top of page

On İkinci Fəsil

Həzrət Babın Kaşandan Təbrizə Getməsi

HƏZRƏT BABIN DAVRANIŞ tərzi, Onun əzəmət və vüqarı, məhəbbət və inayəti məmurlara elə təsir göstərmişdi ki, onların hamısı cani-dildən O Həzrətin xidmətində durmağa hazır idilər, öz istəklərini unudub Onun istəyinə uyqun hərəkət edirdilər. Quma yaxınlaşan zaman onlar Həzrət Baba dedilər: “Hökumət tərəfindən sizin hər hansı bir şəhərə daxil olmağınız qadağan edilsə də, əgər siz Quma varid olmaq istəsəniz, biz buna imkan verməyə hazırıq. Bizə xüsusi olaraq tapşırılıb ki, Qum şəhərinə girməyək, çünki Həzrət Məsumənin Qumdakı məqbərəsi xalq arasında deyildiyi kimi, “bəst” sayılır, yəni hər hansı təqsirkar şəxs ən ağır günah törətmiş olsa belə, ora daxil olduqdan sonra toxunulmaz sayılır. Hökumət ehtiyatlanır ki, birdən siz Quma daxil olub “bəstə” pənah apararsınız və belə olan halda sizə heç nə edə bilməz. Buna baxmayaraq, əgər Siz istəyirsinizsə, biz Sizin Quma daxil olmağınıza, hətta Həzrət Məsumənin qəbrini ziyarət etməyinizə şərait yarada bilərik. Biz Sizin hər bir istəyinizə sözsüz əməl etməyə hazırıq”.

Həzrət Bab buyurdu: “Möminin qəlbi—Rəhmanın taxtıdır”. Nicat gəmisi və iradəsi hər şeyə üstün gələn kəs mənəm ki, bu biyabanda sizinlə yol gedirəm. Mən şəxsən bu şəhərə daxil olmaq istəmirəm. Yaxşı olar ki, şəhərin kənarından keçib gedək və şəhərə girməyək. Çünki bu, xəbis bir şəhərdir, onun əhalisi pozucu və fitnəkardır. Bu şəhərdə dəfn olunmuş Həzrət Məsumə, onun möhtərəm qardaşı və əziz əcdadı hamılıqla bu bədxah və fitnəkar camaatdan bezar olublar. Onlar zahirən bu məqbərəyə ehtiram göstərirlər, batində isə bu müqəddəs yeri təhqir etməklə məşğuldurlar. Onlar sözdə müqəddəs şəxslərlə fəxr edirlər, əməldə isə ümməti biabır edirlər”. Məmurlar Həzrət Babın mübarək dilindən bu sözləri eşitdikdən sonra Ona qarşı etimadları birə beş artdı və yəqin etdilər ki, bu möhtərəm Şəxs heç vaxt qaçmağa çalışmayacaq. Odur ki, öz sayıqlıqlarını azaldıb Onun xidmətində durmağa səy göstərdilər.

Onlar Quma daxil olmadılar və şəhərin şimal tərəfindən keçib yollarına davam etdilər. Bir qədər getdikdən sonra Qumrud kəndinə çatdılar. Bu kənddə Məhəmməd bəyin yaxın qohumlarından biri yaşayırdı. Kəndin sakinləri bütünlüklə Əli-Allahi idilər. Kəndin böyüyü onlardan xahiş etdi ki, bir gecəni orada keçirsinlər. Həzrət Bab bu kəndin camaatının mehribanlıq və sadəliyinə çox sevindi və dua etdi ki, Allah öz bərəkətini onlardan əsirgəməsin, onların səadət və xoşbəxtliyini hər cəhətdən təmin etsin.

