top of page

On Səkkizinci Fəsil

Təbrizdə Vəliəhdin İştirakı İlə

Məclis Təşkil Edilməsi

HƏZRƏTİ-ƏLA BİLİRDİ ki, həyatının sonu yaxınlaşır. Buna görə də öz tərəfdarlarına əmr etdi ki, hərəsi Çehriqdən bir tərəfə getsin. Özü isə sakit halda və hədsiz itaətkarlıqla taleyin hökmünü gözləməyə başladı. Nəhayət, fərman verildi ki, məmurlar Həzrət Babı Urmiya yolu ilə Təbrizə aparsınlar. Həzrəti-Əlanı Təbrizə ona görə Xoy yolu ilə aparmadılar ki Xoy əhalisinin buna etiraz edəcəyindən qorxurdular.

Həzrət Bab Urmiyaya gəldikdə, Məlik Qasım Mirzə Onu hədsiz ehtiramla qarşıladı və məmurlara da tapşırdı ki, Onunla son dərəcə nəzakətlə rəftar etsinlər. Bir gün Həzrət Bab hamama getmək istədi. Malik Qasım Mirzə qərara gəldi ki, bu fürsətdən istifadə edib həqiqəti aydınlaşdırsın. Onun son dərəcə tərs bir atı vardı, heç kəs həmin atın belinə minə bilmirdi. Əmr etdi ki, o atı gətirsinlər və Həzrət Bab ona minib hamama getsin. Eyni zamanda o, atın xasiyyətini Həzrət Baba bildirmədi. Amma bu işə baxan xidmətçi Məlik Qasım Mirzədən gizlin atın ipəsapa yatmadığını Həzrət Baba xəbər verdi ki, birdən ona xəsarət yetişər. Həzrət Bab buyurdu: “Bunu Tanrının ixtiyarına burax, Tanrı özü məni qoruyacaq”. Urmiya camaatı bu məsələni bilib hakimin məqsədini anlamışdı. Ona görə də meydana çoxlu adam toplaşmışdı ki, görsünlər Həzrət Bab o ata nə çür minəcək. Mehtər atı yaxına gətirdi, Həzrəti-Əla arxayın halda və inamla irəli gedib atın cilovunu mehtərin əlindən aldı, atı tumarlayıb ayağını üzəngiyə qoydu və atın belinə oturdu. At heç bir tərslik etməyib sakit halda yeriməyə başladı. Atın xasiyyətinə yaxşı bələd olan camaat bu işə mat qaldı və bunu bir möçüzə hesab etdi. Birdən adamlar hücum çəkdilər ki, atın üzəngisini öpsünlər. Amma şahzadənin fərraşları Həzrət Baba əziyyət olmasın deyə, adamların qarşısını kəsdilər. Şahzadə piyada Həzrət Babı hamamın yaxınlığına qədər müşayiət etdi, sonra Həzrət Bab ona dedi ki, geri dönsün. Şahzadənin fərraşları Həzrət Babı görmək üçün toplaşmış izdihamı yararaq yol açırdılar. Hamama çatdıqda, nökərlərdən biri və Seyyid Həsən Həzrət Baba xidmət göstərmək üçün Onunla birlikdə içəri daxil oldular. Həzrət Bab hamamdan çıxdıqdan sonra yenidən həmin ata minib geri qayıtdı. İnsanlar bu əzəməti və qüdrəti görüb uca səslə təkbir söyləməyə başladılar. Şahzadə özü də Mübarək Hüzura gəldi və Həzrət Babı qaldığı yerə qədər müşayiət etdi. Urmiya əhalisi hamama hücum çəkib hamamın xəzinəsindəki suyu son damlasına qədər təbərrük kimi apardı. Şəhərdə qəribə bir canlanma başlandı. Həzrət Bab bu canlanmanı müşahidə edib Həzrət Əmir-əleyhissalamdan nəql olunan bir hədisi söylədi. O Həzrət buyurmuşdur: “Urmiya gölü coşub-daşacaq və onun suyu şəhəri bürüyəcək”. Sonra Mübarək Hüzura ərz etdilər ki, şəhər əhalisinin əksəriyyəti mübarək Əmrə iman gətirib. Həzrəti-Əla bu xəbəri eşidən kimi Quranın aşağıdakı ayəsini oxudu: “Məgər insanlar elə hesab edirlər ki, “biz iman gətirdik” deməklə onlardan əl çəkiləcək və onlar imtahan olunmayacaqlar?!” (Ənkəbut surəsi, 2-ci ayə).

