top of page

İyirmi Dördüncü Fəsil

Zəncan Hadisələri

HƏZRƏT BABIN HƏYATININ son çağlarında Zəncanda vəziyyət kərkinləşməyə başladı. Mazandaranda və Neyrizdə narahatlıq və həyəcan doğurmuş amillər Zəncanda da özünü göstərməkdə idi. O vaxtlar Həzrət Bab bir-birinin ardınca kədərli xəbərlər alırdı. Şeyx Təbərsi qalasında əshabələrin şəhid olması xəbərinin ardınca cənab Vəhidin və onun dostlarının şəhid olması xəbəri Mübarək Hüzura yetişdi. Həzrət Babın mübarək qəlbi ağır iztiraba, sonsuz hüzn və qüssəyə qərq oldu. Dustağlıq, müxtəlif çətinliklər, düşmənlərin fitnə-fəsadı Həzrət Bab üçün azmış kimi, bu kədərli xəbərlər də onlara əlavə olunurdu. Bir tərəfdən Həzrət Bab düşmənlərin hücumlarına məruz qalırdı. Təbrizdə vəliəhdin iştirak etdiyi məclisdə əleyhdarlarının Onunla necə rəftar etməsi barədə artıq yazmışıq. O biri tərəfdən, Azərbaycan dağlarındakı məhbusluq həyatı və zindan şəraiti Həzrət Bab üçün çoxsaylı məşəqqətlər doğururdu. Bir tərəfdən də, Mazandaranda və Neyrizdə baş verən hadisələr, Tehranda yeddi şəhidin zülmə məruz qalması barədə Həzrət Baba kədərli və üzücü xəbərlər çatdırılırdı. Bütün bunlardan sonra Zəncanda əshabələrin ağır vəziyyətə düşməsi haqqında məlumat Həzrət Babın qəminin üstünə qəm gətirdi, həyatının son günlərində onda böyük təşviş və hədsiz narahatlıq doğurdu. Zəncan hadisələri əvvəlki hadisələrə nisbətən daha ağır idi. İndi isə bu kədərli hadisələrin təsvirinə başlayıram.

Geniş yayılmış ifadə ilə desək, Zəncan hadisələrinin qəhrəmanı cənab Hüccət Zəncani idi. Onun əsil adı Molla Məhəmmədəli olmuşdur. O, müasiri olan üləmalar və alimlər içərisində yüksək məqama malik idi, öz qüdrəti və bacarığı ilə hamıdan seçilirdi. Hüccət Zəncani mübarək Əmrin ən böyük yardımçılarından biri olmuşdur. Cənab Hüccətin atası Molla Rəhim Zəncani o tərəflərin üləmalarından biri idi, öz biliyi, təvazökarlığı və mehriban davranışı ilə hamının hörmətini qazanmışdı. Cənab Hüccət hicri 1227-ci(1812-ci) ildə anadan olmuşdu. Hələ uşaqlıqdan onun qeyri-adi qabiliyyətləri özünü göstərirdi, buna görə də atası onun təlim və tərbiyəsinə xüsusi diqqət yetirirdi. Məhz atasının məsləhəti ilə cənab Hüccət təhsil almaq üçün Nəcəfə yollanmışdı. O, yüksək ağıl və düşüncə sahibi idi, idrakının gücü ilə çoxlarına üstün gəlirdi. Dostları onun ağlına, zəkasına, fəsahətli nitqinə və qətiyyətli davranışına heyran idilər. Bu yüksək keyfiyyətləri onun əleyhdarlarını qorxuya salırdı, düşmənləri ona paxıllıq edirdilər. Vəziyyəti belə görən atası ona sifariş göndərdi ki, düşmənlər pusquda dayandığı üçün Zəncana gəlməsin. Cənab Hüccət də bunu nəzərə alıb Zəncana getməmək qərarına gəldi. O, həmədan şəhərində qalıb qohumlarından biri ilə evləndi. İki il yarım həmədanda yaşadı. Bundan sonra o, atasının vəfat etdiyini eşidib həmədandan Zəncana getməyi qərara aldı. Zəncana gələndə üləmalar onu üzdə böyük ehtiramla qarşıladılar, amma ürəklərində ona düşmənçilik bəsləyirdilər və Hüccəti aradan kötü.rmək niyyətində idilər. Cənab Hüccətin sözlərini eşitmək üçün məscidə çoxlu adam toplaşmışdı. Hüccət Zəncani onlara öyüd-nəsihət verib dedi ki, nəfsin və ehtirasların ardınca getməsinlər, heç bir işdə ifrata varmasınlar, bəd əməllərdən çəkinsinlər, islamın hökmlərini və Quranın aydın göstərişlərini dəqiqliklə yerinə yetirsinlər. Bundan sonra cənab Hüccət Zəncanda dərs deməyə başladı və öz şagirdlərini elə hazırladı ki, onlar elm və bilik baxımından digər Zəncan üləmalarından üstün oldular. On yeddi il bu minvalla keçdi. Şəhər əhalisi cənab Hüccətin təsiri ilə müqəddəs dinin hökmlərini tam şəkildə yerinə yetirirdi və dini ehkamları pozmaq heç kəsin ağlına gəlmirdi.

Cənab Hüccət Həzrət Babın Şirazdan ucalan dəvətinin sədasını eşitdikdə, özünün etibarlı şagirdlərindən Molla İskəndər adlı bir nəfəri Yeni Dəvətin nədən ibarət olduğunu araşdırmaq üçün Şiraza göndərdi. Bu isə onun əleyhdarlarının öz səylərini gücləndirməsinə səbəb oldu. Onlar cənab Hüccəti heç cür şahın və rəiyyətin gözündən salmağa müvəffəq ola bilmədikləri üçün bu qərara gəldilər ki, onu Yeni Dəvətin təbliğçisi və müqəddəs islam dininin müxalifi kimi qələmə versinlər. Onun düşmənlərindən bir neçə nəfər bir yerə toplaşdıqları zaman öz aralarında deyirdilər: “Bizim bu şəxsi camaatın gözündən salmağımız, onun rütbə və məqamına xələl gətirməyimiz mümkün deyil, çünki o, bilikli, mömin və ədalətli bir adamdır. Məhəmməd şah onu Tehrana çağırdığı zaman o, bəlağətli nitqi və sehrli kəlmələri ilə şahı özünə valeh edə bildi. Şahın ondan xoşu gəldi və ona ehtiram göstərdi. Amma indi Hüccət Seyyid Babın Əmrini qəbul edib açıq-aşkar camaata təbliğ etdiyi üçün bizim işimiz xeyli asanlaşıb.İndi biz hökumətnn onu həbs edib Zəncandan uzaqlaşdırmasına nail ola bilərik”. Hüccətin əleyhdarları bu qərara gəldilər ki, Məhəmməd şaha ərizə yazsınlar. Həmin ərizədə onlar Hüccət barədə ürəklərindən keçən bütün sözləri bəyan etmişdilər. O cümlədən, yazmışdılar: “Hüccət hələ islamın tərəfdarı olduğu vaxtlarda öz şagirdlərini üləmaların üstünə qaldırır, onlara qarşı təhqiramiz əməllərə vadar edirdi. İndi isə o, Seyyid Babın Əmrini qəbul edib və Zəncan camaatının üçdə ikisini babiyə çevirib. Belə olan halda bəllidir ki, bizim başımıza nə bəlalar gələcək. Onun evinə toplaşan adamların sayı məscidə gələnlərin sayından qat-qat artıqdır. O, atasının məscidini öz tərəfdarlarının yığıncaq yerinə çevirib. Tərəfdarları orada yığışıb onun sözlərini dinləyirlər. Çox keçməz ki, nəinki Zəncan camaatı, hətta Zəncan ətrafındakı bütün kəndlərin əhalisi babi olar və ona kömək göstərmək üçün ayağa qalxarlar”.

