top of page

On Üçüncü Fəsil

Həzrət Babın Maku Qalasında

Dustaq Edilməsi

SEYYİD HÜSEYN YƏZDİ danışırdı ki, Həzrət Babın Təbrizə gəlişindən on gün keçdi, heç kəs işin axırının necə olaçağını bilmirdi. Camaat cürbəcür sözlər danışırdı, hərə bir şey deyirdi. Bir gün mən Həzrət Babdan soruşdum ki, O burada qalacaq, yoxsa başqa yerə göndəriləcək? Həzrət Bab buyurdu: “Bu sualı İsfahanda da mənə vermişdin. Məgər onda sənə verdiyim cavabı unutmusan?! Mən hələ orada sənə demişdim ki, bizi doqquz ay yastı dağda dustaq edəcəklər, sonra isə dik dağa köçürəcəklər”. (“Yastı dağ” dedikdə Maku, “dik dağ” dedikdə isə Çehriq nəzərdə tutulur). Bu söhbətdən beş gün keçəndən sonra hökumət əmr verdi ki, Həzrət Babı Maku qalasına aparsınlar. Mən də Mübarək Hüzurda olmalıydım və bizi Əli xan Makuyiyə təhvil verməliydilər.

Maku qalası dağın başında sal daşlardan tikilmişdir, dağın ətəyində isə Maku şəhəri yerləşir. Şəhərdən qalaya yalnız bir yol var. Bu qala Osmanlı və Rusiya dövlətləri ilə sərhəddə yerləşir və siyasi baxımdan mühüm mövqeyə malikdir. Müharibə olan dövrlərdə müşahidəçilər buradan düş nin hərəkətlərindən xəbər tutar və bu barədə hökumətə bər verərdilər. Maku qalasının qərbindən Rusiya ilə İranı bir-birindən ayıran Araz çayı axır. Türkiyə torpağlar ondan cənubdadır və Maku qalasından dörd fərsəxlik məsafədə Türkiyə şəhərlərindən biri olan Bayəzid şəhəri yerləşir. O vaxtlar Maku qalasının rəisi Əli xan idi. Bu yerin əhalisi əsasən kürdlərdən ibarət idi ki, onlar hamılıqla sünnidirlər və İranda əksəriyyət təşkil edən şiələrin qatı düşmənidirlər. Kürdlər xüsusən şiələrin ruhani rəhbərlərinə və üləmalarına güclü ədavət bəsləyirlər. Maku əhalisi bütünlüklə Əli xana hədsiz hörmətlə yanaşırdı, çünki onun anası kürd idi. Buna görə də onun bütün göstərişlərini yerinə yetirir və ona son dərəcə böyük etimad göstərirdilər.

Mirzə Ağası bir neçə səbəbdən Həzrət Babın dustaq edilməsi üçün məhz Maku qalasını seçmişdi. Əvvəla, Maku məmləkətin ən ucqar nöqtəsi sayılırdı. İkincisi, oranın əhalisi sünni olduğu üçün Mirzə Ağası əmin idi ki, onlar Seyyid Babın təsiri altına düşməyəcəklər. Üçüncüsü, Seyyid Babın şiələrdən ibarət olan əshabələri, Mirzə Ağasının fikrincə, sünnilərdən çəkinərək, canlarının qorxusundan oraya getməyəcəkdilər və beləliklə, Seyyid Babla əshabələrinin əlaqəsi kəsiləcək, nəticədə Onun Əmrinin şöləsi az bir müddətdən sonra sönüb yox olacaqdı. Lakin çox keçmədi ki, Məhəmməd şahın baş vəziri səhv etdiyini anladı. Seyyid Babın Əmri elə qəribə təsirə və qeyri-adi gücə malik idi ki, tezliklə o tərəflərin camaatını büsbütün özünə tabe etdi. Cahil və inadkar insanlar Həzrət Babın lütfü və məhəbbəti sayəsində Onun vurğunu oldular. Onların hər biri bu böyük şəxsiyyətin hikmətli kəlamlarından imkanı daxilində bəhrələndi, biliyin nuru onların nadanlıq zülmətini qovdu. Onlar Həzrət Baba o qədər bağlanmışdılar ki, səhərlər öz şəxsi işləri ilə məşğul olmazdan öncə Həzrət Babın mübarək simasını uzaqdan da olsa, görməyə cən atırdılar. Onlar bütün çətinliklərinin həllini O Həzrətdən diləyir, ondan bərəkət və inayət umurdular. Əgər iki nəfər arasında mübahisə və inamsızlıq yaranırdısa, onlardan hər biri sözlərinin doğruluğunu sübuta yetirmək üçün Həzrət Babın adına and içirdi.