Novruzdan səkkiz gün keçmiş günortadan sonra Həzrət Bab və eüvarilər Tehrandan altı fərsəng cənubda yerləşən Kənarkird qalasına çatdılar. Gecəni orada qaldılar ki, səhər Tehrana doğru hərəkət etsinlər. Bu zaman Tehrandan bir məmur gəlib çıxdı və Hacı Mirzə Ağasının məktubunu Məhəmməd bəy Çaparçıya təqdim etdi. Məktubda deyilirdi: “Bu məktubu alan kimi Gəzrət Babı Güleyn kəndinə apar və orada mənim göstərişimi gözlə. O kənddə Seyyid Babın qalması üçün münasib bir ev olmadığına görə ayrıca bir çadır qur. Qoy Seyyid Bab həmin çadırda qalsın, məmurlar isə çadırın ətrafında keşik çəksinlər. Beləcə ikinçi göstəriş alana qədər orada qal!” (Güleyn “Üsulikafi” kitabının müəllifi Məhəmməd ibn Yaqubun doğulduğu kənddir. Onun və atasının qəbri bu kənddədir. O ətrafın camaatı onların qəbrini müqəddəs bilir və ora ziyarətə gəlirlər).

Beləliklə, hicri 1263-cü il rəbiüs-sani ayının 11-də (1847-ci il martın 29-da), yəni Novruzdan doqquz gün keçdikdən sonra vəzirin fərmanına əsasən Güleyn kəndində Həzrət Bab üçün çadır quruldu. Bu çadır Hacı Mirzə Ağasıya məxsus idi. O nə vaxt Güleynə gəlib bir neçə gün orada yaşayırdısa, həmin çadırda qalırdı. Məhəmməd bəy çadırı qurmaq üçün dağın ətəyində mənzərəli və gözəl bir yer seçdi. Dörd bir tərəfdə çoxlu bağlar və yaşıl çəmənliklər vardı. Ətrafdakı yaşıllıq, bulaqların şırıltısı, təmiz hava və sakitlik Həzrət Babın son dərəcə xoşuna gəldi.

İki gündən sonra İsfahandan gələn Seyyid Hüseyn Yəzdi, onun qardaşı Seyyid Həsən, Molla Əbdül-Kərim Qəzvini və Şeyx Həsən Zünuzi Güleyn kəndində Mübarək Hüzura yetişdilər. Həzrət Bab onlara orada qalmağı tapşırdı.

Onlar alınmış göstərişə uyğun olaraq, Həzrət Babın çadırının yaxınlığında məskən saldılar. Rəbiüs-sani ayının 14-də (aprelin 1-də), yəni Novruzdan on iki gün keçmiş Molla Mehdi Kəndi və Molla Mehdi Xoyi Tehrandan Həzrət Babın hüzuruna gəldilər. Bu iki nəfəri Həzrət Bəhaullah göndərmişdi. Onlar bəzi hədiyyələrlə birlikdə Həzrət Bəhaullahın bağlı məktubunu Həzrət Baba gətirmişdilər. Məktub və hədiyyələr Həzrət Baba təqdim olunan kimi Onun mübarək simasında hədsiz sevinc və şadlıq əlamətləri özünü göstərməyə başladı və O, adı çəkilən iki şəxsə sonsuz məhəbbət və hörmətini büruzə verdi. Belə bir yerdə və belə bir vəziyyətdə Həzrət Bəhaullahın məktubu Həzrət Baba olduqca böyük təsir göstərdi. Həzrət Bəhaullahın məktubunun yetişməsi ilə necə vaxtdan bəri Onun mübarək çöhrəsində müşahidə olunan qəm və kədər büsbütün silinib yox oldu. Ondan sonra Həzrət Bab daha gözlərindən yaş axıtmırdı. Həzrət Babın bu sevinci və şad əhvalı Təbərsi qalasında əshabələrin şəhid olması xəbəri Ona yetişənə qədər davam etdi. Həmin hadisədən sonra qəm və kədər yenidən Onun mübarək vücudunu bürüdü, dodaqlarındakı incə təbəssüm yoxa çıxdı və Onun şadlığından əsər-əlamət qalmadı.

Molla Əbdül-Kərim o günlər barədə mənə (müəllifə) aşağıdakı əhvalatı danışmışdı:

“Mən bir gecə öz dostlarımla Həzrət Babın çadırının yaxınlığında yatmışdım. Birdən at ayaqlarınının səsinə yuxudan oyandıq. Gördüm ki, məmurlar atlarına minib o yan bu yana çapırlar. Məlum oldu ki, Həzrət Bab çadırda yoxdur. Məmurlar O Həzrətin qaçdığını güman edib hər yanı axtardılar, amma tapa bilmədilər. Bu zaman Məhəmməd bəy öz süvarilərini məzəmmət edərək dedi: “Niyə bu qədər narahatsınız? Məgər bilmirsiniz ki, O möhtərəm Şəxs heç vaxt özünün qurtulmasından ötrü başqalarının əziyyətə düşməsinə razı olmaz?! Mən əminəm ki, O Həzrət bu aylı gecədə dua və münacat oxumaq üçün sakit bir guşəyə çəkilib və tezliklə geri dönəcək. Bu Şəxsin əzəmət və ləyaqəti o qədərdir ki, heç vaxt belə işlərə əl atmaz. Təəccüblü burasıdır ki, siz indiyə qədər O Həzrəti tanımamısınız”. Məhəmməd bəy bu sözləri deyib piyada və asta-asta Tehrana doğru getməyə başladı. Mən dostlarımla birlikdə onun ardınca yola düşdüm. Məmurlar da atlarına minib bizim dalımızca gəlməyə başladılar. Bir qədər getmişdik ki, uzaqdan Həzrət Babın bizə tərəf gəldiyini gördük. Bizə çatanda, Həzrət Bab Məhəmməd bəyə dedi: “Yəqin fikirləşmisiniz ki, mən qaçmışam”. Məhəmməd bəy özünü Həzrət Babın ayaqlarına atıb Onun qədəmlərindən öpdü və dedi: “Əstəğfürullah, mən heç vaxt belə fikirləşməmişəm”. Həzrət Bab o qədər əzəmətli və zəhmli idi ki, Məhəmməd bəy bundan artıq bir şey söyləyə bilmədi, başqaları da ondan nə isə soruşmağa cürət etmədilər. Biz hamımız heyrət içində idik, çünki Həzrət Babın danışığında və davranışında əvvəlkindən də artıq xüsusi bir əzəmət müşahidə edirdik. Səbəbini soruşmağa cəsarətimiz çatmadı. Həzrət Babın özü də bu barədə bir şey söyləmədi. Beləliklə, biz məsələnin mahiyyətindən xəbər tuta bilmədik. Bizə qalan yalnız sonsuz heyrət və təəccüb oldu”.

Həzrət Bab iki həftə həmən yerdə qaldı, İlahi qüdrətin əlamətlərinin gözəlliyini müşahidə edib şad oldu. Nəhayət, Məhəmməd şahın Həzrət Baba göndərdiyi məktub gəlib yetişdi. Məktubun məzmunu belə idi: “Sizinlə görüşməyi çox istəsəm də, qarşıda səfərim olduğu üçün bu görüş təxirə salınır. Mən göstəriş vermişəm ki, Sizi Maguya aparsınlar. Əli xan Makuyiyə də Sizə hədsiz ehtiram göstərmək barədə lazımi tapşırıq verilib. Səfərdən qayıdan kimi Sizi Tehrana çağıracağam və görüşümüz baş tutacaq. Əlbəttə, bu məsələ Sizi qətiyyən narahat etməməlidir. Əgər Sizə qarşı hörmətsizlik edilərsə, dərhal mənə xəbər verin. Həmişə mənim xoşbəxtliyim və məmləkətin salamatlığı üçün dua edin. Rəbiüs-sani ayı, 1263-cü il (aprel, 1847-ci il)”.