Urmiya camaatı Təbrizdə Həzrət Babın başına gəlmiş bəladan xəbər tutduqdan sonra yuxarıdakı mübarək ayənin təsdiqi olaraq, imtahandan çıxa bilmədi və bir neçə nəfərdən başqa, qalanları mübarək Əmrdən üz döndərdi. Öz imanına sadiq qalan şəxslərdən biri Molla İmamverdi idi. O, sədaqəti və mətinliyi baxımından hərfi-həyy Molla Cəlil Urumiyə bərabər bir insan idi. Molla İmamverdi sonralar Həzrət Bəhaullahın hüzuruna da yetişmiş və mübarək Əmri təbliğ etməklə məşğul olmuşdu. Həzrət Bəhaullahın mübarək qələmi ilə onun adına çoxsaylı lövhələr yazılmışdı. O, daim Əmrə xidmət göstərmiş və nəhayət, səksən yaşında vəfat etmişdir.

Xülasə, adamlar Həzrət Babdan müşahidə etdikləri qəribə işləri bir-birinə danışırdılar və bu söhbətlər tədricən hər yana yayılırdı. Tehrandakı dini rəhbərlər də bundan xəbər tutdular, hamısı qəzəblənərək, bu qərara gəldilər ki, mübarək Əmrin yayılmasının qarşısını alsınlar və bu yolla öz məqam və mənsəblərini qoruyub saxlasınlar. Onlar Həzrət Babın Əmrinin qəribə bir sürətlə yayıldığını görür, özlərində isə belə bir qüvvə hiss etmirdilər. Buna görə də başa düşürdülər ki, əgər bu işə mane olmasalar, bütün mövqeləri əllərindən çıxacaq, illər boyu qazandıqlarını qısa bir müddətdə itirəcəklər. Xüsusən Təbrizdə böyük həngamə qopmuş və şəhərin üləmalarını bərk qorxuya salmışdı. Camaat Həzrət Babın Təbrizə gətyrildiyini eşidib hərəkətə gəlmişdi, hamı Babı görməyə nail olmaq istəyirdi. İnsanların həyəcanı və axını o qədər güclü idi ki, hökumət bu dəfə Həzrət Babı Təbriz şəhərindən kənarda saxlamağa məcbur oldu. Heç kəsə Mübarək Hüzura getməyə icazə verilmirdi. Yalnız Həzrət Babın özünün çağırdığı şəxslər Onun hüzuruna qovuşmaq şərəfinə nail ola bilərdilər.

Təbrizə gəlişinin ikinci gecəsi Həzrət Bab cənab Əzimi hüzuruna çağırdı və özünün Qaim olduğunu açıq şəkildə ona bildirdi. Əzim bu iddianı eşidib qəbul etməkdə tərəddüd göstərdi. Həzrət Bab ona dedi: “Mən sabah vəliəhdin, üləma və əyanların hüzurunda bu iddiamı izhar edəcəyəm və iddiamın isbatı üçün yalnız ayələrlə kifayətlənəcəyəm, ayələrdən başqa heç bir vasitəyə əl atmayacağam”.