Məhəmməd şah Zəncan üləmalarının ərizəsinə xeyli təəccüb etdi. Mirzə Nəzərəli həkimbaşı da həmin ərizədən agah olub çox təəccübləndi və dedi: “Bir çox şəxslər Hüccəti görmüşlər və həmişə də onun qüdrətindən və dəyanətindən söz açmışlar”. Məhəmməd şah bu qərara gəldi ki, cənab Hüccəti və onun əleyhdarlarını Tehrana çağırsın. Onlar gələn kimi xüsusi bir məclis təşkil olundu və Hacı Mirzə Ağası, saray əyanları və Tehranın məşhur üləmaları da Məhəmməd şahın göstərişi ilə həmin məclisə dəvət edildi. Qərara alındı ki, bu məclisdə Zəncan üləmaları cənab Hüccətlə mübahisə etsinlər. Zəncanlıların verdiyi sualların hər birini cənab Hüccət elə cavablandırdı ki, bütün iştirakçılar və şəxsən Məhəmməd şah özü onun günahsızlığına əmin oldular. Sonda Məhəmməd şah cənab Hüccətdən razılıq elədi və onu xeyli tərifləyərək, buyurdu: “Siz yaxşı yol seçdiniz və düşmənlərinizin sizə qarşı irəli sürdüyü bütün ittihamları rədd etdiniz”. Xülasə, cənab Hüccətin barəsində çoxlu xoş sözlər söylədikdən sonra şah buyurdu: “Zəncana qayıdıb məmləkətin və millətin xeyrinə olan fəaliyyətinizi davam etdirin. Mən də daim sizə kömək göstərəcəyəm. Nə vaxt düşmənləriniz sizə qarşı bir hərəkətə başlasalar, dərhal mənə xəbər verin”.

Cənab Hüccət Zəncana qayıtdı. Onun düşmənləri məğlub olduqlarını görüb fitnə-fəsada başladılar və böyük bir qarışıqlıq törətdilər. Düşmənlərin ədavəti nə qədər güclənirdisə, Hüccətin tərəfdarlarının öz rəhbərlərinə məhəbbət və sədaqəti də bir o qədər artırdı. Hüccət heç kəsə fikir vermədən və düşmənlərdən çəkinmədən öz vəzifələrini həyata keçirməklə məşğul idi. O elə rəftar edirdi ki, düşmənlərin bütün təşəbbüsləri heçə çıxırdı. Düşmənlər bərk qəzəbli idilər: onlar görürdülər ki, bütün təşəbbüsləri nəticəsiz qalır və işlərin ixtiyarı onların əlindən çıxır.

Cənab Hüccət bir müddət idi ki, özünün yaxın və etibarlı adamlarından biri olan Məşədi Əhmədi onun məktubunu və bəzi hədiyyələrini Həzrət Baba çatdırmaq üçün Şiraza göndərmişdi. Bir gün cənab Hüccət şagirdləri ilə söhbət etdiyi zaman Məşədi Əhməd Şirazdan qayıtdı və Həzrəti-Əlanın bağlı məktubunu Hüccətə verdi. Həmin məktubda Həzrəti-Əla ona “Hüccət” ləqəbi vermiş və təkidlə tapşırmışdı ki, minbərə qalxıb mübarək Əmrin əsas müddəalarını camaata şərh etsin. Cənab Hüccət mübarək lövhəni oxuyan kimi aldığı göstərişə uyğun olaraq hərəkət etmək qərarına gəldi. O, dərhal dərsi dayandırıb şagirdlərini buraxdı və onlara söylədi: “Bundan sonra mən dərs deməyəcəyəm. Bir şey məlum olduğu halda, onu öyrənmək bəyənilən iş deyil”.

Həzrət Babın göstərişinə uyğun olaraq, cümə günü cənab Hüccət camaatın qarşısında dayanıb cümə namazı qıldı. İmamcümə cənab Hüccətə etiraz edib dedi: “Cümə namazına başçılıq etmək mənim hüququmdur, çünki mən imamcüməyəm. Mənim əcdadlarım da buna qədər imamcümə olmuşlar. Bu barədə padşahın da fərmanı var. Məndən savayı heç kəs imamcümə ola bilməz. Siz nə hağla cümə namazını qılmısınız?!” Cənab Hüccət imamcüməyə dedi: “Əgər sən padşahın fərmanına əsasən imamcümə olmusansa, mənə Həzrət Qaim-əleyhissalam cümə namazını qılmağı əmr edib. Məndə də Həzrət Qaimin fərmanı var və heç kəs bu haqqı mənim əlimdən ala bilməz. Əgər kimsə mənim əleyhimə çıxıb bu məsələdə mənə müqavimət göstərsə, mən müdafiə olunacağam”. Cənab Hüccət qorxub-çəkinmədən Həzrət Babın mübarək göstərişini yerinə yetirdiyi üçün Zəncan üləmaları imamcümə ilə həmrəy və əlbir oldular. Onlar Hacı Mirzə Ağasıya şikayət edib dedilər: “Hüccət heç nəyə fikir vermir və bizim hüquqlarımızı pozur. Ya biz nəyimiz varsa, götürüb Zəncandan gedəcəyik, şəhəri və camaatı Hüccətin ixtiyarına qoyacağıq ya da Məhəmməd şah dərhal Hüccəti bu şəhərdən çıxarmalıdır. Biz əminik ki, şah Hüccətə dəyibtoxunmasa və o, bu şəhərdə qalsa, böyük bir təhlükə meydana gələcəkdir”. Hacı Mirzə Ağası məcbur olub Zəncan üləmalarının şikayətini Məhəmməd şaha çatdırdı, hərçənd o, ürəyində üləmaların nüfuzundan ehtiyat edirdi və onların sözünə qulaq asmaq istəmirdi. Məhəmməd şah əmr etdi ki, Hüccət Zəncandan Tehrana gəlsin. Bu iş Qılınc xan Kürdə həvalə edildi: o, Zəncana gedib şahın əmrini Hüccətə çatdırmalı idi. Bu, o vaxtlar idi ki, Həzrət Bab Tehran yaxınlığından keçib Təbrizə gedirdi. Hələ Qılınc xan Zəncana çatmamış cənab Hüccət öz tərəfdarlarından Xan Məhəmməd Topçu adı ilə məşhur olan bir nəfəri xüsusi məktubla Mübarək Hüzura göndərmişdi. Həmin məktubda o, Həzrət Babı düşmənlərin əlindən alıb xilas etmək üçün icazə istəyirdi. Həzrət Bab Hüccətə belə cavab vermişdi: “Qadir Allahdan savayı heç kəs məni xilas edə bilməz. İnsanın ilahi təqdirdən qaçması və Tanrı hökmündən çıxması mümkün deyil”. Eyni zamanda, Həzrət Bab buyurmuşdu: “Bizim görüşümüzə gəldikdə isə, bu tezliklə başqa bir dünyada baş tutacaqdır. Sən əbədi izzət aləmində mənimlə görüşəcəksən”.