Şübhəsiz, bu məktubun yazılmasının səbəbkarı Hacı Mirzə Ağası idi. Məhz o, Məhəmməd şahı Həzrət Babla bu cür davranmaqa vadar etmişdi. Mirzə Ağası qorxurdu ki, Seyyid Bab Tehrana gəlib Məhəmməd şahla görüşərsə, şah Seyyid Babın təsiri altına düşərək, məmləkətin işlərini Onun ixtiyarına verə bilər və daha Mirzə Ağası üçün mənsəb və məqam qalmaz. Ona görə də şahı vadar etmişdi ki, Həzrət Babı məmləkətin ən ucqar guşəsinə göndərsin. Bu yolla o, necə vaxtdan bəri həmin fikrindən doğan qəm və kədərdən xilas olmaq istəyirdi. Bu şəxs o qədər nadan və azğın idi ki, həmin əməli ilə şahı və məmləkəti ilahi Əmrin nəticələrindən məhrum etdiyini, hamıya ziyan vurduğunu düşünmürdü. Halbuki məhz ilahi Əmr məmləkəti tənəzzül və böhrandan xilas edə bilərdi. Burnundan uzağı görməyən bu vəzir təkcə Məhəmməd şahın ilahi Əmri qəbul edib ölkəni süqutdan qurtarmasına mane olmadı, bəlkə də Məhəmməd şahı bütün dünya xalqlarına hökmran olmaq imkanından məhrum etdi. Beləcə o, şahı və məmləkəti zillətə düçar etdi, ölkənin tərəqqisinin qar şısını aldı, insanların mənafelərinə göz yumdu və hər şeyi öz mənsəbinə qurban verdi, öz mövqeyini qoruyub saxlamaq üçün dünyanı bədbəxtlik girdabına atdı. Halbuki o, əgər Səd Məaz kimi fədakarlıq göstərib ilahi Əmrə boyun əysəydi, uca bir məqama yüksələ bilərdi. Səd Məaz islama sədaqətlə xidmət göstərdiyi və öz mənafeyini islamın mənafelərinə qurban verərək, qeyri-adi fədakarlıq nümayiş etdirdiyi üçün bu gün bütün müsəlmanlar, hətta hökmdarlar və əmir lər də onun adını hör mətlə çəkirlər. Onun adı hər yerdə yaxşılıq la xatırlanır, baxmaya raq ki, Səd Məaz nə sultan nəslindən idi, nə də var-dövlət sahibi idi. O yalnız islama göstərdiyi xidmətlər sayəsində məşhurlaşan adi bir şəxs idi. Başqa bir misal: Büzürcmehr ağıllı və müdrik bir vəzir idi və Ənuşirəvanın vəzirləri içərisində ondaq biliklisi yox idi. Bütüq o elminə, hikmət və bilik sahibi olmasına baxmayaraq, ömrünün son larında o, hökmdarın qə zəbinə tuş gəlib qaranlıq zindana atıldı. Hamı ona isteh za edir, onu məsxərəyə qoyurdu. Büzürçmehr bədbəxtlik zin danında o qədər yanıqlı nalələr çəkib ağladı ki, axırda kor oldu. Bu iki şəxsin adını biz misal olaraq xatırlatdıq. Hacı Mirzə Ağası onların heç biri ilə müqayisə edilə bilməz. O, Büzürçmehrin əhvalatına diqqət yetirib ondan ibrət götürmədi, çətinliklərdən qorxmadı, öz pozucu fikirlərinin təhlükəli aqibətindən çəkinmədi. Və bu qəflət içərisində ikən gözlənilmədən bəlalara düçar oldu, öz yüksək məqamını itirdi, onun izzət taxtı zillət həsiri ilə əvəz olundu, var-dövləti bada getdi. Onun zülm və sitəmlə topladığı bütün o sərvəti, xalqdan zorla alıb mənimsədiyi bütün o qiymətli əmlak əlindən çıxdı. Həzrət Babı Azərbaycan dağlarında məhbus etdikdən iki il sonra Hacı Mirzə Ağası Allahın qəzəbinə düçar oldu, hökumət onun bütün əmlakını müsadirə etdi. O, biabırçı bir vəziyyətdə Tehrandan qaçdı və nəhayət, Kərbəlada yoxsulluq içərisində canını tapşırdı.

Xülasə, hökumətin Əmrinə əsasən Həzrət Bab Məhəmməd bəylə və digər məmurlarla birlikdə Təbrizə doğru yollandı. Hökumət Onun iki nəfəri də özü ilə aparmasına icazə vermişdi. Həzrət Bab Seyyid Hüseyn Yəzdini və onun qardaşı Seyyid Həsəni müşayiətçi kimi özü ilə götürdü. Eyni zamanda dövlətin Onun səfər xərçləri üçün ayırdığı məbləğdən imtina etdi və həmin məbləği fəqir-füqəraya payladı. Həzrət Bab bütün səfər boyu hələ Buşəhrdə və Şirazda ticarətlə məşğul olduğu zaman topladığı vəsaiti xərcləyirdi. Hökumətin Əmrinə əsasən, yol boyu şəhərlərə daxil olmaq qadağan idi. Buna görə də Həzrət Babın Təbrizə tərəf getdiyini eşidən Qəzvindəki dostlardan bir neçəsi Siyahdəhan kəndinə yollanıb orada Mübarək Hüzura qovuşdular. Onların arasında Molla İskəndər Zəncani də vardı. Yuxarıda deyildiyi kimi, bir vaxtlar cənab Hüccət mübarək Əmri araşdırmaq üçün onu Şiraza göndərmişdi. Həzrəti-Əla Molla İskəndərin vasitəsilə o zaman Qəzvində olan Süleyman xan Əfşara bir məktub göndərdi.

