top of page

İyirmi Beşinci Fəsil

Həzrət Bəhaullahın Kərbəlaya

Səfər Etməsi

BU TARİXİ YAZMAĞA başlarkən, mənim məqsədim tarixi hadisələrlə yanaşı, Həzrət Bəhaullahdan ) eşitdiklərimi də bu kitaba daxil etmək olmuşdur. Mən bəzən tək, bəzən də digər əshabələrlə birlikdə Həzrət Bəhaullahın hüzuruna gedir və Onun tarixi hadisələr barədə dediklərini yazırdım. O cümlədən, Onun Bedəşt hadisəsi haqqında söylədiklərini artıq yazmışam və bu mübarək sözlər mənim tariximin bəzəyinə çevrilib. Zəncan hadisələrini başa çatdırdıqdan sonra mən Həzrət Bəhaullahın icazəsi ilə bəzi dostlarla birlikdə iki dəfə Mübarək Hüzurda oldum. Həmən vaxt Həzrət Bəhaullah qardaşı Həzrət Kəlimin evində idi və hicri 1306-cı il cümadiül-əvvəl ayının 7-də (1889-cu il yanvarın 19-da) ora gəlmişdi. Biz Həzrət Bəhaullahın orada olduğu ikinci və dördüncü gecə Mübarək Hüzura qovuşmaq şərəfinə nail olduq. Sərvistan və Farandan olan bəzi dostlar da orada idilər. Ətrafda yaşayan bəzi tayfaların nümayəndələri də gəlmişdilər. Həzrət Bəhaullahın mübarək kəlamları bizim qəlblərimizə elə həkk olundu ki, heç vaxt oradan silinən deyil. Burada möhtərəm oxucuların da mənimlə birlikdə mübarək kəlamların ləzzətini duymasını lazım bilirəm. Həmin mübarək sözlərin məzmunu belədir:

“Allaha şükr olsun ki, möminlər üçün bu mübarək Əmri göndərmiş, vacib olan işləri və lazım olan əməlləri aydın şəkildə Kitabda xatırlatmışdır. İndi hamının vəzifəsi xidmət göstərmək və İlahi buyuruqları yerinə yetirməkdir. Möminlər bizim nəsihətlərimizə uyğun şəkildə hərəkət etməli, heç zaman ifrata varmamalı, nəsihət və moizələrdən boyun qaçırmamalıdırlar. Hacı Mirzə Musa Qumiyə göndərdiyim lövhədə mən belə buyurmuşam: “Sən elə rəftar etməlisən ki, əgər inam və iman bulağından, elm və irfan dəryasından doyunca içmiş olsan da, sənin dodaqların heç kəsə—nə dosta, nə də yada—bu sirri açmamalıdır, anladığın sirlər barədə bir şey izhar etməməlidir. Əgər qəlbində Allah məhəbbəti alovlanırsa, ehtiyatlı ol ki, heç kəs könlunun sirrindən xəbər tutmasın; əgər ruhun coşqun dəniz kimi dalqalanırsa, bu, aşkara çıxmamalıdır”.