Həzrəti-Əlanın bu cavabı cənab Hüccətə yetişdiyi gün Qılınc xan da Zəncana varid oldu və şahın əmrini Hüccətə çatdırdı. Cənab Hüccət Qılınc xanla birlikdə Tehrana yollandı. Onlar Tehrana çatdığı zaman Həzrət Bab bir neçə gün qaldığı Güleyn kəndindən yola düşmüşdü. Yerli səlahiyyət sahibləri gizlincə işləri elə qurmuşdular ki, Həzrət Bab Zəncandan keçən vaxt cənab Hüccət Zəncanda olmasın. Onlar qorxurdular ki, Hüccət Seyyid Babla görüşsə, işlər çətinləşə bilər. Cənab Hüccət Tehrana yollandığı zaman bir çox əshabələr də onunla birlikdə Tehrana getmək istədilər. Hüccət onlara dedi: “Siz Zəncana qayıdın, Həzrət Babın Mübarək Hüzuruna gedib ərz edin ki, biz hamımız sizi xilas etməyə hazırıq”. Həmin şəxslər qayıdıb Həzrət Babın Mübarək Hüzuruna yetişdilər və öz xidmətlərini təklif etdilər. Həzrət Bab buyurdu: “Mən istəmirəm ki, kimsə məni xilas etməyə cəhd göstərsin. Siz gedin Zəncan möminlərinə deyin ki, mənim ətrafıma toplaşmasınlar və mənim ardımca gəlməsinlər”. Zəncan möminləri hamısı hazırlaşmışdılar ki, Həzrət Bab Zəncana yetişəndə, gedib onunla görüşsünlər. Onlar Həzrət Babın sözlərini eşidib kədərləndilər. Və bununla razılaşa bilmədilər ki, Həzrət Bab Zəncana təşrif gətirsin, onlar isə Onunla görüşə bilməsinlər. Buna görə də Həzrət Babın istəyinin əksinə olaraq, Onun görüşünə yollandılar. Amma Həzrət Babı müşayiət edən dəstəyə yaxınlaşan kimi, məmurlar amansızlıqla onları pərən-pərən saldılar.

Həzrət Babı müşayiət edən dəstə iki yol ayrıcına çatanda, harada qalmaq üstündə Məhəmməd bəy Çaparçı ilə Tehrandan onun köməyinə göndərilmiş bir şəxs arasında mübahisə düşdü. Məhəmməd bəy Çaparçı Həzrəti-Əlanı Zəncana aparmaq, gecəni təbib Mirzə Məsumun (Əmrin şəhidlərindən biri olan təbib Mirzə Məhəmmədəlinin atasının) karvansarasında qalmaq və ertəsi gün yola davam etmək istəyirdi. O, deyirdi: “Əgər gecəni şəhərdən kənarda keçirsək, təhlükəyə məruz qalarıq, düşmənlər bizə zərər yetirə bilərlər”. Lakin onun yoldaşı bununla razılaşmırdı. Nəhayət, Məhəmməd bəy Çaparçı üstün gəldi və yoldaşını razı saldı ki, Həzrət Babı gecələmək üçün karvansaraya aparsınlar. Dəstə şəhərə daxil oldu. Onlar şəhərin küçələrindən keçərkən, bir çox adamlar Həzrət Babı görmək üçün evlərin damlarına çıxmışdılar. Adı çəkilən karvansara Mirzə Məsuma məxsus idi. Bir müddət əvvəl o, vəfat etmişdi. Mirzə Məsumun böyük oğlu Mirzə Məhəmmədəli həmədanda yaşayırdı və o, şəhərdə təbiblərin başçısı idi. O, atasının matəm mərasimində iştirak etmək üçün həmədandan Zəncana gəlmişdi. Mirzə Məhəmmədəli o vaxtlar Əmrə iman gətirməmişdi, lakin Həzrət Babı çox sevirdi. Buna görə də o, hədsiz sevinclə öz karvansarasını Həzrət Babın qalması üçün hazırladı. Həmən gecə o, Mübarək Hüzura qovuşmaq şərəfinə nail oldu və bunun nəticəsində mübarək Əmrə iman gətirdi. Sonralar özü bu barədə belə danışırdı: “O gecə mübarək Əmrə iman gətirdikdən sonra mən səhər tezdən yuxudan durdum, çırağı yandırıb nökərimlə birlikdə karvansaraya yollandım. Gözətçilik edən məmurlar məni tanıdıqları üçün karvansaraya buraxdılar. Mən hüzura daxil olanda Həzrət Bab namaz qılmaq üçün dəstəmaz alırdı. Onun vacibatı yerinə yetirməsi mənə qəribə təsir göstərdi. Həzrət Bab namaza başlarkən, mən də Onunla bərabər namaza durdum. Namaz qıldığım zaman bütün vücudumu sevinc və fərəh. bürümüşdü. Namazdan sonra özüm gedib çay hazırladım və Mübarək Hüzura gətirdim. Bu zaman Həzrət Bab mənə dedi: “Siz Həmədana qayıtmalısınız, çünki tezliklə Zəncanda böyük qarışıqlıq və həngamə yaranacaq, küçələrdə qan su yerinə axacaq”. Mən onun Əmri yolunda fəda olmağı arzuladığımı bildirdim. Həzrət Bab buyurdu: “Sizin şəhidlik vaxtınız hələ yetişməyib. Allaha təvəkkül edin və Onun əmrinə uyğun hərəkət edin!” Günəş çıxanda Həzrət Bab Təbrizə yollanmaq üçün atına mindi. Mən xahiş etdim ki, onunla get, məyimə icazə versin, lakin Həzrət Bab icazə verməyib məndən ötrü dua etdi. Həzrət Bab gözdən itənə qədər mən eləcə dayanıb baxırdım. Mübarək Hüzurdan ayrıldığıma görə hədsiz kədər içərisində idim”.

Cənab Hüccət Tehrana çatan kimi, Hacı Mirzə Ağası onu çağırıb özünün və Məhəmməd şahın adından dedi: “Siz Zəncan üləmaları ilə bu cür rəftar edib onlarda özünüzə qarşı ədavət doğurmaqda düzgün iş görməmisiniz. Zəncan üləmaları bizə o qədər məktub və şifahi xəbər göndəriblər ki, bizi əməlli-başlı qorxuya salıblar. Gələn məktubların və xəbərlərin hamısında sizdən şikayət olunur. Mən şəxsən üləmaların yazdıqlarına və dediklərinə inanmıram. Mən heç cür inanmıram və qəbul edə bilmirəm ki, siz atababalarınızın dinindən üz döndərmisiniz. Şah da buna inanmaz. Buna görə də şah mənə göstəriş verdi ki, sizi Tehrana çağırım və beləliklə, sizə qarşı söylənilən iftiralara son qoyulsun. Seyyid Babdan hər cəhətdən üstün olan sizin kimi bir şəxsin onun davamçılarından birinə çevrilməsini eşitmək mənim üçün çox ağırdır”. Hüccət Hacı Mirzə Ağasının cavabında dedi: “Elə deyil. Allah şahiddir ki, əgər Seyyid Bab öz evinin ən alçaq işini mənə həvalə etsə, mən bununla fəxr edərəm, bunu özümə ən böyük şərəf sayaram və həmin şərəfi padşahın inayət və ənamından üstün tutaram”. Mirzə Ağası qəzəblə qışqırdı: “Ola bilməz!” Hüccət ona dedi: “Bu şirazlı seyyid həmən müqəddəs Şəxsdir ki, siz və bütün dünya əhalisi hədsiz şövqlə Onun Zühurunu gözləyirsiniz. Bizim Ağamız odur, vəd olunmuş Xilaskar odur!”

