlər qurdular və lazımi işləri gördükdən sonra qaladakıları güllə atəşinə tutdular. Güllələrdən biri qalanın qapısını mühafizə edən şəxsin atına dəydi. Bir mərmi isə qalanın üstündəki qülləni dağıtdı. Bundan sonra əshabələrdən biri düşmən topxanasının zabitini güllə ilə vurub öldürdü. Nəticədə tüfənglərin səsi kəsildi və düşmənlər geri qayıdıb xəndəklərdə gizləndilər. O gecə nə əshabələr, nə də düşmənlər öz sığınacaqlarından çıxmadılar.

İkinçi gecə cənab Vəhid Qulamrza Yəzdini yanına çağırıb göstəriş verdi ki, on dörd nəfərlə birlikdə qaladan çıxsın və düşməni pərən-pərən salsın. Bu on dörd nəfərin əksəriyyəti qoca və yaşlı adamlardan ibarət idi və onlar ağıllarına gətirmirdilər ki, bu ağır döyüşün öhdəsindən gələ biləcəklər. Onlardan biri doxsan yaşlı çəkməçi idi. Bu qoca kişidə çox gənclərdə olmayan şücaət və qüvvət vardı. Qalanları ona nisbətən cavan idilər, lakin heç birinin döyüş təcrübəsi yox idi. Buna baxmayaraq, imanlarının gücü sayəsində ən çətin iş də onlara asan gəlirdi, onların nəzərində yaşın əhəmiyyəti yox idi. Onlar hər şeyə dözüb mübarək Əmri ucaltmağa çalışırdılar. Göstərişə əsasən, həmin şəxslər qaladan çıxan kimi bir ağızdan “Allahu əkbər!” deyə qışqıraraq, düşmən ordusunun mərkəzinə həmlə etməli idilər. Onlar tüfənglərini götürüb atlarına mindilər və qaladan çıxaraq, düşmən qoşununun mərkəzinə hücum çəkdilər. Yağış kimi yaqan tüfəng güllələri və top mərmiləri onları əsla qorxutmurdu. Döyüş səkkiz saat davam etdi. İlahi Əmrin fədakar tərəfdarlarının bu şücaəti düşmən qoşununun sərkərdələrini mat qoymuşdu. Belə uzun müddətdə düşmənin qarşısında mətanətlə duruş gətirmiş azsaylı dəstəyə Neyrizdən davamlı olaraq kömək gəlirdi. Hər dəfə döyüş qızışanda hər tərəfdə damların üstünə çıxmış Neyriz qadınları uca səslə əshabələri şücaətə və hərəkətə həvəsləndirirdilər, onların fədakarlığını görüb sevincdən qışqırırdılar. Döyüş zamanı qadınların sədası, güllələrin səsi və əshabələriin “Allahu əkbər!” nərəsi bir-birinə qarışır, düşmənə müqavimətin daha da güclənməsinə səbəb olurdu.

Nəhayət, düşmən qoşunu məğlub oldu. Əshabələr qalibiyyətlə qalaya qayıtdılar, yaralıları da özləri ilə apardılar. Bu döyüşdə təqribən altmış nəfər həlak oldu. Onlardan bəzilərinin adları belədir:

1. Qulamrza Yəzdi (bu, əshabələrin qoşununa başçılıq edən Qulamrza deyil, başqasıdır). 2. Qulamrza Yəzdinin qardaşı. 3. Əli (Xeyrullahın oğlu).4. Qənnad Xacə Hüseyn (Xacə Qəninin oğlu). 5. Molla Mehdinin oğlu Əsgər. 6. Kərbəlayi Əbdül-Kərim. 7. Hüseyn (Məşədi Məhəmmədin oğlu). 8. Zeynalabdin (boyaqçı Məşədi Bağırın oğlu). 9. Zərgər Molla Cəfər. 10. Abdullah (Molla Musanın oğlu). 11. Məhəmməd (dəmirçi Məşədi Rəcəbin oğlu). 12. Kərbəlayi Həsən (başmaqçı Kərbəlayi Şəmsəddinin oğlu). 13. Əkinçi Kərbəlayi Mirzə Məhəmməd. 14. Çəkməçi Kərbəlayi Bağır. 15. Mirzə Əhməd (kaşı ustası Hüseynin oğlu). 16. Molla Abdullahın oğlu Molla Həsən. 17. Məşədi Hacı Məhəmməd. 18. Əbu Talib (noxudsatan Mir Əhmədin oğlu). 19. Əkbər (Məhəmməd Aşurun oğlu). 20. Tağı Yəzdi. 21. Molla Əli (Molla Cəfərin oğlu). 22. Kərbəlayi Mirzə Hüseyn. 23. Hüseyn xan (Şərifin oğlu). 24. Kərbəlayi Qurban. 25. Xacə Kazım (Xacə Əlinin oğlu). 26. Ağa (Hacı Əlinin oğlu). 27. Mirzə Nura (Mirzə Müinanın oğlu).

Zeynalabdin xan və onun tərəfdarları bu dəfə də məğlub olduqda, yəqin etdilər ki, döyüş yolu ilə cənab Vəhidin dostlarına üstün gəlmək mümkün deyil. Buna görə də onlar başqa bir yol seçmək məcburiyyətində qaldılar. Vaxtilə şahzadə Mehdiqulu Mirzə Şeyx Təbərsi qalasındakı əshabələrə qalib gələ bilmədikdə, məkr və hiyləyə əl atmışdı. Zeynalabdin xanla tərəfdarları da həmin vasitədən faydalanmaq, zəif və aciz adamların silahından istifadə etmək qərarına gəldilər ki, bəlkə bu yolla rəqibi məğlub edə bildilər. Zeynalabdin xan bütün o bölgənin hakimi idi, Şirazdan da ona kömək gəlmişdi, bununla belə o, gücsüz və hərb sənətindən bixəbər sandığı bir dəstə adamın qarşısında aciz qalmışdı. O, bu qənaətə gəlmişdi ki, düşündüyünün əksinə olaraq, qaladakı əshabələr döyüşkən, təlim görmüş və şücaətli şəxslər imiş və hərb yolu ilə onları məğlubiyyətə uqratmaq mümkünsüz bir işdir. Hətta Zeynalabdin xanın yaxın adamları da bunu təsdiq edirdilər. Odur ki, onlar pak xislətli və saf ürəkli əshabələri aldatmaqdan özgə bir çarə görmürdülər. Məqsədləri bu idi ki, yalandan sülh və barışıq təklif etsinlər, sonra isə qəflətən əshabələrin üstünə yeriyib onları məhv etsinlər. Bunun üçün onlar bir neçə günlük hücumdan əl çəkib döyüşü dayandırdılar və qaladakı əshabələrə geniş bir məktub yazdılar. Məktubun məzmunu belə idi: “Biz indiyə qədər bilmirdik ki, siz iman sahibisiniz, sizin dininiz və məzhəbinizin mahiyyətindən xəbərsiz idik. Biz elə təsəvvür edirdik ki, siz müqəddəs islam dininin əleyhinə çıxırsınız, islam qaydaqanunlarına hörmət bəsləmirsiniz. Buna görə də sizinlə düşmənçiliyə başlayıb sizin din və məzhəbinizi məhv etmək istəyirdik. Lakin son vaxtlar biz başa düşmüşük ki, sizin siyasi məqsədiniz yoxdur, heç biriniz dövlətin qanunlarını pozmaq fikrində deyilsiniz. Digər tərəfdən də bilmişik ki, sizin dininiz və məzhəbiniz islam ehkamları ilə o qədər də ziddiyyət təşkil etmir, siz yalnız bunu deyirsiniz ki, bir Şəxs zühur edib, Ona Tanrı tərəfindən vəhy verilir, Onun dedikləri büsbütün doğru və düzgündür, bütün müsəlmanlar Onun haqlı olduğunu təsdiq etməli və Ona kömək göstərməlidir. Lakin biz indiki halda sizin bu iddianızın doğruluğunu təsdiq edə bilmərik. Bunun üçün sizlərdən bir neçə nəfər qaladan çıxıb bizim düşərgəyə gəlməli və bizimlə görüşməlidir. Biz bir neçə gün ərzində sizin dediklərinizi araşdırdıqdan sonra sizin iddianızın düzgünlüyünü etiraf edə bilərik. Biz araşdırmadan sonra sizin məzhəbinizi qəbul etməyə hazırıq, çünki biz haqqın düşməni deyilik, haqqın və həqiqətin əleyhinə çıxmırıq. Biz hamılıqla təsdiq edirik ki, sizin sevimli rəhbəriniz islamın ən böyük alimlərindən və ən qüdrətli üləmalarından biridir. Biz də onu doğru yol göstərən rəhbər sayırıq. Bizim sözlərimizin səmimi olduğuna inanmağınız üçün biz bu Qurani-kərimi hamılıqla möhürləyib sizə göndəririk. Siz öz iddianızda səmimi olsanız da, olmasanız da, qoy Qurani-kərim bizim aramızda hakimlik etsin. Əgər biz sizi aldatmaq istəyiriksə, qoy Allahın və Onun Peyğəmbərinin qəzəbinə tuş gələk. Əgər siz bizim dəvətimizi qəbul etsəniz, bütün qoşun ölüm təhlükəsindən qurtular. And içirik ki, əgər araşdırmadan sonra biz sizin iddianızın doğru olduğunu yəqin edəriksə, tam cəsarət və sədaqətlə sizə qoşulacağıq. O zaman kim sizin dostunuzdursa, bizim də dostumuz olacaq, kim sizin düşməninizdirsə, bizim də düşmənimizə çevriləcək. And içirik ki, elə olan təqdirdə sizin başçınız nə deyəcəksə, biz ona itaət göstərəcəyik. Yox, əgər siz öz iddianızın düzgünlüyünü sübut edə bilməsəniz, biz əsla sizə əziyyət verməyəcəyik və siz sağ-salamat öz qalanıza qayıda biləcəksiniz. O vaxt biz yenidən döyüşə başlaya bilərik. Hələliksə, gəlin, qan tökməkdən əl çəkin və əvvəlcə sübut və dəlillərin köməyilə öz iddianızın doğruluğunu bizə göstərin”.