Allah şahiddir ki, mən heç vaxt özümü gizlətməmişəm və Əmrə xidmətdə səhlənkarlıq göstərməmişəm. Elm əhlinin libasında olmasam da, dəfələrlə Nurda və Mazandaranda üləmalarla müzakirələr aparmış və Əmrin düzgünlüyünü onlara sübut etmişəm. Bu işdə mən heç vaxt süstlük göstərməmişəm, harada bir həqiqəti axtaran olubsa, onun yanına tələsmişəm. Və kiminlə söhbət etmişəmsə, İlahi çağırışı qəbul edərək, iman əhlinin çərkəsinə qoşulub. Əgər düşmənlərin əməlləri olmasaydı, bu gün Nur və Mazandaran Əmrin mühüm mərkəzlərindən biri sayılardı, oranın əhalisi bütünlüklə mömin olardı. Şahzadə Mehdiqulu Mirzə Şeyx Təbərsi qalasını mühasirəyə alanda, mən əshabələrə kömək etmək üçün Nurdan çıxdım və xidmətçilərimdən biri olan Əbdül-Vəhhabı qabaqcadan göndərdim ki, mənim gəlişimi qaladakılara xəbər versin. Dörd bir tərəfi düşmənlər bürüsə də, mən əshabələrin köməyinə yetməyə çalışdım, cürbəcür təhlükələr məni öz məqsədimdən çəkindirmədi. Lakin ilahi qüdrətin əli qarşıya bir sıra maneələr çıxardı və mənim əshabələrin köməyinə getməyimə imkan vermədi. Tanrının istəyinə uyğun olaraq, bəzi Nur sakinləri mənim Şeyx Təbərsi qalasına doğru yollandığımdan xəbər tutub bunu Amul hakimi Mirzə Tağıya bildirdilər. Biz qalaya çatmamış, Mirzə Tağının məmurları özlərini bizə yetirdilər. Mən istirahət edib çay içdiyim zaman bir dəstə süvari bizim yanımıza gəldi, mallarımızı və atlarımızı alıb bizi əsir etdi. Atımı aldıqdan sonra minmək üçün mənə arıq və zəif bir at verdilər. O atın yəhəri də tam yararsız idi. Mənim yoldaşlarımı isə zəncirlədilər və bizi Amul hakiminin yanına apardılar. Mirzə Tağı bizi üləmaların çəngindən qurtarıb öz evində qonaq etdi. Şəhər üləmaları bu işə görə onu hədələyirdilər. O, əmin idi ki, bizi üləmaların əziyyətindən qurtara bilməyəcək. Biz Mirzə Tağının evində olarkən, qoşunla birlikdə Mazandarana getmiş əsil hakim Amula qayıtdı. Qəziyyədən xəbər tutan kimi Mirzə Tağını xeyli məzəmmət edib dedi: “Nə üçün bu nadan üləmaların hədələrindən çəkinirsən, onların hay-küyündən qorxuya düşürsən?! Sən gərək onları dağıdaydın və bu şəxsləri Tehrana yola salaydın”. Xülasə, başqa bir vaxt mən Saridə camaatın hücumuna məruz qaldım. Baxmayaraq ki, o şəhərin əyanlarının əksəriyyəti mənimlə tanış idi və Tehranda tez-tez mənimlə görüşürdü. Bununla belə, mən cənab Qüddusla birlikdə küçə və bazarlardan keçərkən, onlar hər tərəfdən mənə tənə edir və uca səslə “babi, babi!” deyə qışqırırdılar. Mən özümü onların kobud rəftarından qoruya bilmirdim. Tehranda iki dəfə həbs olundum, çünki məzlumların müdafiəsinə qalxmışdım. Birinci dəfə Molla Tağı Qəzvini qətlə yetirildiyi vaxt həbs olundum, çünki günahsız yerə işgəncələrə məruz qalan müttəhimlərə kömək etmək istəmişdim, İkinci dəfə Nasirəddin şaha güllə atılan zaman həbs olundum. Bu səbəbdən məni Bağdada