Hacı Mirzə Ağası bu sözləri cənab Hüccətdən eşidən kimi birbaşa Məhəmməd şahın yanına getdi, əhvalatı şaha danışıb dedi: “Mən çox qorxuram ki, bu şəxs şahın inayətindən suiistifadə etsin. Əgər şah bu şəxsin qarşısını almasa və əvvəlki kimi onu digər məmləkət üləmalarından üstün tutsa, Hüccət dövlət əleyhinə qiyam qaldıra bilər. Məmləkətin mənafeyi və dövlət siyasəti tələb edir ki, Hüccətin qarşısı alınsın”. Məhəmməd şahın qaydası belə idi ki, müxtəlif şəxslər barədə bu qəbil sözləri qəbul etmirdi. Bu halda da o, düşündü ki, Hüccət barəsində deyilən sözlər qərəzlidir, düşmənləri ona bəslədikləri həsəd və kin nəticəsində onun haqqında belə ittihamlar irəli sürürlər. Buna görə də qərara gəldi ki, məclis təşkil edib paytaxt üləmalarını çağırsın və Hüccət üləmaların hüzurunda dəlil və sübutlar əsasında öz fikirlərini bildirsin və əqidəsini isbat etsin. Beləcə bir neçə dəfə məclis təşkil edildi. Hər dəfə də cənab Hüccət əleyhdarlarının ittihamlarına tutarlı cavablar verdi və öz iddiasının doğruluğunu sübuta yetirdi. Onun üləmaların qarşısında söylədiyi sözlərdən biri də bu idi: “Məgər bu müqəddəs hədis bütövlükdə sünnilərin və şiələrin əleyhinə deyilmi? Ulu peyğəmbər buyurub: “Mən sizə iki ağır şeyi əmanət qoyub gedirəm: Allahın Kitabını və nəslimi”. Madam ki, sizin əqidənizcə, bu iki ağır şeydən biri, yəni nəsil aradan gedib və ortada yoxdur, deməli, digər ağır şey mövcud olmalıdır. Və əslində də belədir. Mövcud olan ağır şey—Kitabdır. İlahi Kitab insanlara doğru yol göstərmək üçün yeganə vasitədir. Mən sizdən xahiş edirəm, ilahi Kitabı qarşınıza qoyun, onu özünüzün rəhbərinizə və bələdçinizə çevirin, Kitabın göstərişini yerinə yetirin, onu hər hansı mətləbi rədd, yaxud qəbul etməkdə, doğru və ya yalan hesab etməkdə misana və meyara çevirin!

Üləmalar Hüccətə cavab verməkdə aciz qalıb özlərini düdafiə edə bilmədikdə, ondan qeyri-adi bir şey tələb edib dedilər: “Əgər sizin iddianız doğrudursa, siz bir möcüzə göstərməlisiniz”. Cənab Hüccət uca səslə cavab verdi: “Bundan böyük nə möcüzə ola bilər ki, mən təkbaşına sizin—Tehranın məşhur üləma və müctəhidlərinin qarşısına çıxıb dəlilin gücü ilə hamınıza üstün gəlirəm. Məgər təkcə mənim Tehranın üləma və müctəhidləri üzərində qələbə çalmağım ən böyük möcüzə deyilmi?!” Məhəmməd şah Hüccətin müzakirələr zamanı üləmalara qalib gəldiyini, dəlil və sübutlarla əleyhdarlarının ittihamlarına cavab verdiyini görüb Hüccətə hədsiz dərəcədə inandı və ondan sonra daha Hüccətin düşmənlərinin sözlərinə qulaq asmadı. Zəncan üləmalarının və Tehran müctəhidlərinin bir çoxu Hüccət barədə küfr hökmü çıxarmış və onun qətlinə fitva vermişdilər. Buna baxmayaraq, Məhəmməd şah Hüccətə mehribanlıq göstərir, hədiyyələr bağışlayır və deyirdi ki, siz həmişə mənim köməyimə arxalana bilərsiniz. Hacı Mirzə Aqası Məhəmməd şahın Hüccətə inayət göstərdiyini və onunla açıq-aşkar düşmənçilik edə bilməyəcəyini görüb hiyləgərliklə Hüccətə yaltağlanır, öz paxıllığını və kinini gizlədirdi. Arabir Hüccətin evinə getdiyi zaman o, müxtəlif hədiyyələrlə Hüccətə məhəbbətini izhar edirdi, halbuki ürəyində onun qatı düşməni idi.

Cənab Hüccət Tehranda, necə deyərlər, göz dustağı idi. O, Tehrandan çıxıb əshabələrlə görüşə və onlarla söhbət edə bilmirdi. Zəncanda olan möminlər cənab Hüccətdən xahiş etmişdilər ki, mübarək Əmrin müddəalarını ətraflı şəkildə yazıb onlara göndərsin və onlar da ilahi göstərişlərə uyğun hərəkət etsinlər. Hüccət onlara xəbər göndərdi ki, Həzrət Babın təlimini mənim araşdırma üçün Şiraza göndərdiyim şəxslərdən soruşub öyrənin. Eyni zamanda, onlara islamın mövcud qaydalarına uyqun gəlməyən bir sıra göstərişlər verdi. O cümlədən, Zəncan camaatına bildirdi ki, Seyyid Kazım Zəncani Şirazda və İsfahanda mənim sevimli Ağamın hüzurunda olmuşdur. Molla İskəndərlə Məşədi Əhmədi isə şəxsən mən özüm araşdırma aparmaq üçün Şiraza göndərmişdim. Bu üç nəfər deyir ki, Həzrət Bab özü ilahi ayələrdə və mübarək lövhələrdə möminlərə vacib buyurulmuş əməlləri yerinə yetirir. Biz də o Həzrətin davamçıları olaraq, O müqəddəs Şəxsin davranışından nümunə götürməliyik. Zəncan möminləri cənab Hüccətin Tehrandan yazıb göndərdiyi bu mətləbləri oxuyan kimi dərhal itaət göstərdilər və canlabaşla yeni hökmləri yerinə yetirməyə başlayıb köhnə adətləri aradan qaldırdılar. Hətta öz uşaqlarına da mübarək Əmrə uyğun surətdə davranmağı öyrətdilər. Öz uşaqlarına öyrətmişdilər ki, desinlər: “Bizim sevimli Ağamız bu hökmlərə və göstərişlərə əməl edən ilk Şəxsdir. Elə isə Ona iman gətirmiş bizlər nə üçün bu qaydaları və hökmləri öz yolumuzda çırağa çevirməməliyik?!”

Cənab Hüccət Tehranda məhbus olduğu vaxtlar əshabələrin Şeyx Təbərsi qalasında mühasirəyə alınması xəbərini eşitdi. O, çox istəyirdi ki, oraya gedib dostlara kömək göstərsin, lakin buna imkanı yox idi. O vaxtlar onun həmdəmi Həzrət Bəhaullah idi. Həzrət Bəhaullahın Mübarək Hüzurundan kəsb etdiyi feyzlər nəticəsində cənab Hüccət bir müddət sonra Əmrə xidmət yolunda elə bir təşəbbüsə əl atdı ki, bu, öz əzəməti və əhəmiyyəti baxımından heç də Şeyx Təbərsi qalasındakı əshabələrin hərəkətindən geri qalmırdı.