Cənab Əzim bu barədə mənə (müəllifə) belə danışmışdı: “O gecə mənim fikirlərim yaman qarışmışdı. Səhərə qədər yata bilmədim. Sübh namazını qılarkən, özümdə qəribə bir dəyişiklik hiss etdim. Sanki qarşımda yeni bir qapı açılmışdı. Öz-özümə düşündüm: “Əgər mən müqəddəs islam dininə və Həzrət Rəsula iman bəsləyirəmsə, ayələrin dəlil olduğuna inanıramsa, Həzrət Babın Əmri ilə əlaqədar bu iztirab və pərişanlığıma nə səbəb ola bilər?! O nə deyirsə, doğru və düzgündür, heç bir qorxu və tərəddüd keçirmədən qəbul etmək lazımdır”. Bu fikirlərdən sonra iztirabım aradan qalxdı, durub Mübarək Hüzura getdim, əfv olunub bağışlanmağımı xahiş etdim. Həzrət Bab buyurdu: “Gör, ilahi Əmrin əzəməti və Allah Əmrinin zühurunun qüdrəti nə qədərdir ki, Əzim kimiləri də iztirab və pərişanlığa düçar edir. İndi Allahın fəzlinə ümid bağla və Onun inayətinə arxalanıb insanların tərəddüdünü qətiyyətə, bəndələrin könlündəki zəifliyi qüvvətə çevir. Sənin dözüm və sədaqətin o dərəcədə olacaq ki, düşmənlər səni tikə-tikə doğrasalar da, mənə qarşı məhəbbətin zərrə qədər də azalmayacaq. Sənə müjdə verirəm: gələcəkdə sən aləmlərin Rəbbinin məzhəri ilə görüşmək şərəfinə nail olacaqsan!" Bu mübarək kəlmələr məlhəm kimi yaralarımı sağaltdı, bütün kədərimi yoxa çıxartdı. O vaxtdan indiyə kimi mənim vücudumda qorxu və iztirabdan əsər-əlamət yoxdur”.

Məmurlar Həzrət Babı Təbrizdən kənarda saxlasalar da, bu, camaatın həyəcanının qarşısını ala bilmədi, əksinə, maneələr artdıqca, onların meyli daha da gücləndi.

O zaman Mirzə Ağası göstəriş vermişdi ki, Təbrizin ruhani rəhbərləri şəhər hakiminin iqamətgahına toplaşıb Həzrət Babı mühakimə etsinlər. Dəvət olunanlar arasında vəliəhd Nasirəddin Mirzənin müəllimi Nizamül-üləma Hacı Molla Mahmud, Molla Məhəmməd Mamağani, şeyxülislam Mirzə Əliəsğər və bir sıra digər görkəmli şeyxi və şiə alimləri vardı. Vəliəhd özü də məclisdə iştirak edirdi. Məclisə sədrlik etmək Nizamül-üləmaya həvalə olunmuşdu. Hamı yığışdıqdan sonra məclisin sədri məmurlardan birinə göstəriş verdi ki, Həzrət Babı məclisə gətirsin. İnsanlar hər tərəfdən məclisin keçirildiyi yerə axışıb Həzrət Babı görməyə çalışırdılar. Camaat o qədər çox idi ki, yol bağlanmışdı. Məmur güc-bəla ilə yol açıb Həzrət Babı məclisə gətirdi. Həzrət Bab məclisə daxil olub ətrafa nəzər saldı, gördü ki, vəliəhd üçün hazırlanmış yerdən savayı boş yer yoxdur. Salam verib tam cəsarət və təmkinlə boş yerdə əyləşdi. Həzrət Babın əzəməti və təsiri o qədər idi ki, bütün iştirakçılar yerlərində donub qaldılar, məclisə qəribə bir sükut çökdü, heç kəs ağzını açıb danışa bilmədi. Nəhayət, Nizamül-üləma sükutu pozub Həzrət Babdan soruşdu: “Sizin iddianız nədir?” Həzrət Bab üç dəfə bu sözləri təkrar etdi: “Mən həmən vəd olunmuş Qaiməm ki, siz min ildir Onun yolunu gözləyirsiniz, Onun adını eşidəndə ayağa durursunuz, Onu görməyə can atırsınız, "Allah Onun gəlişini tezləşdirsin!" deyirsiniz. Sizə doğrusunu söyləyirəm: butun şərq və qərb əhalisi mənə itaət etməlidir!”