sürgün etdilər. Az sonra mən Kürdüstan dağlarına getdim və bir müddət orada guşənişin oldum. Mənim qaldığım yer dağın zirvəsində yerləşirdi və oradan ən yaxın yaşayış məntəqəsinə üç günlük yol vardı. Orada mənim rahatlığım üçün heç bir şərait yox idi. Nəhayət, Şeyx İsmayıl mənim halımdan xəbər tutdu və mənim üçün yemək gətirməyə başladı. Bağdada qayıdanda gördüm ki, Həzrət Babın Əmrindən əsər-əlamət qalmayıb və əsas şeylər büsbütün unudulub. Mən çalışdım ki, O Həzrətin Əmrinə yeni həyat bəxş edim, onu unudulmaqdan qurtarıb ilahi həqiqətlər və biliklərin ümumi mənzərəsinə daxil edim. O zaman bütün əshabələr və möminlər qorxu və iztirab içərisində idilər. Mən təkbaşına Həzrət Babın Əmrinin həqiqətlərini izhar etməyə başladım, səbr və qətiyyətlə üzümü nifaq əhlinə tutub dedim: “Ey bixəbərlər, hümmət kəmərini möhkəm bağlayın, həqiqət əhlinə kömək göstərin, unudulmuş dini yenidən dirçəldin!” Bə bütün insanları Əmrin üfüqlərində parlayan nurlara nəzər yetirməyə çağırdım. Ədirnəni tərk etdikdən sonra İstambul hökumətinin səlahiyyətli nümayəndələri mənim barəmdə bir sıra fikirlərə düşdülər və axırda bu qərara gəldilər ki, məni və mənim dostlarımı dəryada qərq edib dənizə atsınlar. Bu xəbər Tehrana çatdı və dostlar eşitdilər ki, İstambul hökuməti məni və yoldaşlarımı dənizə atıb. Xorasandakı möminlər bu xəbəri eşidib qorxu və ştiraba düçar oldular. Mirzə Əhməd Əzğəndi həmin xəbəri eşitdikdə, söyləmişdi: “Mən buna inana bilmərəm, çünki əgər bu doğrudursa, onda istər-istəməz Seyyid Babın iddiası və onun Əmri batil olmalıdır”. Bir müddətdən sonra Xorasandakı dostlar mənim sağ-salamat Akka məhbəsində olduğumu eşidib sevindilər və Mirzə Əhməd Əzğəndinin imanının gücünə heyrət etdilər. Akka məhbəsindən mən dünya hökmdarlarına və sultanlarına mühüm müraciətlər və çoxlu məktublar göndərib hamısını ilahi Əmrə kömək göstərməyə çağırdım. “Sultan lövhəsi”ni cənab Bədinin vasitəsilə İran şahına göndərdim. Bədi bir çox adamların yanında həmin lövhəni şaha təqdim etdi və onu lövhənin məzmunu üzərində düşünməyə səslədi. Digər lövhələr də hökmdarlara çatdırıldı. III Napoleonun cavabını Fransa səfiri mənə təqdim etdi. Həmin cavabın əslini Böyük Budaq öz yanında saxlayır. Fransa imperatoruna göndərdiyim lövhə bu sözlərlə başlayırdı: “Ey Paris hökmdarı, keşiş xəbər verdi ki, zənk çalınmasın!” Amma Rusiya padşahının lövhəsi hələ ona təqdim olunmayıb, tezliklə ona çatdırılacaq. Bununla belə, başqa lövhələr ona çatdırılıb və o, onları oxuyub. Allaha şükr et ki, səni öz Əmrini dərk etməyə layiq görüb, çünki imanı dərk etmiş hər kəs müqəddəs şəxslərdən sayılır. Şübhəsiz, iman və irfandan əvvəl sən xeyir əməllərin mənbəyi olmusan, hərçənd onlara diqqət yetirməmisən. Belə ki, Tanrı yalnız xeyir əməllər sayəsində öz bəndələrinə imanı və irfanı bəxş edir.