Məhəmməd şah vəfat edib oğlu Nasirəddin şah taxta çıxdığı zaman cənab Hüccət hələ də Tehranda məhbus idi. Nasirəddin şahın baş vəziri Mirzə Tağı xan Əmir Nizam cənab Hüccətin həbs şəraitini ağırlaşdırmaq və bir bəhanə tapıb onu qətlə yetirmək qərarına gəlmişdi. Cənab Hüccət həyatı üçün təhlükə yarandığını görüb Tehrandan çıxdı və Zəncana—öz dostlarının yanına qayıtdı. Əttar Kərbəlayi Vəli cənab Hüccətin Zəncana gəldiyini əshabələrə xəbər verdi. Kişilər və qadınlar, böyüklər və kiçiklər hədsiz şövqlə Hüccətin hüzuruna tələsdilər, onun qayıdışından sevindiklərini bildirib ona məhəbbətlərini izhar etdilər. Camaatın Hüccətə itaəti və məhəbbəti Nasirəddin şahın əmisi olan Zəncan hakimi Məcdüd-dövlə nin xoşuna gəlmədi və onun ovqatını təlx etdi. O qədər qəzəbləndi ki, əmr edib əttar Kərbəlayi Vəlinin dilini kəsdirdi. Məcdüd-dövlə ürəyində Hüccətə qarşı güclü ədavət bəsləyirdi və fürsət axtarırdı ki, Hüccəti aradan götürsün. Lakin üzdə cənab Hüccətə məhəbbətini izhar edir, onu görməyə gedir və ehtiram göstərirdi.

Bu arada baş vermiş kiçik bir hadisə Hüccətin düşmənlərinin qəlbindəki gizli ədavət alovunun şölələnməsinə səbəb oldu. Həmin kiçik və əhəmiyyətsiz hadisə bundan ibarət idi ki, iki uşaq bir-biri ilə dalaşmışdı. Onlardan biri cənab Hüccətin tərəfdarlarından birinin oğlu idi. Zəncan hakimi dərhal göstəriş verib həmin uşağı. Həbs etdirmişdi. Əshabələr hakimə müraciət edib xahiş etdilər ki, həbs olunmuş uşağı buraxsın və bunun müqabilində onların öz aralarında topladığı pulu onlardan qəbul etsin. Hakim buna razı olmadı. Əshabələr cənab Hüccətin yanına gedib şikayət etdilər. Cənab Hüccət hakimə yazdı ki, həddi-büluğa çatmamış uşaq öz hərəkətlərinə görə şəxsən məsuliyyət daşımır. Əgər siz hökmən kimisə cəzalandırmaq istəyirsinizsə, yaxşı olar ki, o uşağın atasını həbs edəsiniz. Hakim cənab Hüccətin məktubuna etina etmədi. Hüccət yeni bir məktub yazıb nüfuzlu şəxslərdən olan Mir Cəlilə verdi və dedi: “Bu məktubu öz əlinlə hakimə təqdim edərsən”. Mir Cəlil cənab Seyyid Əşrəf Zəncaninin atasıdır və mübarək Əmrin şəhidlərindən biridir. O, hakimin iqamətgahına yaxınlaşanda, gözətçilər onu içəri daxil olmağa qoymadılar. Mir Cəlil qəzəblənib zorla içəri girmək qərarına gəldi. O, qılıncını sıyırıb gözətçiləri qovdu, hakimin yanına gedib uşağın buraxılmasını tələb etdi. Zəncan hakimi qeydşərtsiz Mir Cəlilin tələbini yerinə yetirdi və uşağı azad etdi. Şəhərin üləmaları hakimin bu hərəkətindən qəzəbləndilər və ona dedilər: “Nə üçün belə etdin? Niyə öz düşmənlərinin hədələri qarşısında duruş gətirmədin? Sənin bu işin yalnız təəssüf doğurur. Düşmənlər bu hədələrlə səni qorxutmaq istəyirdilər, sən də qorxdun. Gələn dəfə onlar başqa bir şey tələb edəcəklər və səni onların istəyinə uyqun surətdə işləməyə vadar edəcəklər. Belə getsə, onlar bütün işlərin ixtiyarını öz əllərinə alacaqlar və səni heç bir məsələyə qarışmağa qoymayacaqlar. Nə qədər ki, keç deyil, adamlarını göndər, Hüccəti həbs et. Sən yalnız bu yolla özəleyhdarlarının qarşısını ala bilərsən”.

Zəncan hakimi əvvəlcə bu təklifi qəbul etmədi. Lakin üləmalar onu bu işi görməyə vadar etdilər və arxayın elədilər ki, bunun heç bir qorxusu yoxdur, şəhər bir-birinə dəyməyəcək. Sonra üləmalar iki məşhur və qəddar pəhləvanı göndərdilər ki, gedib cənab Hüccəti tutsunlar, qandallayıb hakimin hüzuruna gətirsinlər. O iki nəfərdən biri pəhləvan Əsədullah, digəri isə pəhləvan Səfərəli idi. Hakim onlara vəd etdi ki, bu işin müqabilində sizə yaxşı ənam verəcəyəm. Pəhləvanlar təpədəndırnağa qədər silahlanıb yola düşdülər. Bir çox avara və rəzil insanlar da onlara qoşuldular. Üləmalar isə orda-burda adamları qızışdırmaqla məşğul idilər.

Pəhləvanlar cənab Hüccətin yaşadığı məhəlləyə çatanda, Mir Səlah adlı qəhrəman bir əshabə möminlərin silahlanmış yeddi nəfəri ilə birlikdə onların qarşısını kəsdi. Mir Səlah Əsədullahdan soruşdu: “Hara getmək istəyirsən?” Pəhləvan cənab Hüccətin adını çəkdi və onun ünvanına nalayiq sözlər işlətdi. Mir Səlah dərhal qılıncını sıyırıb “ya Sahib əz-Zaman!” deyə qışqırdı və Əsədullahın alnına ağır bir zərbə endirdi. Mir Səlahın şücaət və rəşadəti, silahlı pəhləvana qalib gəlməsi onun başına yığışmış adamların aradan çıxmasına səbəb oldu. Bu, Zəncan şəhərində ucalan ilk “ya Sahib əz-Zaman!” nidası idi. Bütün şəhər lərzəyə gəldi. Zəncan hakimi bu fəryadın gücündən qorxuya düşüb soruşdu: “Bu nə səsdir, qışqıran kimdir və məqsədi nədir?” Məsələni ona bildirəndə, onu xof bürüdü. Ona dedilər ki, əshabələr təhlükə zamanı bir-birini dinin köməyinə və Qaimin yardımına çağıranda, “ya Sahib əz-Zaman!” deyə fəryad çəkirlər.