Süleyman xan Əfşar Seyyid Kazım Rəştinin səmimi davamçılarından biri idi. Məktubda deyilirdi ki, Seyyid Rəştinin daim müjdəsini verdiyi vəd olunmuş Şəxs zühur edib və indi düşmənlərin əlində əsirdir, gəl, Onu zalımların zülmündən qurtar. Molla İskəndər məktubu xana çatdırdı. Yazılandan çəmi üç gün sonra Süleyman xan Əfşar mübarək məktubu oxumaq şərəfinə nail oldu, lakin İlahi dəvəti qəbul etmədi və etiraz əhlinin sırasına qoşuldu.

Hüccət Zəncani o vaxtlar Zəncan üləmasının təhriki ilə Tehranda göz dustağı idi. Molla İskəndərin dostlarından biri Həzrət Babın düşmən əlinə keçməsini Tehranda ona xəbər verdi. Cənab Hüccət dərhal Zəncandakı möminlərə sifariş göndərib təkidlə tapşırdı ki, bir yerə yığışaraq Həzrət Babı düşmənlərin əlindən xilas etsinlər və O Həzrəti istədiyi yerə aparsınlar. Sədaqətli möminlərdən bir çoxu cənab Hüccətin göstərişinə əməl edib Həzrət Babı xilas etməyə yollandılar. Gecə yarısı Onun yanına çatıb məmurların hamısının yatdığını gördülər. Həzrət Baba bildirdilər ki, biz köməyə hazırıq, məmurlar hamısı yatıb, Sizi dərhal istədiyiniz yerə apara bilərik. Həzrət Bab buyurdu: “Azərbaycan dağlarının da haqqı var. Öz evlərinizə qayıdın və bu niyyətdən daşının”.

Xülasə, Həzrəti-Əla bir xeyli məsafə qət edib Təbriz şəhərinə yaxınlaşdı. Həzrət Babın vurğunu olmuş Məhəmməd bəy ayrılıq dəminin çatdığını görüb gözləri yaşarmış halda Mübarək Hüzura gəldi və dedi: “Xahiş edirəm, mənim təqsirlərimdən keçin. Mən İsfahandan bura qədər uzun səfər ərzində sizə lazımınca xidmət göstərə bilməmişəm. Mənim qüsurum çox, nöqsanım saysızdır. İstərdim ki, bunları bağışlayasınız və məndən narazı qalmayasınız”. Həzrət Bab buyurdu: “Arxayın ol, sən mənim əshabələrimdən və davamçılarımdan birisən. Sənin yaxşı adın daim yaşayacaq, insanlar səni tərifləyəcək, sənin adını ehtiramla xatırlayacaqlar”. Digər məmurlar də növbə ilə Mübarək Hüzura gələrək, təqsirlərindən keçilməsini xahiş etdilər və ağlayıb Mübarək Qədəmləri öpdülər. Həzrət Bab onların hamısına inayət göstərib arxayın etdi ki, onlar üçün dua edəcək. Sonra onlar Həzrət Babla xudahafizləşdilər və onu Məhəmməd şahın vəliəhdi olan Təbriz hakiminin nümayəndələrinə təslim etdilər. Məhəmməd bəy və digər məmurlar geri qayıtdıqdan sonra hara gedirdilərsə və kimi görürdülərsə, Həzrət Babın əzəmət və qüdrətindən, qeyri-adi işlərindən və kəramətindən söhbət açırdılar. Bu, Əmrin yayılması üçün seçilmiş bir vasitə idi. Yəni onlar gözləri ilə gördüklərini nəql edir və bu yolla Əmri camaata təbliğ edirdilər.