Bir çox şəxslərin Əmrin məzhərinə imandan məhrum qalmalarının səbəbi odur ki, onlar bəd əməllərin mənbəyidir. İndi ki, sən ilahi nura layiq görülmüsən, ümidvaram, inşaallah, onun Əmrinə xidmət göstərməyə başlayacaqsan və insanlar arasında təqlid və küfr zülmətini aradan qaldırmaq üçün hədsiz səylər nümayiş etdirəcəksən. Sənin əməllərin sənin imanına dəlalət etməli və yolunu azmışları doğru yola hidayət etməlidir. Bu gecəni heç zaman unutma! Ümidvaram ki, bu gecənin zikri daim dillərdə qalacaq, onun hekayəti heç vaxt aləmin səhifəsindən silinməyəcəkdir! İnşaallah!”

Həzrəti-Əlanın Əmrinin izharından sonrakı yeddinci Novruz bayramı 1267-ci il cümadiül-əvvəl ayının 16-na (1851-ci il martın 19-na) təsadüf etdi. Bu zaman Zəncan hadisələrindən ay yarım vaxt keçirdi. Həmin il baharın axırlarında, yəni şaban (iyun) ayının əvvəllərində Həzrət Bəhaullah Tehrandan Kərbəlaya yollandı. O vaxtlar mən (müəllif) Kirmanşahda idim və Həzrət Babın katibi Mirzə Əhmədlə oturub-dururdum. Həzrət Bəhaullah Mirzə Əhmədə tapşırmışdı ki, Həzrəti-Əlanın əldə edilməsi mümkün olan əsərlərini toplayıb üzünü köçürsün. O, bu işlə məşğul idi. Tehranda yeddi nəfər şəhid olduğu zaman mən Zərənd kəndində atamın evində idim. Bir müddətdən sonra müqəddəs yerləri ziyarət etmək bəhanəsilə Zərənddən Qum şəhərinə yollandım, lakin mənim əsas məqsədim Mirzə Əhmədlə görüşmək idi. Ancaq onu tapa bilmədim. Hacı Mirzə Musa Qumi mənə dedi ki, yalnız cənab Əzim Mirzə Əhmədin yerini sənə göstərə bilər. Onun sözlərinə əsasən Kaşandan Quma gəldim. Orada əvvəllər Mirzə Əhmədlə Kirmanşaha getmiş baftaçı Seyyid Əbülqasim İsfahanini gördüm. Əzim Əbülqasimə dedi ki, məni Mirzə Əhmədin olduğu şəhərə göndərsin. Seyyid Əbülqasim məni həmədana yola salıb dedi ki, təbib Mirzə Məhəmmədəli Zəncani sənə Mirzə Əhmədin yerink göstərə bilər. Mən onun dediyi kimi hərəkət etdim. Təbib Mirzə Məhəmmədəli Zəncani məni Kirmanşaha göndərdi və mən orada QulamHüseyn Şüştərinin vasitəsilə katib Mirzə Əhmədlə görüşdüm. QulamHüseyn Şüştəri Kirmanşah tacirlərindən idi və Mirzə Məhəmmədəli Zəncani onu mənə təqdim etmişdi. Bir neçə gündən sonra Mirzə Əhməd mənə dedi: “Qumda olduğum zaman mən mübarək Əmri Xanlar Mirzənin qardaşı İldırım Mirzəyə təbliğ etmişəm. İndi istəyirəm Həzrəti-Əlanın “Dəlaili-səbə” (“Yeddi dəlil”) adlı kitabının bir nüsxəsini yadikar kimi ona göndərim. Səndən xahişim budur ki, bu işi sən görəsən”. O vaxtlar İldırım Mirzə Luristanda Xürrəmabad hakimi idi və ordusunun qərargahı Xavə və Ləştər dağlarında yerləşirdi. Mən bu tapşırığa sevinib dərhal səfərə çıxdım. Bir nəfər kürdün müşayiəti ilə dağlardan, meşələrdən keçdim və altı gün yol getdikdən sonra İldırım Mirzənin düşərgəsinə çatıb Mirzə Əhmədin əmanətini ona verdim. Hakim Mirzə Əhmədə cavab yazdı və onun göstərdiyi lütfə görə məmnun olduğunu bildirdi. Mən həmin cavabı götürüb Kirmanşaha qayıtdım. Ora çatan kimi Mirzə Əhməd mənə müjdə verdi ki, Həzrət Bəhaullah şəhərə varid olub. Ramazan (iyul) ayı idi. Biz Kirmanşahda Həzrət Bəhaullahın hüzuruna qovuşduq. Həzrət Bəhaullah Quran oxuyurdu. Mən onun son dərəcə məlahətli bir ahənglə Quran oxumasından hədsiz ləzzət aldım. Sonra İldırım Mirzənin Mirzə Əhmədə yazdığı məktubu Mübarək Hüzura təqdim etdim. Həzrət Bəhaullah buyurdu: “Qacar övladının imanına etimad göstərmək olmaz. Bu şəxs yalandan imanını izhar edir. O, düşünür ki, bəlkə bir gün babilər şahı öldürələr və onu taxta çıxaralar. Buna görə imanını izhar edir, vəssalam”.

Bir neçə aydan sonra Həzrət Bəhaullahın sözlərinin doğruluğu üzə çıxdı. Belə ki, İldırım Mirzə Allah Əmrinin ən böyük dostlarından biri olan Seyyid Bəsir Hindinin qətlinə fərman verdi. Burada yeri gəlmişkən, Seyyid Bəsirin şəhid olmasının, eləcə də onun Əmrə iman gətirməsinin tarixçəsini yazmağı lazım bilirəm.

Seyyid Babın zühurunun əvvəllərində hürufi-həyyin hər birinə göstəriş verildi ki, bir şəhərə gedib Zühurun Müjdəsini insanlara çatdırsınlar. Hürufi-həyydən biri olan Şeyx Səid Hindi mübarək göstərişə əsasən Hindistana yollandı. Multan şəhərinə çatanda, alim adamlardan biri olan Seyyid Bəsir Hindi yeni Zühurun sədasını ondan eşitdi və öz fitrətinin təhriki ilə mübarək Əmrə iman gətirdi. Elm və bilik onun qarşısında pərdə olmaq əvəzinə, ona yol göstərdi. O, mənsəbindən əl çəkib müridlərini ətrafından uzaqlaşdırdı və Əmrə xidmət etməyə başladı. İlk addım olaraq, Şiraza yollandı. Kor olduğu üçün çox əzablar çəkdi. Şiraza çatanda eşitdi ki, Həzrəti-Əla şahın əmrinə əsasən Azərbaycan dağlarında dustaq edilib. Dərhal Şirazdan Tehrana gəldi, oradan da Nura yollanıb Həzrət Bəhaullahla görüşmək şərəfinə nail oldu. Bu görüş itirdiklərini ona qaytardı, onun təşnə qəlbini vüsal suyu ilə doydurdu. Bundan sonra o, millətindən və məzhəbindən asılı olmayaraq, insanları doğru yola yönəltməyə başladı.