Əli xan nə qədər camaatın bu meylinin qarşısını almağa çalışdısa da, bir şey edə bilmədi. Xüsusən ilk dövrlərdə o, hədsiz sərtlik göstərirdi və Həzrət Babın əshabələrinin hətta bir gecə də Maku şəhərində qalmasına icazə vermirdi.

Seyyid Hüseyn danışırdı ki, ilk iki həftədə Seyyid Babın hüzuruna getməyə heç kəsin icazəsi yox idi. Yalnız mən və qardaşım Mübarək Hüzurda ola bilərdik. Qardaşım Seyyid Həsən hər gün məmurlardan biri ilə şəhərə gedir və lazımi şeyləri alıb geri qayıdırdı. O vaxtlar Şeyx Həsən Zünuzi Həzrət Babla görüşmək üçün təzəcə şəhərə gəlmişdi, lakin Mübarək Hüzura buraxılmamışdı. Gecələr o, şəhərdə də qala bilməzdi, buna görə də şəhərdən kənarda yerləşən bir məsciddə gecələyirdi. Həzrət Babla görüşməyə gələn, lakin buna icazə ala bilməyən əshabələrin hər biri məktub yazıb Şeyx Həsən Zünuziyə verir, o da həmin məktubları Seyyid Həsənin vasitəsilə Mübarək Hüzura təqdim edirdi. Məktubların cavabları da eyni yolla əshabələrə çatırdı. Bir gün Həzrəti-Əla mənim qardaşım Seyyid Həsənə dedi: “Şeyx Həsənə çatdır ki, mən Əli xanı dostlarla yaxşı davranmağa vadar edəcəyəm. Və elə edəcəyəm ki, sabah səhər o özü Şeyx Həsəni mənim hüzuruma gətirəcək”. Mən bu sözləri eşidib bərk təəccübləndim və öz-özümə dedim: “Bu qədər zalım və kobud insan olan Əli xan öz davranışını necə dəyişdirə bilər? Necə ola bilər ki, o özü Şeyx Həsəni Mübarək Hüzura gətirsin?!” Ertəsi gün hələ günəş çıxmamış qalanın qapısı döyülməyə başladı. Hakimin Əmrinə görə, günəş çıxmazdan qabaq heç kəs qalaya daxil ola bilməzdi. Mən təəccübləndim ki, görəsən, hakimin Əmrini pozmağa cürət edib belə tezdən qapını döyən kimdir. Bu zaman məmurlarla danışan Əli xanın səsini eşitdim. Az sonra məmurlardan biri gəlib mənə dedi: “Əli xan Həzrət Babın hüzuruna gəlmək üçün icazə istəyir”. Mən Mübarək Hüzura gedib hakimin xahişini çatdırdım. Həzrət Bab buyurdu: “Tez get, onu mənim yanıma gətir!” Mən Həzrət Babın otağından çıxıb o biri otağa daxil oldum. Gördüm ki, Əli xan pulla alınmış qul kimi müti bir şəkildə qapının ağzında durub, bütün o təkəbbür və xudpəsəndliyindən əsər-əlamətyoxdur, sanki başdanayağa təvazökarlıq və itaətkarlıqdan yoğrulub. Məni görcək, ədəblə salam verdi və xahiş etdi ki, onu təçili olaraq Mübarək Hüzura aparım. Mən onu Həzrət Babın olduğu otağa apardım. Əli xan çox həyəcanlı idi, dizləri əsirdi, öz həyəcanını nə qədər gizlətməyə çalışırdısa, bacarmırdı, üzünün rəngi içərisindən xəbər verirdi. Mübarək Hüzura yetişən kimi Həzrət Bab ayağa qalxdı və ona hədsiz inayət göstərdi. Əli xan əvvəlcə təzim etdi, sonra özünü Həzrət Babın ayaqlarına atıb dedi: “Səni and verirəm ulu baban Rəsulullaha, məni bu heyrət və çaşqınlıqdan xilas et! Gözlərimlə gördüyüm və