Molla Məhəmməd Mamağanidən başqa heç kəs danışmağa cürət etmədi. Bu Molla Məhəmməd şeyxilərin başçılarından biri idi, özü də Seyyid Kazım Rəştinin şagirdi olmuşdu. Həzrət Seyyid Rəşti çox vaxt onun imansızlığına və əxlaqsızlığına təəssüflənərək, göz yaşı axıdardı. Şeyx Həsən Zünuzi deyirdi ki, mən Seyyid Kazım Rəştidən Molla Məhəmməd Mamağaninin imansızlığı, bəd əxlaqı və xəbisliyi barədə bir çox sözlər eşitmişdim. Daim gözləyirdim ki, görüm o gələcəkdə nə iş görəcək və hansı xəyanətə əl atacaq. Vəliəhdin iştirak etdiyi məclisdə onun Həzrət Babla rəftarını müşahidə etdiyim zaman mərhum Seyyidin onun barəsində dedikləri tam şəkildə öz təsdiqini tapdı. Mən həmin gün orada idim və qapının yaxınlığında durmuşdum, məclisdə nə danışırdılarsa, eşidirdim.

Molla Məhəmməd vəliəhdin sol tərəfində oturmuşdu, Həzrət Bab isə Molla Məhəmmədlə vəliəhdin arasında əyləşmişdi. Həzrət Bab özünü vəd olunmuş Qaim kimi təqdim etdikdə, bütün iştirakçıları qorxu və xof bürüdü, hamı başını aşağı saldı, hamının üzünün ifadəsi dəyişdi, rəngi saraldı. Təkgöz və məkrli Molla Məhəmməd Mamağani Həzrət Babın sözlərini dinləyib kobud bir şəkildə dedi: “Ey şirazlı bədbəxt cavan, İraqı xaraba qoymusan, indi də Azərbaycanı dağıtmağa gəlmisən?!” Həzrət Bab cavab verdi: “Cənab şeyx, mən öz istəyimlə bura gəlməmişəm, sizlər məni çağırıb bu məclisə gətirmisiniz. “Molla Məhəmməd hirslənib dedi: “Ey şeytanın ən alçaq davamçısı, sus!” Həzrət Bab buyurdu: “Ya şeyx, mən əvvəl dediklərimi yenə də deyirəm”. Nizamül-üləma başqa bir yöndən müzakirəyə qoşulmağı və iddianın özünə irad tutmağı məsləhət bildi. Odur ki, üzünü Həzrət Baba tutub dedi: “Siz böyük bir məqama iddia edirsiniz. Bu iddianızı sübut etmək üçün gərək qəti bir dəlil gətirəsiniz”. Həzrət Bab buyurdu: “Həzrət Rəsulullahın dəvətinin düzgünlüyünü sübut edən ən güclü və ən yetərli dəlil ilahi ayələr idi. Necə ki, Quranda buyurulur:“Məgər sənə nazil etdiyimiz Kitab onlara kifayət etmədimi?” (Ənkəbut surəsi, 51-ci ayə). Tanrı bu güclü dəlili və aydın sübutu öz iddiamın düzgünlüyünü əsaslandırmaq üçün mənə də inayət etmişdir. Belə ki, iki gün-iki gecə ərzində Qurani-kərim qədər ilahi ayələr mənim dilimdən və qələmimdən axıb süzülür”. Nizamül-üləma dedi: “Yaxşı, bu məclisə uyğun Quran ayələrinə bənzər ayələr söyləyin ki, vəliəhd Həzrətləri və üləmalar bu dəlilin şahidi olsunlar”. Həzrət Bab bu təklifi qəbul edib buyurdu: “Rəhmli, mərhəmətli Allahın adı ilə! Həmd olsun göyləri və yeri xəlq edən Allaha!” Molla Məhəmməd onun sözünü kəsib qışqırdı: “Sözlərin hallanmasını düzgün demədin. Sən ki, qrammatik qaydaları bilmirsən, necə vəd olunmuş Qaimsən?!” Həzrət Bab cavab verdi: “Quran ayələrində də qrammatik qaydalara riayət olunmayıb. Çünki ilahi kəlam insanların qaydaları ilə ölçülə bilməz, insanlar Allah kəlamının qanunlarına tabe olmalıdırlar. Quranda üç yüz yerdə qrammatik qaydalar pozulub, amma heç kəsin buna etiraz etməyə cürəti çatmır və bütün müsəlmanlar bunu qəbul edirlər”. Bu sözləri dedikdən sonra Həzrət Bab yenidən ayələr söyləməyə başladı və yuxarıdakı cümləni əvvəlki tərzdə bəyan etdi. Molla Məhəmməd yenə də etiraz edib imkan vermədi. O biri tərəfdən də başqa bir şəxs Həzrət Babdan soruşdu: “Aldınız” sözü hansı qrammatik formadadır?” Həzrət Bab bu sualın müqabilində Quranın aşağıdakı ayələrini oxudu: “Sənin qüdrət sahibi olan Rəbbin Ona aid edilən sifətlərdən tamamilə uzaqdır! Peyğəmbərlərə salam olsun! Aləmlərin Rəbbi olan Allaha da həmd olsun!” (Saffat surəsi, 180-182-ci ayələr). Bundan sonra Həzrət Bab ayağa qalxıb məclisi tərk etdi.