Məktub və Quran əshabələrə göndərildi. Cənab Vəhid Quranı ehtiramla alıb öpdü və dedi: “Bizim üçün müəyyən olunmuş vaxt artıq yetişib. Biz onların dəvətini qəbul edirik, qoy onlar öz hiylə və yalanlarına görə utansınlar, tutduqları yolun alçaq bir yol olduğunu anlasınlar”. Sonra üzünü əshabələrə tutub əlavə etdi: “Mən əminəm ki, onlar yalan deyirlər, bizi aldatmaq istəyirlər, lakin onların dəvətini qəbul etməyi lazım bilirəm. Mən bu fürsətdən istifadə edib bir daha ilahi Əmrin mahiyyətini onlara çatdıracağam”. Sonra o, əshabələrə tapşırdı ki, öz vəzifələrini yerinə yetirsinlər, düşmənin sözünə əsla inanmasınlar, eyni zamanda, təkrar göstəriş olmadan döyüşə başlamasınlar. Bunu deyib əshabələrlə vidalaşdı və beş nəfərlə birlikdə düşmən ordusunun düşərgəsinə doğru yollandı. Cənab Vəhidlə gedənlər arasında zərkər Molla Əli və xəyanətkar Hacı Seyyid Abid də vardı. Zeynalabdin xan, Şücaülmülk və bütün əmirlər cənab Vəhidi ehtiramla qarşılayıb xüsusi olaraq onun üçün qurulmuş çadıra apardılar. Cənab Vəhid stulda əyləşdi. Qalan hamı onun qarşısında ayaq üstə dayandı. Sonra cənab Vəhid Zeynalabdin xana, Şücaülmülkə və daha bir nəfərə oturmaq icazəsi verdi, digərləri isə eləcə ayaq üstə qaldılar. Həzrət Vəhid danışmağa başladı. Onun sözləri adamlara qeyri-adi təsir göstərdi. Bu sözlər o qədər bəlağətli idi ki, hətta daşa da təsir edərdi. Həzrət Bəhaullah “Surət-əs-səbr”də cənab Vəhidin təsirli nitqindən bəhs etmiş, həmin lövhədə onun sözlərini qələmə almışdır ki, bunlar da əbədi yaşayacaq və daim qalacaqdır. Cənab Vəhid o cümlədən demişdi: “Ağam mənə vəd edib ki, mən onun Əmrinin yolunda şəhid olacağam. Məgər mən sizin peyqəmbərinizin övladlarından deyiləmmi?! Nə üçün mənim əleyhimə çıxırsınız? Niyə məni öldürmək istəyirsiniz?! Nə üçün mənim şərəfli əslimə və Həzrət Rəsulullahın nəslindən olmağıma əhəmiyyət vermirsiniz? Niyə mənim hörmətimi gözləmirsiniz?”