indiyədək inana bilmədiyim bir şey mənim qəlbimi son dərəcə narahat edir. Bu gün dan yeri ağararkən, atıma minib yola çıxdım. Şəhər davrazasına yaxınlaşanda gördüm ki, Siz arxın kənarında durub namaz qılırsınız. Diqqətlə baxdım, Siz özünüz idiniz. Siz əllərinizi göyə qaldırmışdınız, gözləriniz də göyə dikilmişdi və dua edib yalvarmaqla məşğul idiniz. Mən dayanıb tamaşa etməyə başladım. Gözlədim ki, Siz namazınızı bitirəsiniz. İstəyirdim, namaz qurtardıqdan sonra Sizə yaxınlaşım və soruşum ki, niyə mənim icazəm olmadan öz məhbəsinizdən çıxmısınız. Siz münacat oxuyarkən, fikir verdim ki, Allahdan başqa hər şeyi unutmusunuz, bütün diqqətiniz Ona yönəlib. Bir qədər sizə yaxın gəldim, bunu qətiyyən hiss etmədiniz. Sizin yanınıza çatanda bütün vücudumu elə qorxu və xof bürüdü ki, onu təsvir etməkdə acizəm. Sizə bir söz deməyə cürətim çatmadı. Çarəsiz qalıb geri döndüm ki, Sizi qoruyan məmurlardan nə üçün sizin qaladan çıxmağınıza imkan verdiklərini soruşum. Qalaya çatanda təəccübüm daha da artdı, çünki bütün qapılar qıfılla bağlanmışdı. Qapını döydüm. Məmurlar qapını açdılar. Onları sorğu-sual etdim. Dedilər ki, qaladan heç kəs bayıra çıxmayıb. İndi də gəlib görürəm ki, Siz buradasınız, mənim qarşımda əyləşmisiniz. Bilmirəm, bütün bu gördüklərim həqiqətdir, yoxsa yuxu. Az qalıram ki, dəli olam”. Həzrət Bab buyurdu: “Bütün gördüklərin doğru və həqiqətdir. Sən ilahi Əmrə həqarətlə baxırdın, mənə və tərəfdarlarıma əzab-əziyyət verirdin, məsələnin mahiyyətindən qafil idin, buna görə də Tanrı öz mərhəməti və inayəti sayəsində əsil həqiqəti sənin gözlərin önündə canlandırdı ki, sən bu Əmrin əzəmətini anlayasan, Əmrin Sahibinin yüksək məqamından agah olasan, qəflətdən qurtulasan, mənim tərəfdarlarım və əshabələrimlə mehriban və ədalətli davranasan”. Həzrət Babın bu kəlmələri Əli xanın həyəçanına son qoydu, onun davranışı büsbütün dəyişdi, ədavəti məhəbbətə çevrildi. O, itirdiklərini geri qaytarmağa və Həzrət Babın razılığını qazanmağa can atdı, bu məqsədlə də dedi: “Yoxsul və yazıq bir şəxs necə müddətdir ki, Mübarək Hüzura yetişmək üçün buraya gəlib. Daim yalvarır ki, onun Mübarək Hüzura qovuşmasına icazə verilsin. O, Makudan kənarda yerləşən bir məsciddə qalır. Xahiş edirəm ki, icazə verin, mən özüm gedib onu Mübarək Hüzura gətirim”. Həzrət Bab icazə verdi. Əli xan dərhal çıxıb getdi və az sonra Şeyx Həsən Zünuzini özü ilə bərabər Mübarək Hüzura gətirdi. Bu hadisədən sonra Əli xan Həzrət Babı razı salmaq üçün əlindən gələni əsirgəmirdi. Gecələr qalanın qapısını bağlayırdılar, amma gündüzlər qapı açıq olurdu, kim istəyirdisə, maneəsiz şəkildə Mübarək Hüzura qovuşa bilirdi. Hər kəs istədiyi sualı Həzrət Baba verir və ondan lazımi təlimat alırdı.