Nizamül-üləma bu məclisdə Molla Məhəmmədin və digər şəxslərin Həzrət Babla rəftarına acıqlanıb dedi: “Vay Təbriz camaatının halına! Bu Şəxs hansı məqama iddia edir, siz ona hansı sualları verirsiniz. Belə çeynənmiş sualların o cür əzəmətli məqam iddiasına nə dəxli var?!” Bəzi başqa şəxslər də Molla Məhəmmədin və digərlərinin Həzrət Babla davranış tərzinə irad tutub dedilər: “Siz müzakirəyə düzgün başlamadınız və bizi son dərəcə xəcil etdiniz. Elə sual verdiniz ki, Onun məqamına uyğun deyildi”. Amma Molla Məhəmməd Mamağani özündən çıxıb hədsiz qəzəblə məclis iştirakçılarına söylədi: “Mən sizə deyirəm, ehtiyatlı olun, əgər bu Cavanın qarşısını almasanız, çox keçmədən bütün Təbriz əhalisi Onun dəvətini qəbul edəcək və Onun bayrağının altına toplaşacaq. O zaman əgər O, camaata desə ki, üləmalardan əl çəkin, hamı buna itaət göstərəcək, hətta əgər desə ki, vəliəhdə tabe olmayın, hamı bu göstərişi yerinə yetirəcək. Beləliklə, O, dini və dünyəvi hakimiyyətin ixtiyarını Öz əlinə alıb sizi ayaq altda qoyacaq, çünki nəinki Təbriz camaatı, hətta bütün Azərbaycan əhalisi Onun ardınca gedəcək”. Xəyanətkar Molla Məhəmmədin sözləri səlahiyyət sahiblərini qorxuya saldı və onlar oturub məşvərət etməyə başladılar ki, Həzrət Babın sözünün təsirinin qarşısını almaq üçün nə tədbir görsünlər. Bəziləri dedilər: “Başqa bir məclis təşkil edib Onu ağır cəzaya məhkum etmək lazımdır. Çünki bu məclisdə O heç kimi saya salmadı: əvvəla, vəliəhdə məxsus olan yerdə oturdu, ikincisi də məclis sədrindən icazə istəmədən məclisi tərk etdi”. Lakin vəliəhd bu təklifi bəyənmədi. Axırı bu qərara gəldilər ki, Həzrət Babı seyidlərdən sayılan Təbriz şeyxülislamı Mirzə Əliəsğərin evinə aparsınlar və orada hökumət məmurları O Həzrəti cəzalandırsınlar. Amma hökumət fərraşları bu qərara tabe olmayıb dedilər: “Bu, şəhər üləmalarına aid olan bir məsələdir və biz ona müdaxilə etməyəcəyik”. Nəhayət, şeyxülislam özü şəxsən Həzrət Babı cəzalandırmağa hazır olduğunu bildirdi. O, Həzrət Babı öz evinə apardı və Onun mübarək ayaqlarına on bir çubuq vurdu. Elə həmin il şeyxülislam vərəm xəstəliyinə mübtəla oldu və dəhşətli əzablar çəkdikdən sonra öldü. Bu şəxs Təbriz camaatı arasında acgöz, tamahkar və xain bir adam kimi tanınırdı. İnsanlar alçaq bir adam olduğuna görə ona nifrət bəsləyirdilər, eyni zamanda rəhmsiz və qəddar bir şəxs olduğu üçün ondan qorxurdular. Və həmişə dua edirdilər ki, Allah onları şeyxülislamın şərindən xilas etsin. Onun ölümündən sonra Təbrizdə şeyxülislam vəzifəsi ləğv edildi, çünki heç kəs Mirzə Əliəsğərin hörmətdən saldığı bu adı daşımaq istəmədi.