Bu arada Şeyx Məhəmməd Topçu düşmənlərin əlinə keçdi. Silahsız olduğu üçün düşmənlər onun başını yarıb hakimin yanına apardılar. Həmin vaxt hakimin yanında olan Zəncan müctəhidlərindən Seyyid Əbülqasim adlı birisi öz qələmyonanı ilə Şeyx Məhəmmədin sinəsini yaraladı. Hakim Məcdüd-dövlə qılıncını sıyırıb Şeyxin ağzına güclü bir zərbə endirdi. Orada olan digər şəxslər də silahlarını götürüb özünü müdafiə etmək iqtidarında olmayan o məzlumun üstünə düşdülər. Aydındır ki, amansız düşmənlər onun başına nələr gətirdilər. Hər tərəfdən üstünə zərbələr yağdığı zaman Şeyx Məhəmməd çəkdiyi əzablara əhəmiyyət vermədən deyirdi: “İlahi, sənə şükr olsun ki, şəhidlik tacını mənim başıma qoydun!” Şeyx Məhəmməd Topçu Zəncan şəhərində ilahi Əmrin yolunda şəhid olmuş ilk şəxs idi. Bu hadisə hicri 1266-cı il rəcəb ayının 4-də (1850-ci il may ayının 16-da) cümə günü baş vermişdi. Həmin vaxt cənab Vəhidin Neyrizdə şəhid olmasına qırx beş gün, Həzrət Babın Təbrizdə şəhid olmasına isə əlli beş gün qalırdı.

Bu günahsız şəxsin qanı axıdılan gün düşmənlərin qəlbində intiqam alovu şölələndi və bu qərara gəldilər ki, digər əshabələri də qətlə yetirsinlər. Hakimin onlarla həmfikir olduğunu bildikləri üçün onlar öz aralarında belə şərtləşdilər ki, hakimin icazəsi olmadan əllərinə keçən şəxsi öldürsünlər və Hüccətin tərəfdarlarının axırına çıxmayınca, dayanıb durmasınlar. Onlar Hüccətin və onun tərəfdarlarının küfr yoluna düşdüklərini zənn edirdilər. Digər tərəfdən, onlar hakimi məcbur etdilər ki, carçı vasitəsilə aşağıdakı elanı şəhər əhalisinə çatdırsın: “Kim Hüccətin ardınca gedib onun tərəfdarlarına qoşulsa, canı təhlükəyə düşəcək, əmlakı qarət ediləcək, arvaduşağı başsız qalıb zəlil günə düçar olacaq. Kim öz rahatlığını və ləyaqətini qorumaq istəyirsə və ailəsini sevirsə, Hüccətdən uzaqlaşmalı və padşahın himayəsinə sığınmalıdır”.

Carçı bu sözləri elan edən kimi Zəncan əhalisi iki dəstəyə bölündü, yəni iki döyüşkən ordu üz-üzə dayandı. Əmri qəbul etməkdə tərəddüd göstərən bir çox şəxslər üçün bu hadisə ciddi bir imtahan idi. Belə ki, bu yolla oğul atadan, qardaş qardaşdan ayrılırdı. Həmən gün möminlərlə mömin olmayanlar arasındakı qohumluq bağları qırıldı, zahiri əlaqələr unuduldu. Zəncan şəhərini qarışıqlıq və həyəcan bürüdü, üzvləri bir-birindən ayrılan ailələrin naləsi göyə ucaldı. Öz qohuməqrəbasından ayrılıb cənab Hüccətə qoşulan şəxslər şad və xürrəm idilər. Onların sevinc sədaları camaatın qəmli fəryadına, düşmənlərin söyüş və lənət səslərinə qarışıb ətrafa yayılırdı. Düşmən ordusu günahsızlar üzərinə hücuma keçməyə hazırlaşırdı. Zəncan hakimi, müctəhidlər və əyanlar ətraf kəndlərə adamlar göndərib əlavə qüvvə toplayırdılar.

Bu hay-küy və qarışıqlıq cənab Hüccəti öz işindən saxlamırdı. O, minbərə qalxıb uca səslə camaata müraciət edərək dedi: “Bu gün ilahi qüdrətin əli haqqı batildən, nuru zülmətdən ayırdı. Ey insanlar, mən istəmirəm ki, siz məndən ötrü çətinliklərə və bəlalara düçar olasınız. Zəncan hakimi və üləmalarının yeganə məqsədi məni tutub öldürməkdir. Onların bundan başqa məqsədləri yoxdur. Onlar yalnız mənim qanıma susayıblar, sizin heç birinizlə işləri yoxdur. Sizlərdən kim özünü təhlükədən qorumaq istəyirsə, öz canını sevir və Əmrin yolunda fəda etmək istəmirsə, yaxşı olar ki, fürsət əldən çıxmamış buradan çıxıb getsin”.

Zəncan hakimi ətraf kəndlərdən üç min nəfərdən artıq adam toplayıb döyüşə hazır vəziyyətə gətirmişdi. Mir Səlah və onun bəzi dostları düşmən düşərgəsindəki canlanmanı görüb cənab Hüccətə təklif etdilər ki, ehtiyat üçün məhəllələrinin yaxınlığındakı Alimərdan xan qalasına köçsünlər. Cənab Hüccət bununla razılaşıb göstəriş verdi ki, qadınları, uşaqları və ərzaq ehtiyatını qalaya aparsınlar. Qalada bir sıra adamlar yaşayırdılar. Əshabələr qala sakinlərini razı saldılar ki, qaladan çıxıb onların evlərinə köçsünlər. Beləliklə, əshabələr öz evlərini boşaldıb qala sakinlərinə verdilər, özləri isə onların əvəzinə qalada məskən saldılar.

Düşmənlər güclü hücuma hazırlaşırdılar. Atışma başlayanda, şücaətli və çəsur seyyidlərdən biri olan Mir Rza cənab Hüccətin hüzuruna gəlib dedi: “İcazə verin, gedib hakimi tutum və bura gətirib qalada həbs edim”. Cənab Hüccət razı olmayıb söylədi: “Bundan ötrü canınızı təhlükəyə atmağınız məsləhət deyil”. Mir Rzanın niyyəti hakimə bəlli olduqda, onu qorxu bürüdü. O qədər qorxdu ki, dərhal şəhəri tərk etmək fikrinə düşdü. Lakin şəhərdəki seyyidlərdən biri onu bu fikrindən daşındırıb dedi: “Əgər siz getsəniz, şəhərdə böyük qarışıqlıq yaranar. O zaman şahın və baş vəzirin yanında hörmətdən düşərsiniz”. Sonra da əlavə etdi: “Mən indi özüm gedib qaladakı adamlara hücum edərəm”. Həmin şəxs dostlarından otuz nəfəri ilə birlikdə qalaya hücum etmək niyyətilə yola düşdü. Yolda o, düşmənlərdən iki nəfərin sıyrılmış qılıncla onlara tərəf gəldiyini gördü. Elə düşündü ki, ona və dostlarına hücum etmək istəyirlər. O qədər qorxdu ki, dərhal qaçıb öz evinə getdi və Zəncan hakiminə verdiyi vədi tamamilə unutdu. O, qapını bağlayıb bütün günü evində gizlənirdi. Onun otuz nəfər dostu da qalaya hücum etmək fikrindən daşındı. Onlar sonralar bildilər ki, həmən iki nəfərin onlara hücum etmək niyyəti yox imiş, sadəcə başqa bir vəzifəni yerinə yetirməyə gedərkən, yolda təsadüfən onlara rast gəliblərmiş. Bu biabırçı hadisədən sonra hakimin və adamlarının daha bir neçə cəhdi tamamilə nəticəsiz qaldı. Hər dəfə onlar qalaya hücum edəndə, cənab Hüccət əshabələrdən bir neçə nəfərə göstəriş verirdi ki, qaladan çıxıb onları pərən-pərən salsınlar. Eyni zamanda əshabələrə tapşırırdı ki, məcbur olmayınca qan tökməsinlər, yalnız düşmənin hücumunu dəf etməyə çalışsınlar; ehtiyatlı olsunlar ki, uşaqlara və qadınlara xətər toxunmasın. Hüccətin əshabələrinin sayı üç min nəfər idi. Cənab Hüccət əshabələrə deyirdi: “Bizə kafirlərə qarşı cihad etmək vəzifəsi tapşırılmayıb. Onların niyyəti nə olursa-olsun, biz yalnız müdafiə olunmalıyıq, cihad edə bilmərik”.