Şeyx Şəhid Mazqani mənə (müəllifə) bunları danışmışdır: “Mən yayın sonlarında Seyyid Bəsiri Qəmsərdə görmüşdüm. Kaşan əyanları hər il Qəmsərə yaylağa gəlirlər. Bəsir gecə-gündüz yaylağa gəlmiş adamlarla söhbət edirdi və heç kəsin onunla mübahisə etməyə cürəti çatmırdı. Çoxları belə güman edirdi ki, Seyyid Bəsir sehrin gücü ilə islamın həqiqətlərini mənimsəmiş və dəlil gətirmək qabiliyyətinə yiyələnmişdir. Buna görə də ondan çəkinirdilər və qorxurdular ki, birdən onun sehri onların mənsəb və məqamlarının əldən çıxması ilə nəticələnər”.

Sultanabad şəhidlərindən olan “Mollabaşı” ləqəbli Molla İbrahim Seyyid Bəsir barədə mənə bunları danışmışdır: “Seyyid həyatının son çağlarında Sultanabadda idi. Mən orada onunla görüşmüşdüm. O, böyük üləmalarla müzakirələr aparırdı, heç kəs onun qarşısında dayana bilmirdi. O öz sözlərini isbat etmək üçün Quran ayələrinə, “Üsulikafi” və “Biharül-ənvar” kitablarında olan hədislərə müraciət edir, hər bir ayəni və hədisi Quranda və həmin kitablarda tapıb hömsöhbətlərinə göstərirdi. Onun fəsahətli nitqi və bəlağətli danışığı vardı”. Bir müddətdən sonra Bəsir Sultanabaddan Luristana—İldırım Mirzənin düşərgəsinə getdi. Şahzadə onu böyük ehtiramla qarşıladı. Bir gün söhbət zamanı Seyyid Bəsir Məhəmməd şah barəsində nə dedisə, şahzadə qəzəblənib özündən çıxdı. Əmr etdi ki, Bəsirin dilini boynunun ardından çıxarsınlar. Bəsir hədsiz şücaətlə bu amansız rəftara dözdü və qısa bir müddətdən sonra çəkdiyi əzablar nəticəsində vəfat etdi. Elə həmin həftə İldırım Mirzə ilə qardaşı Xanlar Mirzə arasında münaqişə yarandı. Xanlar şaha şikayət etdi. Şah ona İldırımı cəzalandırmaq icazəsi verdi. Xanlar əmr etdi ki, qardaşı İldırımı soyundurub zəncirləsinlər və Ərdəbilə aparıb zindana salsınlar. İldırım elə orada zindanda vəfat etdi.

Həzrət Bəhaullah ramazan ayının çox hissəsini Kirmanşahda keçirdi. Sonra öz qohumu Şükrullah Nuri və Şeyx Təbərsi qalasından saq çıxmış Mirzə Məhəmməd Mazandarani ilə birlikdə Kərbəlaya yollandı. Həzrət Bəhaullah Tehrandan Kərbəlaya səfər etməsinin səbəbini Özü mənə (müəllifə) belə danışmışdı: “Bir gün Əmir Nizam məni öz evinə dəvət edib hədsiz ehtiram göstərdi və dedi: “Sizinlə görüşməyimin səbəbi belədir: mən indi dəqiq bilirəm ki, əgər şəxsən sizin köməyiniz, göstərişləriniz və tədbirləriniz olmasaydı, hərb sənətindən əsla başı çıxmayan Molla Hüseyn və dostları yeddi ay müddətində şah ordusunun qarşısında duruş gətirə bilməzdilər. Mən şəxsən sizin belə qeyri-adi göstərişlər vermək bacarığınıza və məharətinizə heyranam. Amma indiyə qədər sizin bu qiyamlarda iştirakınızı təsdiq edən bir nişanə, bir dəlil də tapa bilməmişəm. Mən çox təəssüflənirəm: nə üçün sizin kimi müdrik şəxslər şaha və vətənə xidmət etməməli, saraydan kənarda qalmalıdır?! Odur ki, sizdən xahiş edirəm, şahın İsfahana getdiyi bu günlərdə siz müvəqqəti olaraq Kərbəlaya yollanın. Nəzərdə tutmuşam ki, şah geri qayıdan kimi sizin divan əmi£ş vəzifəsinə təyin olunmağınızı şahdan xahiş edim. Çünki heç kəs sizin qədər bu vəzifəyə layiq deyil”. Mən onun iddialarını qətiyyətlə rədd etdim, eyni zamanda heç bir mənsəb tutmaq arzusunda olmadığımı bildirdim. Bir neçə həftədən sonra isə Tehrandan Kərbəlaya yollandım”.

