top of page

On Birinci Fəsil

Həzrət Babın Kaşanda Dayanması

HƏZRƏT BABIN KAŞANA gəlişindən bir gün əvvəl şəhərin məşhur şəxslərindən biri, “Pərpa” ləqəbi ilə tanınan Hacı Mirzə Cani yuxuda görmüşdü ki, qüruba az qalmış o, Əttar darvazasının yanında dayanıb. Birdən Həzrət Bab atın belində gəlib çıxdı. Başına əmmamə əvəzinə papaq qoymuşdu, ətrafında da bir neçə süvari vardı. Onun yanına çatanda Həzrət Bab buyurdu: “Üç gecə sənin qonağın olacağıq, bizi qəbul et!” Hacı Mirzə Cani ayılan kimi bildi ki, gördüyü yuxu doğrudur. Dərhal əziz qonağını qəbul etmək üçün lazımi hazırlıq görməyə başladı. Qonaq üçün xüsusi otaq ayırdı, digər zəruri işləri də həyata kecirdi. Günəşin qürub etməsinə az qalmış Əttar darvazasının yanına gedib yuxusunun çin olmasını gözləməyə başladı. Gözü yolda idi. Birdən uzaqda bir neçə süvarinin şəhərə tərəf gəldiyini gördü. Onları qarşılamağa getdi. Yaxınlaşanda gördü ki, Həzrət Bab həmin süvarilərin arasındadır, özü də başına onun yuxuda gördüyü kimi papaq qoyub.

 

Sevincək irəli gedib Həzrəti-Əlanın mindiyi atın üzəngisini öpmək istədi. Həzrət Bab buna imkan verməyib buyurdu: “Üç gecə sənin qonağın olaçağıq. Sabah Novruz bayramıdır. Bayramı sənin evində keçirəcəyik”. Atını Həzrət Babın atı ilə yanaşı sürən Məhəmməd bəy Hacı Mirzə Canini gördükdə belə düşündü ki, o, Həzrət Babın yaxın dostlarındandır. Odur ki, Hacıya dedi: “Mən sənin istəyini yerinə yetirməyə hazıram. Amma bax gör, mənim bu yoldaşım sənin niyyətinlə razıdır, ya yox?” Bunu deyib süvarilərdən birini göstərdi. Hacı Mirzə Cani həmin süvaridən fikrini soruşduqda, o son dərəcə kobud şəkildə cavab verdi: “Qətiyyən mümkün deyil. Mənə tapşırılıb ki, Tehrana qədər bu Gəncin heç bir şəhərə girməsinə imkan verməyim. Göstəriş belədir ki, biz hər hansı bir şəhərdə çatdıqda, gecəni şəhərin kənarında qalmalı və sübh tezdən yola düşməliyik. Mən bu göstərişin ziddinə hərəkət edə bilmərəm”. Nəhayət, Məhəmməd bəy öz yoldaşını birtəhər razı saldı ki, Həzrət Bab Hacı Mirzə Cani ilə getsin və üçün-cü gün səhər Hacı öz qonağını dövlət məmurlarına təslim etsin. Hacı əvvəl istəyirdi ki, bütün süvariləri öz evinə aparıb qonaq etsin, amma Həzrət Bab bununla razılaşmayıb dedi: “Məndən başqa heç kəs sənin evinə getməməlidir”. Belə olduqda Hacı Həzrət Babdan xahiş etdi ki, onun bu müddətdə süvarilərin bütün xərclərini çəkməsinə icazə versin. Həzrət Bab buyurdu: “Buna lüzum yoxdur. Çünki mənim istəyim olmasaydı, onlar heç vaxt məni sənin ixtiyarına verməzdilər. Hər şey Allahın əlindədir. Onun üçün mümkün olmayan iş yoxdur. O, istənilən çətinliyi asanlaşdırmağa, istənilən maneəni aradan qaldırmağa qadirdir”.

Süvarilər şəhərin kənarında yerləşən karvansaraya getdilər. Məhəmməd bəy Həzrət Babın icazəsi ilə Hacı Mirzə Caninin evinə qədər onlarla getdi ki, evin yerini bilsin. Sonra o, yoldaşlarının yanına qayıtdı. Həzrət Babın Kaşanda Hacı Mirzə Caninin evinə getdiyi axşam Novruz axşamı idi. Bu, Həzrəti-Əlanın Əmri elan etməsindən sonrakı üçüncü Novruz bayramı idi. Və bayram günü hicri 1263-cü il rəbiüs-sani ayının 2-nə (1847-ci il mart ayının 20-nə) təsadüf etmişdi.