Cənab Vəhidin sözləri, onun davranışındakı əzəmət və vüqar orada olanlara güclü təsir bağışladı. Onlar üç gün üç gecə cənab Vəhidi qonaq etdilər, ona hədsiz ehtiram göstərdilər, arxasında dayanıb namaz qıldılar, onun moizə və nəsihətlərinə qulaq asdılar. Lakin bunlar hamısı üzdə idi. Arxada və gizlində isə onlar plan qururdular ki, Onu necə öldürsünlər və digər əshabələri necə məhv etsinlər. Onlar yaxşı bilirdilər ki, əgər əshabələri məhv etməmiş cənab Vəhidə əziyyət versələr, özlərini böyük təhlükə qarşısında qoymuş olarlar. Belə ki, bu halda qaladakı əshabələr sakit durmayacaqdılar. Onlar qaladakı əshabələrin şücaət və məharətindən, onların qadınlarının həyəcan və çoşğunluğundan yaman qorxurdular. Onlar əmin idilər ki, bütün qüvvət və qüdrətlərinə baxmayaraq, qalada olan qoca və cavanları heç cür məğlub edə bilməyəcəklər. Onlar yalnız hiylə və yalana ümidlərini bağlamışdılar. Zeynalabdin xan öz əsgərlərini gözdən qoymurdu, daim onların qəlblərində əshabələrə qarşı kin və ədavəti qızışdırırdı, çünki cənab Vəhidin sözlərinin təsirinə bələd idi, qorxurdu ki, cənab Vəhid nitqinin bəlağəti və sözlərinin sehri ilə əsgərləri öz tərəfinə çəkər, onlar ona itaət göstərməzlər.

Nəhayət, Zeynalabdin xan və tərəfdarları bu qərara gəldilər ki, cənab Vəhiddən öz əli ilə qaladakı əshabələrə məktub yazmağı xahiş etsinlər. Məktubun məzmunu belə olmalıydı ki, bizimlə hökumət qoşunları arasındakı ixtilaf həllini tapıb, hər şey sülhlə qurtarıb; siz əgər istəsəniz, düşərgəyə mənim yanıma gələ bilərsiniz, istəsəniz, öz evlərinizə qayıtmaq ixtiyarına maliksiniz. Cənab Vəhid ürəyində bu təkliflə razılaşmasa da, məcbur qalıb əshabələrə yuxarıdakı məzmunda bir məktub yazdı. Eyni zamanda, başqa bir məktub da yazıb əshabələrə bildirdi ki, düşmənlərin hiyləsinə aldanmayın, onların məkrindən ehtiyat edin. Sonra hər iki məktubu Hacı Seyyid Abidə verib dedi: “Mən birinci məktubu məcbur olub yazmışam, onu cırıb atarsan. Düşmənlərdən xəbərsiz yazdığım ikinci məktubu əshabələrə verərsən və onlara deyərsən ki, gecə şücaətli adamlardan bir neçəsi qaladan çıxıb düşmən qoşununa hücum etsin və onları pərən-pərən salsın”.