Şeyxülislamın Həzrət Babla rəftarı din alimlərinin bu böyük şəxsiyyətlə davranışına bir nümunə idi. Görün, ruhani rəhbərlər haqq, ədalət və insaf yolundan nə qədər uzaqlaşmışdılar, onlar necə də Həzrət peyğəmbərin göstərişlərinə etinasız idilər, necə də pak imamların buyuruqlarına arxa çevirmişdilər. İmamların (onlara salam olsun!) hədislərində deyilir ki, Haşimilərdən bir Gənc, zühur edib yeni dəvətə başladığı, yeni şəriət qurduğu və yeni Kitab gətirdiyi zaman hamınız Ona doğru tələsin və Onun əmrini yerinə yetirin. Başqa bir yerdə isə buyurulur: “Onun əksər duşmənləri uləmalardan olacaq”. Görün, insanlar nə qədər nadandırlar ki, Qaimin düşməni olan və bununla belə özlərini xilaskar firqə sayan üləmaların ardınca gedirlər.

Xülasə, Həzrət Babı yenidən Təbrizdən Çehriqə aparıb Yəhya xana təhvil verdilər. Düşmənlər elə düşünürdilər ki, Həzrət Bab məclisdəki təhdidlərdən qorxub öz iddiasından əl çəkəcək. Halbuki bu məclis Həzrət Babın öz iddiasını Azrbaycanın paytaxtında ən böyük dini heyət qarşısında gizlətmədən və açıq şəkildə bəyan etməsinə şərait yaratdı. Bu böyük iddianın sorağı bütün şəhərlərə yayıldı, möminlər bu xəbərdən sevinib ruhlandılar. Həzrət Bab Çehriqə qayıdan kimi “Qəhriyyə” xütbəsini qələmə aldı və Hacı Mirzə Ağasıya göndərdi. Baş vəzirə ünvanlanmış bu xütbə belə başlayırdı: “Bil, ey Allaha kafir olan və Onun ayələrinə etiraz edən kəs!” Həzrət Bab bu lövhəni o zaman Tehranda olan cənab Hüccət Zəncaniyə göndərdi və ona tapşırdı ki, şəxsən özü gedib lövhəni Hacı Mirzə Ağasıya təqdim etsin.

Həzrət Bəhaullah Akka zindanında olarkən, mən (müəllif) Onun mübarək dilindən bunları eşitdim: “Molla Məhəmmədəli Zəncani “Qəhriyyə” lövhəsini Hacı Mirzə Ağasıya təqdim etdikdən sonra məni görməyə gəlmişdi. Mirzə Məsih Nuri və bir sıra digər möminlər də o vaxt mənim yanımda idilər. Molla Məhəmmədəli mübarək lövhəni necə Hacı Mirzə Ağasıya verməsini danışdı. Sonra həmin lövhəni bizim üçün də oxudu. Çox müfəssəl bir lövhə idi, üç səhifə olardı. Molla Məhəmmədəli onu büsbütün əzbərləmişdi”. Həzrət Bəhaullahın cənab Hüccət barədə danışdıqları bu qüdrətli şəxsin paklığından və ləyaqətindən xəbər verirdi. Həzrət Bəhaullah buyururdu: “O necə də şücaətli, necə də cəsarətli idi, nə qədər güclü iradəsi vardı. Son dərəcə təvazökar və sadə bir həyat sürürdü. Elə mətanətli idi ki, onu sarsıtmaq və iztiraba salmaq mümkün ola bilməzdi”.

bottom of page