Əvvəlcədən Mübarək Əmrə uyğun olaraq, İsfahandan Kaşana gəlmiş Seyyid Hüseyn Yəzdi də o gecə Hacı Mirzə Caninin dəvəti ilə Mübarək Hüzura yetişdi. Həmən gecə mübarək qələmdən Hacı Mirzə Caninin şərəfinə bir lövhə nazil oldu. Lövhə nazil olan zaman Hacının dostlarından biri, tanınmış alim Seyyid Əbdül-Baqi Hacının evinə gəldi. Həzrət Bab onun Mübarək Hüzura gəlməsinə icazə verdi. O içəri daxil oldu, amma bilmədi ki, bu möhtərəm Şəxs kimdir. Həzrət Bab da özünü təqdim etmədən lövhədəki ayələri oxumağa başladı. Seyyid Əbdül-Baqi oturub Həzrət Babın sözlərinə qulaq asırdı, Onun davranışını və nitqini müşahidə edirdi, ilahi kəlmələrin nazil olmasını görürdü, amma təkəbbür və xudbinliyinin uçbatından ilahi kəlamın təsirinə düşmürdü.

O, mübarək kəlmələrin mənasını anlamasa da, təkəbbürünün çoxluğundan bilmədiyi şeyləri soruşmağı özünə sığışdırmadı. Xudpəsəndlik pərdəsi onun gözlərini o qədər möhkəm tutmuşdu ki, hətta ev sahibindən qonağın adını da soruşmadı, evi tərk edəndən sonra kimin hüzurunda olduğunu bilmədi və cəhalət üzündən necə böyük bir fürsəti əldən qaçırdığını başa düşmədi. Yalnız bir neçə gündən sonra o, həmin Gəncin kim olduğunu öyrəndi və son dərəcə kədərlənib peşman oldu ki, niyə o gecə həqiqəti bilməyib, o cür qiymətli xəzinəy.ə diqqət yetirməyib. İtirdiyini geri qaytarmaq və Mübarək Hüzura qovuşmaq istədi, lakin artıq keç idi, fürsət əldən çıxmış, Həzrət Bab Kaşanı tərk etmişdi. Bu səbəbdən Seyyid Əbdül-Baqi bərk pərişan olub şəhər əhalisindən uzaqlaşdı, insanlarla ünsiyyətdən qaçdı və nəhayət, guşənişinlik şəraitində vəfat etdi.

O gecə Həzrəti-Əlanın ev sahibinin şərəfinə qələmə aldığı lövhənin sonluğu belə idi: “Allahdan diləyim budur ki, sənin qəlbini ilahi mərifət nuru ilə işıqlandırsın, sənin nitqini parlaq və təsirli etsin, sən də Onun Əmrinə xidmət göstərib Onun kəlamının yayılmasına nail olasan”. Ev sahibi üçün edilən bu dua tezliklə müstəcəb oldu. Hacı Mirzə Cani mədrəsələrdə oxuyub elm öyrənmədiyi halda, Tanrı ona elə bilik və nitq bəxş etdi ki, hətta Kaşanın ən böyük alimlərini də öz sözlərinin təsiri altına sala bilir, ən güclü rəqiblərini belə susdurmağı bacarırdı. Məsələn, elmdə məşhur və mübahisədə mahir olan Molla Cəfər Nəraqi Hacı Mirzə Caninin qarşısında heç cür danışa bilmirdi, hər dəfə onunla üz-üzə gələndə, onun sözlərini təsdiq etməyə, dedikləri ilə razılaşmağa məcbur olurdu, baxmayaraq ki, ürəyində Hacının dediklərini qəbul etmir, onun sözlərinin doğruluğuna inanmırdı. Hacı Mirzə Caniyə nəsib olmuş bu nemət Həzrət Babın ona göstərdiyi inayətin nəticəsi idi.

O gecə Hacı Mirzə Caninin evində Həzrət Babın hüzuruna yetişmiş şəxslərdən biri də Mehdi adlı bir nəfər idi ki, sonralar, yəni hicri 1268-ci (1851/52-ci) ildə Tehranda şəhid olmuşdu. Həmən üç gecədə bir çox digər şəxslər də Həzrət Babın hüzuruna gəlmişdilər.

Həzrət Bab Hacı Mirzə Canidən son dərəcə razı qalmış, onun barəsində çoxlu xoş sözlər söyləmişdi. Hacı hətta süvarilərə də hədsiz məhəbbət və qayqı göstərmişdi, onlar da ondan razılıq edirdilər. Novruzdan iki gün sonra səhər Hacı Mirzə Cani Həzrəti-Əlanı dövlət məmurlarına təslim etdi və sonsuz bir kədərlə öz sevimli Ağası ilə vidalaşdı. Həzrət Bab məmurlarla birlikdə Quma doğru yollandı. Hacı Mirzə Cani hədsiz hüzn və kədər içərisində idi, sanki könlü dilə gəlib deyirdi:

Sən getdin, qəmin ürəkdə qaldı.

Necə ki, dayanacaqda karvanın ocağı qalır.

Sən getdin, bizim məclisimiz pozuldu,

Məclisimizlə yanaşı ürəyimiz də alt-üst oldu.

bottom of page