Bir müddət bu minvalla keçdi. İki alay əsgərlə Azərbaycana gedən Sədrüd-dövlə İsfahani Əmir Nizamdan göstəriş aldı ki, Azərbaycana getməyi təxirə salıb Zəncana yollansın və Zəncan hakiminə kömək göstərsin. Əmiri-Kəbirin fərmanı Xəmsədə Sədrüd-dövləyə çatdı. Əmir Nizam fərmanda belə yazmışdı: “Padşah tərəfindən sizə bir vəzifə olaraq tapşırılır ki, Zəncanda və onun ətrafında toplaşmış fitnəkar tayfanı məğlub edib onların qüvvələrini məhv edəsiniz və məqsədlərini həyata keçirməyə imkan verməyəsiniz. Əgər bu vəzifəni layiqincə yerinə yetirsəniz, şahın nəzərində yüksələcək, başqalarından da hörmət və ehtiram görəcəksiniz”.

Bu fərmanı oxuyan kimi Sədrüd-dövlənin nəfsi və tamahı baş qaldırdı, dərhal öz əsgərlərini götürüb Zəncana yollandı. Zəncan hakimi də öz adamlarını və döyüş vasitələrini onun ixtiyarına verdi. Sədrüd-dövlə yubanmadan əshabələr üzərinə hücuma keçdi və qalaya həmlə etdi. Üç gün üç gecə döyüş getdi. Əshabələr tam şücaətlə cənab Hüccətin göstərişinə uyğun olaraq yalnız müdafiə olunur və düşmənin hücumunun qarşısını alırdılar. Düşmənlər hər cəhətdən təmin olunmalarına və döyüş təcrübəsinə malik olmalarına baxmayaraq, son nəticədə qaladakı cəsur əshabələri məğlubiyyətə uğradıb onları qeydşərtsiz təslim olmaqa vadar edə bilmədilər. Əshabələr heç nədən çəkinmirdilər, aclıq, yuxusuzluq, düşmənlərin toptüfəngi onları müdafiədən saxlaya bilmirdi. Onların “ya Sahib əz-Zaman!” fəryadının sehrli təsiri düşməni qorxudur və pərən-pərən salırdı. İş o yerə çatdı ki, düşmən qoşunu əshabələr üzərində qələbədən ümidini üzüb öz acizliyi ilə barışmalı oldu. Sədrüd-dövlə etiraf etdi ki, doqquz aylıq fasiləsiz döyüşlərdən sonra onun iki alay əsgərindən yalnız otuz nəfər fərsiz şəxs qalıb. O, boynuna aldı ki, mən qalaya sığınıb belə yüksək ruhla və cəsarətlə müdafiə olunan adamları məğlub edə bilmirəm. Nəticədə Sədrüd-dövlə öz rütbə və məqamını itirib şahın qəzəbinə düçar oldu. O, səbirsizliklə gözləyirdi ki, qaladakı əshabələrə qalib gəldikdən sonra layiqincə mükafatlandırılacaq, lakin onun bütün bu arzu və ümidləri puca çıxdı. Sədrüd-dövlə ağır məğlubiyyətə uğrayıb qaçdı.

Sədrüd-dövlənin qaçması Zəncan camaatını bərk qorxuya saldı. Daha heç kəs özünü təhlükəyə atmaq istəmirdi, çünki hamı qələbəyə inamını itirmişdi. Heç kəs öz istəyi ilə döyüşə getmirdi, çoxlarını qalaya hücum çəkməyə məcbur edirdilər. Yalnız Tehrandan köməyə gələn qüvvələr döyüşə atılırdılar, qalanları döyüşə girməkdən çəkinirdilər. Tehran alaylarının Zəncana gəlməsi şəhər əhalisinə, xüsusən tacirlərə böyük mənfəət verirdi. O biri tərəfdə isə cənab Hüccətin qalada mühasirəyə alınmış əshabələri yemək və digər lazımi şeylər baxımından korluq çəkməyə başlamışdılar. Artıq əshabələri ərzağla təmin etmək mümkünsüz bir işə çevrilmişdi. Bəzi qadınlar müxtəlif bəhanələrlə qalaya yaxınlaşır və özləri ilə gətirdiyi şeyləri çox baha qiymətə əshabələrə satırdılar. Əshabələr yalnız bu yolla bəzən yemək əldə edə bilirdilər, lakin bu da həmişə mümkün olmurdu. Qaladakı əshabələr aclığa düçar olub düşmənin aramsız həmlələrinə məruz qalsalar da, hədsiz dəyanətlə müdafiə olunurdular. Onlar əmin idilər ki, düşmən qüvvələri onları məğlub edə bilməz. Qalada iyirmi səkkiz səngər qurulmuşdu, hər səngərdə on doqquz nəfər müdafiə mövqeyi tutmuşdu. Daha on doqquz nəfər isə düşmənin hərəkətlərini müşahidə edir və bu barədə müdafiəçilərə məlumat verirdi.

Düşmənlər bəzən bir nəfəri qalanın yanına göndərirdilər, o da car çəkib deyirdi: “Zəncan hakimi və qoşunun komandanı qaladan çıxıb islam dininə qayıdan şəxsin günahından keçəcəklər. Bu şəxs sağ-salamat istədiyi yerə gedə biləcək. Kim belə bir iş tutsa, şah ona rütbə və məqam verəcək, hədiyyə və ənam bəxş edəcək. Şah və onun nümayəndələri and içiblər ki, bu əhdə vəfa edəcəklər. Gəlin, ay camaat, Hüccətdən əl çəkin və qaladan çıxın!” Carçının səsi ucalan kimi, əshabələr onu ələ salıb məsxərəyə qoyurdular, heç kəs bu sözlərə fikir vermirdi.