Hacı Seyyid Abid cənab Vəhidin hüzurundan çıxan kimi xəyanət yolunu tutdu və birbaşa Zeynalabdin xanın yanına gedib cənab Vəhidin dediklərini olduğu tək ona çatdırdı. Zeynalabdin xan ona tapşırdı ki, birinci məktubu qaladakı əshabələrə çatdırsın və cənab Vəhidin adından onlara desin ki, hamısı dağılışıb getməlidir. Sonra da əlavə etdi: “Əgər bu tapşırığımı layiqincə yerinə yetirsən, sənə böyük mükafat verəcəyəm”. Xain seyyid birinci məktubu əshabələrə çatdırıb onlara dedi: “Cənab Vəhid mübarək Əmri əsgərlərə təbliğ etdi və onların hamısı mübarək Əmrin cazibəsinə düşdü. Buna görə də siz qaladan çıxın və öz evlərinizə qayıdın”. Əshabələr bu sözləri eşidib əvvəlcə şübhələndilər. Lakin cənab Vəhidin göstərişinə zidd gedəcəklərindən qorxub tərəddüd içərisində dağılışmağa başladılar. Onlar cənab Vəhidin məktubuna uyğun olaraq, silahlarını qalada qoyub Neyrizə qayıtdılar. Qalanın tezliklə boşalacağını bilən Zeynalabdin xan qoşunundan bir alayı göndərərək, onlara əmr etdi ki, qaladan çıxan əshabələrin şəhərə daxil olmasına imkan verməsinlər. Əshabələr özlərinin düşmən tərəfindən mühasirəyə alındıqlarını görüb birtəhər müdafiə olunmağa və tezliklə məscidə çatmağa çalışırdılar. Hələ bəzi əshabələrdə tüfəng, bəzilərində isə çubuq vardı. Onlar tüfəng atəşi ilə, daş və çubuq zərbələri ilə müdafiə olunaraq, şəhərə yaxınlaşır və “Allahu əkbər!” deyə qışqırırdılar. Avvəlkilərdən daha qızğın bir döyüş baş verdi və həmin döyüşdə bir çox əshabələr şəhid oldular. Qalanları isə cümə məscidinə sığındılar. Onların çoxu yaralı və yorqun idi. Düşmənə isə aramsız olaraq, kömək gəlirdi. Zeynalabdin xanın qoşununda zabit olan Molla Məhəmmədəlinin oğlu Molla Həsən əshabələrdən qabaq məscidə gəlib minarələrdən birində gizləndi və əshabələrin gəlişini gözləməyə başladı. Yorğun və çaşqın əshabələr məscidə daxil olan kimi onlara atəş açdı. Əshabələrdən Molla Hüseyn adlı birisi onun yerini bilib “Allahu əkbər!” deyə fəryad çəkərək, minarəyə qalxdı və xain zabitə güllə atdı. O, yaralanıb yerə yıxıldı. Bir neçə nəfər gəlib onu təhlükəsiz yerə apardılar ki, yarasını bağlasınlar. Əshabələr məscidə sığınmağın faydasız olduğunu görüb hərəsi bir yanda gizlənərək, gözləməyə başladılar ki, bu işin axırı necə olacaq. Onlar bilmək istəyirdilər ki, cənab Vəhid haradadır, başına nə gəlib. Qorxurdular ki,birdən düşmənlər onu qətlə yetirmiş olarlar.