Həzrət Bab Makuda dustaq olduğu zaman farsca “Bəyan” kitabını qələmə aldı. Bu kitab Həzrət Babın ən mühüm əsərlərindən biridir. Yeni Əmrin qaydaqanunları bu kitabda şərh olunmuşdur. Həmin kitabın bütün fəsillərində Həzrət Bab vəd olunmuş Şəxsin zühurunun müjdəsini vermiş və bu əzəmətli şəxsi “Allahın üzə çıxardığı Kəs” ləqəbi ilə təqdim etmişdir. Eyni zamanda bəyan əhlinə dönə-dönə tapşırmışdır ki, özlərini hazırlasınlar və bu böyük Şəxs üzə çıxarkən Onu tanımağa qadir olsunlar.

Şeyx Həsən Zünuzi mənə (müəllifə) danışırdı ki, ayələr nazil olan zaman Həzrət Babın xoş avazı dağın ətəyində eşidilir və əks-səda verirdi. Bu, necə gözəl bir nəğmə, necə təsirli bir avaz idi! Bu nəğmə insan qəlbinin dərinliklərinə təsir göstərir, ruhu ehtizaza gətirir və adamın vücudunda qəribə bir həyəcan doğururdu. Əli xanın davranışı dəyişdikdən sonra insanlar İranın müxtəlif bölgələrindən dəstə-dəstə Maguya axışır və Mübarək Hüzura qovuşurdular. Əli xan heç bir söz demirdi. İnsanlar Mübarək Hüzura yetişdikdən üç gün sonra mürəxxəs olurdular. Bu müddət ərzində onlara yaxşı işlər görmək, gözəl əxlaqa yiyələnmək, ilahi Əmri təbliğ etmək və sair kimi lazımi göstərişlər və vacib nəsihətlər verilirdi. Əli xan hər cümə günü Mübarək Hüzura gəlir öz itaətini və sədaqətini izhar edirdi. Eyni zamanda Makuda və qonşu bölgələrdə əldə etdiyi cürbəcür dadlı meyvələri və gözəl hədiyyələri Mübarək Hüzura gətirirdi.

Həzrəti-Əla yay və payız fəsillərini Maku qalasında başa vurdu. Həmin ilin qışı son dərəcə soyuq keçdi. O qədər soyuq idi ki, Həzrəti-Əla dəstəmaz alanda, şaxtanın təsiri ilə dəstəmaz suyunun damlaları Onun mübarək üzündə donurdu. Qışın gəlişi 1264-cü ilin məhərrəm ayının əvvəllərinə (1847-ci ilin dekabr ayına) təsadüf etmişdi.

Məhərəm ayında Həzrət Bab hər namazdan sonra Seyyid Hüseyn Katibi çağırır və ona əmr edirdi ki, “Mühriqül-qülub” kitabından bir hissəni ucadan oxusun. Bu kitab Hacı Mirzə Kəmaləddin Nəraqinin babası mərhum Hacı Molla Mehdi Nəraqinin əsəridir və orada şəhidlərin ağası Həzrət İmam Hüseyn-əleyhissalamın müsibətlərindən, Onun şəhid olmasının tarixçəsindən bəhs olunur. Seyyid Hüseyn adı çəkilən kitabı oxuduqça, qəmli hadisələri və saysız müsibətləri eşidən Həzrət Babın könlündə kədər dənizi dalğalanır, gözlərindən yaş axırdı. O, Həzrət imam Hüseyn-əleyhissalamın başına gələn müsibətləri dinlədikçə Vəd Olunmuş Hüseynin görəcəyi müsibət və bəlaları yada salırdı. O bilirdi ki, Vəd Olunmuş Hüseyn əvvəlki Hüseyndən də artıq müsibətlərə düçar olacaq, “Allahın üzə çıxardığı Kəs” adı ilə zühur edən zaman düşmənlər tərəfindən hədsiz əzab və məşəqqətlərə məruz qalacaq. Bütün bunları xatırladıqca, Həzrət Babın mübarək gözlərindən yaş süzülür, ah-naləsi göyə ucalırdı.

Həzrət Bab hələ 1260-cı (1844-cü) ildə qələmə aldığı müqəddəs əsərlərindən birində buyurmuşdu: “Əmri izhar etməzdən bir il əvvəl yuxuda gördüm ki, İmam Hüseyn-əleyhissalamın müqəddəs başı bir ağacdan asılıb və ondan qan damcılayır. Mən həmin ağaca yaxınlaşdım. Belə bir nemətə layiq görüldüyüm üçün özümü son dərəcə xoşbəxt sanır və sevinirdim. Əllərimi irəli uzatdım və İmam Hüseynin qan daman müqəddəs boğazının altında saxladım. Əlimə bir qədər qan yığıldıqdan sonra onu içdim. Bu an yuxudan ayılıb özümü ayrı bir aləmdə hiss etdim. İlahi ruh öz təzahürü ilə sanki mənim cismimi yandırırdı, bütün vücudumu Tanrı feyzinin nurları bürümüşdü. Özümdə ilahi bir sevinc duyurdum, Tanrı vəhyinin sirləri bütün əzəmət və qüdrəti ilə gözlərim önündə canlanır və aydın görünürdü”.