Qalada olan qadınlar arasında Zeynəb adlı kəndli bir qadın da vardı. O, əslən Zəncan ətrafındakı kiçik bir kənddən idi. İmanın ən yüksək dərəcəsinə yüksəlmişdi, şücaətdə misilsiz, gözəllikdə bənzərsiz idi. O, din qardaşlarının məşəqqətlərə düçar olduğunu gördükdə, onların köməyinə yetişmək qərarına gəlmişdi. Buna görə də əyninə kişi libası geyinib əshabələrlə birlikdə düşmənin hücumlarını dəf edirdi. O, əyninə cübbə geyinir, başına papaq qoyub saçlarını yığırdı. Əyri qılıncı vardı. Zireh geyinib tüfəngini çiyninə salırdı. Bu görkəmdə əshabələrlə birlikdə müdafiə olunur, səngərlərdə döyüşürdü. Hamı onu kişi bilirdi. Düşmənlər atəş açan kimi Zeynəb tam cəsarətlə qılıncını sıyırıb düşmən qoşununun mərkəzinə hücum çəkir, “ya Sahib əz-Zaman!” deyə qışqıraraq, qoşunun səflərini yarırdı. Dost da, düşmən də onun şücaət və cürətinə heyran qalırdı. Hər dəfə o, düşmənlərin üstünə yeriyəndə, hamı qorxuya düşüb onun qılıncının qabağından qaçır və deyirdi: “Bu, Allahın qəzəbidir; bizə nazil olub”. Bu sözlərlə düşmənlər vahiməyə düşmüş halda Zeynəbin qarşısında duruş gətirməyərək qaçır, öz səngərlərini və istehkamlarını tərk edirdilər. Bir dəfə cənab Hüccət qaladakı bürçlərdən birindən düşmənin hərəkətlərini izləyirdi. Həmən vaxt gördü ki, Zeynəb düşmənlər üzərinə hücuma keçib. Düşmən əsgərləri qaçır, Zeynəb isə onları təqib edirdi. Cənab Hüccət onu tanımadı və onun şücaətinə heyran qalıb əshabələrə söylədi: “Ona deyin ki, geri qayıtsın və düşməni təqib etməsin”. O, Zeynəbin ətrafına yaqan güllələrə əhəmiyyət vermədiyini gördükdə, buyurdu: “Belə şücaət və igidlik indiyə qədər heç kimdən, heç bir kişidən görünməyib”. Zeynəb gəldikdə, cənab Hüccət ondan soruşdu: “Belə hərəkət etməkdə sənin məqsədin nədir?” Zeynəb ağlayaraq dedi: “Qardaşlarımın çətinlik və məşəqqətlərə düçar olduğunu gördüyüm zaman dərd-qüssə ürəyimi yaraladı. Daxili bir qüvvə məni onların köməyinə qalxmağa vadar etdi. Bu qərarımdan dönə bilmədim. Bir tərəfdən də qorxurdum ki, siz mənim din qardaşlarıma kömək etməyimə icazə verməzsiniz”. Cənab Hüccət buyurdu: “Sən Zeynəb olmalısan. Sən mütləq onun özüsən”. Zeynəb dilləndi: “Bəli, mən Zeynəbəm. İndiyə qədər sizdən başqa heç kəs mənim həqiqətimdən xəbər tutmayıb. Sizi Həzrət Baba and verirəm, məni bu böyük nemətdən məhrum etməyin. Həyatda mənim yeganə arzum şəhidliyə nail olmaqdır”. Cənab Hüccət onun danışığının tərzindən və xahişinin ahəngindən mütəəssir olub buyurdu: “Arxayın ol, mən həmişə səndən ötrü dua edəcəyəm!” O, şücaətinə və igidliyinə görə Zeynəbə “Rüstəməli” adı verdi və söylədi: "Bu gün qiyamət günüdür, sirlərin açıldığı, rəmzlərin aşkar olduğu gündür. Tanrı əməllərə və könüllərə diqqət yetirir, zahiri surətə baxmır. İstər kişi olsun, istərsə də qadın. “Həqiqətən, Allah sizin qəlblərinizə baxır və sizin surətlərinizə baxmır”. Sən gənc və təcrübəsiz bir qadın olsan da, şücaətdə və igidlikdə kişilər arasında da sənə bənzəri az tapılar. İndi isə get, müdafiə ilə məşğul ol, əshabələrə kömək göstər və müqəddəs dinin vacib buyurduğu əməllərin əksinə hərəkət etmə. Bizə cihad etmək vəzifəsi tapşırılmayıb, biz yalnız özümüzü müdafiə etməli və xain düşmənlərin hücumunun qarşısını almalıyıq”.

Beş ay ərzində Rüstəməli hədsiz şücaət və misilsiz cəsarətlə ona tapşırılan vəzifəni yerinə yetirməklə məşğul oldu. Nə yatmaq, nə dincəlmək, nə də yemək barədə düşünmədi. Tərəddüd içərisində olan bəzi şəxslər onun bu misilsiz şücaətini görüb ürəkləndilər və itirdiklərini geri qaytarmağa çalışdılar. Rüstəməli daim əyri qılınc gəzdirərdi. Arabir yuxuya getdiyi zaman da zirehi əynində, qılıncı yanında olardı. Əshabələrin hərəsi üçün bir yer müəyyən edilmişdi. Onlar orada olmalı və lazım gəldikdə müdafiəyə qalxmalı idilər. Lakin Rüstəməli üçün xüsusi yer ayrılmamışdı, o, hara istəyirdisə gedirdi. Daim gözdə-qulaqda idi ki, düşmən hansı nöqtəyə hücum edəcək, dərhal həmən yerə tələsər, əshabələrə kömək edərdi, həmişə də müdafiənin ön sıralarında olurdu. Rüstəməlinin həyatının son çağlarında düşmənlər onun sirrini anlamışdılar və başa düşmüşdülər ki, onlara hücum edən, onların həmlələrini dəf edən bu şəxs kişi deyil, qadındır. Buna baxmayaraq, ondan bərk qorxurdular. Rüstəməlinin nərəsini eşidən kimi düşmənlərin qəlbini xof bürüyürdü, hamısı özünü itirirdi.

Bir gün Rüstəməli gördü ki, düşmənlər əshabələrdən bir dəstəsini mühasirəyə alıblar. Tez özünü cənab Hüccətin hüzuruna yetirdi, onun ayaqlarına düşüb ağlaya-ağlaya yalvararaq dedi: “İcazə verin, onların köməyinə gedim. Mən bilirəm ki, ömrümdən çox az qalıb. Bəlkə gedib şəhid ola bildim. Sizdən xahiş edirəm ki, mənim günahlarımı bağışlayın və canımı fəda etdiyim sevimli Ağamın yanında mənim tərəfimi saxlayın!” Cənab Hüccət həddən artıq təsirləndiyindən cavab verməyib susdu. Zeynəb cənab Hüccətin sükutunu razılıq əlaməti bilib dərhal qaladan çıxdı. O, yeddi dəfə “ya Sahib əz-Zaman!” deyə qışqırdıqdan sonra bir sıra əshabələri qətlə yetirmiş düşmənin üstünə hücum çəkdi və onun qolunu qılıncla kəsdi. O hədsiz qəzəblə deyirdi: “Nə üçün islamı rüsvay edirsiniz? Əgər doğru deyirsinizsə, nə üçün belə zəlil və biabırçı halda mənim qılıncımın qarşısından qaçırsınız?!” Sonra o, çəkinmədən düşmən səngərlərinə həmlə etdi. Üç səngəri dağıdıb oradakı əsgərləri öldürdü. Dördüncü səngərə daxil olanda onu gülləbaran etməyə başladılar. O, yerə yıxılıb canını tapşırdı. Düşmənlərin heç biri Zeynəbin paklığına, şücaətinə, dəyanətinə və imanına şəkk-şübhə etmirdi. Zeynəb düşmənlərin nəzərində adi kənd qadını deyildi, butün insani fəzilətlərin mücəssəməsi, gözəl rəftarın nümunəsi, igidlik ruhunun təzahürü idi və belə müqəddəs ruha malik şəxslərə yalnız Həzrət Babın dininin kölgəsində rast gəlmək olardı.

bottom of page