Zeynalabdin xan və yoldaşları əshabələrin dağılışmasına əmin olduqdan sonra oturub məsləhətləşdilər ki, nə etsinlər, hansı yolla içdikləri andı pozub cənab Vəhidi öldürsünlər. Onlar necə vaxt idi ki, bu arzu ilə yaşayırdılar. Lakin nə qədər fikirləşdilərsə, andlarını pozmaq üçün bir bəhanə tapa bilmədilər. Birdən Abbasqulu xan adlı zalım və qəddar bir şəxs Zeynalabdin xana və digər məşvərət iştirakçılarına üzünü tutub dedi: “Siz and içmisiniz və andınızı poza bilmirsiniz. Mən ki and içməmişəm! Ona görə də mən sizin görə bilmədiyiniz işi yerinə yetirməyə hazıram”. Sonra hədsiz qəzəblə əlavə etdi: “Mən islam dininin əleyhinə çıxan hər bir kəsi tutub öldürməkdən çəkinmərəm”. Bunu deyib ucadan qışqırdı ki, qohumları döyüşdə həlak olmuş şəxslər onun ətrafına toplaşsınlar və birlikdə gedib cənab Vəhidi qətlə yetirsinlər. Onun çağırışına hay verən ilk şəxs Molla Rza oldu, çünki Bəvanat şeyxülislamı onun qardaşı Molla Bağırı Şiraz yolunda tutub qalaya gətirmişdi. Səfər adlı bir şəxs də irəli çıxdı—onun qardaşı Şaban əshabələrlə döyüşdə öldürülmüşdü. Aliəsğər xanın oğlu Ağa xan da onlara qoşuldu, çünki atası və Zeynalabdin xanın böyük qardaşı Əliəsğər xan da döyüşdə həlak olmuşdu. Bu üç şəxs Abbasqulu xanın yanında dayanıb cənab Vəhidi öldürməyə hazır olduqlarını bildirdilər. Onlar birlikdə cənab Vəhidin yanına getdilər, əmmaməsini başından götürüb boğazına doladılar. Sonra onu ata bağlayıb bütün küçə və bazarlarda gəzdirdilər. Camaat bu halı görüb Həzrət İmam Hüseyn-əleyhissalamın müsibətini yada saldılar: o müqəddəs insanın pak cəsədi də düşmənlərin zülmü nəticəsində atların dırnağı altında əzilmişdi. Neyriz qadınları cənab Vəhidin ətrafına toplaşıb onun düşmən əlində giriftar olmasına və düşmənin qələbə çalmasına sevinirdilər. Onlar cənab Vəhidin ətrafında dövrə vurub təbil və dəf sədaları altında rəqs edir, cənab Vəhidi məsxərəyə qoyurdular. Həzrət Vəhid həmin halda Həzrət İmam Hüseyn-əleyhissalamın düşmən çənginə keçdiyi vaxt dediyi kəlamlara bənzər sözlər söyləyirdi. O cümlədən deyirdi: “Ey mənim Məhbubum, Özün bilirsən ki, mən Sənin məhəbbətin yolunda dünyadan keçmişəm və Sənə təvəkkül etmişəm. Mən səbirsizliklə Sənin müqəddəs hüzuruna qovuşmağı arzulayıram, çünki mən Sənin cəlal və camalını görmüşəm. Xudaya, Özün görür və bilirsən ki, bu qaniçən və zalım şəxs mənimlə necə rəftar etdi. Mən heç vaxt onun istəyinə uyğun hərəkət etmədim və əsla ona boyun əymədim”. Cənab Vəhidin başdanayağa ləyaqət və şücaət rəmzi olan həyatı beləcə sona yetdi. Həqiqətən də, hədsiz elmlə, misilsiz fədakarlıqla və heyrətamiz hadisələrlə dolu olan parlaq bir həyat bu cür şəhidlik tacı ilə bəzənməyə layiq idi.