Məhəmməd şah Həzrət Babı Azərbaycan dağlarında məhbus etdiyi və belə bir böyük zülmə yol verdiyi üçün çox çəkmədi ki, kədər və fəlakət hər tərəfdən onu əhatə etdi, onun qüdrəti zillətlə əvəz olundu, xatircəmliyi öz yerini pərişanlığa verdi. Məhəmməd şah heç vaxt bu qədər dərdə düçar olmamışdı, sanki divarlardan da onun başına bəla və müsibət yağırdı. Onun səltənətinin əsasları sarsıldı, məmləkətin əmin-amanlığı pozuldu. Xorasanda qiyam bayrağı ucaldı, həyəcan və iğtişaşlar bütün ölkəni bürüdü. O vaxtlar şah Heratı ələ keçirmək niyyətində idi, lakin daxili iğtişaşlar onun qələbəsinə mane oldu. Xorasandakı iğtişaş İranın digər bölgələrinə də sirayət etdi. Hacı Mirzə Ağasının səhlənkarlığı da buna əlverişli şərait yaradırdı. Hamı özündə cürət tapıb soyğunçuluq və qarətlə məşğul olmağa başladı. Xorasandakı iğtişaş günbəgün güclənirdi. Qucan, Boçnurd və Şirvan əhalisi də şaha qarşı çıxmış Salarla əlbir olmuşdu. Salar-şahın böyük dayısı Asəfüddövlənin oğlu və Xorasan vilayətinin hakimi idi. Məhəmməd şah Saların qarşısını almaq üçün bir-birinin ardınca Tehrandan qoşun göndərirdi, lakin qiyamçılar onların hamısını məğlub edirdilər. Onlar hökumət qoşunundan əsir tutduqları adamları hədsiz qəddarlıqla qətlə yetirirdilər.

Həmin vaxtlar Molla Hüseyn Buşruyei Məşhəddə idi və Allah Əmrini təbliğ etməklə, insanlara doğru yol göstərməklə məşğul olurdu. Sanki o bütün bu qiyamdan, qarışıqlıqdan və soyğunçuluqdan xəbərsiz idi, başı yalnız Allah kəlamını yaymağa qarışmışdı. Bu zaman ona xəbər verdilər ki, Salar onunla görüşmək və onun vasitəsilə babiləri öz tərəfinə çəkmək istəyir. Həmin xəbəri alan kimi o, Saların onu öz yanına çağırmasını gözləməyib Məşhədi tərk etdi. Çünki o, Saların fitnəkarlığına və bəd əməllərinə yaxşı bələd idi. Buna görə də gecə ikən öz xidmətçisi Qənbərəli ilə birlikdə Məşhəddən çıxdı və piyada Tehrana doğru yollandı. Molla Hüseynin məqsədi Azərbaycana getmək və Makuda Həzrət Babın hüzuruna qovuşmaq idi. Əshabələr Babülbabın Məşhədi tərk etməsindən xəbər tutan kimi lazımi vəsait və zəruri əşyalar toplayıb Babülbabın ardınca hərəkət etdilər. Onun hüzuruna çatdıqda, hazırladıqları şeyləri təqdim etdilər. Molla Hüseyn dedi: “Mən əhd etmişəm ki, mənimlə Ağam arasında olan bütün məsafəni piyada qət edim. Bu əhdimi yerinə yetirməyincə, fikrimdən dönən deyiləm”. Əshabələr nə qədər israr etsələr də, o özünə minik və yemək götürmədi. Hətta istədi ki, Qənbərəlini də Məşhədə qaytarsın və özü tək-tənha yola düşsün. Lakin vəfalı xidmətçisi onun hüzurundan əl çəkmədi və uzun müzakirədən sonra Babülbab Qənbərəlinin bu səfərdə ona yoldaşlıq etməsinə razılıq verdi. Xorasandan Tehrana qədər onlar hansı şəhərə, hansı kəndə çatırdılarsa, dostlar bundan xəbər tutub onlar üçün minik və yemək gətirirdilər, amma Babülbab bunları qəbul etmirdi.