Həzrət Bəhaullah Kirmanşahda Mirzə Əhmədə və mənə əmr etdi ki, Tehrana qayıdaq. Mənə tapşırdı ki, Tehrana çatan kimi Mirzə Yəhya ilə birlikdə Şahrud yaxınlığında yerləşən Zülfüqar xan qalasına yollanaq və Həzrət Bəhaullah Tehrana dönənə qədər orada qalaq. Mirzə Əhmədə isə söylədi ki, O, Kərbəladan qayıdana qədər Tehranda olsun. Cənab Kəlimin adına yazdığı məktubla birlikdə Mirzə Əhmədə bir qutu şirniyyat da verdi və tapşırdı ki, şirniyyatı Böyük Budaq və anası üçün Mazandarana göndərsin. Mən Tehrana çatan kimi mübarək göstərişi Mirzə Yəhyaya bildirdim. Lakin o, mübarək göstərişi yerinə yetirmək və Tehrandan Şahruda getmək istəmədi. Üstəlik məni məcbur etdi ki, Qəzvinə gedim və bir neçə məktubu onun dostlarına çatdırım. Qəzvindən qayıdandan sonra bir sıra qohumlarımın təkidinə əsasən Zərəndə getməli oldum. Mirzə Əhməd mənə söz verdi ki, mənim Tehrana qayıtmağım üçün lazımi şərait yaradacaq və bu sözünün üstündə də durdu. İki aydan sonra mən Tehrana qayıtdım və qışı Mirzə Əhmədlə birlikdə yeni darvazanın kənarında olan bir karvansarada keçirdim. Mirzə Əhməd vaxtını farsca mübarək “Bəyan” kitabının və “Dəlaili-səbə”nin üzünü köçürməyə sərf edirdi. O, “Dəlaili-səbə” kitabından iki nüsxə mənə verib tapşırdı ki, onun adından Müstövfiülməmalik Aştiyaniyə və Məcdüləşraf Mirzə Seyyid Əli Təfrişiyə çatdırım.

Müstövfiülməmalik həmin kitabı oxuyandan sonra mübarək Əmrə iman gətirdi. Məcdüləşraf isə imandan məhrum qaldı. Bir gün Məcdüləşraf cənab Kəlimin yanında belə demişdi: “Babilər öz məhzəblərini yaymaqda böyük səy və hədsiz ciddicəhd göstərirlər. Hətta bir neçə gün bundan əvvəl bir cavan oğlan mənə bir kitab gətirmişdi. Həmin kitab savadsız adamları aldada biləcək bir tərzdə yazılmışdı”. Cənab Kəlim bu sözlərdən başa düşmüşdü ki, kitabı Mirzə Əhməd mənim vasitəmlə ona göndərmişdir. Həmən gün cənab Kəlim mənə tapşırdı ki, mümkün qədər tez Zərəndə gedim, Mirzə Əhmədə də deyim ki, Quma yollansın. O, buyurdu ki, siz hər ikiniz böyük təhlükə qarşısındasınız. Mirzə Əhməd də mənə dedi ki, necə olursa-olsun kitabı Məcdüləşrafdan geri alım. Mən bir bəhanə ilə kitabı Seyyiddən geri aldım. Qısa bir müddətdən sonra Mirzə Əhməd Quma yollandı. Mən Şah Əbdül-Əzimə qədər onu müşayiət etdim, sonra isə özüm Zərəndə yola düşdüm.