Cənab Vəhid şəhid olduqdan sonra onun dostları və tərəfdarları görünməmiş bəlalarla üzləşdilər. Beş min nəfərlik qoşuna qadın, kişi, uşaq olmasından asılı olmayaraq, cənab Vəhidin bütün tərəfdarlarını tutmaq göstərişi verildi. Bu qaniçənlər adamları tutub zəncirləyir, cürbəcür əziyyətlər verir və qətlə yetirirdilər. Qadınlar və uşaqlarla elə rəftar edirdilər ki, qələm onu təsvir etməkdə acizdir. Hamısının əmlakı müsadirə olunur, evləri qarət edilir, ocağları kor qoyulurdu. Xacə qalası dağıdılaraq yerləyeksan edildi. Kişilərdən bir dəstəsini qandallayıb Şiraza göndərdilər və orada hamısını qətlə yetirdilər. Zeynalabdin xan pulu olan bir neçə nəfəri öz yanında saxladı və onları qaranlıq zirzəmidə dustaq etdi. Onlardan çoxlu pul alandan sonra cəlladların ixtiyarına verdi ki, onları cürbəcür işgəncələrə məruz qoysunlar. Cəlladlar onları Neyrizin küçə və bazarlarında gəzdirib təhqir edir, olanqalan şeylərini də əllərindən alıb qətlə yetirirdilər. Onların bəzilərinə dağ basır, dırnaqlarını çıxarır, şallaq vurur, noxtalayır, əllərinə və ayaqlarına mıx vururdular və həmin halətdə bazarın ortasında saxlayırdılar ki, camaat onları məsxərəyə qoyub təhqir etsin.

Hədsiz əzablar çəkmiş şəxslərdən biri cənab Seyyid Cəfər Yəzdi idi. Ona əvvəllər hamı hörmət bəsləyirdi, hətta Zeynalabdin xan həmişə onu özündən üstün tutur, ona böyük ehtiramla yanaşırdı. Həbs olunduqdan sonra Zeynalabdin xanın əmri ilə seyyidlik nişanəsi olan əmmaməsini onun başından götürüb tapdaladılar və oda atıb yandırdılar. Daha sonra onu seyyidlik nişanəsi olmadan camaatın qarşısında gəzdirdilər, camaat da onu söyüb ələ saldı, cürbəcür təhqirlərə məruz qoydu.

Belə şəxslərdən biri də Hacı Məhəmməd Tağı idi. O, camaat arasında insaflı və ədalətli şəxs kimi tanınırdı. Əgər o, şəriət hakiminin qarşısında şahidlik edir, yaxud rəy söyləyirdisə, hamı razılaşırdı, onun sözünün üstündən heç kəs söz demirdi. Bu möhtərəm şəxsi qışın şaxtasında soyundurub su hovuzuna atdılar və bədəninə qamçı vurdular.

Cənab Seyyid Cəfərlə bə1 rabər cənab Vəhidin qaynatası, Neyrizin ən böyük üləmalarından və ən məşhur şəriət hakimlərindən biri olan Şeyx Əbdül-Əli, eləcə də Neyriz əyanlarından olan cənab Seyyid Hüseyn düşmən əlinə keçdi. Düşmənlər onlara əzab-əziyyət verərkən, soyuqdan titrəyirdilər. Buna görə də yoxsul adamlara təklif edirdilər ki, gedib o müqəddəs şəxsləri işgəncəyə məruz qoysunlar və bunun müqabilində pul alsınlar. Bəzi alçaq xislətli insanlar buna razı olurdular, lakin bir çoxları nə qədər kasıb olsalar da, pula aldanmır, əksinə, bu cür əməllərə rəvac verən şəxsləri pisləyir və lənətləyirdilər.

Cənab Vəhid hicri 1266-cı il şaban ayının 18-də (1850-ci il iyun ayının 29-da) şəhid olmuşdu. Bu hadisədən on gün sonra Həzrət Bab Təbrizdə şəhid oldu.

bottom of page