Cənab Kəlim mənə (müəllifə) danışırdı ki, Molla Hüseyn Tehrana çatan kimi mən bəzi dostlarla birlikdə onun görüşünə getdim. Necə də mübarək bir vücud idi! Əsil mətanət və fəzilət mücəssəməsi idi, büsbütün məhəbbət və mərhəmətdən yoğrulmuşdu. Hüzurunda olduğumuz bütün müddət ərzində bizi yaxşı əməllərə, xoş davranışa, gözəl əxlaqa çağırır və deyirdi: “Nə qədər bacarırsınızsa, mübarək Əmrə xidmət edin!” Biz Babülbabın iman və iqanını görüb bu qənaətə gəldik ki, o öz imanının gücü ilə təkbaşına, heç kəsin köməyi olmadan mübarək Əmri məşriqə və məğribə yaymağa qadirdir.

Molla Hüseyn Tehranda Həzrət Bəhaullahın Mübarək Hüzurunda da oldu və oradan Azərbaycana yollandı. O, hicri 1264-cü il rəbiüs-sani ayının 13-də (1848-ci il martın 19-da) Novruz axşamı Maguya çatdı. Bu, mübarək Əmrin elan edilməsindən sonra dördüncü Novruz bayramı idi. Molla Hüseynin Maguya gəlişi ərəfəsində Əli xan Makuyi gecə bir yuxu görmüşdü. O öz yuxusunu bu cür danışırdı: “Yuxuda mənə xəbər verdilər ki, Həzrət Rəsulullah Maguya təşrif gətirib Seyyid Babı görmək və Onun Novruz bayramını təbrik etmək niyyətindədir. Bu xəbəri eşidən kimi sürətlə qaçmağa başladım ki, Həzrət Rəsulullahın hüzuruna yetişim və itaət göstərib özümü onun Mübarək Hüzuruna təqdim edim. Hədsiz sevinc içərisində çayın kənarı ilə qaçağaca gedirdim. Bir qədər getdikdən sonra bir körpüyə çatdım. Gördüm ki, iki nəfər mənə tərəf gəlir. Başa düşdüm ki, onlardan biri Həzrət peyğəmbər, digəri isə onun vəfalı əshabələrindən biridir. Sürətlə irəli getdim ki, özümü onun qədəmlərinə atıb əbasının ətəyindən öpüm. Bu zaman yuxudan ayıldım. Hədsiz sevinc içərisində idim, bütün vücudumu şadlıq bürümüşdü. Elə bilirdim ki, behiştə düşmüşəm. Anladım ki, gördüyüm yuxu—düzgün yuxudur. Buna görə də durub dəstəmaz aldım, namaz qıldım, özümün ən yaxşı libasımı geyinib ətir və gülabdan istifadə etdim. Piyada yuxuda Həzrət peyğəmbəri (s) gördüyüm yerə yollandım və nökərlərdən birinə əmr etdim ki, ən yaxşı atlardan üçünü yəhərləyib mənim ardımca körpünün yanına gətirsin. Günəş təzəcə çıxmışdı. Şəhərdən çıxıb çayın kənarı ilə körpüyə tərəf getməyə başladım. Körpüyə çatmamış birdən elə bir mənzərə gördüm ki, bütün varlığımı heyrət bürüdü: yuxuda gördüyüm həmən iki nəfər mənə doğru gəlirdi. Biri irəlidə, digəri isə arxada addımlayırdı. Mən onlara çatan kimi, ixtiyarsız olaraq özümü Rəsulullah zənn etdiyim şəxsin ayaqlarına atdım, hədsiz itaətkarlıqla onun qədəmlərindən öpdüm. Sonra xahiş etdim ki, hər ikisi ata minsin. Qabaqda gələn şəxs dedi: “Mən əhd etmişəm ki, bütün yolu piyada gedim. Buna görə də ata minməyəcəyəm. Mənim məqsədim dağın başına qalxmaq və orada dustaq olan Şəxsi ziyarət etməkdir”.

Bu yuxu və onun nəticəsi Əli xanın Həzrət Baba diqqət və hörmətinin daha da artmasına səbəb oldu və o, Həzrət Babın iddiasının düzgünlüyünü yəqin etdi. Əli xan hədsiz itaətkarlıqla Molla Hüseyni qalanın qapısına qədər müşayiət etdi. Həzrəti-Əla qapının ağzında dayanmışdı. Molla Hüseyn Həzrət Babı görən kimi təzim etdi və yerində hərəkətsiz durdu. Həzrət Bab irəli gəlib onu qucaqladı, böyük sevinclə haləhval tutdu, sonra əlindən tutub öz otağına apardı. Bunun ardınca göstəriş verdi ki, Novruz süfrəsi açılsın və dostlar Onun hüzuruna toplaşsın. Mübarək Hüzura cürbəcür meyvələr və şirniyyat gətirildi. Həzrət Bab öz əli ilə həmin meyvələri və şirniyyatı məclis iştirakçılarına payladı. O cümlədən, bir neçə alma və heyvanı Molla Hüseynə verib buyurdu: “Bu dadlı meyvələri cənnət torpağından, yəni Milandan İsmullah ul-Fatiq Məhəmməd Tağı məxsusi olaraq Novruz bayramı üçün göndərib”.