Təbrizdə mübarək Əmrə iman gətirmiş şəxslər Həzrət Babın şəhərə gəlişindən xəbər tutan kimi Onun hüzuruna qovuşmağa hazırlaşdılar. Onların yeganə arzusu sevimli Aqalarının hüzurunda olmaq və Onun inayətinə layiq görülmək idi. Onlar hamılıqla şəhərdən çıxdılar, lakin Məhəmməd bəy və onun yoldaşlarından sonra Həzrət Babı qo rumaqla məşğul olan yeni məmurlar onların Mübarək Hüzura qovuşmasına icazə vermədilər. Onların içərisindən bir gənc ixtiyarsız olaraq, əsgərlərin sırasını yardı və güclü maneəyə baxmayaraq, Mübarək Məiyyətə yaxınlaşdı. O, yarım fərsəx məsafəni ayaqyalın qaçaraq, özünü Həzrət Baba çatdırdı. Məmurlar Həzrət Babı əhatəyə almışdılar. Həmin gənc məmurlardan birinin ətəyindən yapışdı, onun üzəngisini öpüb ağlaya-ağlaya dedi: “Siz xoşbəxt insanlarsınız ki, mənim Məhbubumla yol getmək şərəfinə layiq görülmüsünüz. Buna görə də mən sizi öz gözümdən də çox sevirəm”. Gəncin haləti məmurlara təsir göstərdi və onlar onun Mübarək Hüzura getməsinə icazə verdilər. Gəncin gözü Həzrət Baba sataşan kimi sevincindən qışqırdı və Onun qarşısında yeri öpdü. Onun gözlərindən yaş sel kimi axırdı. Həzrət Bab atdan düşüb onu qucaqladı, göz yaşını silərək, sakitləşdirdi. Təbrizdəki möminlər içərisində o gəncdən başqa heç kəs Mübarək Hüzura qovuşa bilmədi. Onlar yalnız uzaqdan Həzrət Babı görmək şərəfinə nail ola bildilər və çarəsiz qalıb bununla kifayətləndilər.

Həzrət Bab Təbrizə daxil olduqdan sonra hökumətin Əmrinə əsasən O Həzrəti qabaqcadan müəyyənləşdirilmiş məhbəsə saldılar. Nasiri alayından bir dəstə məhbəsi mühafizə etməklə məşğul idi. Heç kəs Mübarək Hüzura buraxılmırdı, bu məsələdə dostla yad arasında fərq qoyulmurdu. Yalnız Seyyid Hüseyn Yəzdi və qardaşı Seyyid Həsən Mübarək Hüzurda idilər. Xəmsə camaatından təşkil olunmuş Nasiri alayı hakimin xüsusi himayəsi və qayqısı altında idi. Elə bu səbəbdən də ona “Nasiri alayı” deyirdilər. Axırda elə həmin alay Həzrəti-Əlanı gülləbaran etmişdi.

Həzrət Babın Təbrizə gəlişi şəhərdə böyük canlanma doğurmuşdu, insanlar hər tərəfdən axışıb Seyyid Babı görməyə gəlirdilər. Bəziləri yalnız maraq xatirinə gəlmişdilər. Başqaları isə üləmaların Seyyid Bab haqqında dediklərinin və Ona qarşı irəli sürülən ittihamların düzgün olubolmadığını aydınlaşdırmaq istəyirdilər. Bir qismi də iman əhli idi ki, səmimiyyət və sədaqət yolunu tutub öz Ağalarını ziyarət etmək niyyəti küdürdülər. Həzrət Bab küçələrdən keçərkən, tamaşaya durmuş adamların hay-küyü kəsilmək bilmirdi. Camaatın çoxu Həzrət Babı gördükdə, uca səslə təkbir deyirdi, bəziləri salam verir, bəziləri ilahi bərəkət diləyirdi, bir çoxları da kecib gedəndən sonra onun ayaq basdığı torpağı öpürdülər. Camaatın sakitləşmədiyini görən hakim car çəkdirib elan etdi ki, kim Seyyid Babın görüşünə getsə, bütün əmlakı müsadirə olunacaq, özü də ömürlük həbs ediləcək.