Həzrət Bəhaullah Kərbəlaya yollandı. Bu zaman hicri 1267-ci ilin şəvaal ayı (1851-ci ilin avqust ayı) idi. O, bir neçə gün Bağdadda qaldı. Bağdad həmən şəhərdir ki, ikinci səfəri zamanı Həzrət Bəhaullahı qəbul etmiş və Onun Dəvəti buradan yaxınauzağa yayılmışdı. Kərbəlaya çatanda Həzrət Bəhaullah gördü ki, Seyyid Əlav İraqi hiylə torunu qurub Ruhül-qüdsün Onun simasında təzahür etdiyini iddia edir. Bəzi tanınmış əshabələr, o cümlədən, Şeyx Sultan Kərbəlayi və Hacı Seyyid Cavad da onun hiyləsinə aldanıb toruna düşüblər. Şeyx Sultan bu fikirdə idi ki, o, Seyyid Əlavın ən böyük şagirdi olduğu üçün Seyyid Əlavdan sonra rəhbərlik ona keçəcəkdir. Həzrət Bəhaullah ona nəsihət verdi ki, bu cür yolunu azmış şəxslərin toruna düşməsin və onların əsarətindən qurtarıb Həzrət Babın Əmrinə xidmət göstərsin. Bu nəsihət Şeyx Sultanın qəlbində Allah məhəbbətini alovlandırdı və o, Əhrimənin torundan qurtulub Tanrıya qulluq etməyə başladı. Şeyx Sultanın Seyyid Əlavdan uzaqlaşması digər şagirdlərinin də ondan üz döndərməsinə səbəb oldu. Seyyid Əlav tənha və müridsiz qaldığını görüb Həzrət Bəhaullahın məqamının böyüklüyünü, elminin çoxluğunu və şəxsiyyətinin paklığını etiraf etməli oldu və hamının yanında boynuna aldı ki, öz yersiz iddiasına görə peşmandır. O, and içdi ki, bundan sonra belə cəfənk sözlər danışmayacaq.

Həzrət Bəhaullah bir gün Kərbəlada Şeyx Həsən Zünuzi ilə görüşdü və öz nurlu həqiqətini ona açdı. Bu, Həzrəti-Əlanın Şeyx Həsənə verdiyi müjdənin öz təsdiqini tapması demək idi. Şeyx Həsən Zünuzinin tərcümeyihalı barədə əvvəllər məlumat vermişdik. Həzrət Bəhaullahın qadağan etməsinə baxmayaraq, Şeyx Həsən cazibəsinin çoxluğundan vəd olunmuş Şəxsin zühurunu elan edir və Hüseynin qayıdışının müjdəsini camaata çatdırırdı.

Həzrət Bəhaullahın məqamının böyüklüyündən agah olan şəxslərdən biri Təbib Mirzə Məhəmmədəli Zəncani idi. Həzrət Bəhaullah onun qəlbində iman toxumunu elə əkmişdi ki, qısa müddətdə cücərib bar vermişdi. Cənab Təbib axırda şəhidlik şərabını içmişdi. Mübarək Camalın vurğunu olmuş şəxslərdən biri də Hacı Əbdül-Məcidin oğlu Əbdül-Vəhhab Şirazi idi. Onun Kərbəlada dükanı vardı, ticarətlə məşğul olurdu. O, Kərbəlada Mübarək Hüzura yetişəndən sonra qərara gəlmişdi ki, ticarəti atıb Həzrət Bəhaullahın xidmətində olsun. Həzrət Bəhaullah onu səbrli olmağa çağırıb ticarətinə kömək məqsədilə ona bir qədər nəqd pul vermişdi. Həzrət Bəhaullah Tehrana yollanarkən, Əbdül-Vəhhabın səbr kasası daşmış və o, ixtiyarsız olaraq öz Məhbubunun ardınca yola düşmüşdü. Tehrana çatdıqda o, düşmənin əlinə keçmiş, digər əshabələrlə birlikdə Siyahçalda məhbus olmuş və nəhayət, şəhidlik zirvəsinə ucalmışdı. Şeyx Əlimirzə Şirazi də mübarək Camalın cazibəsinə düşmüş şəxslərdən biri idi. O, həyatının sonuna qədər Əmrə xidmət göstərməklə məşğul olmuşdu. O, Həzrət Bəhaullahla görüşün ona bağışladığı qeyri-adi və qəribə təsirlər barədə dosta və yada danışmaqdan heç vaxt doymurdu.

bottom of page