O vaxta qədər Seyyid Hüseyn Yəzdidən və obun qardaşından başqa heç kəsə gecələr qalada Həzrət Babın hüzurunda qalmağa icazə verilmirdi. Amma həmin gün Əli xan Həzrət Babın hüzuruna gəlib dedi: “Əgər Siz Molla Hüseynin gecə qalada qalmasını istəyirsinizsə, heç bir maneə yoxdur. Siz nə desəniz, mən itaət göstərməyə hazıram. Nə vaxt istəsəniz, Molla Hüseyn qalada qala bilər”.

Həzrət Babın tərəfdarları bir-birinin ardınca Maguya gəlir və heç bir maneəyə rast gəlmədən Mübarək Hüzura qovuşurdular.

Bir gün Həzrət Bab qalanın damına çıxdı. Molla Hüseyn də Onun hüzurunda idi. Həzrəti-Əla ətrafdakı mənzərələri seyr etməyə başladı. Qalanın qərbindən Araz çayı öz məcrası ilə axırdı və bu çayın ilan kimi qıvrılması qalanın damından yaxşı görünürdü. Həzrət Bab Molla Hüseynə dedi: “Bu, həmin çaydır ki, Hafiz öz şerində ona işarə edərək, deyib:

Ey səhər yeli, əgər Araz çayının sahilinə yolun düşsə,

O vadinin torpağını öp və nəfəsini müşk ətirli et!

Səlmanın evinə bizdən hər an yüz dəfə salam de,

Sən oranın sarban səsi və zınqırov sədası ilə dolu olduğunu görəcəksən.

 

Sənin burada qalmağının müddəti tezliklə başa çatacaq. Sən Araz çayını gördün. Əgər bundan artıq mənimlə bir yerdə qalmağın mümkün olsaydı, mən sənə Səlmanın evini də göstərərdim”. (“Səlmanın evi” dedikdə, Həzrət Bab Çehriq yaxınlığındakı məntəqəni nəzərdə tutmuşdur. Türklər oranı “Səlmas” adlandırırlar).

Sonra Həzrət Bab buyurdu: “Bəzən Ruhül-qüds şairlərin dili ilə danışır və onların dili ilə elə mətləblər deyir ki, çox vaxt onlar özləri də əsil məqsədi və həqiqi niyyəti bilmirlər. O cümlədən, bu şeri də Ruhüləmin şairin dili söyləmişdir:

Şiraza qovğa düşəcək, bir şəkər dodaqlı peyda olacaq,

Qorxuram ki, onun dodağının qovğası Bağdadda qarışıqlıq yaratsın.

 

Bu şerin həqiqi mənası indiyə qədər gizli və örtülü qalıb, amma yaxın illərdə aydın və aşkar olacaq”. Sonra Həzrət Bab bu məşhur hədisi söylədi: “Həqiqətən, ərşın altında Allahın xəzinələri vardır və onların açarları şairlərin dilidir”.

Daha sonra Həzrət Bab gələcək hadisələri birbəbir Molla Hüseynə bildirdi və tapşırdı ki, bütün bu eşitdiklərini heç kəsə deməsin. Axırda isə buyurdu: “Tezliklə bizi bu zindandan başqa bir yerə köçürəcəklər və sən hələ yolda olarkən, istədiyin yerə çatmamış bizim Makudan köçürülməyimizin xəbərini eşidəcəksən”. 