Ertəsi gün Təbrizin məşhur tacirlərindən olan Hacı Məhəmməd Tağı Milani Hacı Ələsgər adlı şəxslə birlikdə Həzrət Babın görüşünə getmək fikrinə düşdülər. Camaat onları bu işdən çəkindirməyə çalışıb dedi ki, bu fikirdən daşının, özünüzə yazığınız gəlsin, çünki bununla siz təkcə malınızı deyil, canınızı da təhlükəyə atırsınız. Həmin iki nəfər camaatın sözünə qulaq asmayıb, Həzrət Babın həbs olunduğu yerə yollandılar. Qapıya yaxınlaşan kimi məmurlar onların hər ikisini tutdular. Birdən Seyyid Həsən Yəzdi məmurların yanına gəlib dedi: “Həzrət Bab buyurur ki, bu iki nəfəri mən özüm çağırmışam, onların içəri girməsinə mane olmayın”.

Hacı Ələsgər bu barədə mənə (müəllifə) belə danışmışdı: «Məmurlar Həzrət Babın adından deyilmiş sözləri eşitdikdə, etiraz etmədilər və bizim ikimizi də Onun hüzuruna apardılar. Həzrət Bab bizi böyük ehtiramla qarşılayıb dedi: “Gördüyünüz o məmurlar camaatın hücum çəkib qarışıqlıq yaratmasının qarşısını almaq üçün mənim öz istəyimlə qapının ağzında dayanıblar. Lakin onlar heç vaxt mənim görüşmək istədiyim şəxslərin qarşısını kəsə bilməzlər. Hər şey Allahın əlindədir, Onun istəyi olmadan heç nə baş vermir”. Biz iki saat Mübarək Hüzurda olduq. Getməyə hazırlaşarkən, Həzrət Bab mənə iki əqiq üzük qaşı verdi, sonra da iki ayə təqdim edib buyurdu ki, hər qaşın üzərinə bir ayə yazdırım, sonra hərəsini bir üzüyə taxdırıb Onun hüzuruna gətirim. Axırda da qətiyyətlə dedi ki, siz nə vaxt istəsəniz, mənim yanıma gələ bilərsiniz, heç kəs gəlişinizə mane ola bilməz. Mən bir neçə dəfə Onun mənə verdiyi tapşırıqla əlaqədar bəzi mətləbləri soruşmaq üçün Mübarək Hüzura getdim. Məmurların heç biri mənə bir kəlmə də demədi, mənim içəri keçməyimə mane olmadı və bunun müqajlində məndən heç nə stəmədi. O zaman mən eddi dəfə Mübarək Hüzurda oldum. Yeddinci dəfə gələndə, Həzrət Bab mənə dedi: “Allaha şükür ki, sənin gəlişlərinin sayı tamamlandı. Sən Allahın himayəsinə və inayətinə layiq görüldün”. Bu sözləri eşidən kimi məni dəhşət və təəccüb bürüdü, çünki bir məsələ yadıma düşdü. Həmin məsələ isə belə idi: bir müddət əvvəl mən Molla Hüseyn Buşruyei ilə görüşmüş, onun yüksək keyfiyyətlərə və qeyri-adi qüdrətə malik bir şəxs olduğunu anlamışdım. Sonra onunla birlikdə Şirazdan Məşhədə getmiş, Yəzd, Təbəs və Buşruyə şəhərlərini onunla birgə gəzmişdim. Mən çox vaxt Molla Hüseynin yanında təəssüflənirdim ki, nə üçün Şirazda Həzrət Babın hüzuruna yetişməyə nail ola bilmədim. Molla Hüseyn isə mənə demişdi: “Mübarək Hüzura qovuşa bilmədiyin üçün qəm yemə, çünki qadir və mərhəmətli Allah elə bir şərait yaradacaq ki, sən itirdiyin bir imkanın əvəzinə yeddi dəfə Mübarək Hüzurda olmaq imkanı qazanacaqsan”. Molla Hüseyn son dərəcə arxayınlıqla və qətiyyətlə mənə bu vədi vermişdi. Müəyyən vaxtdan sonra Həzrət Bab Təbrizə təşrif gətirdi. Allahın iradəsi ilə mən bütün o çətinliklərə və maneələrə baxmayaraq, yeddi dəfə Mübarək Hüzura yetişə bildim. Yeddinci dəfədə Həzrət Bab mənə o sözləri deyərkən, mən Molla Hüseynin vədini xatırladım və həmin vədin olduğu kimi gerçəkləşməsi məni heyrətə saldı”.

bottom of page