Çox çəkmədi ki, mübarək kəlmələr öz təsdiqini tapdı. Belə ki, Əli xanın davranışına və hərəkətlərinə göz qoyan şəxslər bütün hadisələri təfsilatı ilə Hacı Mirzə Ağasıya yazıb bildirdilər və Əli xanın Seyyid Baba sədaqətini hər baxımdan izah etdilər. Onların yazdığı məsələlərdən biri də bu idi: “Əli xan gecə-gündüz öz məhbusu ilə oturub-durur və Həzrət Baba o qədər vurğun olub ki, öz qızını Ona vermək istəyirdi. O, bu məsələdə çox israr etdi, lakin Seyyid Bab razı olmadı. Amma Əli xan öz istəyindən əl çəkmədi və Həzrət Babın ziyarətinə gəlmiş Molla Hüseyn Buşruyeini bu işdə vasitəçi etdi. Həzrət Bab yenə də razılıq vermədi və Əli xanın səyləri səmərəsiz qaldı. Buradan Əli xanın Seyyid Baba necə bağlandığını anlamaq olar, çünki bir müddət əvvəl şah Əli xanın həmin qızını vəliəhd üçün almaq istəmişdi, amma Əli xan razı olmamışdı və belə bir bəhanə gətirmişdi ki, qızın anasının bütün qohumları təəssübkeş sünnidir, onlar qəzəblənib mənim qızımı öldürə bilərlər. Beləliklə, o, qızını vəliəhdə verməkdən boyun qaçırmışdı, amma həmin qızı Seyyid Baba vermək üçün dəridən-qabıqdan çıxırdı”.

Xülasə, Əli xanın əleyhdarlarının verdiyi məlumatlar baş vəziri özündən çıxardı. Baş vəzir o qədər qəzəbləndi ki, dərhal Həzrət Babın Makudan Çehriq qalasına köçürülməsi barədə əmr verdi. Novruzdan iyirmi gün sonra Həzrət Bab doqquz aylıq dustağlığı dövründə onun əzəmətindən, qüdrətindən və əxlaqının paklığından agah olmuş Maku camaatı ilə xudahafizləşməli oldu. Molla Hüseyn hələ Təbrizdə ikən Həzrət Babın Makudan Çehriqə köçürülməsi xəbərini eşitdi və gördü ki, bir müddət əvvəl Həzrət Babın ona dediyi sözlər artıq öz təsdiqini tapmışdır.

Molla Hüseyn Mübarək Hüzurdan mürəxxəs olarkən, Həzrət Bab ona demişdi: “Sən Xorasandan bura qədər bütün yolu piyada gəlmisən. İndi də nəzərdə tutulan yerə piyada getməlisən. Sənin ata minməyinin vaxtı hələ gəlib çatmayıb, amma həmin vaxt yetişəcək. Sənin öz atına minməyinin tarixçəsi, sənin göstərdiyin şücaət və cəsarət o qədər heyrətamiz olacaq ki, hətta əbədi mələkut əhlini də mat və heyran qoyacaq. Sən öz cəsurluğun və qəhrəmanlığınla bütün əvvəlki qəhrəmanların adlarının üstündən xətt çəkməlisən. Buradan Xoy şəhərinə yollan, oradan da Urmiya, Marağa, Milan, Təbriz, Zəncan, Qəzvin və Tehrana get. Sevimli dostlarla görüş, mənim məhəbbət və inayətimi onların hamisına çatdır. Onların qəlbində ilahi camala məhəbbət odukp şölələndirməyə çalış. Onlara tapşır ki, iman və məslə.slərində sabit və mətin olsunlar. Tehrandan sən Mazandarana getməlisən. Mazandaranda Tanrının gizli xəzinəsini tapacaqsan. O gizli xəzinəni tanıyandan sonra ondan böyük işlərə dair tapşırıq alacaqsan. Sənin vəzifələrin çox nəhəng olacaq. Dünya yaranandan bəri heç bir iş əzəmət və böyüklük baxımından sənin öhdənə qoyulacaq vəzifələrlə müqayisə edilə bilməz. Ora çatmayınca, bu vəzifələrin nədən ibarət olduğunu bilməyəcəksən. Elə ki, Mazandarana yetişdin, məsələnin mahiyyətindən tam şəkildə agah olacaqsan”.

Novruz bayramından doqquz gün sonra səhər tezdən Molla Hüseyn Mübarək Hüzurdan mürəxxəs oldu və Həzrət Babın tapşırdığı yolla Mazandarana doğru hərəkət etdi. Həzrət Bab Q şbərəli ilə xudahafizləşərkən, ona dedi: “Əvvəlki Qənbər arzulayırdı ki, dünyada qalıb öz Ağasının hələ o vaxtlar görməyə can atdığı bu Günü görə bilsin. Əvvəlki Qənbərin Ağası bu günləri görmək istəyini izhar edərkən, buyurmuşdu: “Ah, mən necə də məndən sonra gələcək qardaşlarımı görmək şövqündəyəm!”

bottom of page